Tarixin qiymət verdiyi
insan
Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi
haqqında qənaətin formalaşması təkcə onun Azərbaycana
uzun müddət rəhbərlik etməsinə deyil, bəlkə
də daha çox bu rəhbərliyin zəngin məzmuna malik
olmasına əsaslanır. Tam qətiyyətlə
və cəsarətlə demək olar ki, Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin
xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil
edir. Bu mənada həmin dövrü
tariximizin nəinki sürətli və hərtərəfli
yüksəliş illəri, bəlkə də intibahı
adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi
olardı. Məhz haqqında söhbət
gedən zaman kəsiyində Azərbaycan malik olduğu
böyük intellektual və insani potensialı, təbii
resursları - bir sözlə, milli gücü cəmləyib
ölkənin qətiyyətli tərəqqisinin qüdrətli
amilinə çevirmək imkanı qazanmış və
bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə
qədəm qoymuşdur. Bu, heç
şübhəsiz, qədim və zəngin tariximizə
müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi
kimi daxil olmuşdur.
Böyük tarixi şəxsiyyətlərin rolunu adekvat
şəkildə qiymətləndirmək asan olmur. Görünür,
bu, həm də onunla əlaqədardır ki,
dünyamiqyaslı tarixi şəxsiyyətlərin yerinə
yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə
sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli
dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq
lideri olduğu xalqın ictimai həyatının gələcək
inkişaf konsepsiyasını və strategiyasını müəyyən
etməklə onun sonrakı taleyinin də təyin edilməsi
məsuliyyətini müəyyən mənada öz üzərinə
götürür. Bir sözlə, onlar
tarixin elə özünü yaradır. Tarixi
yaradan şəxsiyyətə isə qiymət vermək elə
tarixin özünə qiymət vermək qədər məsuliyyət
tələb edir.
Həyatım elə gətirib ki, gənclik illərimdən
taleyimdə Heydər Əliyev həmişə olub. Buna görə
taleyimdən çox razıyam və özümü xoşbəxt
insan hesab edirəm. Universiteti bitirən il
Ulu öndər Azərbaycanda hakimiyyətə gəldi,
bütün ölkədə olduğu kimi, mən də bunu
öz həyatımda hiss etdim. Sonralar da müxtəlif təsadüflərdən,
yaxud xoşbəxt hadisələr səbəbindən onu bir
neçə dəfə yaxından görmüşdüm.
Ancaq 1997-ci ilin fevralın 16-da Bakı Dövlət Universitetinə
rektor, 1998-ci il 25 mart tarixində Azərbaycan
Respublikasının təhsil naziri vəzifələrinə təyin
olunanda bilavasitə onunla görüşmək, tövsiyələrini
dinləmək şansım olub.
Mən
bilirdim ki, o, təhsil sahəsinə yaxşı bələddir,
ancaq nazir vəzifəsinə
təyin olunanda onunla görüşdüyüm bir saat ərzində
təhsilin incəliklərinə bu qədər bələd
olması məni təəccübləndirdi. Yadıma bir xatirə
düşdü. 1980-ci illərdə, Ulu öndərin
SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini olduğu və
bir çox mürəkkəb
sahələrlə yanaşı, elm və təhsilə
də rəhbərlik etdiyi
dövrdə Moskvada Universitet müəllimlərinin bir tədbirində
iştirak edirdim. Mənim azərbaycanlı olduğumu bilən
tanınmış rus alimlərindən biri
yaxınlaşıb sual verdi ki, Heydər
Əliyev neçə il kafedra müdiri vəzifəsində
işləyib?!
Təəccübləndim, Heydər Əliyevin nəinki
kafedra müdiri vəzifəsində, ümumiyyətlə, təhsil
sistemində heç zaman
çalışmadığını deyib nə
üçün belə düşündüyünü soruşdum. Cavab verdi
ki, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin kollegiya
iclasında Heydər Əliyevin bir
çıxışını dinləyəndən sonra bu qərara
gəlib:
- Heydər
Əliyev ali təhsil sistemində
mövcud olan problemləri o qədər yüksək peşəkarlıqla,
incəliklə təhlil etdi ki, biz onun uzun illər universitetlərin
birində kafedra müdiri, ya dekan vəzifələrində
çalışdığını düşündük.
