Rəngkarlığın və
qrafikanın əvəzsiz ustası
100 illiyi tamam olan
görkəmli rəssam Nəcəfqulu İsmayılovun yaradıcılıq
dünyasına bir nəzər
O, öz yaradıcılığı barədə "Rəssamlıqda qazandığım nailiyyətlər üçün bilavasitə "Molla Nəsrəddin" jurnalına, onun banisi Cəlil Məmmədquluzadəyə və kəskin satirası əsl silaha çevrilən Sabirə - bu iki dahinin yaradıcılığına borcluyam" yazırdı. Təsviri sənətin həm rəngkarlıq, həm də qrafika sahəsində eyni dərəcədə şöhrət qazanmış Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov haqqında (1923-1990) söhbət açılacaq bu yazıda. Təkraredilməz yaradıcılıq dünyası ilə təsviri sənət tariximizdə özünə layiqli yer qazanmış bir rəssam haqqında.
N.İsmayılov Bakıda anadan olub, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda rəssamlıq təhsili alıb (1936-1940). İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar ali təhsilini davam etdirə bilməyib. Ali rəssamlıq təhsili ala bilməməsinə baxmayaraq rəssam arayıb-axtarmaq həvəsi və davamlı yaradıcılıq axtarışları ilə daim öz üzərində çalışaraq bilik və bacarığını artırıb. Bunu rəssamın yarım əsrlik davamlı yaradıcılıq dövründə yaratmış olduğu sənət nümunələri təsdiq edir.
N.İsmayılov dəzgah rəngkarlığı və qrafika sahəsində bir-birindən maraqlı əsərlər qalereyası yaradıb. Rəssamın yaradıcılığının bütün dövrlərində izlənilən əsas xüsusiyyətlərə nümunə kimi onun milli ənənələrə və etnoqrafik dəyərlərə yüksək hörmətlə yanaşmasını, elm və incəsənət xadimlərinin obrazlarına xüsusi önəm verməsini və ən əsası yaratdığı əsərləri yüksək sənət metodlarına əsaslanaraq ərsəyə gətirməsini qeyd etmək olar.
Bakı (1962), (1977), (1982), Moskva (1981) və Şəki (1983) şəhərlərində əsərlərindən ibarət fərdi sərgilər təşkil olunmuş N.İsmayılov dəzgah rəngkarlığının portret, süjetli tablo, mənzərə və natürmort janrlarında diqqəti cəlb edən bir-birindən uğurlu əsərlər yaradıb. Rəssamın portret əsərlərinə nəzər yetirsək, xalqımızın yetirdiyi görkəmli şəxsiyyətlərin özünəməxsus yaradıcılıq qüdrəti ilə yaradılmış surətlərini görə bilərik. Bu mənada rəssamın yaradıcılığında portret janrına xüsusi önəm verdiyini vurğulamaq yerinə düşər. Onun portret əsərlərinə misal olaraq "Qubalı Fətəli xan" (1947), "General Həzi Aslanov" (1949), "Sara Aşurbəyli" (1951), "Yazıçı Abdulla Şaiq" (1955), "Ana" (1967), "Yazıçı Cəlil Məmmədquluzadə" (1967), "Şair nə tez qocaldın sən... Səməd Vurğun" (1967), "Akademik Mikayıl Hüseynov" (1972), "Güllü Mustafayeva" (1972), "Səttar Bəhlulzadə" (1973), "Sadıq Şərifzadə" (1973), "Avtoportret" (1973), "Üzeyir Hacıbəyli" (1975), "Bəxtiyar Vahabzadə" (1976), "Xanəndə" (1980), "Nəsirəddin Tusi" və digərlərini göstərmək olar. Rəsssamın Azərbaycan ədəbiyyatının klassikləri ilə bağlı "Nizami və Xaqani", "İmadəddin Nəsimi", "Şahi İsmyıl Xətai", "Molla Pənah Vaqif", "Abbasqulu Ağa Bakıxanov", "Heyran xanım", "Xurşidbanu Natəvan" "Şair Mirzə Əli Möcüz", "Aşıq Alı" portretlərini də qeyd etmək yerinə düşər. Bu portretlərin hər biri ayrılıqda bəhs olunmağa layiq sənət nümunələridir.
