YORULMAZLIQ  

 

O, mübarizəli, zəfərli, gərgin hadisələr və insanlarla dolu bir həyat yaşadı. Ömrü boyu zəfərlərə doğru pillə-pillə irəlilədi. Həyatının müəyyən anlarında onun bu yüksəlişlərinin qarşısını almaq da istədilər, maneələr də yaratdılar. Lakin dönmədi, sınmadı, inamla sabahlara doğru irəlilədi.

Ömrün ahıl çağında sanki birdən-birə hər şey bitdi. Onun zəfərli yürüşlərini hakimiyyət pillələrində ən yüksək zirvəyə çatandan sonra qəfilcə dayandırmaq istədilər. Lakin vaxt başqa vaxt idi. Millətinin, yurdunun taleyi onu səsləyirdi.

O qayıtdı. Tarixin ən çətin anlarında yurdunu, millətini keşməkeşlərdən adlatdı, aşırımlardan keçirtdi, inamla sabahlara doğru irəlilətməyə başladı.

Qalib olmaq, tarixin qızıl səhifələrində qalacaq qalibiyyətlərə imza atmaq onun alın yazısı idi.

Heydər Əliyev içəridən böyük şəxsiyyət idi. Həmişə də belə olmuşdu. Lap cavanlığından hansı sahədə çalışmışdısa, bütün varlığı ilə işə bağlanmışdı. Allahın verdiyi istedadı öz yerində, amma Heydər Əliyevdə hansı səmtə üz tuturdusa, hansı işlə məşğul olurdusa, sona qədər qəlbini ora qoymaq, can yandırmaq həvəsi vardı. Ona görə mütləq seçilirdi, uca görünürdü.

Adam var ki, tutduğu vəzifəyə, məqama görə seçilir, böyük görünə bilir. Heydər Əliyevsə hansı vəzifədə, hansı kürsüdə idisə, oranı böyük göstərməyi bacarırdı. Nə kürsü, nə vəzifə, o,  varlığı ilə Azərbaycanı olduğundan da böyük göstərməyə qadir şəxsiyyət idi. Yada salıram 1995-ci il Nyu-York səfərini. Konqresmen Qreq Laflin çıxış edirdi. O, Heydər Əliyevi "Mərkəzi Asiyanın Corc Vaşinqtonu" adlandırdı. Söylədi ki, Corc Vaşinqton Amerika Birləşmiş Ştatları yaranarkən hansı xidmətlər göstəribsə, Heydər Əliyev də Azərbaycanın çətinliklərlə dolu ilk müstəqillik illərində o xidmətləri göstərməyi bacarıb.

Heydər Əliyev məğrur bir insan idi. Onu diz çökməyə, əyilməyə, enməyə heç bir qüvvə vadar edə bilməzdi. Amma qarşısında əyildiyi, diz çökdüyü müqəddəs bir nemət vardı - Azərbaycanın istiqlal bayrağı. O bu bayrağın qarşısında diz çökürdü, bu bayrağı öpürdü.

Yada yenə təsirli bir məqam düşür: 1995-ci il, Nyu-York, BMT-nın 50 illiyi qeyd edilir. Azərbaycan nümayəndə heyəti başda Prezident Heydər Əliyev olmaqla həmin tədbirlərdə iştirak edir.

Səhər çağı BMT Baş Qərargahına yaxınlaşırıq və binanın qarşısında bayraqlar sıralanıb. Heydər Əliyev BMT üzvü olan dövlətlərin o bayraqlar qatarının yanında dayandı, həmin dalğalanan əlvan bayraqlar qatarını uzun bir dəqiqə boyunca seyr edərək dedi ki, ABŞ-ın, Böyük Britaniyanın, Almaniyanın, Çinin - digər ölkələrin bayraqları ucalır. Azərbaycanın bayrağı da onların yanında - eyni hündürlükdə, eyni böyüklükdədir. Bax, müstəqillik bu deməkdir.

Sadə sözlər idi, hər kəsin gözlə gördüyü adi bir həqiqət haqqında idi, amma böyük gerçəyi ifadə edirdi.

Bu sözləri söylədi və kövrəldi. Heydər Əliyev kimi böyük qüvvətli şəxsiyyəti, ali şəxsiyyəti yalnız bu cür ali duyğular kövrəldə bilərdi.

Və bu mənzərənisə, yəqin, hər azərbaycanlı xatırlayır və qəlbində Vətən eşqi, millət sevgisi olan bircə soydaşımı belə ağla gətirə bilmərəm ki, o mənzərəni görsün və ən azı boğazını qəhər yandırmasın. Bu kadrları dönə-dönə televiziyalarımız göstərib. Ona görə əminliklə yazıram ki, bu mənzərəyə hər azərbaycanlı şahiddir. Heydər Əliyev kütlə qarşısındadır və başlayır Səməd Vurğunun "Azərbaycan" şeirindən bir bəndi söyləməyə.

