"Kitabi-Dədə Qorqud" eposu: Heydər
Əliyevdən - İlham Əliyevə
Məlum
olduğu kimi, Azərbaycan xalqının möhtəşəm
əbədi abidəsi olan "Kitabi-Dədə Qorqud"
eposunun ilk dəfə elm aləminə bəlli olduğu XIX əvvəllərindən,
1815-ci ildən bizim günlərə qədər keçən
iki əsrdən artıq bir tarixi dövrdə bu Böyük
Oğuznamə Kitabının tədqiqi, nəşri və təbliği
ilə əlaqədar bir çox əlamətdar hadisələr
yaşanmışdır. Bu çoxcəhətli fəaliyyətlərin
içərisində Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin rəhbərliyi ilə "Kitabi-Dədə
Qorqud"un 1300 illiyinin dövlət səviyyəsində və
beynəlxalq miqyasda, böyük təntənə ilə qeyd
edilməsi xüsusi tarixi mərhələ hesab edilməyə
layiqdir. "Kitabi-Dədə Qorqud"un Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə keçirilmiş 1300 illik
yubiley tədbirləri, bu münasibətlə ölkədə
və beynəlxalq miqyasda təşkil edilmiş kompleks fəaliyyətlər,
nəhayət, eposun YUNESKO səviyyəsində təqdimatının
bayram edilməsi böyük ədəbi-tarixi hadisələr
kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sonrakı mərhələdə
"Kitabi-Dədə Qorqud" eposu ilə əlaqədar
imzaladığı mühüm tarixi əhəmiyyətə
malik olan sərəncamlar, dövlət
başçımızın Bakı şəhərində Dədə
Qorqud Parkının salınması və "Dədə
Qorqud Kitabəsi" abidəsinin ucaldılması kimi fərqli
layihələri yüksək səviyyədə həyata
keçirməsi Böyük Oğuznamə Kitabımızın
xalqa çatdırılmasında gerçəkləşdirdiyi
əhəmiyyətli tədbirlərdir.
Bütün bunlara "Kitabi-Dədə Qorqud"
eposunun keçdiyi çətin, mürəkkəb və məsuliyyətli
yolun fonunda baxıldıqda Heydər Əliyev - İlham
Əliyev epoxasının bu möhtəşəm ədəbi
abidəyə münasibətdə yeni bir era səviyyəsinə
çatdırıldığını əyani şəkildə
görməyə imkan yaradır. Bundan əvvəl, XX əsrin
birinci yarısından "Kitabi-Dədə Qorqud" eposuna
münasibətdə isə qorqudşünaslıq mühiti
böyük gərginliklər yaşamış, çətin
sınaqlardan keçmişdir.
Məlum olduğu kimi, "Kitabi-Dədə Qorqud"
eposu Azərbaycanda ilk dəfə olaraq 1939-cu ildə professor Məhəmmədhüseyn
Təhmasibin redaktorluğu ilə professor Həmid Araslı tərəfindən
və onun müqəddiməsi ilə nəşr
edilmişdir.
Lakin XX əsrin 30-cu illərinin mürəkkəb
siyasi-tarixi hadisələri və 37-ci ilin repressiyaları uzun
müddət "Kitabi-Dədə Qorqud" eposunun tədqiq
edilməsinə imkan verməmişdir. Lakin
bütün çətinliklərə baxmayaraq, Həmid
Araslı 1948-1949-cu illərdə "Salur Qazanın evinin
yağmalanması boyu"nu VIII sinfin ədəbiyyat dərsliyinə
daxil etmişdir. Bundan sonra akademik Vasili
Bartoldun rus dilinə tərcümə etdiyi "Kitabi-Dədə
Qorqud" dastanı onun müqəddiməsi və izahları
ilə birlikdə 1950-ci ildə azərbaycanlı tədqiqatçılar
Həmid Araslı və Məhəmmədhüseyn Təhmasib
tərəfindən Bakıda çapdan
buraxılmışdır.
Qorqudşünasların
əldə etdiyi materiallara əsasən demək olur ki,
"Kitabi-Dədə Qorqud"un o zamankı əsas siyasi
fiqurlarından olmuş Lavrenti Beriya xəbər tutmuş və
ya Anastas Mikoyan ona
bu barədə xəbər
çatdırmışdır. "Kitabi-Dədə
Qorqud" eposundakı boylarda gürcülərə toxunan
süjetlərin olması, hətta burada oğuz bəylərinin
məclislərdə gürcü qızlarına şərab
süzdürməsi kimi motivlərin mövcudluğu
haqqında Sovetlər İttifaqının rəhbəri
İosif Stalinə məruzə edilmişdir. Bu məlumatlardan
qəzəblənən İosif Stalin Sovet Azərbaycanın
başçısı Mircəfər Bağırova
"Kitabi-Dədə Qorqud"un aradan
götürülməsinə dair tapşırıq
vermişdir. Bundan sonra Azərbaycanda "Kitabi-Dədə
Qorqud" eposuna qarşı təbliğat kompaniyası həyata
keçirilmişdir. Bu münasibətlə 1951-ci ilin
may ayının əvvəllərində keçirilmiş Azərbaycan
yazıçılarının ümumi
yığıncağında "Kitabi-Dədə
Qorqud"dan pantürkizm hadisəsi kimi söz
açılmış və "eposun mürtəce burjua
millətçilik mahiyyəti" ifşa obyektinə
çevrilmişdir. Çıxış edənlər
"Dədə Qorqud"u Azərbaycan xalqı, onun tarixi və
folkloru ilə heç bir əlaqəsi olmayan, "Zaqafqaziya
xalqları arasında ədavəti, dini fanatizmi
qızışdıran" ədəbi abidə kimi
damğalamağa məcbur edilmişlər.
