Azərbaycan iqtisadiyyatının sabit və
dayanıqlı inkişafında sığortanın rolu
Bu gün ölkə iqtisadiyyatının aparıcı
sahələrindən biri də sığorta sektorudur. Azərbaycanda
sığorta işinin tarixi hələ XIX əsrin
ortalarından, daha dəqiq desək, 1848-ci ildə Bibiheybətdə
ilk neft quyusunun qazılması ilə başlayıb. Həmin dövrdə neft sənayesində
müşahidə edilən canlanma sığorta işinin
inkişafına da təkan verib. Azərbaycanda
ilk dəfə 1894-cü ildə "Bakı şəhər
oddan qarşılıqlı sığorta cəmiyyəti"
fəaliyyətə başlayıb. Bu qurumda əsasən
sənayeçilərin qarşılıqlı
sığortası, yanğından sığorta, vətəndaşların
şəxsi əmlakının sığortası kimi xidmətlər
təklif olunurdu. 1912-ci ilə olan məlumata
görə, Birinci Dünya müharibəsi ərəfəsində
Azərbaycanda 30-dan artıq sığorta cəmiyyəti və
agentliyi fəaliyyət göstərib.
Ölkə müstəqillik əldə etdikdən sonra
1993-cü ildə sığorta fəaliyyətini tənzimləyən
mühüm sənəd - "Sığorta haqqında"
qanun qəbul edilib. Gələcək illər
üçün ölkədə sığortanın
inkişafı məqsədilə müvafiq konsepsiya da
hazırlanıb.
Ümummilli
lider Heydər Əliyev 1994-cü ildə
çıxışlarının birində deyib:
"Sığorta - Azərbaycan üçün nisbətən
yeni və sonuna qədər öyrənilməyən bir sahədir.
Biz, şübhəsiz ki, sığorta
bazarını inkişaf etdirməliyik. Amma
bunu savadlı və peşəkarcasına etmək lazımdır".
Elə bu kəlamı rəhbər tutan iş adamları
1995-ci ildən sığorta sahəsinə daha çox maraq
göstərməyə başladılar. Qısa
zamanda yeni-yeni özəl sığorta şirkətləri
yaranmağa başladı və həmin strukturlarda
çalışan milli kadrlar beynəlxalq aləmdə
müvafiq sahəyə aid baş verən yenilikləri
qıza müddətdə ölkədə tətbiq etməyə
başladılar. Beləliklə,
sığorta bazarında tətbiq edilən yeniliklər
müştərilərdə bu sahəyə inamı get-gedə
artdı.
İqtisadi sistemin səmərəliliyi və məhsuldar
fəaliyyət göstərməsi bir çox amillərdən
bilavasitə asılıdır. Bu sırada əhəmiyyətli
rolu olan məsələlərdən biri də sığorta
mexanizmidir və sığorta vasitəsilə iqtisadi proseslərin
iştirakçıların üzləşdikləri risklərin
əhəmiyyətli hissəsinin sığortalanması,
ortaya çıxa biləcək itkilərin, hadisələrin
nəticəsində yaranacaq zərərlərin kompensasiya
edilməsi mümkündür. Bundan başqa,
sığortanın olması sahibkarlıq və biznes subyektlərinin,
kapital və əmlak sahiblərinin daha etibarlı şəkildə
fəaliyyət göstərmələrini təmin edir,
istehsal və kommersiya əməliyyatlarının genişləndirilməsinə
şərait yaradır, əlavə investisiyaların
yatırılmasını mümkünləşdirir və s.
Dünya təcrübəsində bu kimi məsələlər
daim diqqət mərkəzindədir və iqtisadi fəaliyyətin
sığortalanması, sığorta alətlərindən fəal
istifadə edilməsi, bu mexanizmə güclü şəkildə
önəm göstərilməsi mütləq şərtlərdəndir.
Eyni zamanda, sığorta sisteminin səmərəli
formada tənzimlənməsi, dövlət və aidiyyətli
mərkəzi strukturlar tərəfindən zəruri
addımların atılması, sığorta sisteminin dinamik
inkişafına və məhsuldar fəaliyyətinə mane
olan baryerlərin aradan qaldırılması məsələləri
aktuallığı ilə ön plana çıxırlar.
Sığorta
sisteminin şəffaflığının yüksəldilməsi,
onun idarəetmə strukturlarının dövrün çağırışlarına uyğun
olaraq optimallaşdırılması, ölkənin mərkəzi
şəhərləri və hissələri ilə
yanaşı, bu xidmətlərin digər regionlarda, uzaq
rayonlarda əlçatan olmasına imkan verən müvafiq
infrastrukturun yaradılması və bunların hesabına
sığorta xidmətlərinin əlçatanlığına
imkan verilməsi mühüm əhəmiyyət kəsb edir. Bu proseslərin rəqəmsal texnologiyaların və
elektron sığorta xidmətlərin hesabına daha səmərəli
təşkilinə, geniş tətbiqinə imkan verər.
