Dalana aparan "Çıxış yolu"  

 

 

 

Kanal-S baş ofisi Şəkidə yerləşən, 2008-ci il regional, ötən ildən etibarən isə ümumrespublika yayımına başlayan televiziya kanalıdır. Bir bölgə kanalının bütün ölkə ərazisində yayımı, müasir maddi texniki-baza ilə təchizatı, Həmidə Ömərova, Nadir Bədəlov kimi təcrübəli televiziya aparıcıları ilə əməkdaşlığı böyük uğurdur. ARB televiziya şəbəkəsinə daxil olan bu telekanalın efirində yayımlanan proqramlar haqda hələ geniş məlumatım olmadığımdan onun konsepsiyası ilə bağlı konkret söz deməkdə çətinlik çəkirəm. Kanalın hər gün həftə içi, iki saata yaxın efirdə yer alan, Nuranə Gülərin aparıcısı olduğu  "Çıxış yolu" sosial proqramı isə yutubda təsadüfən qarşıma çıxdı.

"Çıxış yolu" layihəsi 2010-cu illərin sonlarında bir müddət "Lider" TV-də efirə gedib. Layihənin aparıcısı onda da Nuranə Gülər idi.

Digər sosial proqramların anotasiyasında deyildiyi kimi, telelayihənin məqsədi şikayətçiləri dinləmək, ailə-məişət problemləri ilə bağlı müraciət edən vətəndaşlara hüquqi yardım göstərmək, mövzuya dair süjetlər hazırlamaq və məsələnin ekspertlərlə, qonaqlarla studiyada müzakirəsidir. Yəni "Çıxış yolu"  digər telekanallarda yayımlanan analoji verilişlərdən struktur baxımından fərqlənmir. Verilişin ümumi intonasiyası və üslubu da onun kimi.  Burada da müəlliflər eyni tərz və manerada şəxslərin problemi, kədəri üzərinə manipulyativ teatral oyunlar qururlar. Şikayətçi problemini danışanda, kritik məqamda sözü yarıda kəsilir, həmin anı daha da dramatikləşdirən faciəvi musiqi müşayiət edir, aparıcı başını əlləri arasına alıb qəm dəryasına qərq olur. Verilişin adı "Çıxış yolu" olduğu halda, aparıcı Hamletsayağı "olum, ya ölüm" dilemması ilə üz-üzə qalaraq, sanki çətin seçim qarşısındaymış kimi görünür və bu zaman kamera onun vətəndaşların dərdləri səbəbindən necə əzab çəkdiyini xüsusi qabardır. Belə dramatik məqamlarda studiyadakı eskpert və qonaqlar özlərini necə aparacaqlarını bilmirlər. Bütün hallarda məcburən bu oyuna daxil olaraq, musiqi sədaları altında özlərini vətəndaşın hekayəsindən sarsılmış kimi göstərməyə çalışırlar.

Əlbəttə, anlaşılandır, sosial telelayihələr çox baxılır, reklam gətirir. Elə bu verilişin də bir hissəsi müxtəlif  qurumların reklamından ibarət idi. Hərçənd, "Çıxış yolu"nun televiziya baxışının sayı haqda dəqiq məlumata malik olmasam da, onun Yutub platformasında izlənmə sayı digər oxşar proqramlardan azdır. Yadıma düşmüşkən, bu məqamı da vurğulayım. Bütün dünyada telekanallarda nümayiş olunan proqram və serialların reytinqi müntəzəm ictimailəşdirilir. Lakin bizdə eyni təcrübədən nəyə görəsə istifadə olunmur. Reytinq göstəricilərinin şəffaflığı  televiziya mövzusunda araşdırmalar zamanı əhəmiyyətli rola malikdir, eyni zamanda, tamaşaçıların hansı teleməhsullara üstünlük verməsi müəyyən sosioloji nəticələrə gəlinməsinə, cəmiyyətin başqa tərəfdən öyrənilməsinə şərait yaradır... 

