Rəsul Rza və
altmışıncılar: ustadlıq missiyası
Altmışıncıların bir pleyada kimi özünəməxsusluğunu onların güclü ictimai-siyasi təsir-təzyiqlər və bu prosesə
qarşı
yönəlmiş qayğı-dəstəklər qovşağında fəaliyyət göstərməsi də
səciyyələndirirdi. Bu ədəbi nəslin bütün mühüm əsərlərinin, xüsusən
də, ədəbi-siyasi
mühitin müqavimətinə
rast gələn yaradıcılıq nümunələrinin,
zamanla uyğunlaşmayan
və uzlaşmayan kitablarının çap
olunmasında ustad Rəsul Rzanın əməyi və xidmətləri bu gün də heyrətlə anılmaqdadır. O illərdə
mübariz ədəbi
gənclik öz mənəvi liderinə və kumirinə ilhamlı şeirlər həsr etmişdi. Əli Kərimin məşhur "Şair"
ithafından tutmuş,
Məmməd Arazın
"Bu il Sabir günlərinə gəlmədi Rəsul",
Xəlil Rza Ulutürkün "Şeirimizin
Babəki" coşqun
poetik xitabına qədər onlarla gözəl bədii nümunə yaranmışdı.
Bu şeirlər və başqa bədii nümunələr
Rəsul Rzanın
60-70-ci illərin ədəbi
prosesindəki nüfuzunu
və rolunu parlaq şəkildə təsdiq edir. Bu cəhətdən təcrübəli
ədəbiyyatşünas alim və tənqidçi
Vaqif Yusiflinin aşağıdakı analitik
fikirləri əsaslıdır:
"...Rəsul Rza Azərbaycan poeziyasında
yaranan yeni meyl və istiqaməti
hamıdan qabaq duydu və əgər
belə demək mümkünsə, bu prosesdə həqiqi bayraqdar rolunu üzərinə götürdü.
Rəsul
Rzanın 60-70-ci illər
yaradıcılığında nəzərə çarpan
fəlsəfi notlar, insan amilini təkcə
sosioloji amil kimi deyil, fəlsəfi,
psixoloji, geniş mənada isə bəşəri müstəvidə
nəzərə çarpdırmaq
meyli həmin illərin cavan şairləri üçün
bir təcrübə oldu".
Altmışıncıların həyata bu cür duyğularla atılması yalnız ədəbiyyatı deyil, elə həyatın özünü də kökündən dəyişdirəcək
bir qüvvənin doğulmasından xəbər
verirdi. Yeni lirik qəhrəman
zamanın ədəbi-estetik
zövqünü də,
ümumilikdə ictimai-mənəvi
münasibətlər sistemini
də yeniləyəcək
bir enerjinin daşıyıcısı idi.
Altmışıncıların estetik intibah mücahidlərindən cəmiyyəti
yeniləşdirən gücə
- ictimai dəyişiklik
fədailərinə çevrilməsi
də məhz yaradıcılıq prosesində
baş verdi.
Bu həmin pleyadanı
şəkilləndirən və
onun ümumi atributuna çevrilən bir keyfiyyət idi. Ədəbiyyat tarixində ictimai
yeniləşmə üçün
bütün imkanlarını
səfərbər edən
ədəbi nəsillər
o qədər də çox olmayıb. Altmışıncılar pleyadası məhz
belə nadir ədəbi
mərhələlərdən birinin iştirakçıları
kimi çoxminillik söz sənəti tarixində şərəfli
yer tutmuşlar.
Xüsusi qeyd etməliyik ki, altmışıncıların
yaradıcılığında mühüm yer tutan və ayrıca
bir silsiləni təşkil edən rəmzi obrazlar müxtəlif bədii-fəlsəfi
təsir və dəyişikliklərə məruz
qalaraq, özlərinin
qayəvi hüdudlarını
və məna tutumunu genişləndirərək,
nəticədə istiqlala
işarə edən poetik obrazlar dərəcəsinə - milli
istiqlal rəmzləri
siviyyəsinə yüksəldilər. Bu mənada ədəbiyyatımızın
Vətənin müstəqilliyi
üçün apardığı
çoxəsrlik mübarizə
tarixində 1960-cı illər
əlahiddə bir etap kimi diqqətəlayiqdir.
