Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
Dünyada ikicə yer
var idi ki, Allah qarşısında Ralf Meggiyə məxsus idi -
bu, kurort adası və Droqheda idi. Lakin
Megginin başqa imkanları da meydana gəlmişdi. Ona Ralfla yaxınlıqdan hamilə olduğu məlum
olduqda, Lyukun yanına getdi ki, son dəfə onunla yatsın ki,
uşağın ərindən olmadığına
şübhə yaranmasın. O,
düşündüyünə də nail oldu və Droqhedaya
qayıtdı. Orada o, oğlan uşağı
doğdu və adını Den qoydu. Uşaq
hər şeydə Ralfa oxşayırdı.
Romada isə vəziyyət ürəkaçan deyildi. İl
Duçenin qara köynəkliləri küçələrdə
ağalıq edirdi. Qarşıda çətin
dövrün olacağını Ralfı əhatə edən
din xadimləri hiss edirdilər. Hitler 1939-cu ilin
sentyabrında Polşaya müdaxilə etdi. Bir qədər sonra İkinci Dünya müharibəsi
başlandı. Avstraliyalılar da bu
müharibədə Müttəfiqlər tərəfdə iştirak
edirdilər. Megginin iki qardaşı
Afrikanın şimalındakı İkinci Alameyn
döyüşündə almanlara qarşı
vuruşmuş, sonra salamat vəziyyətdə Droqhedaya
qayıtmışdılar. Nəhayət, 1945-ci ilin
sentyabrında altı aqoniya ilindən sonra İkinci Dünya
müharibəsi başa çatdı, on milyonlarla adam həlak oldu, tarixdə görünməmiş
nəhəng sayda ailələr bədbəxt taleyə nəsib
oldu.
Megginin dünyasının isə öz parametrləri
var idi. O
bilirdi ki, Ralf Allahdan heç vaxt imtina etməyəcəkdir. Den onun oğlu olduğundan, Meggi Ralfın bir hissəsini
özündə saxlamağı qət etmişdi. O,
oğlunu, bəlkə özündən də çox istəyirdi.
Lakin anasına demişdi ki, Allah həmişə xoşbəxtliyi mənim əlimdən
alır. Onun uşaqları artıq
böyümüşdülər, qardaş və bacı
artıq Sidneydəki məktəbdə oxuyurdular.
Ralf
katolik kilsəsinin mərkəzi iyerarxiyasına daxil olmaqla,
papa siyasətini həyata keçirirdi, az
sayda mühüm adamlardan birinə çevrilmişdi. O,
müharibə nəticəsində qaçqın
düşmüş minlərlə adamın əcnəbi
ölkələrdə sığınacaq tapmasına köməklik
göstərmiş, Avstraliyaya immiqrasiya proqramının həyata
keçirilməsində çox iş
görmüşdü. O, qısa müddətə Avstraliyaya
gələndə Droqhedaya, Meggigilə baş çəkdi.
Onu qarşılayan Den və bacısı ilk dəfə
kardinalla əyani tanış oldular.
Meggi ilə görüşəndə isə, onlar
qucaqlaşdılar. Ralf Denin Lyukun oğlu olduğunu güman
edirdi. Meggi də onda hansısa bir
şübhə oyanmasına imkan vermirdi. Ancaq
oğlan kardinalın çox xoşuna gəlmişdi.
Megginin artıq 41 yaşı var idi və Ralfla onun
tanışlığından 30 il
keçirdi.
Meggi Ralfa
dedi ki, Droqhedada sən mənimkisən. Söhbətlərinin
birində isə qaratikan quşu barədə Kelt əfsanəsini
sevdiyini söylədi, balaca qız olarkən keşiş onu
Meqqiyə danışmışdı. Bu
quş ürəkdən oxuyub, öldü. Həyatda da hər kəs özünün
kiçik şərqisini oxuyur, bununla da başqalarını
inandırmağa çalışır ki, onun oxuduğu,
dünyada heç vaxt eşidilməmiş bir nəğmədir.
Biz öz qaratikanımızı yaradırıq
və heç vaxt ona görə ödəyəcəyimiz
haqqın qiymətini hesablamağı dayandırmırıq.
Bütün edə bildiklərimizin
hamısı, əslində, ağrı əzabıdır və
özümüzə deyirik ki, bu ağrı ona layiq idi.
Meggi Ralfa dedi ki, bu ağrının nə olduğunu Allahdan
soruş, axı ağrı üzərində də hakimiyyəti
olan odur. O, bütöv dünyanı yaratmışdır, ona
görə də O, həmçinin ağrı paylayır.
Ralf da öz inamında şübhələrə yol verirdi,
öz sevinc mənbəyini az qala
sitayişə bərabər olan hesab edirdi. O, Meggi ilə
eşqə dalanda, onu Messa (Katolik kilsəsəndə Allaha başlıca ibadət - məqalə müəllifi)
tək bir müqəddəslilik sehrliliyi kimi qəbul edirdi.
Den isə
kardinal Ralfdan uzaqlaşmırdı, o, Droqhedanı tərk edəndən
sonra bir gün anasına dedi ki, keşişdən başqa,
heç nə olmaq istəmir. O, oğlunun keşiş
olmasını heç cür istəmirdi. Oğlu
isə fikrindən dönmədi və dini kollecə daxil oldu.
Anası yumşalıb, onu kardinal de
Brikassarın yanına göndərəcəyini vəd etdi.
