MÜNSİF
OLMAQ İSTEDADI
O məruzə
qəzetdə 5 səhifədə çap olunmuşdu. Hələ tam mətn də deyildi. Qeyd də verilmişdi ki, yazı ixtisarla dərc
edilir. Amma həmin məruzə bitincə başlanan müzakirələr, edilən
çıxışlardan sonrakı yekun söz isə qəzetdə
ümumən yox idi. Başqa sözlə, o məruzənin
tam mətni, üstəlik yekundakı çıxış da
çap edilsəydi, bundan iki dəfə çox səhifəyə
ehtiyac yaranardı. Bununla belə, hətta indiki dərc
edilən həcm və o məruzəyə qəzetdə
ayrılmış 5 səhifə də o cəhətdən
gözlənilməz və həm də bir ilk idi ki, indiyədək
Azərbaycanın həm nüfuzuna, həm tirajına görə
şəksiz birinci olan "Kommunist" qəzetində
respublikanın birinci şəxsinin nitqinə bu irilikdə yer
ayrılmasına rast gəlinməmişdi.
Heç Heydər Əliyev özü də bunu etməmişdi. Birinci katib
kürsüsündə apardığı ilk
yığıncaqlardan həmin plenumadək də dəfələrlə
mühüm ideoloji məsələləri gündəliyə
salmışdı, təfərrüatlı mövqe
bildirmişdi. Ancaq Heydər Əliyev indi
ideoloji həyatın heç bir məqamını unutmadan və
spektrin bütün səmtlərinə dərindən bələd
mütəxəssis kimi aydın, qəti
baxışlarını dilə gətirirdi.
Və
orası da var ki, bütün bunlar indi yalnız tarix, dünənimizin
gerçəkləri kimi maraqlı deyil, əlli ildən də
bir az öncə getmiş həmin fikir
mübadilələrinin bugünkü və sabahkı fəaliyyətlərimizə
də dəxli, eləcə də səmtverici təsiri var.
...1971-ci il oktyabr ayının 29-u və 30-unda Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu
keçirilmişdi. Həmin plenum Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin az
öncə başa çatmış XXIV qurultayının qərarlarının
tələblərinə uyğun olaraq ideoloji işi daha da
gücləndirmək sahəsində respublikanın partiya təşkilatlarının
vəzifələri mövzusuna həsr edilmişdi. Ondan əvvəl də plenumlar olmuşdu, bundan sonra
da Heydər Əliyevin rəhbərliyi ilə xeyli plenumlar,
büro iclasları, müşavirələr keçirildi.
Təbii, hərəsinin özünə görə
bir əks-sədası olurdu. Ancaq 1971-ci
ilin oktyabr plenumu və onun ətrafındakı fikir
bölüşümləri, mübahisələr, höcətləşmələr,
bir-biri ilə səsləşən və biri digərinə
tən gəlməyən rəylər o qədər çox
və soyumazlıqları elə uzunmüddətli oldu ki, həmin
plenum yaddaşlarda müasir siyasi tariximizin ən bənzərsiz
hadisələrindən biri kimi qaldı.
Yarım əsrdən
də bir az əvvəl baş vermiş,
iştirakçılarının da təqribən
hamısı həyatdan getmiş o plenum və Heydər
Əliyevin oradakı nitqi, qatıldığı dialoqlar elə
tarixdir ki, gərək arxiv küncündə dindirilmədən
kirimişcə qalmaya. O plenumun stenoqramını vərəqlədikcə
yalnız həmin uzaq son oktyabr günlərindən sanki qərib
qısa dalğalardan gələn tanış
səsləri eşitmirik, ədəbiyyatımızın, mədəniyyətimizin,
elmimizin, bütövlükdə duyğu və
düşüncə həyatımızın sonrakı
çox illərində baş verən hadisələrin də
haradan qaynaqlandığını anlayırıq.
Sovet dövləti, başçısının
dünya tarixindən bəlli ənənəvi lider - prezident,
baş nazir, kral, şah deyil, siyasi partiya rəhbəri
olduğu bir idarəedicilik üsulu idi və onun gündəlik
həyatında siyasət həmişə qabaq sırada idi. Odur ki, həmin
dövlətin bir parçası olduğu əyyamlarda Azərbaycanın
da rəhbərliyinin müxtəlif yüksəksəviyyəli
toplantılarında ideoloji həyatın çeşidli məsələlərinin
vaxtaşırı müzakirəyə
çıxarılması adi hal idi. Lakin 1971-ci il oktyabr
plenumunun əsas özəlliyi bu idi ki, heç vaxt ideoloji həyatın,
demək olar, bütün ən əhəmiyyətli məsələləri
beləcə bütöv halda, həm də belə
barışmaz tənqidi müstəvidə müzakirəyə
çıxarılmamışdı.
