Qurtuluşdan intibaha   

 

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun böyük sual altında olduğu 1993-cü il tariximizin, bəlkə də, ən mürəkkəb anı idi. Yaşı minilliklərlə ölçülən bir xalqın tarixində bir ili an da adlandırmaq olar, ancaq bu an həlledici an idi, "olum, ya ölüm" dilemması qarşısında qalan bir ölkənin, "Sadval" hərəkatından "Talış Muğan Respublikası"na, Gəncədəki qan qoxulu qiyamdan ermənilərin işğalçılıq siyasətinə kimi məkrli niyyətlərin, xaos və anarxiyanın burulğanında çabalayan bir məmləkətin taleyinin həll olunduğu an idi. O dövrün siyasi mənzərəsini daha aydın təsəvvür etmək üçün Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Həsən Həsənovun müsahibələrindən kiçik bir hissəni hörmətli oxuculara çatdırmaq istəyirəm:

"- Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi necə olardı?

- Yaranmış gərginlik arta və nəticəsi acınacaqlı, hətta xalqımız üçün çox faciəvi ola bilərdi. Daxildə parçalanma daha da sürətlənmişdi. Vətəndaş müharibəsi geniş miqyas ala bilərdi. Sonralar, Heydər Əliyevin hakimiyyətə qayıdışını parlamentdə müzakirə edib, o günü bayram elan etmək istəyəndə, bəziləri deyirdi ki, "nə üçün biz onun qayıdış tarixini Qurtuluş Günü kimi qeyd etməliyik? Biz nədən qurtulmuşuq?" Onda mən parlamentdə çıxış etdim və bu günün nə üçün bayram kimi qeyd edilməsini şərtləndirən 25-dən çox səbəb göstərdim. Heydər Əliyev gəlməsəydi, bəlkə də Azərbaycandan sınıq-salxaq vəziyyətdə nəsə qalardı. Sonra belə bir ölkəni dünya normal dövlət kimi qəbul edərdimi? Çətin..."

Ali Sovetin Sədri kimi 1993-cü il 15 iyun tarixində parlamentdəki ilk çıxışında Heydər Əliyev qarşıda dayanan bir çox vəzifələr haqqında danışdı. Onların sırasında dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi; Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi; ölkədə demokratik inkişaf və siyasi plüralizmə nail olunması; dövlət quruculuğu prosesində demokratik prinsiplərin və qanunçuluğun təmin edilməsi; bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və inkişafı məsələlərini xüsusi qeyd etmək lazımdır.

Tarixi proseslərin sonrakı gedişi göstərdi ki, Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik həyata keçirdi, Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi və lideri kimi həkk etdi. Müstəqilliyimiz dönməz, əbədi xarakter aldı, erməni təcavüzünün qarşısı alındı və ölkəmizin ərazi bütövlüyünü təmin etmək uğrunda aparılan mübarizə real bəhrələr astanasına gəlib çatdı.

Digər mühüm nəticə isə ondan ibarətdir ki, qeyd olunan mərhələdə yaradılmış sabit siyasi durum, mənəvi-psixoloji mühit şəraitində Azərbaycanın gələcək milli inkişaf strategiyası müəyyənləşdirilmiş, bu sahədə həyati əhəmiyyət kəsb edən bir çox diqqətəlayiq tədbirlər həyata keçirilmişdir. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı 1988-1993-cü illərdə Azərbaycanda yaranmış iqtidarsızlığa, hərc-mərcliyə son qoydu və eyni zamanda, iki əsas amili üzə çıxardı.

 Birincisi, hakimiyyətin naşı və vassal düşüncəli dairələrin əlində olmasının Vətən üçün, xalq üçün təhlükə yaratmasını; ikincisi, Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmək naminə xarici qüvvələrdən dəstək almaq niyyətində olanların iflasının qanunauyğunluğunu.

