Naxçıvana həsr olunmuş ilk tarix
kitabı haqqında qeydlər
Naxçıvanın tarixi coğrafiyası haqqında məlumatlar qədim və orta əsrlər mənbələrində özünün geniş əksini tapıb. Xalq əfsanə və rəvayətləri,
"Kitabi-Dədə Qorqud", bəzi klassik bədii əsərlər,
türk, fars, ərəb dilində olan və
digər əcnəbidilli mənbələr sübut edir ki, bu
qədim diyarın tarixi həmişə diqqət mərkəzində
olub. Lakin müxtəlif mənbələrə
səpələnən həmin məlumatlar nə qədər
əhəmiyyətli olsa da, onların ümumiləşdirilərək
sistemli şəklə salınması və öyrənilməsi
uzun onilliklər boyu vacibli bir məsələ kimi öz həllini
gözləyib. Bu məsələnin həllinə
girişənlərdən biri yox, birincisi fitri-istedadı ilə
seçilən, 1925-1928-ci illərdə fəaliyyət
göstərmiş Naxçıvanı Tədqiq və Tətəbbö
Cəmiyyətinin (bundan sonra NTTC yazılacaqdır - F.X.) elmi
katibi, səriştəli ölkəşünas Hacı Mirbağır Mirheydərzadə
(1877-1956) olub. O, təxminən 100 il bundan əvvəl
gərgin axtarışlar nəticəsində ilk dəfə
olaraq "Naxçıvan tarixi" adlı əsərini ərsəyə
gətirib. Belə bir əsərin
yazılması haqqında ilk məlumatlara NTTC-nin 1927-1928-ci
illərə aid iclas protokollarında rast gəlirik.
Protokollardan aydın olur ki, NTTC M.Mirheydərzadənin adı
çəkilən kitabının oxunub dəyərləndirilməsi
üçün xüsusi komissiya yaratmış, onun çap
olunmasına ciddiyyətlə yanaşmış və
kitabın nəşr edilməsi üçün qərar
çıxarmışdı. Təəssüf
ki, bu kitab hansı səbəbdənsə çap üzü
görməmişdi.
Kitabın
əlyazması AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunda mühafizə olunur və bu kitab
iki hissədən ibarətdir. Birinci hissədə
Naxçıvanın qədim dövrlərdən
başlamış 1920-ci ilədək olan tarixindən bəhs
olunur. İkinci hissə "Həyati-bəşəriyyə.
Etnoqrafi məlumat" adlandırılıb.
Birinci hissənin titul səhifəsindən sonra kitabın
mündəricatı verilib: Naxçıvan ərəb
istilası dövründə; Naxçıvan monqol
istilası dövründə; İran istilası; Azərbaycanda
ruslar və İran arasında mübarızə;
Naxçıvanda olan tayfalar; Naxçıvanda olan tarixi abidələr;
Naxçıvan ölkəsinin yetirdiyi şairlər və ədiblər"
Kitabda istifadə olunmuş ədəbiyyatın
siyahısı onun elmi səviyyəsi haqqında müəyyən
təsəvvür yaratmaq baxımından əhəmiyyətlidir. Bu siyahıya İskəndər bəy
Münşinin "Tarixi-aləmarayi-Abbasi", Məhəmmədrza
Həmədanlının "Cənnatül-xülud", “Mirxondun
"Rövzətüs-səfa", Xandəmirin "Həbibüs-siyər",
A.Bakıxanovun "Gülüstani-irəm", Hatifinin "Zəfərnamə
(Teymurnamə)", Çələbinin "Cahanşuma",
Əli Cavadın "Osmanlı tarixi", Əbülhəsən
Marağalının "İran tarixi", K.Ptolomeyin
"Coğrafiya", Mirzə ağa xan Kirmaninin "İran
tarixi", Rzaqulu Mirzənin "Qarabağnamə",
İmadəddin İsfəhaninin "Səlcuq dövlətinin
tarixi", V.Pottonun "Qafqaz müharibəsi", Y.A.Paxomovun
"Naxçıvan sikkələri", V.M.Sısoyevin
"Naxçıvan Araz üstə və Naxçıvan
MSSR-nin keçmişi" və
digər əsərlər daxil edilib.
Bundan
başqa o, qeyd edir ki, kitabın müvafiq bölmələrini
yazarkən Naxçıvanda fəaliyyət göstərən
Xalq Maarif Komissarlığı, Baş Ərazi
Komissarlığı, Ziraət Komissarlığı, Təsərrüfat
İdarəsi, Ehsaiyyə İdarəsi, Naxçıvan Kəşf
Hava Qərargahının Metereoloji Stansiya kimi idarə və təşkilatların
verdiyi rəsmi məlumatlara da istinad edib.
Kitabın Naxçıvanın tarixinə həsr olunan
hissəsində xalq arasında yayılan əfsanə və rəvayətlərə,
müxtəlif yazılı tarixi məxəzlərə, bəzi
maddi mədəniyyət nümunələrinə əsaslanmaqla
Naxçıvanın təşəkkül tarixi və 1920-ci
ilədək olan dövrünün salnaməsi
ardıcıllıqla izlənilir.