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma Vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan?!

 

Şeiri oxuyur, çatır son misraya - "Azərbaycan" sözünə. Səsi qırılır, qəhərlənir, Vətənin adını dilə gətirəndə içərisindəki duyğuların şiddətindən ağlamsınır. Əsl Molla Vəli Vidadi deyəndir: "Ağlamaq ki vardır, məhəbbətdəndir..."

Tarixdə qalan məşhur romanlardan biri "Polad necə bərkidi" adlanır. Lakin onun həyatı "polad necə sınmadı" həqiqətinin aynası kimi idi.

Bu mətin insanın ömrü boyu ən ali amalı yurdunun müstəqilliyini, istiqlalını qorumaq oldu.

Bir dəfə özü də söylədi. Dedi ki, istiqlal, müstəqillik elə bir nemətdir ki, onun uğrunda illərlə ən ağır məşəqqətlərə, məhrumiyyətlərə dözmək olar.

Fəqət o istəyirdi ki, xalqı, milləti istiqlal içərisində olmaqla bərabər həm də firavan yaşasın, xoşbəxt ömür sürsün, sabahlara sarı inamla irəliləsin.

...Heydər Əliyevin Azərbaycan xalqının tarixində çox xidmətləri var. Amma bu xidmətlərin zirvəsində dayanan onun istiqlalımız tarixində, dövlət müstəqilliyimiz tarixindəki müstəsna əməyidir. Nədən ibarətdir bu müstəsnalıq?

1918-ci ilin mayında Azərbaycan xoşbəxt oldu. İstiqlal bayrağını ucaltdı, müstəqilliyini elan etdi. Bu müstəqilliyi elan edənlər, Azərbaycana istiqlal bağışlayanlar hamısı ən alovlu vətənpərvərlər idilər, böyük dövlətçilər idilər. Hamısı kübar nəsillərdən, xan-bəy ailələrindən çıxmış əsilzadələr idilər, yüksək təhsil almışdılar, dillər bilirdilər, dərin savad sahibi idilər. Əlimərdan bəy Topçubaşov da, Fətəli xan Xoylu da, Nəsib bəy Yusifbəyli də, Məhəmməd Əmin Rəsulzadə də, Həsən bəy Ağayev də, Xəlil bəy Xasməmmədov da, Əhməd bəy Pepinov da, Xudadat bəy Rəfibəyli də, Xudadat bəy Məlikaslanov da, digərləri də - hər biri alovlu vətənpərvərlər, güclü şəxsiyyətlər idilər. Lakin onların hamısı birlikdə Azərbaycan istiqlalını vur-tut 23 ay qoruyub saxlaya bildi. Sonra biz 70 il o istiqlalın həsrətini çəkdik.

1993-cü ilin iyununda Azərbaycana 1991-ci ildə yenidən - 70 illik həsrətdən sonra nəsib olmuş dövlət müstəqilliyi sanki tarixin kinayəsi ilə iki yaşına çatmamış itirilmək təhlükəsi ilə üzbəüz idi.

Bu zaman tarix səhnəsində müqtədir Heydər Əliyev göründü. Azərbaycanın istiqlal bayrağını o sınaqlı günlərin içərisində ucalara qaldırdı. Başladı bu milləti vaxtın burulğanları içərisində addım-addım irəlilətməyə. İstiqlalı üç yaşına çatdırdı, beş yaşına çatdırdı. XX əsrdən XXI əsrə ötürdü və onu dönməz etdi, qayıdışsız etdi. XX əsrin başlanğıcında o böyük vətənpərvərlərimizin - Azərbaycanın istiqlalını qurmuş, bu millətə müstəqilliyi bağışlamış o böyük şəxsiyyətlərin hamısının bir yerdə edə bilmədiyini o, təkbaşına etdi. Azərbaycan istiqlalını yaşatdı, irəlilətdi, onun sabahlar içərisində yaşaması üçün də ən möhkəm təməllər yaratdı.

Budur Heydər Əliyevin müstəsnalığı, budur Heydər Əliyevin Azərbaycan istiqlalı, Azərbaycan dövlətçiliyi, Azərbaycan müstəqilliyi tarixində ən misilsiz xidməti və təkrarsızlığı.

