Ümidli yaradıcılıq üfüqləri
Qəmər Məmmədova (10 sentyabr 1954-cü il). 1971
- 1975-ci illərdə Mirzağa Əliyev adına
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsində
təhsil alıb. 1975 - 1979 və 1983 - 2002-ci illərdə
Şəki Dövlət Dram Teatrında, 1979 - 1983-cü illərdə
İncəsənət İnstitutunun Tədris teatrında,
2002 - 2009-cu illərdə Dövlət Gənclər
Teatrında aktrisa işləyib. 2009-cu ildən
Gənc Tamaşaçılar Teatrının
truppasındadır. 28 oktyabr 2000-ci ildə
Azərbaycan Respublikasının Əməkdar artisti və 10
dekabr 2013-cü ildə Əməkdar incəsənət xadimi
fəxri adları ilə təltif olunub.
Səhnəyə məktəb yaşlarında
çıxıb. Bərpadan sonra Şəki Dövlət
Dram Teatrının fəaliyyətində coşqun
yaradıcılıq nümunəsi göstərib. Lirik-dramatik xarakterli rolları xüsusi məharətlə
ifa edir. Yaradıcılığının
əsas estetik səciyyələri baxımından
lirik-psixoloji aktrisadır. Daxili emosional
duyğularla oynamaqda təcrübəlidir. Müəyyən mürəkkəb janrlı
tamaşalarda bu emosionallığa fəlsəfi dərinlik də
əlavə edir. Dramatik komediya aktrisası
kimi də tanınır. Qroteskli və
satirik çalarlı bədii personajları daha uğurlu
oynayır. Məişət yumorlu
tamaşalarda daha çox yumşaq, məzəli
gülüş elementlərinə əsaslanır. Faciə rollarında daxili dramatizmə
üstünlük verir. Ehtirasının
coşqunluğunu hadisələrin psixoloji mahiyyətinə
uyğun şəkildə gərginlikdə saxlaya bilir. Obrazın dəhşətli hadisələrlə
üzləşdiyi məqamda səsinin faciə ahəngini
bacarıqla dəyişir. Belə məqamlarda
səsinin ahəngi ilə daxili gərginliyi, mənəvi-psixoloji
dönüşləri vəhdətdə birləşir.
Ümumən altmışdan çox obraza səhnə həyatı
verib. GTT-də
ifa etdiyi əsas rollar: Gülgəz ("Oqtay Eloğlu", Cəfər
Cabbarlı), Xeyransa ("Buzovna kəndinin əhvalatları",
Elçin), Sədəf qarı ("Əcəl atı",
Vaqif Əlixanlı), Manya, Qətibə ("Ünvansız
qatar" və "M.S.S. Mən səni sevirəm",
Əli Əmirli), Umgülsüm Sadıxzadə ("Kod
adı: "V.X.A.", Mehriban Ələkbərzadə), Roze nənə
("Tanrıya on dörd məktub", Erik-Emmanuel Şmitt),
Qoca qarı və Kayın nənəsi ("Qar
kraliçası", Hans Xristian Andersen), Missis Mann ("Oliver
Tvistin macəraları").
Nübar
Novruzova (1 mart 1958-ci il). Mirzağa
Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun Dram və kino
aktyorluğu fakültəsində təhsil alıb (1975 -
1979). Ali təhsil alandan sonra təyinatla Gənc
Tamaşaçılar Teatrında işləməyə
göndərilib. Həmin ildən
truppanın üzvüdür. 22 may 1991-ci ildə Azərbaycan
Respublikasının Əməkdar artisti, 10 dekabr 2018-ci ildə
Xalq artisti fəxri adları ilə təltif olunub.
Peşəkar səhnəyə ilk addımlarından
cazibəli səhnə görkəmi, ürəyəyatımlı
məlahəti, səmimi emosionallığı, dinamik ritmi və
çevikliyi ilə rejissorların diqqətini cəlb edib. Mənəvi-əxlaqi
problemli psixoloji obrazlarda bacarıqla oynayıb. Daxili temperamentini obrazın bədii tutumuna uyğun tərzdə
realizə edib. Teatrın aparıcı
aktrisalarından olan Nübar Novruzova Gənc
Tamaşaçılar Teatrında Müxtəlif mövzulu və
müxtəlif janrlı əsərlərin tamaşalarında
maraqlı rollar oynayıb.
Yaradıcılığının ilk iyirmi-iyirmi beş ilində oynadığı rolların əksəriyyəti
baş qəhrəmanlar olub. Teatr, televiziya,
kinoda yaradıcılığında altmışdan çox
rol var.
