"Heydər Əliyevə baxıb
sıralarımızı düzəldirik..."
Ölkəmizdə
geniş qeyd olunan "Heydər Əliyev İli"
münasibəti ilə keçmiş xarici işlər naziri,
Azərbaycanın Bosniya və Herseqovinadakı Fövqəladə
və Səlahiyyətli səfiri Vilayət Quliyev mayın
10-da "Bakinski raboçi" qəzetinin müxbiri
Əbülfəz Babazadəyə geniş müsahibə
verib. "525-ci qəzet" həmin müsahibənin
Azərbaycan dilindəki variantını təqdim edir.
- Vilayət
müəllim, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 29 sentyabr 2022-ci il
tarixli sərəncamına əsasən 2023-cü il ölkəmizdə
"Heydər Əliyev İli" elan olunub. Siz vaxtı ilə böyük
liderin komandasında çalışan yüksək vəzifəli
dövlət məmuru olmusunuz. Heydər Əliyevin xalqın
çağırışına cavab olaraq yenidən hakimiyyətə
qayıtdığı taleyüklü dövrlə
bağlı xatirələriniz oxucularımız
üçün çox maraqlı olardı...
- Əvvəla
onu deyim ki, 29 sentyabr 2022-ci il tarixli sərəncam təkcə
mərhum dövlət başçısı Heydər
Əliyevin 100 illik yubileyini qeyd etmək deyil, həm də Heydər
Əliyev fenomenini daha bariz şəkildə aşkara
çıxarmaq, Sovet Azərbaycanının və müstəqil
dövlətimizin son yarım əsrlik tarixini öyrənmək
və qiymətləndirmək baxımından mühüm sənəddir.
Əslində mən Heydər Əliyev komandasına bir
qədər gec - artıq vəziyyətin nisbətən sabitləşdiyi,
çətinliklərin qismən dəf edildiyi, amma birdən-birə
qəfil fırtınaın qopduğu 1999-cu ilin oktyabrında
qoşulmuşan. Bundan əvvəl isə Birinci
çağırış Milli Məclisin üzvü olmuşam.
Bütünlüklə həmişə
ictimai-siyasi proseslərlə maraqlanan bir vətəndaş,
ziyalı kimi 1980-ci illərin sonundan başlanan sarsıntı
və ziddiyyətlər gözlərim önündə cərəyan
edib.
Heydər Əliyevi həyatda ilk dəfə 1970-ci ildə
görmüşdüm. O zaman hələ Azərbaycan Dövlət Universiteti
adlanan ilk universitetimizin 50 illik yubileyinə gəlmişdi.
Yadımdadır ki, bu ali məktəbin
özündən cavan məzununu (o zaman ölkə rəhbərinin
47 yaşı vardı) böyük heyranlıq hissi ilə
dinləmişdik. Təntənəli hissə
bitəndən sonra isə ətrafını saran tələbələrlə
xeyli söhbət etmişdi.
İlk
şəxsi tanışlıq 1992-ci il
sentyabr ayının 27-də oldu. Ərzurum
Atatürk universitetindən işləmək üçün
dəvət almışdım. Ərzuruma
Naxçıvandan, yenicə açılmış Ümid
körpüsündən keçib getməyi
planlaşdırmışdım. Naxçıvanda
görüşdüyüm həmkarım, indi Azərbaycan
MEA-nın prezidenti, akademik İsa Həbibbəyli ortaya
çıxmış bir məsələnin həlli
üçün muxtar respublika Ali Məclisinin sədri Heydər
Əliyevin yanına getməyi təklif etdi. Doğrusu, adi bir işə görə belə
böyük insanı narahat etməyi yersiz sayırdım.
Amma Heydər Əliyevi görmək, onunla bir
neçə kəlmə danışmaq istəyi tərəddüdlərimə
üstün gəldi. 5-10 dəqiqəlik qəbul
gözlədiyimiz halda Ali Məclis sədrinin otağında
iki saatdan artıq qaldıq və elə ilk ünsiyyətdən
Heydər Əliyevin şəxsiyyətinin sehrinə
düşdüyümü, özümü onun
ardıcılları sırasında gördüyümü
hiss etdim.
