Ümidli yaradıcılıq üfüqləri
Şəfəq
Əliyeva (6 noyabr 1956-cı il). 1978-ci ildə
Mirzağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun Dram və
kino aktyorluğu fakültəsini bitirib. Ali təhsilini
başa vuran ildən Gənc Tamaşaçılar
Teatrının aktrisasıdır. 25 iyun
2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar
artist fəxri adı ilə təltif olunub.
Teatrın
yaşlılar nəslinin nümayəndəsidir və
qırx beş ildir kollektivdə səmərəli
yaradıcılıq fəaliyyəti göstərir. Gənclik
illərində lirik, lirik-dramatik, psixoloji, faciə
çalarlı, şən ovqatlı Aynur ("Sənin dostun,
düşmənin", Əfqan), Şahanə ("Sehrli
xalça", Əli Səmədov), Leyla ("Sən nə
üçün yaşayırsan?", İmran Qasımov və
Həsən Seyidbəyli), Qumru ("Sabah çoxdan
başlayıb", Rəhman Əlizadə), Zərif
("Pillələr", Əli Kərim), Pəri
("Kiçik təpə", Nəbi Xəzri),
Güllü ("Mağara", Aygün Həsənzadə),
Şahzadə xanım ("Danışan gəlincik", Abdulla
Şaiq), Bənövşə ("Açıl bənövşəm,
açıl", İsgəndər Coşqun), Pəri
("Nəsrəddin", Yusif Əzimzadə) kimi əsas və
aparıcı rollarda çıxış edib. İllər
keçdikcə müxtəlif janrlı əsərlərdə,
fərqli estetik səhnə yozumu olan tamaşalarda iştirak
edib, ayarı-ayrı üslublu rejissorlarla işləyib.
Təbii ki, ayrılıqda hər tamaşaya təyin
olunan janrların mahiyyət və prinsiplərini, lazım olan
psixoloji və yaradıcı aktyor yanaşmasını, vacib
ifadə vasitələrindən necə peşəkarlıqla
istifadə etməyi bacarır.
İllər keçdikcə peşəkarlıq təcrübəsi
daha da püxtələşib, yeni-yeni ifadə vasitələri
ilə aktyorluq arsenalını daha da zənginləşdirib. Mürəkkəb
xarakterli, kəskin dramatik konfliktli tamaşalarda yüksək
peşəkarlıq göstərir. Obrazın
böyük-kiçikliyindən asılı olmayaraq
oynadığı tamaşanın janr-üslub estetikasından
kənara çıxmır. Bu baxımdan müxtəlif
mənəvi-əxlaqi dəyərlər
daşıyıcısı olan Gövhər xanım ("Məhv
olmuş gündəliklər", İlyas Əfəndiyev),
Fatma xala, Firuzə ("Ağ dəvə" və
"Ölüm hökmü", Elçin), Fərqanə
("Yaddaş ağrısı", Hüseynbala Mirələmov),
Lalə ("Ərizə", Əli Əmirli), Xavər
Qarayeva ("Kod adı "V.X.A", Mehriban Ələkbərzadə),
Ledi Montekki ("Romeo və Cülyetta", Vilyam Şekspir),
Qonşu qadın ("Viktoriya", Knut Hamsun) rolları
aktrisaya yeni uğurlar qazandırıb.
Natiq Fərzəliyev
(1 fevral 1962-ci il). 1987-ci ildə Mirzağa
Əliyev adına İncəsənət
İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1989-2009-cu illərdə Dövlət Gənclər
Teatrında işləyib. 1 may 2009-cu ildən Gənc
Tamaşaçılar Teatrının aktyor
truppasındadır.
Natiq bəstəboydur və oynadığı
rolların hamısında özünün zahiri görkəmindən,
səhnə imkanlarından kənara çıxmamaqla
tamaşaçıların səmimi rəğbətini
qazanıb. İddiasız olduğu kimi həm də özünə,
yaradıcılığıa qarşı tələbkardır,
sənətə romantikcəsinə vurğundur. Bədən quruluşunun görümünə, sifət
ifadələrindəki əsas cizgilərə görə
rejissorlar ona əsasən sırf komediya personajı, yaxud
komizm səciyyəli koloritli dramatik obraz tapşırırlar.
