Siyasətin ustası, sözün qədirbiləni  

 

Ümummilli lider Heydər Əliyevi ilk dəfə yaxından 1991-ci ilin mart ayında - Azərbaycan yazıçılarının Filarmoniyanın binasında keçirilən IX qurultayında görmüşdüm. O vaxt təqaüddə olan Heydər Əliyev Naxçıvanda yaşayırdı, elə oradan da Azərbaycan Ali Sovetinin deputatı seçilmişdi, parlamentin iclasında iştirak etmək üçün həmin ərəfədə Bakıya gəlmişdi. Sonralar özünün də xatırladığı kimi, qurultaya yazıçıların dəvəti ilə gələn Heydər Əliyevə Filarmoniyanın salonunda böyük səmimiyyət, istiqanlılıq və yüksək ehtiram göstərilmiş, yazıçılarla aralarında mehriban söhbətlər olmuş, hörmət və ehtiramla Rəyasət Heyətinə dəvət etsələr də, o, zalda oturmağa üstünlük vermişdi.

Heydər Əliyevin ədəbiyyata, sənətə, şair və yazıçılara, söz-sənət adamlarına isti, doğma münasibətinin, onlara xüsusi diqqət və qayğı ilə yanaşmasının kökü hələ sovet illərinə - onun Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrlərə gedib çıxır. Yuxarı ədəbi nəsilə mənsub ayrı-ayrı ədəbiyyat adamları ilə söhbətlərdə bu barədə çox eşitmişəm, yazılan xatirələrdə çox oxumuşam. Heydər Əliyev yazıçıların hələ ötən əsrin 70-ci illərində keçirilən ən mötəbər tədbirlərinə qatılar, onlarla birbaşa ünsiyyətdə olar, öz dəstəyini əsirgəməzmiş. Hətta Azərbaycana rəhbərlik etdiyi ilk illərdə SSRİ Yazıçılar İttifaqının rəhbərliyi ilə Moskvada görüş keçirmiş, bu addımı ilə yazıçı fikrinə, yazıçı sözünə xüsusi önəm verdiyini sərgiləmiş, Sovetlər İttifaqının bu ali qurumunun rəhbərləri bir respublika başçısının belə həssas davranışını böyük rəğbətlə qarşılamışdılar. Azərbaycan yazıçılarının 1981-ci ilin iyununda keçirilən qurultayında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin artıq ənənəyə çevrilmiş iştirakı təkcə ünsiyyətlə məhdudlaşmır, o, iclasda geniş nitq söyləyir və yazıçı sözünün, yazıçı mövqeyinin cəmiyyət üçün yüksək əhəmiyyətini vurğulayır.

Heydər Əliyevin bu münasibəti ötən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq daha miqyaslı və əhatəli şəkil aldı. Artıq dövr və zaman da dəyişmişdi - Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmişdi, Heydər Əliyev isə müstəqil Azərbaycan Respublikasının Prezidenti idi. Yazıçıların 1997-ci ilin oktyabrında keçirilən X qurultayına bu dəfə Azərbaycanın Prezidenti kimi gələn Heydər Əliyev geniş və əhatəli nitqində həmişə yazıçılar, şairlər, mədəniyyət xadimləri ilə bir yerdə olduğunu xatırladaraq bunun səbəbini belə izah elədi: “Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam... Bu “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fıkir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam”. Nitqinin davamında isə yazıçıların indiki qurultayının əvvəlkilərdən fərqləndiyini vurğuladı: “İndi isə bizim bu qurultayımız tamam başqa bir şəraitdə keçir. Keçmiş zamanlarda nə qədər böyük nailiyyətlər əldə etmişiksə də, mən hesab edirəm ki, bu qurultay indiyə qədər olan bütün qurultaylardan, yazıçıların toplantılarından, konqreslərindən - hamısından üstündür. Çünki müstəqil Azərbaycan Respublikasının sərbəst yazıçıları müstəqil dövlətimizdə özlərinin ilk qurultayına toplaşmışlar. Bu, çox sevindirici haldır. Bu, müstəqilliyimizin bizə verdiyi töhfələrdir ki, biz indi artıq heç kəsdən, heç bir mərkəzdən, ideologiyadan asılı olmayaraq, özümüz sərbəst olaraq həyatımızın hər sahəsini araşdırırıq, o cümlədən, öz ədəbiyyatımızı, mədəniyyətimizi istədiyimiz kimi müzakirə edirik və istədiyimiz istiqamətdə aparırıq. Bu azadlıq, sərbəstlik, müstəqillik əvəzsiz bir nemətdir”.

