Aşağı Ləgərdə qürub…
Esse
İşıqlarla bəzədilmiş geniş
konsert salonunda məşhur bir bəstəkarın hansısa
major notlarla zəngin simfonik əsərini dinləyəndə musiqinin
təntənəsi dalğaların
qoynunda ləngərləyən
qayıqtək səni
ağuşuna alır. Həmin
təntənə yeri
yerindən silkələyən
zəlzələləri, ətrafındakıları
bağrında boğan qasırğaları,
od püskürən vulkanları, bu sayaq neçə-neçə
şiddətli tabloları
gözünün qarşısında
canlandırır. Bu tabloların fonunda insan təlatümünü,
həyəcanını, hikkəsini,
ehtirasını duyur,
ürək döyüntünün
artan tempini bütün vücudunla
hiss edirsən. Özünü bir anlıq orkestri idarə edən drijorun yerində görürsən,
onun fəvvarətək
qalxıb-enən əlləri
sənə fövəladə
zövq verir. Həmin təntənəli simfoniyanın
minor notlar üstündə
bərqərar olan həzin hissəsi səslənəndə əhval
sükanın tamamilə
ayrı səmtə çevrilir. Gözlərini
yumub dəqiqələrdir
sənə tanış
olmayan yeni aləmə səyahət
edirsən. Bu həzinliyin dincliyi ilə yanaşı təəssüf hissinin çalarları bir-birini əvəzləyən xəyal
tablolarına yeni rəng verir. Sükuta doğru qədəm basan hər not əsərin finalından xəbər verir. Həzinliyin nəşəsi ilə yanaşı həmin sonluq barədə düşünürsən.
Həyatımızda o simfoniyayalara bənzər insanlar var. Onların ani sakitliyi, aram-aram həlimləşməyi,
uşaqlaşmağı səni
narahat edir, ömür finalının
yaxınlaşacağından qorxursan. Ürəyinin əziz guşəsində
qərar tutan insanların bir anın içində yox olma ehtimalı
səni vahiməyə
salır, əbədi
nigaranlıq bəlası
canına hopur.
Qusarın Aşağı Ləgər
kəndindən sonuncu
dəfə ayrılanda
bu nigaranlığı
hiss elədim.
Aşağı Ləgər, sanki
Yer üzünün bütün qayğılarından
və pisliklərindən
nihandır. Həmin kənddə yerlə
göy bir-birinə yaxınlaşır, üfüqün
aydın xətti sezilmir, elə bilirsən, atacağın
hər növbəti addımda səmaya qədəm qoyacaqsan.
Yamyaşıl dərələr, otlaqlar baharda nə qədər füsunkardısa, qışda
bir o qədər şux və əzəmətlidi. İçdiyin
sudan havanın
tamı gəlir, havadan su sərinliyinin
verdiyi həzz… İnsanların simasından nikbinlik,
məğrurluq yağır.
Taxta hasarlar mehribanlıq fidanlarının solmasına
imkan vermir.
Yolların sonu qayalıqda, daşlıqda, şoranlıqda
düyünlənmir, Aşağı
Ləgərdə yollar
səni ya hansısa su hövzəsinə, ya sarılı-qırmızılı meyvə bağlarına, baxçalara, ya da isti bir
ocağa, xoş ülfətə, mehriban səsə qovuşdurur. Aqşin Yenisey
demiş, yol özü də bir vətəndi. Mənim bu vətəndə,
bu yollarda qarşılaşdığım xoş ülfət, mehriban səs sahiblərindən biri də Aşağı Ləgərdə öz qarısıyla birlikdə
ömür sürən
İmaməddin Tağıyev
idi…
87 yaşlı İmaməddin
əminin çox maraqlı obrazı var idi, bir
kitab yazmaq, film çəkmək olardı
bu obrazdan. Bəstə boyu,
arxaya dalğalanan dümağ saçları,
yorğun, bir o qədər də işıqlı gözləri,
sallanan buxağı, zərgər dəqiqliyi ilə səliqəyə salınan bığları
və sadalamadığım
bütün zahiri əlamətləri ilə
səni bir köynək yaxına çəkirdi.
Yetim böyümüşdü,
uşaqlığı müharibə
illərinə rast gəlmişdi, bu dünyanın tərs üzü səmtindən
əskik olmamışdı. Taleyin təsadüfü, yaxşı
insanların köməyi
ilə ali
təhsil almışdı.
Uzun illər Zərdabi qəsəbəsində müəllim
kimi öz əqlinin şəhdi ilə Vətən övladlarını nuş
eləmişdi. Əzilməmişdi, sınmamışdı, xislətini
dəyişməmişdi. Həyatın keşməkeşliyindən
yalnız üç əlamət qalmışdı:
sonsuz ənginliyə zillənən yorğun gözləri, qabarlı əlləri, gərdişin
gurultusu yanında nazilən həlim səsi…
İmaməddin əmi heç
vaxt pis şeylərdən, acı xatirələrdən
söhbət açmazdı.
