Yeni qitəyə "İki dahi" ilə...
PROFESSOR ƏSGƏR ZEYNALOVUN MONOQRAFİYASI AVSTRALİYADA NƏŞR OLUNUB
Azərbaycan
Dillər Universitetinin Fransız dili və Mədəniyyəti
Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor
Əsgər Zeynalovun "İki dahi" adlı əsəri
Avstraliyada işıq üzü görüb. Kitab
Adelaide şəhərində, "Digital Print Australia" nəşriyyatında
çap olunub.
Ölkəsinə,
elinə, doğulduğu torpağa qəlbən bağlı
olan vətənpərvər alimin əsərlərinin xarici
ölkələrdə çıxan bütün nəşrləri
kimi, bu kitabı da "Əsgər Məmməd oğlu
Zeynalov 1951-ci il sentyabr ayının 27-də
İrəvan yaxınlığındakı Zəngibasar
mahalının Yuxarı Necili kəndində anadan
olmuşdur" cümləsi ilə başlayır və həmin
ifadə ilə də tamamlanır. Kitabda ədəbiyyatşünas
alimin uzun illər Azərbaycan Dillər Universitetinin Praktik
fransız dili və Qafqazşünaslıq
kafedralarının müdiri, Tələbə Elmi Cəmiyyətinin
sədri, hazırda həmin ali məktəbin
Fransız dili və Mədəniyyəti Mərkəzinin
müdiri olduğu diqqətə çatdırılır.
Ə.Zeynalovun
40-a qədər kitabın, 400-dən artıq elmi-publisistik məqalənin
müəllifi olduğu, İranda, Türkiyədə,
Rusiyada, Serbiyada, Çində məqalələrinin, Rusiya,
ABŞ, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan və
İsveçdə monoqrafiyalarının çap edildiyi
göstərilir.
O da qeyd olunur ki, professor Ə.
Zeynalov 2003-cü ildə "Fransız ədəbiyyatında
Şərq" mövzusunda doktorluq dissertasiyasını
müdafiə edib, müəllifin "Hüqo"
monoqrafiyası 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunub, Türk
Dünyası Araşdırmalar Beynəlxalq
Akademiyasının qızıl medalına layiq
görülüb (2019). Müəllif müxtəlif vaxtlarda
dahi fransız ədibləri La Fonten, Volter, Hüqo, Balzak,
Stendal, Düma, Flobert , Merime və Mopassan
haqqında məqalələr dərc etdirib.
Azərbaycan dilindən ingiliscəyə dosent
F.Abdullayevanın tərcümə etdiyi "İki dahi" əsərinin
mühüm bir qismi Azərbaycanla bağlıdır. Volterin Astiaq əfsanəsinə
baxışı, Zərdüştlük haqqında
düşüncələri, Uzun Həsən, Şah
İsmayıl Xətai, Nadir Şahla bağlı fikirləri
son dərəcə maraq doğurur. Əsərdə diqqətə
çatdırılır ki, Volterin "Zadiq, yaxud Tale" əsərində
Zərdüştə tez-tez müraciət olunur, nümunələr
gətirilir ki, bu da həm Anketil du Perronun 1771-ci il nəşrini, eləcə də fransız ədibinin
"Esse"lərini bir neçə il qabaqlayır.
Professor Ə. Zeynalov bu monoqrafiyasında
Volter yaradıcılığının Şərq
qaynaqlarına, onun şərq mədəniyyətinə
baxışlarını geniş surətdə təqdim edərək
belə qənaətə gəlir ki, fransız ədibi
bütün elmlərə - kimya, astrologiya, riyaziyyat, tibb,
poeziyaya toxunaraq bu sahələrdə Şərq mədəniyyətinin
güclü inkişafını və Avropanı bir neçə
əsr qabaqladığını tutarlı faktlarla, müqayisələrlə
təsdiqləyib.
Fransız
ədibin esselərində geniş söz açılan şərq
xalqlarından biri də türklərdir: "V əsrdə
onlar Roma imperiyasını darmadağın etdilər. İspaniyanı və
romalıların Afrikada malik olduğu yerləri tutdular, sonra
Babilistan xəlifələrini özlərinə tabe etməsinin
şahidi olduq". Volter türklərin,
tatarların, skiflərin eyni mənşəli olduğunu,
Atillanın da bu kökə mənsubluğunu yazır.
Fransız
ədibi türklərin son dərəcə məğrur
olduğunu, sərtliklərini əcdadları skiflərdən
alaraq qoruyub saxladıqlarını bildirdikdən sonra, 1453-cü
ildə Sultan
II Mehmed tərəfindən İstanbulun fəthi üzərində
geniş şəkildə dayanır. Konstantinopolu o dövr
üçün dünyanın paytaxtı adlandıran Volter,
21 yaşlı II Mehmedin yüksək sərkərdəlik
qabiliyyətini, üstün döyüş taktikasını,
İstanbulu necə məharətlə aldığını
heyranlıqla təsvir edir.
