Naxçıvandan qurtuluşa gedən yol
...1990-cı
ilin iyul ayı idi, "Boeing"lərdə,"İL-62"lərdə
dünya ölkələrinə nümayəndə heyətinin
başçısı kimi gedən Heydər Əliyev
poçt təyyarəsi ilə Naxçıvana uçurdu. Lyuks salonda qarşısında
açılmış süfrənin, həmin gün
çapdan çıxan qəzetlərin səliqəli
düzümü əvəzinə pərakəndə
atılmış qəzet-jurnal bağlamalarının,
poçt yeşiklərinin, məktubların ağır
qoxusunda dünyanın işlərinə gülümsəyərək
yol gedirdi. Təyyarədə onu
müşayiət edən köməkçilərin, tərcüməçilərin,
referentlərin, onlarla xidmətçi heyətin əvəzinə
yalnız qardaşı Cəlal Əliyev yanında idi. O
zaman dünyanın super dövlətlərindən birinin beynəlxalq
nüfuzunu yüksəltmək üçün uçurdu,
indi təqiblərdən, təzyiqlərdən, təhdidlərdən
qurtulmaq üçün, o zaman onu hava limanında dövlət
başçıları, əllərində
gül-çiçək dəstələri tutmuş səliqəli
qızlar, hərbi orkestrlər qarşılayardı, indi
Naxçıvanda heç kəs bilmirdi ki, (bilsəydilər,
yüz min adam olardı, ancaq məsləhət
olmamışdı) Heydər Əliyev gəlir. Təyyarədən düşəndə o
dövrün ən dəbdə olan bahalı avtomobilləri-ZİL-117,
"Çayka" ilə ünvanına gedərdi, indi isə
köhnə bir "Jiquli"onu gözləyirdi.
Akademik Cəlal
Əliyevin xatirələrindən:"Naxçıvanda, demək
olar ki, heç kəsin Heydər Əliyevin gəlişindən
xəbəri yox idi. Aeroportdan bir
tanışımızın "Jiquli"sində şəhərə
yollandıq. Qardaşımı maşında görən
bir yaşlı kişi dedi: "Gör ey,
dünyanın işinə bax, belə bir adamı necə
maşında aparırlar!"
Köhnə ata ocağına gəldik. Bir az əvvəl
buradan böyük bacımız Surə xanımı son mənzilə
yola salmışdılar. Heydər Əliyevin
qayıtması xəbəri dərhal şəhərə
yayıldı. Xalq həyətimizə
axışdı. Dar küçədə
qələbəlik yarandı.
Axşamüstü Hüseyn Cavidin məzarına baş
çəkdik. Naxçıvanlılar sevinclə Heydər
Əliyevi salamlayırdılar. Böyük
şairin məzarını baxımsız görəndə
onun qanı yaman qaraldı. Sonra mərkəzi meydana
üz tutduq, axşam saat 6-7-dək burada 80 minə yaxın adam toplaşmışdı.
Çoxları
əllərində Əliyevin portretlərini tutmuşdu; kimi
bir ulduzlu, kimi iki ulduzlu, - görünür, kitab
anbarlarında köhnə ehtiyatları eşələyib
çıxarmışdılar.
Heydər Əliyev həyəcanını gizlətmirdi. Üç il davam edən
faktiki təcrid olunmadan, təqiblərdən sonra doğma
torpaqda belə səmimi, mehriban qarşılanma onu həyəcanlandırmışdı..."
Heydər Əliyev verdiyi müsahibələrinin birində
qeyd edir ki, mən 90-cı ilin yanvar ayında baş verən
faciələrdən sonra siyasətə qayıtmaq
haqqında, xalqı düşdüyü bu bəlalardan
qurtarmaq haqqında düşünürdüm. Ancaq bir qədər
də tərəddüd edirdim. Fikirləşirdim
ki, daha mənimki keçdi, bu qədər xəyanətlər,
dönüklüklər görəndən sonra böyük
siyasətə qayıtmağa dəyməz.
Naxçıvanda iyulun 22-də 80 minə yaxın insanın
meydana toplaşması, onların məni belə məhəbbətlə
qarşılaması isə mənə yeni bir ruh verdi: Deməli, insanlar məni
unutmayıblar..."