Yazıçıların Ümumi
yığıncağında Əbdüləzəl Dəmirçizadənin
Dədə Qorqud boyları əsasında "Qaraca
çoban" adlı pyes yazması, Mikayıl Rzaquluzadəni
həmin eposun motivlərindən istifadə etməklə
"El gücü" hekayələr kitabı çap etdirməsi
də tənqid obyektinə çevrilmişdir. Yeganə fakt
kimi onu qeyd etmək olar ki, professor Həmid Araslı
"damğalanma kampaniyasına" qoşulmayaraq, axıradək
"Kitabi-Dədə Qorqud" eposunu müdafiə
etmişdir. Bunun ardınca 24 may 1951-ci il tarixdə
keçirilmiş Azərbaycan K(b)P-nin XVIII qurultayında
respublikanın rəhbəri Mircəfər Bağırovun məruzəsində
"Kitabi-Dədə Qorqud" eposu "başdan-başa
soyğunçuluq və qırğın məqsədi ilə
Azərbaycana gəlmiş oğuz köçəri
tayfalarının yuxarı təbəqələrini tərifləməyə
həsr edilmiş, qardaş gürcü və erməni
xalqına qarşı yazılmış "zərərli və
xalqa zidd" kitab kimi kəskin tənqid olunmuşdur. Beləliklə,
"Dədə Qorqud"un təbliğatçıları və
naşirləri olan Həmid Araslı, Məhəmməd
Hüseyn Təhmasib, Əbdüləzəl Dəmirçizadə,
Mikayıl Rzaquluzadə, Mikayıl Rəfili "Siyasi
sayıqlığını və məsuliyyət hissini
itirmiş" ədəbiyyatşünaslar hesab edilərək
kəskin tənqidə məruz qalmışlar. Sovet dövlətinin
əsas mətbuat orqanı olan "Pravda" qəzetində, digər ölkə
və respublika qəzetlərində "Dədə
Qorqud"un əleyhinə məqalələr çap
olunmuşdur. Doğrudur, adları çəkilən
yazıçı və ədəbiyyatşünaslar həbs
edilməmiş, lakin bir neçə nəfəri
tutduqları vəzifələrindən çıxarılaraq
elmi-ədəbi mühitdən
uzaqlaşdırılmışlar.
Sovetlər İttifaqının həyatında
böyük dönüş nöqtəsi olan İosif Stalinin
5 mart 1953-cü ildə ölümü və bundan sonra
hakimiyyətə gəlmiş Nikita Xruşovun 1956-cı ildə
Kommunist partiyasının XX qurultayında Stalinin timsalında
şəxsiyyətəpərəstişi kəskin şəkildə
tənqid etməsi ilə onlarla repressiya qurbanları kimi
"Kitabi-Dədə Qorqud" eposu da bəraət almaq
imkanı qazanmışdır. Görkəmli Azərbaycan alimləri
Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə,
Məmməd Arif, Məhəmməd Hüseyn Təhmasibin 26
mart 1957-ci ildə "Kommunist" qəzetində çap
etdirdikləri "Kitabi-Dədə Qorqud dastanları"
adlı məqalə Azərbaycan
qorqudşünaslığının tarixinə "Bəraət
məqaləsi" kimi daxil olmuşdur.
Bütün bunlara baxmayaraq, XX əsrin sonrakı mərhələsində
uzun müddət "Kitabi-Dədə Qorqud"
dastanlarından ehtiyatla bəhs edilmiş, onun tədqiq edilməsi
sahəsində tam arzuolunan səviyyədə tədqiqat və
çap işləri aparılmamışdır. Görkəmli
dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi
hakimiyyətə gəlməsindən sonra digər sahələrdə
olduğu kimi, "Kitabi-Dədə Qorqud" eposunun da tədqiqi,
nəşri və təbliği sahəsindən ciddi bir
dönüş başlanmış və mühüm elmi-ədəbi
nailiyyətlər əldə edilmişdir. Heydər
Əliyevin Azərbaycanda rəhbərlik etdiyi 1969-1982-ci illərdə
"Kitabi-Dədə Qorqud" eposu bir neçə dəfə
çap edilərək xalqımıza
çatdırılmış, ali və
orta məktəb dərslikləri və proqramlarında
özünəməxsus layiqli yer tutmuşdur.
Tanınmış qorqudçulardan Məhəmməd
Hüseyn Təhmasib, Əbdüləzəl Dəmirçizadə,
Tofiq Hacıyev, Şamil Cəmşidov, Samət Əlizadə
və başqalarının kitabları və məqalələrində
"Dədə Qorqud"a obyektiv elmi mövqedən qiymət
verilmişdir. Azərbaycanın Xalq
yazıçısı Anarın ssenarisi əsasında
çəkilmiş "Dədə Qorqud" filmi geniş
tamaşaçı marağına səbəb olmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyev "Dədə
Qorqud" filminə yüksək qiymət verək və
demişdir: "Mən Anarın bu münasibətlə
yazdığı filmi çox qiymətləndirirəm.