Heydər Əliyevin - o böyük şəxsiyyətin bu millət, bu yurd qarşısında xidmətləri saysızdır. Amma həmişə bu xidmətlərin zirvəsində dayanan onun istiqlalımıza, müstəqilliyimizə xidməti olacaq.

Nə qədər ki bu millət var, nə qədər ki bu dövlət var, nə qədər ki istiqlal bayrağımız ucalır, Heydər Əliyevin də adı Azərbaycan xalqının bağrının başında yaşayacaq.

...Unudulmaz Heydər Əliyev nadir dövlət adamı olmaqdan savayı həm də böyük söz adamı idi. O, sözün çəkisini, qiymətini, dadını bilirdi. Azərbaycan dilinin bütün incəliklərindən istifadə edərək nitqində bu dili bütün əzəməti ilə, rəngarəngliyi ilə canlandırmağı bacarırdı. Azərbaycan dilinin füsunkarlığını göstərmək üçün müxtəlif ifadələr işlədirik.

Birimiz deyirik ki, "dilimiz gözəl dildir", birimiz deyirik ki, "dilimiz zəngin dildir", bir başqası deyir ki, "Azərbaycan dili şirin dildir".

Amma Heydər Əliyev tamam başqa bir ifadə işlədirdi. Söyləyirdi ki, "Azərbaycan dili ləzzətli dildir".

Həqiqətən, o, Azərbaycan dilində danışanda bu dilin hər kəlməsindən ləzzət alırdı. Gənclik illərindən Heydər Əliyev hərbçi olmuşdu, üstündə silah gəzdirmişdi. Amma bütün ömrü boyu onun ən qüdrətli silahı dil oldu - ana dili. Ana dilini bütün rəngarəngliyi ilə, siqləti ilə nitqində istifadə edirdi və kütlələr qarşısına çıxanda nitqi ilə hər kəsin qəlbini, düşüncəsini ələ almağı bacarırdı.

Bu da səbəbsiz deyildi. 1996-cı ildə oktyabr ayında Naxçıvanda idik. Dahi Hüseyn Cavidin məqbərəsi açılacaqdı. Hüseyn Cavidin məqbərəsi, ümumiyyətlə, onun cismən (və əslində elə bütöv yaradıcılığı ilə) Azərbaycana təzədən qayıdışı Heydər Əliyevin millətimizə bağışladığı ən nadir əsərlərindəndir.

Heydər Əliyevə Azərbaycan dili və ədəbiyyatı dərslərini isə  Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rəsizadə demişdi. Əslində Hüseyn Cavidin özünün də ilk müəllimi qardaşı Şeyx Məhəmməd olmuşdu.

Mən o zamanlar Şeyx Məhəmməd Rəsizadənin arxivini araşdırırdım, onun haqqında yazı üzərində işləyirdim. Heydər Əliyevdən Şeyx Məhəmməd haqqında soruşdum. Dedi ki, çox tələbkar müəllim idi, bizi çox sıxırdı, amma üstündən onillər keçib, mən həmişə içərimdə ona minnətdarlığı yaşadıram.

Heydər Əliyev Şeyx Məhəmmədin üstün müəllimlik keyfiyyətlərindən danışarkən bunu da ayrıca vurğuladı ki, tale elə gətirdi, mən uzun illər dövlət orqanlarında işlədim, həmişə rusca yazdıq-pozduq. Sonra Moskvada çalışdım. Təbii ki, orada da hər şey rusca idi - danışmaq da, işləmək də. Amma Azərbaycan dilini mən əgər unutmadımsa, bu cür səlis, gözəl ədəbi Azərbaycan dili mənim hafizəmdə, ürəyimdə, yaddaşımda, dilimdə qaldısa, buna görə o böyük müəllimə - Şeyx Məhəmməd Rəsizadəyə minnətdaram.

Həmin Naxçıvan səfərimiz zamanı unudulmaz Heydər Əliyev mənə Şeyx Məhəmməd Rəsizadədən qalan çox maraqlı bir əhvalatı da danışdı.

Bir qış səhəri imiş, beşinci, ya altıncı sinifdə oxuyurmuş, dərsə gedirmiş. Birdən yerdə ilk və son vərəqləri qopmuş balaca bir kitabçaya rast gəlir. Qaldırır, başlayır vərəqləməyə.

Deyir, hansısa bir yazıçının ruscadan azərbaycancaya çevrilmiş hekayəsi idi. Birdən arxadan çiyninə bir əl qonur, baxır ki, müəllimi Şeyx Məhəmməddir. Şeyx Məhəmməd sorusur ki, deyəsən, kitab tapmısan. Deyir: "Hə, tapmışam, amma əvvəli-axırı yoxdur".

