Dəyirman dərdimiz
Bu günlərdə "Qanun" nəşriyyatında
Xalq yazıçısı Mövlud Süleymanlının
"Dəyirman" dilogiyası işıq üzü
görüb.
Kitabın ön söz müəllifi və redaktoru
yazıçı-dramaturq Pərvindir. Sovet dövründə
böyük şöhrət tapmış və mühitdə
ciddi söz-söhbətə səbəb olan "Dəyirman"ın
ikinci hissəsi 40 ildən sonra "Qobustan" dərgisinin
2021-ci il payız sayında oxuculara təqdim
edilib.
Dərginin baş redaktoru Pərvin əsərə
yazdığı ön sözündə əlyazmanın
köçürülməsi və çapı tarixçəsini
oxucularla bölüşür.
Ön sözü oxuculara təqdim edirik.
Adamların öz balasını qucağına almağa
çəkindiyi, anasını bağrına basmağa
qorxduğu bir vaxt idi. Hər yer xəstəlik, virus, hamı
daşıyıcı... Bir yandan müharibə, fərəh,
qələbələr... O biri tərəfdən bənizi
solmuş, saçı bəyazlaşmış, gözündən dərd
yağan şəhid anaları! Yüz-yüz
illərdi tanıdığımız yağının belin
qırıb yurdumuza sahib çıxmışdıq, amma
ayrı bir gözəgörünməz düşmən də
hər an işində idi. Xəbərdarlıqların
ardı-arası kəsilmirdi; evdən çıxma, əllə
görüşmə, maska tax, öpüşmə,
uzaqlaş hamıdan, sosial məsafə saxla və s.
Görünən odur ki, çağdaş dünya insanı
özünə qapatmaq və özü haqda
düşündürmək hayındaymış...
Bütün bu qarışıq hisslərlə söz də
acizləşmişdi elə bil. Ya da bu təzə durumun, vəziyyətin
adını tapmaqda çətinlik çəkirdik, bilmirəm...
Keçmiş zamanda danışmağım qəribə
gəldi özümə, axı hələ də heç nə
dəyişməyib, elə o ab-havanın, ovqatın, təhlükə
və xəbərdarlıqların, xəstəlik və
ölüm xofunun içində yaşamağa davam edirik.
Əksinə, dünyanın müharibə
ocaqlarının, fəlakət və ölüm
yuvalarının sayı hər gün artır, təəssüf.
İndi xoş xəbər aclığı içində,
yaxşı ovqat tamarzısı kimi yaşayırıq... Lap əvvəldə
isə daha çətin idi sanki, istənilən arzunun, gələcəyə
aid planların yanında bir ümidsizlik bitirdi... Böyük
Qarabağ Savaşımızın zəfərlə nəticələnməsi
ümid etməyin, inanmağın, mübarizənin gec ya tez
mütləq nəticə verəcəyinə əmin edib bizləri,
şükür!
...Amma
pandemiyanın ilk günlərində nə dünyanın, nə
də çağdaş insanın alışa
bildiyi durumda hər kəs necəsə yaşamağa, bədbinliyi
yaxına buraxmamaq üçün başını qatmağa
çalışırdı. Məndən
ötrü isə bütün reallıqlarda - ən
kiçik, yaxud ən böyük problemlərin içində
ədəbiyyat hər zaman xilasdı. Elə
həmin ərəfələrdə
sosial şəbəkələrdə Mövlud
Süleymanlının doğum günü münasibətiylə
bir neçə paylaşıma, yazıya rast gəldim. Artıq aylar idi ki, rus nəsri ilə məşğul
olmağım doğma dildə sevimli əsərləri yenidən
oxumaq ehtiyacı yaratmışdı. Maralların soyuq
yerlərdəki duz aclığına bənzəyir ruhun belə
ehtiyacı; birdən ürəyinə nəsə
düşür, sən ona çatmağa can atırsan və
elə bilirsən ki, bir az da geciksən, nəfəsin
kəsiləcək. Hə, bu dəfə
Mövlud Süleymanlı nəsri dadıma yetmişdi.
"Dəyirman"ı, "Şeytan"ı,
"Köç"ü, "Ceviz qurdu"nu, "Səs"i,
"Günah dua"sını bir-birinə calayıb
oxumuşdum, əsərlərin birindən digərinə
cığır açıldığını, qəhrəmanların
müxtəlif zaman kəsimlərində və tale
"qaçhaqaçında" necə göründüklərini
də hiss etmişdim... Amma indi nəyisə təhlil etmək
yeri deyildi, elə-belə söz azuqəsi toplayırdım,
duz ehtiyacımı ovudurdum, vəssalam!