Təhsildən
danışırdı, orta və ali məktəblərdə
tədrisin müxtəlif göstəriciləri ilə qənaətbəxş olmayan
hallarına toxunurdu, müəllilmlərin özlərinin
hazırlıq səviyyəsinin
aşağılığından narahatlığını
ifadə edirdi, nəşriyyatlarımızın işindəki
qüsurların üzərində dayanırdı,
Akademiyamızın, elmimizin yaşadığı
böhranlı məqamları diqqətə
çatdırırdı, hətta Elmlər
Akademiyasının, ali məktəblərin "Elmi əsərləri"nin
hansı biçimdə, hansı sanbalda, hansı peşəkarlıq
həddində buraxılmalı olması haqda gözləntiləri
bəyan edirdi. Mahiyyəti etibarı ilə ümummilli səciyyəli
belə mövzular silsiləsinin ali
dövlət qatında bu şəkildə kəskinliklə
qaldırılaraq müsbət dəyişikliklər tələbinin
qoyulması gərək örnək və ibrət olaraq
götürülsün. Öyrənilsin və
indi də, gələcəkdə də tətbiq edilsin.
Sovet İttifaqı tərkibindəki Azərbaycana rəhbərliyə
başlayarkən respublikanın bütün
irili-xırdalı probemlərinə baş çekist kimi xeyli əvvəllərdən
ayrıntıları ilə yetərincə bələd Heydər
Əliyevin güclü, öndəgedən
olmağımız üçün məhz belə həssas
nöqtələrdə nizam yaratmaq cəhdləri
düşündürücüdür. Çünki
dövlətin və millətin vücudunun
sağlamlığı ilk növbədə elə həmin
nöqtələrin qaydasında olmasına
bağlıdır.
...Heydər
Əliyevi Azərbaycana rəhbər göndərməyi qət
edən Kreml, şübhəsiz ki, ona təlimatlarını
da vermişdi və 1960-cı illərdə Moskvanın əsas
narahatlıqlarından biri müttəfiq respublikalarda milli
düşüncənin fəallaşması, milli
özünüifadənin qabarması idi. Əsas
qayəsi, başlıca məqsədi SSRİ-yə daxil
xalqların tədricən bir-birində əriyib-itərək
vahid sovet xalqına çevrilməsi olan bu dövlət, əlbəttə
ki, bütün milli tərpənişlərə qarşı
olmalı idi.
İlk gəncliyindən ömrünün sonunadək
Heydər Əliyevin yolunu və baxışlarını izlədikcə
onun daim xalqına, yurduna, millətinin dəyərlərinə
bağlı və sadiq olduğuna əmin kəsilməmək
mümkünsüzdür.
Ancaq Moskvanın istədiyi də bu mövqe ilə
daban-dabana zidd idi.
Yeni Birinci katibin Mərkəzdən aldığı
tapşırıqlara necə riayət etməsini gendən-genə
güdən gözlərlə yanaşı ona bilavasitə nəzarət
edən, Moskvanın Bakıdakı canişini, milliyyətcə
rus olan ikinci katib də vardı. Yəni orada "hə" deyib,
burada əksini etmək alınası iş deyildi.
Bəs çıxılmaz kimi görünən bu
durumdan nicat vardımı? Sanki yox, amma Heydər
Əliyev tapmışdı.
1971-ci ilin oktyabr plenumundakı məruzəsi üzdən
belə təəssürat yarada bilir ki, onun ideoloji
proqramıdır, "belə işləyəcəyəm"
bəyanatıdır, ədəbiyyatda, sənətdə, elmdə
hansı təmayülləri zərərli hesab edirik və
onlara qarşı olacağıq haqda Mərkəzə vədidir.
Millətçi, vətənçi, sovetin mühafizəkar
qəliblərinə sığışmayan, məfkurəvi
cığallıqları, deyişlərinin,
yazılarının solaxaylığı bəlli olan
neçə alim və ədib bu məruzəsində Heydər
Əliyevin tənqid hədəfindədir.
Amma niyyəti də əslində onları qorumaqdır
və axıracan da həmin niyyətinin gerçəyə
çevrilməsində ardıcıl oldu.
Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə"
kitabı nəşr olunandan sonra Moskvaya onun haqqında
şikayət məktubları dənələrlə yox,
kiloqramlarla gedirdi. Erməniçiliyi ifşa edən hər
yeni məqaləsi işıq üzü gördükcə
ona qarşı erməni qəzəbi daha artıq coşur, cəzalandırılmasını
təkidlə tələb edirdilər. Ziya
Bünyadovu cəzalandırmaqsa asan deyildi.
Bir dəfə
Sovet İttifaqı Qəhrəmanının sinəsindəki
Qızıl Ulduzunu göstərərək mənə dedi ki,
bilirsən bu məni nə qədər müdafiə edib?!