Azərbaycan Prezidenti Heydər Əliyev qurultaydakı bu səmimi və dərin məzmunlu fikirlərindən bir neçə həftə sonra - 24 noyabr 1997-ci ildə “Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında” fərman imzaladı. Fərmanda yazıçıların yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə onlara dövlət qayğısının artırılması, eləcə də qurultayda irəli sürülmüş fikir və təkliflərin nəzərə alınaraq bir sıra mühüm qərarların qəbulu nəzərdə tutulurdu. Bu fərmanla Azərbaycan Yazıçılar Birliyinin bədii nəşrlərinin dövlət büdcəsi hesabına çap edilməsinə, istedadlı gənc yazıçılar üçün təqaüdlərin təyin olunmasına başlanıldı.

Mənim Heydər Əliyevlə sonrakı təmas və ünsiyyətim mətbuatla bağlı tədbirlərə təsadüf edib. Dövlət müstəqilliyinin bərpasının ilk illərində fərqli mətbu nəşrlərin fəaliyyətə başlaması ilə yeni məzmun alan, bir neçə ildə əhəmiyyətli inkişaf mərhələsi keçən Azərbaycan mediası ötən əsrin 90-cı illərin sonu - 2000-ci illərin əvvəllərinə doğru bəzi obyektiv və subyektiv səbəblərdən iqtisadi çətinliklərlə üzləşdi. Mətbuat və bununla paralel olaraq jurnalistlər sosial problemlərlə qarşı-qarşıya qaldılar. Belə bir situasiyada mətbuatın üz tutacağı ünvan Azərbaycan dovləti və onun başçısı idi. O dövlət başçısı ki, 1998-ci il avqustun 6-da imzaladığı fərmanla Azərbaycanda yüz ildən çox bərqərar olan senzuranı ləğv etmiş, bunun ardınca isə kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisinin götürülməsi, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumunun ləğvi ilə bağlı tədbirlər görmüş, 2000-ci ilin martında kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramını təsdiqləmişdi.

Azərbaycan mətbuatının inkişaf yoluna, müstəqilliyin ilk illərindən bugünə qədərki dövrə nəzər salanda Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı illəri mediaya dövlət qayğısının başlanması mərhələsi kimi qeyd etmək lazım gəlir. Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman mətbuatı həmişə diqqətdə saxlayıb, sözün qiymətini bilən böyük siyasi xadim kimi mətbu fikrə xüsusi önəm verib.Bu diqqətin təzahürü idi ki, mətbuatın belə çətin dövrünü yaşadığı illərdə Heydər Əliyev bir neçə dəfə qəzet redaktorları ilə müxtəlif formatlarda görüşlər keçirdi.

2001-ci ilin dekabrında baş redaktorları qəbul edən Ümummilli lider bizi təmkin və səbirlə dinlədi. Görüşdə mən də çıxış elədim, jurnalistlərin mənzil probleminə toxunaraq indiki maddi imkanlarla jurnalistlərin Bakı şəhərində ev almasının bir xəyal olduğunu diqqətə çatdırdım, bir neçə təklif verdim. Görüşün nəticəsi olaraq növbəti mərhələlərdə ardıcıllıqla mətbuatın ayaqda qalması istiqamətində əməli addımlar atıldı, bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə birdəfəlik silindi, AzərTAC dövlət agentliyi öz xəbər bülletenlərini qəzetlərə ödənişsiz göndərməyə başladı.

Heydər Əliyev mətbuatın gücünü çox dəqiq qiymətləndirməyi bacaran, jurnalistlərlə işin əhəmiyyətini qəbul edən müdrik siyasi xadim idi. Mən öz çıxışlarımın birində onu jurnalistlərin böyük dostu adlandırmışdım. Məhz milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə o, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Heydər Əliyevlə növbəti görüşümüz də elə həmin il martın 22-də “Hyatt Regensy” mehmanxanasında “Jurnalistlərin dostu” mükafatının təqdimolunma mərasimində gerçəkləşdi. Yadımdadır, Ümummilli lider o tədbirdə maraqlı və dərin məzmunlu çıxış etdi. Bu mükafatı yüksək qiymətləndirdiyini bildirən Heydər Əliyev xoş ünsiyyətindən, zarafatından da qalmayaraq “İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmişəm və onlar məni mükafatlandırıblar” - dedi, sonra isə əlavə etdi ki, keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostudur və həmişə də jurnalistlərin dostu olaraq qalacaq, bundan sonra da jurnalistlərə əlindən gələn yardımı edəcək. Çıxışının sonunda mətbuatın, jurnalistlərin fəaliyyətinə bir daha yüksək qiymət verdi: “Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur, bütün başqa vəzifələri ilə bərabər, əsas məqsədi tənqid etmək, nöqsanları aşkar etmək, onların aradan qaldırılması üçün çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu işləri görüb, bu gün də görür və çox uğurla görür”. Ayrı-ayrı məmurların mediaya, jurnalistlərə qarşı kin, qəzəb püskürdüyü bir vaxtda dövlət başçısının bu fikirləri olduqca zəruri və qiymətli idi.

