Mir Cəlalın nəsr
yaradıcılığı: aktual mövzular, ali ideyalar
(Əvvəli ötən sayımızda)
Humanizm Mir Cəlal
yaradıcılığının əsas xətti, başlıca prinsipidir. Janrından asılı
olmayaraq onun bütün əsərlərinin
arxasında bu prinsip dayanır. O, insanı həmişə
İnsan kimi görmək istəyir...
"İnsanda hər
şey gözəl olmalıdır" devizi ilə... "Qulluqçu
haqqında" hekayəsində
insanlıqdan uzaq, analıq, qadınlıq hissləri yad olan nənədən danışılır. Bu yazıçının ən
təsirli hekayələrindən
olub oxucunun qəlbini oyur. Çox şübhəsiz
ki, Mir Cəlal
1964-cü il üçün xarakterik olmayan bu mövzunu
həyatdan götürmüşdür.
Bu, bir məişət
miniatürü deyil, ictimai hadisədir ki, yazıçı uşağın gözü
və dili ilə çatdırır.
Zalım,
qansız qadın kənddən gətirib evində işlətdiyi yetim uşağa olmazın zülm edir, ən sadə
hüquqlarını da
tapdalayır. Təhkiyəçi yetim Rüstəmin yaşıdı olduğundan
və situasiyanı özü ilə müqayisədə təqdim
etdiyindən mənzərə
daha aydın və ağrılı görünür. "Nənəm
Rüstəmi yatmağa
qoymur, amma məni salır kravata, üstümü örtür ki, yatım... Nənəm gələn kimi
Rüstəm başlayır
şüşələri silməyə.
Nənəm mənə
acıqlanır ki, boğazına toz gedər, Rüstəmin yanında dayanma... Nənəm Rüstəmə
quru çörək
verir, o da çaya batırıb yeyir, süfrədə heç nə qalmır... Məni məktəbə qoyurlar, amma Rüstəmi qoymurlar.
Mən ona kitab verəndə
nənəm gəlib əlindən alır.
Rüstəm ağlayıb kəndlərinə
getmək istəyir.
Atam avtobus pulu verəndə nənəm dalaşdı:
- Beləsini hardan tapacaqsan?" - dedi. Hekayə ilk cümləsindən son sətrinəcən
ürək dağlayır.
Hekayədə ictimai qınaq da görünür,
upravdom, qəzetçilər...
Yazıçı bu cür eybəcərliyə göz
yummamağa, məzlumun
gücü çatmayanda
köməyinə gəlməyə,
hüquqlarını müdafiə
etməyə çağırır.
İki səhifədə bu qədər vacib məsələ qaldırıb
həllini göstərməyi
yalnız Mir Cəlal kimi böyük yazıçı bacarardı.
Süjet,
fabula, yazı manerası o qədər orijinaldır ki, nə qədər düşünsəm də,
müqayisə etməyə
analoji əsər tapmadım.
Mir Cəlalın yazıçı
səriştəsinə bütün
janrlar tabedir... O, asanlıqla epik çərçivədə var-gəl
edir, hər birində özünü
yerində hiss edirdi. Yol qeydləri "Parisdə görüş" kimi.
Səfər təəssüratı oçerkin növlərindən
biridir. Özü də ən
maraqlısı, janr kimi ən qədimi.
"Parisdə görüş"ü
Mir Cəlal 1960-cı ildə,
SSRİ-də "dəmir
pərdə"nin hökm sürdüyü bir dövrdə, Fransaya ongünlük səyahətindən sonra
qələmə almışdı.
Yol qeydləri həmişə
cəzbedicidir, amma traveloq yazıçı olanda, özü də veteran yazıçı
olanda, onun təhkiyəsində bir ayrı cür cəlb edir, ikiqat, üçqat zövqlü olur. Mir Cəlal bu
səyahətnaməsi ilə
əsas missiyasına
- nələrə diqqət
etməyə, nəyi
qabardıb önə
çəkməyə, oxucunu
necə ardınca aparmağa müvəffəq
olmuşdur. Burada təsvir
predmeti kimi şəhərin mərkəzi
və "həvali"si,
ritmi, tarixi və görməli yerləri, insanların məişəti, Fransanın
digər şəhərləri
götürülür. Müəllif yazıçı olduğu üçün
Fransanı birinci növbədə "yalnız
Fransa xalqı üçün deyil, dünya ədəbiyyatı
və mədəniyyəti
üçün əziz
və qiymətli olan Hüqo, Balzak, Zolyanın vətəni" hesab edirdi. Və əlbəttə ki, Mir Cəlal bir ali məktəb
müəllimi olaraq Sarbon darülfununu barədə yazmaya bilməzdi. O darülfunun ki, 1253-cü ildə lX Lüdovikin ruhanisi Sorbon tərəfindən yaradılmışdı.
Səfər proqramında olmasa
da, "bizim dəstədə alimlər
olduğu üçün
oraya getməyi təkid etdik və getdik". Mir Cəlaldan sonra
1969-cu ildə həmin
o Parisi, Marseli bizə bir də
"Fransız qobeleni"
sənədli povestində
yazıçı İmran
Qasımov göstərdi.
Elə həmin aralıqda tərcüməçi Mişel
Parfenov da
"1950-60-cı illərdə Paris üzrə gid" qeydlərində bu gündən baxanda maraqlı görünən
bəzi məsələləri
işıqlandırmışdı.
