Uzaq illərdən gələn doğma səs
Unudulmaz Ulu öndərin əziz xatirəsinə
Bu günlər ölməz Heydər Əliyevin 100 illiyi
ərəfəsində onun haqqında xeyli yazı
çıxıb. Onu şəxsən tanıyan, onunla təmasda
olan insanların xatirələri xüsusi dəyərə
malikdirlər. Həmin yazılarda Ulu öndərin xasiyyəti,
davranışlarıyla bağlı yeni çalarlarla tanış oluruq. Azərbaycan
Yazıçılar Birliyinin təşəbbüsüylə
çapdan çıxmış "Əbədi
ömrün yüz ili" kitabı da bu baxımdan çox
önəmlidir. Yazıçılar Birliyinin katibi
Elçin Hüseynbəyli tərəfindən tərtib olunan
və onun Ön sözüylə açılan bu kitabda həm
Heydər Əliyevlə şəxsən tanış olan, onu
yaxından müşahidə edə bilən
yazıçıların, həm də onunla şəxsən
təmasda olmayan, amma onun xalqımızın taleyində
oynadığı rolu dəqiq dərk edənlərin
yazıları dərc olunub. Mən də bu
böyük insan haqqında dəfələrlə
yazmışam, çıxışlar etmişəm. Elə 100 illiyi ərəfəsində azı
bütün TV kanallarında onun haqqında onlarla
çııxışlarm olub. Heydər
Əliyevin sağlığında "Oqonyok"
jurnalının sifarişiylə onun haqqında
yazdığım "Şəxiyyətin miqyası"
adlı essem bu Moskva jurnalının səhifələrində
çap edildi. Vəfatından dərhal sonra "Qalib gəldi,
qalib getdi" adlı yazını qələmə aldım və
nəhayət, bu böyük insanla görüşlərimi,
söhbətlərimi, onun barəsində düşüncələrimi
ehtiva edən "Unudulmaz görüşlər" adlı
kitabım Azərbaycan və rus dillərində nəşr
olundu.
Bütün yazdıqlarımda bu dahi siyasətçinin
xalqımızın həyatında, taleyində, tarixində
tutduğu müstəsna yeri, Azərbaycana misilsiz xidmətlərini,
vətənimizi bəlalardan qurtarmaq yolunda fədakarlığını
dərk etmək istədim.
Yubiley yazısı olmayan bu qeydlərimdə isə
böyük insanın şəxsən mənim taleyimdə həlledici
rolundan bəhs etməyə çalışacam.
60-cı illərin sonlarından başlayaraq, Heydər
Əliyevin həyatının son vaxtlarına qədər mənim
butün yaradıcılıq ömrüm onun gözləri
qarşısında keçib və onun diqqətini çəkib. Dəfələrlə
haqqımda xoş sözlər deyib və dedikləri mətbuat
səhifələrində yer alıb. Sovet
vaxtında mənə Əməkdar incəsənət xadimi
adını verib, Azərbaycanın dövlət
mükafatıyla təltif edib. Müstəqillik
dövründə, 1998-ci ildə 60 yaşım tamam olanda məni
o vaxt dövlətin ən yüksək ordeni olan İstiqlal
ordeniylə təltif etdi və mənə çox səmimi təbrik
məktubu ünvanladı. Elə həmin 1998-ci ildə
məni Xalq yazıçısı adına
layiq bildi. Müstəqil Azərbaycan Parlamentinin - Milli Məclisinin
ilk iclasını açmaq və aparmağı da mənə
məhz Prezident Heydər Əliyev təklif etdi. Tarixə düşəcək bu məqamın nə
qədər şərəfli vəzifə olmasıyla
ömrüm boyu fəxr etmişəm.
Amma mənimçün bu rəsmi təltiflərdən
daha önəmli, daha mühüm həyatımın bir
sıra çətin məqamlarında onun xüsusi diqqətini
və qayğısını duymaq idi. 1981-ci ildə
yüz gün içində hər iki valideynimi itirdiyimdən
sonra həyatda arxalandığım, özümə həyan
bildiyim yeganə insan - Heydər Əliyev idi və ən
müxtəlif hadisələrin gedişatı heç bir vaxt
bu inamıma şübhə oyatmadı.