Fətəli xanın portreti bədii əhəmiyyətliliyi qədər də tarixi önəm daşıyır. Onun kətan üzərində yaradılmış güclü təsir qüvvəsinə malik əzəmətli surəti tamaşaçıya xoş təsir bağışlayır.
N.İsmayılov bir neçə dəfə dahi ədib Cəlil Məmmədquluzadənin obrazına müraciət edib. Rəssamın bu yaradıcılıq təşəbbüsü təqdirəlayiqdir. Kompozisiyanın mərkəzində tam biçimdə C.Məmmədquluzadənin azacıq yarım profildən sağ əlində məşhur "Molla Nəsrəddin" jurnalının nömrəsini tutmuş vəziyyətdə təsvir edilən surəti diqqəti cəlb edir. Müəllif əsərin koloritinin bir qədər tutqun tonlarla işləməklə və yazıçının yazı masasının üzərində əlyazma və kitablarını təsvir etməklə obrazın yaradıcılıq dünyasının açılmasını daha da qüvvətləndirib.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin portreti rəssamın yüksək peşəkarlıqla yaradılmış əsərlərindən biridir. Bəstəkarın dəqiqliklə təsvir edilmiş üz cizgilərindən onun yeni yaradacağı musiqi əsəri barədə düşündüyü hiss olunur. Tablonun arxa fonunda bəstəkarın "Koroğlu" operasını xatırladan Koroğlunun at üzərində təsvir edilmiş xəyali rəsmi əsərin bədii təsir qüvvəsini daha da artırır.
N.İsmayılovun yaratdığı "Nəsirəddin Tusi" portreti Azərbaycanın dahi ensiklopediyaçı aliminin yaradılmış ən uğurlu əsərlərindən biridir. Mütəfəkkir alimin surəti oturmuş vəziyyətdə və sağ əlində tutduğu qələmlə son dərəcə ustalıqla təsvir edilib. Arxa fonda təsvir edilmiş qlobus və kitablar alimin həyat və yaradıcılığını dolğun şəkildə əks etdirir.
Rəssamın süjetli tablolarına "Nəsiminin edamı" (1958), "Səadət" (1970), "Köhnə Bakı haqqında düşüncələr" (1975), "Toy", natürmortlarına isə "Güllər" (1958), "Meyvələr" (1969), "Şərq natürmortu" (1969), "Natürmort" (1970) və başqalarının adlarını qeyd etmək olar.
N.İsmayılovun Qarabağın füsunkar təbiətinə və dilbər guşələrinə həsr olunmuş tabloları xüsusilə diqqət cəlb edir. Rəssamın mənzərələrindən "Qubadlı" (1952), "Pirşağı" (1957), "İçərişəhərdə küçə" (1960), "İstisu dağlarında" (1964), "Bahar" (1972) və başqalarını göstərmək olar.
N.İsmayılov həyat yoldaşı G.Mustafayeva və həmkarları E.Rzaquliyev və T.Salahovla birlikdə Çexslovakiya, Rumıniya, Fransa və İtaliya ölkələrində yaradıcılıq ezamiyyətində olmuş, Bakıda bu ölkələrə dair əsərlərindən ibarət sərgiləri təşkil edilmişdi (1961). Rəssamın belə işlərindən "Qrand-opera". Paris" (1961), "Notrdam cənubdan" (1961), "Nitsada küçə", "Realist rəssam" (1973) və başqalarının adlarını qeyd etmək olar.
"Realist rəssam" adlı əsərində o, cəmiyyətdaxili məsələlərə özünün vətəndaş münasibətini bildirməklə mövzunu sənətin təsirli dili ilə təqdim edib. Xalq şairi B.Vahabzadə bu tablo barədə yazırdı: "Küçənin bir tərəfində əsərlərini satan rəssam, tində isə ismətini satmaq üçün "müştəri" gözləyən qadın dayanmışdır. Biri mənəviyyatını, o biri isə özünü satmaq üçün "müştəri" gözləyir". Əsərin kompozisiya quruluşu və kolorit həlli ustalıqla tapılıb. Surətlərin bədii ifadəlilik xüsusiyyətləri və çöhrələrindən "oxunan" gərginlik tamaşaçını həyəcanlandırır.
