Şöhrətin sevinci ona
yaraşırdı
Bir neçə gün əvvəl ARB kanalında Zəlimxan
Yaqubla bağlı verilişə dəvət olunmuşdum. İnanılası
deyil, gecə yuxuma girdi. Ürəyi, qələmi,
bütün vücudu ilə Zəlimxanın
yaradıcılığı üstə köklənən Musa
Nəbioğlundan söz saldı, razılığını
bildirdi. Qəflətən yuxudan
oyandım. Yata bilmədim. Şairlə bağlı acılı-şirinli xatirələr
kino lenti kimi göz önümdən keçdi.
Yadıma gəldi ki, bu əvəzsiz şair dostum haqqında
ölümündən keçən yeddi il
ərzində yalnız "Zəlimxansız keçən bir
il" adlı bir məqalə yazmışam.
Doğrudur, şairin sağlığında haqqında
bir neçə məqalə yazmışdım. Musa Nəbioğlunun
"Sözün Zəlimxan zirvəsi" ("Vətən"
nəşr., 2015) monoqrafiyasına 22 səhifədən
ibarət "Zəlimxanın poeziya aləminə ziyarət"
adlı Ön söz yazmışdım. Eləcə də
Əli Rza Xələflinin şairin "Əbədiyyət
dastanı"na həsr etdiyi "Ölməzlik nəğməsi"
monoqrafiyasına ("Vətən" nəşr., 2013)
geniş Ön söz yazmışdım. Şairə həsr
etdiyim "Gör ürəyim nə deyir?" məqaləm
ölümündən bir az əvvəl
çıxmışdı. Bununla belə, xəcalət
təri tökdüm. Qələmə
sarıldım və rahatlıq tapdım.
Yaradan Zəlimxan
Yaqubdan heç nəyi əsirgəməmiş, ona boy-buxun,
yaraşıq, ağıl, zəka, təfəkkür,
heç nəylə əldə edilməyən müdriklik, bəlağətli
nitq, qeyri-adi yaddaş, tükənməyən enerji, xeyirxahlıqla
döyünən ürək, ilham, fitri şairlik istedadı
bəxş etmişdi.
Şübhəsiz, buna görədir ki, Zəlimxan
poeziya aləminə şimşək kimi çaxaraq, dağ
çayı tək kükrəyərək, kürə tək
püskürərək, qayalardan süzülüb gələn
bulaq kimi qaynayaraq gəlmiş və heç vaxt çəkilmələrə
məruz qalmamış, səngiməmişdir.
Qədim
romalılardan qalma kəlam vardır: "Şairlər
doğulur, natiqlər yetişir!"
Qəribədir ki, Zəlimxan anadan şair və natiq
doğulmuşdu.
Yeri gəlmişkən
deyim ki, bizim üç tribun şairimiz olub: Xəlil Rza
Ulutürk, Tofiq Bayram və Zəlimxan Yaqub. Xəlil
Rza Ulu Türk və Tofiq Bayram kürsüdən şeir deyəndə
də, yığıncaq aparanda da zal sehirlənirdi.
Xəlil
Rza Ulu Türk təsadüfi demirdi: "Zəlimxanın
apardığı görüşlər bizim
üçün örnəkdir. Onu dinləyəndə
kiçik salon genişlənir, təlatümə gəlir, ləngər
vurur, damarlarda qan coşur, ürək qanadlanır!"
Zəlimxan Yaqubun poeziyasında iki cəhəti fərqləndirmək
istərdim. Onun poeziyasında həyat, həqiqətdə
olduğundan daha həyatidir. Ən önəmlisi isə
odur ki, onun poeziyası milli özünüdərkə,
milli ruhun təbliğinə, milli oyanışa xidmət edir.
Şairin
"Füzuli-Sabir" şeiri deyilənlərə dayaq olur:
Gözəlliyə,
gözlə könlünü bağlayanda,
Füzuli
"Heyrət" - dedi.
Millətinin
halına güləndə, ağlayanda,
Sabirim
"Qeyrət" - dedi.
Heyrət ilə Qeyrəti yoğurdular, yapdılar.
Bu ölümlü dünyada bir ölməzlik
tapdılar.
Hər
biri bu dünyada həyat qədər qalası
Azərbaycan
şeirinin
Biri Heyrət
qalası!
Biri Qeyrət
qalası!
Onca sətirlik bu şeirdə Zəlimxanın iki dahi
şairimizin ədəbiyyatımızdakı mövqeyini dəqiq
göstərə bilməsi, iki böyük nəhəngimiz
haqqında bu klassik tərifi verə bilməsi onun
istedadından xəbər verir.