Anarın bu barədə təşəbbüsü
olmasaydı və o, "Dədə Qorqud" filmini
yaratmasaydı, "Kitabi-Dədə Qorqud" dastanı
haqqında xalqımız üçün bu qədər
geniş məlumat yox idi".
Bu mühüm əhəmiyyətli hadisələrin
dalğasında "Kitabi-Dədə Qorqud" eposunun həyatında
Azərbaycanda əhəmiyyətli beynəlxalq bir hadisə
baş vermişdir. 1988-ci ilin iyul ayında Bakıda
keçirilmiş tür-koloqların Birinci Sovet-Türkiyə
kollokviumunda əsas müzakirə mövzusu "Kitabi-Dədə
Qorqud" eposunun dünya
qorqudşünaslığının son nailiyyətləri əsasında
daha dərindən öyrənilməsi və hamının qəbul
edə biləcəyi elmi-tənqidi mətnin hazırlanması
məsələsi olmuşdur. Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Türkmənistanın
qorqudşünas alimlərinin iştirak etdiyi və Türkiyə
Atatürk Kültur, Dil və Tarix Yüksək Qurumu üzvlərindən
Orxan Şaik Kökyay, Əhməd Bican Ərcilasun, Tüncər
Gülənsoy, Osman Fikri Sərtqaya, Bahaəddin Ögəl,
Saim Sa-kaoğlu, Fikrət Türkmənin təmsil
olunduğu Kollokviumda Azərbaycandan
Xaliq Koroğlu, Xalq yazıçısı Anar, Şamil Cəmşidov,
Süleyman Əliyarov, Tofiq Hacıyev, Tofiq Məlikov, Kamil Vəli
Nərimanoğlu, Kamal Abdullayev təmsil müzakirələrin
əsas aparıcıları olmuşlar.
Birinci Dədə
Qorqud kollokviumunun işığında professor Fərhad
Zeynalov və Samət Əlizadə tərəfindən
"Kitabi-Dədə Qorqud"un elmi tənqidi
mətni hazırlanaraq geniş müqəddimə və
izahlarla birlikdə 1988-ci ildə Bakıda kitab halında nəşr
edilmişdir.
"Kitabi-Dədə Qorqud" eposunun həyatında ən
böyük hadisələr Azərbaycan 18 oktyabr 1991-ci ildə
ikinci dəfə yenidən müstəqilliyini qazandıqdan
sonra həyata keçirmişdir. Müstəqillik
dövründə Ulu öndər Heydər Əliyevin
1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyəti
illərində də eposun dünyada tanıdılması və
xalqımıza yenidən çatdırılması istiqamətlərində
müstəsna dərəcədə böyük xidmətlər
göstərilmişdir. Belə ki, görkəmli
dövlət xadimi Heydər Əliyev 20 aprel 1997-ci ildə
"Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi
haqqında" tarixi Fərman imzalamışdır. Ulu öndərin bu Fərmanı türk
dünyası qorqudşünasları tərəfindən
böyük rəğbətlə
qarşılanmışdır. Fərmandan sonra ilk tədbir
olaraq 1998-ci il 22-24 dekabrda Bakı şəhərində
II Beynəlxalq "Dədə Qorqud" kollokviumu
keçirilmişdir. Kollokvium 1988-ci ildə
Bakıda keçirilmiş I Beynəlxalq kollokviumun 10 illiyinə
həsr edilmişdir. Akademik Bəkir Nəbiyevin
giriş sözü ilə açılmış kollokviumda
Azərbaycanın Xalq yazıçısı Anar I beynəlxalq
kollokviumdan keçən 10 ildə "Kitabi-Dədə
Qorqud" eposu ilə bağlı ölkəmizdə həyata
keçirilmiş tədbirlər haqqında
iştirakçılara məlumat vermişdir.
Anarın
çıxışı aşağıdakı müdrik
sözlərlə tamamlanmışdır: "Qoy uzun əsrlər
boyu olduğu kimi, bu gün də Dədə Qorqud milli
qürurumuzu, ulusal duyğularımızı, Vətən
sevgimizi yaşadan, yeni-yeni nəsillərə ötürən
bir qüdrət kimi, qüvvət kimi bizi daima
ruhlandırsın. Qoy uzun əsrlər boyu
türk dünyasını birləşdirən mənəvi
dayaqlardan olan bu müqəddəs Kitabımız bu gün də
bizi bir-birimizdən ayırmasın, daha da
yaxınlaşdırsın, türk xalqlarını, türk
dövlətlərini yüksək amallar naminə birləşdirsin".
Qeyd etmək
lazımdır ki, Heydər Əliyevin 20 aprel 1997-ci il tarixli Fərmanından sonra "Kitabi-Dədə
Qorqud" eposu ilə bağlı ölkəmizdə və
xarici ölkələrdə çoxlu sayda tədbirlər
keçirilmiş, Azərbaycan dünya
qorqudşünaslığının əsas mərkəzi
kimi tanınmışdır. Ən möhtəşəm tədbir
isə 9
aprel 2000-ci ildə Bakı şəhərində Dövlət
səviyyəsində eposunun 1300 illiyinə həsr olunmuş
təntənəli yubiley mərasimi olmuşdur.
