Heydər Əliyev: "Sizə müstəqillik uğrunda mübarizədə uğurlar arzulayıram"

 

Heydər Əliyevin Litva jurnalistlərinə müsahibələri

 

Dünyaca ünlü siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərərkən, üç dəfə Litva jurnalistlərini qəbul edib, onlara müsahibələr verib. Ritas Stasyalis, Rita Milyute və Riçardas Lapaytisin götürdüyü həmin müsahibələr o illərdə Litva qəzetlərində nəşr olunub.

Öncədən qeyd edək ki, 1990-1993-cü illərdə Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri olaraq müstəqil Azərbaycan Respublikasının bərpa edilməsi istiqamətində gördüyü mühüm işlər barədə bilgilərin hələ o zaman xarici mətbuatda əks etdirilməsi və Azərbaycan həqiqətlərinin Baltik ölkələrində yayımlanması baxımından bu müsahibələr ictimai-siyasi və retrospektiv kontekstdə mühüm əhəmiyyət daşıyır.

Müsahibələrdə H.Əliyevin 1990-cı ilin iyul ayında Moskvadan Azərbaycana qayıtmasının səbəbləri, 1990-cı il 20 Yanvar hadisələri, azadlıq yoluna qədəm qoymuş Azərbaycan xalqına qarşı rəsmi Kreml tərəfindən təşkil edilmiş bu təcavüzün konkret günahkarları və onların yerli cinayətkar əlaltıları barədə dəqiq məlumatlar yer alıb, Qarabağ münaqişəsi və azərbaycanlıların deportasiya edilməsi haqqında bəzi fikirlər bildirilib.

Bununla yanaşı, müsahibələrdə H.Əliyevin fəaliyyətində onun Litvanın yaxın tarixi ilə bağlılığı, Litvanın azadlıq və müstəqillik hərəkatına münasibəti, müstəqillik uğrunda çarpışan Litva xalqı haqqında baxışların dünya miqyasında formalaşmasında onun mühüm rolu barədə fikirlər də yer alıb.

H.Əliyev Litvanın müstəqilliyə qovuşmaq səylərini birmənalı olaraq dəstəkləyir, Litva dirçəlişinə, eləcə də Sayudis xalq hərəkatına rəğbət bəsləyir və Moskvada SSRİ Ali Sovetinin Litvadan olan deputatlarının fəaliyyətini maraqla müşahidə edirdi. O, Litva Kommunist Partiyasının 1-ci katibi Algirdas Brazauskasın Moskvada - SSRİ Ali Sovetində və Mixail Qorbaçovla görüşləri zamanı tutduğu əsaslı və sübut-dəlillərə söykənən mövqeyini, həmçinin, onun təmkinli davranışını təqdir edirdi. Eyni zamanda, H.Əliyev 1939-cu il Molotov-Ribbentrop paktını pisləyərək açıq şəkildə demişdi ki, bu pakt Stalinin imperiya şüuruna və ambisiyalarına əsaslanan və orada adı çəkilən xalqlar üçün faciəvi nəticələrə səbəb olan rəzil bir sənəddir.

11 mart 1990-cı ildə Litva öz Müstəqilliyinin bərpa olunması barədə Aktı bəyan edərkən, H. Əliyev bu addımı xalq üçün əhəmiyyətli və tarixi baxımdan məntiqli, düzgün qərar adlandırıb, həm də o vaxtkı Litva Respublikası Ali Sovetinin fəaliyyəti ilə bağlı bəzi fikirlərini bildirib.  O, sonralar SSRİ dövlətinin və şəxsən M. Qorbaçovun Litvaya qarşı irəli sürdüyü ultimatumları, suverenliyin möhkəmləndirilməsi yolunda qəsdən törədilən iqtisadi və siyasi maneələri də qəti şəkildə pisləyib.