İlyas
Əfəndiyevlə, Yuri Qaqarinlə,
neçə-neçə maraqlı
insanlarla görüşlərindən,
söhbətlərindən, ov macəralarından, ötən əsrin ədəbi jurnallardan oxuduqlarından bəhs edirdi, Səməd Vurğunun poemalarından əzbər parçalar deyirdi. İmaməddin
əminin kosmonavtlar kimi göylərə sığmayan cəsarəti,
ovçu sərrastlığı,
şair ürəyi var idi, asta
idi, usta idi…
İmaməddin əmi insanların simasını şeirlə
xatırlayacaq qədər
pak xislətə malik idi. Bir dəfə şair dostumuz Elşən Mehdini xəbər aldı:
“Sabunçu gecələri
necədi?..”
(red. Elşən Mehdinin şeirinin adı)
Balaca radiosu var idi. Aşağı Ləgərdən uzaqların
dalğalarını çətinliklə
tuturdu. O balaca, sehirli qutu İmaməddin
əminin ovqatını
dəyişməyə qadir
idi. Axtarırdı… Gözü elə hey yol çəkirdi…
87 yaşı tamam
olanda portreti toxunmuş xalça hədiyyə etdik. Bir jaketi
var idi, o da xalçaya bənzəyirdi, üzərində
xalça naxışları
var idi. İmaməddin əminin insani ilmələrində
tünd rəngdən
qəti əsər-əlamət
yox idi, parlaq idi günəş
kimi…
Yazıçı dostumuz Sərdar
Aminin atası olduğuna görə yox, özünə görə sevmişdik İmaməddin əmini… Sərdar atasına bənzəyir.
Deyirəm, Sərdar, qocalanda atan kimi olacaqsan. Tez-tez Sərdarın “Atamın əlləri” hekayəsini
xatırlayıram. Təkcə
o hekayənin müəllifini
böyüdüb boya-başa
çatdırdığı üçün xoşbəxt
adam idi
İmaməddin əmi.
“Norka” papağı
var idi, mənə hədiyyə eləmişdi. Əsgərlikdə qış papağı
taxanda yoldaşlarıma
İmaməddin əmidən
bəhs etmişdim, qış papağı eynilə həmin “Norka”ya bənzəyirdi.
Uşaqlara dedim ki, İmaməddin əminin mayda 88 yaşı olur, məzuniyyət mümkün
olsaydı, gedərdim.
Gedə bilməyəcəm…
Lap məzuniyyətə çıxsam
belə, bir daha onun ad gününü
özü ilə birlikdə qeyd edə bilməyəcəm…
Olduğum yerdə hər şey sol ayaqla başlayır, buralarda sol
ayağını yerə
var gücünlə vurursan. İmaməddin əminin ölüm
xəbərini eşidəndə
sol ayağımın taqəti
getdi, ürəyim yuxaldı. Amma bilirəm ki, Sərdar Amin qocalanda mən İmaməddin əmiylə
yenidən görüşəcəm...
Bu yaz çiçək açmaz alça ağacı,
Açmaz, qurban olum, könlüm
açılmaz.
Bu yaz damınız da quş qəribsəyər,
Çəpərlər çürüyər,
daş qəribsəyər,
Nə yaz, qurban olum, ocaq
çatılmaz.
Üfüqdən əyilən qırmızı
gün də
Çil-çıraq olmağa daha tələsməz…
Yerlərin bu halı göyə ağrıdır,
Aşağı Ləgərdə qürub çağıdır.
Əllər dərələrə oxşamaz daha,
“Atamın əlləri” qırış-qırışdı.
Bir vaxt işıq saçan o uçuq kaha
Buluddan burxulub yerə qarışdı.
Bir qarı tənhadı indi hardasa,
Bir ürək döyünmür, atam-qardaşım.
Məclislər bəzəyin itirib daha,
Qapılar döyülmür, atam-qardaşım…
Ürəkdə qalan söz səssiz ağıdır,
Aşağı Ləgərdə qürub çağıdır.
Ağ saçlar ağ bayraq kimi kədərli,
Məğlub döyüşçünün nişanəsidir.
Ağ bayraq qaldıran sərkərdənin də,
Saçını ağardan sərgərdanın da
Bircə umacağı həyat eşqidir.
Bağlar qəribsəyər ilk nübarını,
Küknar şivən edər, söyüd alışar.
Yaşıl yarpaq üstə qar dənəsitək
Bu yaz bu yerlərə ağ saç yaraşar.
Hanı?! Dalğalanır o saçlar yenə?!
Ağrıdır ürəyim, dostum, ağrıdır,
Aşağı Ləgərdə qürub çağıdır…
Gəncə, 2023
Nadir YALÇIN
525-ci qəzet.- 2023.- 6 may.- S.24.