Nə qədər dahi, dünyagörmüş, dərin
təfəkkürlü olursa da olsun, insan elə insandır. Qorbaçovun
paxıllıqdan və qısqanclıqdan 1987-ci ildən də
qabaq başladığı qarayaxma,
"gözümçıxdı", təcridetmə
kampaniyası, bütün imtiyazlardan, imkanlardan
uzaqlaşdırılma, müxtəlif təxribatlar, hədə-qorxu
dolu imzasız məktublar, qəzetlərdə hədyan dolu
yazılar, 3 ildən artıq insanlarla
ünsiyyətin, "Hökumət sanatoriyasından" bir
addım kənara çıxmağın yasaq edilməsi və
digər məhrumiyyətlər öz təsirini göstərmişdi.
Heydər Əliyev kimi qaynar həyata öyrəşən,
bütün hadisələrin daim episentrində olan, çətinə
düşən hər kəsin müraciət etdiyi insan birdən-birə
böyük təzyiq və nəzarət altına, hətta həyatla
ölüm arasında burulğana düşərək
yalnız fiziki cəhətdən üzülməmişdi, həm
də mənəvi baxımdan sarsılmışdı. Polad iradəli,
qətiyyətli, inamlı bu insan gördüyü xəyanətlərdən,
yaxşılıq etdiklərindən aldığı zərbələrdən,
"atılan daşlardan", arxadan sancılan xəncərlərdən
bir qədər müvazinətini itirib ruhdan düşmüşdü.
Ancaq Naxçıvanda insanların sevgisi, inam dolu
baxışları, ümid yeri kimi müraciətləri,
çoxdan görmədiyi səmimi ehtiram ona yeni bir ruh verdi: "Deməli, mən hələ insanlara
lazımam!"
Ulu
öndər sonralar bu barədə deyəcəkdi:
"1990-cı ilin yayı idi. Mən buraya gələrkən
Naxçıvanı çox çətin bir vəziyyətdə
gördüm. Amma eyni zamanda,
özümü çox rahat hiss etdim. Moskvada
məni təqib edirdilər. Hətta Yanvar
hadisələrindən sonra hərəkətlərimə
görə mənə qarşı repressiya planları
hazırlanmışdı və onları həyata keçirmək
istəyirdilər. Bakıya gələndə xalq tərəfindən
mənim gəlişim böyük ruh yüksəkliyi ilə
qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər
tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə
də, mən Naxçıvana gələndə
Naxçıvan ayağa qalxdı, Naxçıvan məni
qucaqladı, bağrına basdı. Son illər
çəkdiyim bütün əzab-əziyyəti unutdum.
Görünür, mənim Naxçıvana gəlişim
taleyin işi imiş".
...Ulu
öndərin Naxçıvanda nüfuzu çox böyük
idi. Heydər Əliyev sonralar həmin günləri belə
xatırlayırdı: "Moskvadakı isti mənzilimdən
qışda 40 dərəcə şaxta olan Naxçıvana
gəlməyə məcbur oldum. Kabinetimdə
palto və papaqla otururdum, əllərimi isitməyə belə
imkan tapmırdım. Mən belə şəraitdə
yaşayırdım və inanırdım ki, daha siyasətə
qayıda bilməyəcəm".
Regiona gəlməsindən
bir ay sonra, 21 avqust 1990-cı il tarixində
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin qərarı
ilə tarixi xidmətlərini nəzərə alaraq Heydər
Əliyevə Muxtar Respublikanın vətəndaşı
statusunu verildi. Bu status ona sentyabr ayında
baş tutacaq Azərbaycan SSR parlament seçkilərində
iştirak etməyə imkan yaratdı. 1990-cı
ilin sentyabrın 30-da keçirilən seçkilərdə
Heydər Əliyev 34 nömrəli Nehrəm seçki dairəsindən
deputatlığa namizədliyini irəli sürdü. Seçkilərdə ən yüksək nəticəni
Heydər Əliyev göstərmişdi. Belə
ki, Nehrəm seçicilərinin 95 faizi ona səs vermişdi.