Məlum olduğu kimi, böyük dövlət xadimi
Heydər Əliyev əlamətdar ədəbiyyat və mədəniyyət
hadisələrindən böyük siyasətdə istifadə
etməyi bacaran nadir siyasət xadimlərindən biridir. Bu baxımdan
uzaqgörən dahi rəhbər eposun 1300 illik yubileyi kimi
möhtəşəm ədəbiyyat hadisəsini
böyük məharətlə dünya mədəniyyətinin
fenomenal hadisəsinə çevirməyi də
bacarmışdır. Çünki o,
"Kitabi-Dədə Qorqud" eposunu Azərbaycan
xalqının milli sərvəti saymaqla bərabər, onu həm
də ümumtürk və dünya mədəni hadisəsi
kimi yüksək qiymətləndirirdi. "Kitabi-Dədə
Qorqud" dastanının 1300 illiyi haqqında" tarixi Fərmanını
da bu məqsədə nail olmaq üçün
imzaladığını bəyan etmişdir: "Dünya
xalqlarının mənəvi sərvətlər xəzinəsinə
həmişəlik daxil olmuş "Kitabi-Dədə
Qorqud" dastanının Azərbaycan xalqının,
bütün türk xalqlarının qədim və zən-gin
mədəniyyətinin təbliğinə xidmət edən
beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə
alaraq, onun 1300 illik yubileyinin layiqincə hazırlanması və
keçirilməsi məqsədilə "Kitabi-Dədə
Qorqud" dastanının 1300 illiyi haqqında fərman
imzaladım. Fərmanın ən böyük əhəmiyyəti
on-dan ibarətdir ki, o, "Kitabi-Dədə Qorqud"
dastanının ən azı 1300 il
yaşı olduğunu dünyaya nümayiş etdirdi. Bu fərmanla biz bildirdik ki, "Kitabi-Dədə
Qorqud" dastanı bütün türk dünyasına məxsusdur,
onun vətəni Azərbaycandır, sahibi Azərbaycan
xalqıdır, müstəqil Azərbaycan dövlətidir".
Heydər
Əliyev "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik
yubileyindəki tarixi nitqində bu qiymətli abidənin
xalqımız üçün əhəmiyyətini bir daha
vurğulayaraq demişdir: "Bizim zəngin tariximiz, qədim
mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz
"Kitabi-Dədə Qorqud" eposunda öz əksini
tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir
və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr
edə bilər. Dastanın məzmununu, mənasını,
onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən
başlayaraq bilməlidir. Gənclik bu
kitabı nə qədər dərindən bilsə, millətini,
xalqını, vətənini, müstəqil Azərbaycanı
bir o qədər sevəcəkdir".
Dahi rəhbərin təşəbbüsü ilə
"Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyi həm
də YUNESKO səviyyəsində keçirilmişdir. Əlamətdar
hadisə idi ki, YUNESKO-nun Baş direktoru Koisiro Matsura Bakıda
keçirilən təntənəli mərasimdə iştirak
və çıxış etmişdir. Ona
görə abidənin Paris yubiley mərasimi Azərbaycan
müstəqillik qazandıqdan sonra onun yenidən dünyaya
tanıdılması sahəsində mühüm əhəmiyyət
kəsb edən beynəlxalq tədbir kimi tarixə
düşmüşdür.
Eposun 1300 illik yubileyi ilə bağlı ikinci beynəlxalq
əlamətdar hadisə Bakıda keçirilən təntənəli
yubiley mərasimində Türkdilli Dövlətlər
Birliyinin VI Bakı Zirvə görüşünün
iştirakçıları olan dövlət və hökumət
başçılarının mərasimdə iştirak etməsi
idi. Heydər
Əliyev 1300 illik yubiley tədbirində Türkdilli Dövlətlər
Birliyinin VI Bakı Zirvə görüşü
iştirakçıları olan dövlət və hökumət
başçılarının mərasimdə
iştirakına böyük əhəmiyyət verdiyindən,
yubiley tədbirini VI Bakı Zirvə
görüşünün keçirildiyi vaxta
salmışdır. Ulu öndər VI Bakı Zirvə
toplantısında "Kitabi-Dədə Qorqud" eposunun 1300
illik yubileyinin keçirilməsinin böyük əhəmiyyətini
vurğulayaraq mərasimdəki çıxışında
demişdir: "Kitabi-Dədə Qorqud" yubileyinin ən
böyük mənası, əhəmiyyəti ondan ibarətdir
ki, bu bizim milli azadlığımızı, dövlət
müstəqilliyimizi, sərbəstliyimizi bir daha
nümayiş etdirir. "Kitabi-Dədə Qorqud" vəsiyyətləri
bizə deyir ki, daim müstəqillik yolu ilə getmək, Azərbaycanın
milli azadlığını və dövlət müstəqilliyini
əbədi etmək bizim hər birimizin qarşısında
duran ali məqsəddir".
Deməli,
Ulu öndər "Kitabi-Dədə Qorqud" eposunun 1300
illik yubileyi münasibətilə keçirilən
genişmiqyaslı tədbirlərdən həm Azərbaycan
xalqında milli soykökə qayıdışın, milli-mənəvi
dəyərlərin daha da möhkəmləndirilməsi
baxımından və həm də türk dünyasında
inteqrasiyanın möhkəmləndirilməsi istiqamətində
böyük bacarıq və uzaqgörənliklə istifadə
etmişdir. Bu isə "Kitabi-Dədə
Qorqud" eposunun yubileyinin keçirildiyi dövrdə gənc,
müstəqil dövlət olan Azərbaycan üçün
olduğu kimi, həm də eyni köklərdən gələn
başqa türk dövlətləri üçün də
eyni dərəcədə əhəmiyyətli idi. Bütün bunlar isə görkəmli dövlət
xadimi Heydər Əliyevin geniş və dərin strateji
baxışlara malik olan uzaqgörən bir lider olduğunu
sübut edir.
