Bir insana
kömək etmək...
Elçinin düşüncəsində ədəbiyyatın
tam mənada görə biləcəyi iş budur
Keçmiş Sovet məkanında
xüsusi nüfuza malik ədəbi mətbuat nümunəsi olan "Literaturnaya qazeta"nın 10 may
2023-cü il tarixli
18-ci (6883) sayında Azərbaycanın
Xalq yazıçısı
Elçin haqqında geniş məqalə dərc edilib. Tanınmış ədəbiyyatşünas Lüdmila Lavrovanın məqaləsi yazıçı
Elçinin müasir ədəbiyyatdakı rolu
və mövqeyi, ədəbi portreti, yaradıcılıq kredosu
haqqında maraqlı və önəmli yazı kimi diqqət çəkir.
Məqalənin dilimizə tərcüməsini
oxuculara təqdim edirik.
Bu gün biz Elçin haqqında - azad ruhlu insan, yazıçı
məsləkinə həmişə
sadiq Kitab Adamı barədə söz açırıq...
İllər isə sənətkarlığa
hökm edə bilməz.
"Elçin möcüzələri
sevir, - olduqca müdrik və uzaqgörən tənqidçi
Lev Anninski məqalələrinin
birində yazırdı,
- o, həlim və xeyirxah hekayəçidir,
kədərli sehrbazdır,
qızılı, gümüşü
çalarların sayrışmasına
üstünlük verən
impressionistdir. ...Onun məxsusi cazibəsi, ovsunlayıcı gücü
olan nəsrində daxili yüksəliş, hərarət, gündəlik
qayğılardan arınma
var. Həm də müharibədən sonrakı
illəri ac-yalavac keçirmiş, güclə
sağ qalmış yetim Bakı uşaqlarının - indi
artıq böyüyüb-yetkinləşmiş
insanların sıx yaşadıqları məhəllələrin
poeziyası..."
Amma təkcə
Elçin nəsrinin qəhrəmanları böyüyüb
yetkinləşmədilər, hələ də onun sözlərinin sehrinə düşən,
yazıçının çox
sadə, lakin dərin məzmunlu həyat hadisələri və problemlər haqqında düşünməyə
sövq etdiyi yeni oxucular da
yetişdilər. Elçin yaratdığı obrazların hər bir davranışında, onun dəqiq yazıçı nəzərləri
ilə canlandırılan
mənzərələrdə - insan ruhunda, daşlarda, ağaclarda, buludların hərəkətində
bu mənanı açıb əks etdirir.
Onilliklər boyu "Litqazeta"nın sevimli müəlliflərindən biri
olan Elçinin 1959-cu
ildə Bakıda ilk hekayəsi çap edildiyi andan "ulduzu" ədəbiyyat kəhkəşanında parladı.
Onda müəllifin cəmi on altı yaşı var idi! 1965-ci ildə onun "Min gecədən biri" adlı ilk kitabı işıq üzü gördü... Rus dilinə tərcümədə
Azərbaycan yazıçısının
bu orijinal nəsri nəinki Sovet İttifaqında, hətta onun hüdudlarından kənarda
da geniş oxucu kütləsinin diqqətini çəkdi.
Sovet dövrünün sonlarının
sərt tənqidçilərindən
sayılan Vasili Aksyonovun altmışıncı
illərin kumirlərinə
- Robert Rojdestvenskiyə, Andrey
Voznesenskiyə, Vladimir Vısotskiyə,
onların ideallarına
inanan, yaxud yenilərini tapmaq üçün əvvəlkilərdən
geri çəkilən,
sevən, səhvlər
edən... amma hər şeyə rəğmən, yaradıcılıqdan
qalmayanların - axı
yaradıcılıq təşnəsini
güc strukturları səngidə bilməz - hamısına həsr olunmuş "Sirli ehtiras" adlı romanı var. Məhz bu cür
güclü yaradıcılıq
təşnəsini Aksyonov
sirli ehtiras adlandırır.
Elçin bu sadaladıqlarımdan yaşca kiçik olsa da, Azərbaycanda
"altmışıncılar"ın təmsilçisi, yaradıcılığının
mahiyyəti etibarilə
unikal, üsyankar bir fenomendir.