Müsahibələrinin birində deyirdi: "Bilirsiniz, son illərdə
mənim haqqımda o qədər ədalətsizlik edilib ki,
haqsızlıq həyatımı zəhərləyib. Belə
bir əhvali-ruhiyyədə olan adam isə
özünü toplayıb sistemli bir iş aparmaqda çətinlik
çəkir. Bəzən çox mütaliə
edirəm, bəzən yazıram.
- Memuar
yazırsınız?
- Hələ
konkret heç nə demək olmaz, amma bəzi qeydlər edirəm.
Sinəm doludur. Onlar gərək
yazıla və xalqa çatdırıla. Əgər
bu borcumu yerinə yetirmədən dünyadan köçsəm,
çox pis olar. Mənim bildiklərimi demək olar ki, Azərbaycanda
heç kim bilmir.
-Yoldaş
Əliyev, Siz bir anlığa mənim yerimə
olsaydınız, Heydər Əliyevə ən başlıca
sualınız nə olardı?
- (Xeyli gülür). Hansı sualı verərdim?
Çox sual verərdim.
-
Başlıca sual?
-
Başlıca sual? Soruşardım ki, ay
Əliyev, bəzi adamları niyə yaxşı
tanımamısan?"
1990-cı
il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci
sessiyasında deputatlar iclasın aparılmasını hələ
sədr olmasa da, böyük hörmət əlaməti olaraq
yekdilliklə görkəmli dövlət
xadimi, 2 nömrəli seçki dairəsindən
Naxçıvan Ali Sovetinə deputat seçilmiş Heydər
Əliyevə tapşırdılar. Sessiyada Azərbaycanda
gedən ictimai-siyasi proseslər, milli dövlət
quruculuğu və suverenlik məsələləri geniş
müzakirə olundu, tarixi əhəmiyyət kəsb edən
bir sıra qərarlar verildi. Bu qərarların
sırasında Naxçıvan Muxtar Respublikasının və
Ali Sovetinin adından "Sovet Sosialist" sözlərinin
çıxarılması, Azərbaycan Demokratik
Respublikasının rəmzi olan üçrəngli
bayrağın rəsmi şəkildə dövlət
bayrağı kimi qəbul olunması və s. var idi. Bundan başqa, Heydər Əliyevin təklifi ilə
Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti
qarşısında üçrəngli bayrağın
bütövlükdə Azərbaycanın rəsmi dövlət
rəmzi kimi tanınması haqqında vəsatət
qaldırdı.
1991-ci il iyulun 19-da Heydər Əliyev Sov. İKP
üzvü sıralarından çıxmağı ilə
bağlı bəyanat verdi. Buna
görə o, SSRİ Nazirlər Kabinetinin Partiya Təşkilatına
müraciət (Naxçıvanda yaşasa da, Heydər
Əliyev Partiya qeydiyyatında Moskvada idi) ünvanladı.
Müraciətdə yazılırdı: "Mən kommunist
ailəsində böyümüşəm və bütün
şüurlu həyatım Kommunist partiyası ilə
bağlı olub. 1943-cü ildə 20
yaşında ikən öz taleyimi bolşeviklər
partiyasına bağlamışam. Kommunist
partiyasının ideallarına varlığımla
inanmışam və onun planlarının həyata
keçirilməsində fəal iştirak etmişəm.
İndi bütün bu inamlarım məhv olub. Yeniləşən
partiya və respublikaların yeniləşən ittifaqı
haqqında saysız-hesabsız bəyanatlar yenə də
xalqı aldatmaqdır. Xalqa açıq və
doğrusunu demək lazımdır ki, bizim ölkədə
kommunizm eksperimenti, sosializm yolu özünü
doğrultmadı, zorakılıqla yaranan və saxlanan
respublikaların ittifaqı süquta uğramaqdadır.
Bu bəyanatdan sonra qarşıma çıxa biləcək
çətinlikləri təsəvvür edir, hər cür
hücumları və mənəvi zərbələri
qabaqcadan görürəm.
Partiyanın keçdiyi yolun ətraflı təhlili məni
yuxarıda bəyan etdiyim indiki mövqeyə gətirdi".
