Cavidlə nəfəs-nəfəsə
O, bunca dərin,
bu qədər bilgin, belə müdrik idisə, əlbəttə
ki, səbəb həm də onlar idi. O ölməzlər ki,
yaratdıqları, bu millətə yadigar qoyduqları ilə
onun da varlığına hopmuşdular, onu da
ruhdaşlarına çevirmişdilər. Heydər
Əliyev ömrü boyu bu millətin böyüklərinə,
zirvə şəxsiyyətlərinə, xalqın əlvan və
zəngin mənəviyyat dünyasının memarları olan
şəxsiyyətlərə məxsusi diqqət və nəvazişlə
yanaşdı. Müasiri olduqlarına da,
tarixin uzaqlarında ömür sürmüşlərə də.
Onların həyatını davam etdirməsi,
yeni günün içərisindən də səslərinin
daim gur gəlməsi üçün həmişə
bacardığını etdi. Bəzən lap
mümkünsüz görünənləri də!
Heydər Əliyevi, söz yox ki, tarixdə yaşadacaq
çox işləri, çox izləri var. Ancaq onun bitməz
ömür qazanmasının bir səbəbi də həmin
ölməzlərdir ki, onların hər birinə Heydər
Əliyev yeni nəfəs verməyi bacarıb. Və nə qədər ki
onların nəfəsi gedib-gələcək, nə qədər
ki o dahilər millətlə olacaqlar, bütün başqa xidmətləriylə
yanaşı, Heydər Əliyev bu pasibanlığı ilə
də hər an Azərbaycanla, millətlə qalacaq, o ulduzlarla
bərabər parlamaqda davam edəcək.
O
sırada böyük Hüseyn Cavidin yeri ayrıcadır. Heydər Əliyev məktəbli olanda Cavidin adı
dillər əzbəri idi. Sonra daha
heç vaxt təsirindən çıxa bilməyəcəyi
Cavid şeiriyyətinin sehrinə ilk dəfə o,
beşinci-altıncı siniflərdə oxuyanda
düşmüşdü. Və həm də
Cavid şeirlərində ona ilk məhəbbəti yaradan
sıradan olan bir ədəbiyyat müəllimi deyildi. Balaca Heydərə ədəbiyyat fənnindən dərs
deyən Şeyx Məhəmməd Rasizadə elə Cavidin
özünün də birinci ustadı olmuşdu. Hüseynə həm böyük qardaş, həm
ata əvəzi olan Şeyx Məhəmməd gələcəyin
şöhrəti Azərbaycan boyu yayılacaq şairinin əvvəlinci
yolaçanı idi. Ancaq çox keçməyəcək
ki, məktəbli Heydər Əliyev şeirlərini sevdiyi,
müəlliminin qardaşı və həmyerlisi olması ilə
iftixar duyduğu Cavidin faciələrinin başlanmasına da
şahid kəsiləcək. Hüseyn Cavid
yadigarı Turan xanım söyləyirdi ki, 1937-ci ilin 4 iyun gecəsində
NKVD bayquşları atasını caynağına alıb
aparanda o yatırmış. Səhər
anası, qardaşı gecə baş vermiş müsibəti
ona nağıl eləyirlər və yeddinci sinif şagirdi
Turan yollanır məktəbə. Turan
xanım danışırdı ki, həmin gün təsadüfdən
birinci saatda ədəbiyyat dərsi idi və mövzu da Cavid
yaradıcılığı. Görünür
ki, hələ məktəbə atamın bu gecə həbs
edilməsi haqda xəbər çatmamışdı.
Müəllim lövhəyə hamıdan əvvəl
şairin qızı Turanı çağırır. Turan cavab verir, "5"ini
alır, amma elə həmin gün bir neçə saat sonra
artıq hamı qəziyyədən agah idi və müəllimlərin
göstərişi ilə şagirdlər dərsliklərində
Cavidə aid səhifələri cırmağa
başlayırlar...
Heydər Əliyev Turanla yaşıd idi - ikisi də
1923-cü ildən. Demək, o da yeddinci sinifdə idi və təbii ki,
onların da məktəbində eyni iş
görülmüşdü. Onun da dərsliklərindən
həmin gün və sonrakı aylarda müəllimlərin
tapşırığı ilə "xalq düşməni"
elan edilənlərə aid səhifələr
cırılıb atılmışdı. O səhifələri
o kitablardan qopartdıran siyasətin məqsədi həmin səhifələrdə
şəkilləri, adları, əsərlərindən
parçalar olanları bu millətin yaddaşından və
tarixdən silmək idi. Kimin ağlına gələrdi ki, onillər
sovuşacaq və Zaman həmin məktəblilərdən
birinə - Heydər Əliyevə incidilmiş ruhlara hayan
olmaq, onların bir vaxt söndürülmüş
çıraqlarının daha gur və daha parlaqlıqla
yanması üçün böyük əməllərə
qatlaşmaq vəzifəsini həvalə edəcək.
Yaşadığı
çağların bədii salnaməsi, özününsə
ömür və tale kitabı sayıla biləcək "Azər"
dastanında Cavid yaxın və uzaq sabahlarda baş verəcək
çox hadisələri heyrətli, hətta bir qədər də
inanılmaz bəsirətliliklə sanki irəlicədən
sezmiş, duymuş və yazılaşdırmışdı.