Şeyx Məhəmməd də müdrik adam olub, əsl müəllim olub. O da vərəqləyir kitabı, qaytarır Heydərə. Həmin gün Heydərgil ədəbiyyat dərsində inşa yazacaqlarmış. Şeyx Məhəmməd qayıdır ki, sən bugünkü inşanı sərbəst mövzuda yaz. Bax bu kitabın əvvəli-axırı yoxdur. Bu hekayəni oxu, məzmununa uyğun olaraq əvvəlini, axırını düzəlt. Bütöv hala düşsün.

Heydər Əliyev çatır məktəbə, əvvəldən sona o əvvəli və sonu yarımçıq olan kitabçanı diqqətlə oxuyur.

Elə ədəbiyyat dərsinə ayrılan iki saatın ərzində də inşasını yazıb bitirir, hekayənin əvvəlini də düzəldir, sonunu da tamamlayır.  Bitkin bir hekayə alınır.

İndi həmin söhbəti, həmin inşanı, həmin hekayəni xatırlayıram və bu mənə son dərəcə rəmzi görünür.

Hələ məktəbli ikən dağınıq bir əhvalatı, əvvəli və sonu olmayan hekayəti tamamlayaraq mükəmməl bir inşaya çevirən Heydər Əliyev onillər sonra eyni işi daha ali bir səviyyədə millətimiz, dövlətimiz, müstəqilliyimiz, yurdumuz üçün etdi.

1990-cı illərin əvvəlləri idi. Tarixin son dərəcə böhranlı anlarında Azərbaycan müstəqilliyinin ilk addımlarını atırdı.

Azərbaycan nə bəxtiyardır ki, onun bu tarix kəsiyində Heydər Əliyev kimi qabil bir övladı oldu. Heydər Əliyev bu müstəqilliyin müqəddiməsini yazdı. Heydər Əliyev bu müstəqilliyin gələcək içərisində yaşaması, varolması üçün təməllər yaratdı, bünövrələr tökdü. Bu müstəqilliyin daim vüqarla dikəlməsi üçün sütunlar ucaltdı. Və nə qədər ki Azərbaycan yaşayır, müstəqilliyimiz yaşayır, buna görə biz o böyük şəxsiyyətə həmişə minnətdar olmalıyıq!

Məktəbli ikən yazdığı inşaya görə, natamam, qırıq əhvalatın əvvəlini və sonunu tamamlayaraq onu bir bütövə çevirən kamil yazısı üçün müəllimi Heydər Əliyevə "əla" qiymət vermişdi.

Azərbaycan dövləti, Azərbaycan müstəqilliyi üçün etdiyi böyük xidmətə görə isə ona qiyməti tarix özü yazdı.

Və bu Əməlin qiyməti "ƏLA"dır!

Azərbaycanda çoxlu dillər bilən insanlar az deyil. Poliqlotlarımız keçmişdə də olub, indi də var, gələcəkdə də olacaq. Səbəbsiz də deyil. Bunun Azərbaycanda əsrlərin uzaqlarından gələn ənənələri var. Lakin Azərbaycanda bütün zamanlar üçün Heydər Əliyevdən daha çox dil bilən ikinci insanı mən tanımıram. Bunun səbəbi o idi ki, Heydər Əliyev insanşünas idi.

Hər bir azərbaycanlının dilini bilirdi. Hər bir azərbaycanlı ilə, hər bir insanla necə danışmağı bacarırdı.

Heydər Əliyevin bir başqa üstünlüyü də o idi ki, o, Azərbaycan cəmiyyətini yaxşı tanıyırdı. Yaşlısını da, qocasını da, ahılını da, cavanını da. Və hər kəsin dəyərini bilirdi, çəkisini bilirdi.

...Heydər Əliyev universal zəkalı, zəngin təcrübəli bir insan idi. Həm də ən mühümü - təcrübə ilə bilikləri məharətlə əlaqələndirməyi bacarırdı. Ona görə də nədən bəhs etsə, onu həmin sahənin ən yaxşı mütəxəssisi kimi təsəvvür edirdin. Teatr tamaşalarına baxırdı, kinoları seyr edirdi, rəssamların sərgisinə gedirdi, ədəbiyyatçılarla görüşürdü.

Bu sahələrin hər birindən o sahənin ən yaxşı tənqidçisi kimi söz açırdı. Sənayedən danışırdı, kənd təsərrüfatı məsələləri ilə əlaqədar fikir yürüdürdü, iqtisadiyyatın mürəkkəb problemlərinin ən dərinlərinə enirdi. Görürdün ki, qarşında sanki bu sahənin üstün mütəxəssisi dayanıb.

