Ömrün kanatda
yazılan səhifələri
Atdal kəndi
Samur çayının
sağ sahilində, hündür dağların
ətəyində yerləşir. Kəndin maraqlı
tarixi var. Hələ qədim dövrlərdən
üzü bəri neçə-neçə müharibə
görüb, döyüşlərdə
bir çox sakini həlak olub. Burada sonuncu, amansız
döyüşlər 19-cu əsrin ortalarında Şeyx Şamilin çar Rusiyasına qarşı başladığı,
Dağıstan xalqlarının
milli azadlıq hərəkatı illərində
baş verib. Kəndin özünəməxsus iqlimi,
təbii şəraiti
var və bu da sakinlərin
həyat tərzinə
hər zaman əhəmiyyətli təsirini
göstərib.
Həmin
bu kənddə ötən əsrin ortalarında dünyaya gəlmiş Əhməd Ləzgiyev çox erkən anadan yetim qalmış, atasının tünd xasiyyəti, ögey ananın isə ona qarşı sərt davranması üzündən doğma
evdən uzaq düşmüşdü. Əslində ögey ana evə
gəldiyi gündən
Əhməd burada çox qala bilməyəcəyini dərk
etmişdi. Atasının
öz oğluna münasibəti getdikcə
lap soyuyurdu...
Kənddən bir qədər aralıda binə quran çobanlar kolxozun mal-qarasını otarırdılar. Əhməd hərdən oraya,
Əmi dediyi çoban Hacının yanına gedər, dərdini onunla bölüşərdü.
Sentyabr ayının ilk günlərində
Əhməd yenə Hacının yanına gəlmişdi:
- Hacı əmi, sənə bir işim düşüb. Razılaşsan, mənə
çox yaxşılıq
etmiş olarsan... Bilirəm ki, bir-iki günə
siz köç edəcəksiz. Mən də
istəyirəm ki, sizinlə gedim. Sizə köməyim dəyər.
Nə deyirsiniz?
Hacı
bir qədər fikrə gedib, gecdən-gec dillənir:
- Əhməd, sən
hələ balacasan, atan da sənin
bu yaşda qoyuna getməyinə razı olmaz. Amma atanla
danışıb razılığını
alsan, səni apararam. Öz balam kimi yanımda saxlayaram.
Əhmədin sevinci yerə-göyə sığmırdı. Sevinə-sevinə evə gəlsə də, Hacı ilə olan söhbəti
atasına deməyə
ürək eləmirdi.
Bu tərəddüd içində atasının
evə gəlişini
gözləməyə başladı.
Nəhayət, daş döşənmiş
küçədən nal
səsləri, at hənirtisi
gəldi.
Qapıdan içəri keçən
atası Əhmədi
səslədi:
- Gəl atı apar, biçənəyin aşağısına örüklə.
Heyvan acdı, bir azdan yenə gedəcəyəm.
- Baş üstə, ata - desə də, Əhməd yerindən tərpənmədi.
Atası onun baxışlarından hiss etdi
ki, oğlu sözlü adama oxşayır.
- Niyə dayandın, sözün varsa de.
Əhməd çəkingənliklə:
- Ata, Hacı əmi ilə danışmışam.
Onunla qışlağa mən də getmək istəyirəm. Razılıq versən... - deyir.
Atası
oğlunu başdan-ayağa
süzdü, pilləkəni
qalxa-qalxa dedi:
- Get atı örüklə, sonra baxarıq.
Bu, ümid idi...
Əhmədin atası arıq,
hündürboy, çevik
orta yaşlı kişi idi,
həmişə əsəbi
olardı. Bu cür qaba, kobud olduğu
üçün çox
adam onu
dindirmək istəmirdi.
Atasının xasiyyətinə bələd olan Əhməd ikinci dəfə söz deməyin faydasız olduğunu bilib atı örükləməyə
tələsdi. Amma
onun Hacı ilə getmək fikri qəti idi...
Qoyun sürüsü
yaylaqdan enəndə Əhməd də Hacı ilə birlikdə qışlağa
yol aldı. Onlar Quba
rayonu yaxınlığında
bir neçə gün əylənməli
oldular. Qısa müddətdə Əhmədin yaxınlıqdakı
ləzgi kəndinin adamları ilə mehribanlaşdı. Məşhur
kəndirbaz (biz ona -
el arasında tanındığı
kimi - pəhləvan deyəcəyik) ailəsinin
oğlanlarından biri
ilə yaxın dost oldu. Bir gün dostu
Əhmədi evlərinə
qonaq apardı. Dostugilin geniş həyətləri
vardı. Kanatı görən
Əhməd heyrətə
gəldi. İsfəndiyar
pəhləvan Əhmədin
3-4 metr hündürlükdə
tarım çəkilmiş
kanata diqqətlə
baxdığını görüb
əvvəlcə onun
görkəmini nəzərdən
keçirdi. Arıq, ucaboy, çevik
bir gənc olduğunu görüncə
Əhməddən yaxşı
pəhləvan-kəndirbaz olacağını
qət etdi. Əhmədin həyətdəki
qurğulara heyran olduğunu görən İsfəndiyar kişi
dedi:
- Oğul, görürəm
ki, bu qurğulara
yaman diqqətlə baxırsan, deyəsən könlündən pəhləvan
olmaq keçir.
- İsfəndiyar əmi,
ilk dəfədir, pəhləvanların
işlətdiyi alətləri
yaxından görürəm. Buna görə də maraq məni götürdü. Amma yəqin
bu, çox çətin peşədi.
