Sovet dövründə Türkiyə
Baş nazirinin Azərbaycana səfəri
TARİXİ GÖRÜŞÜN QISA TARİXÇƏSİ...
Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyev və Süleyman Dəmirəlin
dostluq münasibətləri xüsusi önəm daşımışdır. Bu təkcə şəxsi dostluq yox,
Azərbaycan və Türkiyə arasında zəngin dövlətçilik
irsinin inkişafına çevrilən münasibətlərdir
və lider-şəxsiyyət faktorunun dövlətlərarası
münasibətlərdə nə qədər önəmli
olduğunu da təsdiqləyir. Bu münasibətlərin
Heydər Əliyevin Naxçıvana tarixi qaydışı və
Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə
pik həddə çatdığını təsdiqləsək
də onun təməllərinin daha uzaqlara, hətta sovetlər
dövrünə getdiyini də söyləməkdən
çəkinmədik. Bütün türk
dünyasının həmrəylik rəmzinə çevrilən
Heydər Əliyev-Süleyman Dəmirəl münasibətlərini
bu baxımdan dəyərləndirmək istədik.
Azərbaycan-Türkiyə
əlaqələrində 1960-cı illərdən sonra
başlanan dövr, əslində SSRİ-Türkiyə
münasibətlərinin bir hissəsi olmuş, amma xüsusi əhəmiyyət kəsb
etmişdir. Bu dövr münasibətlərin
yumşalma, dostluq ənənələrinin yeni mərhələdə
davam etdiyi bir tarixi dövr kimi diqqəti cəlb edir. Həm
də SSRİ-Türkiyə, eləcə də Azərbaycan-Türkiyə
münasibətlərində yeni mərhələ olmaqla, İ.Stalinin
ölümündən sonra başlayır.
İki ölkə arasındakı rəsmi səfər
və görüşlər ilk dəfə 1963-cü ilin əvvəllərində
Sovetlərlə Türkiyə arasında elmi-mədəni
razılaşmalardan sonra baş tutdu. Dövlətlərarası rəsmi
səfərlər isə ilk olaraq az bir müddət-altı
ay Türkiyə Respublikasının hökumət rəhbəri
olan Suat Hayri Ürgüplünun 1963-cü ildə Sovetlər Birliyinə rəsmi səfəri
ilə başladı. Maraqlıdır ki, elə o vaxtdan Türkiyə
nümayəndə heyətinin səfər proqramında Azərbaycanı
ziyarət də planlaşdırılmış və Bakı
səfərləri uğurla baş tutmuşdur.
Respublikanın baş mətbu orqanı olan
"Kommunist" qəzetində bu səfərlər
işıqlandırılmış, amma bu müəyyən hədlər
daxilində mümkün olmuşdur. Daha dəqiq deyilərsə, qəzetə
bu məsələdə geniş yaradıcılıq
imkanı verilməmiş, əksinə, rəsmi materiallar da məhdud
bir çərçivədə SİTA (Sovet İttifaqı
Teleqraf Agentliyi) və yaxud onun yerli təşkilatı olan Azərinform tərəfindən
təqdim olunmuşdur. Bu xəbərlər, əsasən,
rəsmi xarakter daşımış, nümayəndə heyətlərinin
görüşlərinin işıqlandırılması ilə
məhdudlaşdırılmışdır.
1965-ci
ilin dekabrında dövlət naziri Mehmet Kamil Ocak SSRİ-yə
səfər etmiş, bir il sonrasa SSRİ Nazirlər Sovetinin sədri
A.N.Kosıginin Türkiyə səfəri nəinki sovet, eləcə
də Türkiyə və dünya mətbuatının
böyük diqqət yetirdiyi məsələlərdən
olmuşdur. Türkiyə Cümhuriyyətinin baş naziri
Süleyman Dəmirəl isə 1967-ci il sentyabrın 19-da Moskvaya rəsmi səfərə gəlir.
Türkiyənin baş nazirini Vnukovo təyyarə limanında
SSRİ hökumətinin rəhbərləri
qarşılayır və ilk məlumat da "Türkiyə
Respublikası hökumətinin başçısı
Moskvada" adlı qısa bir xəbərlə oxuculara
çatdırılır. Mətbuatı izlədikcə
görürük ki,
ali qonaq sentyabrın 23-də Leninqradda, 24-də Daşkənddə olur və
sentyabrın 25-də Bakıya gəlir. Diqqətçəkən
faktdır ki, Türkiyə hökumətinin
başçısının Bakı səfəri 3 günə
qədər davam edir.
Respublikanın baş mətbu
orqanında-"Kommunist" qəzetində qarşılanma
ilə əlaqədar rəsmi material qəzetin 1-ci səhifəsində
dərc edilib.
