"Koreyaya səfər yaddaşımda silinməz izlər buraxdı"

 

Müsahibimiz tanınmış televiziya jurnalisti, bloger və səyyah Mirsəməd Cəfərlidir. Onunla bu yaxınlarda səfərdə olduğu Koreyadan və orada keçirilən Dünya Jurnalistlərinin konfransından danışdıq, təəssüratlarını öyrəndik:

- Səməd bəy, bu günlərdə Koreyadan qayıtmısınız. Səfərinizin məqsədi nə idi?

- Oraya Koreya Jurnalistlər Assosiasiyasının dəvəti ilə getmişdim. Orada keçirilən Dünya Jurnalistləri Konfransına 50-dən çox ölkədən jurnalistlər dəvət olunmuşdu. Əslində, bu tədbirə 2020-ci ildə getməli idik, amma koronavirus pandemiyası mane oldu, gedə bilmədik.

- Konfrans necə keçdi? Ən çox diqqətinizi çəkən nüans nə oldu?

- Bu konfrasın ilk günündə açılış mərasimi üçün Seulda olduq. Çox maraqlıdır ki, bu assosiasiya qeyri-hökumət təşkilatı olsa da, dövlətlə çox yaxşı münasibətləri var. Koreya Jurnalistlər Assosiasiyasının 11 min üzvü var. Tədbirə dövlət tərəfindən də maraq yüksək idi. Koreyanın xarici işlər nazirinin müavini Choy Yunq Sam da tədbirə gəlmişdi və geniş məruzəylə çıxış elədi, tədbirin əhəmiyyətini vurğuladı. Rəsmi hissədən sonra konfrans başladı. Burada əsasən mətbuatın bugünkü durumu, jurnalistlərin qarşılaşdığı problemlər, daha çox rast gəlinən məsələlər müzakirə olundu. Dünyanın dörd bir yanından gəlmiş jurnalistlər öz fikirlərini bölüşdülər. Məsələn, xəbər almaqla bağlı maraqlı detallar səsləndi. Orada iştirak edən Koreya jurnalistləri özlərinin maraqlı təcrübələrini paylaşdılar. Deməli, onlar Busan şəhərində vaxtilə Koreya müharibəsində iştirak edən yaşlı nəsil nümayəndələrinin başına gələn hadisələri, onların tarixçəsini yazmaq qərarına gəlirlər. Amma o insanlarla kontakt yarada bilmirlər. Bundan sonra qərara gəlirlər ki, onların yaşadıqları ərazidə bir camaşırxana tiksinlər və əhali oraya gəlib-getdikcə, onlarla söhbət etmək daha asan olacaq. Bu da ideyalardan biri idi. Jurnalistlərin bəziləri bunu anlamadıqlarını dedi. Bu məsələyə jurnalistlər həm də mənəvi tərəfdən yanaşıb, dedilər ki, bu, heç də etik deyil. Amma qeyd edim ki, bu vasitə ilə həmin jurnalistlər Koreya müharibəsi haqqında çox gözəl sənədli film hazırlayıb, böyük mükafatlar qazanıblar. Göründüyü kimi, hər xalqın, hər yerin özünün psixologiyası-davranış tərzi var. İspaniyanın "El Pais" qəzetinin müxbiri Pablo Leon "fake news" (saxta xəbərlər) barədə danışdı və dedi ki, koronavirus pandemiyasından sonra çoxlu saxta xəbərlər yayılmışdı. Qeyd olundu ki, indiki zamanda bunun qarşısını almaq əsas problemlərdən biridir.

Sonra yeni texnologiyalar müzakirə edildi. Bilirsiniz ki, indi neyroşəbəkə deyilən bir şey var: ChatGPT. Həmin şəbəkə insanın əvəzinə, lazım gələrsə, məqalə yaza, reportaj hazırlaya bilir. Bu, çox qorxulu tendensiyadır və deyirlər ki, daha da artacaq. Konfrans keçirilən müddətdə almaniyalı Formula pilotu Şumaxerlə bağlı belə bir hadisə yaşanmışdı. O, tam hərəkətsiz vəziyyətdədir, aparata qoşulub, yalnız beyni çalışır. "Die Aktuelle" jurnalının müxbiri süni intellekt vasitəsiylə guya onunla müsahibə etmişdi və həmin müsahibə də jurnalda çap olunmuşdu. Orada onun sağlamlığı və ailəsi ilə bağlı suallar vermişdi. Təbii ki, etik cəhətdən heç də düzgün olmayan bu hadisə həm insanların, həm də idmançının ailəsi tərəfindən narazılıqla qarşılanmışdı. Almaniyada böyük səs-küyə səbəb oldu, baş redaktor istefa verdi, jurnalist həmin ailədən, oxuculardan üzr istədi.

