Bu gün Xalq yazıçısı Elçinin 80 yaşı tamam olur

 

Ulu  öndər  Heydər Əliyev Elçin  haqqında

"Elçin bizim böyük yazıçılarımızdan biridir".

lll

"Elçin bizim çox istedadlı yazıçımızdır, gənc vaxtlarından çox dəyərli əsərlər yazıbdır. Amma son illər o, eyni zamanda teatr üçün də əsərlər yazıbdır. Deyəsən keçmişdə bu, olmamışdı. Çünki bu məsələ ilə əsasən, onun atası məşğul olurdu. Atası rəhmətlik İlyas Əfəndiyev bu işlərlə çox uğurla məşğul olurdu və çox da gözəl əsərlər yaratmışdı. Elçin isə daha çox nəsr əsərləri yazırdı və dəyərli əsərlər yaratmışdır. Ona görə də gənc vaxtlarından 60-70-ci illərdə gənc yazıçılar, gənc şairlər sırasında idi. Hətta xatirimdədir ki, Yazıçılar İttifaqının ən gənc katibi Elçin oldu, o seçildi. Amma son zamanlar görürəm ki, o, eyni zamanda, pyeslər də yazır və onlar bizim Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulur, uğurla göstərilir. Beləliklə də bizim teatr həyatı yaşayır".

lll

"Elçinin xalqımızın tarixi, taleyi və bədii irsi ilə bağlı olan uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləri XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur".

lll

"Heyif ki, mən bu ordeni ("Şöhrət" ordeni) İlyas Əfəndiyevin özünə təqdim edə bilmədim, çox təəssüf edirəm... Ancaq eyni zamanda, mən məmnunam ki, Elçin, sən - oğlu, onun yaradıcılığını davam etdirirsən. Həm oğul kimi, həm də Azərbaycan mədəniyyətinin xadimi kimi, sənin İlyas Əfəndiyevə məxsus olan ordeni almağa tam hüququn var".

lll

"İki-üç gün bundan öncə mənə bir kitab göstərdilər. Baxıram, kitabda Elçinlə, hansısa bir şairlə, daha kiminləsə mənim də şəklim var. Elçin o vaxt gənc idi, qıvrım saçları vardı".

lll

"HEYDƏR ƏLİYEV. Elçin bizim çox istedadlı yazıçımızdır, gənc vaxtlarından çox dəyərli əsərlər yazıbdır. Amma son illər o, eyni zamanda teatr üçün də əsərlər yazıbdır. Deyəsən keçmişdə bu olmamışdı. Çünki bu məsələ ilə əsasən sənin atan məşğul olurdu.

ELÇİN. Bəli, cənab Prezident.

HEYDƏR ƏLİYEV. Atan, rəhmətlik İlyas Əfəndiyev bu işlərlə çox uğurla məşğul olurdu və çox da gözəl əsərlər yaratmışdı. Elçin isə daha çox nəsr əsərləri yazırdı və dəyərli əsərlər yaratmışdır".

lll

"Elçin yaradıcılığının çoxşaxəli olması ilə seçilən, müxtəlif janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindəndir. O, ictimai fəaliyyəti ilə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın mənəvi birlik və həmrəyliyi işinə yüksək dərəcədə xidmət etmişdir".

Görkəmli ədəbiyyat, incəsənət və dövlət xadimləri Elçin haqqında

"Bu il Beynəlxalq İncəsənət Mükafatını qardaş Azərbaycanın görkəmli yazıçısı Elçin İlyas oğlu Əfəndiyevə təqdim edirik. Az əvvəl özünə qulaq asdıq. Bir çox dilə tərcümə edilmiş hekayə, roman və ssenari janrlı əsərləri ilə könüllərdə taxt quran Elçin  qardaşımız, eyni zamanda, bir siyasət və fəaliyyət adamı olaraq da gözə çarpmışdır. Türkiyə-Azərbaycan dostluğunun dünyada öz səmimiyyəti, həmrəyliyi, mehribanlığı ilə nümunə göstərildiyi bir vaxtda verdiyimiz bu mükafatı mən də mənalı hesab edirəm. İnanıram ki, Elçin qardaşımız öz əsərləri və duruşu ilə bundan sonra da bu dostluğun mədəni və elmi bayraqdarlarından biri olmağı davam etdirəcək, onu təbrik edirəm".

Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Prezidenti

"Türk dünyasına xidmət" mükafatını mən yüksək qiymətləndirirəm və onu böyük yazar Elçinə təqdim etiməkdən məmnunluq duyuram. Qırx il bundan əvvəl Sovet İttifaqına səfərim zamanı gənc yazar Elçinlə bir-birimizi tanımadan eyni teatr zalında olmuşuq. Qırx il keçib. Biz böyük yazar Elçinlə "Dədəman" zalında yan-yana oturmuşuq. Ürəklərimiz isə millətimizə və vətənimizə eyni məhəbbətlə döyünür. Bu, çox simvolikdir. Bizi birləşdirən bu məhəbbət daimidir".

Süleyman Dəmirəl Türkiyə Respublikasının 9-cu Prezidenti

"Elçində bədii dərk duyğusu güclü və cəlbedicidir. Müxtəlif əhvali-ruhiyəli, müxtəlif fərdi həyat yolları keçən adamların mənəvi aləminə eyni səviyyədə dərindən nüfuz etmək qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli cəhətidir.

Elçinin obrazları canlı, ətli-qanlı çıxır və hər tipin, fərdin həyatı bütövlükdə oxucunun nəzərində canlana bilir".

Akademik Məmməd Cəfər Cəfərov

"Elçinin hekayə və povestlərini oxuyanda qələmindəki özünəməxsusluğun bədii cizgiləri, dərhal nəzərə çarpır... Elçinin laboratoriyasında yerində  istifadə oluna bilən bir çox vasitələr vardır. Adi məişət əhvalatlarını Elçin adilikdən çıxarıb xüsusiləşdirməyi, hətta qəribələşdirməyi bacarır. Buna yazıçı öz xüsusi görmə, duyma, təhlil və qiymətləndirmə məharəti ilə nail olur".

 

Akademik Məmməd Arif Dadaşzadə

"Elçin hekayə və povestlərində  daim insan hisslərinin hərarətini, insan ürəyinin romantik çırpıntılarını əks edir; çünki yazıçı onları təsvir xatirinə deyil, qəhrəmanlarının həyəcan və iztirablarının, dəruni hisslərinin tərcümanı kimi əsərə daxil edir. Bu təsvirlərin yığcamlığı və təbiiliyi bizi o qədər cəlb edir ki, gözlənilmədən özümüzü başqa aləmdə hiss edirik".

 

Mirzə İbrahimov

"Elçinin ədəbi hadisələrə obyektiv yanaşması, yeri düşdükcə kəskin polemikalara girməsi, işin ağırlığından qorxmaması, mühüm elmi-bədii problemlərə nəzəri əsaslarla yanaşması əsərinin ("Tənqid və nəsr") sanbalını xeyli artırmış, bu əsəri ləyaqətli bir tədqiqata çevirmişdir".

 

Mir Cəlal Paşayev

"Elçin, əzizim! Siz hələ gəncsiniz. Həmişə belə qalın. Sizin 50 yaşınızı ürəkdən təbrik edirəm. Bunu da bilirəm ki, yaradıcı ziyalı üçün əlli yaş ikinci gənclik deməkdir. Həm də sənətinə uyğun, istedadını əməklə zənginləşdirən, yaradıcılıq məsuliyyətilə yaşayan, hər işində dəqiq Sizin kimi oğul üçün".

 

Mirvarid Dilbazi

"Elçin saxtanı həqiqətdən, elmi-nəzəri mülahizəni doqmatizmdən, ehkamçı və subyektiv fikirlərdən seçməyi bacarır. Belə hallarda o, cəsarətlə tənqid edir, amma ehtiram və təvazökarlıq  Cızığından da kənara çıxmır".