Yazıçının digər əsərlərini əldə
etmək üçün özüylə zəngləşəndə
isə elə ilk bir neçə kəlmədən bədbinləşdim:
- gözlərim mənimlə dostluq eləmir, işləyə
bilmirəm - dedi. Mövlud
müəllim uzun illərin həmkarı, dostu, nə bilim məslək
yoldaşı kimi yazdığı və yazmaq istədiyi mətnlərdən
elə telefondaca danışır, gah yaşından, gah ona əziyyət
verən göz təzyiqindən gileylənirdi. Deyirdi -
yuxumda bir nurani kişi nə qədər
yaşayacağımı söyləmişdi mənə, amma
hesablayıram, o yaşı çoxdan keçmişəm,
riyaziyyatı yaxşı bilmirmiş yəqin... Sonra birdən pauza verib - Bilirsən, Cücəkənddə
evimizdən necə mənzərə
açılırdı?! - deyir, elə
"Cücəkənd" dilinə gələn kimi
yazıçı dostlarını ora qonaq aparmasını
yada salıb hansısa məzəli məqamlara
gülürdü. Sonra yadına düşürdü ki, ot özü "icazə verməsə"
onu çalmaq mümkün deyil... Hələ Novruz çərşənbələrimizin
ardıcıllığının kobud şəkildə
pozulması da onu rahat buraxmırdı; siz axı cavansız mənə
kömək edin, yazın bunları, çərşənbələri
düzgün qeyd edək də...
Bir mövzunu dincə qoyub, ya unudub o birinə keçən
yazıçı ilə danışdıqca mütaliəmi
davam edirdim elə bil; yəqin o, elə yazdıqlarının
davamıdı, ya da onların içindədi... Bir telefon söhbətində aldığım
informasiya, ovqat, ab-hava elə yazıçının
kitabını, əsərini oxumağa bərabər idi.
Bəlkə bu aralar yaza bilmirdi, ona görə bu
qatmaqarışıq mövzuların içində
özü də itib-batmışdı! Bir neçə
gün sonra Mövlud müəllim istədiyim kitabları mənə
gətirəndə üstündə bir qovluq da verdi, dedi ki, 40 il əvvəl
yazdığı, amma üzə
çıxarmadığı əsəridir. Nə
əsər?! "Dəyirman"ın davamı... Məgər
"Dəyirman"ın davamı da yazılıb?! Sən
demə yazılıbmış! Axı "Dəyirman"ın
elə yarandığı gündən daşı
ağır olub?! Gənc yazıçının məhkəməsi
qurulub, əsərini məşəl ayağına çəkiblər...
Məgər bunu bilməyən var?! Əsəri və müəllifi qorumağa
çalışanlar da olub. Ənvər Məmmədxanlı,
İlyas Əfəndiyev həmin o amansız iclasdakı
çıxışları ilə, Rəsul Rza məqaləsiylə
müdafiə ediblər onu... Axı necə ola
bilər ki, "xoşbəxt" Sovet ölkəsini belə
tünd boyalarla təsvir edəsən?!
Hə, mühitin damarının yerini yaxşı bilən
xeyirxahları müəllifə əsərin ardını yazmağı
və hadisələri yumşaltmağı, xoşbəxt
sonluğa gətirib çıxarmağı məsləhət
görürlər. Füzuli demiş - "özünü təfəkkür
atəşi içində əridən"
yazıçı gecəsini gündüzünə qatır,
əsərin ardını qələmə alır. Amma bu dəfə povesti elə həmin dostlara
oxuyanda - "Bunu ümumiyyətlə gizlət, heç kəs
görməsin" - deyirlər.
...Və
o gizlədən 40 ildən çox uzaq sandığa
atılıb əsər... Yazıçının
xəttini anlaya bilən yaşlı makinaçı da
dünyasını dəyişib, əsərin çap
maşınında yığılmış versiyası da
itib. Az qala orta əsr əlyazmaları
haqqında deyilən təki - əlimizdə olan yalnız
budur.
Bəli, mən indi çox dəbdəbəli sözlər
işlədib deyə bilərəm ki, özümü xəzinə
xəritəsi tapan kimi hiss edirdim. Ya da bir az daha dərinə
gedərəm, deyərəm ki, böyük missiya ilə
üz-üzə idim və ədəbiyyat tarixi
üçün bunu etməli idim. Amma əlyazmanın elə
bircə səhifəsini görən oxucu başa düşər
ki, kiril əlifbası ilə yazılan və oxunmaz halda olan
kağızlara baxanda çaşıb qalmaq daha təbii
duyğudu... İkicə-üçcə
sözünü oxuya bildiyim əlyazmadan nə isə
anlayacağıma heç cür inanmırdım. Məncə
buna heç Mövlud müəllim özü də
inanmırdı... Həm də
qarışıq kağızlardan əsərin əvvəlini,
ardıcıllığı tapmaq da müşkül məsələydi.