Müəllif
"Müqəddimə"də Naxçıvan şəhərinin
nə zaman və kim tərəfindən
"bina edilməsi"nin üzərində dayanır, xalq
arasında yayılan rəvayətlərdən, həmçinin,
yunan, türk, ərəb, fars, rus və erməni tarixçilərinin
əsərlərinə istinad edərək bu məsələ
ilə bağlı iddiaları diqqətə
çatdırır. Məsələn, Xalq rəvayətinə görə, "Naxçıvan
şəhərini bizim eradan əvvəl Nuh bina etmişdi. Nuh onu bina etdikdə ip ilə
ölçmüşdü. Nuh ilk dəfə
Naxçıvan sahəsinə enib burada üzüm
bağları salmışdı... Nuhun
özü və qızı burada ölüb dəfn
edilmişlər. Şəhərin cənub
tərəfində olan "Nuhdaban" adlı yerdə Nuh dəfn
edilmişdi".
Yenə xalq rəvayətinə görə,
"Naxçıvan şəhəri guya Qeysər
hökmdarlarından Dağyanus adlı padşah tərəfindən
bizim eradan çox əvvəl bina edilib və onun paytaxtı
olmuşdu". Yunan tarixçisi P.Bezonsun
yazdığına görə, "Naqsuanda
(Naxçıvanda - F.X.) ən qədim əsrlərdə
israillər səltənəti zamanı yəhudilər
yaşayırmış. İran
şahı Şapur Naxçıvanı aldıqda burada 10 min
nəfərdən artıq yəhudi
qırılmışdır". Türk tarixçisi
K.Çələbi yazır ki: "Naxçıvan şəhəri
sasanilər dövrü Bəhram Çubin tərəfindən
bina edilmişdir". İran tarixçisi M.Həmədininin
yazdığına görə, "İndiki Naxçıvan
ətrafında "Əfsus" adlı bir şəhər
olmuş və bu şəhəri israil padşahlarından
Bünyaminin nəvələrindən olan Şarl miladdan on əsr
əvvəl bina etmişdir". Rus tarixçisi V.Potto iddia edir ki:
"Naxçıvan şəhəri qədim artaqsatlardan
qalmış xarabalar üzərində qurulmuşdur".
Azərbaycan tarixşünaslığının
sonrakı inkişaf səviyyəsi göstərir ki,
Naxçıvanın "bina edilməsi" haqqında
M.Mirheydərzadənin istinad etdiyi mənbələrdə təsadüfi,
ziddiyyətli və qeyri-dəqiq məlumatlar da vardır.
Kitabın
"Naxçıvan eramızdan əvvəlki dövrlərdən
başlayaraq miladın VII əsrinə - ərəb
istilasına qədər" adlı bölməsində
müəllif əvvəcə Qızılburun, Kültəpə
və Xürrəm xarabalarından tapılmış bronz alətləri
və saxsı qabları nümunə göstərərək
belə bir qənaətdə olduğunu bildirir: "Bizim
eradan bir neçə əsr əvvəl Naxçıvan
şəhəri varmış. Burada insanlar
yaşamaqla daş və bürünc dövrü
keçirmişlər".
M.Mirheydərzadənin Naxçıvanın Midiya, Əhəmənilər
və Atropatena zamanındakı vəziyyəti, Sasani dövlətinin
tabeliyində olduğu illərə aid bəzi məlumatları
da maraq doğurur. Məsələn, o, tarixçi Y.A.Paxomovun
yazdıqlarına əsaslanaraq qeyd edir ki: "Sasanilər
dövründə "Sikkə sarayı" olmuşdur ki,
burada "Naxç" yazısı ilə Sasani tipli
gümüş dirhəmlər kəsirmişlər. Naxçıvanın "Sikkə sarayı"
miladın 636-cı ilinə qədər, yəni ərəb
istilasına kimi Sasani sikkələri kəsmişdir".
Bu
bölmədən sonra kitabın sonrakı səhifələrində
Naxçıvana ərəb hücumları, Səlcuqilər
və Xarəzmşahların hakimiyyəti zamanı, monqol
istilası, Əmir Teymurun yürüşləri, Qaraqoyunlu və
Ağqoyunluların hökmranlıq illəri, Səfəvilər
dövrü, xüsusilə Şah Abbasın hakimiyyət illəri,
Nadir şah zamanı, nəhayət, xanlıqlar dövründəki
Naxçıvanın ictimai-siyasi, mədəni-iqtisadi vəziyyəti
şərh olunur. Axırda 1828-ci il "Türkmənçay müqaviləsi"
ilə Naxçıvanın da Rusiya tərəfindən
işğalı zamanı burada gedən proseslərin təsviri
verilir.
Çox əhəmiyyətlidir
ki, M.Mirheydərzadə müxtəlif əsrlərin
Naxçıvanından bəhs edərkən bu qədim diyarla bağlı
tarixi yaddaşı özündə hifz edib saxlayan bəzi
maddi mədəniyyət nümunələri və epiqrafik
abidələr haqqında da maraqlı məlumatlar verir.