Mehdi Məmmədov SSRİ Xalq artisti, professor

"Hörmətli Elçin! "Ölüm hökmü" romanını həvəslə, amma tələsmədən hər mətləbi, hər eyhamı içə-içə, ağıl və hiss süzgəcindən keçirə-keçirə oxudum. Yaşadığım acı illəri, qorxu və təlaş dolu  illəri yenidən yaşadım və dərhal sənin yaşını düşünüb heyrətləndim. Çünki əzab, işgəncə, qorxu və təlaş dolu o illəri sən bir insan kimi yaşamamısan, amma yazıçı kimi yazmısan. O amansız və dəhşətli illəri bu qədər təbii və bu qədər inandırıcı şəkildə qələmə ala bildiyinə təəccübləndim. Sən o illərin müsibətlərini o qədər təbii qələmə almısan ki, bunlar özündən yaşlıların söhbətlərindən deyil, yalnız şəxsi müşahidənin məhsulu ola bilər - qənaətinə gəlmək olmur... Əzizim Elçin, sən qələminin qüdrətilə o illəri bir daha mənim qəlbimdən keçirib, məni bir oxucu kimi sarsıda bildinsə, demək burada təsvir etdiyin hadisələrin təbiiliyinə görə, sənətin sehrinə və istedadın gücünə heyrətlənmək lazımdır. Beləliklə, sən məni qələminlə bir daha istedadın gücünə və sənətin qüdrətinə inandırdın".

 

Bəxtiyar Vahabzadə

"Siz uzun illər Heydər Əliyevlə birlikdə yüksək vəzifələrdə işləmisiniz. Bilirsiniz ki, onun sizə münasibəti çox müsbət olubdur, böyük hörmətlə yanaşırdı. Artıq bir ildən çoxdur ki, biz birlikdə işləyirik. Mən bu birgə fəaliyyətimizdən çox razıyam. Həm hökumətdə, həm də ictimai həyatda sizin böyük rolunuz vardır. Bu gün böyük məmnuniyyətlə yüksək mükafatları sizə təqdim etmək istəyirəm".

 

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq yazıçısı Elçinə "İstiqlal" ordenini və "Xalq yazıçısı" fəxri  adının vəsiqəsini təqdim edərkən.  

"Elçin müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biridir. Bədii yaradıcılıq sahəsində onun nəaliyyətləri göz qabağındadır... Elçin tənqidi fəaliyyətə  yazıçı kimi başlamışdır. Onun tənqidi əsərləri öz canlılığı, kəsəri, aktuallığı ilə həmişə ümumi maraq oyatmışdır".

 

Akademik Kamal Talıbzadə

"Hörmətli Elçin! Məşhur "altmışıncı illər nəslinin ən istedadlı nümayəndələrindən biri  kimi Siz öz bədii əsərlərinizlə xalqımızın arzularını ifadə etmiş, mürəkkəb həyat hadisələrinə şirə qatmadan həqiqəti qələmə almış və milli ədəbiyyatımızı respublikanın hüdudlarından kənarlarda da layiqincə təmsil etmisiniz. Sizin hekayə, povest və romanlarınız Azərbayjan demokratik ictimai fikrində milli-vətənpərvərlik istiqamətinin inkişafında digər dəyərli ədəbiyyat nümunələri ilə birlikdə ciddi rol oynamışdır. Siz eyni zamanda görkəmli ədəbiyyatşünas alim və tənqidçi kimi də ədəbiyyatımızın yaradıcılıq nailiyyətləri əldə etməsi naminə çalışmısınız".

 

Əbülfəz Elçibəy

  "Elçin müasir Türkiyə ədəbiyyatından və ədəbi prosesdən bəhs edərkən belə bir fikri əsas götürür ki, ədəbiyyat dövrün mühüm siyasi-ictimai problemlərindən kənarda qalmamalı, həmişə öz xalqının  ictimai marağı keşiyində dayanmalıdır, bilavasitə həyatdan bəhrələnməlidir. O, qabaqcıl dünya ədəbiyyatından faydalanmaqla birlikdə, milli ədəbi ənənələrinə arxalanmalıdır... Elçin "Yaxın, uzaq Türkiyə" əsərində özünü işgüzar bir təşviqatçı kimi göstərir".