Ulu
öndər yubiley münasibətilə "Kitabi-Dədə
Qorqud" eposunun tədqiqi, təbliği və dünyaya
çatdırılması üçün nəşr olunan əsərlərdən
də geniş söhbət açmış, qeyd etdiyi nəşrlər
arasında abidənin 1300 illik yubileyi ilə əlaqədar
olaraq 2000-ci ildə ikicildlik "Kitabi-Dədə Qorqud"
Ensiklopediyasının kitab halında çap olunmasını
xüsusi qeyd etmişdir. Xalq yazıçısı Anarın
rəhbərliyi ilə Azərbaycan alimlə-rindən
başqa Türkiyə, Avropa, Orta Asiya, Moskva və Leninqrad
alimlərinin də iştirakı ilə yüksək səviyyədə
hazırlanmış bu nəşrin I cildinə Ulu öndər
Heydər Əliyev "Milli varlığımızın
mötəbər qaynağı" adlı sanballı elmi
müqəddimə yazmışdır. Həmin müqəddimədə
Ulu öndər yubiley ərəfəsindəki nəşrlərə
də münasibət bildirmiş və "Kitabi-Dədə
Qorqud" Ensiklopediyasının əhəmiyyətini
xüsusilə qeyd etmişdir: "Bu tədbirlər, nəşrlər
içərisində ən önəmlisinin "Dədə
Qorqud ensiklopediyası" olduğunu desəm, zənnimcə,
yanılmaram. Hər hansı bir ensiklopediyanın
hazırlanmasının nə qədər çətin
iş olduğu hamıya bəllidir. Azərbaycanda
ensiklopediya hazırlanması və nəşri sahəsində
müəyyən təcrübə toplanmışdı.
Lakin xalqımızın olduqca mühüm
tarixi və mədəni qaynaqlarından biri olan "Kitabi-Dədə
Qorqud" eposu haqqında ensiklopediyanın çoxşahəli
və bir sıra spesifik xüsusiyyətlərə ma-lik
olması bu proyektin həyata keçirilməsini xeyli çətinləşdirirdi.
Bu gün biz qorqudşünas alimlərimizin -
dilçilərin, tarixçilərin, ədəbiyyatşünasların,
etnoqrafların və elmin başqa sahələrinin nümayəndələrinin
gərgin əməyinin ilk bəhrəsini görürük.
Bu ensiklopediya qorqudşünaslıq sahəsində
çox mühüm hadisə olmaqla yanaşı,
bütün türk xalqlarının tarixi və mədəniyyəti
üçün mötəbər bir qaynaq rolu oynayacaqdır".
Görkəmli
dövlət xadimi Heydər Əliyev müstəqillik
tariximizin mühüm ədəbi hadisəsi olan "Kitabi-Dədə
Qorqud" eposunun 1300 illik yubileyinin yüksək səviyyədə
keçirilməsi ilə kifayətlənməmiş, onun
adının əbədiləşdirilməsi
üçün də böyük işlər
görmüşdür. Onlardan ən
mühümü keçmiş SSRİ-də ilk dəfə
yaradılmış üzən qazma qurğusu olan Xəzər
dənizində istifadə edilən "Kaspmorneft" adlı
qurğunun Ulu öndərin təşəbbüsü ilə
adının dəyişdirilərək, "Dədə
Qorqud" adlandı-rılması olmuşdur.
Məhz
görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi
ilə "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik
yubileyinin türk dövlətlərinin və YUNESKO rəhbərliyinin
iştirakı ilə Azərbaycanda keçirilməsi ölkəmizi
beynəlxalq aləmdə həm Dədə Qorqudun vətəni
və həm də dünya qorqudşünaslıq elminin vətəni
kimi tanıtmışdır. Bundan başqa, "Kitabi-Dədə
Qorqud"un 1300 illik yubileyinə Heydər Əliyev kimi dahi
şəxsiyyətin rəhbərlik etməsi Dədə
Qorqudun və eposun populyarlaşmasında böyük rol
oynamışdır. Bundan sonra, Azərbaycanda
dünyaya gələn uşaq-lara verilən adlar içərisində
Qorqud Atanın və eposunun əsas qəhrəmanlarının
adı çoxluq təşkil etməkdədir. Azərbaycanda və dünyanın müxtəlif
ölkələrində Dədə Qorquda heykəllərin
qoyulması hərəkatı da Heydər Əliyevin
keçirdiyi tarixi yubiley hadisəsindən başlayaraq,
genişlənməkdə davam edən əhəmiyyətli
bir prosesə çevrilmişdir. Bakıda, Brüsseldə,
Qazax şəhərində Naxçıvanda, Qazaxda Dədə
Qorquda ucaldılan abidələr Ulu öndər Heydər
Əliyevin arzularının və ideyalarının
işığında meydana çıxmış monumental sənət
əsərləridir.