Burada
hörmətli oxuculara tanınmış jurnalist Mais Məmmədovun
bir xatirəsini təqdim etmək istəyirəm:
"Mən
düşünürəm ki, onun kimi şəxsiyyət
çətin ki, bir də dünyaya gəlsin: Rusiyanın
Prezidenti Putin bir dəfə onun barəsində belə bir
söz demişdi ki, o, siyasi nəhəngdir. Biz
Heydər Əliyev barəsində ANS-də film çəkəndə,
xüsusi olaraq Moksvaya getmişdik. Orada
müxtəlif insanlarla görüşmüşdük.
Onların arasında Lujkov, Kabzon və başqa
yüksək rəsmilər var idi. Onların
hamısı deyirdi ki, belə bir insan dünyada yoxdur. Mən həmin vaxt onlara belə bir sual vermişdim
ki, bəs nə üçün Qorbaçov o vaxt Heydər
Əliyevi vəzifədən kənarlaşdırmışdı?
Deyirdilər ki, bu, siyasi məsələdir.
Mən deyim ki, bu, siyasət deyildi. Hamısı əla başa düşürdü ki,
əgər Əliyev vəzifədə olsaydı, Qarabağ
problemi olmazdı. Ona görə Heydər
Əliyevi Kremldən çıxarmaq bu insanlara lazım idi.
20 Yanvar hadisələrindən sonra başa
düşdüm ki, doğrudan da bu, belədir. Qorbaçov sovet ordusunu Bakıya göndərəndə
bu, mənə aydın oldu.
Bir dəfə Böyük Britaniyada səfərdə
olanda Heydər Əliyev Sumqayıtdakı zavodla bağlı
ölkənin böyük şirkət rəhbəri ilə
görüşmüşdü. Tərəflər
arasında söhbət gedən zaman, britaniyalı şirkət
rəhbəri Heydər Əliyevin onun sahəsi barədə
bu qədər məlumatlı olmasından çox təəccüblənmişdi.
Bundan başqa, Heydər Əliyev Marqaret
Tetçeri də Londonda onunla danışarkən pərt
etmişdi. Həmin görüşdə
Tetçer bizə iradlar bildirir, erməniləri blokadaya
salmaqda ittiham edirdi. Heydər Əliyev ona
elə bir cavab vermişdi ki, qarşı tərəf
susmuşdu. Ona Qarabağda baş verən
cinayətlərdən, insanların öldürülməsindən,
öz torpaqlarından didərgin düşməsindən və
Azərbaycanda ermənilərin törətdiyi cinayətlərdən
danışdı. O, Tetçerə sual verdi
ki, siz istəyirsiniz ki, sizdə də belə olsun? Xanım Tetçer
qıpqırmızı oldu və Heydər Əliyevə,
"Mən indi sizi başa düşdüm, mən sizi
tanımırdım", - deyə cavab verdi.
Dəfələrlə
görmüşəm ki, Heydər Əliyev xarici ölkələrə
səfər edərkən mediaya açıqlamalar verərkən,
jurnalistlər onun hazırcavablığı, zəkası və
belə qüdrətli siyasi lider olmasından heyrətlənirdilər".
Həyatı
boyu çoxşaxəli fəaliyyət göstərən Ulu öndərin bir şəxsiyyət
kimi hərtərəfli yüksək keyfiyyətlərə
malik olduğuna bir daha əmin olmaq üçün 2001-ci il
iyunun 10-da "Bakılı oğlanlar" Şən və
hazırcavablar Klubunun üzvləri ilə söhbətindən
bir hissəni təqdim etmək istəyirəm:
"Bizim böyük bəstəkarımız Üzeyir
Hacıbəyov "Məşədi İbad"
operettasını yaradıbdır. İnsanların, demək
olar ki, əksəriyyəti - əgər mütəxəssisləri
nəzərə almasaq - indiyə qədər hesab edirlər
ki, "Məşədi İbad" operettası
komediyadır, insanlar gəlib baxsınlar, istirahət etsinlər.