Bəli, Azərbaycan xalqı 1993-cü ilədək iqtidarda olmuş dairələrin xəyanətini, naşılığını, hakimiyyət hərisliyini və əsassız ambisiyalarını əyani şəkildə gördü, kimin kim olduğunu bir daha dərk etdi. Tarixi gerçəklik bir daha təsdiq etdi ki, xalqın istək və iradəsini heç nə ilə - yalan və şantajla, silah və zor gücünə sındırmaq olmaz. Xalqın iradəsi, istəyi və məhəbbəti ilə siyasi hakimiyyətə qayıtmış Heydər Əliyev Azərbaycan xalqının müdrik lideri olaraq Əliyevçilik ideologiyasını - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən ideologiyanı bizlərə bəxş etmişdir. Müstəqil Azərbaycanın təməl prinsipi olan Əliyevçiliyin əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalətlilik, demokratiya, milli tərəqqi, bəşərilik və bu kimi digər dəyərlər təşkil edir.

Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması həm də Azərbaycanın müstəqil dövlətçiliyini möhkəmləndirən əsasların yaradılması demək idi. Ölkəmizə yönəlmiş müxtəlif təzyiq və təhlükələrin dəf edilərək birdəfəlik neytrallaşmasında Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının müstəsna rol oynadığını xüsusi qeyd etməyə ehtiyac var. Məhz onun sayəsində Azərbaycan uğurlu tarazlaşmış xarici siyasət yeritmək manevri qazana bilər, iqtisadiyyatını dirçəltmək, genişmiqyaslı sosial layihələri həyata keçirmək üçün güclü dəstək əldə edə bilərdi.

Heç şübhəsiz, ölkəmizin regionda lider dövlətə çevrilməsi, dünyanın ən dinamik iqtisadiyyatına malik olan ölkə adını şərəflə daşıması, Azərbaycanın beynəlxalq aləmdə rolunun və əhəmiyyətinin hissolunan dərəcədə artması və digər çoxsaylı uğurlarımız Heydər Əliyevin neft strategiyası ilə birbaşa bağlıdır.

Dövlət müstəqilliyimizin möhkəmlənməsində və xalqımızın taleyində neft strategiyasının nə qədər böyük əhəmiyyət daşıdığını Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqində lakonik şəkildə belə ifadə etmişdir: "Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Əgər 1994-cü ildə, o çətin şəraitdə "Əsrin müqaviləsi" imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sahəsi məhz "Əsrin müqaviləsi"ndən sonra inkişaf etməyə başladı. Bu müqavilə bir növ bütün iqtisadi inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın qarşısında duran sosial məsələlər daha da uğurla həll olunmağa başladı".

Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin 2019-cu ildə verdiyi müsahibələrin birində "Əsrin Müqaviləsi" ilə bağlı danışdığı çox maraqlı faktları oxucuların diqqətinə çatdırmaq istəyirəm:

"1994-cü ildə ABŞ-la yanaşı, Türkiyə və Rusiya şirkətlərinin də hasilatın pay bölgüsü sazişində iştirakı, Sovet İttifaqının dağılmasından sonrakı bir neçə il ərzində bu tarixi rəqiblər arasında əlaqələrin nisbətən yaxşılaşdığı dövrə təsadüf edirdi.

 

1990-cı illərdə Rusiyanın iqtisadi baxımdan geriləməsi və Çeçenistandakı müharibə kimi siyasi böhranla üzləşməsi onu ABŞ və Avropa ölkələrinin Xəzər dənizindəki fəal iştirakına böyük əngəl yaratmasına imkan vermirdi. Rusiyanın bu müqaviləyə münasibətini yumşaldan digər məqam isə onun da iştiraka dəvət olunması idi.

Müqavilə nəticəsində yaradılan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) konsorsiumuna ABŞ, Birləşmiş Krallıq (Britaniya), Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının neft şirkətləri daxil oldu. Bu, çox mükəmməl bir hadisə idi. Kommersiya və geosiyasi baxımdan Azərbaycanda həm hakimiyyət, həm də ARDNŞ-in idarəçiliyi baxımından mükəmməl bir təsadüf idi. Çox çətin idi, lakin nəticəsi də çox müsbət oldu. Biz, nə qədər istəsək də, onu 21-ci əsrdə təkrarlaya bilmərik".

Qeyd etmək lazımdır ki, dahi şəxsiyyət demokratikləşmə prosesinin iqtisadi inkişafda rolunu daim önə çəkirdi. Bu fikir də daim bildirilirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. "1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır". Ulu öndərin proqram xarakterli bu sözləri tək neft sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinin inkişaf yollarını aydın göstərir.