İqtisadi islahatlar prosesində, iqtisadi fəallığın
artdığı bir şəraitdə sığortanın
daha yüksək önəm kəsb etməsi, eyni zamanda, yeni
sığorta xidmətlərinə zərurətin
yaranması məsələlərində rəqəmsal
texnologiyalardan və mexanizmlərdən istifadə sayəsində
daha yüksək nəticələrin əldə edilməsi
mümkündür.
İqtisadçı
Rəşad Həsənov deyir ki, Azərbaycanda da iqtisadi
islahatların sürətləndirilməsi, iqtisadi inkişaf
modelinin yeni mərhələyə və səviyyəyə
qaldırılması, bunlarla bağlı olaraq strateji hədəflərin
qarşıya qoyulması və hazırda onların
reallaşdırılması baxımından, maliyyə
bazarının sabitliyi, xüsusilə sığorta xidmətlərinin
səmərəliliyi, çevikliyi mühüm məsələlər
kimi xarakterizə edilirlər. Ölkə
iqtisadiyyatının bütün sahələrində
islahatlar ildən-ilə daha da dərinləşməkdədir
və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin
yüksəldilməsi, onun sabitliyinin maksimum dayanıqlı
olması məsələləri də ön plana
çıxıb. Hazırda Azərbaycan
dünyanın ən islahatçı və sabit ölkələri
sırasındadır. Biznes islahatları təklifi,
inqilabi sosial paket tələbi, idarəetmə islahatları
institutların səmərəliliyini çoxaltmaqla, dünya
bazarlarında neftin əlverişli qiymətləri və
qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi
şəraitində iqtisadi artım sürətlənir:
"Hesab edirəm ki, bu proseslərdə sığorta sistemi
və sığorta xidmətləri strateji sabitləşdirici
maliyyə seqmentlərindən biri kimi qiymətləndirilməlidir.
Qeyri-neft sektoru sahələrinin inkişafının
dayanıqlı olmasında, kiçik və orta biznes subyektlərinin
güvənli formada fəaliyyət göstərmələrində,
əmlak bazarının ölkə əhalisinin iqtisadi fəallığının
artırılmasında rolunun gücləndirilməsində,
yeni iş yerlərinin yaradılmasında sığortanın
əhəmiyyəti kifayət qədər artmaqdadır. Xidmət sektorunun genişlənməsində, ticarət
əməliyyatlarının artmasında və müxtəlif
fəaliyyat istiqamətləri üzrə fəallığın
yüksəlməsində sığorta vacib amillərdən
hesab olunur".
Ekspert qeyd edib ki, ölkədə maliyyə
bazarının sabitləşməsi və
dayanıqlılığının artırılması
nöqteyi-nəzərindən sığorta xidmətlərinin
çeşidinin genişləndirilməsi və əlçatanlığının
təmin olunması da mühüm şərtlərdən
hesab olunur. Bunlarla bağlı strateji yanaşmalar və hədəflər,
ümumilikdə sığorta şirkətlərinin,
sığorta fəaliyyətinin rolunun gücləndirilməsi
üzrə strateji hədəflər öz əksini strateji
yol xəritəsində tapıb. Artıq
bu istiqamətdə görülən tədbirlər müəyyən
mənada öz təsirini göstərməkdədir. Belə ki, aparılan tədbirlər və
sığorta xidmətlərinin strukturunun genişləndirilməsi
nəticəsində ölkənin sığorta sisteminin
dayanıqlılığı güclənməkdə və
aktivləri yüksəlməkdədir. Bütün
bunlar dövlət tərəfindən sığorta sisteminin
ardıcıl şəkildə yüksək səviyyədə
tənzimlənməsinin və zəruri tədbirlərin
görülməsinin nəticəsində reallaşıb:
"Ölkədə iqtisadi islahatların daha səmərəli
olması və bu islahatların sosial-iqtisadi nəticələrinin
ölkə, əhalinin gəlirlərinə,
yaşayış səviyyəsinə təsirinin
artırılması strateji vəzifələr kimi çoxfunksiyalı
yanaşmanı tələb edir. Bu sırada
mühüm məsələlərdən biri də maliyyə
bazarının dinamikliyi və sığorta sisteminin işləkliyidir.
Maliyyə bazarlarının inkişaf etdirilməsi
ilə bütövlükdə milli iqtisadiyyatın digər
sektorlarının inkişafının sürətləndirilməsi
daha da intensivləşir. Bu proseslərdə
sığorta sistemi vacib amillərdən və mühüm
maliyyə alətlərindən biri kimi diqqət çəkir.
Qeyd olunan amillər, sığorta sisteminin tənzimlənməsi
və gücləndirilməsi məsələlərində fəallığın
daha da artırılmasını şərtləndirir".