Ulu
öndərin layiqli davamçısı, bütün sahələrdə
dahi şəxsiyyətin ideyalarını
yaradıcılıqla davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev də "Kitabi-Dədə
Qorqud"un müasir dövrdə dünya
miqyasında geniş təbliğ olunması sahəsində
böyük əhəmiyyətə malik olan tədbirlər həyata
keçirmişdir. Yeni tarixi epoxada müasir Azərbaycanın
lideri İlham Əliyev 2003-cü ildə "Kitabi-Dədə
Qorqud" eposunun adının əbədiləşdirilməsi,
dünyada tanıdılması sahəsində əlamətdar
hadisələrin təşəbbüskarı olmuş və
dünya əhəmiyyətli tədbirlərin həyata
keçməsinə birbaşa şəxsən özü rəhbərlik
etmişdir.
Prezident İlham Əliyevin Dədə Qorqudun
adının dünyada əbədiləşdirilməsi
istiqamətində ilk çıxışı Dədə
Qorqudun Brüsseldə ucaldılmış heykəlinin
açılışı mərasimində olmuşdur. Dünya Gömrük Təşkilatının
baş iqamətgahı qarşısında "Dədə
Qorqud" abidə kompleksinin açılış mərasimi
18 may 2004-cü ildə olmuşdur. Kompleksə Dədə
Qorqudun heykəli və yanındakı yazılı lövhə
daxildir. Bu abidə-kompleks Dədə
Qorqudun özünün Avropada populyarlaşdırılması
sahəsində nə qədər əhəmiyyət
daşıyırsa, "Kitabi-Dədə Qorqud" eposunun da
tanıdılması və təbliği sahəsində
mühüm əhəmiyyət kəsb edir. Dünyada Dədə Qorquda ucaldılan ilk abidə
olan bu heykəl Avropada oğuz başbiləninin şərəfinə
ucaldılmış ilk yazılı heykəl-abidə olaraq
orijinal sənət əsəri kimi yüksək qiymətləndirilir.
Heykəl-abidənin yanındakı lövhədə
Azərbaycan, ingilis və fransız dillərində
yazılmış yazı bunun bariz nümunəsidir.
Qeyd olunan lövhədə aşağıdakı sözlər
yazılmışdır: "Dədə Qorqud Azərbaycan xalqının
əcdadı olan qədim oğuzların baş bilicisi,
ozanı, müdrik el ağsaqqalı, hörmətli və
nüfuzlu simasıdır. Haqq-ədalət,
barışıq carçısı olub. "Kitabi-Dədə
Qorqud" Azərbaycan xalqının, bütün türkdilli
xalqların qədim və möhtəşəm abidəsidir.
Elm aləminə iki nüsxəsi məlumdur.
Bunlardan biri Drezden, ikincisi Vatikan
kitabxanasındadır. Azərbaycan Respublikasının
Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə 2000-ci ildə Bakı şəhərində
bütün türkdilli xalqların mədəni irsinin qədim
və ayrılmaz hissəsi, Azərbaycan xalqının
mühüm tarix və mədəniyyət qaynaqlarından
biri olan "Kitabi-Dədə Qorqud" dastanının 1300
illik yubiley mərasimi təntənəli surətdə
keçirilmişdir. Eyni zamanda, "Kitabi-Dədə
Qorqud" eposunun yaranmasının 1300 illiyi YUNESKO xətti ilə
dünya miqyasında qeyd edilmişdir.
"Kitabi-Dədə
Qorqud" eposunu Azərbaycan xalqının ədəbi incisi
adlandıran möhtərəm Prezident İlham Əliyev
Brüssel şəhərindəki açılış mərasimində
çıxış edərək demişdir: "Mən bu
gün burada, Ümumdünya Gömrük Təşkilatının
binası qarşısında olmaqdan və Dədə Qorqudun
abidəsinin açılmasından çox xoşbəxtəm. "Kitabi-Dədə Qorqud" Azərbaycan
xalqının yaratdığı incilərdən biridir.
Onun Azərbaycan xalqı və bütün Türk
dünyası üçün qədim tarixi və
böyük mənası var. 1997-ci ildə Azərbaycan
Prezidenti Heydər Əliyev Dədə Qorqud dastanının
1300 illiyinin rəsmi qeyd olunması barədə Fərman
imzaladı və 2000-ci ildə Bakıda türkdilli ölkələrin
prezidentlərinin iştirakı ilə bu yubileyə həsr
edilmiş böyük mərasim keçirildi. 1999-cu
ildə YUNESKO-da böyük proqramlarla çıxış
edərək, "Dədə Qorqud" dastanının 1300
illiyini qeyd etdi. Bu ədəbi inci bu
gün də yaşayır, "Kitabi-Dədə
Qorqud"dakı ideyalar və fikirlər bugünkü nəsil
üçün də əhəmiyyət kəsb edir və mən
əminəm ki, hələ bir neçə əsrlər boyu
öz aktuallığını saxlayacaqdır".