… Ümumiyyətlə, 1991-ci ilin sentyabr-dekabr
ayları Azərbaycan üçün çox gərgin
keçdi. Avqust çevrilişindən
sonra sərhəd ərazilərdə Sovet hərbi bölmələrinin
fəaliyyəti faktiki olaraq dayanmışdı. Bu, erməni hərbi qüvvələrinin
Dağlıq Qarabağ və ətrafında, eləcə də
Naxçıvandakı ərazilərimizə hücumu ilə
nəticələndi.
Prezident Ayaz Mütəllibov sentyabrın
5-də Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinin yaradılması haqqında, oktyabrın 9-da isə
Azərbaycan Respublikasının Silahlı Qüvvələri
haqqında qanunu imzalasa da, ölkədə faktiki olaraq
heç bir hərbi birləşmə yox idi. Azərbaycanın
o vaxtkı müdafiə naziri olmuş Tacəddin Mehdiyev
xatırlayır: "Heç bir hərbi
avadanlığımız yox idi. Heç kəslə
danışmaq mümkün deyildi. İndi
mobil telefonlar var. O vaxt bütün
danışıqlarımız dinlənilirdi. Nə kazarma, nə silah, nə də texnikamız var
idi".
1991-1992-ci
illərdə Ayaz Mütəllibov hakimiyyətinin dünyada
gedən prosesləri, o cümlədən, respublikadakı
ictimai-siyasi mühiti, əhalinin müstəqillik iradəsini
və s. düzgün qiymətləndirə bilməməsi
Qorbaçov tərəfindən SSRİ-nin qorunub saxlanması
ilə bağlı "yeni ittifaq müqaviləsi" layihəsinin
ortaya çıxarılmasına münasibətdə də
özünü göstərirdi. İmperiya
iddialarından əl çəkə bilməyən SSRİ rəhbərliyinin
hazırladığı bu layihə Azərbaycan
xalqının milli müstəqillik və dövlətçilik
ideyalarına daban-dabana zidd idi. Ən təəssüf
doğuran hal isə ondan ibarət idi ki, layihə SSRİ Ali
Sovetinin sessiyasında müzakirə olunarkən Azərbaycan
SSR Ali Sovetinin Sədri orada çıxış edərək
sənədi müdafiə etmişdi. Bu isə
müstəqillik əzmi ilə yaşayan Azərbaycan
xalqından fərqli olaraq, respublikaya rəhbərlik edən
bir qrup insanın hələ də imperiya boyunduruğunda
yaşamaq istəyinin bariz ifadəsi idi.
Heydər
Əliyev Naxçıvan MR Ali Məclisinin 1991-ci il yanvarın 14-də keçirilən
sessiyasında bu məsələ ilə bağlı
çıxış edərək yeni ittifaq layihəsinin
milli maraqlara zidd olduğunu əsaslandırdı.
1991-ci il sentyabr 3-də isə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi tarixi qərar qəbul etdi. Naxçıvan Muxtar Respublikasının
bütün əhalisi Ali Məclisin Sədri vəzifəsinə
görkəmli dövlət xadimi, böyük siyasətçi,
xalqının sədaqətli rəhbəri Heydər
Əliyevin seçilməsini qətiyyətlə tələb
edirdi. Həmin gün Ali Məclisin
binası qarşısına toplaşmış minlərlə
insan Heydər Əliyevin seçilməsini tələb edən
bəyanatlarla çıxış edirdi. Lakin
sessiyanın keçirilməsinə qədərki mərhələdə
Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Muxtar
Respublika Ali Məclisinin üzvü kimi ölkədə, o
cümlədən, regionda gedən ictimai-siyasi proseslərdə
öz sözünü deyən, cəmiyyət həyatının
demokratikləşdirilməsinə ciddi təsir göstərən,
xüsusən, özünü bütövlükdə
dövlət müstəqilliyi uğrunda mübarizəyə
həsr etmiş, Naxçıvanın ərazi bütövlüyünün
qorunub saxlanılması üçün xalqın birliyinə
nail olmuş Heydər Əliyev heç bir rəsmi dövlət
vəzifəsi daşımaq niyyətində
olmadığını bildirmişdi.Bununla belə, xalqın
tələbi ilə o Ali Məclisin sədri seçildi.
