"Əgər media peşəkardırsa,
sosial şəbəkədən fərqini hiss etdirəcək"
ZEYNAL
MƏMMƏDLİ: "SOSİAL ŞƏBƏKƏ HAMINI
MÜƏLLİFƏ ÇEVİRİR, AMMA PEŞƏKAR
MEDİADA HAMI MÜƏLLİF OLA BİLMƏZ"
Bir
neçə nəsil Azərbaycan jurnalistlərinin sevimli
müəllimi, 31 il indiki Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsində dərs demiş
tanınmış media eksperti Zeynal Məmmədlinin bu
günlərdə 70 yaşı tamam olur. Bu əlamətdar
tarixdə Zeynal müəllimlə müsahibəni
oxucuların diqqətinə çatdırır, sevimli
xocamızı yubiley münasibəti ilə təbrik edir,
sağlam ömür arzulayırıq.
"525"
- "Bir yazıda hər şeyi qucaqlamaq olmur". Sizin bu
yanaşmanızdan çıxış edərək
bugünki söhbətimizdə illərin
cığırı ilə getmək istəyirəm. Ona görə də lap əvvəldən
başlayaq. Nə
xatırlayırsınız dünyaya göz
açdığınız Güllübulaqdan?
- Mən Güllübulaqdan uşaq vaxtı
çıxsam da, sonralar - məktəbdə oxuduğum
dövrdə getmişəm. Oraların təbiəti
çox qəribədir, dağlıq yerin nisbətən aran
hissəsi. Qəribə dağları,
qorxunc qayaları vardı (düşünür).
Çiçəklərin, otun ətri, bir də insanların
sərtliyi... Yadımda qalan bunlardır.
- Bəs
jurnalist olacağınıza necə qərar verməyiniz
yadınızdadırmı?
-
Bakıda böyüdüyüm ərazidə çoxlu
redaksiyalar vardı: "Azərbaycan gəncləri" qəzeti,
"Kirpi" "Pioner", "Göyərçin"
jurnalları, AZƏRTAC ... Səkkizinci sinifdə oxuyurdum. Həyətdə
futbol oynayanda top təsadüfən "Azərbaycan gəncləri"
qəzetinin redaktoru Cəmil Əlibəyovun üzünə dəydi.
O da qulağımdan tutub məni dördüncü mərtəbəyə
- qəzetin redaksiyasına qaldırdı. Dəcəllik etməyim
deyə, tapşırıq verib dedi ki, otur yaz, işdən
sonra oynayarsınız. Onlarda iş saat altıda bitirdi. Beləcə,
yazmağa başladım, bir də gördüm üç
manat, beş manat qonorar olur. O dövrdə
bu, böyük pul idi. Təsəvvür elə,
ən bahalı dondurma on qəpik idi. Sonralar
xırda-xırda yazılarım çıxmağa
başladı. O vaxta kimi mən fizika fakültəsinə
getməyi düşünürdüm.
"Rejim
jurnalistikanın inkişafına imkan vermir, sadəcə
partiyaya əsgər yetişdirirdi"
- Nə
vaxtsa bunun peşmanlığını çəkdiniz
heç?
- Yox,
peşman olmadım. Düzü, elə o vaxt,
ilk anlardan anlayırdım ki, bizdə jurnalistika təhsilinin səviyyəsi
çox aşağıdır. Yəqin
ki, həmin dövrdə uşaqların mexanika-riyaziyyat
fakültəsinə getmələrinə səbəb orada
nisbətən parlaq müəllimlərin olmasından irəli
gəlirdi. Jurnalistikada da adlı-sanlı müəllimlər
vardı, amma ölkədəki rejim jurnalistikanın
inkişafına imkan vermir, sadəcə partiyaya əsgər
yetişdirirdi: partiya sənin əvəzinə
düşünəcək, sən də onun dediyini edəcəksən.