Oxuduqca mat qalırsan - sanki Cavid
bütün bunları gələcəyin içərisindəykən
keçmiş haqda xatirələri kimi qələmə
alıb.
Və o şeirlərin arasında sabahdakılara vəsiyyət
kimi səslənən çağırışları da
var. "Azər"də elə parçalar var ki, Cavid o
misralarda gec-tez bir gün mütləq layiq olduğu
ucalıqlara çatacağına, əlindən
alınmış haqlarının ona qaytarılacağına
inamını ifadə edir. Və bu sətirlər də var ki,
sanki onları ölümündən sonrakı həyatında
onun uğrunda ən fədakar xidmətlər göstərmiş
Heydər Əliyevə ünvanlanıb:
Tutduğun
yol böyük... Sən el rəhbərisin,
Bütün səslərdən üstündür sənin
səsin.
Bağır,
hayqır, can ver issız bucaqlara,
Bilgi nuru yağdır sönmüş ocaqlara.
Çalış
bütün boşluqlar əzminlə dolsun,
Hər
bataqlıq çiçəkli bir cənnət olsun!
Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik
etdiyi illərdə göstərdiyi və həmişə ən
dərin sayğılarla anılacaq misilsiz xidmətlərindən
biri də onun "Cavidin qayıdışı" əsəridir. Elə bir əsər
ki, bu, həm Hüseyn Cavidə, həm də Heydər
Əliyevin özünə abidədir. Cavidin
qayıdışı - həm bu sözün məcazi mənasında,
elə həm də birbaşa anlamında.
Heydər
Əliyev şəxsiyyətinə və
yaradıcılığına, özünün etiraf etdiyi
kimi, pərəstiş etdiyi və qəmli tarximizin "şəxsiyyətə
pərəstiş" əyyamlarında varlığı da,
irsi də Zavala uğramış Hüseyn Cavidi bu millətə
və bu yurda bütövlüyü ilə qaytaran bir qəhrəmandır.
O dövrdə ki o böyük işi Heydər Əliyev
gerçəkləşdirə bildi, bu hünərin adı
elə qəhrəmanlıqdır ki, var!
Cavidi 43 illik ayrılıqdan sonra cismən yenə Vətəninə
gətirdi, məhz Heydər Əliyevin səyləri ilə
Cavidin salamat qalmış ədəbi mirası da şairin
1937-ci ildəki həbsindən yarım əsrə yaxın
müddət ötəndən sonra ilk dəfə tam halda təzədən
millətə çatdı. Heydər Əliyevin ictimai
vicdanımızı, millətin böyük ruhu
qarşısındakı bu əməyi heç zaman unudulmaz!..
Heydər Əliyevin Cavidə sevgisinin və Cavid
uğrunda mübarizələrinin tarixi millətin Mənəviyyat
Kitabının dönə-dönə açılmalı,
oxunmalı, ibrət götürülməli səhifələridir.
O
Kitabı bir daha vərəq-vərəq çevirirəm...
...Heydər
Əliyev fövqəladə bir tarix müəllimi kimi Tarixi
yarada-yarada həmvətənlərinə bu tarixi
yaşamağın, bu tarix içərisində ləyaqətlə
irəliləməyin dərslərini verirdi. O, ən
böyük müəllimlərdən olduğundan
ömrü boyu müəllimin qədrini bildi, həyatı
boyunca həmişə dərs aldığı müəllimlərini
əziz tutdu. Ona bilavasitə dərs demiş
müəllimlər vardı. Orta məktəbdə, ali məktəbdə dərs aldığı
müəllimlərin hamısını sayğıyla
xatırlayırdı. Lakin bilavasitə dərs
almadığı müəllimləri lap çox idi və
onların da hər birini daim minnətdar duyğularla
anırdı. Oxumağı, öyrənməyi
həmişə sevdi. Onunçün bilik
mənbəyinə çevrilmiş hər kitabı, hər əsəri,
hər şəxsiyyəti isə istəkli müəllimləri
cərgəsindən hesab etdi, özünü onların hər
birinə borclu saydı, məqamı düşdükcə bu
borcundan çıxmağa can atdı.
"Müəllim" deyə qəbul etdiyi, zəkasına,
yenilməz şəxsiyyətinə məhəbbət bəslədiyi
zirvələrdən biri Hüseyn Cavid idi. Böyük
azərbaycanlı Heydər Əliyev bir neçə minillik Vətən
ədəbiyyatı tarixinə kamilcə vaqif idi, söz sərvətimizi
yaratmış şair və yazıçıların əksərinin
ömür və sənət yolunu bir ədəbiyyatşünasdan
daha dəqiq qiymətləndirmək səriştəsinə
malik idi.
Bu, mübaliğəli bir yanaşmanın təsiri ilə,
hissə qapılaraq gəlinən qənaət deyil.