Zəlimxan Yaqub olduğu kimi görünən,
göründüyü kimi olan təbii və səmimi
şair idi. Xalq ruhu ilə qaynayıb-qarışan, xalqın
içində olan, xalq tərəfindən sevilən,
poeziyası ilə xalqın qəlbində məskən salan
şair idi. Təbiət vurğunu idi.
O, təbiəti ilham mənbəyi, poeziya bulağı hesab
edirdi. Təbiətə vurğunluğu onu səyyah
etmişdi. "Hər yeri gəzməyə
ömür də çatmır" - deyən şair
ömrünün böyük bir hissəsini yollarda, səyahətlərdə
keçirirdi. Zəlimxanın səfərləri
çox vaxt əzablı, daşlı-kəsəkli olsa da,
barlı-bəhrəli olmuşdur. Zəlimxan
yaradıcılığını sistemli şəkildə tədqiq
edən Musa Nəbioğlu bu münasibətlə
yazmışdır: "İnsan doğulduğu gündən
onu axirətə aparan bir yolun yolçusu olur. Və
bu böyük yolun hər dayanacağı, hər döngəsi,
hər tini, enişi, yoxuşu insana çox şey öyrədir,
dünyagörüşünü zənginləşdirir, həyat
təcrübəsini artırır".
Mənim qənaətimə görə,
çağdaş şairlərimizdən Zəlimxan Yaqub qədər
rəsmi və qeyri-rəsmi səfərlərdə olan ikinci
bir şair təsəvvür etmək çətindir. O, Avropa, Asiya, Afrika qitələrini,
xüsusən də Türk ellərini gəzib, vətənə
bol-bol ədəbi materiallarla, şeirlərlə, poemalarla
dönüb. Onun hər səfəri bir kitaba
çevrilib. Şairin öz misralarıdır:
Şair
bu dünyanı boşuna gəzməz,
Hər səfər bir tarix, bir kitab olar.
Şair
Krıma səfər etdikdən sonra "İçimdə
Krım ağlayır" poeması, İraqda
soydaşlarımız yaşayan yerləri gördükdən
sonra "Bir kövrək havadır içimdə Kərkük",
Göyçəni ziyarət etdikdən sonra
"Göyçə dərdi" və "Ələsgər"
poemaları, müqəddəs yerləri ziyarət etdikdən
sonra "Peyğəmbər" poeması, Qazaxıstana səfərdən
sonra həyəcansız oxumaq mümkün olmayan "Sürgün",
Türkiyəni ziyarət etdikdən sonra "Yunis İmrə"
poemaları meydana gəlmişdir. Borçalı
ilə bağlı "Aşıq Hüseyn
Saraçlı" dastanını yazmışdır.
Xalq
yazıçısı Elçin şairin dastanını
yüksək qiymətləndirmişdir: "Zəlimxan Yaqub
"Aşıq Hüseyn Saraçlı" dastanı ilə
yazılı ədəbiyyatımıza dastan janrını gətirmişdir.
Şairin göz yaşları ilə bir nəfəsə
yazdığı möhtəşəm "Əbədiyyət
dastanı" və "Saz" poemaları üzərində
xüsusi dayanmaq istəyirəm. "Əbədiyyət
dastanı" Azərbaycan tarixində epoxa olan, xalq
qarşısında misilsiz xidmətlərinə görə
xalqın qəlbində əbədilik qazanan dahi şəxsiyyət
Heydər Əliyevə kədər dağının zirvəsindən
oxunan elegiyadır, ölməzlik nəğməsidir.
"Əbədiyyət dastanı" ali
kədər və ali məhəbbətdən yaranıb:
Mən
belə ağlamışam,
Qanlı
fələk ilk dəfə
Ürəyimi qıranda.
Yetim
qalıb atamı
Torpağa basdıranda.
Poemanın son misralarında şairin səmimiyyəti və
Ulu öndərə sonsuz məhəbbəti özünü
bariz şəkildə göstərir.
Eşqin
ilə yaratdığım bu dastanın
Son nöqtəsi mən öləndə qoyulacaq.