Bu məntiqlə hansı jurnalistikadan söhbət
gedə bilərdi? Kitablar yox,
araşdırmalar yox. Buraxılan kitablarda
da Marksın, Leninin sitatlarından başqa bir şey yox.
Lakin dediyim kimi, bütün bunlara baxmayaraq, həmin
dövrdə yaxşı müəllimlər vardı. Məsələn,
Nəriman Zeynalov. Onu heç cür unuda bilmərəm.
Tələbəni Jurnalistika fakültəsinə
bağlayan da elə onun kimi adamlar idi. Yoxsa
ki, fakültəyə cəhənnəm əzabı kimi
baxardın, ora sadəcə evdəkilərdən
utandığına görə gedib-gələrdin ki, deməsinlər
yarıtmadı, davam eləyə bilmədi. Həm də axı o cəsarət də olmur ki,
yarımçıq buraxıb gedəsən. Amma sonra təhsilimi Moskvada davam etdirəndə
gördüm ki, orada necə güclü tələbələr
var. Dördüncü kursda təhsil atıb deyirdilər ki,
bura mənlik deyil. Onlar güclü idilər,
müstəqil idilər. Azərbaycanlı
tələbə isə ailəsinin, mühitin əsiri idi.
- Nəzərə
alsaq ki, 52 dəfə dərsdən qaçmısınız,
deməli, siz o əsirlər sırasında deyildiniz.
- Mən
heç vaxt dərsdən qaçmamışam. Qovublar.
- Niyə?
- Müəllimə
atılan atmacalara görə... Əsas səbəb müəllimlərin
mənsiz özlərini daha rahat hiss etmələri idi. Mən nəsə öyrənmək istəyirdim,
onlarsa istəsələr də, öyrədə bilməyəcəkdilər.
Çünki soruşduğumun cavabını
özləri də bilmirdilər. Dekan hər
dəfə dərsə təkrar girmək üçün
kağız verirdi. O kağızların sayından bilirəm
52 dəfə qovulduğumu.
- "Mənim iki arıq, daha dəqiq desəm, iki ərəsət
arıq dostum olub - Vaqif İbrahimoğlu və Zeynal Məmmədli". Bu sözlər
Niyazi Mehdinin gənclik illərinizdən bəhs edən bir məqaləsində
oxumuşdum. Deməli, siz hələ o
vaxtdan arıq olmusunuz.
- Hə,
çox arıq olmuşam.
- Yeməklə
aranız yox idi, yoxsa necə?
- Deməzdim
aram yox idi. Amma xüsusi fərqlənən
qarınqulu da deyildim. Ət yemirdim, ancaq
döyülmüş ət yeyirdim (gülümsünür).
"İnanmıram
ki, başqalarından fərqli gənclik
yaşamışam"
- Gənclik
xatirələrinizdə kimlər var?
- Tələbə
olanda Moskva mühitində Niyazi Mehdi, Kamal Abdulla ilə
yaxın dostluq edirdim. Həmin dostluq bu günə
kimi davam edir. Onlar çox yaxın,
çox dəyərli adamlardır. Vaqif
İbrahimoğlu da o adamlardan biri idi. Dostlarımın
arasında yaşıdlarım, məndən böyüklər,
eyni zamanda məndən çox böyüklər var. O
cür dostlardan Rəhman Bədəlovun, Toğrul
Cuvarlının adını çəkə bilərəm.
Adını çəkdiklərimin hər
birindən nələrsə öyrənmişəm, sanki
onlar sosial rəndə rolunu oynayıblar.
-
Çılğın gənclik keçirmisiniz?
- Bilmirəm,
hansı sifəti burda işlətmək olar. İnanmıram
ki, başqalarından fərqli gənclik yaşamışam.
Amma təbii ki, gəncliyin enerjisi bir
başqadır.
"Artıq
doymuş məhlul kimi idim"
- O gənclik
dönəmində necə oldu ki, müəllim olmağa qərar
verdiniz?