Bakıda isə vəziyyət getdikcə gərginləşirdi. AXC-nin güclü təzyiqindən
sonra 1992-ci il martın 5-də Ali Sovetin sədri
Elmira Qafarova, bir gün sonra isə Ayaz Mütəllibov istefa
verməyə məcbur oldu. Prezident səlahiyyətlərini
martın 5-də Ali Sovetin sədri seçilmiş Yaqub Məmmədov
icra etməyə başladı.
Yeni seçilən Ali Sovetin sədri Yaqub Məmmədovun
siyasi təcrübəsinin azlığı ona dövləti
idarə etməyə imkan vermədi. Onun Tehranda Levon Ter-Petrosyanla
görüşü zamanı erməni hərbi bölmələri
Şuşa şəhərini ələ
keçirdi. Şuşanın işğalı
yeni hökumət böhranı formalaşdırdı. Ayaz Mütəllibovun tərəfdarları bundan
istifadə edərək eks-prezidenti yenidən hakimiyyətə
gətirməyə çalışdı.
Həmin dövrdə müxtəlif ictimai-siyasi qüvvələrin
hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi
aparması və öz məqsədlərinə çatmaq
üçün silahlı qarşıdurmalar, vətəndaş
müharibəsi törətməsi Azərbaycanı ciddi təhlükə
ilə üz-üzə qoymuşdu. Ölkə əhalisi yaranmış
ağır və mürəkkəb vəziyyətdən
çıxış yolunu yalnız müdrik dövlət
xadimi Heydər Əliyevi ali hakimiyyətə
dəvət etməkdə görürdü və bu istiqamətdə
müxtəlif təşəbbüslərlə
çıxış edirdi. Lakin respublika rəhbərliyi
bu müdrik liderin hakimiyyətə gedən yolunu bağlamaq
üçün əvvəlcədən
düşünülmüş bir çox tədbirlər
görmüşdü. Belə ki, "Azərbaycan
Respublikasının prezident seçkiləri haqqında"
qanununa son beş il ərzində
respublikada yaşamayan və yaşı 65-dən yuxarı olan
şəxslərin namizəd verilməsini qadağan edən
maddə əlavə etmişdi. Əslində bu
qanun yalnız Heydər Əliyevin respublika rəhbərliyinə
gəlməsinin qarşısını almaq üçün
məqsədli şəkildə atılan addım idi.
1992-ci il mayın 15-də AXC könüllüləri
əsgərlər və zirehli texnikadan istifadə edərək
parlamentin binası və şəhər televiziya
stansiyasını hücumla ələ keçirdi. Yaxşı xatırlayıram, o zaman mən təhsil nazirinin müavini vəzifəsində
işləyirdim. Nazir mənə tapşırdı
ki, AXC-nin qərargahı yerləşən indiki Sahil
parkına gedim və ona baş verən hadisələr haqda
yerindən məlumat verim. Ora yaxınlaşanda səs-küyün
və əllərində silah o yan bu yana
qaçan çoxsaylı adamların şahidi oldum. Az sonra məni haradansa yaxından yaxşı
tanıyan yüksək hərbi çinli bir şəxs
yaxınlaşıb görüşdü və mənə
dedi ki, Misir müəllim, xahiş edirəm burada
dayanmayın, bir neçə dəqiqədən sonra ciddi və
təhlükəli hadisələr baş verəcək, Sizə
xətər yetə bilər. Oradan aralanmaq istəyəndə
gördüm ki, Rəşid Behbudov küçəsindən
tanklar və adamlar hay-küylə üzü yuxarı-indiki Mərkəzi
bankın binasına tərəf hərəkətə
başladılar. Az sonra məlum oldu
ki, onlar tanklarla Milli Məclisin binasına tərəf gedirlər.
Mən Yasamal tərəfdə vəziyyətin
gərgin olduğunu eşidib Politexnik İnstitutunun (indiki
Texniku Universitet) rektoruna zəng edib hadisələr haqda məlumat
verməsini xahiş etdim. O mənə dedi ki, Misir müəllim,
heç bir problem ola bilməz, onlar bizim
qanuni hökumətimizə heç nə edə bilməzlər,
biz silahlanmış böyük bir dəstə ilə o
tankların yolunu gözləyirik, onları darmadağın edəcəyik.