 

Akademik Həmid Araslı

"Bu bir xoşbəxlikdir ki, eyni ailə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə iki parlaq istedad bəxş etmişdir: İlyas Əfəndiyev və Elçin. Mənim əziz dostum İlyas Əfəndiyev və Elçin. Mənim əziz dostum İlyas Əfəndiyev böyük dramaturq və nasirdir, onun müasir Azərbaycan ədəbiyyatının və teatr sənətinin inkişafında müstəsna xidmətləri var, o, ən çox oxunan, sevilən Azərbaycan yazıçılarından biridir. Elçin isə başqa bir orijinal istedaddır və təsadüfi deyil ki, Elçinin romanları, povestləri, hekayələri böyük tirajlarla rus dilində, digər xarici dillərdə çap olunmuş, Azərbaycan ədəbiyyatına şöhrət gətirmişdir. O həm də çox sanballı bir alim-ədəbiyyatşünas və tənqidçidir. İlyasın Azərbaycan mədəniyyətində öz xüsusi yeri, Elçinin isə öz xüsusi yeri vardır. Bir cəhəti də qeyd etmək istəyirəm: Elçin tutduğu rəhbər ictimai vəzifələrdə, yüksək dövlət vəzifələrində həmişə böyük səriştə və enerji ilə, xeyirxahlıq, eyni zamanda, prinsipiallıqla geniş mənada Azərbaycan mədəniyyətinə xidmət etmişdir. Bu isə o deməkdir ki, doğma xalqımıza xidmət etmişdir. Bu ata və oğul doğma Azərbaycan xalqımıza xidmət etmişlər. Bu ata və oğul Azərbaycan mədəniyyət tarixində unikal hadisələrdən biridir".

 

Tofiq Quliyev Bəstəkar, Xalq artisti

"Həyatın acı həqiqətlərindən danışanda da şirin, səmimi, xeyirxah dillə danışmaq ancaq sinəsində şəfqətli sənətkar ürəyi gəzdirənlərə qismət olur ki, Elçin də onların cərgəsindədir".

 

Professor Əziz Mirəhmədov

"Elçinin məşhur "Ölüm hökmü" romanı Azərbaycanın düşmənlərinə ölüm hökmü oxuyursa, o böyük epik əsər həm də keyfiyyətcə parlayırsa, siz nə cəsarətlə (müasir ədəbiyyata) ölü deyirsiniz?!"

 

İsa Hüseynov (Muğanna)

"Müasir Azərbaycan nəsrində Elçinin yeni prizma altında yeni rakursdan baxıb təzədən və tamamilə orijinal şəkildə kəşf etdiyi mühit - Abşeron kəndləridir... Elçin yaradıcılığının əsas xüsusiyyətlərindən biri obrazların reallığı, dinamikliyidir. Hər obrazın konkret həyat mövqeyindən, sosial mənsubiyyətindən, mənəvi və psixoloji axarından asılı olaraq, rəngarəng poetik vasitələr seçilir, detal və təfərrüatlar mühitə, obrazın siqlətinə uyğunlaşdırılır, daha doğrusu, hər poetik ştrix situasiyanın özündən törəyir".

 

Yusif Səmədoğlu

"Çox hörmətli Elçin! "Parisdə avtomobil qəzası" kitabınıza heyran qalmışam. Sizin yumorunuz, sizin fantastik notlarınız və lirik verginiz mənim çox xoşuma gəlir. "Mahmud və Məryəm" çox sevdiyim və dəfələrlə oxuduğum kitablardan birini - "Min bir gecən"i mənim yadıma saldı. Sizin bu əsərinizdə mən Şərqin bütün gözəlliyini, qəddarlığını və ehtirasını tapdım. Siz bu qəribə, gözəl və qorxulu dünyanın atmosferini əla təsvir edirsiniz. Fikirlərimi rus dilində dəqiq və incəlikləri ilə ifadə etmək mənim üçün çox çətindir, daha rus dilini yadırğamışam. Sizin mətnləri oxuyarkən hiss etdiklərimin hamısını fransız dilində yazı bilsəydim..."