Heç bir rejim, heç
bir sərt sosial reallıq, heç bir "yönəldici təlimat"
Elçini estetik prinsiplərini dəyişməyə
məcbur edə, boyun əydirə bilmədi. İstedad alovunu bəsləyən
bu "sirli ehtiras" bütün ömür yolu boyu Elçini müşayiət edib.
Onun nəsri - XX əsrin ilk gənclik hekayələrindən
tutmuş, yeni minillikdə Azərbaycanın
müstəqillik dövründəki
yetkin dərin əsərlərinə qədər
-heç bir siyasi konyuktura tabe olmayan, bütöv
bir bədii kainatdır.
1980-ci illərin sonu - 90-cı illərin əvvəlləri
Elçinin yaradıcılıq
bioqrafiyasında çətin
dövr oldu: Qarabağ münaqişəsinin
başlanması, Ermənistandan
qaçqın axını,
"Qara Yanvar" faciəsi, böyük bir dövlətin dağılması, ictimai-siyasi
formasiyanın dəyişməsi
və postsovet məkanında baş verən təlatümlər...
1994-cü
il sentyabrın
14-də Elçin xüsusi
olaraq "Litqazeta"ya
verdiyi müsahibədə
90-cı illərin əvvəllərinin
ən çətin vaxtında onu hansı mənəvi amalların dik tutduğu barədə danışıb: "Bəzən
baş verənləri
düşünüb pessimizmə,
hətta təşvişə
düşürəm. Ən qədim
zamanlardan bəri ədəbiyyat həmişə
"ağıl, xeyirxahlıq,
əbədiyyət" toxumları
səpib. Xeyirlə şərin
daimi mübarizəsində
yazıçı, təbii
ki, xeyirin tərəfindədir. Dünya ədəbiyyatı
Homer, Şekspir, Füzuli,
Höte, Tolstoy kimi nəhənglər yetişdirib.
Soruşursunuz, niyə təşvişə
düşürəm? Axı Günəşin altında,
bu dünyada heç nə dəyişməyib. Xeyirlə şərin
mübarizəsinin sonu
görünmür. Ədəbiyyat təkbaşına dünyada
və insan təbiətində heç
nəyi dəyişə
bilməz. Bu, məni bədbinliyə salır. Digər tərəfdən, bir anlığa təsəvvür edin ki, Homer, Nizami, Şekspir yoxdur. Bəs sonra? Qaranlıq, boşluq, uçurum! Bilirsiniz, həyatımın ən çətin anlarında nədənsə Don Kixotu
xatırlayıram. Onda
özümü daha yaxşı hiss edirəm.
Bəli,
ədəbiyyat bütün
bəşəriyyəti xilas
edə bilməz, amma bir insana
kömək edə bilər. Və bu da, razılaşın
ki, çox şeydir..."
Zahirən yazıçının həyatında
hər şey tam qaydasında görünürdü. Gənc
alim-filoloq, populyar yazıçı, Azərbaycan
Yazıçılar Birliyinin
katibi, Xaricdə Yaşayan Həmvətənlərlə
Mədəni Əlaqələr
Cəmiyyətinin sədri,
Azərbaycan Ali Sovetinin
deputatı və nəhayət, ölkə
hökumətində bütün
humanitar sahəyə cavabdeh olan baş
nazir müavini...
Lakin ictimai arenada yüksəlişlə paralel
olaraq onun ruhunda və zehnində gərgin daxili iş dayanmadan gedir, onu təkmilləşdirməyə,
sözünü bilməyə
sövq edirdi, xoşbəxtlikdən həmin
o "sirli ehtiras"
Elçindən heç
vaxt ayrılmadı. İstedadlı nasir və dramaturqun qələmindən
çıxan hər şey "zaman və məkan" çərçivəsini sındıraraq
günün mövzusuna,
hətta ən aktual mövzularına həsr olunmayıb, belə desək, o, oxucunu Şekspir miqyasında əbədi, ölməz mövzulara meylləndirib. Elçinin
ən məşhur əsərləri, xüsusən
"Mahmud və Məryəm",
"Ağ dəvə",
"Ölüm hökmü",
"Mən hələ
qayıdacağam", "Baş" romanları, ən yaxşı hekayə və povestləri - "Qarda",
"Tülkünün məyusluğu",
"Şuşa dağlarını
duman bürüdü",
"Bir görüşün
tarixçəsi", "Əncir ağacı",
"Dolça" (rusca
nəşrlərində bəzi
əsərlərin adları
fərqlidir - red.), eləcə
də dramaturgiyası
istər sovet dövründə, istərsə
də çox sonralar heç vaxt adiləşib qəliblərə sığmadı.