Son dərəcədə əsassız, ədalətsiz
və insafsızlıqla Heydər Əliyev Moskvada tutduğu
yüksək vəzifələrdən
uzaqlaşdırıldı.
1990-cı ildə Bakının Qara Yanvar müsibətindən
sonra Moskvada daimi nümayəndəliyimizə gəlib
inanılmaz cəsarətlə SSRİ rəhbərlərini
bu cinayətdə ittiham etdi. Bundan sonra Moskva mətbuatında
onun haqqında bir-birindən iyrənc böhtanlar
çıxmağa başladı. Vətəninə,
qurduğu, yüksəltdiyi Respublikaya qayıtdı, amma burda
da vaxtilə onun əlinin altında işləmiş məmurlardan
bir qayğı, diqqət görmədi.
Və belə bir şəraitdə biz onu - bütün
vəzifələrindən uzaqlaşdırılmış təqaüdçü
Heydər Əliyevi yazıçıların Filarmoniyada
keçirilən Qurultayına dəvət etdik, hörmətlə
qarşıladıq. Heydər Əliyevi Qurultaya dəvət
etmək fikri mənim Elmira Axundovayla söhbətimizdə
ortaya çıxdı. Mən onu Qurultaya əvvəl
Elmira xanım vasitəsilə şifahi şəkildə,
sonra isə imzaladığım dəvətnaməylə
yazılı şəkildə dəvət etdim. Amma bu barədə onun özünün artıq Azərbaycanın
Prezidenti kimi X Qurultayımızda söylədiyi sözləri
gətirmək daha münasibdir. Qurultay
kürsüsündən geniş nitqlə
çıxış edən Prezident deyirdi:
"Elmira xanım mənə bildirdi ki,
Yazıçılar Birliyinin Qurultayı olacaq, məni oraya dəvət
edirlər. Mən
dedim ki, Elmira xanım çox sağ olun, ancaq güman edirəm
ki, mənim ora getməyim lüzumsuzdur. Çünki
indi mən kiməm ki, oraya gəlim? Yazıçı
deyiləm ki, oraya yazıçı kimi gəlim. Eyni zamanda, elə bir dövr idi ki, o vaxt həm Sovet
İttifaqının rəhbərliyində, həm də Azərbaycanın
rəhbərliyində mənə qarşı çox ədalətsizliklər
edirdilər. Mənim əleyhimə
böhtanlar quraşdırırdılar və
yayırdılar. Mən çox
böyük təzyiq və təqib altında idim. Fikirləşdim ki, bəlkə xatir naminə dəvət
ediblər, bilirlər ki, gəlməyəcəm. Ondan -
xahiş etdim, dedim ki, sən bir daha dəqiqləşdir. Sonra
o mənə zəng edib dedi ki, mən Anar müəllimlə
bu barədə danışdım, Anar müəllim dedi ki,
biz onu ürəkdən dəvət etmişik, bu, formal
xarakter daşımır, ona görə də əgər gəlsə,
biz məmnun olarıq. Mən ondan sonra ürəkləndim,
dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm
yazıçılar nə edirlər. Gəldim.
Bunu burada xatırladılar, siz mən hörmətlə
rəyasət heyətinə dəvət etdiniz. Ətrafımda da yazıçılar vardı,
çox mehriban söhbət edirdik. Mən
bu faktı niyə bir daha xatırlayıram, çünki
müqayisə etmək istəyirəm. Mən
o dövrdə, fevral-mart aylarında Ali Sovetin sessiyasında
olmuşdum. Xatirinizdədir, Ali Sovetin
sessiyasında o salonda oturanların 99 faizi mənimlə bir
yerdə və mənim rəhbərliyim altında işləmiş
adamlar idi. Ancaq orda mənə qarşı
çox hörmətsizlik etdilər, pis münasibət
göstərdilər. Hətta mənim
çıxışımı da kəsdilər və mənim
çıxışımdan sonra cürbəcür
böhtançı çıxışlar da etdilər.
