Bir yas mərasiminin
7-ci günü
Hekayə
Mərhumun 7-si idi. Yas yerinə az adam yığışmamışdı. Çadırdakı söhbət ümumi
deyildi. Adamlar dörd-dörd, beş-beş
oturmuşdular və çaydan içib halvadan yeyə-yeyə, aralarındakı mövzunu
didişdirə-didişdirə uzun bir söhbətin
səyahətinə çıxırdılar.
Bu səyahət onları okean dalğalarının ağuşundaymış
kimi yavaş-yavaş dərin suların ortasına aparırdı.
Ayrı-ayrı stollardakı söhbətin
elə bir məqamı idi ki, hər bir
şəxs lüt-üryan
olub mərhum barədə qəlbinin dərinliklərindəkini deməyə
başlamışdı. Stolların birində mərhumun köhnə iş yoldaşları oturmuşdu. "Sərpayılığı"
Əkrəm edirdi.
O dedi:
- Ay sizin Allahınıza qurban olum. Düz deyirdi
Zakir. Rəhmətliyin verən əli
vardı. Yaxşılığı eləməyi bacarırdı.
Özü də bunu üzə vurmazdı.
Bu adamda sağ əlin verdiyini sol əl bilməzdi... Allah rəhmət eləsin. Belə deyil?!
- Rəhmətlik ürəyiyumşaq
idi. Ağzını açmaq istəyirdin
ki, nəsə istəyəsən, o dəqiqə
sözünü kəsirdi.
"Nə qədər
lazımdı?" deməyilə
əlinin cibinə getməyi bir olurdu. - Zakir Əkrəmin dediyi "belə deyil?" sualını özünə
götürüb sözünə
davam etdi.
- Düz dedin,
ay Əkrəm, yaxşılığı
eləməyi də bacarmaq lazımdır. Bu bacarırdı. - Bu sözləri də Ədhəm ah çəkərək
ortaya atdı...
Qonşu stolda mərhumun dostları oturmuşdu və onlar dünənki
nərd oyununu müzakirə edirdilər. Birdən İsaxan
nə isə yadına salıb qəfildən söhbəti
dəyişdi.
- Qurtarın bu nərd söhbətini. -
O, dünən o ki var uduzmuşdu. - Nəhayət ki, bu yazıq canını
qurtardı. O biri dünyaya köçdü.
Nə əziyyət çəkdi, deməklə
qurtarmaz...
Bu sözlər lazım olmayan yerdə şaqqıltıyla nərd
taxtasına düşüb
onu görənləri
mat qoyan "şeş
qoşa" kimi səsləndi. Söhbətin məcrası dəyişdi.
"Şeş qoşa"nın küləyi
başqa yerdən gəlmişdi deyin, elə bil, okeanın
ortasına yol alan yelkənli gəminin dor ağacı əyildi, yelkənlər yeni küləklə doldu və gəmi bu dəfə başqa istiqamətlə,
amma yenə haman ortalığa doğru üzməyə başladı.
- Hə, elədi. - Zabil səsini qısdı - Vallah, canını götürüb
aradan çıxdı.
Buna nə zülümlər
edirdilər öz evində öz doğmaca övladları.
Yaxında aparıb qocalar evinə qoyacaqdılar yazığı...
- Sən Allah düz
deyirsən? - Mərhumun yaxın dostlarından biri olan Səbzəli
təəccüb etdi.
- İşə bax...
Mən bunu bilmirdim.
- Bilmirdin? - Öz növbəsində Zabil də təəccübləndi.
Bunu bütün yaxınları bilirdi ki... Oğlundan nə zülmlər
çəkmirdi bu?!
Necə olub sən bilməmisən?!
- Mən Yasamalda yaşayıram axı...
- Həəə... Ola bilər. Dünyasını dəyişdi, canını
qurtardı.
- Elə bu cür
sakit bir halda keçinməyi yaxşı oldu. Əzab-əziyyətsiz...
Qonşuların stolunda mərtəbə qonşusu Qulam müəllim yenə də deyinirdi.
- Ətiacı adam
idi. Üz-gözündən zəhrimar tökülürdü.
Bir dəfə...
Onun sözünü
üzbəüz binada
yaşayan Həmid kəsdi.
- Yaxşı yadıma saldın, bir dəfə həyətdən
keçib gedən yerdə külək əsirdi, bunun başından şlyapasını
götürüb apardı.
Qaçıb şlyapanı yerdən
götürüb gətirib
buna verirəm. Bu mənə nə
desə yaxşıdı?
- Yaxşı bir şey deməz...
- Nə dedi?
- Dedi ki, yerə
dəyməmiş bunu
tuta bilməzdin? Bilə-bilə yerə sürtüb
gətirdin?! Mat qaldım.
- Ay səni...
- Hə, ətiacı idi. Yaxşı söz ağzından
çıxmazdı. Nəhayət ki... getdi.
- Övladları...
Bu biri stolda isə danışanların
səsini özlərindən
başqa kimsə eşitmirdi.
- Allah böyükdür. O, hər
şeyi görür və bilir. Bax, necə aldı bunun canını?! Cəhənnəmə vasil oldu.
Başqa
yerə yox. Birbaşa cəhənnəmə.
- Cəhənnəmə dedin
qoydun?! Birbaşa gorbagor oldu.
Bir dəfə buna deyirəm. Noolar, gəlmə bu
məhkəməyə. Sən gəlib yalandan nə isə deyəcəksən, aləm
yenə qarışacaq
bir-birinə. Mənə deyir
ki, yox, olmaz. Bu adam
deyir, sən bir sözə bax, bu adam,
deyir, iyirmi il əvvəl mənə bir dəfə sən mənim işlərimə
qarışma dedi. Mən indi onun işlərinə
qarışım, o da
görsün. Zülmkar idi.
Murdar oldu
- Elədi. Oldu.
- Gorbagor...
Mollanın naqafil səsi ucaldı.
- Fatihə...
Sükut çökdü. Hamı ovcunu açıb
yan-yana tutaraq üzünə yaxınlaşdırdı
və guya namaz surəsini deyərək, amma ürəyində ağlına
gələn arzu-diləyini
Allahdan istəməyə
başladı. Kimi yeni
maşın almaq istədi, kimi nəvəsinin universitetə
daxil olmasını arzuladı, kimi ölən mərhuma
"dərin gedəsən"
deyə arzusunu dodaqaltı pıçıldadı.
Axırda hamı bir ağızdan "fatihə"
deyib əllərini üzünə çəkdi.
"Allah rəhmət eləsin" səsləri
yer-yer çadırı
bürüdü.
Yas dağıldı. Amma yox, çadırın bir
küncündə on-on bir
yaşlı bir oğlan
uşağı təkcənə bir halda oturub göz
yaşını saxlamadan çay
içə-içə halva yeməkdə
idi. İki gözünün ikisindən də yaş axıb-axıb tükənmək bilmirdi. O, hərdən başını
qaldırıb mərhumun divardan asılan
şəklinə baxır, bu zaman ah çəkir və
yenidən halvadan bir
qaşıq götürüb
ağzına aparırdı.
Kamal
ABDULLA
ADU-nun
rektoru, Xalq yazıçısı
525-ci qəzet.- 2023.- 13 may.- S.21.