Ancaq bir həqiqət də var ki, super dövlətlərin maraqlarının kəsişdiyi Azərbaycan və onun neft ehtiyatları ölkəmiz üçün daim problemlər yaratmış, müstəqillik əldə etdikdən sonra həmin dövlətlərin siyasi ambisiyaları neft müqavilələrinin imzalanmasına daim maneçilik yaratmışdır.  Azərbaycanda 90-cı illərin əvvəllərində baş verən dövlət çevrilişləri, hakimiyyətin tez-tez dəyişməsi, müxtəlif qüvvələrin ayrı-ayrı dövlətlərin maraqlarına uyğun dövlət başına keçməsi balanslı bir siyasət, bu qüvvələri neytrallaşdırmağı bacaran yanaşma tələb edirdi. Əlbəttə, əsas məsələ Azərbaycan neftinə kimin "sahiblik" edəcəyi idi. Bu məsələ ilə əlaqədar bir müddət Prezident Katibliyinə rəhbərlik etmiş politoloq Eldar Namazovun verdiyi müsahibədən bir hissəni oxuculara təqdim etmək istəyirəm: "Qərb şirkətləri ilə danışıqlar uzun çəkdi. Hələ sovetlər dövründə Azərbaycanın rəhbəri Ayaz Mütəllibov SSRİ rəhbərliyini Qərbin neft şirkətlərinin Xəzərdəki yataqlarda neft hasilatı ilə bağlı kontraktlar bağlamağa razı salmışdı. Bu haqda SSRİ Nazirlər Sovetinin və Mərkəzi Komitənin xüsusi qərarı vardı. Sovetlər dağılırdı, böhran dərinləşirdi, o şəraitdə Azərbaycana güzəşt edildi. Həmin dövrdən Qərb şirkətləri Azərbaycana gəlməyə, neft yataqları ilə bağlı danışıqlara başladılar.

Ayaz Mütəllibov getdi və Əbülfəz Elçibəy dövründə danışıqlar daha intensiv şəkildə davam etdirildi. Ancaq məlum oldu ki, yenicə müstəqillik qazanan Azərbaycanın Qərbin neft şirkətləri ilə müqavilə bağlaması Rusiyanın maraqlarına ziddir, ölkə rəhbəri Boris Yeltsin və komandası bunun əleyhinədir. Bunun qarşısını almaqdan ötrü həm siyasi, həm diplomatik, həm də hərbi yollardan istifadə edirdilər.

Həmin dövrdə Rusiyanın Ermənistana hərbi dəstək verməsini, Dağlıq Qarabağ müharibəsində faktiki Ermənistan tərəfdə döyüşməsini nəzərdə tuturam. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində bir çox hərbi əməliyyatın məqsədi məhz bu kontraktların qarşısını almaq idi. Artıq o zaman Heydər Əliyev hakimiyyətdə idi. Bununla belə, o, danışıqları dayandırmadı. 1994-cü ilin əvvəllərində danışıqlar yekunlaşmaq üzrə idi. Amma həmin ilin fevralından mayın 14-də atəşkəs imzalanana qədər ermənilərin Tərtər və Bərdə istiqamətində aramsız hücumları oldu. Məqsəd neft kontraktlarının imzalanmasını önləmək idi. Rusiya çalışırdı ki, ermənilər gələcək neft kəmərinin keçəcəyi ərazilərə yaxınlaşsın, oranı zəbt etsinlər. Moskva bunu heç gizlətmirdi də".

Dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin zənginliyinə, strateji əhəmiyyətinə görə fərqlidir. Bu gerçəkliyi də unutmaq olmaz ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə, o, zəngin sərvətə çevrilir. Neft strategiyasının əsasını da bu prinsiplər təşkil edir. Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Heydər Əliyev Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi.