"Bakı Türkiyə hökumətinin
başçısını qarşılayır" adlı
bu yazıda istər
hava limanında, istərsə də yol boyu qonaqları
qarşılayanların izdiham təntənəsini
görürük. Ola bilsin ki, bu təntənəni gizlətmək
meyli də olub, amma mümkün olmayıb. Hətta Dəmirəlin
şlapasını çıxararaq onu
qarşılayanları salamlaması belə bu təntənəni
daha da canlandırır.
Yeri gəlmişkən,
Dəmirəlin "şlyapa jesti" onun bütün siyasi fəaliyyəti
dövründə maraq
doğurub. Hələ sovetlər dövründə Türkiyədə
çalışmış, indi BDU-nun Türk filologiyası
kafedrasının müdiri olan Rüfət Rüstəmov
çox həvəslə
danışır ki, o vaxtlar da Dəmirəlin
"şlyapa jesti" - şlyapasını çıxararaq
onu qarşılayanları sevgi ilə salamlaması
bütün görüşlərinin yaddaqalan sloqanı idi.
O, bu jesti ilə adamları təkcə salamlamayıb, həm də
sanki ovsunlayıb. Bir dəfə Türkiyədə
maraqlı bir hadisə də baş vermişdi. Dəmirəllə görüşlərin birində
tədbir iştirakçılarından biri şlyapanı
"qaparaq aradan çıxmaq" istəmişdi alınmasa
da, Dəmirəl şlyapa salamını "tərgitməmişdi".
Uzun illər sonra da onun
bu jesti nə unuduldu, nə yaddan
çıxdı. Bu
böyük xadim həm də şlyapası ilə
xatırlandı...
Bakı səfərində
də təyyarədən enən kimi də Dəmirəl bu
jesti ilə onu qarşılayanları salamlayır və qəzetin
birinci səhifəsində dərc edilən məqaləyə
aid fotoda da bunu görməkdəyik. "Kommunist" qəzetinin
sonrakı sayında - sentyabrın 27-də "Azərbaycan
torpağında görüşlər" sərlövhəsi
ilə Sumqayıt səfəri haqqında yazı təqdim
olunur. Gənc şəhərin zəhmətkeşləri tərəfindən təntənə
və sevgi ilə qarşılanan Dəmirəl şəhərin
sənaye müəssisələrində olur. Məqalə Qum adasındakı
görüşlərlə davam etdirilir. Qəzetin
28 dekabr sayında "Türkiyə Respublikasının
baş nazirinin şərəfinə" adlı məqalədə
qonağın şərəfinə düzənlənən
ziyafət haqqındadır. Səfərlə əlaqədar
daha iki xəbər də qəzetdə yer alır:
"Türkiyəli qonaqlar Bakının görməli yerləri
ilə tanış olmuşlar" və "Türkiyə
Respublikasının baş naziri Bakıdan yola
düşmüşdür".
Süleyman Dəmirəlin SSRİ-yə səfəri ərəfəsində
"İzvestiya" qəzeti Türkiyə üzrə
müxbiri Azad Şərifovun baş nazir ilə müsahibəsini
dərc edir. Müsahibədə SSRİ ilə dostluqdan və gələcək
perspektivlərdən söhbət açılsa da, onun
"Kommunist" qəzetində dərc edilməsinə icazə
verilməmişdir. Amma
xalqlarımızın tarixi bağlılığını,
qardaşlığını da ört-basdır etmək
mümkün olmamışdı. Ola bilsin,
bu bağlılığın və qardaşlığın
təntənəsi idi ki, Süleyman Dəmirəl SSRİ-yə
səfərinin mühüm bir hissəsini Bakı
üçün ayırmışdı. Onun
Bakı səfərində söylədiyi "kökləri
müştərək olan kültürümüzün
bir-birimizi tanımağa imkan verdiyi" ifadəsini Türkiyə
və Azərbaycanın hökumət adamları da coşqu ilə
qarşılamışdılar. Şübhəsiz ki,
60-cı illərdə Azərbaycanda yeni bir milli intibahın
başlanmasında bu kimi faktların rolu az olmamışdır.
Bir
faktı da unutmayaq ki,
Dövlət təhlükəsizliyi orqanlarında
iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev
1967-ci ilin iyununda Azərbaycan SSR Nazirlər Soveti yanında
Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə
irəli çəkilmişdi. Süleyman Dəmrəlin
Bakı səfərində onun Ulu öndərlə
görüşü olubmu? Bu barədə
mətbuatda məlumat olmasa da dövlətin təhlükəsizlik
orqanının rəhbər postunu tutan Heydər Əliyevin məşhuq
qonaqdan - Türkiyənin baş nazirindən kənarda
qalması da istisna edilmir. Dövrün mətbuat
orqanlarının, əsasən də "Kommunist" qəzetinin dərc
etdiyi məqalələrdə və
fotolorda bunu təsdiqləyən məlumat yoxdur.