Şübhəsiz ki, N.İsmayılov Əzim Əzimzadə məktəbinin ən layiqli davamçısı olmuş, məharətli qrafika ustası kimi tanınmışdı. O, 1952-ci ildə "Molla Nəsrəddin" jurnalının təsiri ilə nəşrə başlayan "Kirpi" jurnalının baş rəssamı olmuş, otuz ilə yaxın jurnalın baş rəssamı kimi yüzlərlə güclü bədii təsir qüvvəsi olan maraqlı karikaturalar, şarjlar və başqa qrafik əsərlər yaratmışdı.
M.F.Axundzadə və C.Məmmədquluzadənin əsərlərinə və həmçinin, M.Ə.Sabirin "Hophopnamə" kitabına, habelə Köhnə Bakı və Köhnə Bakının tiplərinə həsr etdiyi qrafik rəsmlər və illüstrasiyalar özünün məna-məzmun dolğunluğu, ifadə yığcamlığı, bədii təsir gücü və səlis işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu sənət əsərləri tamaşaçıların böyük marağına səbəb olub, onlara xoş təsir bağışlayıb. Təbii ki, milli mədəniyyətimizin zəngin ənənələrini dərindən duyub, özünün bədii təxəyyül və təfəkkür süzgəcindən keçirə bilməyən sənətkar bu cür xalqa yaxın sənət nümunələri yarada bilməzdi. Məhz bu xüsusiyyətlər N.İsmayılov sənətinin və sənətkarlığının doğma elindən, ulu xalqından qaynaqlandığının bariz göstəricisidir.
Sənətkarın işlərinə tamaşa etdikdə onun dərin müşahidə qabiliyyətinə və incə yumor duyumuna malik olduğunu asanlıqla sezmək olar. Rəssamın tanınmış incəsənət xadimlərinə həsr etdiyi - Q.Qarayev, F.Əmirov, S.Hacıbəyli, S.Bəhlulzadə, M.Abdullayev, T.Salahov, M.Hüseynov - şarjları və "Axır ki, dil tapdıq", "İtini bəzər, özü lüt gəzər", "Sədr gic, katibə bic olanda", "Nə qədər tənqid edirlər, etsinlər, mənə kar eləmir", "İsti yuva" və başqa karikaturalarını seyr etdikdə tamaşaçının dodaqlarında mənalı gülüş yaranır. Bu karikaturaların düşündürücü, maarifləndirici, tərbiyəvi əhəmiyyəti və ictimai məzmunu bu gün də öz aktuallığını itirməyib. Rəssamın qrafik əsərləri - illüstrasiya, rəsm, karikatura və dostluq şarjları "Mollanəsrəddinçilər" (1967), "Hophopnaməyə yeni şəkillər" (1962), "Mirzə Fətəli tipləri" (1962), "Karikatura, yumor və şarjlar. Kirpinin albomu" (1974), "Köhnə Bakıda" (1988), "Demokratiya və aşkarlıq işığında" (1990), M.Ə.Sabir "Hophopnamə" (1992) adı ilə albom və kitab şəklində nəşr edilmişdi.
O, Füzuli, Sabir, Üzeyir Hacıbəyli və başqalarının misdən baralyeflərini də yaradıb. Ü.Hacıbəyliyə həsr edilmiş baralyefi haqqında rəssam özü yazırdı: "Misdən hazırlanmış triptix barelyef "İki dahi" adlanır. Triptixin sol tərəfində Füzuli, sağ tərəfində Üzeyir, ortada Məcnunu Leylinin qəbrini üstündə təsvir etmişəm".
N.İsmayılovun çoxşaxəli bədii
yaradıcılıq fəaliyyəti dövlət tərəfindən
yüksək qiymətləndirilib. Rəssam "Əməkdar
incəsənət xadimi" (1963) fəxri
adına layiq görülüb.
Bu il 100 illiyi tamamlanan Nəcəfqulu
İsmayılov bədii yaradıcılıq fəaliyyəti
və yaratdığı sənət əsərləri ilə
onu tanıyanların və sənət
adamlarının yaddaşında daima yaşayacaq.
Əsəd
Quliyev
AMEA-nın
dissertantı, Rəssamlar İttifaqının üzvü
525-ci qəzet.- 2023.- 4 may.- S.16.