Heydər Əliyevin istənilən ədəbi abidə
və istənilən qüdrətli ədəbi simaya verdiyi
qiymətin, ifadə etdiyi qənaətin təkrarsızlığı,
peşəkar ədəbiyyatşünas sözündən
daha sərrast olması onun miqyaslı düşüncəsi
ilə bağlıdır. Geniş bilik və dərin
təfəkkür sahibi Heydər Əliyev hər ədəbi
şəxsiyyət və ədəbi incini yalnız bir fərd
olaraq görmür, bütöv Azərbaycan tarixinin
işıqlı zərrəsi olaraq çox ucalardan seyr etməyi
bacarırdı.
Nadir cəmiyyətşünas olaraq Heydər Əliyevin
məhz hər kəsə müyəssər olmayan qabiliyyəti
- istənilən hadisəni hadisələrin axarında, istənilən
şəxsiyyəti şəxsiyyətlərin qatarında
seyr edərək müqayisələrdə qiymətləndirə
bilmək gücü onun çıxardığı nəticələri
adilikdən aralayırdı.
Cavid onun oxuduğu, öyrəndiyi, müəllim
saydığı klassiklərin əvvəlincisi idi. Tarixi sıra
baxımından yox, bəslədiyi rəğbətlər
nöqteyi-nəzərindən! Müsahibələrindən
birində "sevimli şairiniz" sualını
cavablandırarkən özü bunu dilə gətirmişdi.
Parlaq ədəbi şəxsiyyətlərimizin
əksərinin həyatını da,
yaradıcılığını da yaxşı bilmiş,
onların təxminən hər biri haqqında mötəbər
fikrini bildirmiş Heydər Əliyevin o qədər ulduz
arasında Cavidi seçməsi, onu ən üstün
sayması təsadüf deyildi.
Caviddə qədimliklə müasirlik qovuşurdu. Cavid
özü də bir cəmiyyətşünas,
insanşünas idi ki, Heydər Əliyev onu çox mənada
qəlib, ülgü kimi qavrayırdı.
Digər tərəfdən, Cavid şəxsiyyətinin
bütövlüyü, sarsılmazlığı da başqa
bir qiymətli örnək idi. Tarix
sınaqlarında, zaman fırtınalarında neçələrinin
necə əyilmiş olduğunu başqalarından daha
yaxşı bilən Heydər Əliyev Cavidin heç bir zəmanə
qasırğası qarşısında məğrurluğunu
itirmədiyindən də hər kəsdən daha əvvəl
xəbərdar idi. Şəxsiyyətdə
bu keyfiyyətə xüsusi dəyər verdiyindən Cavidə
eşqi bir qədər də artırdı. Cavid
onunçün bir təkrarsız şair, müdrik filosof
olmaqdan savayı, müəllim, dost, məsləhətçi,
könül sirdaşı idi. Elə bu səbəbdən
Cavid haqqındakı ən böyük əsəri yaratmaq səadəti
də Heydər Əliyevə müyəssər oldu. Cavid barəsində lap çoxlu elmi və bədii əsərlər
yazılıb. Cavidin sayı bilinməyəcək
qədər çoxlu rəsmləri çəkilib, abidələri
yapılıb. Əsərlərinə
musiqilər bəstələnib, özünə nəğmələr
həsr edilib. Heydər Əliyev nə
yazıçı idi, nə tədqiqatçı alim, nə
heykəltaraş, nə bəstəkar, nə rəssam...
Amma ən nəhəng Cavid Əsərini, ən möhtəşəm
Cavid Abidəsini doğurmaq səadəti onun bəxtinə
düşdü. Başqa sənətkarların
ayrı-ayrılıqda Cavidlə bağlı vücuda gətirdikləri
hər bir sənət əsərindən daha
yaxşısını yaratmaq, yaxud ona bənzərini ortaya
qoymaq mümkündür. Cavidlə
bağlı belə əsərlər indiyədək
yaranıb, bundan sonra da yaradılacaq. Lakin
Heydər Əliyevin doğurduğu Cavid Əsərini nə
ona qədər yaradan olmuşdu, nə də bundan belə xəlq
edən olacaq.
Müasirlərinin "əfəndi" deyərək
seçdiyi, sağkən klassikcə qiymətləndirdiyi və
sovet siyasi repressiyalarının bir sel kimi coşmağa
başladığı 1930-cu illərdən daha öncə
sıxışdırılmağa, təqib edilməyə
başlanmış Cavid peyğəmbər xislətli və
siqlətli yaradıcı idi. O, yalnız olanları
yazmırdı, olacaqları da irəlicədən qələmə
alırdı, millətin yolunun necə olmalı olduğunu da
qabaqcadan müəyyənləşdirərək şeirləşdirirdi,
çağdaşlarına və xələflərinə ərməğan
edirdi. Özü demiş, "əsrinin
öksüzü" - zamanın yetimi olan belə dahilərsə
dünyanın hər yerində, bütün tarix ərzində
məşəqqətlərə, zərbələrə,
acılara mübtəla qılınıb.
Heydər Əliyev uzun illər sovet təhlükəsizlik
xidməti şəbəkəsində işlədiyindən həmin
laübalı təşkilatın arxivlərinin kənar
gözlərə tam qapalı olduğu vaxtlardan işin
içərisindəki bir şəxs kimi Cavidin hansı
müsibətlərdən keçdiyini adi insanlardan, əlbəttə
ki, daha dürüst və təfərrüatlı bilirdi.
