"Planetin ağciyərləri"nə
qayğı: yaşıllıqların qorunması naminə tədbirlər
sərtləşdirilir
Ölkədə yaşıllıqların mühafizəsi
ilə bağlı qanunlar kifayət qədər sərtdir. Paytaxtda diametri
20 santimetr olan ortaölçülü ağacın
kəsilməsi artıq
cinayət tərkibi təşkil edir. Ağac kəsilməsi faktı ilə əlaqədar toplanmış materiallar hüquq-mühafizə orqanlarına
göndərilir. Əgər bununla
əlaqədar cinayət
işi qaldırılarsa,
həmin şəxs azadlıqdan məhrum edilə bilər. Buna baxmayaraq, yaşıllıqların
mühafizəsi ilə
bağlı müvafiq
qanunvericilik aktlarının
dəyişdirilməsi üzərində
layihə işlənib
və bütün aidiyyəti qurumların rəyi alınıb.
Bir neçə detalın dəqiqləşdirilmısi işi
gedir. Yaxın aylarda həmin
qanunun təsdiq ediləcəyi gözlənilir.
Dövlət Ekoloji Təhlükəsizlik
Xidmətinin rəisi Hikmət Əlizadə deyir ki, qanunvericiliyə
dəyişikliyə əsasən,
qanunsuz ağac kəsintisi faktları ilə əlaqədar dəymiş ziyanın həcmi bir neçə dəfə artırılacaq: "Məlum
olduğu kimi qanunsuz ağac kəsintisi faktları zamanı dəymiş ziyanın məbləği
rayonlarla Bakı və Sumqayıt şəhərlərində fərqlənir.
Belə ki, əvvəllər Bakıda və Sumqayıtda eyni ağacın kəsilməsi
faktı zamanı dəymiş ziyanın məbləği regionlara
nisbətən üç
dəfə çox idi. Yeni dəyişikliyə əsasən, həmin məbləğ Bakı və Sumqayıtda beş-altı dəfə
yuxarı olacaq. Məsələn, rayonda bir ağacın kəsilməsinə
görə dəymiş
ziyanın məbləği
yüz manatdırsa, paytaxtda 600 manat olacaq. O cümlədən,
hüquqi şəxslərin
cərimə olunması
ilə bağlı təkliflərdə cərimə
məbləğinin 35 min manatdan
50 min manata qaldırılması
nəzərdə tutulub.
Bu cür dəyişikliklər
vətəndaşların, şirkətlərin məsələyə
daha məsuliyyətlə
yanaşmasına xidmət
edəcək".
Hikmət Əlizadənin dediyinə
görə, bir yandan ölkə ərazisində yaşıllıqların
artırılması ilə
bağlı çox ciddi tədbirlər həyata keçirilir, ilbəil əkilən ağacların sayı artırılır. Təkcə bu il Ümummilli liderin 100 illiyi ilə bağlı 3 milyon ağacın əkilməsi
hədəf götürülüb.
Respublika
ərazisində bütün
aktiv ictimaiyyət bu işlə məşğuldur. Lakin digər
tərəfdən təəssüf
ki, istər meşə, istərsə
də şəhər
ərazilərində ağacların
qanunsuz kəsilməsi
faktlarına rast gəlinir. Buna baxmayaraq,
son beş ilin statistikasına əsasən, qanunsuz ağac kəsilməsi faktlarında azalma tendensiyası müşahidə
edilir. Əgər beş il
əvvəl il ərzində 55-58 min kubmetr
həddində qanunsuz
qırıntı müəyyən
edilirdisə, son ilin göstəricisi 10 min kubmetrə
yaxındır. Bu, o deməkdir
ki, ən azı beş
dəfə azalma var. Lakin istər-istəməz
yenə də belə halların olması təşviş
və narahatlıq doğurur. Bu cür
qanunsuzluqlarla cəmiyyətin
hər bir üzvü mübarizə
aparmalıdır.
