Bilinməyən günahların aşkar cəzaları
Esse
Balaca Fəridin
bir neçə gün öncə ölkə gündəmini
alt-üst edən ölüm xəbərindən,
daha doğrusu, bu ölümün ardından tez-tələsik
"tapılan" günahkardan
sonra bu mövzuda yazı yazmağı düşünürdüm. Amma nə
hikmətdirsə, kompüter
arxasına keçməyə
heç cür imkan tapmırdım.
Hər sosial şəbəkələri açanda
gözümü qanadan
o xəbərlərə, yalan-yanlış
məlumatlara, bilib-bilmədən
atılan şərlərə,
yaxılan böhtanlara
əsəblərim pozula-pozula
baxır və düşünürdüm ki,
bu, necə də tanış
ssenaridir.
Hə, idman zalında məşqçisi
tərəfindən məşq
etmək adı ilə vəhşicəsinə
döyülüb öldürülən
yeddi yaşlı Fəridi deyirəm. Türklər demişkən, "qapı
kimi" videolar, hadisə anının görüntüləri, faktlar
olduğu halda, yenə də körpəsi qucağından
qoparılıb məzara
qoyulmamış ananı
günahkar çıxarıb,
üstünə qoşunla
yeridi bizim bəzi namus keşikçilərimiz. Dedim
axı, tanış
ssenaridir. Öldürülən
uşağın anasını
günahkar çıxartmağı,
əsl qatili ört-basdır edib ananı az
qala edama göndərməyi biz yaxşı
bilirik axı. Nərmin, Elina ilə bağlı hadisələrdən
təcrübəliyik. Övladı
məktəbdə direktor
tərəfindən "bullinqə"
məruz qalıb intihar edən ananı da suçlamamışdıqmı?!
Fəridin də anasını günahlandırmağa bəhanə
tapdıq. Dırnaqları niyə uzunmuş
və o uzun dırnaqlarla üz-gözünü
cırmaq əvəzinə
niyə efirə çıxıb övladının
haqqını arayır,
qatilə ən ağır cəzanı tələb edir? Niyə övladı içəridə
döyüləndə çöldə
gözləyib və məşqçinin sözü
ilə onu xəstəxanaya yox, evə aparıb? Niyə məşqçiyə adı
ilə xitab edir? Və sair və ilaxır. Əsassız
iddialar, məntiqsiz suallar o qədər böyüdü ki, hələ utanmadan ssenari də yazdıq: ananın məşqçiyə simpatiyası
olub. Bütün bunları da
niyə elədik?
Çünki ana ərindən
boşanmış bir
qadın idi. Axı bizim cəmiyyətdə boşanmış qadın
olmaq əxlaqsız qadın olmaqla eyniləşdirilir çox
vaxt. Heç kim dönüb
anaya "niyə boşanmışdın?", "iki oğlan uşağını təkbaşına
necə böyüdürdün?"
sualını vermədi,
verməyib. Heç kim balası
qollarında can verən
ananın psixologiyasını
düşünüb empatiya
qurmadı ki, onun niyə həmin an elə davrandığını anlaya
bilsin. Övladı öləndən sonra oğlu olduğu yada düşən və atalıq damarı tutub çıxıb efirdə
ən asan yolu- keçmiş arvadını günahlandırmağı
seçən kişidən
də heç kim soruşmadı
ki, sənin iki oğlun idmana gedərkən onları qapıda niyə sən yox, anası gözləyirdi? Oğlan uşağını idmana ana aparar,
yoxsa ata? Onları
"kişi kimi" böyütmək ananın
vəzifəsidir, yoxsa
atanın?
Yox, biz ancaq
qadını qınamağı,
qadını günahkar
bilməyi, qadına daş atmağı bacarırıq. Axı bilirik, qadın
zəifdir, qadın arxasızdır, qadın köməksizdir, qadın
haqqını tələb
etməkdə çox
zaman acizdir. Çünki qadının qarşısında
ona-buna şər atmaqdan ötrü ölən, ac qurd kimi ağzı havaya böhtan atacağı, bilib-bilmədən
haqqında hərzə-hərzə
danışacağı "yem" gözləyən
böyük bir dəstə dayanıb.
Bütün bunları düşünür, amma hələ yazmağa tələsmirdim. Mən bu düşüncələrlə məşğulkən növbəti cinayət hadisəsi baş verdi: tanınmış plastik cərrah Türkün Gündüz öz evində həyat yoldaşı tərəfindən qətlə yetirildi. Xəbər gündəmə düşər-düşməz, yenə də məlum dəstə mənsubları bilib-bilmədən danışmaqlarından qalmadılar, yazıq qadının meyidi soyumamış, cansız bədəni torpağa tapşırılmamış qurdlu beyinlərdən, çirkin dillərdən qopan suallar şəbəkə-şəbəkə gəzdi: nə zibili var imiş ki, kişi öldürməyə "məcbur qalıb"?, belə gözəl, baxımlı qadındırsa, yüz faiz, ərinə xəyanət edib deyə öldürülüb... Və sair və ilaxır. Yenə də özünü müdafiədən məhrum olan biri haqqında çirkin, eybəcər iddialar dolaşmağa başladı. Ancaq çox keçmədi ki, burada da videofakt hamının danışan ağzına şapalaq kimi dəydi: sən demə, xəyanət edən tərəf qadın yox, kişi imiş, özü də evin qulluqçusu ilə. Bunu bilən qadın boşanmaq istəyərkən isə aqibəti ölüm olur.
Bəli, bu cəmiyyətdə əksərən qadın ölsə də, öldürülsə də, övladı ölsə, əri ölsə, qardaşı ölsə, atası ölsə, fərqi yoxdur, qadın harada varsa, orada tək günahkar məhz odur. Elə bil bu cəmiyyətdə qadın doğulmağın özü ən böyük günahdır. Bunu deməyə cəsarətləri çatmayanlar gözləyirlər ki, o qadın böyüsün, həyatında və ya ətrafında nəsə baş versin ki, kinlərini, nifrətlərini qusmağa bəhanələri olsun.
Yazımı nikbin
notlarla bitirmək üçün
bunun nə vaxtsa
düzələcəyinə inandığımı demək
istəyirdim ki, indicə bir
xəbər də yayıldı: yenə bir
qadın illər öncə boşandığı əri tərəfindən
qısqanclıq zəminində öldürülüb...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.-12 may.- S.15.