Jurnalistləri narahat edən digər bir problem də sosial şəbəkələrdir. Qeyd olundu ki, artıq uzun müddətdir müxtəlif platformalı sosial şəbəkələr mövcuddur və hazırda xəbər yükü həm də onların üzərinə düşüb. Hər bir insan sanki bir reportyordur, jurnalistdir, hansısa mövzu ətrafında məlumat verə, müzakirələr aça bilər. Belə bir dönəmdə ənənəvi mətbuat çox böyük problemlərlə qarşılaşır. Özünü ayaqda saxlaya bilmək, aktuallığını itirməmək üçün çox böyük əmək sərf etməli və müəyyən yollar tapmalıdır.

Əsas məsələlərdən biri bayaq da dediyim kimi süni intellekt maşınlarının həyatımızın bütün sahələrinə, o cümlədən, mətbuata sirayət etməsidir. Onların jurnalistləri əvəz etməsi problemi var. Hətta gözlənilir ki, yaxın zamanda dünyada 14 milyon insan onları süni aparatlar əvəz etməsi səbəbindən işlərindən ayrıla bilərlər. Həmçinin, bu, "feyk nyus" baxımından da problemlərə səbəb olacaq. Çünki oxucu bilməyəcək ki, bu, doğru xəbərdir, yoxsa bunu hansısa süni intellekt vasitəsiylə hazırlayıblar. Yəni gördüyünüz kimi, bütün dünyada jurnalistlərin problemləri, demək olar ki, eynidir, sadəcə yerli, məhəlli xüsusiyyətlər var.

- Səfər çərçivəsində 5 Koreya şəhərində də olmusunuz. Təəssüratlarınız maraqlıdır. Koreya hansı keyfiyyətləri ilə yaddaşınızda qaldı?

- Qeyd edim ki, səfər çox gözəl təşkil olunmuşdu. Bu da Koreya xalqının özünün xüsusiyyətlərindən irəli gəlir. Mən yaponlardan sonra bu dərəcədə səliqəli, nizam-intizamlı, hər şeyin dəqiq və yerində olmasını icra edən xalq görməmişdim. Tədbir də hər cəhətdən düşünülmüşdü.

Seuldakı açılışdan sonra ikinci gün biz iki Koreyanın sərhəddinə getdik. Bu, hərbsizləşdirilmiş zonadır, uzunluğu 241 kilometr, eni isə 4 kilometrdir. Cənubi və Şimali Koreya arasında 38-ci paraleldən keçən bir hissədir. Bu ərazidə heç kim yaşamır. Daha doğrusu, Cənubi Koreya tərəfindəki bir kənddə az sayda insan yaşayır ki, onlara bir sıra güzəştlər tanınıb, məsələn, vergilərdən, hərbi xidmətdən azad ediliblər. Çünki onlar bilavasitə sərhəd zonasında yaşayırlar. O zonada neçə illərdir ki, Koreya dövləti müşahidə məntəqəsi qurub. Əslində, ora həm də bir turistik məkandır. Oraya turist qrupları təşkil olunur. Orada hərbçilər turistləri həmin zona ilə tanış edir, geniş məlumatlar verirlər. Maraqlı cəhətlərdən biri də budur ki, "soyuq müharibə" zamanında iki bölünən bütün xalqlar, demək olar ki, sonradan birləşdi, amma Koreya hələ də birləşməyib və bir dildə danışan, hətta bir-biri ilə qohumluq əlaqələri olan iki Koreya xalqı arasında necə böyük uçurumlar var. Cənubi Koreya xalqı hər cəhətdən çox yüksək inkişaf etmiş bir kapitalist  dövlətidir. Amma qonşuluğundakı Şimali Koreyada yaşayan insanlar bir parça çörəyə belə möhtacdırlar, çox böyük çətinlik içərisində yaşayırlar. Koreyaya səfər yaddaşımda silinməz izlər buraxdı və mən orada Azərbaycan xalqını xatırladım. Çünki zamanında bizim də xalqımız ikiyə bölünüb və bu həsrət hələ də davam etməkdədir. Nə vaxtsa, bəlkə bu şəhərlər də birləşəcək, kim bilir...