Ancaq o vaxt cəsarət edib çox kəskin
çıxış edən Bəxtiyar Vahabzadə oldu.
O salonda oturanların əksəriyyəti ilə mən gecə-gündüz
bir yerdə işləmişdim. Ancaq baxın o
həmin insanların münasibəti, bu da şairin münasibəti.
Yəni mən yenə də ədəbiyyatla
bağlılığımı və ədəbiyyatla məşğul
olan şəxslərin başqalarına nisbətən daha sədaqətli
olduğunu qeyd etmək istəyirəm. Orada
mənə qarşı o qədər hörmətsizlik
olduğu halda Filarmoniyanın salonunda
yazıçıların qurultayında, mənə çox
mehribanlıq, çox istiqanlılıq, çox yüksək
hörmət göstərildi. O vaxt mənim imkanım
olmadı ki, belə geniş təşəkkür edim.
Altı il keçəndən sonra məhz
o hadisəyə görə mən sizin hamınıza təşəkkür
edirəm. Çox sağ olun".
Qurultayda geniş və dərin məzmunlu
çıxışında Heydər Əliyev bir çox
başqa məsələlərə də toxundu. Deyirdi:
"Bir dəfə 1989-cu ildə Moskvada bir jurnalist məndən
müsahibə götürərkən Azərbaycana rəhbərlik
etdiyim zamandan danışırdıq. Mənə sual verdi
ki, Sizdə Azərbaycanda o vaxt dissident var idi, yoxsa yox? Dedim ki,
yox idi. Dedi nə üçün? Dedim biz dissident axtarmırdıq.
Təbii ki, əgər axtarsaydıq, çox
dissident çıxarmaq olardı. Məsələn,
əgər o illər, 60-70-ci illərdə Azərbaycanda
dissident axtarsaydıq, onlar çox idi.
Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Yaxud da Xəlil
Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən,
Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti
deyirdi. Amma bu həqiqət o vaxtki kommunist
idealogiyasına zidd idi və buna görə də onlar
dissident idilər. Ancaq biz Xəlil Rzanı
da qoruyub saxladıq.
Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl
dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident
olsunlar".
Heydər
Əliyevin bu tarixi sözlərinə o faktı da əlavə
etmək olar ki, Moskvaya göndərilən danoslar əsasında
Bəxtiyar Vahabzadə sovet quruluşuna zidd olan adam kimi qələmə
verilirdi, amma Heydər Əliyevin MK-nın Birinci katibi
olduğu elə həmin illərdə Bəxtiyar Vahabzadə
Xalq şairi adını aldı, Azərbaycan Ali Sovetinin
deputatı və Akademiyanın həqiqi üzvü
seçildi, SSRİ Dövlət mükafatına layiq
görüldü, Xəlil Rzaya qarşı heç bir təqib
və təzyiq olmadı, Maqsud İbrahimbəyov Əməkdar
incəsənət xadimi adını aldı, Azərbaycanın
dövlət mükafatına layiq görüldü. Eyni adları və mükafatları Rüstəm
İbrahimbəyov da aldı.
