Şekspir dünyası  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 Hersoq Orsino təlxəklə birlikdə gəlir. Antonio və polis zabiti onun arxasınca düşürlər. "Sezario" öz xilaskarı Antonionu tanıyır. Hersoq Orsinoya isə o, öz düşməni kimi məlumdur. Lakin Antonio izah edir ki, o, İlliriyaya yalnız Sebastyanın sevgisinə görə gəlmişdir. Oliviya gəlib çıxanda, Orsino güman edir ki, o, qızın sevdiyi "Sezario"nu heç də öz məhəbbətini qaytarmaq üçün deyil, onu cəzalandırmaqla hersoqa xətər toxundurmaq istəyir. "Sezario" Orsino ilə getməyə hazırlaşanda, Oliviya keşişdən xahiş edir ki, elə indicə onun və "Sezario"nun evləndiyini təsdiq etsin. Bu vaxt Orsinonun fikri dolaşır. Ser Endryu gəlir ki, "Sezario" onu və onun dostunu qılınc döyüşündə yaraladığı barədə xəbər versin və bu vaxt qarışıqlıq  daha da güclənir.

Hamı təəccüb qalır, Sebastyan gəlir ki, qohumuna xətər toxundurduğuna görə Oliviyadan üzr istəsin. Orsino Sebastyanın və Violanın birgə baxışlarından əkizlərin əhvalatının açılması ilə tanınmasına qədər qorxur.

Viola izah edir ki, "Sezario" maskalanmaq üçün idi və Malvolio tərəfindən dəniz kapitanı həbs edildikdə, öz paltarlarını necə qoyub getdiyini deyir. Oliviya çalışır ki, Malvolio adlanan dəli köməkçisini xatırlasın. Təlxək dəli adamın daxilində səslənən bir qaydada Malvolionun etiraz məktubunu oxuyur. Oliviya başqasından xahiş edir ki, məktubu normal səslə oxusun. Orsino Violaya evlənmək təklifini edir və Malvolio Oliviyaya məlumat verməyə gəlir: "Madam, mənimlə pis davrandınız, olduqca pis!" O, qıza Mariyanın saxta məktubunu göstərir. Fabian Mariyaya evləndiyini xəbər verir. Lakin Malvolio acıqlı sözləri deyib, çıxıb gedir. "Mən sizin bütün qrupunuzdan qisas alacağam". Orsino onu izləyir, dinc münasibət göstərir və Violanın həqiqi paltarında görmək istəyir. Təlxək kədərli mahnı ilə öz son sözünü deyir, oxuyur ki, izah etsin: "Yağış üçün yağmaq hər gün təkrar olunandır".

"On ikinci gecə"ni oxuyanda elə təsəvvür yaranır ki, mərkəzi rolu musiqi oynayır, həqiqətən də,musiqi çalınır, həqiqətən də, musiqi pyesin əhval-ruhiyyəsinə və ritminə başçılıq edir. Pyes romantik musiqi ilə açılır, məhəbbətdən xəstələnmiş Orsino ümidsiz olduqda əlavə edir: "Əgər musiqi məhəbbət üçün cidadırsa, onu ifa et". Bunu səslə müşayiət edilmədən qiymətləndirmək çətindir. Təlxəyin mahnısı da sadəcə əyləndirməkdən uzağa gedərək, bütöv dramanı ifadə edir. Violanın "Sezario" kimi maskalanmasını və hətta Sebastyanın da səhvən bunu qəbul etməsini oxucular yaxşı yumor kimi qarşılayırlar. Təlxək fəlsəfi sözlər söyləyir və söz oyunu həmçinin, düşüncə üçün əyləncə kimi təklif edilir.

Faciələr

Şekspir on faciəsində insan təbiətinin saxta coşqunluğuna zidd çıxır. Bu, romantik məhəbbət üçün olandan, siyasi hakimiyyət kredosuna qədər özünü büruzə verir.

