Kinomuzun aprel tezisləri  

 

 

Aprelin 20 və 21-də "Heydər Əliyev-100" yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan kinosu - 125: Reallıq, çağırışlar və hədəflər" kinoforumu təkcə kinonun problemlərinin, problemlərin həlli ilə bağlı təkliflərin bu sahədə çalışanların öz dilindən səsləndirilməsi və mövcud durumun dəyərləndirilməsi məqsədi güdmürdü. Bu, həm də Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin iş üslubunun perspektivdə necə olacağının bir növ anonsu idi. İlk dəfəydi, nazirlik səviyyəsində kino adamlarına öz fikirlərini açıq söyləmək imkanı verilirdi. Bütün panellərdə açıq mikrofonlar, nazir Adil Kərimlinin ikigünlük tədbirdə sonadək iştirakı, çıxışları diqqətlə dinləməsi və forumun media nümayəndələrinə açıq olması ondan xəbər verirdi ki, yeni rəhbərlik ictimai müzakirələrdən çəkinmir, problemlərin həllinə maraqlıdır və bu istiqamətdə peşəkarların dəstəyinə arxalanır. Forumdan öncə ünsiyyətdə olduğum kinematoqrafçı dost-tanışlar tədbirə skeptik yanaşsalar da (nəticə verməyəcəyi ehtimalından dolayı), forumdan sonra şübhələrin xeyli azaldığını müşahidə etdim. Bu mənada forum əsas məqsədinə çatdı və bir kinotənqidçi kimi reallıqların daha aydın üzə çıxması, həqiqətlərin səslənməsi və vacib çağırışların olması baxımından forumu uğurlu sayıram.  

Bu yazımda isə kinoforumda mühüm saydığım məqamlarla bağlı fikirlərimi bölüşməyə çalışacağam.

İkigünlük forumun ideologiyaya həsr olunan birinci panelində mövzudan müəyyən yayınmalar oldu. Kinoda ideoloji kontekstin geniş spektri əhatə etdiyini nəzərə alsaq, panel iştirakçılarının bir qisminin ideologiya haqqında təsəvvürlərinin yarımçıq və yanlış olduğu meydana çıxdı. Halbuki, hazırkı vəziyyətdə ideoloji istiqamətdə atılacaq ilk zəruri addım kino sənətinin əvvəlki nüfuzunu və statusunu qaldırmaqdır. Və ideologiya deyəndə filmlərin hansı dildə çəkilməsindən, səslənməsindən, dövlətçilik ideyalarının ekranda əksindən çox, sözün geniş mənasında kinoprosesin fasiləsiz dinamika ilə inkişafını, dövlətin dəstəyilə film istehsalının çoxalmasını, rəqabətin stimullaşdırmasını nəzərdə tuturam. Bu diksursu panel çıxışlarında Teymur Hacıyev, Rafiq Quliyev, Oleq Səfərəliyev və digərləri də səsləndirdilər. Kinoproses canlansa, kino dili, forma və üslublar da formalaşar, praktik iş peşəkarlar da yetişdirər, çoxjanrlılıq da təşəkkül tapar, müəlliflə tamaşaçı arasında əlaqələr də yaranar və nəhayət, kinonun dövlətdən asılılığı minimuma enər.

Panellərdə bir neçə dəfə gənclərin xaricdə təhsil məsələsi qabardıldı. Əbülfəs Qarayevin rəhbərliyi dövründə istər nazirliyin dəstəyi ilə, istərsə də müstəqil şəkildə xaricdə kino təhsili alan tələbələrimiz olsa da, məzunların-debütantların özünü ifadə etməsinə şərait yaradılmayıb. Debütantların film çəkməsinə qrantlar ayrılması ideoloji diskursun vacib aspektlərindəndir. Ümumilikdə, film istehsalı kinomuzun real potensialını aşkarlayar, sonrakı inkişaf istiqamətləri haqqında aydın təsəvvürlər formalaşdırmış olar.