Aktyorda zahirən "soyuq", "sakit" yumor var, ancaq bu
soyuqluqda, bu sakitlikdə çox enerjili ehtiras,
çılğın emosiya və ən əsası
dadlı-duzlu yumor cazibəsi var. Komediya janrının
özünün məsxərə, məzhəkə, hoqqa,
qaravəlli, satira, qrotesk və sair bu kimi növləri var. Təbii
ki, bu növlərin hər birinin ayrılıqda xarakterik
xüsusiyyətləri, fərqli estetik səciyyələri
mövcuddur. Natiq Fərzəliyevin məharəti,
peşəkar ustalığı orasındadır ki, dediyim
xüsusiyyətləri və səciyyələrin səhnə
təfsirinə necə uyğunlaşmasını çox
yaxşı bilir. Bildiyi və bildiyini yüksək sənət
səriştəsi ilə səhnədə reallaşdırmağı
bacardığı üçün Aşpaz ("Qurbanəli
bəy", Cəlil Məmmədquluzadə) qrotekslə, Bəstəçi
("Sevirəm səni, Türkiyə", Kamal Abdulla)
ironiyalı məsxərəylə, Kiçik kamerger
("Çipollino", Canni Rodari) Avropa karnaval
estetikasında, Burqomister ("Şelkunçik", Ernest
Teador Amadey Hofman) məzəli nağıl-uydurma zəminində,
Poçtalyon Fətoş ("Buzovna kəndinin əhvalatları",
Elçin) sadəlövhlüyə yönələn səmimi
gülüşlə, Qulaməli ("Müsyö Jordan və
dərviş Məstəli şah", Mirzə Fətəli
Axundzadə) məsxərəli hekayət prinsipində
çox dəqiq səhnə təfsiri tapıb. Bu dəqiq yozumlu ifa seyrçilərdə aktyorun sənətinə
səmimi məhəbbət oyadıb.
Natiq Fərzəliyev II Lord ("Yatmış gözəl",
Blangi Marvin), Səfərin oğlu ("Əcəl
atı", Vaqif Əlixanlı), Kor heykəltaraş
("Neron oynayır və ya İblisin komediyaları",
Mikloş Xubai) kimi dramatik səciyyəli rolların
ifasında da peşəkarlıq göstərməyi
bacarıb.
İlham
Əsədov (1 may 1970-ci il). 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Dram və kino
aktyorluğu fakültəsini bitirib. "İlham"
miniatür teatrında aktyorluq edib. 2003-cü
ildən Gənc Tamaşaçılar Teatrının
truppasında çalışır. Kalmıkiya
Respublikasının teatr aləmi ilə yaradıcılıq əlaqələrində
səmərəli fəaliyyət göstərdiyinə
görə 2016-cı il noyabr ayının
9-da həmin ölkənin Əməkdar artisti fəxri
adına layiq görülüb. 10 dekabr 2018-ci
ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri
adı ilə təltif olunub.
Təşəbbüskar aktyordur, teatrın ictimai fəaliyyətində
səmərəli işlər görür. Mehribanlığı,
qayğıkeşliyi, diqqətcilliyi ilə kollektivdə
hörmət qazanıb. GTT-nin janr-üslub
estetikasına uyğun olaraq faciələrdə, komediyalarda,
dramlarda, uşaq pyeslərində, alleqorik tamaşalarda
bacarıqla və canfəşanlıqla oynayır. "Şəhərin qış gecələri"
(Anar), "Viktoriya" (Knut Hamsun), "Sarıköynəklə
Valehin nağılı" (İlyas Əfəndiyev),
"Balaca, yaramaz məxluq" (İsmayıl İman),
"Ünvansız qatar" (Əli Əmirli), "Arzu və
Murad" (Sevinc Elsevər) tamaşalarında Firuz, Otto,
Cavanşir, Həsən, Famil və Azad rollarının səhnə
təfsirində dramatik və lirik-psixoloji üslubun xarakterik
ifadə vasitələrindən sərrastlıqla istifadə
edir. Janrın estetik cazibəsini və
poetik vüsətini saxlamağa çalışır.
"Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev),
"Kod adı: "V.X.A" (Mehriban Ələkbərzadə)
tamaşalarındakı sırf tragik Əmrah və faciə çalarlı
Müstəntiq rollarında romantik pafosun təbiiliyinə,
daxili ehtirasın dalğavari ritmlə hərəkətinə
xüsusi diqqət yetirir. "Çəkməli
pişik" (Şarl Perro), "Çeburaşka" (Eduard
Uspenski), "Oliver Tvistin macəraları" (Çarlz
Dikkens), "Buratinonun macəraları" (Aleksey Tolstoy),
"Çipollino" (Canni Rodari), "Don Kixot" (Migel de
Servantes), "Qar kraliçası" (Hans Xristian Andersen),
"Tıq-tıq xanım" (Abdulla Şaiq), "Ələddinin
sehrli çırağı" (Ərəb xalq
nağılı) uşaq dramlarında və nağıl
tamaşalarında Kral, Poçtalyon, Cüvəllağı
Cek, Karlo, Çipollone, Hersoq, Quldur, Atlı və Tacir
rollarını şən ovqatda, nağılvari
danışıq və ədalalarla, gülməli və məzəli
jestlərlə, dinamik ritmdə oynayır. Kiçik
yaşlı tamaşaçılarla səmimi ünsiyyət
qurmaqda təcrübəsi var.
Sevinc
Əziz (4 dekabr 1972-ci il). 1998-ci
ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Dram və kino aktyorluğu
fakültəsini bitirib. 19 sentyabr 1995-ci ildən
Gənc Tamaşaçılar Teatrının
aktrisasıdır. Əvvəllər Mehrəliyeva
soyadı ilə çıxış edib.
Aktrisanın mənimsədiyi lirizmində maraqlı
dramatik psixologizm var. Romantik səciyyəli obrazların
ifasında istifadə etdiyi emosional ifadə vasitələrində
cazibəli zəriflik ön plandadır. Tapdığı
jestləri, sifət ifadələrini mütləq
oynadığı rolun ritm ahəngi və plastik hərəkət
kompleksi ilə birləşdirməkdə xeyli təcrübə
toplayıb. Konfliktin mayası məhəbbət
mövzusunda yoğrulan Sara ("Sarıköynəklə
Valehin nağılı", İlyas Əfəndiyev) rolunda
psixoloji dramatizmə əsaslanırsa, Qeysin anasında
("Leyli və Məcnun", Məhəmməd Füzuli)
poetik və epik teatr estetikasının psixoloji
yükünü əsas götürüb. Mülayim yumor xüsusiyyətləri olan
obrazları tipik xarakter kimi realizə etməyi və
mövzudan asılı olaraq ona sosial, ictimai və məişət
kontekstindən yanaşmağı bacarır. Ortenziya
rolunda italyan del arte teatr elementlərindən ("Mehmanxana
sahibəsi", Karlo Qoldoni), Gülər, Cəmilə
("Bala bəla özündəndir" və "M.S.S. Mən
səni sevirəm", Əli Əmirli) surətlərində
ironiyalı, bir qədər satirik çalarlı məsxərədən,
Dilarə ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev),
Olcay xatun ("Mola Nəsrəddin və Əmir Teymurun filləri,
Əjdər Ol) personajlarında məzhəkəvari komediya
elementlərindən ustalıqla istifadə edib. Əbdüləzəl
Dəmirçizadənin türk eposunun motivləri əsasında
yazdığı "Dədəm Qorqud"dakı
Gülçinin səhnə təqdiminə epik romantikaya əsaslanan
psixoloji-fəlsəfi "açarla" yanaşıb.
Tamaşanın enerji nüvəsinin mərkəzində duran
Şamama Cadu ("Pəri cadu", Əbdürrəhim bəy
Haqverdiyev), Böyükxanım ("Aydın", Cəfər
Cabbarlı) obrazlarını romantik-dramatik ehtirasla, Lalə
("Büllur sarayda", İlyas Əfəndiyev), Gülər
("Mənim ağ göyərçinim",
Tamara Vəliyeva) surətlərini lirik-psixoloji zərifliklə
oynayıb. Ernest Teador Amadey Hofmanın
"Şelkunçik", Abdulla Şaiqin "Tık-tık
xanım", Azərbaycan xalq nağılı
"Göyçək Fatma" əsərlərinin
tamaşalarındakı alleqorik rolların təqdimat
şirinliyinin cazibəsində şuxluq və səmimiyyət
var.
Nuriyyə
Əliyeva (6 yanvar 1977-ci il). 29 iyun 1998-ci
ildə Əhməd Cavad adına Mədəni-Maarif
Texnikumunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1 mart 1998-ci ildən Azərbaycan Dövlət GəncTamaşaçılar
teatrının aktrisasıdır.