O zaman
ayrı-ayrı şəxslər - tanınmış
ziyalılar, nüfuzlu ağsaqqallar, ictimai təşkilatların
nümayəndələri
Naxçıvana gəlib təkidlə Heydər Əliyevi
taleyin ümidinə buraxılmış Bakıya dəvət
edirdilər. Aydın məsələdir ki, mənim
üzərimə belə missiya qoyulmamışdı. Amma həmin görüşdən sonra tam inandım
ki, mövcud xaotik vəziyyətdə bu, yeganə
çıxış yoludur. O da aydın idi ki, vətənin
taleyi üçün məsuliyyət duyğusu ilə
yaşayan hər bir Azərbaycan vətəndaşı
yalnız Heydər Əliyevin gəlib çətinlikləri
dəf edəcəyini gözləməməli, ona necə və
hansı şəkildə kömək edəcəyi haqda
düşünməlidir. Yəqin ki, bu hisslərin
təsiri altında cəmiyyətə birdən-birə
qeyri-adi rakursda - bir gün də işləmədiyim
diplomatiya sahəsində, həm də ölkənin baş
diplomatı statusunda görünməkdən qorxmadım.
Bilirdim ki, Heydər Əliyevin rəhbərliyi
altında işləyəcəyəm, diqqət və
yardımına arxalanacağam, mükəmməl bir həyat,
idarəçilik və dövlətçilik məktəbi
keçmək imkanım olacaq. Bu, çətin, məsuliyyətli,
amma şərəfli bir məktəb idi...
- Fikrinizcə,
eyni dövrdə çalışdığı siyasətçilər
və dövlət xadimləri ilə müqayisədə
xalqı üçün daha böyük işlər görməyə
müvəffəq olan Ümummilli lideri fərqləndirən
hansı orijinal, təkrarsız keyfiyyətlər bu
böyük uğurların bünövrəsində
dayanmışdı?
-
Heç şübhəsiz, burada Heydər Əliyevin
böyük dövlətçilik təcrübəsi, siyasi
müdriklik və uzaqgörənliyi, beynəlxalq müstəvidəki
nüfuzu, yalnız tərəfdarları deyil, həm də əleyhdarları
ilə dil tapmaq bacarığı və xalq arasındakı
populyarlığı mühüm rol oynadı. Yenidən
hakimiyyətə qayıdandan sonra dövlət
başçısı kimi ilk baxışdan çox da cəlbedici
görünməyən, hətta müəyyən mənada əleyhinə
işləyən, amma gələcəyə hesablanmış
uzaqgörən siyasi qərarlar qəbul etdi və onları cəsarətlə
həyata keçirdi. Məsələn, əslində
ölü qurum kimi doğulmuş MDB-yə üzv olmaqla Rusiya
ilə münasibətləri stabilləşdirdi. Atəşkəsə
nail olmaqla ordu quruculuğuna və daxili islahatlara diqqəti
artırdı. "Əsrin müqaviləsi"ni imzalayıb fərqli maraqların episentrində
dayanmış ölkəmiz üzərində müəyyən
təhlükəsizlik çətiri və iqtisadi inkişaf
üçün etibarlı baza yaratdı. Xalqı
üçün təkcə rəsmi şəxs - dövlət
başçısı yox, həm də müdrik ağsaqqal
oldu. İnsanlara ümid və inam təlqin
etməyi bacardı. Nəticədə
keçmiş sovet respublikaları arasında ən çətin
durumda olan Azərbaycanı vətəndaş müharibəsi
riskindən və parçalanma təhlükəsindən
qorudu, dünya güclərinin tərəfdaş kimi qəbul
etdiyi, müstəqil daxili və xarici siyasət yürüdən,
iqtisadi imkan və resursları ilə diqqəti çəkən
dövlətə çevirdi.
- Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı
ilə ölkəmizin əsaslı siyasi, iqtisadi, sosial,
humanitar islahatlar yoluna qədəm qoyması heç kimə
sirr deyil. Həyata keçirilən
islahatların əsas ideyası və başlıca
özünməxsusluqları nədən ibarət idi? Onların müasir həyatımıza təsiri,
dövrümüzdəki əks-sədası haqda nə deyə
bilərsiniz?