Heydər Əliyev mətbuata da son dərəcə həssas münasibət bəsləyən insan idi. O, qələmin, sözün, mikrofonun, kameranın, televiziyanın, radionun böyük gücünü yaxşı anlayırdı. Öz işində - dövlət quruculuğunda bu sahələrdən bacarıqla yararlanırdı.

Xatırlayıram 1990-cı illərin əvvəllərini. Azərbaycan dövləti hələ kasıb idi, xəzinə boş idi. Heydər Əliyev müstəqil Azərbaycanın başçısı kimi müxtəlif ölkələrə ilk səfərlərini edirdi.

 Azərbaycan hələ informasiya blokadasında idi. Həqiqətlərimizi dünyaya çatdırmaq lazım idi. Sıxıntılı iqtisadi durumumuza baxmayaraq, Heydər Əliyev hansı ölkəyə səfərə çıxırdısa, özü ilə böyük bir dəstə jurnalisti aparırdı. Həmin səfərlərin bir çoxunda mən də iştirak etmişəm. Ən yaxın məsafədən müşahidələrimin anlatdığı bir həqiqət də budur ki, Heydər Əliyev jurnalistlərin, sözün böyük mənasında, etibarlı dostu idi. O, kameraçıya imkan yaradırdı ki, lazım olan kadrı çəkə bilsin. Hansısa məqamı fotoqraf tuta bilməmişdisə, bunu da hiss edirdi, həmin anı obyektivinə almaq üçün ikinci dəfə şəkilçəkənə şərait yaradırdı. Jurnalistlərə yazmaq üçün fikir, ideya, material verirdi. Onları gələcək yazılarını rahat hazırlaya bilməkçün istiqamətləndirə, yönəldə bilirdi. Bütün mənalarda jurnalistlərin arxası idi.

...1994-cü ilin dekabrı Mərakeşdə - Kasablankada İslam Konfransı Təşkilatının zirvə toplantısı keçirilirdi. Ayrı-ayrı hökumət, dövlət başçıları müxtəlif villalarda yerləşdirilmişdilər. Sammitin keçirildiyi günlər gözəl bir məkanda idi. Heydər Əliyev onunçün ayrılmış iqamətgahdan çıxıb növbəti görüşlərindən birinə gedirdi, jurnalistlər dəstəsi də həmin o görüş yerinə getmək üçün dayanmışdı. Amma bizləri içəri buraxmırdılar. Heydər Əliyev gendən bizi salamladı getdi. Artıq görüşü başa vurub qayıdanda gördü biz elə bayaq dayandığımız yerdə boynubükülü durmuşuq.

Əsəbi halda maşından düşdü. Adətən, protokola görə əvvəlcə köməkçimi, mühafizəçimi qapını açmalıdır, Prezident maşından sonra çıxmalıdır. Amma Heydər Əliyev elə hirslənmişdi ki, daha belə xırdalıqlara bənd olmağa səbri çatmadı, dərhal özü qapını açıb düşdü, müəyyən adamlara sözlərini çox kəskin dedi ki, bu jurnalistləri burada niyə saxlamısınız? Əgər onlar bizim buradakı fəaliyyətlərimizi işıqlandırmasalar, dünya necə xəbər tutacaq ki, burada nələr baş verir. Beləcə, Heydər Əliyev jurnalistlərə, yazı adamlarına, mətbuat işçilərinə həmişə bu cür canıyanan, qayğıkeş, həssas, nəvazişli, ən mühümü - həmkarcasına münasibət bəsləyirdi.

Sübutu daha bir unudulmaz an: 1998-ci ilin yayı idi. Böyük Britaniyaya səfərə getmişdik. Jurnalistlərə orada son dərəcə ciddi məhdudiyyətlər yaratmışdılar. Heç bir görüşdə bizə 1-2 dəqiqədən artıq izləməyə imkan vermirdilər. Ona görə də hansısa materiallar hazırlamaq, süjetlər çəkmək faktik olaraq mümkünsüz idi. Lakin biz Heydər Əliyev münasibətinə adətkərdə idik axı! Öyrəşmişdik ki, bizə də, xarici jurnalistlərə də daim ən əlverişli iş şəraiti yaradılır, ən münasib imkanlar verilir. Londonda isə bütün bunlardan məhrum idik.