Ancaq bu, bir tərəfdən komediyadır, digər
tərəfdən isə, əgər bu əsəri dərindən
təhlil etsən, aydın olar ki, o dövrdə cəmiyyətdə
gedən prosesləri, nöqsanları, çatışmazlıqları
göstərir. Eləcə də, məsələn,
Qoqolun əsərlərini götürsək, onun əsərlərindəki
obrazlar indiyə qədər yaşayırlar. Əslində yumor iki məna, məqsəd
daşıyır. Bir tərəfdən
insanlar həqiqətən gülür, istirahət edirlər.
Deyirlər ki, sizin bu tamaşanız 3 saat 15 dəqiqə
çəkibdir. Başqa bir tamaşada
buna dözmək mümkün deyildir. Amma siz bir tərəfdən,
insanları güldürürsünüz, ikinci tərəfdən
isə düşündürürsünüz..."
Yaxşı xatırlayıram, 1998-ci ildə məni təhsil
naziri vəzifəsinə təyin edərkən Heydər
Əliyevin verdiyi çoxsaylı tapşırıqlardan biri də,
ölkədə təhsil sahəsində əsaslı
islahatların aparılması ilə bağlı verdiyi
tapşırıq idi. O, dedi ki, yaxın günlərdə təhsil sahəsində
islahatlarla bağlı sərəncam imzalayacaqdır. Bu sərəncamı
həyata keçirərkən unutma ki, orada aşağıda
konseptual ideya və prinsipləri nəzərə almaq
lazımdır:
1. Təhsil
sistemində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül
yolu ilə həyata keçirilməlidir;
2. Biz
heç bir ölkənin təhsil sistemini olduğu kimi Azərbaycanda
qurmağa çalışmamalıyıq;
3.
Dünyanın inkişaf etmiş ölkələrinin təhsil
sistemləri ilə, hazırda həmin ölkələrdə
aparılmaqda olan islahatlarla yaxından tanış
olmalıyıq;
4.
Xalqımızın milli-mənəvi xüsusiyyətlərindən,
adət-ənənələrindən, milli mentalitetindən,
xüsusən təhsil sahəsində XX əsrdə Azərbaycanda
formalaşmış mütərəqqi ənənələrdən
səmərəli istifadə etməliyik;
5. Təhsil sistemimizin hazırkı vəziyyətini,
onun problemlərini dərindən öyrənməli, prioritet
sahələri müəyyən etməliyik;
6. Müstəqil Azərbaycanın təhsil
sistemi milli zəminə
söykənərək, ümumbəşəri dəyərlərdən
bəhrələnməlidir.
Hesab edirəm ki, bu tarixi kəlamlar, bu gün də
qüvvədədir və öz əhəmiyyətini itirməmişdir.
Nazir vəzifəsinə təyin edərkən o, mənə
bir çox tapşırıqlar vermişdi. Bunlar, əsasən, ali təhsil sistemindəki qeyri-qənaətbəxş
vəziyyətlə bağlı idi. Heydər Əliyev özəl
ali məktəblərə lisenziya verən
komissiyanı - Nazirlər Kabineti yanında Dövlət Ali
Ekspert Komissiyasını ləğv etdi. Tezliklə,
Azərbaycan Respublikasında Təhsil İslahatları üzrə
Komissiya yaradıldı və bu komissiyanın sədri təyin
olundum. Komissiya bir il ərzində Azərbaycanda
məktəbəqədər tərbiyədən ali təhsilə
qədər bütün istiqamətlər üzrə
islahatlar proqramı hazırladı. Heydər
Əliyev iki dəfə Prezident Administrasiyasında bu proqram
üzrə müzakirə keçirdi. Dünya
Bankını da prosesə cəlb etdi. Proqram 1999-cu il iyunun 15-də - Milli Qurtuluş Günü təsdiqləndi.
İndi fikirləşirəm ki, bu simvolik məqamın
özü də Heydər Əliyevin təhsilə
qayğısının təzahürü idi.