- Təbii
ki, əsas ideya dövlət müstəqilliyi, Heydər
Əliyevin məşhur ifadəsi ilə desəm,
"müstəqilliyin əbədiliyi və dönməzliyi"
idi. Bütün siyasi, sosial, iqtisadi və
humanitar islahatların kökündə də həmin strateji
məqsəd dayanırdı. Ölkəni Qarabağda və
Cənubda baş qaldıran separatizm meyllərindən -
qondarma "DQR" və "TMR" xülyalarından, vətəndaş
müharibəsi təhlükəsindən qorumaq, Azərbaycanı
burada yaşayan bütün millət və xalqların
ümumi vətəninə çevirmək lazım idi. Yalnız belə olduqda məqsədyönlü
şəkildə xaricdən körüklənən milli,
dini, etnik hədələrin qarşısını almaq
mümkün idi. Heydər Əliyev
böyük iradi qüvvə, siyasi fəhm, zəngin dövlətçilik
təcrübəsi, nəhayət xalqın inamı sayəsində
bu çətin vəzifənin öhdəsindən gəlməyi
bacardı. Güclü ordu quruculuğu,
güclü iqtisadiyyat və çoxqütblü diplomatiya
milli müstəqilliymizin etibarlı qarantlarına çevrilərək
Azərbaycana gələcək sınaq və risklərə
hazırladı. İlham Əliyevin hakimiyyəti
dövründə bu sağlam bünövrəyə əsaslanan
institutlar daha da möhkəmləndirildi. Ona görə
də "Heydər Əliyev İli"nin
biri-birindən məsul günlərini
yaşadığımız dövrdə əminlik hissi ilə
demək olar ki, möhkəm təməl üzərində
qurulmuş dövlətimiz bütün istiqamətlər
üzrə uğurlu inkişafını davam etdirir və
etdirəcək. Yalnız regionda deyil, daha
geniş bir coğrafiyada söz sahibinə çevrilib və
bu trasformasiya uğurla davam etdiriləcək.
- Kadr
siyasəti fəaliyyəti boyu Heydər Əliyevin
mühüm diqqət yetirdiyi məsələlərdən
biri olmuşdu. Ümummilli lider öz
seçimində nəyə, hansı insani, peşəkar və
fərdi kefiyyətlərə daha çox əhəmiyyət
verirdi?
- Heydər
Əliyev komanda üzvlərində məsuliyyət hissini,
özünə və başqalarına tələbkarlıq
duyğusunu, yüksək peşəkarlığı,
heç zaman tələskənliyə yol verməməyi,
zahiri effektə uymamağı mühüm şərt
sayırdı. Vətənpərvərliyə,
tarixi yaddaşa, milli təəssübkeşliyə
böyük önəm verirdi. Nazim Hikmətin
məşhur misralarında deyildiyi kimi, insanları, xüsusən
də üzərlərinə başqalarının taleyini həll
etmək səlahiyyəti qoyulmuş vəzifə sahiblərini
yanmağa və ürəyinin odu, işığı ilə
qaranlıqları aydınlatmağa borclu sayırdı.
Miqyasından, əhəmiyyətindən asılı olmayaraq
işə can yandırmaq onun dəyişməz tələblərindən
biri idi. Özü geniş nəzəri və təcrübi
biliyə malik olduğu kimi, yaxın ətrafındakıların
da ağıl və intellekt baxımından seçilmələrini,
fərqlənmələrini istəyirdi. Yüksək
vəzifə sahiblərini daim öz üzərində işləməyə,
biliklərini artırmağa, oxuyub-öyrənməyə
çağırırdı. Onları rahat,
dəbdəbəli kabinetlərinin divarları arasında
qapanıb qalmamağa, xalqın arasına getməyə, sadə
insanlarla birbaşa əlaqə yaratmağa, camaatın dərd
və problemlərini özlərindən eşidib həll etməyə
səsləyirdi. Və özü az
qala hər gün bunun ibrətamiz nümunələrini göstərirdi.
Heydər Əliyev dəbdəbəli saraylarda
da, qaçqın çadırlarında da eyni sərbəstliklə
davranmağı, sadə və həssas olmağı
bacarırdı.
Prezdent komandasından həmişə səmimiyyət tələb
edirdi. Saxta sözlər, göstəri xarakterli münasibətlər
onu hövsələdən çıxarıb əsəbiləşdirirdi.