Qayıdaq "Çıxış yolu" verilişinə. Nuranə Gülərin analoji sosial proqram aparıcıları ilə yuxarıda qeyd etdiyim oxşar cəhətləri olsa da, yaxşı mənada özünəxas məziyyətlərə, individuallığa sahibdir.  Duyğusal, mərhəmətli olmasıyla yanaşı, Nuranə xanımın əzmkar ruhu var, mifologiyalardakı qisas ilahələrinə xas maneraları, amazon kimi qətiyyətli duruşu onu həmkarlarından fərqləndirir. Misalçün, Nuranə xanım bir neçə buraxılışda nəql olunan hekayələrdən birinin qəhrəmanı (və ya antaqonist) -  qadınları tovlayıb onlarla qeyri-rəsmi yaşayan Nuranın fotosunu paylaşaraq bütün ölkəyə tanıtmağa ("rəzil etməyə" də demək olar) çalışdı, doğulduğu əraziyə kimi haqqında dəqiq bilgilər verdi və onun münasibətdə olduğu qadınların adını açıqladı. Hekayə isə doğrudan da maraqlıdır. Tovladığı qadınlar Nurandan uşaq dünyaya gətirir, onu olduğu kimi qəbul edir, uğrunda döyüşür, o isə övladlarına sahib çıxmır və ələ aldığı başqa qadının hesabına yaşayır. Problem ondadır ki, məsələnin hüquqi yolla həlli mümkün görünsə də, aparıcı problemin ictimai qınaqla daha operativ həll olunacağına əminliyini bildirdi. Ona görə də problemin həllini konkretləşdirməyən aparıcı verilişdən-verilişə hekayəni uzadır, hər dəfə Nuranın fotosunu nümayiş etdirir, haqqındakı bilgiləri təkrarlayır və qadınlarını efirə danışmağa dəvət edir.

"Çıxış yolu"nun populyarlıq qazanıb-qazanmamasının özü hələ sualdır. Yəni nə qədər izləyicisi və hansı təsir gücünə malik olmalıdır ki, problem ictimai qınaqla həllini tapsın?! Digər tərəfdən, ortada tragediya səviyyəsində, ictimai qınaq predmeti olacaq durum yoxdur. Bu səbəblərdən vətəndaşlar çətin ki onun kütləvi şəkildə qınamasına sosial mediada həvəs və maraq göstərsinlər. Müəyyən mənada oxşar məsələ bir müddət öncə Rusiyada baş vermişdi. Tanınmış kinoaktyor Yevgeni Sıqanovun arvadını yeddi uşaqla ataraq, başqa bir aktrisa ilə birlikdəliyi ölkədə böyük ictimai qınağa səbəb olmuşdu. Bu hadisədən sonra Sıqanovun uşaqlarına görə sənətdən uzaqlaşan birinci arvadına (o da aktrisadır)  həmkarları və dövlət dəstək verdi,  qadın tamaşa və filmlərə dəvət olundu. Uzun müddət açıqlamalardan qaçan aktyor boşansa da, uşaqlarını himayəsinə aldı. Yəni ictimai qınaqlardan tanınan, cəmiyyətdə mövcud mövqeyini itirməkdən ehtiyatlanan adamlar daha çox zərər çəkir, çünki bu, onların işgüzar nüfuzuna, karyerasına xələl gətirir. Amma qadın hesabına dolanan, işsiz-gücsüz, sıradan bir vətəndaş, bivec Nurana ictimai qınağın nə kimi təsiri ola bilər?!