1993-cü ildən başlayaraq büdcədən təhsil
üçün nəzərdə tutulan vəsaitin həcmi
ildən-ilə artırılırdı. Məsələn,
əgər 1995-ci ildə təhsilin ehtiyaclarına ümumi
büdcənin 17 faizi ayrılmışdısa, 2001-ci ildə
bu rəqəm artıq 23 faiz idi. Ərazisinin
20 faizi işğal altında olan, 1 milyondan çox əhalisi
məcburi köçkün vəziyyətində yaşayan
ölkə üçün bu, çox yüksək göstərici
sayıla bilərdi. Heydər Əliyevin hakimiyyəti
dövründə dövlət ali məktəblərində
pulsuz təhsillə yanaşı, ödənişli təhsilin
də tətbiqi bu təhsil müəssisələrinin maddi
problemlərinin həllinə böyük kömək göstərdi.
Bu, dövlət ali məktəblərinin
qismən maliyyə müstəqilliyi qazanmasına, gəlir əldə
etməsinə və həmin gəlirlər hesabına pedaqoji
heyətin əmək haqlarının artırılmasına,
bir sıra maddi-texniki problemlərin həllinə böyük
kömək oldu.
1994-cü
ildən ali məktəblərə ödənişli
təhsildən vəsait daxil olmağa başladı. Yalnız bundan sonra müəllimlərin xaricə
axını dayandı, müəllimlərin əmək
haqlarına əlavələr edildi. Universitetlərin
maddi-texniki bazası tədricən möhkəmləndirildi.
Belə bir addım azad bazar iqtisadiyyatı
prinsiplərini aydın dərk edən, qabaqcıl ölkələrin
təhsil sistemindəki müasir inkişaf meyllərini
yüksək fəhmi ilə dərindən duya bilən Heydər
Əliyevin ölkənin təhsil həyatına
qazandırdığı nailiyyət idi. Tam
məsuliyyətimlə bildirirəm ki, əgər Ulu öndərin
bu qərarı olmasaydı, bir çox dövlət
universitetləri fəaliyyətlərini sadəcə
dayandırmaq məcburiyyətində qalacaqdı. Müstəqil Azərbaycan Respublikasının
1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasına on bir
illik icbari təhsil haqqında müddəa daxil edildi. Böyük rəhbərin müəllifliyi ilə
hazırlanmış Konstitusiya layihəsinə belə bir
müddəanın salınması Heydər Əliyevin həyata
keçirdiyi təhsil siyasətinin daha bir uğuru idi.
Ulu öndər Azərbaycan dili və tarixinin yüksək
səviyyədə tədrisinə hər zaman ciddi önəm
verirdi. Ana dilimizdə dərsliklərin yüksək səviyyədə
hazırlanması, bu işə aparıcı alimlərin,
peşəkar mütəxəssislərin cəlb olunması
onun ən sərt tələblərindən idi. Məlumdur ki, sovet dövründə ümumtəhsil
məktəblərinin dərslikləri Moskvada
hazırlanır və tərcümə olunaraq şagirdlərə
pulsuz paylanırdı. Müstəqillik əldə etdikdən
sonra təhsilin
bu mühüm sahəsində iki ciddi problem yarandı. Birincisi, indi dərslikləri öz mütəxəssislərimiz
hazırlamalı idi. Aydındır ki, bu,
o qədər də sadə məsələ deyildi.
İlk illərdə dərslikləri əsasən orta təhsillə
heç bir əlaqəsi və pedaqoji təcrübəsi olmayan nüfuzlu alimlər
hazırlayırdılar. Az sonra məlum
oldu ki, hazırlanmış dərsliklər elmi baxımdan
yüksək səviyyədə olsa da, pedaqoji-metodik
baxımdan qənaətbəxş deyil. Nəticədə
dərsliklərin hazırlanması təcrübəli müəllimlərə
və tanınmış metodistlərə
tapşırıldı. Bir neçə
ildən sonra bütün dərsliklər azərbaycanlı
müəllimlər və metodistlər tərəfindən
hazırlanır və tender yolu ilə çap olunurdu. İkinci problem ondan ibarət idi ki, müstəqilliyin
ilk illərində ölkədə iqtisadi vəziyyətin
çətinliyi ilə əlaqədar hökumətin dərslikləri
şagirdlərə pulsuz vermək imkanı yox idi, ölkədə
kitab çapı üçün kağız
çatışmırdı və valideynlər də dərslik
almaq iqtidarında deyildilər.