Prezident
Heydər Əliyev mənim haqqımda da bu sözləri
söyləyib:
"Yaxud götürək Anarı. O da dissident idi. Məsələn, "Qobustan" jurnalının
yaranması və o jurnalın səhifələrin də
yazılan əsərlər, şübhəsiz ki, dissident
xarakter daşıyırdı. Amma
keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər,
elə sizin öz içərinizdən. Biri gəlirdi,
deyirdi ki, bu, pantürkistdir, biri deyirdi ki, bu, paniranistdir, biri
deyirdi, nə bilim bu, Türkiyənin casusudur, biri deyirdi, bu,
sovet hökumətinin əleyhinədir, biri deyirdi ki, bunun
babası da sovet hökumətinin əleyhinə olub,
özü də sovet hökumətinin əlehinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və
nə qədər çalışırdılar ki, bu əsərlərin
qarşısını alsınlar. O vaxtlar bizim həyatımızda
olan mənfi halları tənqid edən əsərlərin
qarşısını almaq istəyirdilər. Amma
siz də bilirsiniz ki, 1969-cu ildə mən Azərbaycana rəhbər
seçilən gündən Azərbaycanın həyatında
olan eybəcərlikləri, mənfi cəhətləri daim tənqid
etmişəm və onlarla mübarizə aparmışam.
Ona görə də gəlib mənə deyəndə ki,
"Anar "Şəhərin yay günləri" pyesini
yazıbdır, orda bizim quruluşun əleyhinə gedir, filan
edir", dedim, yaxşı, gedib baxaram. Gəldim,
baxdım, çox da təriflədim, mükafat da verdim".
Başqa
bir çıxışında da Ulu öndər "Şəhərin
yay günləri"ni yada salırdı:
"Tariximizin hələ çox səhifələri var ki,
onları kinoya salmaq lazımdır. Məsələn,
"Dədə Qorqud"ın kinoya salınması tariximiz
üçün nə qədər böyük hadisədir.
O vaxt Anarın
"Şəhərin yay günləri" pyesi də mənim
çox xoşuma gəlmişdi. Dedim ki, kinoya çəkilsin,
rus dram teatrında da tamaşaya qoysunlar".
Bir
çox çıxışlarında Ulu öndər "Dədə
Qorqud"la bağlı dəyərli fikirlər söyləyib:
"Mən
bir daha qeyd edirəm ki, məsələn, Anarın bu barədə
təşəbbüsü olmasaydı və o "Dədə
Qorqud" filmini yaratmasaydı, "Kitabi Dədə
Qorqud" dastanı haqqında xalqımızın bu qədər
geniş məlumatı yox idi" ("Dədə Qorqud"
yubiley komitəsinin iclasında çıxışından.
8 aprel 1995).
"Kitabi
Dədə Qorqud"un elmi nöqteyi nəzərdən
tədqiq edilməsi bizim üçün çox
lazımdır. Mən bu baxımdan Anarın
xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mənə elə gəlir ki, biz bu gün müəyyən
zaman keçəndən sonra Anarın bu sahədəki
axtarışlarına, xidmətlərinə daha da yüksək
qiymət verməliyik. Bəlkə də
Anar uşaqlar üçün Dədə Qorqud haqqında
kitab yazanda, yaxud başqa kitablarını yazanda
çoxları bunun nə qədər əhəmiyyətli
olduğunu o dərəcədə dərk edə bilmirdilər.
Amma indi biz artıq öz milli dəyərlərimizi,
köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə
çalışarkən vaxtilə atılmış belə
addımların nə qədər qiymətli olduğunu dərk
edirik. Mən Anarın bu münasibətlə
yaratdığı filmi də qiymətləndirirəm"
(16 fevral 1999).
"Təqdirəlayiqdir ki, "Kitabi Dədə
Qorqud" ensiklopediyasının yaranma ideyası da məhz
Anara məxsusdur" (Heydər Əliyevin "Kitabi Dədə
Qorqud" Ensiklopediyasına yazdığı Ön sözdən).
Böyük milli liderimizin "Qobustan" toplusuna
münasibəti də son dərəcə önəmli və
maraqlıdır. 1996-cı il 23 iyul tarixli
çıxışında deyirdi: "O vaxtlar
"Qobustan" jurnalist həyatımızda çox
böyük rol oynayırdı. Bizim bu milli
dirçəliş, milli oyanış, milli
özünütanıma prosesində "Qobustan"ın
rolu çox böyük olubdur. Bunu o
vaxtlar bəziləri bəlkə də dərk etmirdilər.