Monoqrafiyada Volterin "Zairə" və "Skiflər"
faciələri də geniş surətdə təhlil süzgəcindən
keçirilib.
Ə.Zeynalov fransız ədibinin fikirlərini ehkam kimi qəbul
etməyərək, məqamı gəldikdə, məsələlərə
öz münasibətini bildirir.
Monoqrafiyada bəhs olunan ikinci dahi Viktor Hüqodur. Əgər Volter XIII əsr fransız
maarifçiliyinin ən böyük simasıdırsa, Hüqo
XIX əsr fransız romantizminin ən böyük nümayəndəsidir.
Tədqiqatçı bu iki mütəfəkkir ədibin
yaradıcılığı, həyatı, xarakterləri
arasında bir sıra oxşar cəhətləri qabarıq
şəkildə təqdim etməyə
çalışıb. Bunlardan ən başlıcası hər iki ədibin Şərqə
müraciət edib, Şərq mövzusunda əsərlər
yazmasıdır. Hüqonun öz sələfi
haqqındakı məqalələri də diqqətdən
qaçmır.
Araşdırmada Hüqonun həyatının o qədər
də asan olmadığı barədə tutarlı faktlar,
mülahizələr var və monoqrafyada bu cəhətlər
aydın şəkildə təqdim olunub.
Kitabın
"Hüqonun müasirləri" bölməsində, əvvəlki
nəşrlərdən fərqli olaraq, yeni bir ad diqqət
çəkir: "Jozef Artur dö
Qobino". Əsərdə Qobinonun
yaradıcılığı - şair, dramaturq,
yazıçı, ədəbiyyatşünas, eyni zamanda,
siyasi xadim kimi fəaliyyəti təqdim olunur. Onun
Yunanıstanda, İranda, İsveçdə, Avstraliyada diplomat
kimi fəaliyyət göstərməsi haqqında müəyyən
qədər məlumat verilir və fransız ədibinin 80 səhifədən
ibarət olan "Şamaxı rəqqasəsi" üzərində
xüsusi dayanılır.
1862-ci ildə
qələmə alınmış "Şamaxı rəqqasəsi"
əsərindəki
hadisələr rusların Şimali Azərbaycanı
işğalından sonrakı vaxtlarda cərəyan edir. Əsərdə
Azərbaycan xalqının bir sıra adət-ənənələri,
mədəniyyəti, etnoqrafiyası çox gözəl
şəkildə öz əksini tapıb, bəzən də
incəlikləri ilə təqdim olunub. Qobino
Şamaxıda məşhur adamların təşrif
buyurduqları bir məclisi təsvir edərkən oraya gətirilmiş
musiqi alətlərindən söhbət açaraq yazır
ki, "burada bizim gitaraya oxşar bir musiqi aləti var, onu tar
adlandırırlar. Skripkaya oxşar, lakin
qolu olan digər bir alətin adı kamançadır. Üçüncü, simli bir alət rübab adlanır.
Dörduncü alət isə öz ritmləri
ilə xüsusi qeyd olunmağa layiq və bütün Asiya
musiqi alətlərindən fərqlənən tambur idi".
Tar, kamança,
rübab, tambur sözlərinin Qobinonun əsərində eynilə
Azərbaycan dilində olduğu kimi təqdim edilməsi, əlbəttə,
hər bir azərbaycanlı oxucuda fərəh hissi doğurur.
Yaxud
Qobino "Şamaxı rəqqasəsi" əsərində
göstərir ki, "Şamaxıda məclisin təşkil
olunduğu çox səliqəli, möhtəşəm zalda
rəqs başladı və xeyli müddət davam etdi. Musiqi
qurtaranda cuşa gəlmiş tamaşaçıların
gurultulu alqışları az qala
partlayışa çevrildi. Yalnız ispan Moreno yerində donub
qalmışdı. Morenonu müşaiyət edən,
fransız dilini gözəl bilən, rəqs məclisindən
cuşa gəlib, xüsusilə Um-Ceyhanənin
rəqsinə heyran olub, "Cənnət" deyib
qışqıran Həsənov
bəyan edir ki, mən mədəni bir adamam, Sankt-Peterburqda hərbi
məktəbdə təhsil almışam, belə bir şey
görməmişəm".
"Hüqo və Azərbaycan" bölməsində ədibin
əsərlərinin ölkəmizdə tədqiqi və tərcüməsi
tarixinə ekskurs edilib, maraqlı mülahizələr irəli
sürülüb.
