Molla Nəsrəddin
Bakıda
(Tanış
mövzularda iqtibaslar və improvizasiyalar)
TARİF
ŞURASINDA
Tarif Şurası qazın, suyun qiymətlərini
növbəti dəfə qaldırandan sonra kənd camaatı
kəsdirir Molla Nəsrəddinin qapısını ki, bəs
Molla, son ümidimiz sənədir, bizə bir əlac elə.
Molla
soruşanda ki, nə olub, başbilənlərdən biri irəli
çıxıb deyir:
- Day nə
olasıdır ki, ay Molla? Min bir əziyyətlə
qazandığımız qəpik-quruş yavan çörəyimizə
zorla çatırdı, bu yandan da qazın, suyun pulunu 10 faiz
qaldırdılar. Heç keçən ildən
yığılan borclarımızı
qaytarmamışdıq...
Molla
soruşur:
-
Yaxşı, bundan mənə nə? Mən
Tarif Şurasının sədri-zadam bəyəm?
- Elədir,
ay Molla. Amma sənin ölkədə böyük nüfuzun
var. Nə olar, get Bakıya, gir Tarif Şurasına, bizim
adımızdan xahiş elə ki, bir az insaflı olsunlar, qərarlarına
yenidən baxıb 10 faizi heç olmasa 5 faizə endirsinlər.
Biz də yazıqıq axı.
Molla bir az fikirləşib deyir:
-
Yaxşı, gedərəm, amma tək yox. Gərək
kəndin mənəm-mənəm deyən oğlanlarından
4-5-ni də qoşasınız mənə ki, orda
danışıqlar aparanda ürək-dirək versinlər, dəstək
olsunlar.
Camaat əvvəlcə razılaşmır, amma Molla da
tutduğunu buraxmır və xeyli çənə-boğazdan
sonra razılığa gəlirlər.
Ertəsi gün Molla Nəsrəddin və kəndin
buğa kimi 4-5 mənəm-mənəm deyən oğlanı
üz tuturlar Bakıya. Müşayiətçilər yol boyu Mollanı geninə-boluna
təlimatlandırırlar: "Sənə elə desələr,
sən də belə deyərsən, yox, belə desələr,
elə deyərsən. Qorxma, dağ kimi duruşuq
arxanda..."
Nəhayət, Bakıya çatıb Tarif
Şurasının yerləşdiyi binanı tapırlar. Molla
döşünə döyən oğlanlarla bir yerdə
binaya tərəf addımlayır, amma qapıya çatıb
başını qaldıranda görür ki, son məqamda
oğlanlar əkilib onu tək qoyublar. Molla
əvvəlcə pərt olur, əsəbiləşir, istəyir
hər şeyə tüpürüb qayıtsın geri. Amma nə isə fikirləşib şəstlə
qapını açır, içəri daxil olub mühafizəçilərə
deyir ki, bəs mən Molla Nəsrəddinəm. Xahiş edirəm, məni qəbul eləsinlər -
şad bir xəbər gətirmişəm. Əlqərəz, uzun yoxlamalardan, xəbər
aparıb xəbər gətirmədən sonra Mollanın
üst-başını yoxlayıb böyük bir otağa
ötürürlər. Otaqdakı böyük stolun
arxasında oturmuş böyük şəxs gülə-gülə
soruşur:
- Salam, ay
Molla dayı, xoş gəlmisən. Sən hara,
bura hara? Deyirlər guya şad xəbər
gətirmisən.
Molla
deyir:
- Şad xəbər də sözdür? Elə xəbər
gətirmişəm ki, yatsaydınız, heç yuxunuza da
girməzdi. Mən kənd camaatının
mühüm bir xahişini sizə ərz eləməyə gəlmişəm.
Qəbul
edən şəxs maraqla soruşur:
- O nə
xahişdir ki?