Başqa bir dəfə isə poçtdan ona gələn, İrəvandan
alimlərin yolladığı sifarişli bağlamadan
danışmışdı. Deyir, Dağlıq
Qarabağ adlanan ərazinin tarixən həmişə Azərbaycana
məxsusluğu haqda dəlilli-sübutlu məqaləmin dərcindən
sonra aldığım erməni məktubunda bircə cümlə
yazılmışdı ki, "Dağlıq Qarabağ əvəzinə
sənə bunu göndəririk". Həmin bircə
cümləlik məktuba yağlı boya ilə, sənətkarlıqla
çəkilmiş rəsm də əlavə edilmişdi: Bədən
üzvü.
Ziya Bünyadovun ifşaçı antierməni
yazıları haylara belə dağ basırdı.
İdeoloji məsələlərə, bu sahədə əyər-əskiklərə
həsr edilmiş plenumda Moskvaya yağdırılan qeyzli erməni
məktublarında adı həmişə hallandırılan
Ziya Bünyadovun xatırlanması yox, yada düşməməsi
əcaib olardı.
Və
Heydər Əliyev təkcə Ziya Bünyadovu deyil, daha 2 millətpərvər
alimi tənqid edirdi: "Bəzi müəlliflər tarixi
keçmişdən bəhs edərkən partiyalılıq
prinsiplərindən kənara çıxmış,
istismarçı siniflərin ayrı-ayrı nümayəndələrini
müəyyən dərəcədə
ideallaşdırmış, burjua filantropiyasının ictimai
təbiətini düzgün şərh etməmişlər.
Respublika
Elmlər Akademiyasının müxbir üzvü Ziya
Bünyadov, professor Mahmud İsmayılov və
universitetin dosenti Süleyman Əliyarov bir sıra tarixi
faktları qiymətləndirərkən kobud səhvlərə
yol vermişlər".
Tənqid olundular və ardınca necəsə cəzalandırıldılarmı?
Ziya
Bünyadov tezliklə akademik seçildi, bir müddət sonra
Heydər Əliyev ona Azərbaycanın Dövlət
mükafatını verdi.
Azərbaycanın
Rusiya tərkibinə rəsmi siyasətin car çəkməsinə
rəğmən könüllü deyil, zorla
qatılmasını, bununla da Rusiya metropoliyasının
iqtisadi müstəmləkəsinə çevrildiyini bəyan
etmiş Süleyman Əliyarov da çox keçmədən
uğurla doktorluq dissertasiyasını müdafiə etdi,
professor oldu, Mahmud İsmayılov da vurulmaq əvəzinə vəzifə
nərdivanında pillə-pillə irəlilədi, Elmlər
Akademiyasının müxbir üzvü oldu, Əməkdar elm
xadimi fəxri adına layiq görüldü, cild-cild
kitabları çıxdı.
Yazıçı
Sabir Əhmədovu tənqid edirdi: "Dünyanın
arşını" romanında ciddi ideya qüsurları və
səhvləri vardır. Romanda sovet gerçəkliyi
təhrif edilir, kolxoz həyatında kölgəli cəhətlər
axtarılır və onun nöqsanları
şişirdilir".
Tənqidin nəticəsi hansı cəzaya aparıb
çıxardı? Heç hara, elə həmin illərdəcə
medalla təltif edldi.
Ya Xəlil Rza? Onun haqqındasa belə demişdi:
"Yaradıcılığında ciddi ideya qüsurları
vardır. Onun ayrı-ayrı əsərlərində
həyatımız təhrif olunur, elə bil ki, şair
xalqımızın həyatında baş vermiş əzəmətli
dəyişiklikləri görmür".
Rəhmətlik professor Abbas Zamanov zarafatla, sevərək
Xəlil Rzanı "Dəli şair"
çağırırdı. Xəlil Rza Heydər Əliyevin Azərbaycanda
hakimiyyətinin birinci dönəmində də, ikinci
dövründə də eyni dəliqanlılıq və dəli-doluluqla
sözünü də dedi, şeirini də yazdı, nə təqib
olundu, nə kitablarının, yazılarının nəşrinə,
çapına məhdudiyyət qoyuldu, mükafatları da əsirgənmədi.
Yeni yola
çıxmış və qərəzkar
cılızların pantürkist, millətçi, az qala antisovet damğası ilə
qaraladığı "Qobustan"ı tənqid edirdi:
"Artıq üçüncü ildir ki, respublikada
"Qobustan" almanaxı çıxır. Amma
təəssüf ki, o, ideoloji işin böyük məsələlərindən
kənarda dayanır. Bizə elə gəlir
ki, bu almanaxın mövqeyinin qeyri-dəqiqliyi və onun
çapının müntəzəm olmaması ona görə
baş verir ki, bu almanax nəzarətdən kənarda
qalıb. Axı indiyədək məlum
deyil bu almanax haranın orqanıdır. Biz
bunu zəruri sayırıq ki, bizim kəskin şəkildə
ehtiyac duyduğumuz incəsənət məsələləri
ilə məşğul olan bu almanax Mədəniyyət
Nazirliyinin nəzdində olsun".