Şekspirin faciə qəhrəmanlarının əksəriyyəti tarixi şəxsiyyətlərə əsaslanır. Roma pyesləri üçün Plutarxın "Nəcib yunanların və latınların həyatı" əsəri prinsipial mənbə rolunu oynayır. "Yuli Sezar", "Antoni və Kleopatra" və "Koriolan" pyeslərində Pluxtarxın təsiri daha ciddi hiss olunur.

Şekspirin erkən və sonuncu əsərləri arasındakı faciə qəhrəmanlarını təsvir edən pyeslərindən dördü kraliça Elizabetin və kral Ceymsin hökmranlıqları ərzində yazılmışdı. Buna baxmayaraq, Şekspirin məhsuldar illəri "Qızıl dövr" kimi tanınır, bu 1600-cü illə 1607-ci illər arasında olmaqla, Elizabetin idarəçiliyinin sonuna və Ceyms hökmranlığının beş ilinə təsadüf edir. Bu dövrdə o, ən böyük pyeslərini yazdı, onlardan altısının arasında başlıca faciələri olan "Hamlet", "Otello", "Kral Lir", "Makbet", "Antoni və Kleopatra" və "Koriolan" idi.

Qərbin dramatik forması kimi faciənin kökləri xeyli qədim Yunanıstana gedib çıxır. "Faciə" sözü qədim yunan sözü olan "tragot" - "keçi" kəlməsindən əmələ gəlmişdir. Ciddi deyildikdə, faciə "keçi haqqında oxunan" əsər idi. Komediya həyatı, mövsümi yeniləşmə və yeni doğulma şəraitində təqdim etdiyi halda, faciə insan məxluqunun heyvan mövcudluğu ilə üz-üzə çıxır və ölümün zəruri olduğunu göstərir. Faciə başlanğıcını tarixdən əvvəlki mərasimlərdən götürür, onlarda məməlilər (keçi kimi) simvolik rol oynayır, tamaşaçılara imkan verir ki, qurban verilən heyvanlarla öz mənəviyyatlarını tanısınlar. Bizim eradan əvvəl V əsrdə fərdi təxəyyüllərin faciəvi nəticəsi təkcə mühakimə formasında deyil, həm də həmçinin dramalar şəklində təqdim olunurdu. O vaxtdan faciə qəhrəmanı ölməkdən başqa bir çıxış yolu olmayan müstəsna fərdə çevrilirdi, dramatik nəticə isə yazıq gəlmə hisslərinin və tamaşaçıların dəhşətinə yüksəldi. Bu qədim yunan elementləri Şekspir faciələrində mərkəzi rol oynayırdı.

Elizabet və Ceykobian teatrlarında faciə insan təcrübəsi barədə yeni suallara cavab verən dünyəvi drama formalarına çevrildi. Bu suallara xristian doktrinası cavab verə bilmirdi. Şekspir öz faciələrinin əksəriyyətində xristianlıqdan əvvəlki dövrləri təsvir etdi və bunlar xristian çərçivəsinə sığışmırdı. Hətta "Kral Lir" də xristian Britaniyasında yerləşdirilmir. Lirik əzabları üçün hazır izahatlar verilmir. Beləliklə, ingilis Renessansından dünyəvi faciələrə qədər olan əsərlər müəllifləri və tamaşaçıları hətta dəniz xəritələrində olmayan sulara aparır, onlar məcbur edilir ki, yeni ideyalar məkanına baxsınlar, alternativ qaydada müqayisə üçün daxili dünya izah edilsin və ya  xristianlığın cavab verə bilmədiyi suallara isə öz nöqteyi-nəzərindən yanaşılsın.

Şekspir dövründə iri və çoxlu tamaşaçısı olan teatrlar, ölümcül xəstəliklər üçün təbii qaydada böyüyən şərait yerləri kimi, Londonu başına götürən taun epidemiyası vaxtı bağlanmışdı. İctimai teatrların dizaynı həmçinin öküz və ayı döyüşü arenaları kimi xidmətə uyğunlaşdırılmışdı, orada heyvanlar ölənə qədər vuruşurdular. Faciənin özü zorakılıq şəraitində baş verirdi. Heyvan qanı, xüsusən donuz qanı ölüm səhnələrində realizmi göstərmək üçün geniş istifadə olunurdu. "Tit Andronik", "Makbet" kimi pyeslərdə, "Qlobus" teatrında artistlər səhnəni tərk edəndə, qanın görünüşü və iyi aydın duyulurdu.

