Etnik mədəniyyət və etnopsixologiya  

 

Turana qılıncdan daha kəskin ulu qüvvət

Həp mədəniyyət, mədəniyyət, mədəniyyət

Hüseyn Cavid

Hər bir etnosun tarixdə mövcudluq əlaməti ilk növbədə mədəniyyətidir. Etnosun milli psixologiyası ən aydın şəkildə onun mədəniyyətində əks olunur. Məlum təsnifata görə iki cür mədəniyyət qeydə alınır: maddi mədəniyyət və mənəvi mədəniyyət. Onlar öz bədii fəlsəfi ifadə tərzlərinə görə fərqlənir. Maddi mədəniyyət statik, mənəvi mədəniyyət dinamik səciyyə daşıyır. Ona görə də maddi mədəniyyət daha mühafizəkar, mənəvi mədəniyyət isə dəyişkəndir. O, tarixin və etnosun tarixdəki məramının tələbinə uyğun olaraq təkamül prosesi keçirir. Maddi mədəniyyət daha çox etnosun yerləşdiyi əraziyə - relyefə uyğun olaraq inkişaf edir. Mənəvi mədəniyyət isə etnosun mənsub olduğu cəmiyyət həyatının xarakterinə müvafiq yaradılır. Fəqət hər iki mədəniyyətdə etnosun adət-ənənəsi, vərdişləri, düşüncə tərzi əxlaqi-etik xüsusiyyətləri - bir sözlə, psixologiyası - etnopsixologiya əksini tapır.

Mənəvi mədəniyyət - bədii ədəbiyyat incəsənət - teatr, kino sənəti, rəssamlıq, musiqi... etnopsixologiyanı nəinki qoruyub saxlayır, həmçinin cilalayır. Etnopsixologiya adət-ənənələri - toy və yas mərasimlərini, milli və dini bayramları forma və məzmunca müəyyənləşdirir.

Qədim və ulu xalqımızın, millətimizin tarixi-taleyini ifadə edən adət-ənənə və mərasimlər X əsrə - türk babalarımızın  islam dinini qəbul etdikləri dövrə qədər təbii-naturalist fəlsəfəyə, ən qədim, möhtəşəm abidəmiz olan ulu Zərdüştün "Avesta" abidəsinə və Tenqriyə (Tanrıya!) tapınmışdır. Lakin müqəddəs dinimizin qəbulundan sonra dini ayinlər və mərasimlər, Quran ayələri türk həyat tərzinə əsaslı şəkildə daxil olmuş, monteist təfəkkür tərzi etnik mədəniyyətdə və etnopsixologiyada özünə möhkəm yer eləmişdir. Müsəlmançılığın dini itaəti, xüsusən onun birinci və əsas şərti "Əşhədiənla ilahə ilellah, əşhədü ənla Mühəmmədin Rəsul Allah" - kəlmeyi şəhadəti türk etnosları üçün həyat tərzində, maddi və mənəvi mədəniyyətdə əsas çıxış məqamı olmuşdur. İslam dini qədim türk cəmiyyətində "Böyük rol" mədəniyyətində, köçəri psixologiyasında mənəvi tarazlıq yaratdı.

Tarixdə və həyatda heç bir şey mədəniyyət qədər milləti tanıda bilməz. Mədəniyyət və onun sahələri öz bədii forması, poetik cazibədarlığı ilə bütün bəşəriyyətin beyninə və qəlbinə estetik təsir göstərir. Hər bir milli mədəniyyət milli hüdudlarda ilişib qalmır, onu dərk edən, onu sevən və duyan hər kəsin mənəvi sərvətinə çevrilir. Mədəniyyətin, xüsusən musiqi mədəniyyətinin dili olmadığı kimi, sərhəddi də yoxdur. Mədəniyyət və incəsənət dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün insanları birləşdirən Ruhi aləmdir.