1937-ci il
iyunun 3-də keçirilən Azərbaycan Kommunist
(bolşeviklər) Partiyasının nəhs - XIII
qurultayında dövlət tərəfindən rəsmən
"xalq düşməni" elan edilən, təxirə
salınmadan elə həmin gecə dərhal həbsə
alınan, adı səhnələrdən, imzası qəzetlərdən,
əsərləri dərsliklərdən və kitabxanalardan
yığışdırılan, tarixdən silinməsi
üçün bütün qəddar tədbirlər
görülən Cavid ta 1956-cı ilə qədər sırf
yasaq adların "qara siyahı"sında qaldı. Hətta həmin bəraətlər fəsli, siyasi
iqlimdə yumşalmalar başlanandan sonra da Cavidə
münasibətdəki soyuqluğa son qoyulmadı. Digər
bəraət almışlardan fərqli olaraq, Cavidin bir
çox əsərləri, əvvəlki kimi, qadağan
kitablar zümrəsində qaldı, sovet əyyamlarının
ən qart ittihamlarından sayılan "pantürkist"
damğası Cavidin üstündən götürülmədi.
Cavidin tam bəraəti, xalqa itkisiz,
ixtisarsız, düzəlişsiz qayıdışı məhz
Heydər Əliyevin sayəsində mümkün oldu.
1980-ci illərin
əvvəlləri idi, sovet dövləti hələ yerində
idi, Cavidin o günəcən yasaqlıqda qalmış bir
çox əsərləri rejimin siyasəti baxımından zərərli
mahiyyətini saxlayırdı və bu şairə tam bəraət
vermək, bütün əsərlərinin dərcinə
"yaşıl işıq" yandırmaq əslində rəsmi
ideologiya baxımından düzgün deyildi (Hələ
neçə-neçə ziyalını kökə-əslə
bağlı və elmi baxımdan da yüzfaizli gerçək
olan yanaşmalarına, yazılarına, hətta söhbətlərinə
görə "pantürkist" damğası vuraraq
təqib edən, ləkələyən, cəzalandıran
siyasi sistem Hüseyn Cavidin, tutalım ki, "Qoca bir
türkün vəsiyyəti" şeirinə necə meydan
açardı ki?!).
Heydər Əliyev həmin rəsmi ideologiyanın
öndə gedən təmsilçilərindən biriydi. Bu statusa malik ola-ola Cavidi
düşmənlikdən birdəfəlik çıxarmaq,
onun təbliğ edilən ideoloji xəttə bir çox məqamlarda
yad olan əsərlərinə də vətəndaşlıq
hüququ bağışlamaq vaxtına görə
ağlasığmaz şücaət, yalnız vətəndaş
hünəri deyil, siyasi qəhrəmanlıq idi.Heç kəsin
bacarmayacağı bu əməli gerçəkləşdirmək
Heydər Əliyevə qismət oldu. Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda
doğulmuş, 1941-ci il dekabın 5-də Sibirdə gözlərini
əbədilik yummuşdu.
Əslində
1937-ci ilin 3 iyununda Azərbaycan Kommunist (bolşeviklər)
Partiyasının nəhs XIII qurultayı keçirilmişdi,
aylar əvvəldən artıq haqqında məxfi qovluqda
"ifşaedici" sənədlər toplanmağa
başlamış Hüseyn Cavidin həmin qurultayın davam
etdiyi saatlarda həbs qərarı çoxdan hazır idi və
Mircəfər Bağırovun məruzəsində onun adı
həmin axşam rəsmən "xalq düşməni"
elan ediləndən sonra bircə qalırdı həmin həbsi
gerçəkləşdirmək. Bunu da ləngimədən
elə gecə ilə etdilər.
Və Cavidin bir şair olaraq canlı həyatı əslində
elə həmin gün - qələm-kağızından,
yazı masasından, ədəbi mühitdən və əzizlərindən
təcrid ediləndən sonra, dünyanın ən asudəsi
və xoşbəxti olduğu fikir və duyğu aləmindən
qoparılaraq dustaqxana divarlarının məngənəsində
sıxılmağa məhkum kəsildiyi anlarda bitmişdi.
Çünki 1939-cu ilin yayınadək Bakı həbsxanalarında
saxlandıqdan sonra sürgün edilsə, uzaq buzlu
ünvanlarda hələ bir müddət sağ qalsa da, buna
dirilik demək olmaz.
Cavidin qələmi
1937-nin iyununda susan gündən onun ədəbi
varlığı da sükuta qərq olmuşdu. 1982-ci ilin oktyabrında Cavidin dünyaya gəlişinin
bir əsri tamam olacaqdı. Şairin 100 yaşını
ali ədəbi bayram və sözün
yüksək anlamında qayıdış mərasimi kimi
düşünən Heydər Əliyev Azərbaycan
Respublikasının rəhbəri kimi sərəncam
imzalayır.
Qəbul olunmuş qaydalara müvafiq olaraq keçirilməsi
nəzərdə tutulan tədbirlərlə bağlı layihə
hazırlanaraq onun masası üstünə qoyulur.
O dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ideologiya üzrə katib işləmiş və bu məsələlərə bilavasitə cavabdeh olan Həsən Həsənov xatırlayır ki, Heydər Əliyev həmin layihəni narazılıqla qarşıladı, özü qələm götürərək bu yuvarlaq ildönümünü möhtəşəm bayrama çevirəcək maddələri bircə-bircə mətnə əlavə etdi. Bu sırada ən təsəvvürəsığmaz təşəbbüs isə Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsi idi. Sovet tarixində hələ belə hadisə olmamışdı. Hələ heç bir repressiya qurbanı şimal cəhənnəmindən qurtularaq Vətəninə dönməmişdi. Heydər Əliyev Kremldəki nüfuzundan, SSRİ-nin ən ali səviyyəsində sözükeçərliyi və təsir imkanlarından istifadə edərək bu icazəni ala bildi, 59 yaşında Sibir buzlaqlarına tapşırılmış Cavidi 100 yaşının tamamında Azərbaycana qaytardı, ustadın tabutu başında fəxri qarovulda özü dayandı. Həsən Həsənov həmin unudulmaz günlərlə bağlı bir maraqlı əhvalatı da xatırlayır. Yubiley tədbirlərinin gerçəkləşməyə, mətbuat səhifələrində ardıcıl yazıların dərc edilməyə başladığı günlərdən birində Heydər Əliyev onu kabinetinə çağırır: "Gevorkov gəlmişdi. Şikayətlənir ki, niyə Cavidi internasionalist elan edirsiniz. Yubileyini keçirirsiniz-keçirin, sözümüz yox, amma o, beynəlmiləlçi olmayıb. O, qatı millətçi idi axı. Bu, mənim yanıma gəlib belə deyirsə, yəqin, Moskvaya da yazılar təşkil edəcəklər. Ona görə də Cavid əsərlərində ən müxtəlif xalqların övladı olan obrazları, şairin bütün xalqlara humanist münasibətini təsdiq edən nümunələri seçin, onun həqiqətən beynəlmiləlçi olduğunu göstərən yazılar hazırlayın, qəzetlərdə dərc etdirin".
Ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinə başçılıq edən, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü olan Boris Gevorkov - bu "ayıq-sayıq" "kommunist" guya hələ o vaxt içərimizdə olan ermənilərin üzübərilərindən sayılırdı, bir növ, "əl ermənisi" idi və Heydər Əliyevin də hansı iradə, səlahiyyət, güc sahibi olduğunu gözəl dərk edirdi, söz yox, ondan möhkəm də çəkinirdi. Lakin bütün bunlara baxmayaraq, belə buynuz çıxarmağa, etirazını bu şəkildə dilə gətirməyə cürət etmişdisə, deməli, ona qart erməniçilikdən verilən fitva beləymiş.
Heydər Əliyevin ehtimalı tamam doğru idi. Çünki
bu, birinci hal deyildi. Milli ruhun, milli
özlüyün respublikadakı təntənəsinə xidmət
edən istənilən addımdan sonra Kremlə Bakıdan ermənilər
qalaq-qalaq məktublar yollayır, işə pəl vurmağa səy
edirdilər. Eynən bu cür Nəriman Nərimanovun
heykəli qoyulanda qanımıza susamış idbarlar
Moskvanı məktub atəşinə tutmuşdular ki,
Əliyev Azərbaycan paytaxtının ən hündür
yerində Sergey Mironoviç Kirovunkundan da iri abidəni bir millətçiyə
ucaldır. Oxşar badalağı Qaçaq Nəbi
haqqında film çəkilərkən vurmağa cəhd
etmişdilər.
Və nə
qədər digər bənzər mərdümazarlıqlar ki,
bunun özü ayrıca hekayətdir...
Təsəvvür edin, Heydər Əliyev kimi qüdrətli,
nüfuzlu, SSRİ-nin birinci şəxsinin nəzərində
xüsusi inam və rəğbətə malik şəxsiyyət
də belə maneələri dəf edə-edə irəliləmək
zorunda idi.
Bu müqaviməti göstərənlər Heydər
Əliyevin Sovet İttifaqı daxilindəki sözükeçərliyindən,
Mərkəzdəki həlletmə imkanlarından bixəbər
olmasalar da, maneçiliklər törətməkçün
inadlarından əl çəkmirdilər.
Ona
görə də bu olmuşların fonunda Heydər
Əliyevin Azərbaycan üçün, millətdən
ötrü və Cavid naminə etmiş olduqlarının
hansı çətinliklər bahasına başa gəldiyi, həmin
tarixi şərtlər axarında hər belə
addımın necə vətəndaş igidliyi olması
bütün əzəmətiylə indi daha aydın dərk
edilir.
Heydər Əliyev Cavidi Azərbaycana qaytarmağa
hazırlaşırdı. Bu əsnada Cavidə
bir addım da yaxınlaşmışdı. İllərlə Dövlət Təhlükəsizlik
Komitəsi arxivində qatı açılmadan qalan cinayət
işini bir də vərəqləmişdi.
(Üstündən xeyli keçəndən sonra Cavidin
ev-muzeyini ziyarət edərkən özü bunu Turan xanıma
söyləmişdi ki, iki dəfə diqqətlə həmin
İşi oxumuşam, Cavidə ittiham irəli sürmək
üçün müstəntiqlərin irəli
sürdüyü bircə tutarlı dəlilə rast gəlməmişəm.