H.Əliyev sözügedən müsahibələrində Azərbaycan SSR-nin SSRİ-dən çıxmasının labüdlüyünü də qeyd edib, Azərbaycanın yaxın gələcəkdə Litva kimi azadlıq yolunu seçməsinin əhəmiyyətini nəzərə çatdırıb. O, müstəqil Azərbaycan dövlətinin və demokratik dövlətçilik ənənələrinin bərpa edilməsini o zaman qarşıda duran ən vacib milli məqsəd kimi vurğulayıb. Müsahibələrdə Naxçıvan Muxtar Respublikasının adındakı "Sovet Sosialist" sözlərindən imtina olunub çıxarılması, muxtar qurumun qanunverici orqanı - Ali Sovetin adında dəyişiklik edilib Ali Məclis adlandırılması, 1918-1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı olaraq təsdiq olunması ilə bağlı H. Əliyevin 1990-cı ildə gördüyü işlər barədə mühüm tarixi bilgilər hələ o zaman Litva oxucularına təqdim edilib.

Bunlarla yanaşı, müsahibələrdə bir sıra digər əhəmiyyətli məsələlər və faktlar da ehtiva olunub.

Həmin müsahibələrdən birinin - Heydər Əliyevin Litva jurnalisti Ritas Stasyalisə 1990-cı il avqust ayında Naxçıvanda verdiyi müsahibənin tərcüməsini oxuculara təqdim edirəm.

 

Bu, Heydər Əliyevin o zaman Naxçıvanda xarici jurnalistlərə verdiyi ilk müsahibədir.

Zaqafqaziya respublikalarına səfərim zamanı bir günlüyə Naxçıvan MSSR-ə getməli oldum. Burada yerli tanış jurnalistdən ucundan-qulağından eşitdim ki, Sov.İKP MK Siyasi Bürosunun sabiq üzvü və Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyev Naxçıvana gəlib. Bir gün əvvəl onunla burada keçirilən izdihamlı seçki mitinqində on minlərlə adam iştirak etmişdi. Dərhal "telefon bağlantısı siyasətinə" əl atdıq və bu addım jurnalist uğuru ilə nəticələndi. Bir-iki saatdan sonra, artıq biz Heydər Əliyevlə onun mərhum bacısının evində oturub söhbət edirdik.

- Azərbaycan SSR-nin Xalq deputatı olmaq barədə qərara gəlməyiniz çoxları üçün gözlənilməz ola bilər. Həm də bəziləri deyəcək ki, məqsədiniz siyasi revanş almaqdır. Bəs Siz özünüz Sov.İKP MK Siyasi Bürosundan çıxandan sonra ötən o üç ili necə yaşadınız?

- Təxminən üç il əvvəl səhhətimlə bağlı olaraq Siyasi Bürodan çıxdım. Keçirdiyim infarktdan sonra həkimlər aktiv fəaliyyətimə son qoymağı məsləhət gördülər. 1989-cu ilin aprel ayına qədər Sov.İKP MK-nın üzvü, SSRİ və RSFSR Ali Sovetlərinin deputatı olmağıma baxmayaraq, bütün bu müddət ərzində siyasi fəaliyyətlə məşğul olmamağa çalışdım. Amma deməzdim ki, bu orqanlarda hər hansı bir aktiv işim vardı. Bu müddət ərzində özümə qarşı həm də qərəzli münasibət yaşamalı oldum. Kütləvi informasiya vasitələri həm Moskvada, həm də Azərbaycanda müxtəlif hakim dairələrin təhriki ilə mənə qarşı kampaniya təşkil etdilər.

Bakıdakı kampaniyaya bu yaxınlarda öz biabırçı fəaliyyətini başa vurmuş Azərbaycan KP MK-nın 1-ci katibi Vəzirov başçılıq edirdi. Onların təhqiredici iradlarının mənə bir insan kimi çox toxunmasına baxmayaraq dözməyə çalışdım. İndiyə qədər düşünmürəm ki, fəaliyyətim belə şər-böhtanlara layiqdir. Ona görə də 1989-cu ilin iyununda Moskvada görünməmiş bir möcüzə baş verəndə - Sov.İKP MK-nın 110 üzvü və namizədlər bir göz qırpımında komitələrdən "öz xoşu ilə" çıxanda (halbuki, həqiqətdə belə deyildi), mən plenumda çıxış etmək qərarına gəldim. Bunun mənim üçün son şans olduğunu anlayaraq, mənə qarşı təşkil edilmiş qarayaxma kampaniyası ilə bağlı açıqlamalar verdim.

 

 

Heydər Əliyev Litva jurnalisti Ritas Stasyalisə Naxçıvanda müsahibə verərkən. Avqust 1990-cı il.

 (Foto R. Stasyalisin  şəxsi arxivindən götürülüb).