Molla
deyir:
- Dünən
sizin qazın, suyun pulunun 10 faiz qaldırılması barədə
qərarınız elan olunandan dərhal sonra camaat mənim
yanıma axışıb narazılıqlarını bildirdilər
ki, Taarif Şurası nə üçün bu vacib məsələyə
kompleks şəkildə baxmayıb, qazın, suyun pulunu
qaldırıb, zibil pulunun isə
yox? Xahiş elədilər ki, zibil pulunu da
qaldırılması ilə bağlı təkliflərini təcili sizə
çatdırım. Özü də 10 yox, 15
faiz. Dedilər, bu, böyük Vətənimizin
iqtisadi yüksəlişinə onların tarixi töhfəsidir.
Qəbul
edən şəxsin gözləri bərəlib hədəqəsindən
çıxır:
- Elə
belə də dedilər?
- Sənin
canınçün, hə!
Qəbul edən şəxs ayağa qalxıb Mollanı
necə qucaqlayırsa, kişinin sümükləri
şaqqıldayır. Sonra o üzündən, bu üzündən
öpür, cib dəsmalını çıxarıb sevincdən
yaşarmış gözlərini silə-silə
deyir:
- Səni
şad xəbər olasan, ay Molla. Bu qəzet-məzetçilər
də ağızlarına gələni yazırlar ki, bəs
guya biz camaatın dolanışığını,
maaşını nəzrə almırıq, filan beşmənəkan.
Bu da onları susdurmaq üçün daşdan
keçən arqumentimiz. Halal olsun sizin kəndin
vətənpərvər camaatına. Onların
fədakarlığını geniş təbliğ eləmək,
bu təcrübəni yaymaq lazımdır. Onlara çatdır ki, ən qısa vaxtda təkliflərinə
baxılacaq.
Şəxs bunu deyib heç çay da təklif etmədən
Mollanı qapıdan ötürür. Molla çölə çıxan
kimi bayaq onu tək qoyub qaçan buğa oğlanlar hardansa
peyda olub başının üstünü kəsdirirlər:
- Nə
oldu, ay Molla? Bu qədər vaxtda orda neynirdin?
Molla suala
sualla cavab verir:
- Əvvəla,
deyin görüm bayaq məni tək qoyub hara
qaçdınız?
Buğalar
üzlərinə süni təəccüb ifadəsi verib
bir-birlərinə baxırlar:
-
Qaçmaq nədir, ay kişi? Biz dağılışıb binanı dərhal
mühafizəyə götürdük ki, işdi-şayətdi,
Allah eləməmiş, səni aparmaq istəsələr, mane
olaq.
Molla görür ki, bu gədələr onu ələ
salırlar.
Ona görə də halını pozmadan deyir:
- Lap
yaxşı eləmisiniz. Sizin etibarlı
mühafizənizdən ruhlanaraq mən də içəridə
kamança çalıb Tarif Şurasının üzvlərini
feyziyab elədim.
Buğaların
lap natarazı irəli çıxır:
- Bu
olmadı ki, Molla. Bizi ələ salırsan?
Mən lap pəncərənin altında dayanmışdım.
İçəridən kamança səsi gəlmirdi,
axı.
Molla
gülüb deyir:
- Narahat
olmayın, mənim kamançamın səsini, inşallah, sabah eşidəcəksiniz.
YUMURTA
ƏHVALATI
Molla Nəsrəddin bir gün yenə Bakıya gələsi
olur. Kənd camaatının sifarişi ilə bəzi
şeylər almaq üçün mağazaları gəzə-gəzə
gəlib çıxır çöl tərəfdən
vitrinlərinin, qapısının üstünə "50
faiz endirim" sözləri yazılmış bir supermarketin
qabağına. Yumurtanı 10 qəpiyə alıb 9 qəpiyə
satdığı günləri yadına salan Molla təəccüblənir:
"Bu, necə ola bilər axı? İlin-günün bu vaxtında bu nə
hoqqadır? Ticarətçi vergi ödəmək,
işçilərə maaş vermək
üçün gərək qazancla işləsin. Bunlar isə aldıqları malları yarı qiymətinə
satırlar. Yox, yəqin burda nəsə
bir sirr var".
