Tariximizdə izləri qalan
iki Miller
VƏ
YA LƏNKƏRANLILARIN YADDAŞINDAN BOY GÖSTƏRƏN XATİRƏLƏR
2017-ci
ildə filologiya üzrə fəlsəfə doktoru, Lənkəran
Dövlət Universitetinin dosenti, Prezident təqaüdçüsü
Mirhaşım Talışlı ilə birgə
yazdığımız "Lənkəran: ensiklopedik məlumat"
kitabı çapdan çıxandan sonra şərqşünas-alim,
professor Boris Vsevolodoviç Millerin nəvəsi, 95
yaşlı Natalya Mixaylovna Somikdən məktub aldıq. Onu bizə yaxın yaradıcılıq əlaqəsi
saxladığım Belarus Dövlət
Universitetinin tarix müəllimi İqbal Əbilov yönəltmişdi. Nəvəsi babasını yada saldığımıza görə
minnətdarlığını bildirir və görkəmli alimlə bağlı məktuba əlavələr etməklə,
həm də irad və tövsiyələrini
verirdi. Burada professor Boris Vsevolodoviç Millerlə bağlı bizə məlum olmayan əlavə faktlar vardı. Əlyazmaları vərəqlədikcə, yaşlı nəslin nümayəndələrini dinlədikcə
Boris Vsevolodoviç Millerlə
bağlı müxtəlif
fikirlər olduğunu
görürük. Bunu professor Millerin
nəvəsinin həmyerlimiz
alim-tədqiqatçı İqbal
Əbilovla birgə qələmə aldıqları
qeydlərindən də
aydın görmək
olur. Odur ki, vaxtilə
yazdıqlarımıza yenidən
nəzər salmağı
lazım bildik.
lll
Faktlar göstərir
ki, Miller familiyalı bu iki şəxs
çox vaxt səhv salınır. Təsadüfi deyil ki, B.V.Millerin
nəvəsi Natalya Mixaylovna
Somik və həmyerlimiz İqbal Əbilov da məktublarında bu faktı qeyd edirlər.
Uzun illər
Lənkəranda Veravul
kənd məktəbinin
direktoru işləmiş
Şahrza Abdullayevin məlumatına görə,
qvardiya polkovniki Robert Karloviç Miller hərbidə
xidmətdən sonra mülkiyyətçi-sahibkar olub,
Veravulda iri mülkiyyət sahəsi varmış. Boris Vsevolodoviç
Miller isə dilçi-alim,
bu sahə üzrə professor idi.
Robert Karloviçin bu kənddə yaşaması təsadüfi
deyildi. Kənd vaxtilə xan-bəy
tayfalarının bağ
yeri, istirahət guşəsi olmuşdu.
Görünür, kəndin füsunkar
təbiəti tədqiqatçı-alim
Boris Millerin də diqqətini cəlb etmiş, qohumu Robert Karloviç Millerin köməyindən istifadə
etməklə yerli sakinlərlə qaynayıb-qarışmışdı.
Şair
Ağamir Cavadın bizə təqdim etdiyi Tbilisi Məhkəmə
Palatasının 9 noyabr
1883-cü il tarixli arayışda Lənkəranın Veravul
kəndində olan bağ sahələri haqqında məlumat verilir. Arayışda göstərilir ki, qvardiya polkovniki Robert Karloviç Miller, qvardiya polkovniki Miri bəy Talışxanov, kapitan Mirəli bəy, Fatmabəyim xanım, Tutu xanım Talışinskaya, general-mayor Mirzə
İbrahim bəy (Yaranal xan), ştab
rotmistr Mirəli Qulu bəy, Mirhəsən bəy, Mirəsgər xan Talışinski, Ağabacı
xanım Kələntərova,
Rəhim bəy, Həsən bəy, Hüseyn bəy Kələntərovlar və
başqalarının kənddə
iri torpaq sahələri olub.
Ağamir
Cavad, vaxtilə nənəsi Mirşərəf
xanımdan eşitdiyinə
əsasən deyir ki, Robert Millerin torpaq sahəsi babamız Miri bəy Fərəculla bəy oğlu Talışxanovun mülkünə
yaxın imiş. Həyətində müxtəlif növ
meyvə ağacları,
o cümlədən, tərəvəz,
üzüm yetişdirir
və mal-qara saxlayırmış.