Eyni zamanda hakimiyyət və səmimiyyət, siyasət və cəngavərlik
kateqoriyalarının bir araya sığmasının çətin
olduğunu da hamıdan yaxşı başa
düşürdü. Bəlağətli ifadələrlə
ürəyinə yol tapdıqlarını düşünənlərin
mənəvi-əqli dayazlığını hamıdan
yaxşı özü görürdü və bunu ilk diqqətə
çatdıran da özü olurdu. Şəxsinə
hörmət etməyi bacaranlara da hörmətlə
yanaşırdı. Hər hansı bir məsələdə
haqlı olduğunu sübut edə bilirdinsə, mövqeyinlə
razılaşır, haqqı nahaqqa vermirdi.
Düşünmədən, ölçüb-biçmədən
danışmağı, yersiz təklif verməyi heç sevməzdi.
Bu yolla özünü göstərməyə, gözə
girməyə çalışanlara dərhal yerini göstərirdi.
- Vilayət
müəllim, tutduğunuz vəzifənin xarakter və tələblərinə
görə dövlət başçısını xarici
ölkələrə əksər rəsmi və
işgüzar səfərlərdə müşayiət
etmisiniz. Heydər Əliyevin şəxsiyyət
və həyat təcrübəsinin
böyüklüyünü, zənginliyini göz önünə
gətirəndə bu səfərlər zamanı çoxlu
maraqlı hadisə və məqamların olduğunu tərəddüdsüz
söyləmək mümkündür. Yəqin ki, bu barədə
xatirələriniz az deyil. Onlardan
bəzilərini oxucularımızla bölüşə bilərdinizmi?
- Hər
bir xarici səfər Prezidenti yeni rakursdan görməyə, fərqli
keyfiyyət və cəhətlərini aşkara
çıxarmağa imkan yaradırdı. Təbii
ki, Azərbaycanda olduğu kimi, ölkədən kənarda da
həmişə işin əsas ağırlığı
dövlət başçısının üzərinə
düşürdü. Danışıqları
o aparırıdı, mətbuat konfransında suallara o cavab
verirdi, çoxsaylı görüşləri o keçirirdi.
Həm də bu gərgin iş qrafiki təyyarəmiz Bakı
hava limanından yola düşəndən dərhal sonra
başlanırdı. Müxtəlif vəzifəli
şəxslər Prezidentin salonuna dəvət olunurdu. Səfərqabağı fikir mübadiləsi
aparılır, mühüm sənədlər son dəfə
gözdən keçirilib dəqiqləşdirilirdi.
Getdiyimiz ölkə ilə bağlı hansısa vəd və öhdəliklərimiz
vardısa, onların yerinə yetirilməsi məsələsinə
aydınlıq gətirilirdi. İş çox
olsa da, Heydər Əliyev heyət üzvləri, mətbuat təmsilçiləri,
xüsusən də jurnalist xanımlarla maraqlanmağa, hər
birinə ayrıca diqqət göstərməyə vaxt
tapırdı.
Maraqlı, yaddaqalan, ibrətamiz epizodlar çoxdur. Demək olar
ki, hər xarici səfərdə dövlət
başçısını yeni cəhət və keyfiyyətləri
ilə kəşf edir, daha yaxından tanıyırdıq.
Bir epizod danışım. 2000-ci
ilin aprelində Gürcüstanda rəsmi səfərdə
idik. Sonuncu gün
iki dövlət başçısının məşhur
heykəltaraş Zurab Seretelinin emalatxanasında birgə
naharı nəzərdə tutulmuşdu. Şəhərin
dağlıq hissəsində, meşəlik ərazidə yerləşən
emalatxana əslində böyük qəsr və açıq
hava muzeyi idi. Müxtəlif səmtlərə
uzanan alleyalarda Sereteli yaradıcılığının fərqli
mərhələlərini əks etdirən heykəllərin
ilk variantları, yaxud surətləri qoyulmuşdu.
Protokola
görə, naharda ev sahibi yalnız
Prezidentlərlə birlikdə olmalı idi. Lakin
son anda qərar dəyişdi. Gözlənilmədən
xarici işlər nazirlərinin də dəvətli olduqları bildirildi.