2002-ci ildə Heydər Əliyevin media nümayəndələri ilə daha bir görüşü oldu. İyulun 22-də - Milli Mətbuat Günündə ölkənin aparıcı qəzet redaktorları ilə görüşən dövlət başçısı onlarla üç saat yarımdan artıq söhbətləşdi, geniş müsahibə verdi. Mənim Qarabağla bağlı sualımı olduqca ətraflı, təxminən 45 dəqiqə cavablandırdı - məxsusi vurğuladı ki, indiyədək heç kimə demədiyi məsələləri açır. Dedi ki, siz ziyalı insanlarsınız, redaktorlarsınız, bu məsələləri bilməlisiniz. O, Qarabağ danışıqlarının bağlı qapılar arxasında keçirilən, bizim heç ağlımıza da gətirmədiyimiz məqamlarını açıb danışdı. Eyni zamanda Azərbaycanın iştirakı ilə regionda türk zolağı yaradıla biləcəyindən bəzi dünya siyasətçilərinin narahatlıq keçirdiklərinə toxundu. Şübhəsiz ki, müdrik siyasətçi bu sirləri təsadüfən faş etmirdi. Görünür, kimlərisə təkcə bağlı qapılar arxasında deyil, həm də ictimai tribunadan, mətbuat vasitəsilə, necə deyərlər, Azərbaycan xalqının gözü qabağında ifşa etməyin vaxtı-məqamı çatmışdı.

Heydər Əliyev o zaman mənim sualıma cavab verərkən indi aktual olan Zəngəzur məsələsi ilə bağlı da çox maraqlı bir nüansa toxundu. Bildirdi ki, hələ 1920-ci ildə bu sərhədləri quranda Azərbaycanın Moskvada heç kimi olmayıb, ermənilərin isə hakimiyyətdə güclü mövqeləri olub. O vaxt Azərbaycanın torpağını - Zəngəzuru, xüsusən onun Mehri hissəsini kəsib Ermənistana veriblər ki, İranla sərhədi olsun. Bu, tamamilə süni bir şeydir. Baxın, hələ 1920-ci ildə ermənilər nə haqqında düşünüblər - İranla sərhədləri olsun!

Prezident vaxtilə Dövlət Təhlükəsizlik Komitəsi sistemində fəaliyyət göstərdiyi illərdə həmin sərhədləri qoruyanlardan biri olduğunu xatırladaraq dedi ki, o zaman sovet respublikaları arasında sərhəd haqqında heç söhbət gedə bilməzdi. Dəmir yolu var idi, Bakı-Yerevan qatarı işləyirdi. Oradan - Mehridən qatar gedib-gəlirdi, heç bir maneə yox idi. Amma baxın, 1920-ci ildə düşünüblər ki, İrana çıxması üçün gərək Ermənistana sərhəd verilsin və veriblər.

Heydər Əliyev o gün bizimlə görüşdə çox ciddi və həssas məqamlar üzərində dayandı. Həmin gün axşam isə Milli Mətbuat Günü ilə bağlı tədbirimizə qatıldı, yenə bir saatdan artıq bizimlə bir yerdə oldu.

...Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu münasibətlə dövlət və hökumət qurumlarının təşəbbüsü ilə çoxsaylı tədbirlər keçirilir, hələ ötən əsrdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyevin müxtəlif fəaliyyət sahələrində, ən fərqli istiqamətlərdə gördüyü məqsədyönlü işlər barədə cild-cild kitablar yazılır. Hələ Sovetlər Birliyi dönəmində görülən bu işlərə, həyata keçirilən bu tədbirlərin miqyasına nəzər salanda Heydər Əliyevin gələcəklə bağlı uzaqgörən siyasətinin bu gün müstəqil Azərbaycanın tərəqqisi üçün nə qədər böyük əhəmiyyət daşıdığı aydın görünür. Vəfatından 20 ilə yaxın müddət ötsə də, biz yenə onunla bir yerdəyik. Heydər Əliyev öz idealları sayəsində cismani yoxluğunu hiss etdirməyən azman bir şəxsiyyətdir. Bizdən sonrakı nəsillərin də onunla bir yerdə olacağına isə heç bir şübhə yoxdur!..

 

Rəşad Məcid

Mətbuat Şurasının sədri

525-ci qəzet.- 2023.-11 may.- S.8;9.