Faciə janrında Ana ("Ana", Hüseyn Cavid),
mürəkkəb fəlsəfi-dramatik Qadın
("Unutmağa kimsə yox", Kamal Abdulla) obrazları tərifəlayiqdir. Lirik-psixoloji üslublu
tamaşalarda Nargilə ("Sən həmişə mənimləsən",
İlyas Əfəndiyev), Leyla ("Bir sahilin adamları",
Xalidə Hasilova), Leyla ("Sən nə üçün
yaşayırsan?", İmran Qasımov və
Həsən Seyidbəyli), Qadın ("Unutmağa kimsə
yox", Kamal Abdulla), Sadıq ("Mənim nəğməkar
bibim", Əkrəm Əylisli) rollarında uğurla
çıxış edib. Uşaq
tamaşalarında Qar qız ("Qar qız", Teymur
Elçin), Bahar ("Ana laylası", İsgəndər
Coşqun), Aynur ("Sirli dəyirman", Feyruz Məmmədov)
rollarını oynayıb. Sona ("Hacı Qara", Mirzə
Fətəli Axundzadə), Yetər ("Hacı Qəmbər",
Nəcəf bəy Vəzirov), Gülnar ("Tamahkar",
Süleyman Sani Axundov), Dilbər ("Qonşu qonşu
olsa...", Rəşid bəy Əfəndiyev), Naza ("Məhəbbət,
şeytan və Lambada", Marat Haqverdiyev), Janina ("Məzəli
hadisə", Karlo Qoldoni) komediya rollarında səmimiyyət
və koloritli cazibə, xalq gülüş
estetikasının əsas prinsiplərindən ustalıqla
istifadə etmək bacarığı nümayiş etdirib.
Güşvər
Şərifova (30 may 1962-ci il). 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsini
bitirib. Gəncə Dövlər Dram
Teatrında (1984 - 1995) və Bakı Kamera Teatrında (1995 -
2003) işləyib. 2003-cü ildən
GTT-nin truppasındadır. 10 dekabr 2018-ci
ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri
adı ilə təltif olunub.
Xarakterlər aktrisası kimi daha çox uğur
qazanıb və bu istiqamətdə kifayət qədər mənalı
ifadə vasitələrinə yiyələnib. Eyni zamanda, məişət
komediyasında, sosial məsxərələrdə komik
obrazlar, mənəvi-əxlaqi dəyərlər
burulğanında çırpınan dramatik personajlar, faciə
janrlı əsərlərdə müsibətlərə
düçar olan mürəkkəb, həm əqidəli, həm
də mənən cılız surətlər də ifa edib.
"Sonluğun sonu" (Rövşən
Ağayev) monotamaşasında Zəhra rolunu əsasən,
üç ovqat-ritmdə oynayır: lirik-psixoloji ovqatı həzin
kövrəkliklə, dramatik-psixoloji dəyişməni dinamik
ahəngdə, inamsızlığın obrazı
sürüklədiyi faciəni çılğın və
coşqun ehtirasla ifa edir. Aktrisanın
lirizmindəki emosionallıq, dramatizmindəki cingiltili
coşqunluq, mənəvi sarsıntılardan əzaba
düçar olan fəci harayındakı püskürən
ehtirasın çılğınlığı peşəkarlığın
bədiilik təcəssümü kimi heyranedicidir. İfadə vasitələri zəngin olan aktrisa Səkinəni
("Mürafiə vəkilləri", Mirzə Fətəli
Axundzadə. Gəncə teatrı)
zavallı qadın kimi, Qumralı ("Əliqulu evlənir",
Sabit Rəhman. Gəncə teatrı) şən
məişət komediyası estetikasında, Məryəmi
("Qız atası", Əfqan. GTT) hiperbolaya əsaslanan
satirik qrotesklə, Ruqiyyə Qurbanova ("Kod adı:
"V.X.A.", Mehriban Ələkbərzadə. GTT) ictimai-siyası faciə zəminində oynamaqla
yüksək peşəkarlığını cəsarətlə
sübut edib.
GTT-də
İzzət ("Məkkəyə gedən yol", Cəlil
Məmmədquluzadə), Əzra ("Şeyx Sənan",
Hüseyn Cavid), Səlimə ("Pəri cadu",
Əbdürrəhim bəy Haqverdiyev), Qətibə ("M.C.C.