İdeoloji kontekstdə digər vacib faktorlar - 44 günlük müharibə, əldə etdiyimiz Qələbə, ümumiyyətlə, Qarabağ müharibəsinin unikal insan hekayələri ilə ekranda həlli, həmçinin, forumda ötəri toxunulan uşaq kinosu, animasiya, tarixi-sənədli filmlər kino siyasətinin əsas xətləri olmalıdır. Bir daha xatırladım ki, büdcədən ayrılmış maliyyəyə nazirlik ötən iki il ərzində Qarabağ mövzusunda bir dənə də olsun tammetrajlı bədii film istehsal etməyib.

Bir az əvvəldə kinonun statusu, nüfuzu məsələsinə təsadüfən toxunmadım.1990-cı illərdə ölkənin kino sistemi dağılandan sonra sahibkarlar ciddi filmlərə maliyyə ayırdığı halda, bu gün iş adamlarının təsəvvüründəki kino daha çox yüngül komediyalardan ibarətdir. Ona görə kinonun statusunun qaldırılması nazirliyin kino siyasətinin əsaslarından birini təşkil etməlidir.

Həmin paneldə rejissor Elxan Cəfərov bildirdi ki, yüksək keyfiyyətli iş üçün müasir avadanlıqlar alınmalı, istehsalat qrupu üzvlərinin sayı təxminən 100 nəfərə yaxın olmalıdır.  Bizim problemlərimizdən biri kinoya münasibətdə plankanı çox yüksək götürməyimiz və onu niyəsə mütləq şəkildə Hollivud kino sənayesi ilə müqayisə etməyimizdir. Halbuki hazırkı şərtlər azbüdcəli filmlərin istehsalına hədəflənməyi və kiçik mobil qruplarla işləməyi diktə edir. Gürcüstan, Qazaxıstan kino sənayesində də azbüdcəli filmlərin istehsalı prioritetlərdən biridir. Müasir avandanlıqlara gəlincə, özəl prodakşnlar ölkədə avadanlıq bazarının əlverişli olduğunu söylədilər.

Birinci paneldə iştirakçılar "Milli kinoda mövzu seçimi, cəmiyyətin gözləntisi və dövlət sifarişi" mövzusu ilə bağlı sualları tam cavablandıra bilmədilər. Aydındır ki, Qarabağla bağlı sosial sifariş mövzuların başında gəlir. Lakin cəmiyyətin ekranda görmək istədiyi digər hekayələr, süjetlər nələrdir, qəhrəmanlar kimlərdir sualına cavab tapmaq araşdırmaların aparılmasını, sorğuların keçirilməsini zəruri edir. Cəmiyyətin hansı mövzulara tələbatının olduğunu yerli filmlərin nümayişi zamanı əldə olunacaq statistik məlumatların sayəsində də ortaya çıxarmaq mümkündür.

Forum boyu təkrar səslənən, ayrı-ayrı vaxtlarda mediada, müzakirələrdə kino adamlarının, kino tənqidçilərin vurğuladığı aşağıdakı məsələlər üzərində xüsusi dayanmağa ehtiyac görmürəm: qanunvericiliyin dəyişməsi, vergi güzəştlərinin tətbiqi, kino idarəçiliyi sisteminin təfəkkürcə modernizasiyası, ssenari seçimində obyektiv ölçü meyarlarının müəyyənləşdirilməsi,  kino ilə ədəbiyyat, musiqi, təsviri sənət arasında bağların bərpası, Nizami Kino Mərkəzinin qapılarının yaradıcı adamlara daim açıq olması, telekanalları film istehsalına təhrik, kinoprokat sistemi və s.

İndi də forumda mühafizəkar kinematoqrafçılar tərəfindən kommersiya kinosunun tənqidi, tamaşaçı zövqünü korlaması və festivalda ölkəmizi "pis göstərdiyinə" görə gənc rejissorları qınaması barədə bir neçə kəlmə...