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin "Kitabi-Dədə Qorqud" eposunun dünyada
populyarlaşdırılması məqsədilə 28 dekabr
2013-cü ildə imzaladığı "Dədə
Qorqud" dastanları əsasında çoxseriyalı bədii
televiziya filminin çəkilməsi haqqında"kı Sərəncamı
da böyük əhəmiyyətə malikdir. Sərəncamda "Kitabi-Dədə
Qorqud" eposu mədəni-mənəvi dünyasında
tutduğu mövqe yüksək qiymətləndirilir: "Azərbaycan
xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi
sərvətlər xəzinəsində "Kitabi-Dədə
Qorqud" özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu keçmişimizi parlaq əks
etdirən bu misilsiz və möhtəşəm sənət
abidəsi milli varlığımızın müəyyənləşməsində
mühüm rol oynamışdır. Əcdadlarımız
barəsində yaradılmış ən böyük və məşhur
oğuznamələrdən ibarət "Kitabi-Dədə
Qorqud" ana dilimizin tükənməz ifadə
imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını
bütün genişliyi ilə əhatə edən monumental
epos xalqımıza məxsus qədim adət-ənənələrin,
ulu babalarımızın dünyagörüşünün,
mənəvi aləminin və yüksək bədii
zövqünün öyrənilməsində qiymətli mənbədir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2007-ci
il tarixində imzaladığı "Azərbaycan
Respublikasının monumental heykəltəraşlıq abidələri,
xatirə-memorial və memarlıq kompleksləri
haqqındakı" Proqram ölkəmizin paytaxtı Bakı
şəhərində və regionlarda heykəllərin
yaradılması işinə dövlət dəstəyinin əməli
ifadəsidir. Məhz həmin dövlət sənədinin
qəbul edilməsindən sonra respublikamızda heykəltəraşlıq
sahəsində yeni bir tarixi mərhələ
başlamışdır. "Kitabi-Dədə
Qorqud" eposu ilə əlaqədar ölkəmizdə bənzərsiz
heykəllərin ucaldılması da həmin dövlət əhəmiyyətli
proqramın həyata keçirilməsi istiqamətində
atılmış qiymətli addımlardır. Qəbul edilmiş proqram şəhərlərimizdə
heykəllərin və parkların yaradılması kompleks bir
layihənin icrası edilməsini irəli sürməklə
portret heykəllərlə yanaşı, kompozisiyalı heykəltəraşlığın
inkişafına da geniş meydan açmışdır.
Bundan sonra 2013-cü ildə salınmış Dədə
Qorqud parkı və "Kitabi-Dədə Qorqud" abidəsi
park-heykəl layihəsinin mükəmməl bir nümunəsidir.
Müasir dövrdə yaradılmış
kompozisiyada park-heykəl yeni tipli heykəltəraşlığın
əhəmiyyətli hadisəsidir. Bu, Azərbaycanda və
dünyada yaradılmış birinci Dədə Qorqud şəhərciyi
kimi də mühüm əhəmiyyətə malikdir.
Bakı
şəhərində 13 dekabr 2013-cü ildə təşkil
olunan təntənəli açılış mərasimində
çıxış edən Prezident İlham Əliyev bu
möhtəşəm tarixi-etnoqrafik kompleksinin salınması
çox böyük əlamətdar hadisə adlandıraraq
demişdir: "Kitabi-Dədə Qorqud" Azərbaycan
xalqının milli sərvətidir. Bu əsərdə
Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti,
psixologiyası əks olunmuşdur. Əsərin
qəhrəmanlarının adlarını Azərbaycanın
çoxsaylı yaşayış məntəqələrində
görmək olar. Bu əsərdə Azərbaycan
toponimləri əks olunmuşdur. Bir
sözlə, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan
xalq ədəbiyyatının yazılı abidəsidir.
Bu dastan hər bir azərbaycanlı
üçün əzizdir. Bu gün bu
abidənin ucaldılması Azərbaycan xalqının bir daha
öz tarixi keçmişinə, mədəniyyətinə
olan münasibətinin təzahürüdür".
Ümummilli
lider Heydər Əliyev və möhtərəm Prezidentimiz
İlham Əliyevin həyata keçirdikləri tədbirlər
nəticəsində "Kitabi-Dədə Qorqud" eposunun
adı çoxdan Azərbaycan və türk
dünyasının sərhədlərini keçib, ən
mötəbər epos nümunəsi kimi dünya
xalqlarının bir çoxlarının dilinə tərcümə
olunaraq nəşr edilir, bu mövzuda yeni-yeni tədqiqat əsərləri
yaranır. Bu işlərə yeni nəfəs verən və
geniş yaradıcılıq imkanları yaradan əlamətdar
hadisələrdən biri kimi "Kitabi-Dədə Qor-qud"un alman diplomatı və şərqşünası,
türkoloq Fridrix fon Dits tərəfindən ilk dəfə
1815-ci ildə alman dilinə çevirib tədqiqata cəlb edərək
dünya elmi ictimaiyyətinə təqdim etməsinin 200 illik
yubileyinin keçirilməsi haqqında Prezident İlham
Əliyevin Sərəncamını xüsusi qeyd etmək
lazımdır. Möhtərəm Prezident İlham Əliyevin
20 fevral 2015-ci il tarixində imzaladığı "Kitabi-Dədə
Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin
200 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına
əsasən Azərbaycan xalqı özünün möhtəşəm
abidəsi olan "Kitabi-Dədə Qorqud" dastan-eposunun
1815-ci ildə görkəmli prussiya mənşəli Almaniya
diplomatı və şərqşünas alimi, nadir və qiymətli
əl-yazmalar və kitablar həvəskarı, dünya
qorqudşünaslığının banisi Henrix Fridrix fon Dits
(alm. Heinrich Friedrich Diez, 2 sentyabr 1751, Bernburq - 7
aprel 1817, Berlin) tərəfindən elmi dövriyyəyə
daxil etməsinin 200 illik yubileyini təntənəli surətdə
dövlət səviyyəsində qeyd etmişdir.