1930-40-cı illərdə fövqəladə bir amansızlıqla həyata
keçirilən siyasi
qırğın və
qətliamlar nəticəsində
cəmiyyət mənəvi
həyatını tutmuş
sükunət buzları
məhz bu dövrdə əriməyə
başlamışdı. 1950-ci illərin ikinci yarısından sonra meydana çıxan ciddi dəyişikliklər
ictimai sahədə də müəyyən canlanmalara, bütün məzlum millətlərin
şüurunda oyanışa,
mənəvi dirçəlişə
təkan verdi.
Elə bu vaxtdan etibarən söz sənəti də repressiyalar dövründəkinə nisbətən
özünü sərbəst
hiss etməyə, bir qədər mülayimləşmiş
ictimai-siyasi iqlimdə
nəfəs almağa
başladı. Və beləliklə, təxminən,
on-on beş illik bir müddət
ərzində, bu çox qısa tarixi dövr içində estetik dünyagörüşü əvvəlkilərdən
fərqlənən, yeni
bir ədəbiyyat pöhrəsi kök atıb böyüməyə
başladı. Qısa bir
nisbi sərbəstlik,
yarımçıq hürrfikirlilik
və yarımçıq
azadlıq mühitində
böyük səltənətin
bətnində doğulan
mübariz nəsil, ədəbi pleyada növbəti milli-bədii
tərəqqi pilləsində
öz yerini tutdu. Demək olar ki, altmışıncıların ədəbi tərcümeyi-halı,
özünəməxsus poetik
qiyafəsi həmin mürəkkəb və ziddiyyətli zaman axınında, dolaşıq
və mübarizələrlə
dolu illərdə formalaşdı. Amma çox
keçmədən məlum
oldu ki, bu təzələşən
və mülayimləşən
ictimai-siyasi mühit də xalq ələm
və dərdlərini
aydın şəkildə
ifadə etməyi, açıq söyləməyi
xoşlamır. 60-80-ci illər ədəbi prosesinə diqqət yetirən professor Şirindil
Alışanlı bu epoxanın mürəkkəb
və təzadlarla zəngin poetik mənzərəsini elmi cəhətdən obyektiv canlandırıb: "50-60-cı illərdə poetik fikir həyat həqiqətinə doğru
yaradıcılıq axtarışlarında
konservativ düşüncə
tərzi ilə mübarizə aparmalı oldu. Poeziyanın tarixin sərt
həqiqətlərini, şəxsiyyətin
bugünkü taleyini sənətin əsas predmetinə çevirmək
yolunda mübarizəsi
ədəbiyyata həyatın
isti, təravətli nəfəsini gətirdi.
Həyat
həqiqəti, müasir
düşüncənin bədii
təsdiqi ətrafındakı
mübahisələr bəzən
də formanın, vəznin köhnəliyi və yaşarılığı
səmtində bir-birini
inkar edən fikir cəbhələrinə
bölündü. Bu mübahisələr
poeziyanın müasirlik,
həyatilik, reallıq
keyfiyyətlərini irəli
apardı...
50-ci illərin ikinci yarısından vüsət
alan bu
proses ədəbi fikirdə aparıcı poetik təmayül kimi həlledici rol oynamağa başladı". Altmışıncıların yaradıcılığında
özünəməxsus rəmzi
obrazların, ümumən,
poetik rəmzi təfəkkürün aparıcı
mövqeyə çıxması
mövcud ictimai-siyasi təzyiq və təsirlərin bədii fikir aləmindəki əks-sədası idi.
Qeyd etdiyimiz
kimi, altmışıncıların
ədəbi taleyində
ustad Rəsul Rzanın rolunu onların bədii fəaliyyəti və mühiti müstəvisindəki
mövqeyini dərindən
dərk etmək üçün nöqteyi-nəzərindən
maraqlı birt ədəbi-nəzəri paralelə
müraciət etmək
burada yerinə düşər. "Gümüş
dövr" rus ədəbiyyatının mahir
bilicisi, həmin dövr ədəbi prosesinin fəal iştirakçılarından və
şahidlərindən biri
Vikrot Şklovski
1917-ci il Oktyabr çevrilişinin ictimai və ədəbi həyatda yaratdığı təlatümlərin,
dəhşətli uçurumun
ayrı-ayrı sənətkların
yaradıcılıq qismətinə
qarşısıalınmaz təsirindən bəhs edərək yazırdı
ki, bu misilsiz
dönüş və
çevrilməni hər
bir ədib özünəməxsus şəkildə
yaşamağa məcbur
və məhkum idi. Bu uçurum
o qədər dərin
və qorxunc idi ki, bir
çoxları ürək
eləyib onu adlaya bilmədi. Uçurumun o biri tərəfinə - tamamilə
yeni və mənəviyyatsız cəmiyyət
məkanına bir sıra böyük ədiblər keçməyə
çətinlik çəkdilər:
Aleksandr Blok, Andrey Belıy, Sergey Yesenin, Vladimir Bryusov,
Nikolay Qmulyov, Anna Axmatova, Marina Svetayeva, Boris
Pasternak, Osip Mandelştam
və başqaları.
