Qonşu həyətinə düşən
topun nağılı
Bir sinif məndən yuxarı təhsi alırdı, atası kəndimizdə uzun müddət kolxoz sədri oldu. Mənim atam çoban idi. Əmisi qızı, gələcəkdə həyat yoldaşı olacaq Aidə xanım mənimlə bir sinifdə oxuyurdu, Aidənin qardaşı Vahid də sinif yoldaşım idi.
Orta məktəb illərim Səxavət, Sərvaz (Şair Sərvaz Hüseynoğlu) və Vahidlə bir keçib. Sonralar Səxavətin böyük bacısının yoldaşı Dədəş müəllim məktəbimizin direktoru oldu və mənim ən sevimli müəllimim kimi bu gün də unudulmaz xatirəsi qəlbimdə yaşayır.
Səxavətin dayısı Davud müəllim uzun müddət rayonların birində polis rəisi işlədi. Onun da xatirəsi əzizdi.
Əslində bu cür başlanğıc Səxavətin xarakterini tam cizgilərinə qədər göstərmək üçündü. Yəni orta məktəbin ilk siniflərində və sonralar da Səxavət özünü heç vaxt kolxoz sədrinin oğlu və polis rəisinin bacısı oğlu kimi aparmadı. Əslində daha sadə, aydın, emosional, sevimli bir dost kimi bütün məktəbin hörmətini qazandı.
Adına həyat dediyimiz bir anlam Səxavət, Sərvaz, Vahid, sonralar bizə qoşulan Səxavətin kiçik qardaşı Hasillə mənim aramda bütün çılğınlığı ilə davam edirdi.
Hərdən futbol topumuz məktəbin meydançasından, bəlkə də hər gün yüz dəfə, qonşu həyətə - Səttar kişinin həyətinə, yoncasının tən ortasına düşürdü. Yoncanı yatırdırdı, biz də topu götürməyə gedəndə yonca ayaqlanıb yerə yapışırdı, sonradan onu çalmaq olmurdu. Səttar kişi də topumuzu yava ilə deşirdi. Günahı da yox idi. Top düşəndən sonra ayaqlarımızı o qədər danlayırdıq ki... Onda nə biləydik ki, biz bu ayaqlarla topu daha uzaqlara vuracağıq.
Sonralar Səxavət və Vahid Xankəndidəki pedaqoji institutda, mən də Sərvazla Gəncədə eyni adlı institutda oxuduq. Səxavət və Vahidlə tez-tez görüşüb yaradıcılıq söhbətləri edirdik. Səxavət Xankəndidən, Şuşadan maraqlı faktlarla elə söhbətlər edirdi ki, elə bil, hamımız şuşalı idik, Qarabağda doğulub boya- başa çatmışdıq. Səxavət Xankəndini bütünlüklə qanımıza hopdurmuşdu, mən və Sərvaz ayda üç dəfə Gəncədən Xankəndinə, Səxavət və Vahidlə görüşə getməsəydık, ürəyimiz sıxılırdı, sanki havasızlıqdan boğulurduq.
İllər keçdi, institutu bitirdik, Səxavət, Sərvaz, Vahid və mən kəndimizdə eyni məktəbdə müəllim işlədik. Amma Şuşanın və Xankəndinin havasını unutmadıq, yazılarımızda onu daha reallaşdırdıq, daha da özümüzünkü elədik. Səxavətin bütün yaradıcılığı Şuşaya, Xankəndinə, bütöv Qarabağa həsr olunmuşdu. Onun yaradıcılığı mənə vətən kimi gəlirdi, vətən onun hekayələrində, publisistik yazılarında canlı heykələ çevrilirdi.
Sonralar Səxavət Tağlar Azərbaycan Yazıçılar Birliyinə üzv oldu və Birliyin Aran bölməsinin məsul katibi seçildi. Bir-birinin ardınca kitabları işıq üzü gördü. Məktəbimizin direktoru kimi istedadlı uşaq bankının yaradılmasını təşkil etdi, əsərləri ölkəmizdə və xarici ölkələrdə yayımlandı. Tanınmış ədəbiyyat xadimləri onun yaradıcılığı haqqında ürək sözlərini dedilər.
Xalq yazıçısı Anar 60 illik yubileyi vasitəsi ona ünvanladığı təbrik məktubunda yazırdı:
"Səxavət Tağların yaradıcılığında Qarabağ mövzusu qırmızı xətt kimi görünür".
Xalq şairi Nəriman Həsənzadə onun "Bir nəslin dörd fəsli" kitabına yazdığı ön sözdə deyirdi: "Səxavət Tağlar "Bir nəslin dörd fəsli" kitabında xalq ədibləri - Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığına onların adına layiq fikir ucalığından ayna tutmağı bacarıb".
Filologiya elmləri doktoru, tanınmış ədəbiyyat tənqidçisi Vaqif Yusifli Səxavətin "Gecikmiş məktub" kitabı haqqında düşüncələrində qeyd edirdi ki, "Səxavət Tağlar nədən yazırsa yazsın, yazılarında bir məhəbbət ruhu var".
Səxavət Tağlar vətənini ürəkdən sevən, əsərlərində onu daim tərənnüm edən bir yazıçıdır. Xeyirdə, şərdə həmişə kənd camaatının yanındadı. Onların, xüsusən şəhid ailələrinin, qazilərin problemlərinin həll olunmasında əlindən gələni əsirgəmir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir Yumruğu və ordu-xalq birliyi sayəsində torpaqlarımız işğaldan azad olundu. Səxavət Tağlar ruh yüksəkliyi ilə 80-ci illərin əvvəllərində Xankəndidə təhsil aldığı vaxtlarda başına gələn hadisələri qələmə aldı. Əlbəttə, xatirələr şirindi, amma Qarabağda yaşanan xatirələr yüz qat şirindi...
Uğurlu rəhbərlik və nəticəyönümlü təhsil 2007-ci ildə Səxavət Tağlara daha böyük uğur gətirdi. O, İmişlinin direktor korpusunda ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görüldü.
Bu yaxınlarda kəndimizə
getmişdim: İmişli
rayonun Əliqulular kəndinə. İlk qədəm basdığım yer vaxtı ilə şagird
olduğum, sonra müəllim
işlədiyim məktəbimiz oldu. Səxavətlə
görüşdüm, məktəbin həyətində,
futbol meydançasında gəzişdik.
Şəkil də çəkdirdik. Topumuzun
düşdüyü həyətə
boylandıq. Sonra ayaqlarımıza
baxdıq. İkimiz də eyni
anda gülümsündük.
Düşündüm ki,
indi ayaqlarımız topu
qonşunun həyətinə, auta deyil, daha
uzaqlara vurur. Səxavət
də güldü, yəqin ki, o da
eyni şeyi düşünürdü.
Qəşəm
NƏCƏFZADƏ
Şair,
AYB Uşaq Ədəbiyyatı şöbəsinin müdiri
525-ci qəzet.- 2023.- 16 may.- S.14.