İsfəndiyar gülümsündü:
- Yox, ay oğul, hər şey insanın özündən
asılıdır. İstəsən, sən də pəhləvan olarsan.
Yaşın öz yerində,
boy-buxunundan, hərəkətlərindən
pəhləvanlıq yağır.
Ruhdan düşməsən, sona
qədər maraq göstərsən, əminəm
ki, səndən lap adlı-sanlı pəhləvan
çıxacaq.
İsfəndiyarın ona öz evində
qalmağı və pəhləvanlıq öyrənməyi
təklif etməsi Əhmədin ürəyincə
oldu.
Nəcib xasiyyətli İsfəndiyar
pəhləvan öz oğlanları ilə Əhmədə fərq qoymurdu. Əhməd bir
neçə il İsfəndiyar pəhləvanın yanında
şagird kimi çalışdı. Bu illər ərzində İsfəndiyar pəhləvan
Novruz bayramlarında Əhmədi özü ilə Özbəkistanın
Daşkənd, Buxara, Səmərqənd şəhərlərinə
apardı. Əhməd kanat
üzərində oturub-qalxmaq,
velosiped sürmək,
kətildə oturub kanatla irəliləmək,
nərdivana qalxmaq və başqa çətin hərəkətləri
öyrənmişdi.
İsfəndiyar pəhləvanla halallaşıb
ondan ayrılan Əhmədin ilk səfəri
Dağıstan Muxtar Respublikasının Rutul rayonuna olur. Rayon Mədəniyyət evinə
gələrək Samur
çayı üzərindəki
kəndlərdə çıxışlar
etmək arzusunda olduğunu bildirir və razılıq alır. Gəncin ilk çıxışı Rutul rayonun mərkəzində
baş tutur. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri pəhləvanın
çıxışlarını alqışlarla qarşılayırlar.
Əhməd bir neçə kənddə belə tamaşa göstərir. Kanatda həyəcan doğuran hərəkətlər etdikdə onu bu hündürlükdə saxlayan sehirli geyim olduğunu zənn edənlər də az deyildi. Əynində qırmızı parçadan, yaxası zərli nazik pencək, başında bənövşəyi buta naxışlı fəs, qəhvəyi rəngli enlibalaq şalvar, ayağında yüngül idman ayaqqabısı, belində gümüşü kəmər olan pəhləvanı hamı alqışlayırdı...
Bir müddətdən sonra pəhləvan Əhməd doğma Atdal kəndinə gəlir. Kəndə daxil olana qədər onu heç kim tanımır. Baxmayaraq ki, neçə gün əvvəl Atdal kəndinə pəhləvan gələcəyi barədə elan verilmişdi. Hamı pəhləvanın kəndə gəlişini səbirsizliklə gözləyirdi. Əhməd dəstəsi ilə doğulduğu evə düşəndə onu atası qarşılayır. Bu illər ərzində oğlu ilə bir dəfə də olsun maraqlanmayan ata üçün bu, həm utanc, həm də gözlənilməz bir sevinc mənbəyi oldu.
Ertəsi gün kəndin meydanında kanat quruldu, pəhləvana lazım olan əşyalar gətirildi. Qonşu kəndlərdən də pəhləvanın tamaşasına gələnlər çox idi. Atdal kəndi pəhləvanın gəlişi ilə böyük bir bayram ovqatına kökləndi. Kəndin pəhləvan oğlu öz məharətini göstərəcəkdi. Atdal kəndinə çox pəhləvanlar gəlmiş, müxtəlif nömrələr göstərmişdi. Pəhləvan Əhməd qırmızı, bəzəkli, xüsusi geyimdə asta-asta kanata qalxanda tamaşaçıların fit, qışqırıq, alqış əsdaları qocaman Samur çayının gurultu suyu, qayalara çırpılan səsini batırırdı...
Pəhləvan Əhməd 1975-ci ildə Zaqatala rayonunun Mamrux kəndinə köçür, burada ailə qurur. Onun bu nikahından iki qız, bir oğul övladı dünyaya gəlir.
Pəhləvan Əhməd öz sənətini oğlu Zaura da öyrətmişdi. Müstəqilliyimizin ilk illərində onun oğlu ilə Bakıda, Zaqatalada, Azərbaycanın ayrı-ayrı rayonlarında və hərbi hissələrdə kanat üzərindəki çıxışları maraqla qarşılanırdı. O, hər dəfə Kanata böyük coşqu ilə qalxır, yarıda dayanır, tarım çəkilmiş teli ayaqları altında elə əsdirirdi, bu hərəkətlə sanki kanatı ram etmiş olurdu.
...Yaş artır, xəstəliyi pəhləvanı gücdən salır, amma kanatdan ayrılmaq istəmirdi. Sonuncu dəfə 1998-ci ildə Zaqatala rayonun Sabunçu kəndində keçirilən Novruz şənliyində kanata qalxır. Tamaşaçıların sürəkli alqışları onu ruhlandırır. Pəhləvan onu yaşadan, ona şöhrət gətirən kanatda qısa çıxışlar edir.
Əhməd Ləzgiyev 2016-cı ilin bir payız
axşamı 65 yaşında əbədi olaraq
gözlərini yumdu. El
sənətkarı rayon ictimaiyyətinin,
dostlarının iştirakı ilə böyük
ehtiramla son mənzilə
yola salındı. Kanatda
keçirdiyi saatlardan
qalan unudulmaz xatirələr
isə hələ də Əhməd pəhləvanı yaddaşlarda yaşadır.
Bəxtiyar ƏLİYEV
525-ci qəzet.- 2023.-11 may.- S.16.