Eləcə bir neçə gün qaldı əlyazma,
deyəsən bir-iki həftəlik yadımdan da
çıxdı. Həm də
özümü böyük sual qarşısında, məsuliyyət
altında hiss edirdim. Əlyazmanı ən
etibarlı yerdə saxlasam da, ara-sıra birdən it-bata
düşər deyə tez-tez yoxlayırdım bu
saralmış kağızları. Yoxlayırdım ey,
lap belə səliqə-sahmanla saxlayırdım da, intəhası
oxuya bilmirdim, yaxın düşə bilmirdim mətnə...
...Hər
dəfə cəhdlərim bir nəticə verməyəndə
başa düşürdüm ki, bunu yalnız
yazıçı özü oxuya bilər. Ancaq
"gözlərim mənimlə dostluq eləmir" deyən
Mövlud müəllimin bunu köçürə bilməsi
də inandırıcı deyildi. Ona görə çox
düşünüb bir yol tapdım. Anladım
ki, əlimdəki əlyazmanın açarı birinci "Dəyirman"dadır,
əsəri mətnşünas kimi oxumalı və
yazıçının üslubunu, qəhrəmanlarının
adlarını, taleyini, başına gələnləri, dedikləri
sözləri əzbərləməliyəm. Yalnız belə olduğu halda əsərin
ardını o saralmış kağızlardan (bəzi hissələri
əldə ovulurdu da!) "görə"
bilərəm... Bir neçə ay çək-çevirdən
sonra nəhayət yazının açarını - əvvəlini,
ortasını, axırını tapdım və
söz-söz köçürməyə başladım.
Qəribədi bu əlyazma yalnız gün
işığında oxunurdu. Səhər
açılan kimi vərəqləri götürüb həyətə
çıxır və günün altında oxumağa,
köçürməyə cəhd edirdim. Alınanda,
inanmırdım gözümə... Hansısa
suallarıma cavab tapanda sevinirdim, qayıdıb əsərin əvvəlindən
oxumağa başlayırdım. Əsas
sual bu idi ki, "əsəri yumşalt" tövsiyyəsinə
görə necə davam edəcəkdi hadisələr və
niyə yazılandan sonra "əsəri gizlət" -
deyilib?! Elə ilk cümlədən
aydın olur; əgər birinci "Dəyirman" tozanaqla, hər
yerə dolan toz-torpaqla başlayırsa, əsərin
ardında yazıçı şəhəri günəşin
şəfəqləri ilə işıqlandırır.
Hətta evlənəcəyini ya evlənməyəcəyini dəqiq
bilməyən gəncləri də xoşbəxtlik, dinclik
içində göstərir, binalardan insanlara kimi hər
şeyi, hər kəsi böyük bir iş daxilində,
iş görən yerdə təsvir edir... Bu ilk
təsvirlərdən adamı vahimə də basır, vallah.
Bu nə nikbinlikdi axı?! Düzünü deyirəm,
təzə ayaq açmağa başlayan körpələr təkin
"dar-dar" deyib mətn içində irəlilədikcə
və gün işığından göz qamaşdıran
cümlələri oxuduqca yaman qorxuya düşürdüm.
Vay, birdən hardasa rejimin tərifini, ya da elə sadəcə
cəmiyyətin necə "xoşbəxt" olduğunu
oxusam, sehrini itirməzmi sevdiyim əsər?! Sənətin
yox vaxtında, bu mənə lazımdı?! Amma "əsəri
gizlət" məsləhətini də öncədən
bilməyim toxtaxlıq verirdi...