Yaradıcılığa Məryəm ("Mahmud və
Məryəm", Elçin) kimi mürəkkb baş rolla
başlayıb və quruluşçu rejissor Loğman Kərimovun
riskli etimadını doğruldub. Nuriyyə
Əliyevanın ifasında Məryəm kövrək, zərif,
pak qəlbli, ürkək, saf eşqin müqəddəsliyinə
layiq banu-qız təsiri bağışlayırdı. Aktrisanın emosiyası, lirik-psixoloji ovqatdakı səlist
ifası obrazın ülviyyət ruhuna poetik vüsət
verirdi. Belə bir ifa həm janrın estetik xarakterinə,
həm dramaturqun izlədiyi ideyaya, mövzunun psixoloji ruhuna, həm
də rejissorun əsərin səhnə yozumu
üçün müəyyənləşdirdiyi ali məqsədin fəlsəfi fikri ilə
üst-üstə düşürdü. Aktrisanın
uğuru digər rejissorların da diqqətini cəlb etdi və
tezliklə o, teatrın istedadlı gəncləri
sırasında daha inamlı addımlarla uğurlar qazandı.
Onun istedadının yeni-yeni maraqlı keyfiyyətləri
açıldı və bir neçə il
ərzində məlum oldu ki, inamla müxtəlif
janr-üslublu janrda da maraqlı nailiyyətlər qazana bilər.
Nuriyə xanım ona bəslənən ümidləri
doğrultdu. Dramatik-psixoloji Şövkət ("Ağ
dəvə", Elçin), italyan del arte xalq teatr
estetikası ilə yoğrulmuş Marianna ("Məzəli
hadisə", Karlo Qoldoni), fəlsəfi-psixoloji ruhlu Ana
("Viktoriya", Knut Hamsun), tarixi hadisələr zəminində
çağdaş reallığa çıraq tutan Xədicə
xala ("Mustafa", Orxan Asen), klassik Avropa tragediyasının
bədii təcəssümünün mürəkkəbliyini
göstərən York hersoginiyası, Mələk ("III
Riçard" və "Romeo və Cülyetta", Vilyam
Şekspir), komediyaya xas olan səmimi və koloritli
gülüşlə şirələnən Tükəz ("Hacı Qara",
Mirzə Fətəli Axundzadə) rolları aktrisaya qələbə
qazandırdı. Hüsniyyə xanım Azərbaycan
türklərinin milli gülüş mədəniyyətinin
incəliklərini koloritli şəkildə açan
Ağabacı ("Buzovna kəndinin əhvalatları",
Elçin), poetik teatrın səciyyələri ilə
yoğrulan Leylinin anası ("Leyli və Məcnun", Məhəmməd
Füzuli), xalqımızın mənəvi-əxlaqi dəyərlərini
fərqli rakurslardan canlandıran Raifə ("Ünvansız
qatar", Əli Əmirli) rollarında inamla
çıxış edib.
Rəşad
Səfərov (10 iyun 1978-ci il). 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Dram və kino
aktyorluğu fakültəsini bitirib. Azərbaycan Dövlət
İrəvan Dram Teatrında (2001-2005), Şuşa
Dövlət Musiqili Dram Teatrında (2005), Dövlət Gənclər
Teatrında (2006-2009) aktyorluq edib. 1 may 2009-cu ildən Gənc
Tamaşaçılar Teatrının aktyor truppasında fəaliyyət
göstərir.
Yaradıcılığı ilk növbədə
lirik-psixoloji üslubun estetikasına köklənib. Obrazın mənəvi
əxlaqi dəyərlərinə, zaman və məkan daxilində
obrazın cəmiyyətlə ünsiyyətinə ilk növbədə
psixoloji-fəlsəfi prizmadan yanaşır. Təmkinli oynamağı, yöndaşının
replikalarının psixoloji ahəngini tutub, duyub, ani ovqat
süzgəcindən keçirərək reaksiya verir, yəni
obrazın sözünü deyir. Buna
görə də onun pauzalara həssaslıqla, sakit, lakin mənalı
sükutla, ifadəli baxışlarla, zərif plastika ilə
reaksiya verməsində peşəkarlıq münasibəti
göz oxşayır. Müxtəlif teatrlarda bu janrda
Ədalət Yusifov ("Məhv olmuş gündəliklər"
və "Sarıköynəklə Valehin
nağılı", İlyas Əfəndiyev), Seymur
("Telefon gecələri", Anar), Eldar ("Qum
üstündə ev", Rüstəm
İbrahimbəyov), Uve Sivers ("Dəlixanada qətl",
Fridrix Dürrematt), Müəllim ("Əcəl atı"
Vaqif Əlixanlı) rollarını uğurla ifa edib.