Və
bunu da deyibmiş ki, onsuz da siz həmişə atanızla
qürur duymusunuz, amma bunu da bir daha deyim, bilin, Cavid həmin
dindirmələrdə də özünü çox ləyaqətli,
kişi kimi aparıb, siz bütün başqa keyfiyyətlərindən
əlavə, atanızın bu mərdliyi, mərdanəliyi ilə
də həmişə iftixar edə bilərsiniz).
Cavidin nəşini
Sibirdən Azərbaycana gətirmək üçüm Heydər
Əliyevin göndərdiyi kiçik heyətə rəhbərlik
etmiş polkovnik Həmid Cəfərov mənə orada -
İrkutskda, Tayşetdə həm indi partiya-hökumət
orqanlarına rəhbərlik edənlərin, həm də
keçmiş həbs düşərgəsinin sabiq əməkdaşlarının
bu missiya ilə bağlı ona təəccüb, bir az da
şaşqınlıqla ürək açmalarından bəhs
edirdi: "Deyirdilər ki, məəttəl qalmışıq.
Burada minlərlə məzar var. Hamısı
siyasi repressiya qurbanlarıdır. Amma indiyədək
nə Rusiyadan, nə də digər respublikalardan bu məqsədlə
- onlara əziz olan məzarın ardınca buralara gələn
olmayıb. Burada dəfn olunanlarınsa heç biri sadə
adam deyil. Burada böyük
dövlət xadimləri də, generallar da, admirallar da, məşhur
alimlər də, şair və yazıçılar da uyuyur.
Siz nə qəribə xalqsınız, sizin nə
qədirbilən və iradəli rəhbəriniz var!"
Cavidə Vətənə bu nağılvari
qayıdışı dönəmində elə bilirsiniz
daş atan yalnız ermənilər olub? Vaxtilə
Cavidi gedər-gəlməzə göndərənlərin
tör-töküntüləri də yenə tərpəşirdilər,
içərilərindəki irini tökməyə girəvə
axtarırdılar. Vaxtilə NKVD qoçularından
olmuş, işi-peşəsi məhbuslara zülm verməkdən
ibarət həmin qaramat qurumda işgəncəni hətta icazə
veriləndən də ifrat qəddarlıqla yerinə yetirdiyinə
görə 1930-cu illərdə rəsmən cəzalandırılmış
3 nəfər cəlladdan biri, DTK-dan aralanandan sonra jurnalistikaya
sıçramış, hətta bir ara "Vışka"
qəzetinin redaktoru da işləmiş Q.İ.Qrekinin arvadı
olan, sonraların tanınmış Azərbaycan
yazıçısı bir qadın (Ə.B.) hələ cənazə
Bakıya gəlib çatmamış söz
çıxarmışdı ki, indiyə cəsəd qalar? Bu, Cavidin nəşi deyil, baş aldadırlar.
Turan xanım bunu da söyləyirdi ki, Vətənə
qayıtmış Cavidin nəşi dəfn ediləcəyi
ata yurdu Naxçıvana yola salınmazdan əvvəl
Əlyazmalar İnstitutunda ədəbi ictimaiyyətin ziyarəti
və vidalaşması üçün qoyulmuşdu. Ancaq bundan əvvəl
Sibirdən gələn nəşi Şirvanşahlar
sarayına aparmışdılar. Hər məsələdə
sona qədər dəqiqliyi sevən Heydər Əliyev ora da
gedib baxmışdı.
Cavidin
ayaq sümüklərində zövcəsi Mişkinaz
xanımın ona göndərdiyi yun corabın
izləri qalmışdı. 1941-ci ilin 5
dekabrında tərtib edilmiş ölüm haqqında cəsəd
necə təsvir edilirdisə, şairin indi Sibirdən gətirilmiş
nəşi də ona tam uyğun idi. Ancaq
xeyli sonralar bir danılmaz və heç kəsə bəlli
olmayan sübutu da mən tapdım.
Bakıya gətirilmiş nəşin kəllə
sümüyünü təsvir edəndə
ağzındakı dişlərin sayı da göstərilirdi
və dişlərinin birinin plomblu olduğu
yazılırdı.
Cavidin 1937-ci ilə aid cib dəftərlərində
gündəlik görəcəyi işlərlə
bağlı 2 qeydi yadımda idi. Görünür, təzə papaq
almaq istəyirmiş, bir səhifədə qara karandaşla
belə qeydi vardı: "Başımın
ölçüsü 59". Başqa bir səhifədə
ayrı bir qeyd: "Həkimə getməli, sağ tərəfdəki
dişimə plomb qoydurmalı".
...Azərbaycanda
1982-ci ilin oktyabrınadək çox ədəbi-mədəni
bayramlar olmuşdu. Amma əzəməti və
riqqətgətiriliyi ilə Cavid bayramına bənzəyəninə
heç tuş gəlinməmişdi.
Heydər Əliyev Cavidin Azərbaycana bu böyük
qayıdışını ədəbiyyat, mədəniyyət,
mənəviyyat tariximizin ən misilsiz, əks-sədası
tarixin bütün gələcəklərindən eşidiləcək
örnək, ibrət dərsi olan Bayrama çevirməyə
müvəffəq oldu.