Azərbaycan
Sığortaçılar Assosiasiyası (ASA) bu il ölkədə əmlak və
sağlamlıq riskləri ilə bağlı sığorta
növlərinə marağın yüksək
olacağını gözləyir.
ASA-nın
İcraçı direktoru Elmar Mirsalayev deyir ki, 2023-cü ildə Assosiasiya Azərbaycan
Mərkəzi Bankı ilə birlikdə sığorta
sektorunda təkmilləşdirmə işləri aparacaq,
sığorta xidmətlərinə əlçatanlığı
təmin edəcək, bu yolla əhalinin sığortaya
marağını artıracaq: "Mən daşınmaz əmlakın
icbari sığortasına böyük maraq gözləyirəm.
Adıçəkilən sığorta
növü üzrə elektronlaşmanın tətbiqi
yaşayış və qeyri-yaşayış obyektlərinin
sığortasını stimullaşdıracaq. Bundan əlavə,
hesab edirik ki, bu il sağlamlıq amili də
prioritet olacaq. Bu da bilavasitə
könüllü tibbi sığorta bazarının daha da
genişlənməsinə şərait yaradacaq. 2022-ci
ilin yanvar-noyabr aylarında könüllü tibbi
sığorta üzrə daxilolmalar 105,5
milyon manat təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü
ilə müqayisədə 10,2 milyon manat çoxdur. Sığortalıların marağı nəticəsində
təmin olunmuş bu artımın 2023-cü ildə də
davam edəcəyini düşünürük".
Bundan
başqa, ASA rəsmisinin sözlərinə görə,
sahibkarlara və ümumilikdə iş dünyasına xitab edən
sığorta növləri də 2023-cü ilin priorotet
sığorta növləri arasında olacaq: "Bu gün elə
sığorta növləri var ki, onlar bilavasitə
sahibkarların və iş dünyasının risklərinə
təminat verir. Bu baxımdan istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığortanı, həyatın yaşam
sığortasını qeyd edə bilərik. Ötən
ilin 11 ayında 1-ci sığorta növü üzrə
yığımlar illik müqayisədə 7,6
milyon manat, 2-ci sığorta növü üzrə
yığımlar isə 111,3 milyon manat artıb. Ölkəmizdə biznes mühitinin inkişafı
ilə əlaqədar 2023-cü ildə atılacaq
addımları nəzərə alsaq, qeyd etdiyim sığorta
növləri üzrə bazarın böyüyəcəyini əminliklə
proqnozlaşdıra bilərik".
İcraçı direktor onu da qeyd edib ki, bəzi sığorta növlərinin inkişafı müxtəlif amillərlə bağlıdır və 2022-ci ildə qeydə alınan hadisələr 2023-cü ildə həmin sığorta növlərinin geniş yayılmasına zəmin yaradacaq: "Bu sığorta növlərindən xaricə səfər edən vətəndaşların sığortasını, avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortasını, əmlakın yanğından və digər risklərdən sığortasını qeyd edə bilərik. Bildiyiniz kimi, səfər sığortası bazarı koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tamamilə dayanmışdı. Məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması ilə bu bazar yenidən canlanır. 2022-ci ilin 11 ayında bu sığorta növü üzrə yığımlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat artaraq 4,7 milyon manat təşkil edib. Bazar böyüməsinin 2023-cü ildə davam edəcəyinə əminik.
Bundan başqa, ötən il və ondan əvvəlki illərdə böyük ticarət mərkəzlərində baş vermiş yanğınlar daşınmaz əmlakın icbari sığortası ilə yanaşı, əmlakın yanğından və digər risklərdən sığortasını da aktuallaşdırdı. Bəlkə də bunun nəticəsidir ki, 2022-ci ilin 11 ayı ərzində adı çəkilən növ üzrə 54,7 milyon manat yığım təmin olunub və bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 milyon manat çoxdur. KASKO sığortasını da xüsusi vurğulamaq istəyirəm. Demək olar ki, hər gün rastlaşdığımız yol nəqliyyat hadisələri, eyni zamanda, bir neçə gün əvvələ qədər davam edən qarlı-şaxtalı hava şəraiti nəticəsində qeydə alınan avtonəqliyyat qəzaları bu növün aktuallığını qorunmasına xidmət etdi. Adı çəkilən sığorta üzrə 2022-ci ilin 11 ayının yığımları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon manat artaraq 38,6 milyon manat təşkil edib. Bütün bu faktorları əsas götürərək əminliklə demək olar ki, KASKO sığortası da 2023-cü ilin ən çox müraciət edilən sığorta növləri arasında olacaq".
İsgəndər HƏSƏNOV
"Bu yazı Azərbaycan
Sığortaçılar Assosiasiyasının "Müasir
Azərbaycan iqtisadiyyatının inkişafında
sığortanın rolu: mövcud vəziyyət və
perspektivlər" mövzusunda təşkil etdiyi yazı
müsabiqəsi üçün yazılıb".
525-ci qəzet.- 2023.- 4 may.- S.15.