Mənim mənsub olduğum türk etnik mədəniyyətinin beşiyi başında ozan-qopuz sənəti dayanıb. Ana laylası bizim gözümüzü açıb, şüurumuza qida verib. Ozan-qopuz sənəti türk etnosuna türk epos mədəniyyətini bəxş edib, "Kitabi-Dədə Qorqud"u, "Manas"ı, "Alpamış", "Ural Batır"ı, "Koroğlu"nu və başqa tarixi, fəlsəfi-bədii sənət zirvələrini yaradıb. Bu möhtəşəm eposlar türk etnosunun həyat tərzini, tarixi varlığını, düşüncə anlarını, poetik və estetik zövqünü, duyumunu, psixologiyasını unikal bir şəkildə əks etdirir.

Türkün sinəsindəki SAZ türkdən əvvəl dillənib, onun qəlbinin ritmini, ahəngini bəyan edib.

Türk etnosunun dünya ədəbi-mədəni prosesinə verdiyi ən əzəmətli bədii-fəlsəfi  mədəniyyət nümunəsi "Böyük Çöl mədəniyyəti"dir. İslamın qəbulundan sonra Böyük Çöl mədəniyyəti Cahiliyyə Ərəbinin Səhra mədəniyyəti ilə yola gedə bilmədi, Böyük Çöl mədəniyyətinin demokratizmi, azadlıqsevərliyi səhra mədəniyyətinin ehkama əsaslanan qaydalarını qəbul etmədi. Daha dəqiq desək, ərəblərin zorla tətbiq etdiyi çərçivəyə sığışmadı. Türklər təbiətin övladlarıdır. Təbiət tanrının şah əsəridir. Türk təbiətlə nəfəs almağa öyrəşib. Təbiət isə saxtakarlığı, qeyri-səmimi, süni münasibəti sevmir. Dəniz çirkabı özündə saxlamadığı, dalğaları ilə vurub sahilə çıxardığı kimi, türk cəmiyyəti də təbiətə əsaslanıb özünü saflaşdırmağa qabil idi.

Türkün düşmənləri bu etnosu tarixin Hun dövründən irəli apara bilmirlər. Halbuki türk etnosunun xalq, millət kimi yaşam tarixi 5000 ilə söykənir.

Böyük türkçü filosof Ziya Göyalp 1915-ci ildə "Millət" şeirində yazıb:

 

Sorma mana oymağımı, boyumu

Beş min ildir millət kimi yaşaram.

 

Şumerşünas S.N. Kramer. "İstoriə naçinaetsə v Şumere" kitabında Şumerlərin Altaydan köçüb gəlməsi fikrini əsaslandırır. "Qədimdə Altayda türklərdən başqa millət yaşamamışdır" (Həbiboğlu B. "Qədim türklərin dünyagörüşü". Bakı, 1996, s.25).

Tarixçi yazıçı Əlisa Nicat təsdiq edir ki, "Şumerlər tarixə məlum olan ən qədim türk xalqı idi" (Bax: Şumerlər - ən ulu türklərdir. "Azərbaycan", 12 dekabr, 1992).

Türkiyəli tədqiqatçı Besim Atalay hələ XX əsrin 20-ci illərində şumerlərin türk ulusu olduğunu irəli sürmüşdür. Onun fikrincə, Akkad dövləti 5000 il bundan əvvəl İraqda yaşamış türk ilisi idi. Yeddi min illik əski bir varlığı olan Turan mədəniyyətinin təməlini qoymuş və mixi yazını yaratmışdır (Bax: Qəhrəmanov C, Xəlilov Ş. "Yusif və Züleyxa". Bakı, "Elm", 1991, səh.21-22). Buraya böyük türk alimi və şairi Oljas Süleymanovun məşhur "Azya" araşdırmasında şumer - türk birliyi haqqında təsdiq olunmuş mülahizələri də əlavə etmək olar. Bu faktları ona görə qeyd edirik ki, turan - türk mənəvi mədəniyyətinin qədimliyi az da olsa görünsün.