Mən səni sevirəm", Əli Əmirli), Nazlı,
Gülpəri ("Danışan gəlincik" və
"Qaraca qız", Abdulla Şaiq), York hersoginiyası
("III Riçard", Vilyam Şekspir), Qarı
("Göyçək Fatma", Azərbaycan xalq
nağılı), Missis Prüsellüs ("Uzuncorab
Pippi", Astrid Lnndqren), Missis Saurberi ("Oliver Tvistin macəraları",
Çarlz Dikkens), Xanım ("Yatmış gözəl",
Blangi Marvin) rollarını da uğurla ifa edib.
Mehriban
Abdullayeva (15 may 1963-cü il). 1985-ci ildə
Mirzağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun Musiqili
Komediya aktyorluğu fakültəsini bitirib. 1986-cı
ildən Gənc Tamaşaçılar Teatrının
truppasında fəaliyyət göstərir. 10 dekabr
2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artisti fəxri adına layiq
görülüb.
Aktrisa kimi əlvan yaradıcılıq palitrası var. Hətta
dramaturji baxımdan "oxşar" rollarda da ifadə təkrarına
yol vermir. Onun üçün amplua çətinliyi, həddi
yoxdur. Facələrdə ehtiraslı
coşqunluqla (Hafizə xanım. "Pəri
cadu", Əbdürrəhim bəy Haqverdiyev; Yelizaveta, Ledi
Kapuletti. "III Riçard" və
"Romeo və Cülyetta", Vilyam Şekspir) oynayır.
Faciə ovqatlı dramlarda (Böyükxanım.
"Aydın", Cəfər Cabbarlı; Firuzə.
"Ölüm hökmü", Elçin)
obrazın fəci və lazım gələndə komik səciyyələrini
ahəngdar vəhdətdə verməyi peşəkarcasına
bacarır. Lirik psixoloji tamaşalarda (Aynur.
"Büllur sarayda", İlyas Əfəndiyev;
İntizar. "Kiçik təpə",
Nəbi Xəzri) çılğın, psixoloji temperamentə
və həzin lirizmə üstünlük verir. Poetik teatr estetikasında hazırlanan tamaşada
(Qeysin anası. "Leyli və Məcnun",
Məhəmməd Füzuli) epik teatra xas olan ifadə vasitələrindən
məharətlə istifadə edir. Komediyalardakı (Səbinə.
"Məhəbbət bir bəladır", Əhməd
Orucoğlu; Sabah. "M.C.C. Mən səni
sevirəm", Əli Əmirli) təravətli, ürəkoxşayan
yumoru ürəkaçandır. Romantik
pafoslu tarixi əsərlərdə (Elçinin "Ağ dəvə",
"Mahmud və Məryəm" əsərlərində
Hökümə xala və Aysulu) hərarətli
qaynarlığı dominantdır, bu duyğu obrazların
psixoloji mahiyyətlərinə dərindən sirayət edir.
Nağıl-tamaşalarda (Ana. "Ana
laylası", İsgəndər Coşqun; Klaudia. "Zorro", ispan xalq rəvayəti əsasında;
Ana. "Şelkunçik", Ernest Teador
Amadey Hofman) kiçik yaşlı tamaşaçılara məhrəm,
yaxın olan səmimi, qaynar sadəliklə oynayır. Vilyam Lyusun "İstədiyim kimi
yaşamışam" dramının monotamaşasında,
demək olar, bütün səhnə janrlarının ifadə
vasitələrindən məharətlə istifadə etməklə
Zelda obrazın maraqlı xarakter kimi təqdim edib. Mehriban
xanım altmışa yaxın iştirakçısı olan
"Kod adı: "V.X.A" (Mehriban Ələkbərzadə)
tamaşasındakı kiçik Firəngiz Rzayeva rolu ilə də
yadda qalır.
Naibə
Allahverdiyeva (28 may 1963-cü il). 1981 -
1985-ci illərdə Mirzağa Əliyev adına
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Dram və kino aktyorluğu fakültəsində
təhsil alıb. İki il
Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyib.
1990-cı ildən Gənc
Tamaşaçılar Teatrının truppasındadır.
28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artisti, 27 may 2018-ci ildə Xalq artist fəxri adları ilə təltif
olunub. Naxçıvan teatrında Sara ("Apardı sellər
Saranı", Kəmalə), Birinci rəfiqə
("Elektra", Sofokl), Antelino ("Gülən adam", Viktor Hüqo).