Molla eləmir tənbəllik, qapını açıb
mağazaya daxil olur və baxır ki, paho, burda bir
vur-çatdasındır, gəl görəsən. Bir tərəfdə
alıcılar növbəyə dayanıb, o biri tərəfdə
biri kassaya tərəf yüyürür, bir başqası
mağazanın şefinin atasına rəhmət oxuya-oxuya
aldığı şeyləri çölə
daşıyır, ayrı birisi mağaza rəhbərliyinin bu
humanist addımından necə riqqətə gəlibsə,
yaşarmış gözlərini cib dəsmalı ilə silə-silə
Allaha dua edir ki, kərəminə şükür, İlahi,
ölmədik, bu günü gördük.
Molla ağ köynəkli, qara qalstuklu cavan bir
oğlana yaxınlaşıb soruşur:
- Bala, sən
burda işləyirsən?
- Bəli,
Molla dayı, mən bu mağazanın baş
inzibatçısıyam.
Molla
deyir:
- Bala, məni
bir məsələdən agah elə, zəhmət olmasa, bax
bütün malları yarıbayarı aşağı qiymətə
satırsınız. Məgər, bu, sizə
ziyan gətirmir? Axı gəlir götürmək bir yana, mayanız da batır. Bəs necə maaş alırsınız, vergi-filan ödəyirsiniz?
Oğlan
görür ki, Molla xamdır, istəyir bir az
onunla məzələnsin:
- Molla
dayı, sağlığına maaş da
alırıq, hələ üstəlik, "premiya" da.
Alver də ki gördüyünüz kimi, yağ
kimi gedir.
- Axı
bu, nə təhər olur ey, ay oğul?
Oğlan
şit-şit hırıldayır:
- Bu,
sirdir, Molla dayı, deyə bilmərəm.
Molla məyus-məyus
mızıldayır:
- Heyif!..
Oğlan
qəfildən nəyi isə xatırlayıb deyir:
- Ay Molla
dayı, sən özün bir vaxtlar yumurtanı 10 qəpiyə
alıb 9 qəpiyə satmırdın? İndi
biz də səndən nümunə götürüb
xeyirxahlıq nümayiş etdiririk də.
Molla
acı-acı gülümsəyir:
- Bala
iş burasındadır ki, o vaxt mən camaatın xeyrinə
yumurtanın qiymətini heç olmasa 1 qəpik endirmək
üçün bu avantüraya getmişdim. Amma
bir həftəlik belə alverin düz altı ay altını
çəkdim. Onda başa
düşdüm ki, ticarətdə endirim-mendirim boş
şeydir.
Oğlan
irişə-irişə deyir:
- Niyə,
Molla dayı? Bəs hamı deyir ki, sən
ağıllı, müdrik adamsan?
- Düz
demirlər, bala, Mən ağıllı olsaydım, o vaxt bu qələti
eləməzdim. Yox, ağıllıyamsa, yenə
də günah məndədir. Ağıllısı
mənim kimi gülüm olanın başına sizlərin əli
ilə külüm olar.
Oğlan Mollanın dediklərindən bir şey
qanmır.
Gözlərini döyə-döyə soruşur:
- Molla
dayı, tutaq ki, sirrimizi sən açdım. Nəticəsi
nə olacaq? Yoxsa gedib yumurtanı 10 qəpiyə alıb
bizim kim yarı qiymətinə - 5 qəpiyə
satacaqsan?
Molla son
nöqtəni qoyur:
- Çətin!
Əminəm ki, bu sirri öyrənəndən, sizdən dərs
alandan sonra
10 qəpiyə aldığım yumurtanı rahatca 20 qəpiyə
satacam!