"Romeo və Culyetta" faciəsi

"Romeo və Culyetta" Şekspirin birinci böyük faciəsi idi, uzun müddət ərzində ən çox sevilən pyeslərindən biri olaraq qalmışdı. Şekspir onu yazanda 30-a yaxın yaşı var idi. Əsər gənc sevgililərin ehtirasına həsr olunmuşdur, onlar öz ailələri arasındakı qədim düşmənçiliyə məhəl qoymamış, onu pozmuşdular. Kvarto (çapın formatı belə adlanırdı) naşirləri 1597 və 1599-cu illərdə pyesi çap edərkən, güman edirdilər ki, "Romeo və Culyetta" Elizabet auditoriyası tərəfindən yaxşı qəbul ediləcəkdir. Həmin kvartonun titul səhifəsində qeyd olunurdu ki, pyes çox vaxt ictimai qaydada (böyük alqışlarla) oynanılır.

Romeo və Culyetta əhvalatı, Şekspir onu öz pyesinə uyğunlaşdırandan əvvəl İtaliyada çox populyar idi. Müəllifin istifadə etdiyi birbaşa mənbə isə Artur Brukun "Romeo və Culyettanın faciəli tarixi" hekayət poeması idi. Lakin mövzu Şekspir versiyasında yenidən canlandı, həmçinin  kinofilmlərin yaranması, baletlərin və operaların yazılması üçün ilham mənbəyinə çevrildi. Şekspir "Romeo və Culyetta"nın başlıca pərdələrini Veronada olan kimi təsvir edir. Lakin əsas qəsdi göstərəndə, əhvalatı daha iti etmək və genişləndirmək üçün o, dəyişiklik edir. Sevgililərin Montekki və Kapuletti adlanan ailələr arasındakı qatı düşmənçilik heç vaxt izah edilməmişdi. Pyesin lap başlanğıcında xor sadə şəkildə "qədim paxıllığı" fakt kimi təqdim edir. Pyesin çox cəhətləri, həqiqətən də, belə təəssürat yaratmağa kömək edir ki, bütöv əhvalat sevgililərin özünü intihar etməsi də daxil olmaqla, əvvəlcədən bir sıra böyük kosmik sxemlərdə yazılmışdır və heç kəs ondan qaça bilməz. Romeonun yuxuları dəfələrlə özünün bədbəxt taleyi barədə onu xəbərdar edir, hissiyyatlı Culyetta hətta sevdiyi Romeonun kompleksində qadağan olunmuş əlamətləri görür. Ailə düşmənçiliyinin həmişəlik mövcud olacağı meydana çıxdıqda, sevgililər öz məhəbbətlərindən də böyük olan səbəbə görə sonluqlarını tapırlar. Pyes ehtiraslı emosiyalara diqqət verir, ya özünü intihar edən məhəbbət, yaxud da nifrət edilən qatillik. Əks tərəfin bütün pyes boyu işləməsi nəticədə tam faciəvi hadisələrin baş verməsi ilə müşayiət olunur.

Kapuletti küçədə Montekki ilə təhqir edici sözlər mübadiləsi edir. Tibalt Kapulettilərə qoşulanda söyüşlər daha da böyüyür. Lakin Verona hökmdarı vuruşun qarşısını alır və ictimai həyəcanı ölüm cəzası qorxusu ilə qadağan edir. Yaşlı Montekki Romeonun davranışını təşviş doğuran sayır. Yaşlı Kapuletti isə Parisi bayrama çağırır və onu həvəsləndirir ki, Culyettaya məqsədli şəkldə diqqət göstərsin. Kapulettinin savadsız nökəri bayrama dəvət olunan adamların siyahısını öyrənir. Romeo eşidəndə ki, Rozalina da gələcəkdir, Montekki olmasına baxmayaraq, bayrama qatılmağı qət edir.