Həmkarım İosif Meneqaraşvili ilə
birlikdə başdan başa Seretelinin rəsmləri ilə bəzədilmiş
salona keçdik.
Milli mətbəxin məzə və yeməklərinin
düzüldüyü masa ətrafında çox səmimi
atmosfer hökm sürürdü. Bir qədər kənarda
gürcü qızlarından ibarət kvartet skripkada əsasən
klassik musiqi ifa edirdi. Əvvəlcə ev
sahibi Heydər Əliyevin şərəfinə badə
qaldırdı. Sonra Şevardnadze Prezidentimizin
şəxsiyyəti və xidmətləri haqqında uzun bir
nitq söylədi. Heydər Əliyev
yığcam, lakin müdrik cavabla kifayətləndi.
Gözləmədiyimiz halda Şevardnadze gürcülərin
zəngin masa ənənələrinə uyğun olaraq
"Alaverdi" - deyib tost növbəsinin nazirlərə
çatdığını elan etdi. İosif Meneqaraşvili
iki ölkənin, iki dövlət
başçısının və iki xalqın şərəfinə
badə qaldırdı. Mən də eyni
sağlığı bir qədər fərqli şəkildə
dedim. Prezidentləri öz xalqlarını Misir əsarətindən
qurtaran Moiseyə (Musa Peyğəmbərə) bənzətdim.
Onların müdrikliyi və nüfuzu sayəsində müstəqil
dövlətçiliyə, inkişaf və demokratiyaya, dinc və
rahat həyata gedən yolumuzun "Bibliya"da təsvir
edildiyi kimi qırx il çəkməyəcəyinə,
məqsədə daha tez nail olacağımıza əminliymi
bildirdim.
Sözümü
qurtarıb oturmaq istəyəndə Şevardnadze dilləndi:
- Batono
nazir, bizim kiçik Qafqaz üçün iki Moisey çox
olar. Əgər həqiqəti bilmək istəyirsinizsə,
mən həmişə hörmətli Heydər
Əliyeviçi bizim regionun şəksiz lideri və
ağsaqqalı saymışam və sayıram.
Məclisin sonuna yaxın şərabdan xumarlanan
Şevardnadze xoş əhvali-ruhiyyədə idi. Üzünü İrakli ilə
mənə tutub dedi:
-
Uşaqlar, sizə bir sirr açmaq istəyirəm. Yəqin
ağlınıza da gəlməz ki, siyasət Olimpinə
yüksəlişimdə Heydər Əliyeviçin necə
böyük rolu olub! Bu məsələdə o,
həmişə təvazökarlıq edir, amma mən bu sirri
özümlə məzara aparmaq istəmirəm.
Söhbətin
gedişindən məlum oldu ki, L.İ.Brejnev 1972-ci ildə
Gürcüstandakı total korrupsiya faktlarına görə
birinci katib Mjavanadzeni işdən uzaqlaşdırmaq qərarına
gələndə onu kiminlə əvəz etmək məsələsini
Heydər Əliyevlə məsləhətləşmişdi. Azərbaycan lideri uyğun namizəd kimi həmin
dövrdə Gürcüstan SSR İctimai Asayişi Mühafizə
naziri Eduard Şevardnadzenin adını çəkmişdi.
Ali rəhbərlikdə təyinatla bağlı
fikir ayrılığı yarandığından Heydər
Əliyev daha iki dəfə Brejnevlə görüşmüş,
onu Gürcüstanın yeni rəhbəri ilə bağlı
seçimin düzgünlüyünə inandıra
bilmişdi. Yalnız bundan sonra Eduard
Amvrosieviçi Kremlə "söhbətə"
çağıran Baş katib "Sizə Heydər
Əliyeviç zamin durub" - deyə kimin sayəsində irəli
çəkilməsinə aydınlıq gətirmişdi.
Həmin vaxta qədər Heydər Əliyev özü bu barədə
heç nə demədiyindən yalnız Brejnevin
etirafından sonra Şevardnadze həqiqi xeyirxahının kim olduğunu bilmişdi.
Prezident sifətində sirli təbəssümlə
söhbətə qulaq asırdı. Lakin əlavə izahat, yaxud şərh
vermək istəmədi, sadəcə "Hə, belə bir
iş olub..."
- deyib gülümsədi.