Abidənin
1300 illik yubileyində olduğu kimi, bu dəfə də 2015-ci
il aprelin 15-də YUNESKO-nun mənzil-qərargahında Azərbaycanın
təşəbbüsü və Türkiyənin,
Qazaxıstanın və Türkmənistanın bu təşkilat
yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı
və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə
"Kitabi-Dədə Qorqud" eposunun alman dilinə tərcüməsinin
və nəşrinin 200 illiyinə həsr olunan
genişmiqyaslı tədbir keçirilmişdir.
Respublikamızda
da cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama
əsasən 2015-ci il dekabrın 22-də
Azərbaycan Dövlət Akademik Milli Teatrında "Kitabi-Dədə
Qorqud" eposunun alman dilinə tərcüməsinin və nəşrinin
200 illiyinə həsr olunmuş yüksək səviyyəli
elmi-bədii yubiley tədbiri təşkil olunmuşdur.
Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan,
İtaliya və başqa ölkələrin, eləcə də
ölkəmizin tanınmış alimlərinin,
qorqudşünasların elm nümayəndələri və
geniş ictimaiyyətin təmsil olunduğu bu tədbirdə
çıxış edənlər tərəfindən
"Kitabi-Dədə Qorqud"un dünya epos sənətinin
zirvəsində durduğu, eposun bütün türk
dünyasının fəxr edəcəyi möhtəşəm
abidə olduğu vurğulanmışdır.
"Kitabi-Dədə
Qorqud"un alman dilinə tərcümə edilməsinin 200
illiyi qeyd edilərkən Azərbaycanda Beynəlxalq Bakı
Multikulturalizm Mərkəzinin təşəbbüsü və
qayğısı ilə vaxtilə 1815-ci ildə böyük
alman şərqşünası Fridrix Fon Dits tərəfindən
üzə çıxarılaraq ilk dəfə almancaya
çevrilmiş "Kitabi-Dədə Qorqud"
dastanındakı "Basatın Təpəgözü
öldürməsi boyu" 25 dilə tərcümə edilərək
hər biri ayrı-ayrı kitablar kimi çap olunmuşdur. Bu "Kitabi-Dədə Qorqud" eposunun beynəlxalq
aləmdə tanıdılmasına müstəqil Azərbaycan
dövlətinin dəstəyinin əhəmiyyətli bir
töhfəsidir.
Dədə Qorqudun dünyada tanıdılması baxımından Azərbaycan dövlətinin təşəbbüsü və dəstəyi ilə YUNESKO səviyyəsində qeyd edilmiş daha bir möhtəşəm addımı da xüsusi olaraq qeyd etməyə ehtiyac vardır. Belə ki, ümumiyyətlə, dünya ədəbiyyatının şedevrlərindən biri olan "Kitabi-Dədə Qorqud" abidəsinin 2018-ci ildə "Dədə Qorqud /Korkut Ata/ Dede Korkut irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumət-lərarası Komitəsinin 13-cü Sessiyasında qəbul edilmiş qərarla Azərbaycan, Qazaxıstan və Türkiyə ilə birgə çoxmillətli nominasiya kimi Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu hadisə "Kitabi-Dədə Qorqud" eposunun dünyada tanıdılması, tədqiqi və təbliği istiqamətində Heydər Əliyev - İlham Əliyev epoxasında dövlət səviyyəsində həyata keçirilən tədbirlərin qanunauyğun məntiqi yekunudur.
Göründüyü kimi, Azərbaycan xalqının möhtəşəm sənət abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunun tapılıb üzə çıxarılması, kitab halında nəşr edilməsi, tədqiq edilib öyrənilməsi, xalqa və dünyaya çatdırılması çətin və keşməkeşli yollardan keçmişdir. Bununla belə, "Kitabi-Dədə Qorqud" eposunun taleyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna dərəcədə əhəmiyyətli rolu olmuşdur.
"Kitabi-Dədə Qorqud" eposu məhz Heydər Əliyev - İlham Əliyev epoxasında sözün həqiqi mənasında xalqımızın əsl milli-mənəvi sərvətinə çevrilmək imkanı qazanmış, dünya miqyasına çıxarılmışdır. Müstəqillik illərində "Kitabi-Dədə Qorqud" eposu ilə əlaqədar ölkə-mizdə dövlət səviyyəsində həyata keçirilmiş tədbirlər Dədə Qorqudun azərbaycançılıq və vətənpərvərlik ideyalarının xalqımızın və dövlətimizin idealları ilə tam olaraq səsləşdiyini nümayiş etdirmişdir.
"Kitabi-Dədə Qorqud" müstəqil Azərbaycan dövlətində xalqımızın milli-mənəvi pasportu, dərs kitabı kimi nəsillərdən-nəsillərə çatdırılacaq, dövlət müstəqilliyimizin daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə xidmət edəcəkdir.
"Kitabi-Dədə Qorqud" eposunda təsvir edilən Qalın Oğuz Eli görkəmli dövlət xadimi Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin qoruyub inkişaf etdirdiyi müstəqil Azərbaycan dövlətinin sələfidir.
"Kitabi-Dədə Qorqud" eposu - Ata
kitabımız, Birlik və Müdriklik abidəmizdir.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin
deputatı,
akademik
525-ci qəzet.- 2023.- 4 may.- S.12-13-14.