"Hüqonun poeziyası" bölməsində
Ə.Zeynalov Hüqonun 1843-cü il sentyabr
ayının 4-də qızı Leopoldinanın faciəli
ölümündən sonra 13 il müddətində
yazdığı şeirlər, daha doğrusu
qızının ölümünə həsr etdiyi və
1829-cu ildə yanvarın 14-də işıq üzü
görmüş məşhur "Şərq motivləri"
şeirləri tədqiqata cəlb olunub.
Hüqonun
1831-ci ildə nəşr etdirdiyi "Paris Notr Dam kilsəsi"
və böyük rus yazıçısı Lev Tolstoyun
"fransız ədəbiyyatının ən yaxşı
romanı" adlandırdığı "Səfillər"
(1862) romanları müfəssəl araşdırılıb.
Monoqrafiyada
Hüqonun aforizmləri də yer alıb: "Ağız təkcə
yemək üçün deyil, həm də yemək
üçündür", "Dərdli adamlar yol getdikləri
zaman heç vaxt geriyə dönüb baxmırlar,
çünki onlar öz qara talelərinin dalınca gəldiklərini
çox gözəl bilirlər", "Hamı xoşbəxt
olmağı bacarmır", "Dünyada körpə
qığıltısından gözəl himn yoxdur" və
sair.
"Hüqonun
mülahizələri" hissəsində XIX əsr
fransız ədəbiyyatının görkəmli nümayəndələrindən
Honore dö Balzak, Aleksandr Düma, Jorj Sand, Qustav Flober, Qui
dö Mopassan, Jozef Artur dö Qobino haqqında oçerklər
kitabın daha da zənginləşməsinə səbəb
olub. Bu oçerklərdə Hüqonun həm də sadiq dost
olduğu faktlarla oxucunun diqqətinə
çatdırılır.
"Hüqo İslam dinini qəbul etmişdirmi?"
oçerki monoqrafiyanın ən maraqlı hissələrindəndir. Bu barədə
bir çox faktların üzə
çıxarılmasında professor Ə.Zeynalov seneqallı
alim Han İbrahimin zəhmət və xidmətlərini də
dəyərləndirir.
Monoqrafiyada
Hüqonun islam dininə meyillənməsi
haqqında bir sıra mülahizələr irəli
sürülür, şəxsi düşüncələrlə
yanaşı, qaynaqlara istinad da diqqət çəkir. Belə bir mülahizə maraq doğurur ki, o
dövrün sıxıcı, əzici mühitində bir
çox Qərb yazıçı, şair və mütəfəkkirləri
azad, sakit, rahat bir dünya axtarırdı. Belə bir aləmin onlar üçün Şərqdə
tapıla biləcəyini düşünürdülər.
Məsələn, 1854-cü ildə İrana səfir
kimi gələn Qobino 2 ildən sonra həyat yoldaşı və
qızlarına Avropaya - Fransaya getməyi məsləhət
bilir, özünü isə şərqli elan edərək
burada qalacağını söyləyir.
1840-cı ildə fransiz dilinə tərcümə edilmiş "Qurani-Kərim"i dərindən mənimsəyən Viktor Hüqonun İslam dinini qəbul etmək fikrinə gəlməsi, görünür, həyatın yaratdığı zərurətlərdən biri idi. Monoqrafiyada göstərildiyi kimi, 1885-ci il may ayının 22-də Hüqo dünyasını dəyişərkən Katolik kilsəsinin orqanı olan "Xaç" qəzetində yazılmışdı: "30 ildən bəridir ki, o (Hüqo) dəli olmuşdur". Müəllif qeyd edir ki, 30 il, təxminən fransız ədibinin Məhəmməd (s.a.s) Peyğəmbərə həsr etdiyi "Hicrinin doqquzuncu ili" poemasını yazdığı vaxta düşür.
Professor Ə.Zeynalovun fransız mütəxəssisi, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin sədri Arno Lasterlə məktublaşması da kitabın diqqətçəkən səhifələrindəndir.
Professor Əsgər Zeynalovun indiyədək
Avropa, Asiya, Amerika qitələrində kitabları nəşr
olunmuşdu. Avstraliyada azərbaycanlı ədəbiyyatşünasın
"İki dahi" kitabının işıq üzü
görməsi ilə onun yaradıcılığının
yayıldığı qitələrin
sayı 4-ə çatdı. Sözsüz ki, onun "İki
dahi" monoqrafiyasının Avstraliyada nəşr olunması
Azərbaycan elminin mühüm nailiyyətidir. Fədakar
və zəhmətkeş alim, dəyərli
ziyalı professor Əsgər Zeynalovu bu münasibətlə
ürəkdən təbrik edir, ona yeni yaradıcılıq
uğurları arzulayırıq.
Aynur
SABİTOVA
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2023.- 5 may.- S.12.