 

Bundan sonra müxtəlif mətbu nəşrlərin müxbirləri mənə müsahibə üçün müraciətlər etdilər. Lakin mən həmişə özümü müsahibə verməkdən kənarda saxlamağa çalışırdım. Birinci müsahibəmi yalnız ötən ilin noyabrında "Teatralnaya jizn" jurnalına vermişəm. Bu il 19-20 yanvar günlərində isə Bakıya SSRİ Silahlı Qüvvələrinin böyük hərbi kontingenti yeridiləndə, konkret olaraq Azərbaycan xalqına və respublikaya qarşı qanunsuz aksiya həyata keçiriləndə, bu zaman böyük sayda günahsız insanlar qətlə yetiriləndə anladım ki, daha susmağa haqqım yoxdur. Onda Azərbaycan Respublikasının Moskvadakı Daimi nümayəndəliyinə gəldim və burada təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdım. Bu anti-humanist aksiyanı pislədim, onun təşkilatçılarını - Sovet İttifaqının siyasi rəhbərliyini və şəxsən Qorbaçovu təqsirləndirdim. Zənnimcə, ordunun müdaxiləsi olmadan da münaqişəni tənzimləmək mümkün idi.

Bu mətbuat konfransından sonra mərkəzi mətbuatda mənə qarşı hücumlar daha da artdı. Və mətbuata verdiyim bəyanatlara sanki cavab olaraq, on gündən sonra "Pravda" qəzetində mənim barəmdə mövcud olmayan şeylər - hər cür uydurma və böhtanla dolu bir publikasiya dərc olundu. O zaman başa düşdüm ki, mübarizəni mütləq davam etdirməliyəm. Odur ki, mənim indiki fəaliyyətim o vaxtdan başlayıb.

- Bəlkə nəyisə artıq yenidən dəyərləndirmisiniz və bu zaman öz səhvlərinizi də tapmısınız?

- Mən uzun illər Bakıda və Moskvada rəhbər vəzifələrdə çalışmışam. Demişəm və bu gün də deyə bilərəm ki, mən həmişə öz xalqıma və mənsub olduğum partiyaya vicdanla xidmət etmişəm. Siz yeni nöqteyi-nəzərimin nüansları barədə soruşdunuz. Düşünürəm ki, indi Sovet İttifaqının varlığı tamamilə yeni vəziyyəti haqlayıb. Bu gün hər bir xalq gələcək taleyini özü istədiyi kimi seçməli və arzu etdiyi istiqamətdə həll etməlidir.

İndi də bu gün nəyi pisləmək və həyatımın hansı illərindən ayrılıb uzaqlaşmaq barədə. Bu o qədər də vacib məsələ deyil. Keçmiş artıq tarixə çevrilib. Mən, ümumiyyətlə, ən vacib problemləri kənara qoyub keçmişin içində qurdalanmağı xoşlamıram. Altı ildir ki, keçmişimizi pisləyirik, ölkə isə bu zaman getdikcə daha çox dağılmaqda davam edir. Xalqı aldadırlar və vədlərlə yedizdirib deyirlər ki, bu, dönüş mərhələsidir, bu, yeni fazadır, bu, irəliyə tam bir sıçrayışdır və s. Axı, bu nə qədər davam edə bilər?!

- Siz Kommunist Partiyasına mənsub olduğunuzu vurğuladınız. Bəs partiyaya və onun fəaliyyətinə münasibətiniz necə, dəyişməz qalıbmı?

- Bu çətin suala dialektik cavab vermək lazımdır. Bir şey aydındır ki, partiyanın indiki siyasi liderlərinin hərəkətləri onu məhv edir. Bu, hər bir kommunisti düşündürməyə vadar edir. Mən də bu barədə düşünürəm.

Mən bu yerdə müsahibimə Litva Respublikasının keçmiş xarici işlər nazirinin xatirələrindən sitat gətirmək qərarına gəldim (jurnalist 1938-1940-cı illərdə Litvanın xarici işlər naziri olmuş Yuozas Urbşisin xatirələrini nəzərdə tutur. - M. H.). İ.Stalinin müvafiq fikrinə istinadən nazir Kommunist Partiyasının funksiyaları barədə etdiyi ümumiləşdirmədə göstərir ki, SSRİ-nin hər bir respublikasında ona görə Kommunist Partiyası var ki, bu respublikalar heç vaxt Sovet İttifaqından ayrılmaq barədə düşünməsinlər.