 

Banin (Ümmülbanu) Fransada yaşamış fransız-Azərbaycan yazıçısı          

 

"Mənim bir neçə yaxın dostum var, hamısı mənə əzizdir, onları heç vəchlə bir-birinə qarşı qoymaq istəməzdim. Amma atamın vəfatı günündə də, anamın keçindiyi gecədə də yadıma ilk düşən Elçin oldu".

 

Anar

"Elçin dünya ədəbiyyatı dəyərlərini, bu sahədəki təcrübəni mükəmməl şəkildə öz yaradıcılıq laboratoriyasından uğurla keçirən çox maraqlı bir yazıçıdır... Rejissor Devid Perri "Şekspir" pyesini oxuyub, ona valeh olmuşdu. Onun quruluşunda əsər Londonun Avanqrad teatrında müvəffəqiyyətlə tamaşaya qoyuldu. Elçinin yaşanmış tarixə ironik, paradoksal şəkildə təqdim edilən münasibəti ingilis tamaşaçıları üçün çox maraqlı idi".

İan Piertdi İngilis ədəbiyyatşünası

"Elçinin maraqlı "Gümüşü furqon" ("Bir görüşün tarixçəsi") povesti H.Mitinin tərcüməsində "Yunost" jurnalında dərc edilmişdir. Gənc müəllifin rus dilində ilk dəfə çap olunmuş bu əsəri bizim jurnalın redaksiya heyəti tərəfindən yüksək qiymətləndirilmişdir, ən əsası isə yaxşı oxucu poçtuna malikdir".

 

Boris Polevoy Rus yazıçısı, "Yunost" jurnalının baş redaktoru         

 

"Elçin möcüzələri sevir, o zərif və mehriban  nağılçıdır, o kədərli bir sehrkardır, bərq vuran, qızılı, gümüşü rənglərə üstünlük verən impressionistdir..."

 

Professor Lev Anninski Rus tənqidçisi

"Elçin - dramaturgiyamızda ilk dəfə  olaraq xaosun, hərcmərcliyin obrazını yaradır! Onların əsasında duran mənəvi, əxlaqi, ideoloji stereotipə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq ədəbi-estetik münasibət ifadə edir...

...Elçin rəmzdən, bədii-fəlsəfi şərtilikdən, kəskin məcazdan cəsarətlə istifadə edir, psixoloji əhvali-ruhiyyəni detalda əyaniləşdirən mizanlar və cizgilər axtarır, onlara görümlü, baxımlı, obrazlara çevirən epitetlər tapır. Məhz bu epitetlərin təşkil etdiyi bir mozaikada bəzən nağıl və hekayə, əfsanə və həqiqət bir-biri ilə barışa və qaynayıb qarışa bilir... Elçin məhz mənəvi zənginlik və ucalıq mövqeyindən psixoloji yekrənglik və birtərəfliliyi tənqid edir, adi adamların həyatında müşahidə etdiyi qeyri-adiliyin gözəlliyi, şeiriyyəti haqqında hekayələr söyləyir, "gözəllik uzaqda deyil, həyatımızda, məişətimizdədir" prinsipi ilə hərəkət edərək adi adamların daxilən gizlədib xəlvətdə saxladığı mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir".

 

Yaşar Qarayev

"1960-cı illərin sonu, 70-ci illər, 80-ci illərin əvvəli - Elçinin artıq XX əsr Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuş "Qatar. Pikasso. Latur. 1968", "On ildən sonra", "Baladadaşın ilk məhəbbəti", "Parisdə avtomobil qəzası" və s. kimi hekayələri, "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça" kimi povestləri meydana çıxdı.