Bu, mövzu seçimi,
roman və hekayələr
üçün süjetlər,
üslubun özü,
povest toxuma bacarığı üçün
də keçərli
sayılır. Amma
yəqin ki, onda oxucuları cəlb edən, kitablarına münasibət
oyadan əsas amil, İosif Brodskinin vaxtilə dediyi kimi: "Yazıçının torpaqdan
püskürmüş ağac
olması" idi. Elçində də belədir.
Onun yazıçı
sözü torpaqdan
boy verib daha da ucalara qalxır...
Didaktika və əxlaqi təlqin olmadan oxucunu gerçəkçi
olmağa səsləyir,
dünyanı əsl mahiyyəti və dərinliyi ilə görməyə sövq edir. Eyni zamanda, daim arzusunun arxasınca getməyə həvəsləndirir.
Axı mahiyyət etibarilə, Elçinin esselərinin birində yazıldığı
kimi, yazıçı
təbiətcə ən
böyük xəyalpərəstdir.
Vaxtilə Aytmatovun, Dumbadzenin, Drutanın nəsri ilə tərbiyələnmiş rus auditoriyası indi postsovet məkanı ədəbiyyatından uzaqlaşıb. Bu kədərli və ədalətsizdir. Elçin istedadını bəsləyən ədəbi zəmin, bütün hüdudsuzluğuna baxmayaraq, ilk növbədə böyük rus klassiklərinin - Çexovun, Tolstoyun, Şoloxovun adları ilə yadda qalıb. Elçin "Zaman və Söz" adlı ədəbi gündəliklərində rus ədəbiyyatına olan sevgisini dəfələrlə etiraf edir. Məsələn, Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin yaradıcılığını səciyyələndirərkən o, görkəmli rus mütəfəkkiri Pyotr Çaadayevə istinad edir: "P.Çaadayevə nəzər salanda onun etiraflarından birinə rast gəldim, qəribə də olsa, Mirzə Cəlil obrazı gözümün önündə canlandı. Çaadayev yazır: "Mən Vətəni gözüyumulu sevə bilmirəm".
Elçin ömrü boyu əsas mənəvi sərvəti olan kitabdan bir gün belə ayrılmayıb. Onun gündəlik qeydlərini yenidən oxuyanda hiss edirsən ki, yavaş-yavaş səni son dərəcə heyrətamiz hisslər - sevinc, mənəvi məmnunluq və Ədəbiyyat adlanan o böyük və davamlı işdə iştirak duyğusu əhatə edir. Elçin məhz belə bir tərzdə - böyük hərflərlə, böyük ehtiram və məhəbbətlə - həmin obrazlara, əsərlərə, onları yaradanlara, eləcə də bu sahədə mənəvi əcdadlarının ölməz imzalarına münasibət bildirir. Gündəliklərində Elçin onlara dəfələrlə müraciət edir, onların möhtəşəm yaradıcılığının sirləri üzərində yorulmadan düşünür. Yazıların birində o, hətta bəzən yuxuda sevimli qəhrəmanlarını gördüyünü, onlarla çoxdankı munis tanışları kimi görüşdüyünü etiraf edir: Tolstoyun Anna Kareninası, Şekspirin Kral Liri, Servantesin Don Kixotu, Şoloxovun Aksinyası...
"Zaman Kitabın qarşısında acizdir". "Bəlkə, Söz elə Zamandır?" - yazıçı soruşur. Başlanğıcda həqiqətən Söz var idi. Sözə qoşulmaqla, onun sehrinə, dərinliyinə qərq olmaqla insan uca Yaradana yaxınlaşır. Bax elə bu, Sözün ilahi mahiyyətinin sirlərindən biri olaraq Elçin yaradıcılığının himnidir.
Köhnə dostumuz və daimi yazarımız Elçini
80 illik yubileyi
münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və
yeni-yeni sehrli kitablar arzulayırıq.
Lüdmila LAVROVA
525-ci qəzet.- 2023.- 13 may.- S.20.