Elə
bayram ki, anıldıqca hər dəfə həm köksü
qabardacaq, həm də sinəyə sığmayan fərəhi
ilə qəhər gətirəcək...
Və sonra Heydər Əliyevin özünün siyasi
karyerası ayrı məcrada davam etdi. Bakıdan Moskvaya, Sovet
İttifaqı rəhbərliyinə aparıldı.
Getdi və Azərbaycanda başladığı bir
çox başqa nəcib işləri davam etdirmək digərlərinin
öhdəsinə düşdü. Ancaq Heydər
Əliyevin açmış olduğu yollarla irəliləməyi
də əlində geniş səlahiyyətlər olanlar
bacarmadı. Yalnız ona görə yox ki,
onlar Heydər Əliyevdəki qabiliyyətə, təpərə,
ondakı nəfəs genliyinə sahib deyildilər. Ən mühümü bu idi ki, onlar Heydər
Əliyev kimi anlaya, qiymət verə və sevə bilmirdilər.
Cavidin 100 illiyi ilə bağlı sənəddə
Bakıda şairin ev-muzeyinin açılması məsələsi
də vardı. Bəlkə də bu, həmin
sənədin canını təşkil edən əsas maddə
idi. Çünki Cavid ocağının son təmsilçisi
- qızı Turan xanım sağ idi və çox
arzulayırdı ki, irtica dövrünün caynağından
qurtararaq saxladığı sənədlər, atası ilə
bağlı qoruyub hifz edə bildiyi əşyalar, yazılar
ondan sonra it-bata düşməsin, bu yadigarların
hamısını bir sabit ünvanda qovuşduraraq dünyadan
arxayın getsin.
Heydər Əliyev Moskvaya getdi, muzey məsələsi həll
edilməmiş qaldı.
Usanmadan qəzetlərə yazdıq,
çıxışlar etdik, respublikaya bir-birinin ardınca rəhbərlik
edənlərin hər birinə məktublar göndərdik. Əbdürrəhman
Vəzirova da, Ayaz Mütəllibova da, Əbülfəz
Elçibəyə də bütün dərc edilmiş
yazılarım, radio və televiziya
çıxışlarımdan savayı, ev-muzeyinin
açılması ilə əlaqədar şəxsən də
müraciət etmişəm. Nəticəsiz
qaldı.
Cavid İstiqlaliyyət küçəsində, indiki
Əlyazmalar İnstitutunun 3-cü mərtəbəsində
yaşamışdı.
Yalnız Əbülfəz Elçibəy müraciətlərimdən
sonra müsbət addım atdı. Ancaq vaxtilə
çalışmış olduğu Əlyazmalar
İnstitutunun direktoru, xüsusi hörmət bəslədiyi
Cahangir Qəhrəmanovun da qəlbinə dəyməməkçün
Cavidin öz yaşadığı otaqları deyil, bu binaya
bitişik digər hissədə, əvvəllər şərqşünaslıq
fakültəsinin yerləşdiyi qanadda müvəqqəti
yerləşmək üçün otaqlar ayırdı.
Qismət beləymiş ki, bu ümdə istəyin də
çin olması, Cavidin ev-muzeyinin yaranmasından ötrü
də Heydər Əliyev təzədən
qayıtmalıymış.
Qayıtdı,
XX əsrin sonlarında Vaxtın hökmüylə yenidən
müstəqillik əldə etmiş və bu istiqlalı
Vaxtın kinayəsi ilə, XX yüzilin əvvəllərində
olduğu kimi, iki yaşına çatmadan yenidən itirmək
təhlükəsi ilə üzləşmiş ölkəyə
nicatçı oldu, yurdda çox işləri yerbəyer etdi
və növbə Cavidə çatdı.
Yox, əslində, Cavid ilk növbədə xatirində
idi. Çünki Moskvadan Vətənə qayıdanda,
Bakıdakı şiddətli təqiblərdən sonra
Naxçıvana sığınanda ilk ziyarət etdiyi yer
Cavidin məzarı olmuşdu. Çoxdan
ayrılmış olduğu Naxçıvana ayaq basanda
atasının qəbrindən əvvəl Cavidin məzarını
ziyarət etməyə yollanmışdı...
Münasib fürsət yaranan kimi Cavidin muzeyinin də
qurulmasına aparan yolu da açdı. Həm də
bu işi özünə xas ürək genişliyi və
miqyasla həll etdi. Əlyazmalar
İnstitutu da onunçün əziz idi. Həmin binada
3-cü qatı bütünlüklə Cavid muzeyinin
ixtiyarına verdi. Gözlədiyimizdən
də artığını etdi. Əlyazmalar
İnstitutuna isə bitişik binadan təhvil verdiyindən 3-4
dəfə çox yer ayrıldı. Yəni
onlara da umduqlarından da qat-qat əlverişli imkan
bağışlandı.
Heydər Əliyev belə Heydər Əliyev idi. Jestləri,
addımları, əməlləri həmişə şahanə,
səxavət nümunəsi, adi ölçülərə
sığmayan nəhənglikdə olurdu.
Ancaq o muzeyə yer ayırması hadisəsinədək
Heydər Əliyevin Cavidə bir unudulmamalı xidməti də
olmuşdu.