Culyettanın dayəsi qızın anası Ledi Kapuletti ilə yaxından, o, körpə olandan bağlıdır. Romeo və digərləri Kapuletti evinin qabağına gəlir. Lakin Romeo özünün bu yaxınlardakı yuxusundan narahatdır. Dostu Merkuri onun yuxularından agah olduğundan bu cəhaləti bəyənmir. Maskalanmış Montekkilər Kapulettilərin bayramına qoşulurlar.

Romeo Culyettanın gözəlliyinə təəccüb qalır. Culyettanın əmisi oğlu Tibalt Romeonun səsini tanıyır, vuruşmağa hazırlaşır. Lakin yaşlı Kapuletti ona narazılıq yaratmağı qadağan edir. Tibalt məclisi tərk edir, bu vaxt Romeo Culyettaya sitayiş dolu öpüşlər verir. Dayə Culyettanı çağıranda, Romeo başa düşür ki, Kapulettilərin qızına vurulmuşdur. Culyettaya məlum olur ki, onun sevdiyi Romeo nifrət edilən Montekkilərdəndir.

Kapulettinin evində dostları Romeonu axtaranda, artıq o, çıxıb getmişdi. Bağdan qıza tamaşa edən Romeo öz balkonlarında dayanan Culyettanın baxışlarına heyran olmuşdu. O, Culyettanı inandırır ki, Montekki yalnız addır. "Eh, əgər başqa bir ad olsaydı!/ Ad nədir? Ona görəmi biz qızıl gülü belə adlandırarıq/ Digər adla da o, şirin ətir saçardı".

Romeo cəsarətlə özünü göstərir və sevgililər bir-birinə sədaqət andı içirlər.

Culyetta deyir ki, əgər Romeonun evlənmək niyyəti varsa, o, sabah bu barədə valideynlərinə təklif sözü göndərməlidir. Onlar ayrılanda Culyetta bir qədər "şirin kədər" hiss edir.

Romeo rahibi tapmalıdır. Rahib Lourens tibbi məqsəd üçün ağac becərir, təbiətdəki və bəşəriyyətdəki ləyaqəti və qüsuru qarışdırmaq sahəsində apardığı təcrübələr ilə tanınır. Romeonun Culyetta ilə evlənməsi üçün ona kömək etməli olduğuna rahibi inandıra bilir.

Merkuri həyəcanlı xəbərləri müzakirə edir: Tibalt Romeoya çağırış edir. Romeo gəlib çıxanda, Merkuri onu ələ salır, sataşır ki, bəs bütün gecəni o, haradaydı. Culyettanın dayəsi gəlir və Merkuri onu da ələ salır. Lakin Romeo dayəyə deyir ki, Culyetta rahibin zirzəmisinə gəlsin ki, onlar evlənsinlər. Bu vaxt Culyetta dayəsinin nə üçün gecikməsi ilə maraqlanır. Nəticədə dayə xəbərləri gətirir və Culyetta Romeoya qoşulur ki, evlənsinlər.

Günün istisində Merkuri öz dostunu və qohumunu qızğın başlı olmasına görə ittiham edir və sonra Tibaltla sözləşirlər. Romeo Kapulettiyə evlənəcəkdir, ona görə də çalışır ki, vuruşun qarşısını alsın. Lakin Merkuri Tibaltın provakasiyasına müqavimət göstərə bilmir və o, Merkurini yaralayıb, oradan qaçır. Yaralanmış Merkuri həmçinin çıxıb gedir. Bir qədər sonra dostu xəbər verir ki. Merkuri ölmüşdür. Tibalt təzədən vuruşmağa gələndə, yenicə qisascıl adama çevrilmiş Romeo tərəfindən öldürülür. Cəza kimi hökmdar Romeonu sürgünə göndərir.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 6 may.- S.22.