Bəziləri fiziki
cəhətdən bir qədər yeni cəmiyyətdə mövcud
olmaqda davam etsələr
də, onlar mənəvi cəhətdən
keçmişdən qopa bilməmişdilər.
50-ci illərin ortalarında, Stalinin
ölümündən (1953-cü il 5 mart) sonra sabiq
Sovet cəmiyyətində,
20-ci illərin əvvəllərində olduğu
dərəcədə olmasa da, hər halda böyük bir dönüş və yenilənmə mərhələsi
başlanırdı. XX qurultayın (1956-cı il
fevral) sabiq
imperiyanın ictimai-siyasi həyatında və
ədəbi-mədəni mühitlərində meydana gətirdiyi dərin çat və uçurum
hətta ən böyük sənət
adamlarını belə çətin seçim
qarşısında qoymuşdu:
Hökümət ədəbiyyatı və milli
ədəbiyyat cəbhələrindən birini
seçmək zəruri idi. Ustad Rəsul Rza heç tərəddüd etmədən ikinci cəbhədə - gənc
altmışıncıların milli ədəbiyyat
cinahında özünəməxsus bir mövqe tutdu. Beləliklə,
öz yaşıdlarından və
taledaşlarından çox az ədəbi şəxsiyyətlərə nəsib
olan bir tale - ikinci ədəbi gəncliyi
və nəsildaşlığı yaşamaq
R.Rzaya qismət oldu. Stalinin repressiya maşınının əzib məhv
etdiyi məhşur otuzuncular
nəslinin çox az
nümayəndələri almışıncıların ədəbi
yarışlarına və döyüşlərinə tab gətirə, onlarla səmimi
və təbii şəkildə qaynayıb-qarışa bildilər.
Ucsuz-bucaqsız Rusiyanın mürəkkəb,
mübarizələrlə zəngin və qaynar
ədəbi həyatında Aleksandr Tvardovski, Aleksandr Soljenitsin, Yaroslav Smelyakov və başqaları, qardaş
Özbəkistan ədəbi mühitində repressiya
iztirablarını yaşamış Mirtemir,
Maqsud Şeyxzadə, Şükrulla,
Şöhrət, Səid Əhməd, Mamarasul
Babayev və başqaları
altmışıncılarla həmfikir, həmrəy və
həmdəm ola bilmişdilər. Azərbaycan
poeziyasında bu mühüm
ədəbi-tarixi və əsl vətəndaşlıq
missiyasını cəsarətlə, qətiyyətlə və
heç bir namərd
zərbəsindən çəkinmədən Rəsul Rza yerinə yetirdi. Onun fədakar
və cəsur şagirdləri sırasında XX yüzilin ikinci
yarısındakı milli şeirimizin
korifeyləri səviyyəsinə yüksələn Bəxtiyar
Vahabzadə, Əli Kərim, Məmməd Araz,
Xəlil Rza Ulutürk,
Fikrət Qoca, Fikrət Sadıq, Hüseyn Kürdoğlu, Vaqif Səmədoğlu, Abbas
Abdulla, İsa
İsmayılzadə, Musa Yaqub
və başqalarının olması fikirlərimizin təsdiqidir.
Son 70-80
ildəki poeziyamızın, ümumən, ədəbiyyatımızın
ciddi dönüş
məqamlarını, təzlənmə mərhələlərini
təsəvvür etmək, anlamaq və obyektiv dəyərləndirmək üçün bu həqiqətləri
dərindən duymaq və bilmək vacibdir.
Yaşar
QASIMBƏYLİ
Filologiya
elmləri doktoru, AMEA-nın baş elmi işçisi
yashargasimov@mail.ru
525-ci qəzet.- 2023.- 5 may.- S.14.