Yaxşı xatırlayıram, o zaman Ulu öndərin
tapşırığı və dəstəyi ilə
Türkiyəyə gedib dərsliklərin çapı
üçün xeyli miqdarda pulsuz kağız gətirə
bildik. 2001-ci
ildən etibarən orta məktəb dərsliklərinin
dövlət vəsaiti hesabına çap olunaraq şagirdlərə
pulsuz paylanmasına nail olduq. O da yaxşı yadımdadır
ki, vəziyyətin çətin olmasına baxmayaraq, həmin
dövrdə Heydər Əliyev dönə-dönə
tapşırırdı ki, Gürcüstanda və
Dağıstanda təlim Azərbaycan dilində olan məktəblərdə
şagirdləri dərsliklərlə pulsuz təmin etməyi
unutmayın.
Heydər
Əliyev hər il sentyabrın 1-də məktəblərə
baş çəkir, uşaqlara sevgi göstərir, onlarla
söhbət edir, şəkil çəkdirir, balacaları fərəhləndirirdi.
Elə bil ki, Siyasi Büroda SSRİ-nin taleyini həll edən
qərarlarla bağlı çıxış edən,
Qorbaçovla döş-döşə gəlib kəskin
mübarizə aparan, Azərbaycanı uçurumun kənarından
xilas edən, BMT Baş Məclisinin iclasında nitq söyləyən,
güclü qar yağmasına, çətin aşılan
dağ yollarının son dərəcə təhlükəli
olmasına baxmayaraq, Şuşada Vaqifin məqbərəsinin
açılış mərasimini keçirən, daha nələri, nələri edən
bu adam deyildi...
2002-ci ildə Heydər Əliyev məktəblərə,
təəssüf ki, sonuncu dəfə baş çəkirdi. Əgər belə
olduğunu bilsəydim, bəlkə də bu nəhəng,
qeyri-adi ali keyfiyyətlərə malik
olduğu qədər də sadə, səmimi insanla daha
çox bir yerdə olmağa çalışardım. Ancaq sonralar məni təəccübləndirən
başqa məsələ idi. Heç kəsə hiss
etdirmədən daxilindəki ağrılarla, xəstəliklərlə
mübarizə aparan bu insan ömrünün son aylarında ənənələri
pozmamaq üçün yenə də məktəblərə
gedir, bəlkə də son qüvvəsini uşaqlara,
xalqımızın gələcəyinə olan sevgisinə sərf
etmək istəyirdi.
Yeni dərs
ilinin ilk günündə o, Suraxanıdakı 275 nömrəli
məktəbə gəlmişdi. Biz birlikdə
məktəbin sinif otaqlarından birinə daxil olduq. Hər
detala diqqət yetirməyi bacaran Ulu öndər tarix dərsliyini
götürüb vərəqləməyə başladı. Bu, 2001-ci ilə qədərki dövrə aid tarixi
materialların əks olunduğu yeni dərslik idi. O,
2000-ci ildə keçirilmiş Sidney Yay Olimpiya Oyunlarından
şəkilləri dərslikdə görməsindən
çox məmnun oldu. Ulu öndər məktəbin
həyətində toplaşanlar qarşısında
maraqlı bir çıxış etdi.
Həmin tədbirdən evə gəldim. Evə təzə
çatmışdım ki, zəng edib, cənab Prezidentin
müşavirəyə çağırdığını
dedilər. Müşavirədə Prezident
məndən əvvəlcə Azərbaycandakı məktəblərin
sayını və onların neçəsinin pis vəziyyətdə
olduğunu soruşdu. Məndə olan təxmini
rəqəmləri söylədim. Onda Prezident dedi:
- Mən
o məktəbləri görmüşəm. Onların
vəziyyəti dəhşətlidir. İndiyədək
bizim bu problemlə məşğul olmağa imkanımız
çatmayıb. İndi isə Nazirlər
Kabinetinə tapşırıram ki, məktəblərin təmiri
ilə məşğul olsun.