 

 

 

Litvalı jurnalist və redaktor Ritas Stasyalis.

- Necə düşünürsünüz, bu gün Kommunist partiyaları xalqların öz müqəddəratını azad təyin etməsinə mane ola bilərmi? Bəlkə, Stalin indiyə qədər haqlıdır?

- Stalin dövründə o cür Kommunist Partiyası vardı. Və bu partiya bütünlüklə təkcə Stalinə tabe idi. O dövrün reallığı belə idi. Bu gün isə bütün xalqların öz müqəddəratını təyin etmək zərurəti yaranıb.

- Çoxlarında H.Əliyevin soyadı "yenidənqurmanın əleyhdarı" kimi assosiasiya yarada bilər. Siz şəxsən özünüz son beş ildə Sovet İttifaqında aparılan yenidənqurma siyasətini necə dəyərləndirirsiniz?

- Birmənalı olaraq dəyərləndirmirəm. Hamı "yenidənqurma" anlamından boğaza yığılıb. Hər bir mühüm anlam öz nüfuzunu itirməməlidir. İşdir, əgər itirsə, insanlar da o anlama inanmamağa başlayır. Kommunist Partiyasının rəhbərliyi təsdiq edir ki, cəmiyyətdə baş verən bütün müsbət dəyişiklikləri partiya həyata keçirir. Digər tərəfdən isə etiraf edir ki, ölkə siyasi və iqtisadi böhran yaşayır, insanların həyat səviyyəsi fəlakətli şəkildə aşağı düşür, defisit getdikcə artır. Hələlik heç kim dəqiq cavab verə bilmir ki, bütün bu idarəetmə aparatı nə üçün mövcuddur.

Heydər Əliyevə həsr olunmuş ekslibris (ilk dəfə dərc olunur). Müəllif – litvalı rəssam və jurnalist Alfonsas Çepauskas. Vilnüs, 2003-cü il.

- Bu gün siz doğma Azərbaycana qayıtmısınız. Respublikanın xalq deputatlığına namizəd olaraq seçkilərdə iştirak edirsiniz. Sizcə, Azərbaycan xalqı gələcəkdə hansı yolu seçməlidir?

- Eynilə Litvanın bu gün getdiyi yolu. Həm də tamamilə o fakta əhəmiyyət vermədən ki, bu gün sizin respublika üçün Moskva tərəfindən ən müxtəlif maneələr yaradılıb. Qəribədir ki, SSRİ rəhbərliyi xalqların öz müqəddəratını təyin etmək hüququnu bəyan edir, amma Litva belə ağır sınaqlara, müxtəlif sanksiyalara dözməli olur. SSRİ Xalq Deputatları Qurultayı qanunsuz Molotov-Ribbentrop paktını müzakirə etdi. O zaman deputat komissiyasının sədri Aleksandr Yakovlev dəfələrlə vurğuladı ki, bu sənədi imzalayarkən Stalinin şüurunu imperiya ambisiyaları idarə edirdi. Belə çıxır ki, biz 1939-1940-cı illərin ambisiyalarını pislədik. Lakin indi onları qanuni addımlar adlandırırıq. Axı, bunlar tamamilə eyni məsələlərdir. 19-20 Yanvarda Bakıda baş verən hadisələr də imperiya ambisiyalarının nəticəsidir.

Respublikamızın gələcək taleyinə gəlincə, deməliyəm ki, biz hələ 1990-cı il sentyabr seçkilərinin nəticələrini gözləməliyik. Seçkilərin həqiqətən demokratik keçəcəyini proqnozlaşdırmağa risk etməzdim. Əgər seçicilər öz maraqlarını parlamentdə təmsil etməyi mənə etibar etsələr, çalışaram ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən tam müstəqil olsun. Bu seçki proqramını bütünlüklə mənim həyatım yazıb.

- Müsahibə üçün təşəkkür edirəm.

 

Ritas STASYALİS

Klaypeda, "Mazoji Lietuva" həftəliyi, 15 avqust 1990-cı il, ¹ 32 (71).

Litva dilindən Mahir HƏMZƏYEV tərcümə edib.

525-ci qəzet.- 2023.-12 may.- S.6;7.