Belə
dedi, ancaq həmişə bir sipər kimi
"Qobustan"ı da, Anarı da qorudu.
Həmin
iclasdan, həmin tənqiddən sonra da "Qobustan" elə
əvvəlki kimi rəsmi ideologiyaya meydan oxuya-oxuya
çıxırdı, hər yeni sayının hər təzə
yazısını senzura zərrəbinlə oxusa da, sovet mətbuatında
yer ala bilməsi möcüzə sayılası məqalələr
bu topluda oxucuya çatırdı, dərginin əleyhinə
yazhayazlar nə qədər şiddətlə davam etsə də,
onlara dəyib-toxunan yox idi. Çünki
arxalarında dağ kimi Heydər Əliyev
dayanmışdı.
...Plenum
davam edirdi, Heydər Əliyev keçmişdi teatr
mövzusuna. Hələ 1971-ci il idi, lap
yaxın tanıyanlardan savayı kimsəyə bəlli deyildi
ki, cavan rəhbər teatrı nə qədər yaxşı
duyur, necə dərindən sevir və məhz teatrın məftunu
və səriştəli bilicisi olduğundan ona qayğı
göstərməyə necə ürəkdən can atır.
Bundan
narazı idi ki, arxada qalan 5 ildə Mədəniyyət
Nazirliyi 50-yə yaxın pyes alıb, lakin onların
arasında bircə dənə layiqli süjet xətti olan əsər
yoxdur.
Və daha sonra səhnəmizin
qarşılaşdığı yerindəsaymalarla
bağlı daha bir neçə sərrast mülahizəsini
söyləyir.
Müzakirələr başlananda rejissor Mehdi Məmmədov
söz alır. O, böyük aktyor, əvəzsiz rejissor, amma ilk
növbədə alim, filosof idi.
Qarşısındakının yalnız siyasi xadim deyil, həm
də və bəlkə daha artıq elə sənətə
bağlı şəxsiyyət olduğuna
inandığından onunla elə hal əhli həmkarı
kimi dərdləşir: "Bizim teatrlarımızın
inkişafı işində əsl müasirliklə modaya aludəçilik,
əsl novatorluqla yalançı novatorluq arasında fərq bəzən
unudulur. Böyük bir rejissor
özbaşınalığı əmələ gəlmişdir.
Azərbaycan Dram Teatrının bədii rəhbərliyinin
bu məsələdə höcət pozisiyası tutması, əlbəttə
ki, bizi razı sala bilməz. Çünki
teatr xalqındır. Dramaturgiya ilə,
xüsusilə klassik əsərlərlə burada
özbaşına, həm də çox kobud rəftar edilir.
"Ölülər", "Pəri Cadu", Gənc
Tamaşaçılar Teatrında göstərilən
"Şamdan bəy" kimi pyeslər ətrafında
tamaşaçılar və teatr ictimaiyyəti narazı fikirlər
söyləyir. Demək lazımdır ki, bu
narazılıqların əsası vardır. Amma teatr rəhbərliyi bunu qulaqardına vurur.
Qəribədir ki, bizim tənqidimiz də bu
tamaşalara qarşı barışdırıcı mövqe
tutur".
Plenumda elə mühit yaranıb ki, toplantının
sırf siyasi mahiyyətli olması guya arxa sıraya
keçib. Artıq birbaşa ciddi sənət müzakirələri
gedir. Çünki bu
yığıncağa qatılan istər yazıçı,
istər alim, istər kino adamı, istər musiqiçi...
qarşısında Heydər Əliyevin simasında sanki həmkarını
görür və istər-istəməz ürəyini
açır.
...Heydər
Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərin
bir unudulmaz və daim iftixarla anılmalı özəlliyi də
var. Söz yox, tariximizin hər parçası
bizimçün əzizdir. Ancaq 1960-cı illərin
sonlarından başlayaraq 1980-ci illərin əvvəlinədək
davam etmiş həmin tarix zolağının bir vacib
seçkinliyi də bu dövrün nəhənglər
epoxası olmasıdır. Heydər
Əliyev özü də əzəmətli idi, çox uca
şəxsiyyət idi və on ildən uzun sürən bu
dövrdə o qədər parlaq simalar, qüdrətli şəxsiyyətlər
yaşayıb fəaliyyət göstərirdilər ki,
onların hətta bir-ikisi xalqın bütöv bir əsrini ləbələb
doldurmağa və nurlandırmağa qadir idi.
Həm də bu ulduz yağışı yalnız elmdə,
mədəniyyətin ən müxtəlif sahələrində,
sənətdə, ədəbiyyatda deyildi, elə dövlət
işində də, sənayedə də, kənd təsərrüfatında
da nüfuz, çəki daşıyıcısı, şəxsiyyət,
örnək sayılası insanlarımız qatarla idi.