Aktyorluq cəbbəxanasında kifayət qədər
koloritli və duzlu, cazibədar və dinamik yumorlu ifadə
vasitələri var. Faciələrdə (Şamama cadu. "Pəri
cadu", Əbdürrəhim bəy Haqverdiyev; Dayə. "Romeo və Cülyetta", Vilyam Şekspir),
dramlarda (Simuzər. "Sarıköynəklə Valehin
nağılı", İlyas Əfəndiyev; Əminə. "Buzovna
kəndinin əhvalatları", Elçin; Münəvvər.
"Mənim ağ göyərçinim",
Tamara Vəliyeva), komediyalarda (Tükəz. "Hacı
Qara", Mirzə Fətəli Axundzadə; Konstansiya. "Məzəli hadisə", Karlo Qoldoni; Sien.
"Öldürsnə məni, canikom!..",
Əziz Nesin; Çimnaz xanım. "Çimnaz
xanım yuxudadır", Süleyman Rüstəm; Bibi
("Bala bəla sözündəndir", Əli Əmirli),
romantik-epik əsərdə (Burla xatun. "Dədəm
Qorqud", Əbdüləzəl Dəmirçizadə), eləcə
də nağıl-tamaşalarda (Ögey ana. "Göyçək Fatma", Azərbaycan xalq
nağılı; Kraliça. "Yatmış
gözəl", Blangi Marvin) adi, ikinci dərəcəli personajları
əlvan ifadə vasitələri ilə koloritli, canlı,
tamaşanın ideyasında, ana xəttində məqsəd və
məramı aydın olan tip-xarakter səviyyəsində sənətkarlıqla
canlandırır. Azərbaycan Dövlət
Televiziyasının hazırladığı Əkrəm
Əylislinin "Bağdada putyovka var" (Sitəmxanım), Cəlil
Məmmədquluzadənin "Nigarançılıq"
(Hüseynin arvadı), Məcnun Vahidovun
"Yarımştat" (Tomka) teletamaşalarında koloritli və
populyarlıq qazanan rolları yüksək peşəkarlıqla
oynayıb. Komediya obrazlarında istifadə
etdiyi ifadə vasitələri cazibədar, koloritli, yumorlu
olduğu qədər də bir-birindən fərqlidir, bənzərsiz
və dolğundur, gülüş yükü heyranedicidir.
Ümumiyyətlə, istənilən janrlı
obrazı səhnə və yaxud ekran personajına çevirməkdə
qətiyyən çətinlik çəkmir.
Ədalət
Əbdülsəməd (17 yanvar 1966-cı il).
1990-cı ildə Azərbaycan Dövlət
İncəsənət İnstitutunun Teatr və kino
aktyorluğu fakültəsini bitirib. 1989 - 2009-cu illərdə
Dövlət Gənclər Teatrında aktyorluq edib. 1 may 2009-cu
ildən Gənc Tamaşaçılar Teatrının
aktyorudur.
Tragikomediyanın
satirik çalarlarında Məşədi Hacı və
Hacı İslam ("Dəli yığıncağı",
Cəlil Məmmədquluzadə), lirik məhəbbət faciəsində
Sinyor Montekki, kəskin konliktli ictimai-siyası tragediyada Rives
("Romeo və Cülyetta" və "III Riçard",
Vilyam Şekspir), Kral ("Əriməyən ürək",
Oskar Uald), poetik teatrın ifadə vasitələri ilə
canlandırdığı Şeyx Əbülləhya
("Şeyx Sənan", Hüseyn Cavid), cəmiyyət və
şəxsiyyət probleminin fəlsəfi-psixoloji kontekstdə
təqdim olunan Qul ("Dəlixanada qətl", Fridrix
Dürrematt), sosial-fəlsəfi yükündə müasir
faciə ovqatı duyulan Komissar ("Kod adı: "V.X.A",
Mehriban Ələkbərzadə) rollarını romantik teatr
estetikasında, yüksək peşəkarlıqla ifa edib.