... İlk "Dəyirman"ı oxuyanda keçirdiyim duyğular və ortaya çıxan suallar əsərin ardında öz məntiqi davamını tapdı sanki... Hər şeydən əvvəl onu deyim ki, zaman keçdikcə ilk Dəyirmana qənim kəsilənləri əndişələndirən nə imiş, bunu anlamaq sadələşir. Məsələ mühiti sadəcə tünd boyalarla təsvirdə, yaxud bir çox ədəbiyyatşünas təhlillərin təkrar-təkrar dediyi kimi - alkoqolizmə qurşanmış kənd əhlində deyil. Əslində zaman keçdikcə, bərəkət yeri olan Dəyirmanın harınlıq yuvasına çevrilməsi də, kişilərin içməsi, qadınların ağzını elə hey qarğışla açması da ayrı cür qavranır. Bəli, əsər hər hansı birbaşa təsvir, tənqid, ifşa olmadan Sovet reallığını, özü də acı gerçəkliyi iri plana çəkib. Kişilər alkoqolizmə qurşandıqları və ət yeməyi sevdikləri üçün dadanmayıblar Dəyirmana... Məgər Kefli İskəndər alkoqolizmdənmi əziyyət çəkirdi?! Əlbəttə mən Mövlud Süleymanlının Dəyirman əhlinin hamısını Mirzə Cəlilin həqiqət aşiqi Kefli İskəndəri ilə müqayisə etmək niyyətində deyiləm... Burda gəlib yekə qarnını bir az da yekələndirən Yoğun kişi, dava vaxtı bir ovuc unu bir ovuc qızıla dəyişən Dəyirmançı, arvadını, balasını pul qazanmaqdan, müştəri cəlb etməkdən ötrü ortaya atan Göyçək kababçı, yaxud hər şeyin satıldığına əmin olan Qızıl oğlanlar elə Kefli İskəndərin "Tfu sizin üzünüzə" deyib hədəfə aldığı məxluqlardı... Ancaq Dəyirmana, ordakı ab-havaya bütöv baxanda; insanların yaşamaq üçün səbəb, sevinmək, özünü insan hesab etmək üçün tutalqaç tapmadığını görəndə sanki elə bütün zamanın Kefli İskəndər vaxtı olduğu təəssüratı yaranır... Və bu zamanın ən dəhşətli tərəfi odur ki, insanı yalnız hakimiyyət xoşbəxt və güclü edə bilir. Elə başlanğıcdan "İki çobanın iki kolxoz sədrinə bərabər olmadığını" müzakirə edən qəhrəmanlar bərabərsizliyi ifadə edirlər. Rəqəmlər, yazılmış və yazılmamış qanunlar heçdir; pulu, vəzifəsi, hakimiyyəti olanlar özlərini güclü sayırlar. Bəlkə əslində özünü insan hesab edən də elə yalnız bunlardı. Ona görə Dəyirmançı heç kimə gücü çatmasa da, heç olmasa bıçağı-bıçağa çəkib toğluları qorxudur, ona görə burnundakı ləkədən xəbərsiz bədbəxtlər başqasını yamanlayıb xoşbəxt hiss edirlər özlərin... Başlar da qaynar qazanda bişdikcə dişlərin ona görə ağardırlar, ona görə gülürlər ki, daha əzaba, işgəncəyə dözmək üçün ayrı yol da qalmayıb. Yazıçı bunları deməyə çalışıb. Unnuqdan arxa kimi hər yer murdarlıq, qan, kir, çirkab içindədi və kiçik detallarla ifadə edilmiş bu dözülməz durumda yeganə yol elə Kefli İskəndərin yoludur.
Və anladığım budur ki, cəmiyyətin xoşbəxtliyi Kişilərin gücündən asılıdır. Kişilərin özgüvənli, güclü, iradəli, vicdanlı, bacarıqlı olmadığı yerdə Qadının rahatlığı, xoşbəxtliyi əlçatan deyil. Ona görə də Dəyirmanın (deməli həmin mühitin!) bütün Qadınları həyatdan, ruzigardan şikayətçidilər, heç kəs məmnun deyil yaşayışından. Ən bacarıqlısı elə Ayatın anasıdır ki, başını götürüb qaçıb. Və əsərin ardı elə Ayatın anasının haqqındadır...
Əsər və onun ardı haqqında çox danışa bilərəm, amma nə ehtiyac?! Elə Mövlud müəllim də artıq köçürülmüş və çapa hazırlanan variantı dəyişmək, düzəltmək, redaktə etmək istəyəndə etirazımı bildirirdim... Necə yazılıbsa o cür qalmalı, oxucuya elə də təqdim olunmalıdı, məncə. Axı "Dəyirman" özü ayrıca bir varlıq kimi, adam kimi, öz taleyini yaşayıb və elə keşməkeşli ömür sürən müdrik bir ağsaqqal kimi ədəbiyyat tariximizdə öz yerini tutub. İndən sonra onun nə bir mətn, nə də elə müdrik ağsaqqal kimi mükəmməl olmaq borcu var...
Əsər ilk dəfə
"Qobustan" Sənət Toplusunun 2021-ci il Payız
sayında işıq üzü gördü.
Yazıçının yubileyi ərəfəsində
"Qanun" nəşriyyatının rəhbəri
Şahbaz Xuduoğlu hər iki "Dəyirman"ı bir
kitabda çap edib oxucuların ixtiyarına buraxmaq təşəbbüsü
irəli sürəndə sevindim. Kitabın
təbliğatı üçün böyük işlərə
imza atan "Qanun"çuların gerçək sənət
naminə gördüyü daha bir nəcib iş
alqışalayiqdir. Əminəm ki, bu dilogiya ədəbiyyat
tariximizdə yeni bir ab-havada, təzə bir baxışla
öz yerini tutacaq və ədəbi tənqidçilərin, ədəbiyyatşünasların
diqqətini cəlb edəcək.
PƏRVİN
525-ci qəzet.- 2023.- 6 may.- S.16.