Eşitdiyimiz etiraf gözlənilməz idi. Gürcü
lider müsahibələrindən birində memuarları üzərində
işlədiyini demişdi. Mənə
maraqlıdır - siyasi bioqrafiyasında Heydər Əliyevin
rolu barəsində bizə danışdığı epizodu
olduğu kimi əks etdirəcəkmi?
Bu arada deyəsən, ziyafətdə söylədiyim
tost Prezidentin çox da xoşuna gəlməmiş, ya da
sözlərim ona bəlağət nümunəsi kimi
görünmüşdü. Çünki aeroporta yola
düşməyə hazırlaşanda məni
çağırıb gülə-gülə:
- Sən
də lap dostun Şevardnadze kimi tarixin dərinliyinə gedib
çıxmışdın.
Moiseydən-filandan dəm vururdun, - dedi.
Bir
şey anlamadığımı görüb gülməyini
güclə saxlayaraq izah etdi:
- Lissabon
sammitində Şevardnadzeyə söz veriləndə Vaska de
Qamadan danışmağa başladı. Hamı
bir-birinə baxırdı. Heç kim
başa düşmürdü ki, onun söbətə nə dəxli
var? Akif
Muradverdiyevdən soruşdum ki, bu Vaska de Qama kimdir? Sən
işə bax ki, heç Muradverdiyev də bilmirmiş...
Sonra ürəkdən, doyunca güldü.
- Bu
günlərdə Prezident İlham Əliyevin ölkəmizin
diplomatik missiyasına rəhbərlik etdiyiniz Bosniya və
Herseqovinaya rəsmi səfəri oldu. Səfər
nəticəsində qarşılıqlı münasibətlərimizin
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi
hər birimizi sevindirdi. İnanırıq ki, yeni səviyyə
Azərbaycanın siyasi və iqtisadi sahədə, eləcə
də enerji sektorunda Avropa və dünyada rolunun yüksəlməsinə
xidmət edəcək və qarşıda yeni imkanlar
açacaq...
- Dövlət
başçısının səfəri çox qısa
müddətdə hazırlandı və yüksək səviyyədə
həyata keçirildi. Bu il martın 2-də Bakıda
Qoşulmama Hərəkatının COVİD-19 üzrə Təmas
Qrupunun Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyevlə
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri
xanım Jelka Tsiviyanoviç arasında görüş
keçirildi. Söhbət zamanı xanım
Tsiviyanoviç Azərbaycanın dövlət
başçısını ölkəsinə rəsmi səfərə
dəvət etdi. Dəvət qəbul olundu və elə
görüş bitən kimi cənab Prezident səfərin təşkili
ilə bağlı hazırlıq işlərinə
başlamaq barəsində göstəriş verdi.
-
Bakıdakı görüşdən heç ay yarım
keçməmiş - aprelin 13-də Prezident İlham Əliyev
böyük bir heyətlə Sarayevoya gəldi. Bu, otuz ilə
yaxın tarixə malik diplomatik münasibətlərimiz
dövründə Azərbaycan tərəfdən dövlət
başçısı səviyyəsində ilk səfər idi. Yəqin həm də bu səbəbdən BvH-nın
siyasi spektrində elə bir qüvvə yox idi ki, siyasi
gündəmi dəyişən tarixi səfərlə
maraqlanmasın, ümid, rəğbət və inamını
ifadə etməsin. Aparılan
danışıqlar nəticəsində strateji tərəfdaşlıq
bəyannaməsinin imzalanması mövcud əhval-ruhiyyənin
ən yaxşı ifadəsi idi. Ölkəni
təşkil edən hər iki entitet - Boşnak-Xorvat
Federasiyası və Serb Respublikası Azərbaycanla əməkdaşlıqda
eyni dərəcədə maraqlıdırlar.