Milli klassik komediya ənənələri ilə
çağdaş gülüş məziyyətlərini birləşdirən
Kazak, Hacı Qara ("Xırs quldurbasan" və
"Hacı Qara", Mirzə Fətəli Axundzadə), Məcid
("Dələduz" Nəcəf bəy Vəzirov), Xudayar
xan, Məşədi Seyfulla ("Xortdanın cəhənnəm
məktubları", Əbdürrəhim bəy Haqverdiyev)
obrazlarının ifasında tamam fərqli oyun-üslub və
ifadə vasitələri,
xarakterik jestlər nümayiş etdirir. Lirik-fəci
İbn Səlam ("Leyli və Məcnun", Məhəmməd
Füzuli), dramatik-psixoloji Mirzə Cavad və Novruz bəy
("Aydın", Cəfər Cabbarlı), mahiyyəti məişət
qayğıları ilə yoğrulmuş Ağamehdi ("Qum
üzərində ev", Rüstəm
İbrahimbəyov), haqla nahaqın, ədalətlə
riyakarlığın çarpışmasındakı mürəkkəblikləri
təmsil edən Ağabəşir ("Sarıköynəklə
Valehin nağılı", İlyas Əfəndiyev)
rollarının səhnə təfsiri aktyorun tamamilə fərqli
yaradıcılıq potensialının zənginliyindən
soraq verir. Realist teatr poetikasının səciyyələrindən
şirə çəkən Səftər müəllim
("Buzovna kəndinin əhvalatları", Elçin),
Ağsaqqal ("Ünvansız qatar" Əli Əmirli),
Murtuz, Nəvə ("Dağ tikirik"və
"Generalın son əmri", Vaqif Səmədoğlu),
Balay ("Sultanqulu körpüsü", İsi Məlikzadə)
personajları tamaşaçıları
düşündürən mənəvi-əxlaqi dəyərlərin
mahiyyətinə işıq salır.
Mehriban
Hüseynova (17 may 1973-cü il). 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Dram və kino
aktyorluğu fakültəsini bitirib. 1
dekabr 2000-ci ildən Gənc Tamaşaçılar
Teatrının truppasında fəaliyyət göstərir.
İfadə vasitələrindəki əlvanlıq
böyük səhnəyə ilk addımlardan rejissorların
diqqətini cəlb edib. Lirik-poetik Hürrəm Sultan ("Leyli və Məcnun",
Məhəmməd Füzuli), mürəkkəb yumorlu Adriana
("Səhvlər komediyası", Vilyam Şekspir),
psixoloji-dramatik Xədicə xala ("Mustafa", Orxan Asena),
qaravəlli-məsxərə ruhlu Ağabacı ("Buzovna kəndinin
əhvalatları", Elçin) rollarında obrazların
xarakterinə uyğun olaraq ehtiraslı dramatizm, həzin
emosional vüsət, fəlsəfi mahiyyətin psixoloji
dürüstlüyü, şirin yumorun duzu və dadı,
realizmin təbii çalarları aktrisanın ifasına
xüsusi canlılıq aşılayıb. "Şəngülüm,
Şüngülüm, Məngülüm", "Cənnətin
üç alması", "Ələddinin sehrli
çırağı", "Çal, oyna",
"Pişiyin evi", "Çipollino", "Aycan"
nağıl-tamaşalarında aktrisanın zərifliyinin və
məlahətinin, daxili emosiyasının yeni keyfiyyətləri
peşəkarlıqla təqdim olunub. Alleqorik
rolları xüsusi ləzzətlə, can-başla və
emosional coşqunluqla oynamaqdan həzz alır və belə
yumşaq oyun tərzi azyaşlı tamaşaçılara da
zövq verir. Məzəli komediyalarda bir qədər
çılğın, şən, hərəkət
plastikasına əsaslanan oyunu emosional gülüşü
daha da təravətləndirir.
Sona
xanım, Mariya Adamovna ("Hacı Qara" və "Xırs
quldurbasan", Mirzə Fətəli Axundzadə), Zabitə
("Sarıköynəklə Valehin nağılı",
İlyas Əfəndiyev), Qadın, Gülzar ("Mahmud və
Məryəm" və "Ölüm hökmü",
Elçin), Bələdçi ("Ünvansız qatar",
Əli Əmirli), Güllü ("Mağara" Aygün Həsənoğlu),
Natalya Talıblı ("Kod adı: "V.X.A" (Mehriban
Ələkbərzadə), Missis Roz ("Oliver Tvistin macəraları",
Çarlz Dikkens), Melitos ("Ezop", Gilerma Fiqeyredu), Qar
kraliçası ("Qar kraliçası", Hans Xristian
Andersen), Marta Bol ("Dəlixanada qətl", Frdrix
Dürrematt), Oğru ("Lotoreya", Marsel Brikye Marinye)
obrazlarının ifasında Mehriban Hüseynovanın
yaradıcılığının boya əlvanlığı
aydın nəzərə çarpır. Aktrisanın
xeyli müxtəlif xarakterli ekran rolları da var.