Heydər Əliyev yeni məktəblərin tikintisi,
mövcud məktəblərin isə əsaslı təmiri və
müasir avadanlıqlarla təminatı proqramının
hazırlanaraq ona təqdim edilməsini tapşırdı. O günlərdə, demək
olar ki, gecələr də yatmırdıq. İlk
növbədə hansı məktəblərin təmirə
ehtiyacının olduğunu, harada yeni məktəblərin
inşasına, 2-3 növbədə dərs keçilən
hansı məktəblərdə yeni korpusların tikintisinə
ehtiyac olduğunu müəyyənləşdirirdik. Proqramı 2003-cü ilin əvvəlində təhvil
verdik və Prezident bu sənədi təsdiqlədi. O
vaxtdan məktəblərin yenidən qurulması və modernləşdirilməsi
istiqamətində böyük bir iş başlandı.
Bu xatirələr niyə yadıma düşdü,
açıqlamaq istəyirəm. Düşüncələrim məni
20 il bundan əvvələ aparır. 2003-cü il
aprelin 21-də keçmiş Respublika (indiki Heydər
Əliyev) sarayında Cəmşid Naxçıvanski adına
Hərbi Liseyin yaradılmasının 30 illiyi ilə
bağlı təntənəli mərasim keçirilirdi. Zalın əksəriyyəti həmin liseyin
kursantları və məzunları idi, təhsil naziri
olduğumdan mən də orada iştirak edirdim.
Yaxşı xatırlayıram ki, televiziya kanallarında
canlı transilyasiya edilən bu tədbirdə Ulu öndər
tribunada çıxış edərkən birdən ürəyini
tutaraq bir neçə kəlmə dedi və
yıxıldı. Onun yıxılması
bütün sarayı ayağa qaldırdı, salonda
hamının sanki xorla dediyi dərin bir "ah"
eşidildi. Hamı səhnəyə qaçıb nə
isə kömək etmək istəsə də, ancaq mühafizə xidmətinin
əməkdaşlarını ora buraxdılar. Həmin
dəqiqə televiziya verilişi dayandırıldı və
20 dəqiqəlik fasilə elan edildi. Gözlərimizin
qarşısında bu məğrur insanı qolundan tutub səhnənin
arxasına apardılar, sonradan bildik ki, xərək gətirib
rahat aparmaq istəsələr də, canından çox mənliyinin,
şəxsiyyətinin təəssübünü çəkən
Öndər razılaşmayıb, öz ayağı ilə
getmək istəyib. Arxada həkimlər
ilkin müayinədən sonra təcili uzanıqlı vəziyyətdə
xəstəxanaya aparılmalı olduğunu deyiblər,
razılaşmayıb. "Mənim sözüm
yarımçıq qaldı, belə şey heç vaxt
olmayıb, ola da bilməz!", - deyərək səhnəyə
qayıdacağını bildirib. Qalstukunu, pencəyini
səhmana salandan sonra tribunaya gedib. Həmin anlar
gözümün önündən getmir, bir də
gördük ki, Heydər Əliyev əzəmətlə
tribunaya doğru addımlayır, bayaqdan keçirdiyimiz stresdən,
həyəcandan idi, yoxsa başqa səbəbi də var idi, dəqiq
bilmirəm, ancaq elə bərk alqış sədaları
ucaldı ki, bəlkə də 30 illik tarixi ərzində o
sarayda belə gurultulu alqışlar olmamışdı.