Bəlkə indi də bəziləri o dərəcədə
dərk edə bilmir. Amma mən bunların
hamısını daim istəyirdim və hər bir belə tədbirin
həyata keçməsi üçün şərait
yaradırdım".
Qeyri-adi fəhmiylə "Qobustan"a vaxtında qiymət
verən Ulu öndər məhz elə buna görə də
bütün danoslara rəğmən, "Qobustan"ı
qoruyub saxladı. Bu danoslar barədə də 1997-ci il
30 oktyabrında çıxışında ətraflı bəhs
etdi: "Məsələn, mən "Qobustan"
jurnalını xatırlayıram. O yarananda əleyhinə nə
qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirimdədir, biri gəlirdi ki, nə bilim,
millətçilik ideyaları yayır, biri deyirdi ki, bizim
quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən,
biri bu tərəfdən gəlirdi. Mən
isə götürürdüm, baxırdım bu
"Qobustan" jurnalına, görürdüm burada
bunların dedikləri yoxdur, amma bizim üçün
lazım olan şeylər çoxdur. Ona
görə də "Qobustan" jurnalı yaşadı.
Bu gün məmnuniyyət hissi ilə deyirəm:
"Qobustan" jurnalı o vaxt çox böyük işlər
gördü".
"Qobustan" bədxahlarının ürəkləri
yalnız Heydər Əliyevə xəbərçilik etməklə
soyumurdu.
Moskvaya, Sov. İKP MK-ya, SSRİ və Azərbaycan
DTK-larına danos dalınca danos tutuzdururdular. "Qobustan" - əlbəttə, mənfi səciyyəylə
- hətta Sov. İKP MK katibi Kapitonovun məruzəsinə
də düşmüşdü.
Bakıda isə Azərbaycan KP MK-nın o vaxtkı
İkinci katibi Kozlov MK-nın o vaxtkı ideoloji katibi Cəfər
Cəfərovdan soruşurmuş, doğrudanmı
"Qobustan" türkcə (yəni Türkiyə türkcəsində)
çıxır? Ona da danosu bu məzmunda verirmişlər.
Kozlovun bu sualı haqqında mənə
Universitetdə diplom işimin rəhbəri olmuş Cəfər
Cəfərov şəxsən demişdi.
Bütün
bu Moskvadan və Bakıdan gələn bulanıq axınla
bağlı Heydər Əliyev 1971-ci il
oktyabrın 29-da Plenumda məruzəsində ikicə cümlə
demişdi: "Qobustan" almanaxının (redaktor Anar Rzayev
yoldaş) səhifələrində sağlam olmayan meyllər,
"obıvatel" meylləri özünü göstərir"
("Kommunist" qəzeti, 2 noyabr 1971).
Fikir verin, nə millətçilik, nə türkçülük, nə antisovetlikdən, bircə söz deyilmir, heç bir siyasi səhvə işarə belə vurulmur, yalnız yüngülvarı "sağlam olmayan "obıvatel meylləri" tənqid olunur. Vəssəlam. Əslində bu iki cümləylə Respublikanın partiya rəhbəri "Qobustan"ı daha ağır siyasi ittihamlardan qorudu, redaktoru partiya töhmətindən uzaqlaşdırdı, toplunu bağlanmaq təhlükəsindən xilas etdi. Bu çıxışdan sonra "Qobustan" Mədəniyyət Nazirliyinin orqanı kimi təsdiq olundu, bizə əlavə ştallar və Aktyor evində iki otaq verildi.
Amma mənim taleyimçün son dərəcə önəmli olan bu məsələylə bağlı söhbət bununla bitmir.
O vaxt mən
Moskvada rejissor emalatxanasında təhsil alırdım. Plenumda
MK-nın Birinci katibinin "Qobustan"la
bağlı dediyi sözlərini mənə telefonla
çatdırdılar. Amma elə o günlər
Plenumda iştirak edənlərdən birinin yolu Moskvaya
düşmüşdü. O mənə dedi ki, Plenumda məruzədən
başqa Heydər Əliyev Yekun sözü də söyləyib.