Bizə orada dedilər, dörd kilometrlik bufer zonanın tək müsbət xüsusiyyəti odur ki, uzun müddətdir burada insan yaşamadığından orada nəsli tükənməkdə olan vəhşi heyvanların sayı sürətlə artmağa başlayıb. Bu, qara Asiya ayısı, Koreya tülküsü, Amur pələngi, leylək quşları və başqa heyvanlardır ki, digər yerlərdə onların sayı çox azalıb. Bunu eşidəndə insan heyrətlənir ki, deməli, biz təbiətə toxunmayanda təbiət özü öz yaralarını sağaldır, özü bərpa olunur. Amma insan ayağı dəyən hər yerdə nəsə bir geriləmə var.

Sonra biz Koreyanın qədim şəhərlərindən biri olan Suvon şəhərinə getdik. Bura dünyada məşhur "Samsung" koorperasiyasının vətənidir. Biz orada "Samsung"un öz muzeyi ilə tanış olduq. Ümumiyyətlə, deyim ki, hansı şəhərə gedirdiksə, həmin şəhərin meri bizimlə görüşür, konfransın əhəmiyyətindən danışır, qonaqlara həddindən artıq diqqət göstərirdilər.

Suvondan sonra biz tam cənuba - Busan adlı liman şəhərinə getdik. Bu şəhər 2030-cu ildə dünya ekspo sərgisini keçirməyə namizəd şəhərlərdən biridir. Çox maraqlıdır ki, onlar hələ qalib gəlib-gəlməyəcəklərini bilmədən, bütün işləri planlayır, ona hazırlaşırlar və çox ümidlidirlər ki, o tədbiri məhz özləri qazanacaqlar.

Burada bizi BMT-nin ilk və yeganə məzarlığına apardılar. Düzü, bu vaxta qədər mən BMT-nin nəzdində qəbiristanlıq olduğunu bilmirdim. Mənə maraqlı idi ki, bura niyə BMT-nin nəzarətində idi. Sən demə, keçən əsrin 50-ci illərində bir tərəfdən Koreya, Çin və SSRİ, digər tərəfdən Cənubi Koreya, ABŞ və onun müttəfiqlərinin iştirakı ilə böyük bir müharibə olub və həmin müharibədə BMT-nin nəzdində olan Koalisiya qoşunlarının tərkibində türk əsgərləri də vuruşub. Həmin müharibədə həlak olan şəxslər Busandakı bu qəbiristanlıqda dəfn ediliblər və ora BMT statusu verilib. Oranı ziyarət etmək çox təsirli, ağrılı məqamlardan biri idi. Çünki bura öz ölkəsindən, vətənindən neçə minlərlə kilometr uzaqda uyuyan insanların əbədi məskənidir.

Sonuncu gün isə biz İnçon şəhərinə getdik. Orada da "Samsung"un bir qolu var: "Samsung biologics". Biz "Samsung"u müxtəlif məişət texnikası istehsal edən şirkət kimi tanıyırıq, amma son 12 ildə "Samsung" həm də tibbə, biologiya sahəsinə də böyük sərmayələr yatırıb, müxtəlif vaksinlərin, dərman preparatlarının hazırlanması üzərində işləyib və orada dedilər ki, başqa şirkətlərin 40-45 ilə getdikləri yolu, "Samsung" şirkəti cəmi 2011-ci ildən bu yana - 12 il ərzində keçib və böyük bir istiqamət qurub.

Ümumən deyim ki, bu səfərin təşkili təkcə Jurnalistlər Assosiasiyasının yox, həm də dövlətin üzərinə düşmüşdü. Bucür tədbirlərin keçirilməsində məqsəd Koreyanın həm regionda, həmdə dünyada artan rolunun, iqtisadi və siyasi gücünün artmasının göstəricisidir. Çünki bu qədər jurnalisti dəvət edib, onları öz ölkələri ilə tanış etməklə həm də Koreyanın imici formalaşır, xüsusən də jurnalistlər arasında. Nəzərə alsaq ki, həmin jurnalistlər 50-dən çox ölkədən gəliblər və o ölkələrə də bu informasiyanın daşıyıcısı olacaqlar və Koreya haqqında təəssüratları formalaşacaq, demək ki, bu, çox mühüm hadisə və çox gözəl üsuldur. Bəzən bizdə də bu cür tədbirlər, konfranslar keçirilir və biz gileylənirik ki, nəyə lazımdır, amma heç də elə deyil, ölkə haqqında müsbət rəy və imic yaratmaq üçün belə tədbirlərin çox böyük əhəmiyyəti olur.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.-11 may.- S.14.