Məktəb direktoru Sabir İbrahimov Robert Karloviç
Millerin qonşuluğunda
yaşayırdı. Deyərdi ki,
Robert Karloviç Miller bağında
işləyənlərə qayğı ilə yanaşardı, imkansız
ailələrə bağının
məhsulundan pay ayırar,
kənd sakinlərə
mənəvi dəstək
olardı.
R.K.Millerin Veravul kəndində kərpic kürəsinin olduğundan da danışırlar. O, üstündə
"M.R." sözləri həkk edilmiş kirəmid istehsal etmiş və yaşayış evini kürədəki qırmızı
kərpicləri ilə
tikdirmişdi.
lll
Boris Vsevolodoviç Miller 12 noyabr 1877-ci ildə Moskva şəhərində
tarixçi, etnoqraf və dilçi Vsevolod Fyodoroviç Millerin (1848-1913) ailəsində
anadan olub, Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Talış dilinin
mənşəyini, folklorunu
və mədəniyyətini
öyrənmək məqsədilə
1902-1925-ci ilədək müxtəlif
vaxtlarda Lənkəranda
olub.
B.V. Millerin Lənkəranda
və ətraf rayonlarda apardığı
tədqiqat və elmi axtarışlar əsasında bir neçə kitabı işıq üzü görüb. Onların arasında rusca
"Talış mətnləri"
(1930), "Talış dili"
(1953) kitabları vardır.
Maraqlıdır ki, birinci kitabın axırına
"talışca-rusca-fransızca" lüğət əlavə
olunub. B.Miller
1939-cu ildə elmlər
doktoru, daha sonra professor elmi adına layiq
görülüb. O, ilk dəfə
Lənkərana 9 iyul
1902-ci ildə həmkarı
A.M. Zavadski ilə gəlib. Lənkərana növbəti gəlişi
10 avqust 1925-ci ilə təsadüf edir. Həmin il
sentyabrın 10-dək Lənkəranda
olub. 1928-ci ildə
anası, arvadı və kiçik qardaşının vəfatından
sonra Lənkərana növbəti səfərini
təxirə salıb.
İqbal
Əbilovun tapdığı
arxiv sənədlərinə
görə, B.V.Millerin
1949-cu il dekabrın 28-də tərtib
etdiyi anketdə o, fransız, alman, ingilis, fars, tacik dillərini bildiyini qeyd edir. Lənkəranlı ziyalılar onun
talışca danışdığını
da bildiriblər.
Boris Miller 6 avqust 1956-cı ildə Moskvada vəfat edib.
Əsərlərindən və tədqiqatçıların
yazdıqlarından görünür
ki, B.V.Miller elmi işi ilə
əlaqədar Azərbaycanın
müxtəlif regionlarında
da olmuş, bu yerlərin adət-ənənələri ilə
maraqlanmışdı. Tələbəsi Liya Aleksandrovna Pireyko Lənkəranda olarkən deyərmiş ki, elmi rəhbəri
B.V.Miller cənub bölgəsinin adət-ənənələrinin
vurğunu, bu yerin təbiətinə, qonaqpərvər adamlarına
bağlı insan idi.
Liya Pireyko talış dilini öyrənmək məqsədilə
ötən əsrin
60-cı illərin əvvəllərində
cənub bölgəsinə
gəlib. Təqaüddə
olan gömrük xidməti polkovniki İdris Cəfərov bildirir ki, L.Pireyko
Şahağacı kəndində
Fərzi adında bir kişi
ilə nikaha girmiş, daha sonra onlar 5 il
Moskvada yaşamışlar.
L.Pireyko ilə gələn xanım da Astarada
ərdə olub.
L.A. Pireyko ərinin
bələdçiliyi ilə
kəndləri gəzmiş,
1976-cı ildə onun
"Talışca-rusca lüğət"
kitabı nəşr olunmuşdu.
lll
Dilçi-alim, professor Boris Vsevolodoviç Miller Lənkəran
ziyalıları, xüsusilə
"Fövcül-füsəha" ədəbi məclisinin üzvləri ilə də məktublaşmışdı. Lənkərana gəlməmişdən əvvəl
B.V.Millerin yerli ziyalılardan şair Mirzə Əziz Əliyevlə tanışlığı
varmış. Sonralar Mirzə
Əzizin oğlu görkəmli maarif xadimi Mirzə Ağəli Əliyev bu ünsiyyəti davam etdirmişdi.