Elşən
Şıxəliyev (28 avqust 1974-cü il). 1995-ci ildə Mədəniyyət və İncəsənət
Universitetinin Dram və kino aktyorluğu fakültəsini
bitirib. Əvvəllər Tənqid və Təbliğ
Teatrında aktyor işləyib. 16 sentyabr
1999-cu ildən Gənc Tamaşaçılar Teatrının
truppasında çalışır.
Çıxış etdiyi rolun xarakterik fərdi cəhətlərini
dəqiqləşdirməyi və gəldiyi bədii-estetik nəticəni,
qətiləşdirdiyi qənaətləri
inandırıcı detallarla, ştrixlərlə, sifət
ifadələri, səs ahəngi və baxışlarla
canlandırır. Obrazın psixoloji mahiyyətini və ya
ana xətdə daşıdığı bədii
yükün ölçüsünü ifadəli, canlı,
real boyalarla oynamağa üstünlük verir. Adi,
mürəkkəb kolliziyalı hadisələr
burulğanında iştirak etməyən, bədii cəhətdən
bir qədər "çiy", zəif, dramaturji
yükü az olan obrazların ifasına da ciddi yaradıcılıq
münasibəti ilə yanaşır. Kütləvi
ifaçılar olan epizodda diqqətini səfərbər etməyi,
səhnədəki prosesin qaynarlığında
yaradıcılıqla davranmağı bacarır. Səhnəni
görmək, tamaşaçı enerjisini hiss etmək və
bu daxili hazırlıqla obrazı oynamaq onun ifasını daha da təravətləndirir
və cazibəli, maraqlı edir. Komediya
janrlı tamaşalarda şövqlə, hadisənin məzmun
və mahiyyətinə ahəngdar olan dinamikayla oynayır.
Faciə janrlı personajları, lirik
emosionallıq tələb edən obrazların ifası
üçün yaradıcılıq imkanlarında nəfəs
genişliyi var.
Aktyorun
ifa etdiyi əsas rollar: Kərəməli ("Hacı
Qara", Mirzə Fətəli Axundzadə), Kərim, Saymaz
("Danışan gəlincik" və "Qaraca
qız", Abdulla Şaiq), Əbülüla ("Şeyx Sənan",
Hüseyn Cavid), Çoban ("Mahmud və Məryəm",
Elçin), İmran ("İki tonqal, Aygün Həsənoğlu),
Yusif ("Olmuş əhvalat", Aqşin Babayev), Kərbəlayı
Türbət ("Dəli yığıncağı", Cəlil
Məmmədquluzadə), İzzət ("Ana", Hüseyn
Cavid), Şahqulu ("Oqtay Eloğlu", Cəfər
Cabbarlı), Mirzə və Zəncirli oğlan ("Leyli və
Məcnun", Məhəmməd Füzuli), Konvoy ("Kod
adı: "V.X.A", Mehriban Ələkbərzadə),
Elçi kişi ("Bala bəla sözündəndir",
Əli Əmirli), Yusif ("Arzu və Murad", Sevinc Elsevər),
Baltazar ("Səhvlər komediyası", Vilyam Şekspir),
Freyin ("Zorro", ispan xalq rəvayətinin motivləri əsasında),
Ricmond ("Viktoriya", Knut Hamsun), Cüvəllağı Cek
("Oliver Tvistin macəraları, Çarlz Dikkens), Şahzadə
("Qar kraliçası", Hans Xristian Andersen).
Zülfiyyə
Alhüseynova (26 iyun 1977-ci il). 2001-ci ildə Mədəniyyət və İncəsənət
Universitetinin Dram və kino aktyorluğu fakültəsini
bitirib. 2001 - 2009-cu illərdə Bakı Kamera
Teatrında işləyib. 1 may 2009-cu ildən Gənc
Tamaşaçılar Teatrının aktyor truppasında
çalışır.