Siyasətçilərin, hətta, gələcəyin
prezidenti -sosialist F.Mitteranın müştərisi
olduğu restoranları,
ədəbiyyat reputasiyalı
və burjuaz kontingentli kafeləri, həmçinin yarı zirzəmi, tüstülü
qəlyanaltıları tərif
edirdi. Həmin illərdə Parisdə
məşhurlardan, hətta,
Jan Maredən də avtoqraf istəməyin qəbuledilməz olduğunu
vurğulamışdı. Bu təsvirləri birləşdirdikdə 60-cı illər Fransasının mənzərəsi açılır.
Bugünümüzdən baxanda,
hər kəsin rahatlıqla bilet alıb istədiyi istiqamətə uça bildiyi bir zamanda
63 il əvvəlin
mümkünsüzü hətta
olduğundan da uzaq görünür. "Paris gözəl şəhərdir, amma biz
boğuluruq. Burada hər
şey, quş südü də var, ancaq quş
qədər nəfəs
almağa imkanımız
yoxdur". Burada sıxlığa,
əhalinin çoxluğuna
işarə edilir.
Məkan həmin məkandır, zaman maşını isə 63
il irəli
gəlib. Bu zaman
sıçrayışı müddətində Parisin
əhalisi 6 milyondan...
2 milyona düşüb.
Statistikaya görə,
Fransa paytaxtının
əhalisi hər il 12 min nəfər
azalır. Bizim reklam təsəvvürümüzün
primitiv vaxtında bütün kapitalist ölkələrinin "zahirində
ən güclü şey reklam idi". İndi özümüz həmin nöqtəyə
çatmışıq. Mir Cəlalın o qeydləri bu gün də həvəslə oxunur, müqayisəyə yol açır, qələmin
gücünə heyran
edir. Mənfur düşmənlərimizə haqsız
açıq simpatiya səbəbindən bu gün Fransa ilə münasibətlərimizin
istənilən kimi getmədiyi bir vaxtda "dünyanın paytaxtına" Mir Cəlalın
gözü ilə baxmaq düşündürür,
təəccübləndirir, təəssüfləndirir. Lakin işlər
siyasi planda yaxşı getməsə
də, iqtisadi və başqa sahələrdə uğurlu
əlaqə ümid də verir. Necə deyərlər, hər şey əbədi nə pis ola bilər, nə yaxşı. Dövlətimizin uzaqgörən siyasəti
zamanla hər şeyi yoluna qoyacaq. Qalibləri mühakimə etmirlər.
Fransızlar demişkən,
se-la-vi! (Həyat belədir)
Mir Cəlal cəsarətli
bir satirikdir. "Qonaqpərəst" nadanlığı
sərt, amansız qamçılayır. Yazıçının başqa yolu yoxdur. Axı bu qədər
də cahil, streotiplərlə yaşamaq
olmaz. Sabirvari "Şirin söhbət"
ailə-məişət mövzusunda
kəskin satiradır.
Təəssüf ki, ailə daxili "sivilizasiyaları
toqquşması" bütün
zamanlar üçün
aktualdır.
Mir Cəlalın müəllim-tələbə mövzusundakı hekayələri illərin pedaqoji fəaliyyəti və təcrübəsinə, olmuş hadisələrə əsaslanır. Ədəbiyyatın da "vəzifəsi hadisələri ideyalara çevirməkdir". "Qəbul imtahanı" hekayəsi 25 yer uğrunda 125 nəfərin qatıldığı müsabiqədən danışır. Müəllif onların hər birinə haqq verir, zəifinə də, güclüsünə də. Hər birini tələbə olmağa layiq bilir, düz yolda olmağına sevinir. Ordudan tərxis edilənin də, istehsalatdan gələnin də, məktəbi medalla bitirənin də. Hətta möhürlü kağızı bir cümlə də yazmayıb təhvil verən abituriyentə qoca müəllim: " - Qızım, görünür, həyəcanlı olmusan, bir şey yazmamısan. Biz səni başqa qrupla təzədən çağırarıq, yazarsan, narahat olma!" - deyir. Bu da müəllimin humanizmindən, millətinin övladına böyük sevgisindən irəli gəlir. Buradakı həssas müəllimin yazıçının özü olduğuna heç bir şübhə qalmır. "Cavanlar! Sizə eşqlər, şərəflər, səadətlər olsun!" - xeyir-duası ilə xoş məramını bir daha bildirir.
Mir Cəlalın geniş diapazonlu fəaliyyətinin bir qalın budağıda elmdir, alimlikdir. O, ədəbiyyatşünas, elmlər doktoru, professor, Əməkdar elm xadimi olmuş, neçə-neçə dərsliklərin, monoqrafiyaların müəllifi kimi tanınmışdı.
Ədəbi aləmdə 1932-ci ildə "Sağlam yollarda" oçerklər kitabı ilə debüt edən Mir Cəlalın indiyə qədər 70-dən çox kitabı çap olunub.
Mir Cəlal sözün
ali mənasında bir
şəxsiyyət idi. Əslində,
sözə elə bundan başlamaq
lazımdır. Gənc yaşlarından kamil
əsərlər yaratmaqla ustalıq və
müdriklik nümayiş
etdirən yazıçı yalnız şəxsiyyət olduğu təqdirdə belə qiymətli irs qoyub gedə bilərdi.
Yaradıcılığı onun şəxsiyyətinin
aynasıdır. Mir Cəlalın
İnsanlığı, "Allah tərəfindən
verilmiş, bağışlanmış"
mənasını verən xarizması qəlblərdə, həyatı
əks etdirdiyi üçün
gələcəkdə də aktual olacaq yaradıcılığı ədəbiyyatda
qalacaq.
Dilarə ADİLGİL
525-ci qəzet.- 2023.- 17 may.- S.15.