Heydər Əliyev də bu insanların hər birini
yaxşı tanıyır, hər birinin qədir-qiymətini
bilir, onların doğurduğu bəhrələrdən, elə
şəxsiyyətlərinin sanbalından da Azərbaycanı
daha güclü, daha üstün, daha irəlidə
görünən etməkçün yararlanırdı.
1971-ci ilin son oktyabr günlərində Mərkəzi
Komitənin plenumunun keçirildiyi zalda əyləşənlərin
arasında da o ulduzlardan neçəsi vardı və orada
olmayıb haqqında yaxşı-yaman - tənqidli, ya tərifli
söhbət gedənlərin də neçəsi elə
artıq sağkən hər zaman yaşayacaq tarixi şəxsiyyətlər
kimi qavranılan möhtəşəmlər idilər.
Mikrofona Fikrət Əmirov
yaxınlaşmışdı.
Əvvəlcə musiqimizin, bəstəkarlıq sənətimizin
ümumi kəm-kəsirindən bəhs etmişdi. Şikayətlənirdi
ki, bir zamanlar məşhur olmuş bəstəkarlıq məktəbimizin
nəhəng potensiala malik olmasına baxmayaraq, son dövrlərdə
əsl mənada hadisə sayılacaq heç bir əsər
meydana çıxmayıb, heç bir böyük premyera
baş tutmayıb. Yeni xalis opera, balet əsərləri,
miqyaslı simfoniya və oratoriyalar yoxdur. Hətta
nikbin ruhlu, yüksək vətəndaşlıq duyğusu ilə
ifa edilmiş mahnılar belə gözə dəymir.
Amma bizə çox şey verilib axı: həm adlar, həm ordenlər - hər
şeyimiz var, amma nə qədər də iddialarımız
var!"
Sözü yönəltmişdi Qara Qarayev tərəfə.
İndi
stenoqramı cümlə-cümlə oxuyuram və
düşünürəm ki, iraq olsun, 1937-ci ildəki
hansısa dövlət səviyyəli yeknəsəq bir
toplantıda belə müzakirələr getsəydi, bir
yaradıcı haqqında belə kəskin ifadələr
işlədilsəydi, elə həmin gecə
çağırılmamış NKVD qonaqlarının
maşını onun darvazasının ağzında
dayanardı, o adamı gedər-gəlməzə
aparardılar, evdəki hələ kimsəyə görsənməmiş
yarımçıq, bitmiş əsərlərinin əlyazmaları
da özüylə birgə yoxluğa uğrayardı.
İndi bu iclasın əsas aparıcı siması Heydər
Əliyev idi.
Lap yaxınlaracan DTK-ya başçılıq etmiş, bu
çağacan olan ömrünün də yarıdan
çoxunu orada keçirmiş bir şəxs. Ancaq
dövr də başqa dövr idi, o özü də
büsbütün başqa mənəviyyat sahibi olan şəxsiyyət.
Çox keçməyəcək ki, Heydər
Əliyev bu toplantıda haqqında tənqid səslənənlərin
əksəriyyətinin ən yaxın hamisinə dönəcək,
hər birinin yüksəlişlərinə təkançıya
çevriləcək, onların əsərlərinin
premyeralarında iştirak edəcək, müşküllərinin
həllinə bacardığı köməyi əsirgəməyəcək.
...Bir zirvə
başqa zirvə haqqında danışırdı. Fikrət Əmirov Qara Qarayevdən bəhs edirdi.
Daha doğrusu, sözü Qaranın
üstünə gətirib çıxarmaqçün uzaqdan
başlayırdı.
Qara Qarayevə Heydər Əliyev həmişə
xüsusi münasibət bəsləyib.
Niyaziyə
də, Fikrət Əmirova da, Tofiq Quliyevə də onun səmimi,
dost münasibəti vardı. Ancaq onun içəri
aləmində Qaranın yeri bir başqa idi. Bunu mənə
hər iki Böyüyümüzü - həm Heydər
Əliyevi, həm Qara Qarayevi gözəlcə
tanımış, sevmiş və həmişə də
onlarla yaxın məsafədə olduğundan dürüst
müşahidəsinə şəkkim olmayan Tofiq Quliyev
söyləyib. Tofiq müəllim xatırlayırdı ki,
Heydər Əliyev Qara Qarayevə yalnız görkəmli bəstəkar
kimi baxmırdı, həm də yüksək
zəka sahibi, mütəfəkkir insan kimi ona dərin rəğbət
bəsləyirdi və onunla ikilikdə söhbətdən də
ayrıca zövq alırdı.
İllər
illəri əvəz edirdi, onillər dəyişirdi, amma Heydər
Əliyevin Qara Qarayevin şəxsiyyətinə də,
yaradıcılığına da yüksək münasibəti
sabit idi: 1978-ci ilin fevralıdır, Heydər Əliyev Qara
Qarayev haqqında təltifetmə mərasimindən öncə
ürək sözlərini deyir: "Öz
yaradıcılıq fəaliyyətinin qırx ili ərzində
böyük qabiliyyətə və parlaq istedada malik olan Qara
Qarayev tükənməz əzmkarlığı, fədakarlığı,
əməksevərliyi sayəsində böyük və
şanlı yol keçmişdir. Onun
yaradıcılığı fəlsəfi dərinliyi, bədii
gözəlliyi, xüsusi koloriti ilə seçilir".