Ancaq qısa çıxışdan sonra Ulu öndər
ikinci dəfə yıxıldı və bu dəfə daha pis
oldu - sonradan bildiyimiz kimi, bir neçə qabırğası
sınmışdı. Şahidlər danışırlar ki, həkimlər
onun qarşısında diz çöküb yalvarıblar:
"Cənab prezident, ayağa qalxmaq qəti olmaz, icazə
verin Sizi birbaşa xəstəxanaya aparaq". Yaxın
adamlara vəziyyətin kritik olduğunu izah edən həkimlər
onlardan da xahiş ediblər ki, onu hospitalizasiya olmağa
razı salsınlar. Ancaq deyilən bütün sözlər
onu fikrindən döndərə bilməyib: "Bəlkə
də başqa tərkibdə iştirakçılar
olsaydı, siz deyənə qulaq asardım. Ali Baş Komandan gənc
kursantların önündə yıxılıb səhnədən
çıxa bilməz! Səhnəyə
qayıdıram!"
Və
qayıtdı da, qabırğaları sınmış, dəhşətli
ağrının əzablarına dözə-dözə, bunu
heç kəsə hiss etdirmədən, bir qədər asta
addımlarla, ancaq yenə də şux yerişlə
qayıtdı... Qayıtdı ki, kursantlar onu ayaq üstdə,
ölümə də, ağrıya da, əzablara da qalib gəlməyi
bacaran Ali Baş Komandan kimi yadda saxlasınlar! Qayıtdı
ki, ləyaqətli bir ömrün son akkordları da ləyaqətlə
olsun! Qayıtdı ki, ömrünü həsr etdiyi
xalqına son dualarını desin: "...Qoy
çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin!
Qoy çırağımız sönməsin!.."
Dünyanın hər üzünü görmüş,
heç kəsin önündə əyilməmiş, şərəfli
bir ömür yaşamış cəsur və qəhrəman
insan başqa qərar qəbul edə bilməzdi - kimin
ömründə yalnız ləyaqət və dəyanət
qərar tutursa, onun qərarı belə də
olmalıydı. Əgər o, həkimlərin məsləhətinə
qulaq assaydı, xərəkdə uzanıb xəstəxanaya
getməyə razılıq versəydi, tribunaya
qayıtmasaydı, bəlkə də bir qədər artıq
yaşayardı, ancaq həmin Heydər Əliyev olmazdı.
Onu milyonlardan fərqləndirən əsas keyfiyyət də
bu idi - ölümün gözünün içinə dik
baxmaq, həyatdan da üstün olan dəyərləri
görmək və onları düzgün qiymətləndirmək!
O, dünyaya Heydər Əliyev kimi gəlmişdi, Heydər
Əliyev kimi də getməliydi.
Bu gün
xeyli zaman ötdükdən sonra həmin müdhiş
günü xatırlayaraq düşünürəm ki, əgər
Heydər Əliyev onda kursantların qarşısına
qayıtmasaydı, bəlkə də biz 44 günlük
müharibədə qalib gələ bilməzdik. Əgər həmin
jesti ilə gənclərə cəsarət, mərdlik, vətənpərvərlik,
ölümə də meydan oxumaq dərsi keçməsəydi,
onların sırasında Polad Həşimov kimi yüzlərlə
igid, vətən yolunda hər şeyə hazır qəhrəman
yetişməzdi, həmin yenilməzlik ruhu Azərbaycan
Ordusunun qanına, canına hopmazdı, biz o igidlərə
güvənib haqq savaşına qalxa bilməzdik və
möhtəşəm qələbəni qazanmazdıq!
"Hər zaman həyatını xalqına qurban verməyə
hazır olan" Heydər Əliyev "həyatından
artıq sevdiyi xalqına" ömrünü qurban verməyi
bacardığını əməli ilə sübut etdi.
...Həkimlərin
ciddi etirazına baxmayaraq, aprelin 21-də
yıxılmış, yeddi qabırğası
sınmış 80 yaşlı bu insan aprelin 24-də işə
çıxdı. Aprelin son günlərinin
birində prezident telefonu zəng çaldı. Həyəcanla götürdüm. O vaxtdan
danışmamışdıq:
- Misir
müəllim,vəziyyət necədir?
-
Çox sağ olun, cənab Prezident, -
dedim, - Siz necəsiniz? Bir az narahat olduq.
