Günay Əfəndiyeva Qazaxıstanda
görüşlər keçirib
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana səfəri
çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti
Şahin Mustafayev ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının
Milli Məclisinin deputatı Hikmət Babaoğlu da iştirak edib.
Görüşdə türk xalqlarının qədim və zəngin tarixi-mədəni
irsinin qorunması və təbliği istiqamətində Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu ilə Beynəlxalq Türk Akademiyasının qarşılıqlı
fəaliyyətlərinin əhəmiyyətindən
söz açılıb. İki qardaş türk təşkilatının birgə
əməkdaşlığı çərçivəsində Azərbaycan Xalqının
Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransın Qazaxıstanda uğurla keçirilməsinin ölkə
ilə Azərbaycan arasındakı əlaqələrin
inkişafına töhfə
kimi vurğulanıb.
Fond ilə Akademiyanın
iş birliyi ilə "Manas" kitabının nəşr
edilməsi ümumtürk
dastançılıq ənənələrinin
yaşadılması və
müasir dövrdə
daha anlaşıqlı
dildə çatdırılması
yönündə önəmli
layihə kimi qiymətləndirilib.
Görüşdə Fond ilə Akademiya arasında yaxın gələcəkdə həyata
keçirilməsi planlaşdırılan
birgə layihələrin
perpektivləri müzakirə
olunub.
Sözügedən səfər çərçivəsində
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu ilə Qazaxstanın L.N. Qumilyov adına
Avrasiya Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Fondun prezidenti
Günay Əfəndiyeva
və Universitetin rektoru Yerlan Sıdıkov imzalayıblar.
Memorandum Fond ilə Universitet
arasında tərəfdaşlıq
əlaqələrinin və
mədəni mübadilələrin
yaradılması məqsədilə
imzalanıb. Sənəddə
türk dövlətlərinin
mədəni irsinin təbliği və inkişafı yönündə konfransların,
seminarların, sərgilərin
və s. təşkili,
Fondun beynəlxalq tədbirlərinə Universitetin
akademik heyətinin cəlb olunması, ümumtürk yazılı
mənbələrinin tədqiqinə
dair layihələrin keçirilməsi, Universitetin
bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin
göstərilməsi üzrə
birgə əməkdaşlıq
nəzərdə tutulmuşdur.
Mərasimdə Fondun təşkilata
üzv və müşahidəçi dövlətlərin,
eləcə də müxtəlif
xarici ölkələrin
elm və təhsil müəssisələri ilə
qarşılıqlı münasibətlərin
qurulmasına xüsusi
önəm verdiyi diqqətə çatdırılıb.
Tədbir
çərçivəsində Günay Əfəndiyeva Universitetdə yaradılmış,
Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin adını daşıyan
auditoriya ilə tanış olub. Fondun prezidenti Ulu
öndərin geniş
miqyaslı fəaliyyətinə,
çoxşaxəli irsinə
həsr olunmuş müxtəlif nəşrlərə
baxış keçirib.
Mərasimdə həmçinin, Azərbaycan
Respublikasının Milli
Məclisinin deputatı
Hikmət Babaoğlu, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun layihə meneceri Talgat Muxanov, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Türkologiya kafedrasının professor-müəllim
heyəti və tələbələri iştirak
ediblər.
Daha sonra
Universitetin tələbələrinin
ifasında türk xalqlarının dillərində
kompozisiyalar səsləndirilib.
525-ci qəzet.- 2023.-11 may.- S.13.