Uca boylu, zərif bədənli, çılğın
emosiyalı, çevik və qaynar təbiətli aktrisadır. Təmiz qəlbli
məhəbbət personajı Nigarı
("Eşq-i-Nigar", Amaliya Ömərova), rejissorun
tamaşaya əlavə etdiyi eşq duyğusu ülviyyətinin
təcəssümçüsü Mələyi ("Romeo və
Cülyetta", Vilyam Şekspir) poetik lirizmlə, emosional zərifliklə
oynayır. Şirəli, duzlu, təravətli, şən
ovqatlı komediya obrazları üçün kifayət qədər
daxili enerjisi və cəlbedici, gülüşün səmimiyyətinə,
təravətinə zəmin yaradan əlvan ifadə vasitələri
var. Rus düşüncə tərzinin psixologiyasındakı
Dunyaşa ("Albalı bağı", Anton Çexov),
Avropa mənəvi-əxlaqi dəyərlərini və cəmiyyət-şəxsiyyət-zaman
səciyyələrini daşıyan Baş tibb bacısı,
Bricit və Edma ("Tanrıya on dörd məktub",
Erik-Emmanuel Şmitt), qərb karnaval estetikasının bariz
nümunəsi Nensi ("Oliver Tvistin macəraları",
Çarlz Dikkens), Pərilər kraliçası ("Yatmış
gözəl", Blangi Marvin), slavyan xalqlarına məxsus
skamarox səyyar teatrının koloritli nağıl-məişət
tipi Alisa ("Buratinonun macəraları", Aleksey Tolstoy)
obrazlarının vacib milli xarakter-xüsusiyyətlərini,
kolorit cazibəsini reallıqla canlandırmaqda yüksək
peşəkarlıq göstərir.
Ziba
xanım, Şərəfnisə xanım ("Lənkəran
xanının vəziri" və "Müsyö Jordan və
dərviş Məstəli şah", Mirzə Fətəli
Axundzadə), Nisə ("Buzovna kəndinin əhvalatları",
Elçin), Klara ("Ünvansız qatar", Əli
Əmirli), PanfiliyaTanaildi ("Kod adı: "V.X.A",
Mehriban Ələkbərzadə), Rəmiziyyə
("Danışan gəlincik", Abdulla Şaiq), Gülnaz
("Bir gecənin nağılı", Rövşən
Ağayev), Kölgə ("Otello", Vilyam Şekspir), Ana
("Məkr və məhəbbət", Fridrix Şiller),
Aygün ("Ağ ölüm", Vasili Siqarev) rolları
aktrisaya yeni uğurlar qazandırıb. "Tıq-tıqxanım"
(Abdulla Şaiq), "Şəngülüm,
Şüngülüm, Məngülüm" (Mikayıl
Müşfiq), "Çipollino" (Canni Rodari)
tamaşalarında uğurlu alleqorik rollar oynayıb.
Manaf
Dadaşov (21 noyabr 1981-ci il). 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Kütləvi tədbirlər
və tamaşalar rejissorluğu fakültəsini bitirib. 1 oktyabr 2002-ci ildən GTT-nin truppasında
çalışır.
Aktyor kimi işlədiyi sənət ocağının
janr-üslub poetikasını mənimsəyən və
tamaşadan-tamaşaya onu daha da təkmilləşdirənlər
sırasındadır. Səhnə texnikasını
tamaşanın ritm ahənginə uyğunlaşdıra,
obrazın bədi səciyyələri ilə həmahəng təqdim
etməyə çalışır.
Oynadığı rolun xarakterinə uyğun olaraq ona
daxili coşqunluğu və dramatik gərginliyi ilə təbii
reallıq, hətta romantik cazibə verə bilir. Çoban
("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev),
Şəkinski ("Oqtay Eloğlu", Cəfər
Cabbarlı), Famil ("Ünvansız qatar", Əli
Əmirli), səpkili tip-prsonajların bədii məzmununa
uyğun xarakterik cizgilər və hərəkət
plastikası tapmağı, tapdıqlarını koloritli
ştrixlərlə bəzəməyi bacarır. Poetik
teatr estetikasında Orxan ("Ana", Hüseyn Cavid),
emosionallıqla Tərlan
("İki tonqal", Aygün Həsənoğlu),
sarkazmlı, ironiyalı məsxərəylə İfrit və
Qara cadugər ("Ələddinin sehrli
çırağı", Ərəb xalq nağılı),
romantik lirizmlə 1-ci aktyor ("Eşq-i Nigar", Amaliya
Ömərova), İbn Səlam ("Leyli və Məcnun",
Məhəmməd Füzuli), realist teatr üslubunda Həmid
("Ağ ölüm", Vasili Siqarev), Marlen
("M.C.C. Mən səni sevirəm", Əli Əmirli),
nağıl-tamaşa etsetikasında Polismen ("Oliver Tvistin
macəraları", Çarlz Dikkens), Vasili ("Pişiyin
evi", Samuil Marşak) rollarını eyni coşqunluqla, eyni
peşəkarlıqla, eyni təbii reallıqla oynaya bilir.