Ümumilikdə, veriliş vəd elədiyi hüquqi, praktiki yardımı göstərməkdən çox, özəl hekayələri seriala çevirməyə həvəs göstərir, zərərçəkənlərin vəziyyətinə əhəmiyyətli köməyi dəyməyən süjetlər çəkilir. Aldadılan qadının Nuranın digər sevgilisiylə telefon bağlantısı qurub haqq-hesab çürütməsi, onun kimi sevdiyi, kimin həqiqi həyat yoldaşı olmasıyla bağlı mübahisələrinin, aparıcının "niyə müvəqqəti yaşadığın insandan dünyaya uşaq gətirmisən, ikiniz də bir kişinin qurbansız, aldadılmısız, günah sizdədir" ittihamlarının efirə verilməsi, ekspertlərin hər iki tərəfi linçləmələri,  öyüd-nəsihət yağışı yağdırıb ağıllı-kamallı, milli-mənəvi dəyərləri qorumağa çağırmaları problemi çözmür. Əksinə, bu, onsuz da xoş olmayan durumu daha da eybəcərləşdirərək şəxslərin ləyaqət hissinə toxunur.

Problemlərin müzakirəsi hər dəfə eyni nöqtədə dayanaraq irəliyə inkişaf eləmir, çünki müxtəlif eskpert və qonaqların dəvət olunması nəticəsində qəhrəmanlar öz hekayələrini yenidən danışırlar, eyni sulları təkrar cavablandırırlar. Misalçün, şikayətçilərdən biri nikahda olmayan, əri tərəfindən altı uşaqla atılan qadındır. Kişi İstanbulda yerləşərək kafe biznesi qurub, ora Azərbaycandan məşhur müğənniləri dəvət eləyir, ailəsinə isə maddi yardım göstərmir. Öz doğmaları və kişinin qohumları tərəfindən də tərk edilən qadının böyük oğlu serebral iflicdən əziyyət çəkir. Acınacaqlı vəziyyətdə yaşayan qadına konkret hüquqi yardım göstərmək əvəzinə, o, hər gün studiyaya dəvət olunaraq üzləşdiyi problemlər haqda təkrar danışmağa sövq edilir və beləcə,  söhbətlər, ekspertlər tərəfindən verilən suallar təkrarlanır. Yenidən kişiylə bərabər qadın da ittiham olunur: niyə nikahın yoxdur, niyə nikahsız dünyaya bu qədər uşaq gətirirsən, baba, nənə niyə sizinlə maraqlanmır və s.

Finalda studiyada qurulan məhkəmədə ümumi rəyə gəlinir: ailə qurulanda ağsaqqal xeyir-duası verilmədən, qanuni nikaha girilmədən, maddi imkanları nəzərə almadan çox uşaq dünyaya gətirdiyinə, təfəkküründə ciddi problem olduğuna görə acınacaqlı durumdasan. Və ötəri, alayarımçıq bir hüquqi məsləhət verilib yola salınır.

Aparıcı da daxil olmaqla, ekspertlər belə yanlış, hətta absurd təsəvvür yaradırlar ki, guya, vətəndaşlar qanuni nikaha girsə ailədə problem yaranmaz, ailələr dağılmaz. Halbuki ötən ilin statistik göstəricilərində 15 mindən çox nikahlı ər-arvad boşanıb. Və məhkəmə davalarının böyük bir qismi boşanma zamanı mülkün bölüşdürülməsi ilə bağlıdır. Yəni nikahlı ər-arvadın problemsiz boşanacağını düşünmək səhvdir   "qeyri-rəsmi nikah bütün problemlərin qaynağıdır" fikri ciddi arqument sayıla bilməz. Elə həmin buraxılışda qanuni nikahla evlənib, sonradan boşanan bir qadının çıxılmaz vəziyyətlə üzləşməsi, evsiz qalması da müzakirə mövzusu idi.

Maddi imkanları nəzərə almadan dünyaya çox uşaq gətirən, övladlarının zəruri ehtiyaclarını ödəməyən  ailələri mən də bəzən  yazılarımda qınamışam. Lakin qınamaq məsələnin həlli yox, problemə səthi yanaşmadır. Problemin, qismən də olsa, həllindən ötrü işlək sosial proqramların tətbiqi zəruridir ki, bununla televiziyalar yox, məsul qurumlar məşğul olmalıdır.