- Mən
öz işimi çox sevirdim, sadəcə praktik işdə
- kiçik redaktor, redaktor, böyük redaktor kimi. Bunları keçəndən sonra sanki
özünü təkrarlama mərhələsi
başlayır. Sovet dövrünü təsəvvür
elə, istehsalat, kənd təsərrüfatı xəbərləri.
Mənisə insan maraqlandırırdı.
Məsələn, o vaxt "Xan əmi dedi ki...", "Bir
küçənin yaşı" kimi materiallar
hazırlayaraq beyinləri yuyan xəbərlərdən
yayınmağa çalışırdım. Ancaq
bir yerdə gördüm ki, artıq mümkün deyil. Düzdür, televiziyada irəliləmə gedirdi,
amma Az.TV qəribə bir zavoda bənzəyirdi. Biz sanki
tornaçı dəzgahında cihaz istehsal edirdik: standart
qoyulmuşdu - 10 millimetr, nə 9 olardı, nə də 11. Bu yanaşma böyük basqı yaradırdı.
Həmin vaxt təzə kafedra
açılırdı. Allah Tofiq Rüstəmova
rəhmət eləsin. Jurnalistika fakültəsinin
dekanı idi, məni o, dəvət elədi, müsabiqə
idi, sənədlərimi verdim. Televiziyada işləməyimin
beş ili tamam olan gün Jurnalistika
fakültəsinə keçdim.
-
Neçə il müəllim işlədiniz?
- 31 il.
- Bəs
niyə 32-ci il olmadı?
- Yenə
bir tıxanma oldu. Əslində, ondan çox qabaq
da çıxmağa dəyərdi. Təsəvvür
elə, dəyişikliklər istəyirsən - fakültənin
özünün studiyası olsun, burada filan işlər
görəsən kimi istəklər. Bir də,
yaş məsələsi vardı. Mən
bundan artıq nə fayda verə bilərdim ki? Min cür
başqa şeylər də ola bilər,
amma mən məhz buna görə çıxdım. Artıq doymuş məhlul kimi idim.
"Anarı
az qala, müdafiə naziri, ana müxalifətin lideri etmək
istəyirlər, hamı Anardan nəsə umur"
- İnsanlara, hadisələrə həmişə fərqli,
özünəməxsus tərzdə
yanaşdığınızı görmüşük. Məsələn,
Anarın Azərbaycan ədəbiyyatındakı yeri ilə
bağlı dediklərinizə görə sizi anlamayan,
qınayan adamlar var.
- Hamı
eyni cür düşünə bilməz. Mən
başqasının baxışına sayğı göstərirəm,
amma fərqli baxışın da bir əsaslandırması
olmalıdır. Mən niyə Anara
sayğı göstərməyim? Anar o
Anardır ki, mənə Mirzə Cəlili sevdirib. Az qala, dilimizin rəsmi dilə, partiya sovet dilinə
çevrildiyi bir vaxtda Anar "Qobustan" jurnalı
buraxırdı. "Qobustan" dərgisində
görün kimlər, hansı imzalar çıxırdı.
Bir də görürsən hansısa yazıçı deyir
ki, Anara nə var, ata Xalq şairi, ana Xalq şairi, özü
də uşaq vaxtı, biz kolxozda pambıq yığanda
oyuncaq maşın sürürdü. İndi
buna görə mən Anarı sevməməliyəm? Ya da deyirlər ki, Anar haqqın səsi
olmalıdır. Anarı az qala,
müdafiə naziri, ana müxalifətin lideri etmək istəyirlər,
hamı Anardan nəsə umur. Təsəvvür
edin, qaçqınlıq dövründə gələnlər
Anara üz tuturdular, elə bil, Anar təcili yardımdır.
Bütün bunlara dözmək sizə asan gəlməsin.
O, otuz-qırx ildir, Yazıçılar Birliyinin sədridir. Yazıçılar Birliyi nədir? Qeyri-hökumət təşkilatıdır da.
Bəli, orada da çoxlu problemlər var, amma
Anar olmasaydı, heç indiki yaxşılar da olmayacaqdı.