1982-ci ilin qüssəli mayı. Moskvada vəfat etmiş Qara Qarayevin cənazəsi
Bakıya gətirilib, Fəxri xiyabanda torpağa
tapşırılacaq. O
vida gününün hər anı xatirimdədir. Azərbaycan Radiosu canlı yayımla mərasimin
gedişini təqdim edəcək, orada edilən
çıxışları yayacaqdı. Ancaq
canlı yayım cənazənin Fəxri xiyabana gəlib
çatmasından əvvəl başlanmalı idi. Mikrofon qarşısında əyləşərək
1 saata qədər çəkəcək həmin hissəni
aparmağı o zaman Azərbaycan Radiosunda proqram direktoru
işləyən Zöhrab Zeynalovla unudulmaz Valid Sənani mənə
tapşırdılar.
Qara Qarayevin mədəniyyətimiz və ziyalılıq
tariximizdəki misilsizliyinin səhifələrini
çevirirdim.
Və həmin
ayrılıq günündə Heydər Əliyev də
danışdı: "Qara Qarayev bizə özünün bədii
dəyərinə görə valehedici irs qoyub getmişdir. Bu irs opera və baletdən tutmuş süitalar və
mahnılaradək bütün bəstəkarlıq
janrlarını əhatə edir. Qara Qarayev bu
janrların hər birində Azərbaycanın musiqi sənətində
yeni yollar açan, onun dünya şöhrətini ucaldan əsərlər
yaratmışdır. Qara Qarayevin - öz təbiətinə
görə milli olan əsərləri məzmunu, ruhu və
mahiyyəti etibarı ilə beynəlmiləl əsərlərdir.
Onlar Azərbaycan xalqının qədim musiqi mədəniyyətinin
bütün zənginliyini, Qarayevin böyük müəllimləri
Üzeyir Hacıbəyovun və Dmitri Şostakoviçin, rus,
dünya klassik və müasir musiqisi korifeylərinin
bütöv bir dəstəsinin
yaradıcılığını özündə təcəssüm
etdirir".
Və
Heydər Əliyev o gün Qaranı Azərbaycan mədəni
düşüncəsinə təsir etmiş böyük
müəllim kimi dəyərləndirdi: "Qara Qarayev
özünün erudisiyası, yüksək professional və
ümumi mədəniyyəti, hərtərəfli biliyi ilə
təkcə bəstəkarların deyil, həm də
bütün Azərbaycan mədəniyyəti xadimlərinin
estetik baxışlarının formalaşmasına və
yaradıcılıq sarıdan yüksəlişinə
çox böyük təsir göstərmişdir".
Və Heydər Əliyev dahi üçlük - Qara, Fikrət
və Niyazi arasındakı soyuqluqdan da agah idi, onları
barışdırmaq, küsülülükləri, inciklikləri
aradan götürməkçün də səylərini əsirgəmirdi. Yenə ən əvvəl
ona görə ki, bu misilsizlərə təkcə qüdrətli
sənətkarlar kimi deyil, Azərbaycanın sərvəti, Azərbaycanın
böyüklük göstəricisi kimi yanaşırdı,
onların birlikdəliyiylə Azərbaycanın daha qüvvətli
olmasına inanırdı və istəmirdi ki, bu güc
parçalansın, zədələnsin.
Üçünün
də Sovet İttifaqının o çağlar üçün ən ali təltif
nişanına layiq görülməsinə nail oldu, hər
üçü Sosialist Əməyi Qəhrəmanının
Qızıl Ulduzunu aldı.
Gümanımca,
Əmirovla Qarayev arasındakı sərinliyin dərinləşməsinin
əsas səbəblərindən biri elə həmin 1971-ci il
oktyabr plenumunda Fikrət müəllimin Bəstəkarlar
İttifaqının katibi kimi çıxışında
Qara müəllimə aid cod, qıcıqlandırıcı parçalar olmuşdu. Bu ehtimalımın nə dərəcə doğru
olub-olmadığı barədə vaxtilə Maestro Niyazidən
soruşmuşdum. Qayıtmışdı
ki, o vaxtacan artıq aralarından müəyyən küləklər
keçmişdi, amma düz fikirləşmisən, həmin
çıxış barədə üstünə beşini
də qoyaraq Qaraya söyləmişdilər, o da çox əsəbiləşmişdi,
sifəti lap döndü.