Ancaq məlum oldu ki, tanklar maneələri
keçərək Milli Məclisə hücum ediblər və
oranı zəbt ediblər.
Həmin hadisələr zamanı baş verən
atışmalarda ölən və yaralananlar oldu. Bu dəfə
Ayaz Mütəllibov istefa verərək ölkəni tərk
etməyə məcburiyyətində qaldı. Yaqub Məmmədov
çevrilişdəki roluna görə mayın 18-də Ali
Sovetin sədri vəzifəsindən istefa verdi.
Həmin gün deputatlar Ali Sovetin sədri vəzifəsinə
2 nəfəri təklif etdilər. Onlardan biri Azərbaycan
Ali Soveti Milli Şurasının müavini İsa Qəmbərov,
digəri isə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan
Ali Sovetinin sədr müavini Heydər Əliyev idi. AXC-dən olan deputatların təzyiqi ilə İsa
Qəmbərovun seçilməsi təkid edilirdi.Digər
deputatlar isə israrla Heydər Əliyevin adını səsvermə
bülleteninə daxil edilməsini tələb edirdilər.
Lakin Cəbhə-Müsavat qüvvələrini
və keçmiş kommunist nomenklaturasını təmsil edən
bir qrup şəxs bu təkliflərin həyata keçirilməsinə
cidd-cəhdlə mane oldu. Çünki
onlar Heydər Əliyevin xalq arasındakı yüksək
nüfuzunu, zəngin idarəçilik təcrübəsini
qısqanclıqla qarşılayır və hesab edirdilər
ki, onun Azərbaycanın rəhbərliyinə gəlişi
onların hakimiyyətə yolunu bağlayacaq. Təəssüf ki, həmin dövrdə bu birliyin
anti-Əliyev və antixalq mövqeyi parlamentdə
üstünlük təşkil etdi. Bu
sessiyaya dəvət olunmayan Heydər Əliyev isə hadisələrdən
təcrid edilmiş vəziyyətdə Naxçıvanda idi.
Beləliklə, səsvermə bülleteninə təkcə
İsa Qəmbərovun adı daxil edildi. Mayın 18-də
aparılan səsvermədə tək namizəd olan İsa Qəmbərov
Ali Sovetin sədri vəzifəsinə seçildi. Bu
minvalla, mayın 18-dən etibarən ölkədə hakimiyyət
faktiki olaraq AXC-nin əlinə keçdi...
Bu dövrdə ermənilər Dağlıq Qarabağda
və Azərbaycanın digər bölgələrində
işğalçılıq siyasətini gün-gündən
genişləndirirdi. Naxçıvanın Ermənistanla sərhəd
kəndlərində vəziyyət xüsusilə ağır
idi. Azərbaycanın yeni hakimiyyəti
Naxçıvanın müdafiəsinə kömək
göstərmək əvəzinə yerli rəhbərliyə
qarşı siyasi təzyiqləri artırır, orada
ictimai-siyasi prosesləri nəzarətdən
çıxarmağa cəhd edirdi. Mərkəzi
hakimiyyətin yarıtmaz siyasəti və idarəçiliyi
fonunda xalq arasında Heydər Əliyevə gün-gündən
Milli Lider və xilaskar kimi baxırdılar. Xüsusən
tanınmış ziyalılar Mütəllibov dövründə
olduğu kimi, yeni iqtidarın da antixalq və antidövlət
siyasətinə, Naxçıvan MR rəhbərliyinin qərarlarına
sayqısız yanaşmasına, blokadada olan Naxçıvana
təzyiq göstərməsinə etiraz edir, Heydər
Əliyevlə həmrəy olduqlarını bildirir, Azərbaycanın
müstəqilliyi və suverenliyi naminə Naxçıvan MR
Ali Məclisinin qəbul etdiyi tarixi qərarları yüksək
qiymətləndirir, muxtar respublikada gedən demokratik proseslərə
böyük dəyər verirdilər.