Vətəndaşı baxış, təfəkkür darlığında, bisavadlıqda günahlandırmağa gəlincə, ekspertlərin, qonaqların, aparıcıların özlərinin də ciddi savad və etik problemi var. Qonaqlardan biri kişi tərəfindən aldadılan qadını tipik Fatmanisə intonasiyasında qınadı: "Doğmağı bacarırsan, amma problemini həll edə bilmirsən". Çünki indiyədək başa düşməyib ki, doğmaq təbiətin hər bir qadına (və ya dişi canlıya!) verdiyi bacarıqdır, fizioloji prosesdir. Yaxud başqa bir ekspert, altı uşaqlı qadının problemi olduğunu (çox güman ki, psixoloji aspektdən) iddia edir. İnsan haqlarını qorumalı olan vəkil isə çıxışına birbaşa cinsi diskriminasiya ilə başlayır: "Qadınlar evliliyin ilk mərhələsində mülayim olurlar, birinci uşaqdan sonra mülayimliyini  itirirlər. İkinci uşaqda bir az da itirirlər, üçüncü uşaqda isə kişinin başına turp əkirlər".

Başqa bir ekspert isə əmindir ki, kişilər ailəni qadınlara görə tərk edirlər və aparıcı da bunlara etirazını bildirmir. Çünki özü də məsələyə düzgün yanaşa bilmir, kişi cinsini ittiham edərək bütün günahları onlarda görür; ümumiləşdirmələr aparır, qadınların həmişə kişilərin qurbanı olduğunu iddia edərək məsələni dedi-qodu səviyyəsinə salır. Yaxud, problemə qəribə təyinatlar verir,  Nuranın arvadbazlığını, məsuliyyətsizliyini coğrafi nöqteyi-nəzərdən sorğulayır ki, o, gəncəli olmasına rəğmən necə məsuliyyətsizlik edə bilər?! Bir insanın fırıldaqçılığının, arvadbazlığının coğrafiya ilə əlaqəsizliyini, sadəcə, bir xarakter, mühit, tərbiyə və s. məsələsi olduğunu, yəqin ki, məktəb yaşlarında uşaqlara anlatmaq lazımdır.  Don Juan ispan, Kazanova italyandırsa, deməli, İspaniya və ya İtaliya onlara görə məsuliyyət daşımalıdır?!

Sosial telelayihələrdəki yanlış təcrübə - uşaqlarla qeyri-adekvat davranılması burada da təkrarlanır. Azyaşlı uşaqların iştirakıyla valideynlərinin davranışı müzakirə edilir. Yeri gəlmişkən, kamera uşaqlara tuşlananda onlardan biri yorulub divandaca yuxulamışdı, o biri isə baxışlarını yerə dikmişdi.

Qəribədir, ailənin müqəddəsliyindən, toxunulmazlığından, dəyərlərdən danışan belə verilişlər ailələrin intim təfərrüatlarını, ictimailəşməsi məqbul sayılmayan nüansları nədənsə rahatlıqla müzakirəyə çıxarıb ictimailəşdirirlər.

Ailə intriqalarını verilişdən-verilişə gərəksiz yerə uzadan, dedi-qodu səviyyəsində müzakirə açan, ailə-məişət məsələlərinin həllinə iddia edən sosial telelayihələrin konsepti düzgün qurulmadığından, problemlərə doğru, funksional yanaşma da tapılmır. Ona görə də ilk növbədə bu tip verilişlərin özlərini toksik xüsusiyyətlərdən təmizləyərək sağlamlaşdırmağa ciddi ehtiyac var.

 

Sevda SULTANOVA

525-ci qəzet.- 2023.- 13 may.- S.12.