Prezident
İlham Əliyevin BvH Rəyasət heyətinin üzvləri
Jelka Tsivyanoviç, Jelko Komşiç və Denis
Beçiroviçlə təkbətək və nümayəndə
heyətləri səviyyəsində apardığı
danışıqlarda enerji sektorunda, kənd təsərrüfatı,
kimya sənayesi, əczaçılıq, turizm, təhsil, hava
rabitəsi və digər sahələrdə əməkdaşlıq,
ticari-iqtisadi əlaqələrin intensivləşdirilməsi
barəsində prinsipial razılıq əldə edildi. Tezliklə hökumətlərarası birgə
iqtisadi komissiyanın yaradılması haqda qərar qəbul
olundu. BvH tərəfi bir daha Azərbaycanın
ərazi bütünlüyünü və sərhəd
toxunulmazlığına hörmətlə
yanaşdığını, ölkəmizin Cənubi Qafqaz
regionunda sülhün və stabilliyin təmin olunması
istiqamətində səylərini dəstəklədiyini bəyan
etdi.
Azərbaycanla BvH-nını yaxınlaşdıran cəhətlər
çoxdur. Hər iki ölkə ərazi iddiaları və
silahlı münaqişələrdən əziyyət çəkib,
hər iki ölkə çoxkonfessiyalı və çoxmillətlidir.
Bu bənzərlik mövcud problemlərə
oxşar baxış bucağından baxmağa, beynəlxalq
meydançalarda mühüm məsələlərlə
bağlı ümumi platformadan çıxış etməyə
və bir-birini dəstəkləməyə imkan yaradır.
Məncə, səfərin mühüm nəticələrindən
biri də bu həqiqətin hər iki tərəfdən təsdiqlənməsi
oldu.
Bir
maraqlı detala da diqqəti çəkmək istərdim. Prezidentin səfəri başa çatandan saat
yarım sonra BvH Rəyasət Heyətinin boşnak həmsədri
Deniz Beçiroviç həmin gün rəsmi
danışıqlar və mətbuat konfransı keçirilən
salonda Sarayevodakı İKT üzvü ölkələrin səfirlərinə
iftar yeməyi verirdi. O, qonaqları salamlayarkən
günün mühüm hadisəsi kimi Azərbaycan Prezidenti
ilə keçirilən görüş və
danışıqlar haqda nikbin tonda məlumat verdi,
İlham Əliyevin Sarayevoya gəlişinin Azərbaycan-BvH
tarixində yeni səhifə açdığını,
hökumətin və ölkə vətəndaşlarının
səfərin nəticələrindən çox şey
gözlədiklərini bildirdi. İftar süfrəsinin müəyyən
hissəsinin az qala Azərbaycan səfirinin
mətbuat konfransına çevrildiyini desəm, yəqin ki,
mübaliğəyə yol vermərəm. Həmkarların
çox şey öyrənmək istəyirdilər.
İndi yalnız Bosniya və Herseqovinada deyil,
bütünlükdə Qərbi Balkanlarda Azərbaycana maraq,
ölkəmizlə müxtəlif sahələrdə
qarşılıqlı əməkdaşlıq istəyi
çox güclüdür. Nəhayət bir neçə ay öncə Prezident
İlham Əliyevin Belqradda superdövlətlərin başçılarına
layiq ehtişamla qarşılanması Sarayevoda da böyük əks-səda
doğurmuşdu. Odur ki, az müddət
sonra ali qonağı ölkələrində görmək
dövlət rəsmilərindən tutmuş sıravi vətəndaşlara
qədər hamı üçün çox xoş idi.
-
Maraqlıdır, Ümummilli lider Heydər Əliyevin adı və
siyasi irsi Bosniya və Herseqovinada nə dərəcədə
təbliğ edilir? Şəxsiyyətinə və
fəaliyyətinə maraq nə dərəcədə
böyükdür? "Heydər Əliyev
İli" çərçivəsində xatirəsinin əbədiləşdirilməsi
üçün hansı işlər görülür?
Ulu öndərin keçmiş silahdaşı kimi siz
özünüz ölkəmizdə və xaricdə
insanları onun yorulmaz fəaliyyəti və cəlbedici şəxsiyyəti
ilə daha yaxından tanış etmək
üçün hansı işlər
görürsünüz?
-
Vaxtı ilə Heydər Əliyevin birbaşa rəhbərliyi
altında işləməyim, yüksək vəzifəyə
irəli çəkdiyi dövlət məmurlarından
olmağım, heç şübhəsiz, "Heydər
Əliyev İli"nin Azərbaycan
Respublikasını təmsil etdiyim ölkədə yüksək
səviyyədə qeyd olunması baxımından üzərimə
daha böyük məsuliyyət və vəzifələr
qoyur.