İş
ondadır ki, Heydər Əliyevin məruzəsi ətrafında
getmiş müzakirələrin geniş xülasəsi 1971-ci il noyabrın 3-də "Kommunist" qəzetində
dərc edilsə də, Fikrət Əmirovun plenumda Qara Qarayev
haqqında dedikləri burada əksini tapmayıb. İndi mənim kimi stenoqramı oxuyub həqiqətən
də Fikrət Əmirovun onun haqqında nələri söylədiyini
Qara Qarayevin dəqiq bilməsi mümkünsüz idi. Odur ki, xəbəri çatdıranların
sözü necə bəzəmələrinə uyğun
olaraq Qara müəllimin ovqatını istədikləri kimi təlx
edə bilərdilər. Ancaq tarixdir, Fikrət
Əmirovun plenumda söyləmiş olduqlarını da indi
bunca vaxt ötəndən sonra xatırlamağın yeri var
ki, gerçəklər bilinsin - onun orada dedikləri sırf sənət,
ayrı-ayrı musiqi hadisələrinə peşəkar
baxışla əlaqədardı və ortada qərəz-filan
yoxdu. Ancaq neyləyəsən ki, həmişə
elə mərdümazarlar və nifaq yaratmaq pərgarları da
tapılır ki, qaşınmayan yerdən qan
çıxarmağa hazır olurlar.
Fikrət
Əmirov plenumda belə danışırdı: "Bir
musiqiçi kimi mənə elə gəlir, konservatoriya, təəssüf
ki, öz musiqi folklorumuzu, Azərbaycan xalq yaradıcılığını öyrənməklə ciddi məşğul
olmur. Vaxtında Üzeyir Hacıbəyov bizi bu
irsə hörmətlə yanaşmaq ruhunda tərbiyə
edirdi. Bəla burasındadır ki, gənc
musiqiçilər, bəstəkarlar bizdə, konservatoriyada həddən
artıq birtərəfli şəkildə yetişdirilirlər.
Onlar yazı texnikasını, dodekafoniyanı,
müxtəlif Qərb formalist cərəyanlarını
yaxşı bilirlər. Yaxşı ki, bilirlər! Axı bilik qüvvət deməkdir. Ancaq bununla bərabər xalqın böyük
müdrikliyinin ifadəsi olan, həmişə tükənməz
ilham mənbəyi kimi qalacaq folkloru da yaxşı, bəlkə
daha yaxşı bilmək lazımdır. Əlbəttə,
bu, daha çətindir, amma həm də daha vacibdir".
Fikrət
Əmirov söhbəti cavanlardan, onların yeni texnikada
yazdığı və bəyənmədiyi əsərlərindən
başlasa da, mətləbi yönəldirdi Qara Qarayev sarı
və bu hadisənin baş verməsində onu
günahlandırırdı: "Doğma təməldən
ayrı düşmələri cavan bəstəkarların Azərbaycan
Bəstəkarlar İttifaqının gənclər plenumunda təqdim
olunan əsərlərində hiss olundu. Bizim
böyük tərəqqi əsri olan dövrümüzdə
bəstəkarlıq texnikası ilə kimisə təəccübləndirmək
çətindir. Gənc bəstəkarların
işıqlı duyğulardan, qaynar fikirdən, parlaq
özünəməxsusluqdan xali olan nəyəsə
hesablanmış əsərlərinin rasional quruluşları
sadəcə olaraq üzücü təsir buraxırdı.
"Sovetskaya muzıka" jurnalının 1971-ci il 10-cu
nömrəsində dərc edilmiş "Azərbaycan gəncləri:
yollar seçimi" adlı məqaləsində
musiqişünas Romadinova yazır: "Hədəfi
respublikada öz çətin dövrünü yaşayan, bəstəkarlıq
sənətinin yollarının müəyyənləşdirilməsindən
ibarət olan kəskin yaradıcılıq mübahisəsinə
Azərbaycanda bu gün ehtiyac var. Məhz bu, həm
musiqişünasları, həm də Azərbaycanın orta və
yaşlı nəslə mənsub ustad sənətkarlarının
qarşısında vəzifə qoyur ki, biganə
müşahidəçi mövqedən aralanaraq
respublikanın rəngarəng çoxrəngli musiqiçilər
nəslinin inkişafını yalnız seyr etməsinlər,
həm də onların yaradıcılıq
axtarışlarını fəal şəkildə istiqamətləndirsinlər".