Tarixi İpək yolunun bərpası da Heydər Əliyevin xalqımız və bütün Türk dünyası qarşısında gördüyü ən böyük işlərdən biridir. Həmin yolun bərpasına həsr edilmiş beynəlxalq konfransın məhz Azərbaycanda və Ulu öndərin təşəbbüsü sayəsində Avropa Birliyi komissiyası ilə birgə həyata keçirməsi təsadüfi deyildir. Bütün bunların səmərə və faydasının perspektivlərini əvvəlcədən görən, İpək yolu strategiyasının hazırlanmasını zəruri hesab edən Ümummilli lider haqlı olaraq mötəbər yığıncaqlarda qeyd edirdi ki, on beş ildən bəri həyata keçirilən TRASEKA proqramı artıq öz faydasını verir. Yəni kommunikasiya xətləri, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi magistralının yaradılması və s. həyata keçirilən tədbirlər özü iqtisadi fayda gətirir. Azərbaycan respublikası üçün "İpək Yolu" strateji cəhətdən əhəmiyyətlidir. Dünyanın 33 ölkəsi "İpək Yolu" ətrafinda yerləşir. Azərbaycanın həmin ölkələrlə iqtisadi, siyasi, mədəni əlaqələri milli mənafeyə uyğun həyata keçirilir. Yalnız xarici ölkələrin məhsulları deyil, həm də öz təbii sərvətini ixrac etmək, yüksək texnologiya yaratmaq cəhətdən əlverişlidir. Nəqliyyat - kommunikasiya infrastrukturunu, dəmir yolu, avtomobil, dəniz yolu, boru kəməri, telekommunikasiya dövlətlərarası əlaqələri daha da genişləndirir. "İpək Yolu"nun bərpası ilə regional münaqişələrin həlli, enerji təchizatı, infrastruktur dəyişikliklər, ekologiyanın qorunması, ticarətin inkişafı həyata keçirilir.

Belə gərgin iş şəraitində çalışan Ulu öndərin yorulmaz fəaliyyəti zamanı daim onun yanında olan adamlardan biri də şəxsi fotoqrafı Rafiq Bağırov idi. Hörmətli oxucularımız üçün maraqlı olacağını və dahi şəxsiyyətin portret cizgilərinə daha bir çalar əlavə edəcəyini nəzərə alaraq Rafiq müəllimin verdiyi müsahibələrdən bir hissəni təqdim etmək istəyirəm:

"Heydər Əliyevin gündəlik təqvimi çox gərgin idi. Nadir adamlardan idi ki, hətta 12-13-14 saat da işləyə bilirdi. Ulu öndər hər gün işə çıxırdı, çox nadir hallarda evdə istirahət edirdi. Axşam saat 8-dən, 9-dan tez evə getmirdi. O dövr elə çətin və mürəkkəb idi ki, daim çalışırdı. Öz istirahəti barədə heç zaman düşünmürdü, amma hər zaman bizə deyirdi ki, siz niyə gedib dincəlmirsiniz? Çox humanist adam idi, hər bir işçisi diqqətində idi...

Səfərlərdə onu müşayiət edən heyətin hər bir üzvünün gecələdiyi hotelin vəziyyəti, onların istirahəti, qidası ilə daim, özü də diqqətlə maraqlanırdı. Səfər müddətində nümayəndə heyətinin hətta ən kiçik ranqlı texniki işçisi də Heydər Əliyevin qayğısını görürdü. Bir insan olaraq nə qədər tam və yetkin idisə, davranışlarında, rəftarında, fəaliyyətində də bir o qədər əhatəli və səmimi idi. Prezident xarakter etibarilə ciddi olduğu qədər də zarafatcıl idi. Onun zarafatları, atmacaları olduqca mənalı, məntiqli olub. Heydər Əliyevin qəhqəhə çəkərək ucadan gülməsini isə çox az adam görüb. Prezidentin kədərli çöhrəsindəki göz yaşları da şəxsi fotoarxivimdə yetərincədir. Zərifə xanımın məzarını, eləcə də Şəhidlər xiyabanını ziyarət zamanı adətən Heydər Əliyevin gözləri dolurdu. Prezidentin sevinc göz yaşları isə daha çoxdur. "Əsrin müqaviləsi"nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması mərasimində, eləcə də ordu birləşmələri ilə tanış olarkən və onların hərbi təlimlərini görərkən Heydər Əliyevin çəkilən şəkillərində onun qürur və fəxarətdən doğan sevinc göz yaşlarını görmək olar..."