Ümummilli liderin doğum günü - mayın 10-da Sarayevodakı səfirliyimizin inzibati binasının yerləşdiyi ərazidə onun büstünün açılış mərasimi keçirəcəyik (Müsahibə mayın 10-dan əvvəl götürülüb-red.). Heykəltaraş Nurəli Şahbazovun hazırladığı büst artıq Bakıdan gətirilib. Açılış mərasiminə BvH-də akkreditasiya olunan diplomatik korpusu, ölkə rəsmilərini, ictimaiyyətin və mətbuatın nümayəndələrini, habelə ölkəmizin regiondakı səfirlərini dəvət etmişik. Məlum olduğu kimi, Bakı ilə Sarayevo 1972-ci ildən qardaşlaşmış şəhərdir. Paytaxtımızda Sarayevo, burada isə Bakı küçəsi var. Hazırda Sarayevo meriyası ilə həmin küçədə, yaxud başqa bir yerdə Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı birgə tədbir həyata keçirilməsinin mümkünlüyü barəsində danışıqlar aparırıq. BvH-da yaxşı tanınan siyasi icmalçı və tarixçi-alim Admir Lisitsa boşnak dilində Heydər Əliyevin ömür yolundan, siyasi və dövlətçilik fəaliyyətindən bəhs edən populyar kitab üzərində işləyir. Telejurnalist və siyasi publisist kimi dəfələrlə ölkəmizdə olan, Qarabağ münaqişəsi haqda "Dağlıq Qarabağ: hərb və sülh" adlı kitab yazan Adis Delyakoviç isə sənədli film çəkmək niyyətindədir. Ümumiyyətlə, boşnaklar Heydər Əliyevi yaxşı tanıyır, ölkəsinin və xalqının taleyindəki rolu baxımından onu milli lider Aliya İzzetbeqoviçlə müqayisə edirlər.
Bir az təvazökarlıqdan kənar olsa da,
deməliyəm ki, fərdi şəkildə Heydər
Əliyev ilinə töhfə vermək üçün də
bəzi işlər görürəm. "Teass Press" nəşriyyatında
"Heydər Əliyev: Böyük insan haqqında xatirələr"
kitabım çapa hazırlanır. Yəqin ki,
mayın 10-na qədər oxuculara təqdim ediləcək.
Şəxsi müşahidələr əsasında yazılan
bu xatirələr toplusunda dörd ilə yaxın rəhbərliyi
altında işlədiyim Heydər Əliyevin siyasi xadim və
dövlət başçısı, insan və şəxsiyyət
kimi portretini yaratmağa, idarəçilik məktəbinin
sirlərini açmağa çalışmışam. Yəqin
bilirsiniz ki, diplomatiyaya gəlməmişdən əvvəl
filoloq olmuşam. Yubiley ilində
"Heydər Əliyev və klassik ədəbi
irsimiz" monoqrafiyasını da çap etdirməyi
planlaşdırıram. Bu yaxınlarda Xalq
yazıçısı Elmira Axundovanın Zərifə
xanım (bu il onun da yubileyidir!) və Heydər Əliyevin nəsillərə
nümumə olacaq ailə həyatından bəhs edən
"Əbədiyaşar məhəbbət"
("Löbovğ dlinoö v veçnostğ") kitabı mənim
tərcüməmdə çap edilib. İl başlanandan bəri müxtəlif qəzet, jurnal və məcmuələrdə
Ümummilli lider haqqında 10-a yaxın məqalə və
müsahibəm dərc olunub və təbii ki, bu işləri
yenə davam etdirəcəyəm. Əvvəldə də
dediyim kimi, "Heydər
Əliev İli" təkcə böyük şəxsiyyətin
xatirəsinin anılması deyil, həm də Azərbaycanın dövlətçilik
tarixinin çətin, mürəkkəb bir
dövrünün dərindən öyrənilməsi ilə
səciyyəvi olmalıdır. Ümummilli liderin ölkəmiz
və xalqımız üçün gördüyü
böyük işlər bunu hər birimizdən bilik və
imkanlarımız daxilində mənəvi borc kimi tələb
edir.
Vilayət Quliyev
525-ci qəzet.- 2023.- 13 may.- S.16-17.