Aktyorun yaradıcılıq palitrası zəngindir. Bu zənginlik poetik teatr
estetikasında oynanılan Qanpolad, Quldurbaşı, Dəvəçi
("Ana", "İblis" və "Şeyx Sənan",
Hüseyn Cavid), Sultan Süleyman ("Leyli və Məcnun",
Məhəmməd Füzuli), tragediya qəhrəmanları
Hersoq, Lodoviko ("Romeo və Cülyetta" və
"Otello", Vilyam Şekspir), kəskin dramatik təzadlı
hadisələr burulğanında təsvir edilən Surxay
("Aydın", Cəfər Cabbarlı), Hacı Bağdad ("Dəli
yığıncağı", Cəlil Məmmədquluzadə),
komediya janrının təmsilçiləri İbrahim və
Mirzə Mehdi ("Xortdanın cəhənnəm məktubları",
Əbdürrəhim bəy Haqverdiyev), Qraf Albofiortia
("Mehmanxana sahibəsi", Karlo Qoldoni),
nağıl-tamaşa personajı Kral ("Yatmış
gözəl", Blangi Marvin) obrazlarının timsalında
açıq-aydın və yüksək peşəkarlıqla
nəzərə çarpır.
Rasim Cəfər
(17 oktyabr 1978-ci il). 2000-ci ildə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Dram və kino aktyorluğu fakültəsini
bitirib. 15 mart 2005-ci ildən Gənc
Tamaşaçılar Teatrının aktyorudur. Əvvəllər Cəfərov soyadı ilə
çıxış edib. 29 iyul 2016-cı ildə Azərbaycan
Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Maraqlı və xarakterik sifət cizgiləri var.
Lirik-psixoloji, realist, romantik teatrlara xas olan ifadə vasitələrini
müxtəlif dərəcədə mənimsəyib. Eyni zamanda mənimsədiklərini
səhnədə bədiiliklə canlandırmaq
üçün kifayət qədər texniki imkanları var.
Daxili coşqunluğunu, oynadığı obraza xas və
xarakterik olan hərəkət ritmini tənzimləməkdə
səriştəlidir. Xüsusən faciə
qəhrəmanları Əcinnəni ("Pəri cadu",
Əbdürrəhim bəy Haqverdiyev), Oğuz ("Şeyx Sənan",
Hüseyn Cavid) ehtiraslı və bədii pafosla oynamaqla
tragediyaya xas prinsiplərlə oynayır. Az da olsa
çıxış etdiyi komediya rollarını (məsələn,
Çarlz Dikkensin "Oliver Tvistin macəraları"nda
Cüvəllağı Cek və Vilyam Şekspirin "Səhvlər
komediyası"nda Hersoq) dramatik yumorla canlandırır. Vəziyyətdən
asılı olaraq obrazın pauzalarını, keçirdiyi daxili sükutun
psixoloji mahiyyətini hərəkət plastikası ilə
reallaşdırır. Qənimət ("Məhv
olmuş gündəliklər", İlyas Əfəndiyev),
Ağa ("Pələng ili", Firuz Mustafa), E ("Mən gəldim,
qızlar", Lars Nuren), Yevgeni Sergeyeviç Dorn
("Qağayı", Anton Çexov) kimi lirik-psixoloji və
dramatik-psixoloji obrazları da məharətlə və
yaradıcı şövqlə oynayır. Didaktik səciyyəli
Saray təbibi ("Xeyir və Şər", Nizami Gəncəvi),
melodrama estetikasında Dilmanc ("Məkkəyə gedən
yol", Cəlil Məmmədquluzadə), poetik teatr
estetikasında İbn Səlam ("Leyli və Məcnun",
Məhəmməd Füzuli), nağıl-tamaşa
ovqatında Tom ("Zorro, ispan xalq rəvayəti əsasında),
qarışıq sintezli Fərhad ("Yarımçıq
qalmış...", Yefim Abramov və Leyla
Bəyim), ironiyalı-yumorlu Şirin ata ("Şirinlər",
Pyerri Culliford) rolları da aktyorun yaradıcılıq
uğurlarına aiddir.