Manaf
Dadaşov fərqli oyun-üslublarda Əsgər bəy ("Lənkəran
xanının vəziri", Mirzə Fətəli Axundzadə),
Adil ("Ağ dəvə", Elçin), Qonşu ("Ana
qaz", Rəsul Rza), Şah ("Xeyir və Şər",
Nizami Gəncəsi), Qafar ("Çimnaz xanım
yuxudadır", Süleyman Rüstəm), Nazim və Vəzir
("Güc birlikdədir", Rəvan Tohidoğlu), Xortdan
("Xortdanın cəhənnəm məktubları",
Əbdürrəhim bəy Haqverdiyev), Mühafizəçi
("Məkkəyə gedən yol", Cəlil Məmmədquluzadə),
Bəybulat ("Varislər", İlgiz Zəyniyev), Həbəş
("Ezop", Gilerma Fiqeyredu), Alik ("Yarımçıq
qalmış...", Yefim Abramov və Leyla Bəyim)
obrazlarına da maraqlı səhnə təsviri verib.
Zümrüd Quliyeva (3 may 1982-ci il). 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2003 - 2009-cu illərdə Dövlət Gənclər Teatrında aktyorluq edib. 1 may 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının truppasında çalışır.
Milli və əcnəbi nağıl-tamaşalarda ifa etdiyi obrazlarda janrın estetik prinsiplərini həssaslıqla qorumaqla yanaşı, personajın müasir səslənməsinə, tamaşaçılar üçün anlaşıqlı olmasına ciddi cəhd göstərir. Müxtəlif mövzulu əsərlərin tamaşasında, fərqli janrlı və sosilal təbəqəli Ziba ("Məkkəyə gedən yol", Cəlil Məmmədquluzadə), Lord Lukas ("Dəlixanada qətl", Fridrix Dürrematt), Anna Dembi ("IV Kin", Qriqori Qorin), Cülyetta ("Tədbirə qarşı tədbir", Vilyam Şekspir), Oskarın anası ("Tanrıya on dörd məktub", Erik-Emmanuel Şmitt), Həlimə ("Ünvansız qatar", Əli Əmirli) obrazlarının ifasında yaradıcı aktyor kimi rolun psixoloji və sosioloji mövqeyinin mürəkkəbliyini, bədii-dramaturji yükünü bacarıqla göstərə bilib. Səhnə danışığı lətafətli, aydın və ifadəlidir. Gənc Tamaşaçılar Teatrının əksər aktyorlarına xas olan işgüzarlıq, sənətə bəslənən vurğunluq, məftunluq, məhəbbət Zümrüd Quliyevanın da yaradıcılığına mərhəmlik, aydınlıq, cazibədarlıq bəxş eləyib.
Aktrisanın nağıl-tamaşa janrında hazırlanmış səhnə əsərlərində ifa etdiyi Klerxen ("Şelkunçik", Ernest Teador Amadey Hofman), Bet ("OliverTvistin macəraları", Çarlz Dikkens), Pippi ("Uzuncorab Pippi", Astrid Lindqren), Çipoliçço ("Çipollino" Canni Rodari), Qalya ("Çeburaşka" Eduard Uspenski), Nəvə ("Möcüzəli turp", Rus xalq nağılı), Azərbaycan xalq nağıllarında Zümrüd quşu ("Məlik Məmməd"), Züleyxa ("Tənbəl Əhməd") rollarında koloritli, incə yumorlu və xoş ovqatlı, canlı tip-personajları ürəkaçandır. "Aycan" (Xanımana Əlibəyli), "Dəcəl keçi" (Pərvin Nurəliyeva), "Biri vardı, biri yox" (Əjdər Ol), "Çirkin ördək balası" (Hans Xristian Andersen) tamaşalarındakı alleqorik səpkili rolları məktəb uşaqlarının qavrama imkanlarına uyğun olduğuna gözrə maraqla qarşılanır.
Ələsgər Muradxanlı (10 iyul 1964-cü il). Truppa müdiridir. 1989 - 1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində təhsil alıb. 1993-cü il sentyabr ayının 1-dən Gənc Tamaşaçılar Teatrında truppa müdiri işləyir. İşgüzarlığı, məsuliyyəti, təşkilatçılıq bacarığı ilə kollektivin rəğbətini qazanıb. Teatra bütün aktyorlardan tez gəlib gec gedən işçidir. Tamaşaların və məşqlərin qrafik cədvəlini dəqiqliklə nizamlayır. "Şirin bülbül", "Mən sənin dayınam", "Yeni həyat", "Yoxlama" film və film-tamaşalarda çəkilib. 10 dekabr 2018-ci ildə Tərəqqi medalı ilə təltif olunub.
İlham RƏHİMLİ
525-ci qəzet.- 2023.- 3 may.- S.10-11;15.