Kommersiya məqsədilə istehsal edilən çox filmlərin sərt tənqidçisi olmuşam və eyni zamanda "Fokus" jurnalına bu sahə ilə bağlı araşdırma yazısı yazmışam. Kommersiya kinosunu hədəfə alan adamların bir qismi dövlət büdcəsi hesabına rəflərdə tozlanan aşağı keyfiyyətli layihələr həyata keçirəndə, kinoya ayrılmış milyonların səmərəsiz xərclənməsinə susanda,  kommersiya film istehsalçıları müstəqil maliyyə ilə film çəkib, kino sənayesini formalaşdırmağa çalışır, tamaşaçını kinozallarına gətirirdilər. Son bir neçə ildə yenə də müstəqil maliyyə hesabına kinoteatra çıxan filmər arasında janr və keyfiyyət dəyişikliyi görünür. Təəssüf ki, ötən illər ərzində dövlət büdcəsindən ayrılan maliyyə hesabına kino sənayesini stimullaşdıracaq bir addım belə atılmayıb.

Beynəlxalq festivallarda ölkənin pis göstərilməsinə dair iddialara gəlincə, ortaya konkret faktlar qoyulmadı və fikirlər əsaslandırılmadı.

İkinci paneldə "Yaradıcılıq. Azərbaycan kinosunun perspektivləri" məsələsi müzakirə olundu. Panelin alt mövzularından biri "Kinofestivallar və kinofondlar - müştərək istehsal üçün zəruri platforma" olsa da, iştirakçılar arasında nədənsə yerli festivalların nümayəndələri, prodüserlər, həmçinin, müstəqil filmləriylə əhəmiyyətli festival təcrübəsinə malik (Hilal Baydarov və Elvin Adıgözəl) kinematoqrafçılar gözə dəymədilər. Üstəlik, bəzi iştirakçıların hazırlıqsızlığı, məlumatsızlığı səbəbindən panel o qədər də məhsuldar olmadı. "Müəllif kinosunda uğur meyarları" altmövzusu isə kinonun mövcud situasiyasında aktual görünmür. Oleq Səfərəliyev haqlı vurğuladı ki, müəllif kinosu kinosənayedə axırıncı məsələ olmalıdır: "Ən vacib məsələ tamaşaçını kinoteatra qaytarmaqdır".

Panel iştirakçılarının bir qisminin düzgün seçilməməsi səbəbindən satış potensialı az olan filmlər üçün dəstək sisteminin necə qurulması ilə bağlı suala da konseptual cavab ala bilmədik.

Panelin ikinci günü "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" mövzusu adı ilə baş tutan müzakirələr daha məhsuldar idi və qızğın diskussiyalarla yadda qaldı.

"Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov qurumun dövlət büdcəsindən məhrum edilməsi təklifinə, standartlara cavab verməməsi, monopolist olması ilə bağlı iddialara faktlarla cavab verdi.

Nazirliyin sifarişi ilə çəkilən filmlərin istehsalının  "Azərbaycanfilm"ə həvaləsini, nəticədə monopolist vəziyyətin yaranmasını yazılarımda həmişə tənqid eləmişəm. Lakin monopoliya, özəl prodakşnlara ögey münasibət, onların istehsalat prosesindən kənarlaşdırılması "Azərbaycanfilm"in yox, nazirliyin kinoya məsul məmurlarının səmərəsiz fəaliyyətinin nəticəsi olub. Səmərəsiz fəaliyyət Nazim Hüseynovun son 5 il ərzində dövlət büdcəsindən ayrılan maliyyədən qurumun payına düşən hissəsinin hesabatında da aydın göründü: müxtəlif illərdə dövlət büdcəsindən ümumi maliyyənin az hissəsi kinostudiyaya gedib. Ötən il N.Hüseynov keçirdiyi mətbuat konfransında layihələrə ayrılan büdcələr barədə açıqlama vermişdi. Kinostudiyanın bazasında reallaşan, lakin kinomuza elə bir faydası dəyməyən 385 min manatlıq Interact Film Lab layihəsi məhz audiovizual şöbənin rəhbərliyinin layihəsi idi. Bu mənada, milyonların hara xərcləndiyini sorğulamayan bəzi kino adamlarının milli kinonun problemini, az qala, yalnız "Azərbaycanflm" kinostudiyasında görməsi absurddur.