Onda hələ Naxçıvanda idi. 1992-ci il
idi. Cavidin 110 illiyi yaxınlaşırdı.
Dahi
şairin 50 yaşı tamam olanda 1932-ci il
idi. O çağlar Azərbaycanda həyatda olan
şair-yazıçıların yubileylərini keçirmək
ənənəsi yox idi. Əvəzində o
dövrdə Azərbaycan İran şairi Firdovsinin 1000 illiyini
məxsusi təntənə və təmtəraqla
keçirdi.
Cavidin 60
yaşı tamam olanda 1942-ci, 70-i yetişəndə 1952-ci il idi.
Həmin illərdə onun üstündə "xalq
düşməni" damğası vardı, adı da, əsərləri
də yasaq idi. Təbii, onun yuvarlaq
ildönümünün yada düşdüyü bircə
ünvan vardı.
O
ünvan ki, orada onun hər növbəti doğum
günündə, vəfatının hər
ildönümünüdə həyat yoldaşı
Mişkinaz, sonralarsa qızı Turan mütləq halva
çalardı, süfrə açardı, şamlar
yandırardı, ən yaxın, ən simsar adamlar Cavidi
anmağa gələrdilər. Əvvəllər
Cavidin həbsindən sonra İstiqlaliyyət küçəsindəki
mənzillərindən çıxarılaraq Sovet
küçəsində yaşamalı olduqları 9
kvadratmetrlik komada, bəraətdən sonra isə onlara Nizami
küçəsində verilmiş ikiotaqlı mənzildə.
Cavidin 80 illiyi 1962-ci ilə təsadüf edirdi. Artıq 6 il
idi 1937-38-ci il siyasi repressiya zərərdidələrinin
üstündən "xalq düşməni"
damğası götürülmüşdü. Lakin bəraətdən sonra da, bir sıra
başqalarından fərqli olaraq, Cavidə münasibət hələ
tərəddüdlü idi. Vaxtilə Cavid
haqqında hədyan yazmışların da xeylisi ədəbi
mühitdə qabaqda gedənlər idilər.
Bu yubiley də xala-xətrin qalmasın yola verildi. Əvvəlkilərdən
nisbətən seçilən yubiley mərasimi Cavidin 90
yaşının tamamında, 1972-ci ildə qeyd edilsə də,
bu da hələ o deyildi və əsl möhtəşəm
yubileyə, 100 illiyə ilk hazırlıq mərhələsi
kimi idi. Ancaq 1992-ci ildə sanki ortada daha
heç bir maneə-filan qalmamışdı. Cavid artıq bütünlüyü ilə
qayıtmışdı, şəxsiyyəti və mirası
ilə hər qadağadan qurtulmuş,
hamınınkılaşmışdı. Fəqət
Azərbaycanın elə qatmaqarışıq vaxtı idi ki,
Cavidin 110 illiyini keçirməli olanlar başqa hayda idilər.
Və 1992-ci ilin oktyabrında Cavidin 110 yaşı 2 yerdə qeyd edildi. Bakıda, vaxtilə çekistlərin ixtiyarında olmuş Dzerjinski, müstəqillik dönəmində Şəhriyar adını daşıyan klubda mən keçirdim. Şəxsi təşəbbüslə. Heç bir rəsmi razılıq, icazə istəmədən. Soyuq da bir gün idi. Hamı üst geyimində - paltolu-plaşlı oturmuşdu. Dəvət etdiklərimin əksəri siyasi repressiya acısını dadmış ailələrdən olanlar idilər. Əhməd Cavad, Çəmənzəminli, Pepinovlar, Xuluflu, Abbas Mirzə Şərifzadə... ailələrinin təmsilçiləri. Rasizadələr ailəsindən Turan xanım idi, Şeyx Məhəmmədin qızı, nəvə-nəticəsi idi, bir də, həmişə Cavid ocağının sevimlisi olmuş, bu ailəyə də hər zaman sədaqəti, etibarı ilə seçilmiş Tahir Rasizadənin oğlu, o vaxt heç yerdə işləməyən Artur Rasizadə...
Azərbaycan Televiziyasında da bir veriliş düzəltdim. Onu da
qanacaqları çatmadı ki, ayın 24-də efirə
versinlər, oktyabrın 25-nə saldılar. Ona görə də verilişin adını
"111-ci şam" qoydum, Cavidin ömrünün artıq
ilk günü yaşanan 111-ci ilinə həsr etdim.
Və Cavidin 110 yaşı şairə yaraşan
ehtiramla Naxçıvanda bayram edildi. Bunu Heydər Əliyev
etdi. Təbii, əlində daha geniş imkan olsaydı,
bundan beş qat artığını edərdi.
Ancaq görürdü axı onun Cavidinə,
onun Əsərinə biganəlik var. 100 illik təntənələrindən
sonra Cavidə münasibətdə soyuqluq yaranmamalı idi.
Ancaq yaranmışdı və 1992-ci ildə
Naxçıvanda qarşısında təxirə salmadan həll
edilməsi vacib olan onlarla ağır məsələnin
dayandığı böhranlı günlərdə
böyük Heydər Əliyev yenə böyük Hüseyn
Cavidin yanında idi, yenə onunla nəfəs-nəfəsə
idi...
10 may, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.-11 may.- S.10-11.