Naxçıvanın blokadaya salınmasına baxmayaraq və
siyasi hakimiyyətin qərəzli münasibətinə fikir
vermədən Heydər Əliyev muxtar respublikanın
sosial-iqtisadi böhran vəziyyətindən
çıxarılması üçün mühüm
addımlar atırdı. Onun həyata keçirdiyi məqsədyönlü
siyasət nəticəsində Naxçıvanın ermənilər
tərəfindən işğalının qarşısı
alındı, əhali aclıqdan və qışın
soyuğunda donmaqdan xilas edildi, MR-in sosial-iqtisadi həyatı
öz ahəngi ilə idarə olundu. Türkiyə
Cümhuriyyəti tərəfindən Azərbaycanla Türkiyə
arasında sərhəd keçidi yaratmaq məqsədilə
Araz çayı üzərində körpü tikildi və
1992-ci il mayın 28-də onun rəsmi
açılışı oldu. "Ümid körpüsü"
adlandırılan bu körpünün istifadəyə verilməsi
Türkiyə ilə Naxçıvan arasında 1992-ci il martın 24-də imzalanmış əməkdaşlıq
protokolunda göstərilən məqsədlərin həyata
keçirilməsi, qardaş dövlətin Naxçıvana
maddi, texniki və mədəni yardımının təmin
olunması üçün geniş imkanlar açdı.
1992-ci ilin oktyabrında AXC silahlıları
Naxçıvanda hakimiyyəti devirmək üçün bir
neçə cəhd göstərdi, ancaq Heydər Əliyevin
siyasi gedişləri ilə bu cəhdlərin
qarşısı alındı.
Həmin ağır dönəmlərdə ölkənin
taleyinə biganə olmayan ziyalılar və sadə insanlar
Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Heydər
Əliyevlə görüşlər keçirir, xalqı
üzləşdiyi fəlakətlərdən, çətinliklərdən
çıxarması üçün, ondan kömək istəyirdilər. Həmin illər
Azərbaycan üçün ən ağır və məsuliyyətli
dövr idi. O vaxtlar dövlət müstəqilliyinin
qorunub-saxlanması üçün qətiyyətli bir şəxsin
ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti
yaranmışdı. Bu məqsədlə 91 nəfər
Azərbaycan ziyalısı Naxçıvana, Heydər
Əliyevə müraciət ünvanladı. Bu müraciət, bütövlükdə, Azərbaycan
xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni
yaradılacaq partiyaya rəhbərlik etməsi xahiş edilirdi.
Bu, heç də asan bir məsələ
deyildi. Çünki Azərbaycanda
köklü islahatlar aparılmalı, xalqın pozulmuş,
tapdalanmış hüquqları bərpa edilməli,
güclü vətəndaş cəmiyyəti qurulmalı,
bütün sahələrin inkişafı istiqamətində
çox ciddi addımlar atılmalı idi. Dövlətçiliyin bərpası və
qorunub-saxlanması yükünü öhdəsinə
götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə
böyük ehtiyac var idi. Dövlətçilik
məfkurəsini gücləndirmək, milli dövlətçilik
ideologiyasını işləyib-hazırlamaq və onu
reallaşdırmaq həmin dövrlər üçün
güclü siyasi iradə və bacarıq tələb edirdi.
Bunların öhdəsindən layiqincə gələ biləcək
şəxs yalnız Ulu öndər Heydər Əliyev ola bilərdi.
Ölkəmizdə dövlət müstəqilliyi də,
respublikanın siyasi coğrafiyası və sərhədləri
də, Azərbaycan adlı vahid ölkə də artıq
tarixin arxivinə qovuşmaqda idi. Ölkəni qanlı vətəndaş
qarşıdurması, kənar siyasi-hərbi müdaxilələr,
siyasi partiyaların silahlı münaqişələri, tam tənəzzül
sonluğu gözləyirdi...