"Zeynəb
Xanlarova sosial terapiya rolunu oynayırdı"
- Ədəbiyyatdan, sənətdən söz
düşmüşkən, Zeynəb Xanlarova sənətinə
yanaşmanız da həmişə mənə maraqlı gəlib.
- Təsəvvür
edin, hörmətli müğənnimiz Şövkət
Ələkbərova - çox gözəl vokalı, səsi
vardı, ancaq əlini pianinonun üstünə qoyub sakitcə
oxuyurdu. Ya da Sara Qədimova, Rübabə
Muradova. Bir tərəfdə isə Zeynəb
xanım. Mən bunu əsla əvvəl
adlarını çəkdiyim müğənnilərin dəyərini
azaltmaq fikri ilə demirəm, amma Zeynəb xanım başqa
idi. İkinci Dünya müharibəsindən sonra - əllinci illərin
axırı, altmışıncı illərin əvvəli
idi, artıq həyat dəyişmişdi. Həmin
dövrdə birdən-birə özünün biçim
verdiyi geyimlərlə, saç düzümü ilə səhnədə
oynayan bir Zeynəb xanımı görürük. Aaa, bu adi insana bənzəyir ki. Zeynəb
xanım birdən-birə səni həyata qaytarır. O
dövr ki, çox sərt davranış normaları olan bir həyat
var və bir də diriliyi, canlılığı təmsil edən,
gələcəyə ümid yaradan Zeynəb.
Bu mənada Zeynəb xanım sosial terapiya rolunu
oynayırdı. Onun ifasında nəsə xoşuma gəlməyə
bilər, onun hansısa davranışını bəyənməyə
bilərəm, amma o heç kimə bənzəmədi,
özünü ifadə eləməyə
çalışdı və bunu da bacardı. Məhz buna görə mən Zeynəbi çox
sevirəm.
- Sizcə,
doxsanların Zeynəb Xanlarovası kim idi?
- O
dövrə adekvat elə bir ad ağlıma gəlmir. Necə
ola bilər ki, mən bəstəkar olum,
vokal ifaçısı olum, ideoloji, siyasi səbəblərdən
əngəllər qaldırılsın və mən uğurlu
ola bilməyim? Birdən-birə azadlıq oldu,
ancaq biz böyük bir sənət görmədik. Məsələn,
həmin dövrdə Gürcüstan kinemotoqrafiyası ciddi
işlər ortaya qoydu, amma Azərbaycan... Düzü, mən
sənətin hər sahəsində həmin vaxtlarda baş
verən proseslərlə tanış deyiləm,
amma istənilən halda düşünürəm ki,
doxsanlarda reallıqla qarşılaşdıq. Bəzən
şişirdilmiş şarları gerçək uğur kimi
qiymətləndirirdik, o şarların havası alınan kimi
acı reallıqla üz-üzə qaldıq. Ötən əsrin doxsanıncı illəri Azərbaycanın
öz reallığını anlaması baxımından
çox qiymətli illərdir.
"Cəmiyyət
ziyalı dediyi adamın boynuna elə ağır yüklər
qoyur ki..."
- Zeynal
müəllim, ziyalı kimdir?
- Bu
söz alınma sözdür, "ziya" -
"işıq" deməkdir. Türklər
aydın deyirlər, əvvəllər işıqla
bağlı "münəvvər" də deyirdilər.
Qərbdə intelligentdir, yəni onlarda bu
anlayış ağılla bağlıdır. Bizdə nəsə sanki ziyalının başqa
missiyası var. Mənim gözümdə ziyalı intellektual əməklə
məşğul olan, ağlı ilə pul qazanan adamdır.
- Amma cəmiyyət
ziyalıdan qəhrəmanlıq tələb edir.