O ki qaldı "Azərbaycanfilm"in gələcəkdə hansı modeldə fəaliyyət göstərməsinə, bu məsələdə keçmiş sovet respublikalarının özünü doğrultmuş təcrübələrindən yararlana bilərik. Azərbaycan Kinematoqrafçılar İttifaqında serial ssenaristləri ilə müzakirə keçirəndə, onlar audiovizual məhsulların çəkilişi zamanı məkan qıtlığı problemindən danışdılar və qeyd elədilər ki, çatışmayan məkanlar əsasən təyyarənin, metro və şəhərlərarası qatarların içi, həbsxanalar, polis şöbələridir. Analoji pavilyonların tikilməsi üçün "Azərbaycanfilm" unikal yerdir, maliyyəni subsidiyalar, kredit yoluyla həll edərək yüksək keyfiyyətli pavilyonlar tikilə bilər.

Azərbaycan Kinematoqrafçlar İttifaqının katibi Əli İsa Cabbarov forumdakı çıxışında investorlara film istehsalına maliyyə ayırması üçün siqnalın verilməsi və nazirliyin kino mesenatları üçün medal təsis etməsi kimi maraqlı təklif irəli sürdü, Hesablama Palatası, Vergi Xidməti ilə kino istehsalçıları arasında hesabatlılıqda,  sənədləşmədə anlaşılmazlıqların yaranmamasından ötrü birgə işçi qrupunun film istehsalçıları üçün broşür və məlumat kitabçası hazırlaması mümkünlüyünü diqqətə çatdırdı. "Ultra" prodakşının rəhbəri Pərviz Məmmədov isə Mədəniyyət Nazirliyinin İqtisadiyyat Nazirliyi və Vergi Xidməti ilə birgə komissiyasının yaradılması, hüquqşünas Fikrin Bəktaşi kino qanunu layihəsinin ictimai müzakirəsinin keçirilməsi kimi praktik təkliflər səsləndirdilər.

Dördüncü paneldəki "Azərbaycan kinosuna beynəlxalq təcrübənin tətbiqi" mövzusundan isə danışmağa ehtiyac görmürəm. Ona görə ki, internet resurslarında bu barədə informasiya çoxdur və kino sahəsinin hər ölkədə olduğu kimi, bizdə də spesifikliyini nəzərə alaraq, müxtəlif kino modellərinin uyğun cəhətlərindən yararlanmaq olar.

Ümumiyyətlə, forum bir sıra məqamlarda kino ictimaiyyətinin yekdil fikirdə olduğunu göstərdi: kinonun idarə edilməsindəki natamamlıq, film istehsalına ayrılan vəsaitlərin düzgün xərclənməməsi, bu sahənin idarəçiliyində menecerlərə üstünlük verilməsi və s.

Kino sahəsində keçmiş problemlərin təkrarlanmaması üçün həm də bir cəza mexanizmi tətbiq edilməli, maliyyəni səmərəli xərcləməyən, işinin öhdəsindən gələ bilməyən məmurlar cəzalanmalıdır ki, gələcəkdə bu sahəyə rəhbərlik edəcək şəxslər sələfləri kimi öz məsuliyyətini anlamayıb kinomuzun başında turp əkməsinlər.

 

Sevda SULTANOVA

525-ci qəzet.- 2023.- 6 may.- S.12;13.