Bu qədər
çətinliklər, problemlər əhatəsində hər
an xalqın taleyini düşünən, gücləndirilmiş
rejimlə, tam iradə ilə, inadla və məsuliyyətlə
işləyən Heydər Əliyev belə sərt iş
rejiminin, ağırdan-ağır problemlərin, mövcud təhlükələrin,
vacib vəzifələrin qarşılığında, eləcə
də Rusiyadan və daxildən özünə qarşı məqsədli
təxribatlardan, terrorlardan qorxmayaraq, cəsarətlə səsini
xalqın səsinə, zamanın
çağırışına qataraq "HƏ" dedi. Beləliklə, müstəqil Azərbaycan tarixində
öz üzərinə böyük tarixi missiya götürən
və xalqımızın həyatında mühüm hadisəyə
çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
...1993-cü
il iyunun 4-də bir neçə saat ərzində Gəncədə
polis postlarını ləğv edən silahlı qruplaşma
Gəncə şəhər İcra Hakimiyyətinin
binasını ələ keçirir və daha sonra tank,
"Qrad" qurğusu, qumbaraatan, pulemyot və avtomatla
silahlanmış 200 nəfərlik dəstə MTN-in Gəncə
şöbəsinə hücum edir. Bina gülləbaran
edilir və binadakıların silahları təhvil verməsi,
burada olan Baş prokuror İxtiyar Şirinov və Milli Təhlükəsizlik
nazirinin birinci müavini Sülhəddin Əkbərovun onlarla
hərbi hissəyə getməsi tələb olunur. Fəlakətin qarşısını almaq
üçün dövlət məmurları
qiyamçıların qanunsuz tələbilə
razılaşırlar.
Belə
bir qarışıq vəziyyətdə başını itirən
Prezident Əbülfəz Elçibəy
çıxış yolu tapa bilmir, qan tökülməsinin
qarşısını almaq, problemi danışıqlar yolu ilə
həll etmək üçün iyunun 5-də Gəncə ətrafında
yerləşdirilən bütün hərbi birləşmələrin
hərəkətinin dayandırılması barədə əmr
verir. Bundan hiddətlənən Surət
Hüseynovun paytaxta hücuma keçən hərbi birləşmələri
Bakıdan 90 km məsafədə olan Nəvai qəsəbəsinə
qədər gəlib çatırlar və Prezidentin
istefasını tələb edirlər.
...O dövrdə BDU-nun prorektoru olduğuma görə yaxşı xatırlayıram, 1993-cü il iyunun 4-də Gəncədə qiyam baş verdikdən bir, ya iki gün sonra olardı, BDU-da Elmi Şuranın iclasını keçirdik. Həmin günlərdə siyasi durum çox gərgin idi, hərə də bir söz danışırdı. Ölkədə Gəncə hadisələrinə müxtəlif cür qiymət verilirdi, biri deyirdi təşkil olunub, biri deyirdi Surət prezident olacaq, ona görə bu hadisəyə qiyam yox, başqa ad vermək lazımdır və s. Ancaq universitetdə qərara almışdıq ki, Gəncə hadisələrini qiyam kimi dəyərləndirək. Belə də oldu. Alimlərimiz çıxış edib bu hadisəyə münasibət bildirdilər, təklif oldu ki, qiyam kimi qiymətləndirilsin. Deyim ki, həmin dövrdə BDU ölkədə yeganə qurum idi ki, belə bir qərar qəbul etmişdi. Biz həmin iclasda daha bir qərar qəbul etdik ki, universitetin bir qrup - ağbirçək qadını münaqişənin qarşısını almaq üçün Nəvaiyə yola düşsün. Yaxşı xatırlayıram, BDU-nun çox hörmətli və mərd, cəsarətli xanımlarından ibarət bir qrup Cəmilə Təhmasib, Fatma Ələsgərova, Sara İbrahimova və başqaları Nəvaiyə yola düşdülər, deyim ki, bu səfərin də özünəməxsus rolu və əhəmiyyəti oldu.
Hərbi qiyam və vətəndaş qarşıdurması ölkənin varlığına təhdid yaradır və Əbülfəz Elçibəy vəziyyətdən yeganə çıxış yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə görür...
Öz tarixi qayıdışıyla Heydər
Əliyev ölkəni parçalanmaqdan, dövləti
dağılmaqdan, xalqı vətəndaş müharibəsindən,
eyni zamanda, hakimiyyətdə olmuş şəxslərin həyatını
fiziki məhv olmaqdan xilas etdi.
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.- 2023.- 5 may.- S.10-11.