Səfər sona çatmışdı, artıq Bakıya qayıdırdıq. Heydər Əliyev səfərin yekunları ilə bağlı son dəfə jurnalistlərə təyyarənin içərisində müsahibəsini verirdi. Adətən, Prezidentin belə çıxışından sonra söz deyilməz. Amma o sözlər, o minnətdarlıq duyğuları ki Heydər Əliyevə çatdırılmalı idi və jurnalistlərin, həmin səfərdə iştirak edən qələm adamlarının hamısının ürəyindən keçirdi, mən onu o gün söylədim. Heydər Əliyev deyəcəklərini deyəndən sonra sözünü yekunlaşdırdı. Prezident Heydər Əliyev: Sağ olun ki, siz də bu səfərin əziyyətini mənimlə birgə çəkdiniz.

Rafael Hüseynov: Cənab Prezident, suallara vaxt qalmasa da, bir məqamı demək istəyirəm. Adətən, Bakıdakı beynəlxalq görüşlərdə Siz bizə kifayət qədər imkan yaradırsız ki, gedişatı izləyək, lazımi məlumatları alaq. Bizi buna alışdırmısınız, amma dünya praktikasında belədir ki, onlar məhdud imkanlar yaradırlar. Londonda isə biz bunun lap ifratına şahid olduq.

Heydər Əliyev: Görün də indi, bu irəli getmiş ölkələrdə pressaya münasibət, onlarda olan aşkarlıq necədir, bizdə necədir.

Rafael Hüseynov: Əgər onların etdiyi Bakıda edilsəydi, deyərdilər ki, Heydər Əliyev demokratiyanı sıxışdırır.

Heydər Əliyev: Elədir.

Rafael Hüseynov: Ona görə də bütün jurnalistlərimizin adından mən Sizə bir daha təşəkkür edirəm, jurnalistlərə həmişə yaratdığınız imkana və qayğıya görə.

...Heydər Əliyev bir dövlət adamı, siyasətçi kimi çox çevik idi, vəziyyətdən asılı olaraq həmişə ani qərarları qəbul etməyə hazır idi. Bəzən zahirən bu, gözlənilməz təsir bağışlasa da, həmişə dəqiq yerində olurdu. Mətbuatla əlaqələrində, illah da hərdən ortaya çıxan ekstremal vəziyyətlərdəki anındaca müşkülləri aradan götürə bilmək qətiyyəti ilə Heydər Əliyev çox sevimli idi.

Sovet dönəmində illərcə Azərbaycan Televiziyasının baş rejissoru kimi  mütəmadi olaraq Heydər Əliyevin yanında olmuş, onu ən müxtəlif toplantılarda və səfərlərdə kameralarla birgə müşayiət etmiş rejissor, Xalq artisti Vasif Babayev davamlı görüşlərimizdə milli televiziyamızın dünəni ilə bağlı yüz cür maraqlı söhbətlərini edəndə hər dəfə mütləq Heydər Əliyevli hansısa macəravari məqamları da yada salır.

Heydər Əliyevin bu mənada televiziya həyatındakı qəfil anlarda göstərdiyi köməklərlə bağlı maraqlı xatirələr söyləyir.

Deyir ki, o vaxt SSRİ-də ən yüksək təltif nişanlarından birincisi Lenin ordeni idi, ikincisi "Oktyabr inqilabı" ordeni. Bir köhnə inqilabçı vardı. Söyləyirdilər ki, vaxtilə Leninin əlini sıxıb. Ona görə ona böyük hörmət göstərirdilər. Günlərin bir günü ona "Oktyabr inqilabı" ordeni verildi. Ordeni Heydər Əliyev özü təqdim etdi. Çəkiliş də o vaxtlar DTK-nınkı sayılan Dzerjinski adına klubda idi. Bizdə iki məşhur operator vardı - Çeçikov, bir də İvan Pastuşkov. Hər iki operator üçün kamera qoymuşduq. Kameralar bizə təzə gəlmişdi. Səsi də, təsviri də yazırdı. Onda da, bunda da lent dolağı vardı. Bu kameraların xüsusiyyəti belə idi ki, bir-birini davam etdirirdi. 10 dəqiqəyə birindəki lent dolağı bitirdi, gərək bu bitməyə yaxın, təxminən səkkizinci dəqiqədə o biri kameranın düyməsini basaydın ki, oradakı lentə yazı başlana idi.

Operatorlardan biri nəsə özünü itirib, hər iki kameradakı düyməni əvvəldən eyni vaxtda basıblar. Səkkizinci dəqiqədə  kameralardakı lent çatıb axıra, tədbirsə davam edir, Heydər Əliyev danışır, ordeni qəhrəmanın döşündən asır.

Vasif müəllim xatırlayır və onun o andakı həyəcanını təsəvvür edirəm. Ancaq hər halda bircə təskinlik nöqtəsi vardı ki, Heydər Əliyev mətbuat işçisini başa düşən adamdır, çəkilişlərdə belə gözlənilməzliklərə rast gəlindiyini başqa məmurlara anlatmaq çətindirsə də, ona dərdini açmaq mümkündür.