Rasim Cəfər iyirmidən çox bədii və
televiziya filminə, ona yaxın teleseriala çəkilib. Ekran
rollarının da xarakterləri, cəmiyyətdəki
mövqeləri, mənəvi-əxlaqı dəyərləri
fərqlidir.
Şəbnəm
Hüseynova (1 fevral 1981-ci il). 2002-ci ildə Mədəniyyət və İncəsənət
Universitetinin Dram və kino aktyorluğu fakültəsini
bitirib. Həmin ildən Bakı Kamera Teatrında
işləyib. 2009-cu il oktyabrın
1-dən Gənc Tamaşaçılar Teatrının aktyor
truppasında çalışır.
Bədii tutumuna, janr-üslubuna görə müxtəlif
obrazlar, o cümlədən, Nisə xanım ("Lənkəran
xanının vəziri", Mirzə Fətəli Axundzadə),
Fəridə ("Məhv olmuş gündəliklər",
İlyas Əfəndiyev), Lalə ("M.S.S. Mən səni
sevirəm", Əli Əmirli) kimi baş rollar oynayıb. Lakin müxtəlifliyə
baxmayaraq, yaradıcılığının xarakterik cizgiləri
olan personajlarda çevik və cəld, məlahətli və
sərbəstdir. Hiss olunur ki, səhnədə gərginlik
keçirmir. Şən, gülərüz,
mehriban və səmimi olması ifa etdiyi rollara məlahət və
təravət verir. Xeyli
nağıl-tamaşada maraqlı rollar ifa edib və zərif
plastikası bu cür personajları təbiiliklə səhnədən
canlandırmaqda ona yardımçı olur. Səslə obraz-xarakter yaratmaqda,
nağıl-tamaşa personajlarını bədii reallıqla,
çağdaş teatr estetikasında, şən ovqatda təqdim
etməkdə artıq kifayət qədər təcrübə
toplaya bilib. Onun bu ifadəli, cazibəli,
müxtəlif mənalar kəsb edən yaradıcılıq
imkanları Aleksey Tolstoyun "Buratinonun macəraları" (Malvina),
Abdulla Şaiqin "Danışan gəlincik" (Zərif),
Çarlz Dikkensin "Oliver Tvistin macəraları" (Missis
Roz), Azərbaycan xalq nağılı "Məlik Məmməd"
(Dilşad), Ernest Teodor Amadey Hofmanın
"Şelkunçik" (İkinci dayə), Yevgeni
Şvartsın ("İfritin kələyi" (Cəmil) əsərlərinin
tamaşalarında açıq-aydın görünür və
tamaşaçı marağına səbəb olur.
Aktrisa
GTT-də Sona, Mariya Adamovna ("Hacı Qara" və
"Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə),
Məşədi Zeynəb ("Dəli
yığıncağı", Cəlil Məmmədquluzadə),
Hüseynova Böyükxanım ("Aydın", Cəfər
Cabbarlı), Əzra ("Şeyx Sənan", Hüseyn
Cavid), Nisə ("Buzovna kəndinin əhvalatları",
Elçin), Suğra İsazadə ("Kod adı:
"V.X.A."), Gülşad ("Leyl və Məcnun", Məhəmməd
Füzuli), Ortenziya ("Mehmanxana sahibəsi", Karlo Qoldoni),
Monika Ştetler və Line Roze ("Dəlixanada qətl",
Fridrix Dürrematt), Anya ("Albalı bağı", Anton
Çexov) kimi dramatik, lirik, komik rolları da şövqlə oynayıb.
Aybəniz
Heydərova (29 yanvar 1983-cü il). 2002-2006-cı illərdə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
Teatr və kino aktyorluğu fakültəsində təhsil
alıb. 1997-2005-ci illərdə Körpəm
Eksperimental Uşaq Teatrının aktrisası olub.
2006-cı il noyabrın 1-dən Gənc
Tamaşaçılar Teatrının truppasında
çalışır. Əvvəllər
Əhmədova soyadı ilə çıxış edib.