Sualıma
cavab vermədi:
-
Gürcüstana kitabları göndərə bildiniz? Dünya bankı ilə söhbətiniz nə yerdə
qaldı?
Məlumat verdim, ancaq yenə sözarası
xoşlamadığını bildiyim səhhəti haqqında
soruşdum, bunu mənəvi borc hesab etdiyim üçün tərəddüdlə
də olsa, deməli oldum.
- Hər şey yaxşıdır, - dedi.
Ancaq yenə də söhbəti onu daha çox düşündürən məsələlərin üstünə gətirdi:
- Yapon səfiri məktəb tikməyə söz vermişdi, o məsələ necə oldu?
Ətraflı cavab verdim, diqqətlə dinlədi, yenə rayonlardakı məktəb tikintisi ilə bağlı qayğı ilə soruşanda ürəklənib dedim:
- Cənab Prezident, bəlkə bir az istirahət edəydiniz?
Hiss etdim ki, məsləhətim xoşuna gəlmədi, ancaq cavabında bunu bildirmədi:
- Bilirsən, Misir müəllim, çətin olsa da, gərək yerimdə olam, eşitmişəm ki, həmin gün ermənilər toy-bayram edib, elə başqa erməni əqidəlilər də. Daxili və xarici sabitlik naminə mən vəzifə başında olmalıyam, bir az çətin olsa da, ağrılarım olsa da, işdə olmalıyam...
Doğrusu, məəttəl qaldım, bu qədər fədakarlıq olarmı? Həyatının belə böhranlı dəqiqələrində də ictimai borcu, milli mənafeləri, dövlət və xalq qarşısında məsuliyyəti unutmayasan, ölümün bir addımlığında olduğunu bilə-bilə Gürcüstana kitabların göndərilməsi, yaxud yapon səfirinin Bakıda tikdirəcəyi məktəb səni narahat etsin?! Bir azca dişi ağrıyan insanın dünya yadından çıxdığı halda, yeddi qabırğanın sınmasından yaranan dəhşətli ağrıları keçirən bu insanın yadına Dünya bankı düşüb? Görəsən, buna görə nə qədər vətənpərvər, nə qədər işinə ciddi münasibətdə, nə qədər xalqa, dövlətə bağlı olmaq lazımdır?
Tarix, əslində, Heydər Əliyevə bir dövlət adamı, böyük vətənpərvər və dahi azərbaycanlı kimi öz qiymətini verib. Bundan sonra da verəcək. Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin miqyasını, dəyər və əhəmiyyətini zaman ötdükcə daha aydın hiss edirik. Heydər Əliyevin dühası, onun siyasət məktəbi və dövlətçilik kursu tariximizin bundan sonrakı mərhələlərində özünü daim göstərəcək. Azərbaycan dövləti hələ uzun illər öz inkişafında o dühadan bəhrələnəcəkdir!
Bəzən məndən soruşurlar ki, Heydər Əliyevlə işləmək çətin idimi?
Bəli, Ulu öndər çox tələbkar, eyni zamanda, ədalətli, müdrik bir rəhbər idi. Doğrudur, verdiyi hər bir tapşırığın icrasında maksimum mükəmməllik tələb edirdi, xatirindən heç nə çıxmaz, ən xırda detal belə nəzərindən yayınmazdı. Bununla belə, heç kəsin haqqında kiminsə sözü ilə qərar qəbul etməzdi, heç vaxt şəxsi münasibətini milli maraqlardan yüksək tutmazdı, kiminsə şəxsi keyfiyyətləri xoşuna gəlməyə bilərdi, ancaq əgər həmin insan xalq üçün, ölkə üçün fədakarlıq edirdisə, işinə can yandırırdısa, Heydər Əliyev onun bütün günahlarını bağışlayardı. Əlbəttə, onun etimadına layiq olmaq, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, həm də böyük şərəf və məsuliyyət idi.
Çox xoşbəxt insanam ki, bu tarixi şəxsiyyətlə eyni dövrdə yaşamaq, hətta onunla ünsiyyətdə olmaq mənə nəsib olmuşdur.
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.- 2023.-12 may.- S.10-11