B.Miller 1925-ci ildə növbəti dəfə Lənkərana gələrkən Mirzə Ağəli Əliyevin evində qonaq olmuşdu. M.A.Əliyev Millerdən Lənkəran Xalq Muzeyinin zənginləşdirilməsi və Moskva muzeyləri ilə əlaqə saxlanması ilə əlaqədar kömək istəmişdi. Doğrudan da Lənkəranda Xalq muzeyinin açılmasında və fəaliyyətinin genisləndirilməsində B.V.Millerin mühüm xidmətləri olub. Muzey açıldıqdan sonra M.A.Əliyev 1934-cü il sentyabrın 27-də Moskvadan - RSFSR Xalq Komissarları Sovetinin muzeylər şöbəsindən bir məktub almışdı. Məktubda "professor B.Miller vasitəsilə bizə məlum oldu ki, sizin muzey müəyyən eksponatlar əldə etmək üçün mərkəzi muzeylərlə əlaqə yaratmaq istəyir... Muzeyə hər cür kömək göstəriləcəkdir" sözlərinə yer verilmişdi.
Boris Miller kənddə və ətraf yaşayış məntəqələrində keçirilən tədbirlərdən də boyun qaçırmazmış. Veravul məktəbinin yetirməsi İdris Cəfərov qocaman müəllimlərindən tədqiqatçı, dilçi-alim B.V.Miller haqqında eşitdiklərindən maraqla danışaraq deyir ki, işdən sonra axşamlar bir-birlərinə qonaq gələnlər (buna talışca "şəvnışt" deyilərdi) ev sahibləri tərəfindən şor armuda, şor əzgilə, heyvaya və digər meyvələrə qonaq edilirdi. Elə süfrə arxasındaca nağılçılar söhbətə başlar, olub-keçənlərdən söz açılar, ağsaqqalların söhbətləri dinlənilərdi. Qərib diyardan gəlmiş Boris Miller hər evin əziz qonağı sayılardı. O da heç kəsin dəvətini yerə salmaz, eşitdiklərini səliqə ilə qeyd edərdi.
lll
Bir qədər
də qvardiya polkovniki Robert Karloviç
Miller haqqında.
Allahverdi Səmədovun məlumatına
görə, 1924-cü ildə
Veravulçaya bərk
sel gəlir, təsadüfən qvardiya
polkovniki Robert Millerin oğlu çayda batır. Oğlunun faciəsinə
dözməyən ata
elə həmin il öz
vətəninə qayıdır.
R.Miller kənddən
köçəndən sonra
evində ibtidai məktəb təşkil
edilib. Salman müəllim yuxarıbaş
məhəlləsində yerləşən
bu məktəbdə dərs deyərdi.
Qırmızı kərpicli həmin bina Veravulçayın kənarında, indiki kənd 1 saylı orta məktəbi ilə üzbəüz yerləşirdi. Məktəb üçün 1927-ci ildə R.K.Millerin malikanəsi yerində yeni binanın tikintisinə başlanmış və 1930-cu ildə istifadəyə verilmişdi. İndiki Veravul 1 saylı orta məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun sayəsində tikilib. Millerin evinin qalıqları isə bu günədək yerindədir, sahibsiz qalmış həyətə heç kəs köçməyib.
P.S. 2015-ci ildə nəvəsi Natalya
Mixaylovna Somikdən və həmyerlimiz İqbal Əbilovdan aldığımız
şəkli "525-ci qəzet"in oxucularına təqdim edirik. 30 mart 1955-ci ildə
çəkilmiş bu şəkildə
B.V.Millerlə qızı Yekaterina əks olunub. Dilçi-alimin redaksiyaya təqdim etdiyim portreti isə 20 may 1911-ci
ildə Albaniyada çəkilib.
Etibar
ƏHƏDOV
"Aşkarlıq"
qəzetinin baş redaktoru
525-ci qəzet.- 2023.- 6 may.- S.23.