"Səs"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla rəssam Aydın Əsgərovun "Səs" əsərindən danışmışıq.

Xaçmaz şəhərində anadan olan rəssam Aydın Əsgərov 1999-2003-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində bakalavr, 2003- 2005-ci illərdə isə həmin Akademiyada magistr təhsili alıb. O, 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İstedadlı rəssam rəngkarlıq ilə yanaşı, quruluşçu rəssam kimi fəaliyyət göstərməkdədir.

- Nigar xanım, əsərin detallı təhlilinə keçmədən öncə ümumi mənzərə haqqında fikirlərinizi bilmək istərdik.

- Musiqi bütünlüklə mədəniyyəti təmsil edir. Konfutsi deyir ki, hər hansısa bir yeri tanımaq istəyirsinizsə, əvvəlcə onun musiqisinə qulaq asın. Rəssamlar, yaradıcı insanlar üçünmusiqi çox önəmlidir. Rəsm əsəri insan qavrayışına təsir edən müxtəlif normalar nəticəsində ortaya çıxır. Fırçadan süzülən boya necə ki, kətanın üzərində bir obraza, bir səhnəyə çevrilə bilirsə, musiqi də həmin boyalara hoparaq kətanın bir parçasına çevrilə bilir. Eynilə, Aydın Əsgərovun "Səs" isimli əsərində olduği kimi...

Burada ən maraqlı nüans Aydın Əsgərovun təsvir etdiyi qadın fiqurudur. Rəssamın bir çox əsərlərində yer alan qadın obrazları məhz bu saç düzümü ilə qarşımıza çıxır. Bu, müasir rəssamın modern və ələlxüsus da orijinal üslubunu özündə təcəssüm etdirən əsas xüsusiyyətdir. Rəssamı fərqli edən ümdə meyardır.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Ritmik fırça vuruşları ilə rənglərin intensivliyini vurğulayan sənətkarın rəng seçimi mistik ab-havaya sahibdir. O, rənglərə dərindən bələddir. Qəhvəyi, oxra rənglərinin müxtəlif çalarları, zərif rəng keçidləri, harmoniya rəssamın məharətindən xəbər verir. Sadə kompozisiya quruluşuna malik, amma bir o qədər də dərin məna ilə həll olunan tablonun hər bir çaları nikbin ovqata malikdir. Diqqətlə nəzər yetirdiyimizdə, bu kompozisiyada saf rəngin sıx konsentrasiyasının təcəssümünü görə bilərik. "Səs" adlanan bu kompozisiyada da rəssamın daxili hiss və ideyalarını vurğulayan ekspressiv emosionallığı duymaq mümkündür.

- Əsərin kompozisiyası necədir?

- Bu həlim, zərif kompozisiyada fleytada ifa edən qadın obrazına yer verilib. Zərif bir şəkildə, nəfis plastika ilə təsvir olunan qadın musiqinin sehrinə qapılmış, gözlərini qapadaraq tamamilə ruh aləminə keçid edib. Diqqətçəkən detal arxa fonda göstərilən açıq qəfəs və fleytanın kənarına qonan kiçik quşcuğaz fiqurudur. Bu quş həmin musiqiçi qadının azad ruhunu simvolizə etməkdədir.  Estetik ünsürlərin ön planda vurğulandığı bu əsərdə rəssamın həfif alleqorik "oyunu" ona zəngin, bədii güc aşılayır.  Ənənəvi baxış bucağından tamamilə fərqlənən bu kompozisiyalar daxili əhval-ruhiyyəni ustalıqla təmsil edir. Sənətkarın kompozisiyalarının ən əsas xüsusiyyətlərindən biri də əsərdə ümumi tarazlıqdır. Rəssam sadələşdirdiyi formalar ilə doymuş rəngləri ümumi tarazlıq ilə birgə kombinasiya edir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Musiqinin insan həyatındakı yerini və əhəmiyyətini ən parlaq şəkildə ifadə edən rəssam,  bu əsəri vasitəsilə tamaşaçılara qadın və musiqinin bəşəriyyət üzərində valehedici gücə  malik olduğunu nümayiş etdirir. Hər zaman duyduğumuz "Musiqi ruhun qidasıdır" ifadəsini kətan üzərində əyaniləşdirən Aydın Əsgərov bədii-fəlsəfi baxış bucağını istedadının imkanları ilə birləşdirərək, sənət tərzinin orijinallığını sübut edir.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 13 may.- S.21.