Vasif Babayev deyir ki, tədbir yekunlaşdı, Heydər Əliyev büro üzvləri ilə çıxanda nəsə hiss edibmiş kimi qanrılıb mənə sarı baxdı, başımı buladım, işarə ilə yanına çağırdı, soruşdu ki, nə baş verib?

Dedim, hal-qəziyyə belə. Çox yaxşı çəkmişik hamısını, hər şey əladı. Ancaq kaset qurtardı, bir anı çəkə bilmədik. "Hansı anı?" Dedim, ordeni taxan yerin çəkilişi alınmadı. Dübarə soruşdu: "Bəs neyləmək olar?"

Vasif bildirir ki, burada bir otaqda hazırlıq görmüşük, qəhrəmanı da dəvət etmişik, ordeni yaxasına taxmağınızı ayrıca iri planda çəkəcəyik, elə montaj edəcəyik ki, heç nə bilinməyəcək.

Heydər Əliyev tərəddüdsüz razılaşır: "Yaxşı, gedək", - deyir.

...Tarix adam - XX yüzili, demək olar, başdan-sona yaşamış, bu yüzilin və həmin əsr içərisindəki neçə qiymətli şəxsiyyətin ömür salnamələrini yaratmış unudulmaz Qulam Məmmədli nağıl edirdi ki, indi xeyli uzaqlarda qalmış 1920-ci illərin əvvəllərində Bakıda maarif, mədəniyyət həyatı qaynayırdı. O çağların seçkin cavanlarını cəzb edən belə mərkəzlərin ən əsaslarından biri Murtuza Muxtarovun mülkündə (indiki "Səadət sarayı"nın binası) yerləşən Əli Bayramov adına Qadınlar klubu imiş. Orada müxtəlif kurslar, dərnəklər fəaliyyətdəymiş. Ədəbiyyat dərnəyini məşhur ədəbiyyatşünas İsmayıl Hikmət aparırmış. İsmayıl Hikmət Bakıya 1923-cü ilin aprelində Azərbaycan hökumətinin Türkiyə Böyük Millət Məclisinə müraciətindən sonra Bakı Universiteti ilə Bakı Teatr Texnikumunda ədəbiyyat dərsləri vermək üçün Maarif Nazirliyi tərəfindən göndərilmişdi. Günlərin birində İsmayıl Hikmətə Qulam müəllimgil sual verir ki, Sabirin böyüklüyü haqqında nə deyə bilərsiniz?

İsmayıl Hikmət də belə cavab verir ki, Sabirin vəfatından 12-13 il keçir. O, hələ zamanca bizə çox yaxındı. Təsəvvür edin ki, siz bu binanı 5-10 metr məsafədən görürsünüz, bir də aralanırsınız, mülkə 50 metr uzaqlıqdan baxırsınız. Təbii ki, bir az uzaqdan seyr edəndə bu gözəl binanın möhtəşəmliyi, yaraşığı sizi daha artıq heyrətləndirəcək. Sabir də belə. Gözləyin, bir qədər zaman keçsin. Sabirlə aramızdakı vaxt məsafəsi artdıqca biz onun nəhəngliyini, nadirliyini daha artıq dərk edəcəyik...

Zənnimcə, Heydər Əliyev də beləcə. O, müasirimiz olan bir insan idi. Bizimlə eyni günlərin içərisində yaşayırdı, yaradırdı və nə bəxtiyarıq ki, bizə o müstəsna insanla, o qeydi-adi şəxsiyyətlə ünsiyyət qurmaq, təmasda olmaq səadəti də nəsib idi.

Heydər Əliyevlə aramızdakı ayrılığın məsafəsi hələ çox qısadır. Zaman keçdikcə vaxtın ucalıqlarından biz onun nəhəng miqyaslarını daha aydın dərk edəcəyik, onun əsl böyüklüyünü daha dəqiqliyi ilə görəcəyik.

...Heydər Əliyevi düşünərkən həmişə göz önündə yol gedən insan canlanır. Vüqarla, inamla addımlayan, böyük sabahlara üz tutmuş şəxsiyyət.

1994-cü ilin iyul ayı idi. Bir ildi ki, Heydər Əliyev yenidən Azərbaycan dövlətinin rəhbərliyinə qayıtmışdı. Çalxantılı, qəliz suallarla daşan zaman kəsiyi idi. Qayıtmış böyük Heydər Əliyev Azərbaycanı bir daha geriliklərə, böhran girdablarına qayıtmamaq üçün bu ağır vaxt içərisində qədəm-qədəm irəlilədirdi, bu gün bütün qüdrəti ilə ucalan müasir Azərbaycan dövlətini qururdu.