...Obrazlı şəkildə desək, Elçinin yeni povestinin - "Bayraqdar"ın timsalında sanki XXI əsr Azərbacan nəsri həm forma, həm də məzmun çalarları etibarilə XX əsrin nəsri ilə vidalaşır, öz inkişafına doğru irəliləyir.

...Elçinin ümumittifaq mətbuatında çap olunmuş ən yaxşı məqalələri bir yerə toplanaraq, Moskvada böyük bir kitab halında nəşr edilmişdir. İlk dəfə idi ki, Azərbaycan ədəbi tənqidinin nümunəsi Elçinin tənqidi yaradıcılığı timsalında belə bir həcmdə və yüksək nəzəri səviyyədə ümumittifaq oxucusuna təqdim olunurdu".

 

Akademik Nərgiz Paşayeva

"Xalq yazıçısı Elçin geniş yaradıcılıq diapozonu, imkanları olan sənətkardır. Onun yaradıcılığı timsalında insanın bədii-estetik dərki barədə dərin elmi tədqiqat aparmaq olar, sanballı doktorluq dissertasiyası yazmaq olan və bunu Nərgiz xanım Paşayeva ustalıqla sübuta yetirmişdir".

 

Akademik Fuad Qasımzadə

"Elçin İraqın o zamankı diktatoru Səddam Hüseynlə görüşərək, nümayəndə heyətimizin Kərkükə buraxılması məsələsini çox israrlı şəkildə qaldırmış və Səddamın buna razılıq verməsinə nail olmuşdu".

 

Professor Qəzənfər Paşayev

"Elçin ədəbi-tənqid məqalələri ədəbi-bədii fakta analitik münasibət nümunəsidir, mən bunu bütün məsuliyyəti ilə deyirəm, bu məqalələrdə  təhlilin sosial planı da var, zaman həssaslığı da; milli əyanilik də var, fərdi üslub faktına ehtiram da; nəhayət müəllifin öz təbiri ilə desək, iddia da var, imkan da. Şübhəsiz bunların hamısından çox bir şey var, onu böyük həriflərlə yazıram: VƏTƏNDAŞLIQ!.."

"Elçinin "Şekspir", "Teleskop" kimi pyesləri ilə milli teatrmızda postmodern düşüncəsinin əsası qoyuldu".

 

Nizami Cəfərov

"Elçin daha çox dirijoru xatırladır, o, hisslərdən öz məqsədinə uyğun şəkildə istifadə edir,  onların öz istəyinə uyğun axara yönəldir. Elçində "Niyə?", "Nə səbəbə?" sualları xüsusi dəyər kəsb edir, o, insanların ən "şəxsi" sirlərini  belə xırdalamağı xoşlayır. Buna görə  Elçinin əsərlərində ən xırda, gözəgörünməz obraz belə az və ya çox dərəcədə, öz dünya  tutumunda filosofdur. Hər kəs nəyi isə anlamağa, açmağa çalışır və buradan da Elçin yaradıcılığının geniş səpkili, analitik təmayüllü dil dünyası yaranır..."

 

Aydın Məmmədov

"Elçin haqqında çox yazılıb. Sözsüz ki, bunlar nə ayrı-ayrılıqda, nə də cəm şəklində onun yaradıcılığının bütün şaxələrini və çalarlarını əhatə etmir. Elçinin yaradıcılığı elə geniş diapozonludur ki, yəqin heç mümkün də deyil... Onun "Ədəbi düşüncələr"i bədii aysberqlərin görünməyən hissəsini duymağın yollarını öyrədir".

 

Həsən Əziz oğlu Həsənov Dövlət xadimi

"Alman dilində Elçinin "Mahmud və Məryəm" və "Ağ dəvə" romanlarını oxumuşam. Onun "Ölüm hökmü" romanını isə türk dilində oxumuşam. Məncə, bu roman dünya miqyaslı bir əsərdir. Elçin mənim çox dəyərləndirdiyim azsaylı müasir yazıçılardan biridir".