- Elə
söhbət də ondan gedir. Ada baxın, ad bunu
tələb edir. Sanki qaranlığı
işıqlandırmaq onun borcudur. Cəmiyyət
ziyalı dediyi adamın boynuna elə ağır yüklər
qoyur ki... Bu, on doqquzuncu əsr Rusiyasının
ortaya atdığı bir şeydir. Biri var, mən
aristokrat olum, böyük pullarım olsun.Tolstoyun hər halda
imkanı vardı ki, gəlirindən xalqa versin. Bəs,
maaşa işləyən adam tələbənin
təqaüdünü necə verə bilər?
"Anar
ssenari verdi, ehtiyacı olmaya-olmaya pul aldı",- deyirlər. Bəs
yaxşı, sən nə yazmısan, çıxar ortaya
görək, çıxar, ictimailəşdir, indi ki, sosial
şəbəkələrdə bunu eləmək rahatdır.
Yoxsa bunu da Anar qoymur? Niyə
əlini açıb, ancaq bir yerdən umursan?
- Bəs
çarə nədir?
- Sərbəst
bazar. Azərbaycanın halal varlıları
bilinməlidir. O varlılar ki, vergisini verir, üstəlik
də xeyriyyə ilə məşğul olur. Beləcə,
yaradıcı adam da üz tutacaq həmin
istiqamətə. İndi gedib kimə deyə bilərsən
ki, mənim belə bir ssenarim var, onu maliyyələşdir.
Anara? O da maaş
alandır. Mədəniyyət Nazirliyinə? Nazirlik
bürokrat qurumdur. İstər-istəməz
kimə nə versə, hay-küy olacaq. Niyə
biz Azərbaycan cəmiyyətindəki rəsmi
milyonçuların kimliyini bilmirik?
- Tutaq ki,
bildik, o milyonçu bir ssenaristə hamilik edəcəkmi?
- Sənin
ustalığın da işini əsaslandırmağındadır.
Sənin əlində elə bir iş var ki, ona pul,
şöhrət gətirəcək. O cür pullu adamların
bir çox hallarda şöhrətə də ehtiyacı olur.
Əgər halal qazanırsa, vergisini verirsə,
qorxmadan pulu verəcək. Amma indi pulu verəndə də
qorxa-qorxa deyirlər ki, heç kim bilməsin,
mən vermişəm. Bax, bu mühit dəyişməlidir.
- Sosial
şəbəkə dediniz. Necə
düşünürsünüz, sizcə, sosial şəbəkələr
mətbuatın əhəmiyyətini azaltmır ki?
- Əgər media peşəkardırsa, sosial şəbəkədən
fərqini hiss etdirəcək. Çünki bunun üçün
bəlli qaydalar var. Sosial şəbəkə hamını
müəllifə çevirir, amma peşəkar mediada
hamı müəllif ola bilməz. Sən orada kütlənin reaksiyasını görə
bilərsən, ancaq müəyyən istisnalar xaric, sən
sosial şəbəkələrdə dərin bir analiz görə
bilməzsən.
- Bəs
mediaya olan güvən problemi?
- Əgər mediaya güvənsizlik varsa, bu, medianın
problemidir. Peşəkar media üçün də bazar sərbəst
olmalıdır ki, o, maliyyəsini hər hansı bir fonddan
yox, bazardan alsın. Əsl yarış
onda bilinəcək.
- Siz
sosial şəbəkələrdən istifadə etmirsiniz. Vaxt azlığına görə, yoxsa?
- Buna
ehtiyac hiss eləmirəm. Həm də sosial
şəbəkələr üçün xeyli vaxt
lazımdır.
"Bir
günahın cəmiyyətə verdiyi fayda daha ağır gəlirsə,
onda o günaha batırsan"
-
Jurnalistika təhsili nə qədər vacibdir?
-
Ümumiyyətlə, iki şeyə o sahənin təhsili
mütləq lazımdır: hüquq və tibb. Bu, bütün dünyada belədir. Qeyri sahələri isə özün də öyrənə
bilirsən. Jurnalistika da həmçinin.