"Kommunist" qəzetinin adını ona görə
vurğulamağı vacib bildik ki, onda SİTA və Azərinforumun
yaydığı materiallardan "Kommunist"dən başqa
kimsəyə "pay düşməyib", yəni bu
materiallar ancaq və ancaq "Kommunist" qəzetində
yayımlanıb. O dövrün
ən populyar və tirajlı qəzetləri, Azərbaycan KP
MK-nın sahə qəzeti "Sovet kəndi", Azərbaycan LKGİ MK-nın
orqanı "Azərbaycan gəncləri" qəzetlərində
belə Dəmirəlin Bakı səfəri haqqında bircə
sətirlik xəbərə belə yer verilməyib. Eləcə də adlarını çəkmədiyimiz
digər mətbuat orqanlarında da bunu görmürük.
Amma Dəmirəlin Bakı səfərindən bir həftə
sonra Azərbaycan Yazıçılar İttifaqının və
Azərbaycan SSR Mədəniyyət Nazirliyinin orqanı olan
"Ədəbiyyat və incəsənət" qəzetində
Türkiyənin baş nazirinin Qum adası səfərindən
2 cümləlik bir xəbər və Nazirlər Sovetinin sədri
Ənvər Əlixanovla
neftçilərin əhatəsində olan 10x10
ölçüdə bir fotosu verilmişdir.
Dəmirəlin Bakı səfəri haqqında rəsmi məlumatlar 4 məqalə və 2 fotodan ibarət olmuşdur. Təəssüf ki, qəzetin o dövrə aid olan arxivi olmadığından dərc edilməyən fotolar haqqında heç bir məlumat əldə etmək mümkün olmadı. Amma çox sonralar, müstəqillik illəri dövründə tədqiqatçıların ortaya qoyduğu foto faktlar və telexronikalar isə ən azı Heydər Əliyevin bu görüşlərdə iştirakını və respublika təhlükəsizlik orqanının rəhbəri kimi fəal iştirakını təsdiqləyir. Heç şübhə etmirik ki, sonralar münasibətləri böyük türk dünyasının həmrəylik rəmzinə çevrilmiş iki dövlət xadiminin dostluğunun güvənli təməlləri də elə o vaxtlarda qoyulmuşdur. Hətta Türkiyə baş nazirinin Bakı təyyarə limanında və şəhərə gələrkən yolboyu böyük bir izdihamla qarşılanmasından tutmuş, Bakıda, Sumqayıtda təşkil edilmiş görüşlərin, mötəbər qonağın şərəfinə verilən ziyafət mərasiminin və koloritli çıxışların "Kommunist" qəzetində yer almasından Ulu öndərin xəbərsiz olmasını da söyləmək absurd olardı...
Düzdür, dövlətlərarası münasibətlərdə dostluğun və qarşılıqlı əməkdaşlığın bol-bol vurğulanmasına baxmayaraq, mətbuatın yaydığı və SİTA-nın mətbəxindən çıxan xəbərlərdə ideologiyadan gələn "qısqanclıq", "məqsədəuyğun təqdimat" kimi meyilləri də aşkar görməkdəyik. Eləcə də Türkiyənin siyasi gündəmi ilə bağlı məsələlərin təqdimatında oxuduqlarımız fərqli bir təəssürat yaradır. Necə ki, Türkiyə boyda bir ölkənin baş nazirinin səfərinə vur-tut 4 rəsmi məlumat və 2 foto ayrıldığı kimi.
Əslində sovet mətbuatının Türkiyə ilə bağlı dərc etdiyi bütün təqdimatlarda bu tendensiya olub. Əminliklə demək olar ki, bunun obyektiv səbəbi həm də "kökləri bir olan Azərbaycan və Türkiyə xalqları" kimi ifadələrin mətbuata "ayaq açmamasından" qaynaqlanırdı.
...Yeni müstəqilliyimiz bu qorxunu birdəfəlik
yox etdi. İndi xalqlarımızın birliyinə töhfələr
verən elə bir hadisə olmayıb ki, orada Heydər
Əliyev və Süleyman Dəmirəlin yeri olmasın! Ortaq
tariximizin dəyərlərini xalqlarımıza, dövlətlərimizə
miras qoyan tarixi şəxsiyyətlər sırasında onların
açdığı tarixi yol Qarabağın da xilas yolu
oldu...
Namiq
ƏHMƏDOV
Əməkdar
jurnalist
525-ci qəzet.- 2023.-11 may.- S.12.