Yeri gəlmişkən, həyatım boyu məşğul olduğum elm və təhsillə Ulu öndərin sıx bağlılığı barədə bəzi fikirlərimi qeyd etmək istəyirəm. Doğrudur, Ümummilli lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk növbədə dövləti düşdüyü ağır siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, süni qiyamlar yatırıldı, Azərbaycanın müstəqilliyi, bütövlüyü təmin olundu. Respublikanın taleyüklü məsələləri ilə ciddi məşğul olmağa başlayan Ulu öndərimiz elə ilk gündən diqqətini ölkənin həm siyasi, həm də iqtisadi inkişafına yönəltdi. Heydər Əliyev belə bir şəraitdə bir neçə cəbhədə mübarizə aparmalı oldu. O, həyata keçirilən dövlət quruculuğu prosesinin ən zəruri tərkib hissələrindən biri kimi hələ 70-80-ci illərdə respublikada formalaşdırdığı zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini diqqət mərkəzində saxladı.

Görkəmli dövlət adamı Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı. Elm və təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirdi. Təhsil sahəsində həyata keçirilən strateji xətt, bütün sistemdə olduğu kimi, ali təhsil şəbəkəsində də əsaslı islahatların aparılmasına şərait yaratdı, universitetlərin gələcək inkişafını təmin etdi. 1993-cü ildən tədris prosesində, elmi-tədqiqat işlərində ciddi irəliləyiş hiss olundu, "beyin axını" dayandı, maddi-texniki bazanı möhkəmləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilməyə başladı.

Onu da vurğulamaq istəyirəm ki, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!" - deyən Ulu öndər müəllimə, təhsilə xüsusi rəğbətlə yanaşırdı. Yaxşı xatırlayıram, mən universitetdə prorektor vəzifəsində işləyəndə Mexanika-riyaziyyat fakültəsinin müəllimi Tofiq Bəktaşi rəhmətə getmişdi. Onun vəfatını eşidən Ulu öndər rektor Murtuz Ələsgərova zəng edib bərk-bərk tapşırmışdı ki, Tofiq Bəktaşi son mənzilə layiqincə yola salınsın. Çünki o, Naxçıvan Pedaqoji məktəbində Heydər Əliyevin müəllimi olmuşdu.

Bu səpgili daha bir maraqlı xatirəm ondan ibarətdir ki, Murtuz müəllimin rektor olduğu dövrdə Tarix fakültəsinin Sabir Xəlilov adlı tanınmış bir müəllimi vəfat etmişdi. Biz onun dəfn mərasimində fəal iştirak etdik, hörmətlə vida mərasimi keçirdik, başqa qayğılar da göstərdik. Həmin müəllimin il mərasimi yaxınlaşan günlərdə Murtuz Ələsgərov artıq Milli Məclisin sədri, mən isə BDU-nun rektoru idim. Bu ərəfədə BDU-nun nüfuzlu müəllimlərindən biri olan Sabir müəllim haqda universitet qəzetində məqalə çap edilməsini tapşırdım. Qəzet il mərasiminə iki gün qalmış çap olundu. Qəzet çap edilən günün sabahı (vaxt tapıb bizim qəzeti oxuması da maraqlı fakt idi) Heydər Əliyev mənə zəng etdi: "Misir müəllim, Sabir Xəlilovun vəfatını mənə niyə xəbər etməmisən?" Cavab verdim ki, "onda rektor Murtuz müəllim idi". "Nə olsun? Sən ki, prorektor idin, deyə bilərdin..." - dedi, mən deməyə söz tapmadım. O, davam elədi: "Sən bilirsən ki, mənim müəllimlərə, xüsusən də təhsil aldığım universitetin müəllimlərinə böyük hörmətim var. Digər tərəfdən də bu adam 91-lərdəndir, mənim onlara da dərin ehtiramım var. Get Sabir müəllimin evinə, nə lazımdırsa, kömək edin. Sabahkı il mərasiminin bütün xərci də dövlət hesabına edilsin. Öyrən, gör, əgər qəbrinin üstünü götürməyiblərsə, onu da elətdirin! Sabahkı məclisdə universitet kollektivi fəal iştirak etsin! Vəssalam!", - deyib, telefonu qoydu. Bu da onun müəllimə olan rəğbətinin daha bir göstəricisidir.