Qədim etnik mədəniyyətimizin əsasında türk mifologiyası - türk mifik təfəkkürü dayanır. Türk mifi bəşəriyyətin ilkin düşüncə, inam və inanc tərzini unikal şəkildə əks etdirən ən aydın etnik mədəniyyət forması idi. Miflərimiz qədim dünya modelini kifayət qədər dolğun və aydın əks etdirir.  Azərbaycan - türk mifləri bu etnosun mədəni dünyagörüşünün, estetik deyim və duyum tərzinin zəngin ensiklopediyasıdır. Miflərimiz bizə etnosumuz, onun həyat və yaşam tərzi, gözəlliyi fəhm üsulu, bir sözlə, etnopsixologiyamız barəsində ən qədim məlumatları verir. Biz əvvəlcə mifik dünyagörüşümüzdən, sonralar isə mükəmməl epos mədəniyyətimizdən kimliyimizi, haradan gəlib, haraya  getdiyimizi öyrənə bilirik. Ən əsas isə budur ki, bu janrlar onları şifahi şəkildə günümüzə gətirib çatdıran xalqın təfəkkür imkanlarını, bədii-fəlsəfi zövqünü və böyük istedadını əks etdirir. Və ən başlıcası: miflərimizdə, mifə söykənən nağıllarımızda (məsələn, "Məlik Məmməd" nağılında) və dünyaya sahman və düzən, bəşəriyyətə fikri-estetik örnəklər verən eposlarımız mənəvi mədəniyyətimizin qiymətli sərvətləridir.

Etnopsixologiya etnosun tarixdə davranış normalarını müəyyən edir. Bununla bərabər, etnopsixologiya milli mentaliteti formalaşdırır, milli mentaliteti səciyyələndirən bütün  atributlara, o cümlədən, mənəvi mədəniyyətə şüuraltı təsir göstərir.

Açıq səma altında yaşayan tariximiz, - Qobustan daş kitabələri, oradakı rəsmlər Azərbaycan türklərinin etnik mədəniyyətinin 5-7 min illik qədim dövründən soraq verir. Məşhur səyyah Tur Heyerdalın heyrətinə əsaslansaq, deyə bilərik ki, qədim əcdadlarımızın bu daş kitabələri bütün dünya mədəniyyətinin heç vaxt solmayan tarixidir. Bəşər tarixi Şumerdən də əvvəl Qobustandan başlanır. Təəssüf ki, onun sirrini və sehrini biz hələ tam açmamışıq.

Qobustanla Qız qalası arasındakı Günəş yolu haqqında cüzi məlumatlar olsa da, bu geoslitrik sistem hələlik öyrənilməyib.

Etnik mədəniyyət və etnopsixologiya məşğuliyyət tərzi ilə də bağlıdır. Məsələn, heyvandarlıqla məşğul olanlar, əkinçiliklə dolananlardan öz gözəllik duyğusuna, poetik və estetik zövqünə, dünyagörüşünə görə müəyyən qədər fərqlənir.

Etnik mədəniyyət mənəvi-əxlaqi sərvətlərin fəal (və gözəllik qanunları üzrə!) daşıyıcısıdır. Qədim (və elə indiki!) türk cəmiyyətində belə idi: o şey ki, əxlaqı cəhətdən düz deyil, o, heç bir baxımdan düz və doğru ola bilməz. Etnik mədəniyyətin guşə daşında əxlaqi fəzilətlər dayanırdı. Sonra həzz və iztirab onun iki əsas qütbünü təşkil edirdi. Bütövlükdə türk Eli əxlaqi sərvətlər sərgisi idi: namus, qeyrət, mərhəmət, vicdan, ədalət bu səpkidə əsas yer tuturdu. Bunlar həm də təbii olaraq türklərin etnopsixologiyasının gələnəkləri və təsisatları idi. Böyük filosof və əxlaqşünas N.Tusi "Əxlaqi-nasirin" əsərində yazırdı ki, ev daşdan, divardan, qapı və pəncərədən ibarət deyil, daşın, divarın içindəki insanlardan ibarətdir. Türk də təkcə keçədən, kilimdən ibarət deyildi, onun içərisindəki ruhdan ibarət idi. Bu ruh və ehtiras onların vətən əxlaqını, ailə kultunu - etnik mədəniyyətini və qəhrəmanlığını, fatehliyini təmin edirdi. Türklər təkcə vətənlərini deyil, həm də bir-birlərini sevirdilər, türk cəmiyyəti belə sevgiyə əsaslanan ünsiyyət sayəsində qurulmuşdu.

