ÖZÜN İTİRMƏDİ
Səhərin gözü açılmamış
gözünü itirdi əsgər -
özünü itirmədi,
şükür...
Azərbaycan əsgərini
şəhid etmək
istəyən erməninin
bu dəfə də
bəxti gətirmədi,
şükür...
Gözünə
göz yumsa da,
canına göz dəymədi -
Atası
məmur təsəllisi
eşitmədi,
Bayraq götürmədi,
şükür...
GÖY ÖLÜMÜ
Bir deyil, iki deyil,
dəfələrlə
səhərdən axşamacan
boğazı kəndirli
halda
ayaq üstə yatıb biri...
İstədiyi baş tutmayıb,
göylərə üz tutub biri...
Bəlkə də
arzulamadığı gündə
arzusuna çatıb biri -
Cinayət xəbərlərində göstərdilər:
dünən saat
03:30-da
birinci mərtəbədən
özünü göyə
atıb biri...
QƏM
BİZƏ İRSƏN KEÇİB
Sizi deyə bilmərəm,
qəm bizə irsən keçib -
O vaxtı ulu babam,
dərd çəkə-çəkə
ölüb...
Külqabının ağzını
tütünlə bağlayarmış
-
Ulu nənəm həyətə
kül tökə-tökə
ölüb...
Ulu babam oğluna
bircə dərd
qoyub gedib -
Babam ağlı kəsəndən
ev tikə-tikə ölüb...
Babam atası kimi
tütünə aldanmayıb
-
Nənəm küllü torpağa
gül əkə-əkə
ölüb...
Atam babam kimidi,
Mən də ulu babamam...
ADAMLARIN ACIĞINA
Sevib xoşbəxt olmayan
adamların acığına
sevmədiyim qızla
sevdiyim küçədə
öləcəm...
Gözündən buz tökülən
adamların acığına
isti Sibir çöllərində
mənfi sıfır
dərəcədə öləcəm...
Göydən möcüzə gözləyən
adamların acığına
ölmüş ümidlərimlə
bir gecədə öləcəm...
Dünyada qalmaq istəyən
adamların acığına
necə doğulmuşamsa,
eləcə də öləcəm...
SON ON İL
Yuxumu gerçək eylədi
su səhvi,
çaş-baş saldı
ömrümü
arzu səhvi.
Düşmən düşmənə etməzdi
bu səhvi,
mən ağılsız
özümə etdim,
heyif...
Dilim, səni olasan
dilim-dilim,
indi kimə nə deyəsisən,
de, bilim.
Dilimin ucundadı
son on ilim,
üç ilim hədər oldu,
yeddim heyif...
Alma axtardım
armud budağında,
qışda başım
gəzdi
yay papağında.
Olammadım gözümün
qabağında,
gözlərimdən qabaqda getdim,
heyif...
Elvin
İNTİQAMOĞLU
525-ci qəzet.- 2023.-12 may.- S.15.