Yaxşı xatırlayıram, 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi keçirilən tədbirdə çıxış edən Ulu öndər heç bir kağıza baxmadan Naxçıvandakı orta məktəbdə və şəhər pedaqoji məktəbində ona dərs demiş 20-dən çox müəllimin adını və soyadını böyük ehtiramla və dəqiqliklə xatırladı. Hesab edirəm ki, üstündən 60 ildən çox vaxt ötməsinə baxmayaraq, müəllimlərini unutmayan bu böyük şəxsiyyət həmin gün bizə möhtəşəm bir ustad dərsi keçdi.

1998-ci il sentyabrın 25-də Azərbaycan müəllimlərinin XI qurultayı keçirilirdi. Həmin ərəfədə Heydər Əliyevə Azərbaycanın Xalq müəllimi adının verilməsi üçün ölkə müəllimlərindən qurultaya təkliflər daxil olmuşdu. Biz qərara gəlmişdik ki, qurultayda müəllimlərin bu arzusunu yerinə yetirək. Ancaq son vaxtlarda baş vermiş bəzi hadisələr  çətin vəziyyət yaratmışdı. Ona Azərbaycan Elmlər Akademiyasında elmin inkişafındakı xidmətlərinə görə "Fəxri akademik", Memarlar İttifaqında isə şəhərin arxitetkturasının dəyişməsindəki roluna görə "Xalq memarı" adlarını vermək istəmişdilər, belə təltiflərin fövqündə dayanan Heydər Əliyev etiraz etmişdi və diplomları qəbul etməmişdi.

Çox çıxılmaz duruma düşmüşdüm, bir tərəfdən müəllimlərin arzusu, digər tərəfdən onun münasibətinin necə olacağını düşünmək məni çox sıxırdı. Prezident Administrasiyasının müvafiq şəxslərindən də xahiş etdim ki, fikrini öyrənsinlər, heç kəs soruşmağa cəsarət etmədi. Çox tərəddüdlərdən sonra 190 nömrəli məktəbin direktoru, ölkənin tanınmış və nüfuzlu pedaqoqlarından biri olan Sona xanım Tağıyeva qurultayın tribunasından çoxsaylı xahişləri və müəllim peşəsinə xüsusi münasibətini nəzərə alaraq Ulu öndərin "Azərbaycanın Xalq müəllimi" fəxri adı və diplomu ilə təltif edilməsi barədə qərarı oxudu. Qərar oxunduqca nəzərlərim bu böyük insanın üzündə idi, onun müsbət reaksiyası məni ürəkləndirdi və mən gurultulu alqışlar altında böyük məmnuniyyətlə həmin diplomu Heydər Əliyevə təqdim etdim. Elə bil, çiyinlərimdən ağır bir yük götürüldü. Güclü fəhmi olan Ulu öndər qurultaydan sonra narahatlığımın bu təltiflə bağlı olduğunu hiss etdiyini dedi və əlavə etdi ki, "müəllim adı mənimçün çox müqəddəsdir, bu, "akademik", "memar" və digər adlardan deyil ki, ona etiraz edim, bu ad mənim indiyədək aldığım bütün mükafatlardan yüksəkdir!"

Mən bu hadisəni - Ulu öndərin "Azərbaycanın Xalq müəllimi" fəxri adına layiq görülən ilk və yeganə insan olduğunu Allahın hökmü və onun müəllim adına böyük hörmət və ehtiramının təcəssümü kimi bir qanunauyğunluq hesab edirəm.