MOLLANIN
CAVABI
Bir nəfər
hay-həşirnən özünü Molla Nəsrəddinin
yanına çatdırıb deyir:
- Molla Nəsrəddin
müəllim, neçə il əvvəl bir kişi sənin
adını özünə ləqəb seçib və bu
adın kölgəsində gizlənərək
başlayıb bu millətin kəndlisindən tutmuş bəyinə,
cahilindən tutmuş aliminə qədər hamıya gülməyə,
milləti lağa qoya-qoya külli-aləmdə biabır eləməyə.
Onun yazdıqlarından çıxış eləyəndə
belə alınır ki, biz qoyun xalqıq. Çox
böyük biabırçılıqdır. Mən və mənim ardıcıllarım alternativ
bir gülüş üsulu yaradaraq sizin nüfuzunuzu bərpa
etmək naminə illərdir qələm çalır, o
kişini sıxışdırıb meydandan çıxarmaq
üçün tər tökürük. Amma nəticəsi yoxdur - hər yerdə yenə də
onun adı çəkilir, dərsliklərə onun əsərləri
salınır. Nə məsləhət
görürsən? Onu bu xalqın
yaddaşından necə silək? Bir yol
göstər, xəcalətli qalmarıq.
Molla
ürəkdən gülür və elə gülə-gülə
də deyir:
- Əvvəla,
o kişi mənim adımdan sui-istifadə eləməyib, əksinə,
onu hörmətə
mindirib, şərəfləndirib. İkincisi, məsləhət
görərdim ki, gedib xeyirli bir işin qulpundan
yapışasız, çünki bundan sonra lap yüz il də çalışsanız, o kişiyə
bata bilməzsniz.
- Axı
niyə ey, Molla müəllim?
- Ona
görə ki, o kişinin gülüşünün
arxasında öz xalqına, millətinə sevgi, sayğı
dayanır, daha sizdəki kimi istehza, rişxənd, hələ
dərinə getsən, nifrət yox. O, sizin
düşündüyünüz kimi öz xalqına yox, onu rəzil
günə salan danabaşlara, eşşəkağıl
"intelligentlərə" gülüb. Ona
görə də onun gülüşü ürək
ağrısından yaranan gülüş, sizinki isə
boş hırıltıdır. O ki qaldı qoyun məsələsinə,
içimizdə şair demişkən, qoyun olmaya-olmaya qoyun
olanlar hələ də var. Bu qoyunlara ünvanlanan
gülüş elə ürək ağrısından yaranan
gülüşdür.
Molla bunu deyib gülməyinə davam edir.
Kişi
deyir:
- Mən
bir şey qanmadım axı. Heç ürək
ağrısından da gülüş yaranar?
Molla bu dəfə
lal ürəkdən gülüb deyir:
- Yaranar,
niyə yaranmır ki? Yaranar, lap o yana da
keçər. Elə mən səhərdən
səni dinləyə-dinləyə ürək
ağrısı ilə gülmürəmmi?
-
Yaxşı o qoyun dediyin kimlərdir? - deyə
kişi şübhə ilə soruşur.
Molla son
nöqtəni qoyur:
- Qoyun
olmaya-olmaya qoyun olduğunu anlamayanlar!
MOLLA
NƏSRƏDDİNİN ƏLLAMƏLİYİ
Bir nəfər
yazıçı Molla Nəsrəddindən soruşur:
- Molla Nəsrəddin müəllim, siz müdrik
adamsınız. Deyin görək, biz neyləməliyik ki,
yazdığımız əsərləri Biləcəridən
o tərəfdə də oxusunlar, bizim dahiləri
tanıyıb tərifləsinlər?
Molla bir az fikirləşıb deyir:
- Bunun
bircə yolu var: Biləcəridən o tərəfdə yerləşən
ölkələrin, məmləkətlərin rəhbərlərindən
xahiş edin ölkələrini də qoltuqlarına vurub
köçsünlər Biləcəridən bu tərəfə!..
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2023.- 5 may.- S.15.