Əbdürrəhim bəy Haqverdiyevin "Pər
cadu" (Əcinnə rəqqasə), Cəfər
Cabbarlının "Aydın" (Kazino rəqqasəsi
Susanna) əsərlərinin tamaşasında zərif plastika,
incə əl və barmaq hərəkətləri ilə bədənin
ritmə uyğun forma dəyiməsinin elastikliyini tamaşaçılara
çatdırmaqda rəqqasə kimi yüksək peşəkarlıq
nümayiş etdirib. Nağıl-tamaşalarda obrazın dəcəlliyini,
məzəli hərəkətlərini, gülüş
doğuran davranışlarını, şən
ovqatını duyğulu inandırıcılıqla, real təbiiliklə,
şirəli səmimiyyətlə, qaynar coşquyla oynayır.
Tamaşaların janrına uyğun şəkildə
ifasında lakonik, axıcı, ifadəli emosionallıq var. Aybəniz
xanım şair-dramaturq İsgəndər Coşqunun
"Çal-oyan", Rəsul Rzanın "Ana qaz", Rəvan
Tohidoğlunun "İncəbel qarı", Xanımana Əlibəylinin,
"Dovşanın ad günü", Samuil Marşakın
"Pişiyin evi", Xalq nağılı "Göyçək
Fatma" əsərlərinin tamaşalarında maraqlı
alleqorik rollar oynayıb. Aktrisa bu teatr
estetikasının incəliklərini səylə mənimsəməyə
çalışıb və xeyli uğurlar qazanıb.
Bu səpkili rolları peşəkarlıqla, az
yaşlı uşaqların zövqlərini oxşayacaq tərzdə
oynamaq üçün mürəkkəb səs
variasiyalarından sənətkarlıqla, obrazlı şəkildə
istifadə etmək qabiliyyəti formalaşıb. Cəlddir, çevikdir, səhnədə daim hərəkətdə
olur.
Aybəniz Heydərova teatrda Fizzə
və Əhməd ("Məkkəyə gedən yol", Cəlil
Məmmədquluzadə), Nazı ("M.C.C. Mən səni
sevirəm", Əli Əmirli), Şagird və Məzun
("Mənim ağ göyərçinim", Tamara Vəliyeva),
Şah qızı ("Xeyir və Şər", Nizami Gəncəvi),
Nəimə Məmmədova ("Kod adı: "V.X.A.",
Mehriban Ələkbərzadə), Mələk ("Romeo və
Cülyetta", Vilyam Şekspir), Əks-səda ("Ələddinin
sehrli çırağı", Ərəb xalq
nağılı), Mauqli ("Mauqli", Redyard Kiplinq), Bet
("Oliver Tvistin macəraları", Çarlz Dikkens),
Malış ("Axırıncı qatar və yaxud itlər",
İlqar Fəhmi) rollarında da çıxış edib.
Vahid Orucoğlu
(2 sentyabr 1986-cı il). 2008-ci
ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Dram və kino aktyorluğu
fakültəsini bitirib. 2007-2009-cu illərdə
Dövlət Gənclər Teatrında aktyorluq edib.
2009-cu il may ayının 1-dən Gənc Tamaşaçılar
Teatrının truppasında çalışır.
Maraqlı və cazibəli, məlahətli və
gözoxşayan sifət cizgiləri oynadığı
obrazlara təbiilik və canlılıq verir. Lirik-psixoloji janrlı
tamaşalarda (məsələn, İlyas Əfəndiyevin
"Məhv olmuş gündəliklər"ində Savalan,
Anarın "Şəhərin qış gecələri"ndə
Rasim), eləcə də dramatik, faciə və komediyalarda
dramaturji yükü psixologizm kontekstində işlənmiş
obrazların ifasında (Hüseyn Cavidin "İblis"ində
Vasif) daha çox uğur qazanır. Lirik-poetik faciə
ştrixləri maraqlıdır və hiss olunur ki, həmin
janrda daha sanballı rollarda uğurla çıxış edə
bilər. Qaravəlli oyun üslub-prinsiplərinə,
poetika səciyyələrinə uyğun olaraq şən,
oynaq və məzəli surətlərin yumorlu təqdimində
ölçü hissini unutmur. Ümumən
oyununda həyati təravət güclü, ifadəli və cəlbedicidir.
Ağagül ("Buzovna kəndinin əhvalatları",
Elçin), Mazandaranski ("Oqtay Eloğlu", Cəfər
Cabbarlı), Mixaylo ("Ünvansız qatar", Əli
Əmirli), Əhməd ("Tənbəl Əhməd", Azərbaycan
xalq nağılı) rollarını canlı,
gözoxşayan koloritlə oynayıb. Aktyor
məktəblilər, yeniyetmələr, gənclər
üçün tamaşaların hamısında teatrın
üslub prinsiplərini məharətlə qoruyur. Səhnədə təmkinli və sərbəst,
hadisələrin emosional dairəsi "daxilində"
davranmağı bacarır.