Türk etnik mədəniyyətinin şah əsəri Novruz mərasimidir. Bu mərasim bir ay ərzində -  dörd çərşənbə mərhələsindən keçərək formalaşır: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi. Türk ellərində bu çərşənbələrin özəl mənasını bilməyən yoxdur. Su, Od, Yel, Torpaq - bu dörd ünsür türk uyğurların yaşadığı qədim Çində çarvanların fəlsəfəsində yer alıb. Bizim türk klassik poeziyasında (Məsələn, Nəsimidə) Abaum və Ümmühatun, yəni "Atalar" və "Analar" işlədilir. Ata-ana dedikdə yeddi səyyarə: Günəş, Ay, Merkuri, Mars, Venera, Saturi və Yupiter (yeddi ata). Ədəbi - aba-səba, yaxud əbül-ülvi səmada yaşayan atalar nəzərdə tutulur: "Ümmühaq" - analar ifadəsi də dörd ünsürə işarədir - od, su, külək, torpaq nəzərə alınır. Bunlara, ümmətül - ərbəə (dörd ana) bəzən də ümmühaqi - süfli (alçaqda yer kürəsində yaşayan analar) deyilir (Bax: İmadəddin Nəsimi. Seçilmiş əsərləri, Bakı, Azərnəşr 1973, s.647). Bütövlükdə Novruz təbiət simvoludur. Türk məişətinin fəlsəfi səpkisidir. Novruzun 5000 ildən artıq tarixi var. Bu yaz bayramı türklərin Peyğəmbəri Zərdüştün "Avesta" abidəsində öz tarixi-fəlsəfi, etnik dünyagörüşündə sistemə salınıb. Həzrəti Zərdüşt Azərbaycan ərazisində - Urmiya gölü ətrafında doğulub, yaşamış müdrik bir türk idi. Bunun İranla fars təfəkkürü ilə heç bir əlaqəsi yoxdur. Fars dilində (tarixi bir səhv olaraq!) Yeni gün mənasını verən Novruz əslində Təbiət bayramı, Bahar bayramı adlandırılmalıdır. Bu təbiətlə qovuşuqda yaşamış qədim türklərin təbii-etnik Yeni il - Yeni tarixin başlanğıcı - teatrallaşması bir təfəkkür sistemidir.

Türk etnik mədəniyyətini səciyyələndirən, şöhrətləndirən əsas cəhət dini, irqi əlamətlərə fərq qoymadan bütün etnoslara eyni insani münasibət bəsləməsidir. Haqq-ədalət, mərhəmət, humanizm bu mədəniyyətin əsasını təşkil edir. Ümumtürk mədəniyyətinin korifeyləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mövlanə Məhəmməd Füzuli, Yunis Əmrə, Mövlanə Cəlaləddin Rumi, Əlişir Nəvai, M.F.Axundov, Hüseyn Bayqara, Abay Kunanbayev, Çingiz Aytmatov türklərə mənsub olduğu qədər də bütün bəşəriyyətə məxsusdur. Çünki onların yaradıcılığı bəşəri insanı tərənnüm edir, humanizmi təbliğ edir. Eləcə də bir qədər yaxın müasirlərimiz - Ü.Hacıbəyli, S.Vurğun, Q.Qarayev, S.Bəhlulzadə, M.Abdullayev, T.Salahov, T.Nərimanbəyov dünya mədəniyyətini ulu və qüdrətli türk ruhu, türkün qurucu ehtirası ilə zənginləşdirmiş bu ruhun ölməzliyini təmsil etmişlər.

Böyük  Zəfərlə şərtlənən müasir sivilizasiyamızın əsasında belə bir qüdrətli, yenilməz və işıqlı Ruh dayanır.

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

525-ci qəzet.- 2023.- 16 may.- S.11.