Həmin gənclərin bu qəbil əsərlərini
dinlədikcə mən getdikcə bu qənaətimdə daha
da qətiləşirəm ki, dodekafoniyanın hətta bizim
respublikada yaradılan nümunələrinin də sosialist
realizmi ilə heç bir əlaqəsi yoxdur. Məndə dərin
əminlik var ki, bu, Azərbaycan sovet musiqisinin yolu deyil. Azərbaycan musiqisinin əsgəri olaraq onun taleyinə
laqeyd qala bilmərəm. Mən
böyük iftixarla Azərbaycan musiqisinin vizit kartı olan
xalq musiqisini özümlə daşıyıram. Ona görə də ehtirasla bu musiqini yad təsirlərdən
qorumağa çalışıram. Mən
dərin təəssüf hissi keçirirəm ki,
cavanların bu qrupunun müəllimi və ilhamvericisi olan Lenin
mükafatı laureatı Qara Qarayev həmin yolla belə məqsədyönlü
və inadlı şəkildə getməkdədir. Vaxtilə "Sovetskaya kultura" qəzeti onu
doğru olmayan təmayüldən kənarlaşdırmağa,
bu yoldan çəkinməyə çağırmış,
onun ünvanına bir neçə dəfə də
Sov.İKP MK-nın orqanı olan "Kommunist" jurnalında
tənqid yer almışdı. Kuxarskinin
"Kommunist" jurnalının 1971-ci il
8-ci nömrəsində dərc edilmiş məqaləsini yada
salmaq istərdim. SSRİ mədəniyyət nazirinin
müavini olan bu məşhur tənqidçi yazır: "Mən
son dövrlərdə "silah növü"nü dəyişərək
dodekafoniya yazı texnikasından istifadə etməklə bir
sıra əsərlər yazmış Qarayevlə mübahisə
etmək istərdim. Ancaq indi Qarayevin musiqi əsərlərindən
daha çox onun bəstəkarlıq
texnikasında "dodekafonik yenidənsilahlanma"ya dair
publisistik çıxışlarına diqqət yetirməyə
zərurət vardır".
Yoldaşlar, mənim fikrimcə, təhlükəli olan
bu deyil ki, həmin texnika ilə Qarayev özü
yazıb-yaradır. Böyük sənətkarın öz
yaradıcılıq laboratoriyasında eksperimentlər etməyə
haqqı var. Qorxulu olan odur ki, bu yolda o, ardınca yetərincə
böyük qrup cavanı aparır və bu yerdə bizim
yaradıcılıq prinsiplərimiz ayrılır. Ancaq və ancaq yaradıcılıq prinsiplərimiz!"
Fikrət
Əmirov belə deməyinə deyirdi, bu iradların qətiyyən
qərəz yox, ancaq və ancaq peşəkar müşahidələrlə
bağlılığını vurğulayırdı, di gəl,
artıq Qarayevin həyatda olmadığı vaxtlarda Tofiq
Quliyevin mənə söyləməsincə, Qara müəllimə
sadəcə pis təsir etməmiş, onu
sarsıtmışdı. Ona çox yer eləyən
həmin tənqidin bu qədər adamın
qarşısında, Heydər Əliyevin hüzurunda səslənməsi
və gəncləri yoldan çıxaran kimi qələmə
verilməsi idi.
Tofiq müəllim amma 3 dahinin son dərəcə
xoş başqa bir görüşünü də
xatırlayırdı.
Heydər Əliyev onların üçünü də kabinetinə - Mərkəzi Komitəyə dəvət edibmiş. Çay süfrəsi arxasında söhbət edirmişlər. Heydər Əliyev bu dəvətin adını qoyubmuş ki, bəzi sənət məsələləri ilə bağlı məsləhətləşmələr aparmaq istəyir. Ancaq təbii ki, məqsədi onları barışdırmaq, aralarındakı kin-küdurəti əritmək idi. Arada bir-iki dəfə 5-10 dəqiqəliyə qonşu otağa da keçibmiş ki, üçlükdə - özləri baş-başa qalsınlar.
O gün Heydər Əliyev, Niyazi, Qara Qarayev, Fikrət Əmirov 5 saatacan birlikdə olmuşdular.
Onların üçü də müdrik, dünyagörmüş şəxsiyyətlər idilər, onların özlərinin küsənlər, inciklər arasında barışıq yaradan, körpü olan çağlarıydı. Yəni bu keyfiyyətləri vardı da, belə qovuşduruculuqları da olurdu. Ancaq bu güclü insanların özlərinin də daha güclü bir ortaq dosta, aralarındakı sazağı qovmağa qadir daha müdrik sirdaşa ehtiyacı vardı.
Və Tofiq müəllim kövrələrək xatırlayırdı ki, Maestro həmin gün çox xoşbəxt idi, mənə zəng vurmuşdu: "Dur gəl bizə, telefon söhbəti deyil, sənə sözüm var". Getmişdim, o görüş haqqında, o barışıq məclisindən danışırdı və demişdi ki, bu gün Heydər Əliyev mənə əmim Üzeyir bəy kimi gəldi. O sərinlik ki bizim aramızda vardı, həmin soyuqluğu aradan sözünü üçümüzün də eşidəcəyimiz Üzeyir bəy kimi ağsaqqal götürə bilərdi. Cavanımız Fikrətdir. Mən Qaradan da yaşlı. Heydər Əliyevsə üçümüzdən də cavan. Ancaq bu gün həmin 4-5 saat ərzində o, aramızdakı ən ağsaqqal idi..."
...Tale onun alnına Zirvələrə də, bir Millətə də Münsif ola bilməq istedadını nəsib etmişdi...
4 may 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 6 may.- S.10-11.