 

Professor Henrix Fişer Alman şərqşünası

"Elçin bizim ədəbiyyatımızda öz səsi, istedadı ilə özünəməxsus yer tutur. Oxucularla qarşılıqlı ünsiyyətə görə başqalarına bənzəmir. Yazıçı onda xoşbəxt hesab olunur ki, oxucular ona qarşı diqqətli olur və onunla ünsiyyətdə olmağa  çalışırlar. Buna görə də yazıçı bütün həyatı boyu sanki oxuculara "borc" içərisində yaşayır".

 

Mark Peyzel Tənqidçi                                                                                                               

 

"Elçin müasir Azərbaycan ədəbi nəsrimizin ən parlaq, istedadlı nümayəndələrindən biridir. Onun yaradıcılığı mənə olduqca yaxındır. Elçin indi böyük dövlət xadimi vəzifəsində çalışır. O, bütün varlığı ilə xalqımızın bu günü və sabahı üçün əlindən gələni əsirgəməyən, mədəniyyətimizin, ədəbiyyatımızın çiçəklənməsi naminə canından belə keçməyə hazır olan layiqli müasir ziyalılarımızdandır".

 

Vasif Adıgözəlov Bəstəkar, Xalq artisti

"Həmişə Elçinin duzlu, Abşeron günəşilə dolu hekayələrini oxuyanda uşaqlıq illərim yadıma düşür. Bakı şanısı kimi şirin, sahil qumutək isti, Xəzərin suyu kimi ilıq... Xatirələr məni qoynuna alıb sənətdə ilk addımlar atdığımız zamanlara aparır.

Elçin yaradıcılığı kimi özü də parlaq, səmimi bir insandır... Məni, bir ziyalı kimi, eləcə də Elçinin dostu kimi sevindirən ən ümdə cəhət onun böyük dövlət vəzifəsində olduğu zaman belə, dostları üçün əvvəlki kimi mehriban qalması, eyni zamanda yaradıcılıqla məşğul olmasıdır.

Gözəl ədəbi ənənələri olan ziyalı bir ailənin nümayəndəsi yazıçı, dövlət xadimi, gözəl və səmimi insan - Elçin".

 

Fərhad Bədəlbəyli SSRİ Xalq artisti

"Eçin Azərbaycan ədəbiyyatını dünyada təmsil edən şəxsiyyətdir. O, çoxsaylı əsərləri ilə oxucuların qəlbini çoxdan fəth edib... O, Azərbaycan ədəbiyyatından Ədəbiyyata sıçrayış etməyi bacarmış bir sənətkardır. Adı  Azərbaycan ziyalılığının qızıl fonduna düşmüş bir sənətkardır".

 

Kamal Abdulla

"Elçin altmışıncı illərdə yalnız ədəbiyyatımıza yox, ümumiyyətlə, mədəniyyətimizə gəlmiş yaradıcı nəslin ən parlaq simalarından biridir. O bütün varlığı ilə doğma Azərbaycan mədəniyyətinə, mənəviyyatına bağlıdır. Eyni zamanda dünya mədəniyyətinə yaxından bağlıdır. Elçinin istedadı milli ilə bəşərinin vahdətini ifadə edir, buna görə də onun yazıçı qələmi məhəlli məhdudiyyətdən çox uzaq olduğu kimi, kosmopolitçilikdən, snobçuluqdan da çox uzaqdır... Bir sözlə, ədəbi-mədəni həyatımızda harda Elçinin adı varsa, orada yaradıcılıq uğuru var".

Polad Bülbüloğlu            

 

"Əzizim Elçin. Müstəqil dövlət quruculuğunda bu qədər fəal iştirak etmək kimi çətin bir xoşbəxtlik sənin heç də hər müasirinə nəsib olmayıb.  Belə günlərdə droma insanlar nə arzu edirlərsə, sənə, əziz dostum və qardaşım, onların hamısını arzulayıram".

Oljas Süleymenov

 

525-ci qəzet.- 2023.- 13 may.- S.18-19.