Yeri gəlmişkən qeyd edirəm ki, həmin qurultay indiki Heydər Əliyev sarayında təşkil olunmuşdu. Fasilədə cənab Prezidenti təhsil sərgisinə baxmaq üçün foyeyə dəvət etdim. Burada izdiham toplaşmışdı, müəllimlər Heydər Əliyevi yaxından görmək, onunla şəkil çəkdirmək, söhbət etmək, fikirlərini çatdırmaq istəyirdilər. Mühafizəçilər isə sədd yaratmışdılar ki, camaat Prezidentin eksponatlara baxmasına mane olmasın. Heydər Əliyev bunu görüb mühafizə dəstəsinin rəisini yanına çağırıb etiraz etdi: "Sən niyə müəllimlərlə mənim aramda sədd yaradırsan? Adamlarını oradan yığışdır. Məni kimdən qoruyursunuz qoruyun, ancaq müəllimlərdən qorumaq lazım deyil".

Ondan sonra müəllimlər böyük sevgi və ehtiramla Ulu öndərə yaxınlaşdılar. Onların söhbəti xeyli çəkdi, fasiləmiz uzansa da, cənab Prezidentin yüzlərlə işi olsa da, səbirlə bütün müəllimləri dinlədi, onlarla şəkil çəkdirdi, onların xahişləri ilə bağlı mənə müvafiq tapşırıqlar verdi. Əsas nəticə o oldu ki, vaxt azlığına baxmayaraq, müəllimlərdən biri də diqqətdən kənarda qalmadı... Bu da onun müəllimlərə bəslədiyi hörmətin, bu peşəyə olan sevgisinin daha bir təsdiqi idi.

Yeri gəlmişkən, məni rektor təyin edərkən danışdığı sözlər, verdiyi tövsiyələr də mövzu ilə birbaşa bağlı olduğuna görə onları da qeyd etmək istəyirəm. Məni ilk  növbədə təəccübləndirən o oldu ki, bu qədər işin içində, böyük problemlərin həlli ilə məşğul ola-ola BDU-da baş verən hadisələri, gedən prosesləri universitet əməkdaşlarından yaxşı bilirdi. Bir-bir bütün intriqaları, siyasi fikir ayrılıqlarını, qruplaşmaları yaradanları, həmçinin böyük alim kimi tədqiqatlarına, şəxsiyyətlərinə rəğbəti olan insanları xəbər aldı, bu prosesləri tənzimləmək üçün tövsiyələr verdi. Fizika fakültəsindən Sabir Hacıyevi, Tarixdən Süleyman Əliyarlını, Filologiyadan Tofiq Hacıyevi, Bəxtiyar Vahabzadəni və digərlərini soruşdu, həm səhhətləri, həm də elmi fəaliyyətləri ilə maraqlandı. Bir daha hiss etdim ki, elm və təhsil müəssisələri Ulu öndər üçün xüsusi əhəmiyyət kəsb edir.

Onu da yaxşı xatırlayıram ki, məni təhsil naziri vəzifəsinə təyin edərkən söhbətimiz xeyli çəkdi. Təhsilin ən ümdə problemlərindən incəliklərinə qədər xəbərdar olan bu unikal insan elə məsələlərdən danışdı ki, ömrü boyu yalnız təhsillə məşğul olmuş və onunla görüşə çox ciddi hazırlaşmış bir mütəxəssis kimi onun qarşısında çox az məlumatlı olduğumu hiss etdim.

Bir məsələni də qeyd edirəm ki, məni təhsil naziri vəzifəsinə təyin edəndə vaxtiylə SSRİ-nin ali məktəblərinə təhsil almağa göndərdiyi gənclərlə maraqlandı. Mənə tapşırdı ki, dərs ilinin əvvəlində onlarla görüş təşkil edim. 1998-ci ilin avqustun 31-də indi Ulu öndərin adını daşıyan sarayda bu tarixi görüş baş tutdu. Həmin görüşdə Heydər Əliyevin dərin məzmunlu çıxışı da indiyədək yaxşı yadımdadır. Çıxışında həmin illəri xatırlayaraq dedi: "Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimizi düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm".

Bu gün biz onun düşündüyü, planlaşdırdığı, strategiyasını müəyyən etdiyi XXI əsri yaşayırıq. Torpaqlarımızın azad edilməsindən əldə edilən uğurlara, qazanılan beynəlxalq nüfuzdan iqtisadi tərəqqiyə kimi intibahın bütün mərhələlərində onun imzasını, dəsti-xəttini və uzaqgörənliyini hiss edirik.

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

525-ci qəzet.- 2023.- 9 may.- S.10-11.