Jurnalist etikası ilə bağlı təlimlərsə
mütləq lazımdır, yaxud da qısamüddətli
kurslar. Məhz jurnalistika təhsilinə gəldikdə
isə əksinə, görürəm ki, başqa ixtisaslardan
gələnlər öz ixtisası ilə bağlı nəsə
hazırlayanda işin bilicisi kimi yanaşır, daha
yaxşı materiallar hazırlayırlar.
- Sizə
ən çox nə qədər rüşvət təklif
olunub?
- 200 min. Hər adamın alınma qiyməti var
(gülümsəyir).
- O pulu
hansı halda götürmək olardı?
- Əgər mənim doğma bir adamımın
xilası üçün 200 min lazım olsaydı, mən
günaha girib o rüşvəti ala bilərdim. Bilirsən, sən
birmənalı şəkildə yox deyə bilmirsən.
Məsələn, mən o pulu alıb, Həsən
bəy Zərdabini xəstəlikdən qutara bilsəydim, o
rüşvəti götürərdim. Sən
bu günahı niyə edirsən? Tərəzi
üsulu. Bir günahın cəmiyyətə
verdiyi fayda daha ağır gəlirsə, onda o günaha
batırsan. Əlbəttə ki,
günahın bədəlini də özün ödəməlisən.
Sən pulu alıb Zərdabinin həyatını
xilas eləsən belə, işinə xəyanət etdiyin
üçün cəzanı çəkirsən. Daha o 200 mini alıb, özün üçün gizlətmirsən.
-
Övladlarınızın heç biri jurnalist deyil, eləmi?
-
Oğlum jurnalistikanı bitirib, amma indi jurnalist kimi
çalışmır. Mən
övladlarımın seçimlərinə
qarışmamışam.
"Sevgiyə
inanmayanlar heç demokratiyaya da inanmırlar"
- Ancaq həyat
yoldaşınız jurnalistdir.
- Həyat
yoldaşımla eyni kursda oxumuşuq. Bəlkə
də, jurnalistikada qalmağıma səbəb o oldu, söhbət
işdən yox, təhsildən gedir.
- Deməli, xanımınız da sizə jurnalistikanın hədiyyəsidir. Bilirəm ki, sevib-evlənmisiniz, sevgiyə inanan adamlardansınız.
- Mən sevgisiz evlənə bilməzdim. Hardasa oxumuşdum ki, sevirsən sevgilindir, münasibət pisləşərsə, çox yaxın dostundur, sonra yoldaşındır, tanışındır. Ən pis halda sevgi azalsa belə, sayğı qalır. Amma sevməyəndə nə qalır, sevməyəndə necə olur? Birdən o kimisə sevdi, ya sən kimisə sevdin?
- Bəs sevgi qarın doyurmur deyənlər necə?
- Onu deyən adamlara qətiyyən hörmət eləmirəm. Onlar sevgiyə inanmadıqları kimi bir çox şeyə də inanmırlar. Onlar heç demokratiyaya da inanmırlar (gülümsünür).
- Bir yetmiş il də versəydilər, onu da bu Zeynal Məmmədli kimi yaşayardınız?
- Bəli. Çünki istəsəm də başqa adam ola bilməzdim...
Bir qeyd dəftərçəm var - "Zeynal müəllimin dediklərindən". Elə bir dərsimiz olmayıb ki, o dəftərə nəsə qeyd eləməyim.
Mən o adamın dediklərini kəlmə-kəlmə əzbərləmişəm. Mən o adamdan təkcə bu peşənin sirlərini yox, həm də bu peşəni sevməyi öyrənmişəm. Mən o adamdan ləyaqətli yaşamağı öyrənmişəm.
Düzgün zamanda qarşımıza çıxan düzgün adamlar həyatın bizə ən böyük hədiyyəsidir. Çox şanslıyam ki, tale mənə qarşı səxavətli davranıb, yolum Sizdən keçib. Çox, lap çox yaşayın, Zeynal müəllim!..
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 6 may.- S.14;15.