Təxminən
100 il bundan əvvəl yazılan bu kitabın birinci hissəsində bəzi mühüm tarixlərin səhv
göstərilməsi, bəzi müəlliflərin antik
dövrə aid yoxlanılmamış məlumatlarının
verilməsi, ehtiyac olan yerdə tarixi hadisələrin təfsilatının
verilməməsi, elmi aparaturanın kamil olmaması kimi
qüsurlara da rast gəlmək olur. Bütün bunlara
baxmayaraq M.Mirheydərzadənin "Naxçıvan tarixi"
kitabının tarixi hissəsi sovet dövründə nəinki
Naxçıvan, hətta Azərbaycanda tarixşünaslığın
əsasını qoyan əsərlərdən biri hesab oluna
bilər.
Kitabın
"Həyati-bəşəriyyə. Etnoqrafi məlumat"
adlandırılan ikinci hissəsi keçən əsrin
20-30-cu illərinə aid olan bir dövrü əhatə edir.
Bu hissədə əvvəlcə statistika idarəsinin
1927-ci ilin 1 yanvarınadək olan məlumatına görə,
Naxçıvan əhalisinin sayının 104559 nəfər
olduğunu qeyd edən müəllif sonra əhalinin milli tərkibinin
türklər (azırbaycanlılar - F.X.), gəlmə ermənilər,
kürdlər, hərbçi ruslar və başqalarından
ibarət olduğunu bildirir. M.Mirheydərzadənin
müşahidələri və araşdırmalarına
görə, Naxçıvanda yaşayan azərbaycanlılar beş tayfadan ibarətdir: Bektaş,
Cığatay, Bəydili, Kəngərli və
Sürücü adlı tayfalar. Müəllif bu tayfaların əcdadı,
Naxçıvan ərazisində yerləşdiyi məkanlar,
özlərinə məxsus xüsusiyyətləri,
Naxçıvanda qalan izləri haqqında maraqlı məlumatlar verir.
Bu hissədə Naxçıvan diyarında yaşayan kənd
və şəhər əhalisinin məişət tərzi,
evlərinin quruluşu, milli geyimləri, qidalandığı
xörəklər, yemək vərdişləri, kürsü
adəti, qış üçün ərzaq tədarükü
və başqa adət-ənənələri haqqında da
çox maraqlı məlumatlar verilir. Bu məlumatlar
müasir etnoqraflar üçün qiymətli faktlardır.
"Naxçıvan ölkəsinin coğrafi vəziyyəti, mövqe və hüdudi-haliyyəsi" adlı bölmə kitabın maraqlı hissələrindən biridir. Bu hissədə müəllif Naxçıvan respublikasının coğrafi mövqeyindən bəhs edir.
Kitabın "Naxçıvan ölkəsi iqtisad və gəlir nöqteyi nəzərincə" adlandırılan bölməsində isə M.Mirheydərzadə diqqəti ona cəlb edir ki, Naxçıvanın iqtisadiyyatını yüksəltmək üçün taxılçılıq, pambıqçılıq, maldarlıq, üzümçülük, bağçılıq, bostançılıq, tütünçülük və baramaçılığın mühüm əhəmiyyəti var.
Kitabda bu hissəsində M.Mirheydərzadənin Naxçıvan, Ordubad, Şərur, Əbrəqunus, Culfa və Şahbuz dairələrinə ekspedisiyalar zamanı həmin ərazisindən tapılan maddi mədəniyyət nümunələri, həmçinin bir sıra epiqrafik abidələr haqqında da müəyyən məlumatlar verilib.
M.Mirheydərzadənin müxtəlif arxeoloji qazıntılar zamanı əldə edilən materiallar və Naxçıvan ərazisində mövcud olan qədim epiqrafik abidələr haqqında araşdırmalarının nəticələrinin bir qismi mətbuatda dərc etdirdiyi məqalələrində, digər qismi isə muxtar respublikanın müxtəlif dairələrinə etdiyi elmi ezamiyyətlərinin hesabatlarında və digər əlyazmalarında da öz əksini tapıb.
M.Mirheydərzadənin
Naxçıvanın tarixi, etmoqrafiyası, əhalisi, qədim
abidələri, coğrafiyası, təbii sərvətləri,
iqtisadiyyatı və s. haqqında yazılmış
"Naxçıvan tarixi" kitabı çox dəyərli
bir elmi əsər olsa da, indiyədək çap
olunmadığı üçün tədqiqatçıların
diqqə-tindən kənarda qalıb. Bu
kitab elə bir dövrdə yazılmışdı ki, həmin vaxt Azərbaycan
tarixşünaslığı tam şəkildə
formalaşmamışdı. Bu istiqamətdə sistemli elmi
araş-dırmaların aparılmasına yenicə
başlanılmışdı. Belə bir vaxtda M.Mirheydərzadənin
"Naxçıvan tarixi" kitabının yazılması
Azərbaycan tarixşünaslıq elminin ilk nailiyyətlərindən
biri hesab olunmalıdır.
Fərman
XƏLİLOV
AMEA
Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş
direktoru, filologiya üzrə elmlər doktoru
525-ci qəzet.- 2023.- 3 may.- S.8.