Açığını
deyim, Zəlimxanın "Əbədiyyət dastanı" və
VII əsr Azərbaycan hökmdarı Cavanşirin
ölümünə şair Dəvdəkin ürəklərə
od salan ağıları, elegiyaları qədər heç nə
məni bu qədər kədərləndirməmişdir. Dəvdəkin
on üç bənddən ibarət qəsidəsindən -
elegiyasından dörd misranı burada verməyi münasib
bildim:
Mənim
ağım nə qu quşu, nə də pəri nəğməsidir,
Qatarından ayrı düşən bir durnanın naləsidir.
Yetim
qalıb bizim şəhər, kövrəkləşib Qədim
qala
Uzun illər görməmişdik bu cür kədər,
bu cür bəla.
Məlumdur ki, Zəlimxan Yaqub Aşıq
yaradıcılığını, aşıq sənətini
dərindən bilirdi. Bu, təsadüfi deyildir. Zəlimxanın mayası sazla, sözlə
tutulmuşdu. Buna görə də
şairin "Saz" poeması xalqımıza əvəzsiz
töhfədir. Ədəbiyyatşünas alimimiz Azər
Turan Zəlimxan Yaqubun yaradıcılığına həsr
etdiyi "Əzəl-axır dünya türkün
dünyası" əsərində şairin "Saz"
poemasına layiq olduğu qiyməti verə bilmişdir:
"Azərbaycanda muğamın dərki müstəvisində
Bəxtiyar Vahabzadənin "Muğam" poeması hansı
işi görübsə, Zəlimxan Yaqubun "Saz" poeması
da saz havalarının dərki müstəvisində eyni
işi görmüşdür".
Dahi
Ü. Hacıbəyli yazırdı: "Aşıq sənəti
elə bir aləmdir ki, burada bəstəkarın da, şairin
də, xanəndənin də, rəqqasın da istənilən
qədər götürə biləcəyi pay vardır".
Mənə belə gəlir ki, şairlərimiz
arasında aşıq sənətindən, aşıq
yaradıcılığından Zəlimxan qədər pay
götürən, bəhrələnən ikinci bir şairimiz
yoxdur.
Yeri gəlmişkən, Zəlimxan Aşıq Birliyinin sədri
olanda Azərbaycan Aşıq mühitlərini və türk
dünyasını birləşdirmişdi. İki ildən
bir Türk dünyasının Aşıq festivalları
keçirilirdi. Güney Azərbaycan və
Türk aşıqları tez-tez ölkəmizə gəlirdilər.
Bu gəliş-gedişlər saz-söz sənətinin zənginləşməsinə xidmət edirdi. Böyük yaradan Zəlimxana qısqanclıqdan savayı hər şey bəxş etmişdi. O, şairlərimizi təbliğ etməkdən usanmırdı. Poeziyamıza sonsuz məhəbbəti, qeyri-adi hafizəsi, bəlağətli nitqi, xeyirxahlıqla döyünən ürəyi vardı. Şairlərimizi təbliğ etməsi bir örnək idi. Yaxşı yadımdadır, 1994-cü ilin sentyabr ayında dörd avtobusda, İraqa - Füzulinin 500 illik yubileyinə gedirdik. Zəlimxanla bir avtobusda gedib-gəldik. Onun Bağdada qədər klassik və çağdaş şairlərimizdən, aşıq poeziyasından "Koroğlu" və "Aşıq Qərib" dastanlarından şeirlər deməsi hamını heyrətə gətirmişdi. Etiraf edək ki, şairin özünün sahibsiz ümmana bənzər şeir baxçası poeziyasevərlərin seyrangahına çevrilmişdir. Sonsuz xalq məhəbbəti qazanan şair sağlığında şöhrətin sevincini bol-bol yaşadı. Şöhrətin sevinci ona yaraşırdı.
Azərbaycan və Gürcüstan Respublikalarının "Şöhrət" və "Şərəf" ordenlərinə eləcə də yüksək "Xalq şairi" fəxri ada layiq görülmüşdür. Nə edəsən ki, vaxtsız əcəl onu bizdən tez ayırdı. Təsəllini Zəlimxanın uyuduğu müqəddəs məkanda vaxtilə Üzeyir Hacıbəylini son mənzilə yola salanda Səməd Vurğunun dəfn mərasimində oxuduğu şeirdə tapırıq. Şeiri xalq qarşısında böyük xidmətləri olan dünyasını dəyişmiş görkəmli yaradıcı şəxsiyyətlərə, o cümlədən də Zəlimxan Yaquba aid etmək olar:
Ölüm
sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Zəlimxan Yaqub sevərək yaşadı,
sevilərək əbədiyyətə qovuşdu.
Qəzənfər
PAŞAYEV
Respublika
Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2023.- 5 may.- S.13.