1994-cü ilin iyul ayında onun növbəti xarici səfəri idi. Səudiyyə Ərəbistanına dövlət səfərinə getmişdi və mən də həmin nümayəndə heyətində idim. Hər birimizin varlığını xoş bir intizarın, xəfif həyəcanın dalğası bürümüşdü. Əvvəlcə Həvva Ananın şəhəri hesab edilən Ciddədə yerləşmişdik və gecə saatlarında həcc ziyarəti üçün Məkkəyə yollandıq.

Əvvəlcə "Həcər ul-əsvəd"in - "Qara daş"ın yerləşdiyi Kəbə Evinə daxil olduq. Kirimişcə, səssizcə ürəyimizdə dualarımızı etdik. Sonra dışarıya çıxdıq. Heydər Əliyev bayaqdan ürəyində dediklərini artıq mikrofonlar, kameralar qarşısında dilə gətirdi.

Söylədi ki, yəqin, Allah bizim dualarımızı, haqlı çağırışlarımızı eşidəcək.

Heydər Əliyev belə söyləyirdi, biz "Amin" deyirdik.

Söyləyirdi ki, biz Allahdan bu Kəbə Evinin qarşısında arzu edirik ki, yurdumuzda sülh, əmin-amanlıq olsun. İşğal altındakı torpaqlarımız əsarətdən qurtarsın. Xalqımız, nəhayət, dinclik tapsın.

Heydər Əliyev belə söyləyirdi, biz "Amin" deyirdik.

Və bu gün Azərbaycan torpaqları azaddırsa, illərcə əsarətdə olmuş yurdlarımız yenidən sülhünə qovuşubsa, burada həmin duaların və Heydər Əliyevin illər boyu apardığı mübarizələrin, əlbəttə ki, izi, yeri, təsiri var!

...Ziyarətin şərtlərindən biri Səfa və Mərva təpələrinin ətrafını təvaf etmək - 7 dəfə dolanmaqdı. Səfa və Mərva təpələrinin arasındakı məsafə isə 428 metrdir. 7 dəfə dövrə vurunca bu, təxminən, 6 kilometr edir. Təbii, hər orqanizm tab gətirmir. Elə bizim dəstədə də yaşlı insanlar az deyildi. Bəziləri əyləşdilər, başladılar nəfəs dərməyə, dincəlməyə.

Bir neçə dövrə vurandan sonra Şeyxülislam Allahşükür Paşazadə üz tutdu Prezident Heydər Əliyevə, dedi ki, cənab Prezident, burada icazə var ha, arada oturub yorğunluğu almaq olar, sonra yenə təvafı davam etdirərik.

Heydər Əliyevin bütün məziyyətlərindən savayı bir özəlliyi də incə yumoru, zarafatcıllığı idi. Şeyxin bu sözünün müqabilində dərhal gülə-gülə qayıtdı ki, görünür, şeyx özü yorulub, dincəlmək istəyir, ona görə belə deyir. Mən dayanan deyiləm, yolumu davam etdirəcəyəm. Kim oturur-otursun, kim dincəlir-dincəlsin. Kim də mənimlə gəlir-gəlsin.

Və dayanmadan yolunu davam etdirdi, onun bu şux sözlərinə hamımız gülüşdük, yorğunluq da uçub getdi, hamıda bir ruh yüksəkliyi əmələ gəldi.

Həmin anda unudulmaz Heydər Əliyevin bu hərəkəti də, bu sözləri də mənə son dərəcə rəmzi göründü. Yorulmazlıq bu müstəsna insanın bütün ömrü boyu ən vacib keyfiyyətlərindən biri olaraq qaldı. Dayanırdı kütlələr qarşısında farağat, saatlarla danışırdı. Yorulmaz görünürdü və yorulmazlığını insanlara da təlqin etməyi bacarırdı.

Bədən bədəndir, can candır,  nə qədər fövqəladə olsa da, hər halda o da, hamımız kimi, sıradan bir insan idi. Məgər yorulmurdumu? Əlbəttə yorulurdu. Amma içərisindəki bütün qüvvəti səfərbər edirdi, bütün gücü cəmləyirdi və toparlanaraq yorulmaz olurdu. Böyük yol gedənlərin yorulmaq haqqı yoxdur. Məsəldir, "Ömür bitər, yol bitməz". Bu, bir həqiqətdir. Amma Heydər Əliyev kimi insanların heç vaxt nə ömrü bitəcək, nə yolu!

 

 2 may 2023

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 4 may.- S.10-11.