Aktyor fərqli
yaradıcılıq üslubları olan rejissorların
hazırladıqları tamaşalarda Səlim, Dəvəçi
("Ana" və "Şeyx Sənan", Hüseyn Cavid),
Müəllim ("Əcəl atı", Vaqif
Əlixanlı), Stansiya rəisi ("Kod adı:
"V.X.A", Mehriban Ələkbərzadə), Pegginin
atası ("Tanrıya on dörd məktub", Erik-Emmanuel
Şmitt), Kay ("Qar kraliçası", Hans Xristian
Andersen), Rulle, Karl ("Balaca və damda yaşayan Karlson" və
"Uzuncorab Pippi", Astrid Lindqren), Həbəş
("Ezop", Gilerma Fiqeyredu), Birinci qatil ("III
Riçard", Vilyam Şekspir), Aşpaz ("Yatmış
gözəl", Blangi Marvin) rollarında maraqlı oyun tərzi
ilə çıxış edib.
Xaliq Bəkirov
(28 may 1991-ci il). 2016-cı
ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu
fakültəsini bitirib. 2017-ci ildən Gənc
Tamaşaçılar Teatrının truppasında aktyorluq
edir. Dəvətlə Opera və Balet
Teatrında Üzeyir bəy Hacıbəylinin "O
olmasın, bu olsun" operettasında Hambal rolunu oynayır.
Onun ifasında Hambal zavallı, bir qədər
yazıq, məzlum təsiri bağışlasa da,
diribaşdır, cəld və çevikdir. Bir abbası
bəhanəsilə imkan yaranan, ələ düşən
fürsəti fotə vermir, Məşədi İbadın həndəvərində
Aldığı ali təhsil ixtisasına uyğun olaraq musiqi müşayiəti çox olan, sosial-məişət, ictimai janrlarda hazırlanan komediyalarda xüsusi bacarıqla oynayır. Heyrətamiz səhnə plastikası coşqun ilhamla oynadığı Lal kəndirbaz ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Əjdaha ("Məlik Məmməd", Azərbaycan xalq nağılı), Rəqqas ("Danışan gəlincik", Abdulla Şaiq), eləcə də "Bremen musiqiçiləri", "Mauqli", "Qızıl balıq", "Tıq-tıq xanım" nağıl-tamaşalarındakı, "Xırs quldurbasan" məzhəkəsindəki alleqorik rolların bədii bitkinliyinə xüsusi əlvanlıq verir. Dram janrlı "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Göyçək Fatma" (Azərbaycan xalq nağılı) tamaşalarındakı Şahqulu, Şahzadə obrazlarında da zərifliklə işlənmiş şirin yumor çalarları var.
1-ci dustaq, 2-ci oyunçu ("Don Kixot", Migel de
Servantes), Təpəgöz, Quldur, Furiya ("Sindibad". "1001 gecə"
nağılları əsasında), Su Şahzadəsi
("Quliver cırtdanlar ölkəsində", Conatan Svift),
Gürcü ("Şeyx Sənan", Hüseyn Cavid), Qoca
Moor ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Usta Şirin ("Şirinlər", Pierre
Cullifod), Döyüşçü ("Leyli və Məcnun",
Məhəmməd Füzuli), Qaraçı ("Qaraca
qız", Abdulla Şaiq. Süleyman Sani
Axundovun eyniadlı əsəri əsasında), Baltazar, Birinci
mühafizəçi ("Romeo və Culyetta", Vilyam
Şekspir), Kolya ("Çeburaşka", Eduard Uspenski),
Bloxer ("Dəlixanada qətl", Fridrix Dürrematt)
rollarında aktyor formalaşdırdığı plastika hərəkətləri
yeni kolorit və ritm ahəngində canlandırır. Xalıq Bəkirovun cəldliyinin, plastika zərifliyinin
gözəlliyi orasındadır ki, o, bu imkandan oynadığı
obrazın xarakterinə uyğun tərzdə, yaradıcı
coşquyla istifadə edir.
İlham
RƏHİMLİ
525-ci qəzet.- 2023.- 16 may.- S.12-13;14.