Xidmət
rəisinin sözlərinə
görə, vətəndaşlar
və ya şirkətlər tərəfindən
ağacların kəsilməsi
faktları iki halda baş verir: "Birincisi onların qanunvericiliyi bilməməkləri, yəni
ağacın qanunsuz kəsilməsinin hansı
hüquqi məsuliyyətə
səbəb ola
biləcəyindən xəbərsiz
olmalarıdır. Onlar bilmirlər
ki, bir ağacın
qanunsuz kəsilməsi
hətta insanın azadlıqdan məhrum edilməsi ilə də nəticələnə
bilər. Digər halda
böyük şirkətlərin
cəzasızlığa ümid
etmələridir. Həmin tikinti
şirkətlərinin məsul
şəxsləri elədikləri
qanunsuzluqların üzə
çıxmayacağını düşünsələr də,
mövcud üsullarla onların qanunazidd əməllərini üzə
çıxarırıq. Təkcə ötən il ölkə
üzrə 1963 belə
fakt müəyyən
edilib. Həmin faktlardan 223-ü hüquq-mühafizə orqanlarına
və əksər hallarda Baş Prokurorluğa göndərilib.
Cinayət tərkibli işlər
üzrə ziyanın
məbləği 2 milyon
550 min manat müəyyən
edilib. Bu ilin üç ayı ərzində 67 cinayət
tərkibli iş müəyyən edilərək
hüquq-mühafizə orqanlarına
təqdim edilib. Dəymiş
ziyanın məbləği
850 min manat həddində
hesablanıb. Sadalanan faktlar
üzrə işlər
təkcə ziyanın
ödənilməsi ilə
yekunlaşmır, eyni
zamanda, qanunsuz ağac kəsən şəxsə və ya tikinti şirkətinin
məsul şəxsinə
qarşı cinayət
işi qaldırıldığı
təqdirdə onların
azadlıqdan məhrum
edilməsi halları da var".
Əsasən də ağaclara zərər vurulması, yaşıllıqların məhv
edilməsi insan sağlamlığı üçün
birbaşa təhlükədir.
"Təbiətin ağciyərləri" adlandırılan
ağaclar təbiətdə
oksigen balansının
təmin olunmasında
əsas rol oynayır.
Meşə sahələrində və meşə fonduna daxil olmayan
sahələrdə ağacların,
kolların və digər yaşıllıqların
qanunsuz kəsilməsi
zədələnməsi və
ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin
253-cü maddəsinə əsasən
inzibati məsuliyyət
yaratmaqla 45 min manatadək
cərimə ilə nəticələnə bilər.
Qanunsuz ağac kəsənləri
Cinayət Məcəlləsinin
259-cu maddəsinə əsasən,
cinayət məsuliyyəti
yaratmaqla 6 ilədək
müddətə azadlıqdan
məhrum etmə cəzası gözləyir.
Dövlətin ətraf mühitin
mühafizəsi və
ekoloji tarazlığın
bərpa edilməsi istiqamətində həyata
keçirdiyi siyasətə
kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə
tədbirləri davam etdirilir.
Hikmət Əlizadə qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrin qırılması, ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün sərt tədbirlər görülür: "Meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması üçün daim müvafiq tədbirlər həyata keçirilir. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı nazirlik tərəfindən qəti tədbirlər görülür. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilir. Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün ictimai nəzarət və ictimai mühafizə təşkil olunur. Hazırda qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək".
Azərbaycanda meşələrin ümumi sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir. Ölkənin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentdən bildirilib ki, ərazilərin dəyişkən və mürəkkəb relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər çatması ilə yanaşı, həm də zəngin və rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə səbəb olub. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanıb. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılıb. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkənin meşələrində bitir. Bu isə ölkə florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16 faizi deməkdir. Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələ gətirən növlər azdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, Azərbaycanda meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramı hazırlanıb: "Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Bu baxımdan ölkəmizdə meşələrin bərpasına, yeni meşə zolaqlarının salınmasına çox böyük önəm verilir. Meşə fondunun əkinəyararlı açıq sahələrində aqrobağlar salınır. Həmçinin, tezböyüyən ağac cinslərindən ibarət plantasiyalar yaradılır. Belə meşə zolaqlarının salınması qida və ağac emalı sənayesinin inkişafı üçün də əhəmiyyətlidir. Milli Meşə Proqramının hazırlanmasının məqsədi ölkədə meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi, institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasıdır. Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün işlənib hazırlanıb. Bu proqram ölkədə meşəçiliyin inkişaf strategiyasını əks etdirən əsas sənəddir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 13 may.- S.23.