Məruzə müəyyən ixtisarlarla qəzetlərdə
dərc olunubsa da, Yekun sözü heç yerdə çap
edilməyib. Yekun sözündə Heydər
Əliyev mənim barəmdə çox xoş sözlər
deyibmiş. Bu fakt elə o vaxtlardan yaddaşıma həkk
olunmuşdu, amma zənn etmirdim ki, haçansa bu sözlərlə
tanış olacam.
Görkəmli alim, akademik Rafael Hüseynov Ulu öndərin 100 illiyi ərəfəsində "525-ci qəzet"də çox maraqlı silsilə yazılar dərc edirdi. Bir gün mənə zəng edib: Sabahkı "525"ə baxın - dedi - sizi sürpriz gözləyir. Səbirsizliklə qəzetin aprelin 21-də çıxan nömrəsində Rafaelin "Dərinlərin birgəliyi" başlıqlı yazısını oxumağa başladım. Və birdən gözlərimə inanmadım. Heydər Əliyevin haqqımda əlli iki il bundan qabaq dediyi sözlər mənə İNDİ gəlib çatmışdı.
Plenumun stenoqramında hifz olunmuş bu sözlər belədir: "Burada "Qobustan" almanaxından söhbət getdi. Almanaxın redaktoru Anar Rzayev yoldaş istedadlı yazıçıdır, istedadlı insandır. Bəlkə siz onun sentyabrın 1-də "Pravda"da çıxan, məktəblərdə yeni dərs ilinin başlanmasına həsr edilmiş hekayəsini oxumamısınız. Təkcə həmin əsər göstərir ki, bu insan nə qədər böyük istedad sahibidir. Çox da iri olmayan bu yazıda o, yüksək ideyalı, siyasi məsələlər qaldırır, hekayədə o qədər yüksək, sağlam fikirlər əks olunub ki, bu əsər məni heyran etdi. Deməli, bu yoldaş qabiliyyətlidir, daha artıq - istedadlıdır, bizim partiyamızın siyasətini düzgün başa düşür, ancaq o, haradasa yanılır, haradasa səhvlər buraxır. Həm də bəlkə heç o özü səhv etdiyini, yanıldığını bilmir. Bax bu yerdə cavan istedadlara qayğıkeş münasibət lazımdır, həm də belə münasibət ilk növbədə özünü iti, prinsipial, amma dostcasına edilən tənqiddə göstərməlidir".
Mənimçün taleyüklü olan bu sözlər - müəllifin məhz ideyaca sağlam olmasının vurğulanması haqqımda Moskvaya və Bakıya verilən bütün açıq və gizli danoslara cavab idi, məni gələcəkdə belə baş verə biləcək hər növ siyasi ittihamlardan sığortalayırdı. Həm də tək məni yox, həm də "Qobustan"ı da və o vaxtkı dissident ruhlu 60-cılar nəslini də hücumlardan qoruyurdu. Bir cəhət də vacib idi, yazımın ölkənin Baş partiya qəzeti "Pravda"da çap olunması ağzıgöyçəklərin ağzını yumdururdu. Heydər Əliyev bizləri cəmiyyətdə mövcud olan naqisliklərə qarşı daha cəsarətlə mübarizə aparmağa, milli dəyərlərimizin keşiyində daha böyük əzmlə durmağa çağırırdı.
Bu il mart ayının 14-də 85 yaşım tamam
oldu. Haqqımda xeyli xoş sözlər deyildi,
yazıldı. Çoxlu təbriklər
aldım. Amma unudulmaz Heydər Əliyevin 52 il bundan qabaq söylədiyi sözlər mənə
illərin uzağlığından, gənclik
çağımdan gələn ən dəyərli
ismarış idi. Sanki çox illər sonra həmişə
mənə qayğıyla və diqqətlə yanaşan əziz
bir insanın doğma səsini eşidirdim.
8 may 2023
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet.- 2023.- 13 may.- S.14;15.