Əri
öldükdən sonra onlarda yaşayan Annaya Meggi öz
oğlunu itirdiyini dedi, axı oğlu keşiş
olmağı qət etmişdi. Sonra əlavə
etdi ki, mən Ralfı Allahdan oğurlamışdım, indi
bunun haqqını oğlumla ödəyirəm. Axı o, Ralfa Den barədə nəsə deməmişdi.
Ralf da öz növbəsində Denin onun
oğlu olduğunu anlamamışdı. Meggi
isə oğlunu artıq onun yanına göndərirdi.
Anna ona dedi ki, sən Allahların necə qısqanc
olduqlarından halisənmi? Onlar sənə hələ
çox şey edə bilərlər. Meggi isə cavab verdi ki, onlar mənə bundan artıq daha nə
edə bilərlər?
Ralf Romada Deni əziz Megginin oğlu olduğuna görə
özünün əzizi hesab edirdi, ancaq heç
ağlına da gəlmirdi ki, bu, onun öz oğludur. Meggi Ralfa məktubunda
oğlu üçün məsuliyyəti onun üzərinə
qoyduğunu yazırdı və əlavə etmişdi ki, mən
oğurladığımı geri qaytarıram, bu, məndən
tələb olunurdu. Qoy gözün onun
üstündə olsun, o, birinci növbədə mənə
məxsusdur, indi onu sənə verirəm.
Den olduqca mömin gənc idi. Kardinal Ralfa bildirdi ki,
Allahın naminə ölümlə üzləşməyə,
həbs olunmağa, ac qalmağa da razıdır. O,
Allahı çox sevməklə daim ona xidmət edəcəkdir.
Avropanı
ilk dəfə görən Den İtaliyanı gəzdikdən
sonra Yunanıstana keçdi, orada Fermopil keçidində bizim
eradan əvvəl 480-ci ildə nəhəng Persiya ordusu ilə
vuruşda həlak olmuş 300 spartalının şərəfinə
qoyulmuş abidəni ziyarət etdi. Spartalılara
çar Leonid başçılıq etmişdi. Sonra o, Krit adasına gəldi. Bir
gün o, Aralıq dənizində çimirdi. Tufan qabağı dənizdə axın xeyli güclənmişdi.
Lakin o, yaxşı üzgüçü
olduğundan, heç bir təşviş hissi keçirmirdi.
O, dənizdə
çimən iki alman qadına ehtiyatlı olmağı
qışqırıb desə də, az
sonra qadınların batdığını gördü. O,
üzüb qadınlara yaxınlaşdı, onları xilas edə
bilsə də, özü yorulduğundan dənizdə
batdı. O, heç də ölmək istəmirdi, ancaq dəfələrlə
Sahibə müraciət edərək, bildirmişdi ki,
ağrı səninkidir, mən onu qəbul etməliyəm, Sənin
iradənlə mən mübarizə apara bilmərəm.
Öləndə qışqırdı: "Mənim
Allahım, artıq mən səninəm! Mən
Səni sevirəm!"
Kritlilər meyitə baxıb, artıq xoşlarına gəlmiş
bu oğlanın ölümünə heyifsilənirdilər. Aktrisa olan
bacısı Londondan Droqhedaya zəng vurub, bəd xəbəri
anasına çatdırdı. Meggi bu xəbəri
eşitdikdə elə bil ki, dərin uçuruma
düşmüşdü, axı Den onun üçün hər
şey idi. Allahları gərək
şirnikləndirməyəsən, onlar bunu sevirlər.
O, axırda başa düşdü ki, haqqı ödəməli
imiş. Tərslikdən, bu vaxt Yunanıstanda
inqilab baş vermişdi, bu ölkə ilə əlaqə
saxlamaq da çətin idi.
Meggi şikayətlənməyə başladı ki,
acgöz Allah, sən yaxşı olanları yığıb
aparırsan, qalan bizlərlə isə dünyanı
çürüməyə qoyursan.
Meggi
Romaya, Vatikana gəlib, Ralfla görüşdü.
Axırıncı dəfə onlar 13 il əvvəl
görüşmüşdülər. Kardinal
Ralf onu güclə tanıdı. Meggi ona Denin
öldüyünü dedi. Ralf özünü
itirmişdi, təkrar edirdi ki, o, ölə bilməz.
Sonra Göyə müraciət etdi: "Ey əziz Allah!"
Meggi bu
sözləri eşidəndə qeyzlə dedi: "Ralf, sənin
əziz Allahın barədə narahat olma! Mən
sənə kömək barədə xahişə gəlmişəm,
sənin dərdinə şərik olmağa yox!" Bildirdi ki, sənin dərdin mənə təsir etmək
gücündə deyil, oğlum Kritdə dəfn olunmuşdur,
ancaq onun cəsədini Droqhedara götürüb, orada dəfn
etmək lazımdır. Ralf bu qərarın
düzgün olduğunu bildirdi, axı o, özü də
öləndə Droqhedada dəfn olunmağını istəyirdi.
Meggi Ralfın onunla birlikdə Yunanıstana getməli
olduğunu bildirdi, onun köməyilə oğlunu geri ala bilərdi. Ralf onun oğlunu öz
doğma oğlu kimi sevdiyini dedi və əlavə etdi ki,
çox mühüm konqress keçirildiyinə görə o,
bu vaxt Romanı tərk edə bilməz.
Meggi
cavabında dedi ki, Den həm də sənin oğlun idi, Metlok
adasında mən hamilə olmuşdum. Den sənin
idi, Lyukunku deyildi. Denin ölüsünə
and içirəm ki, o, sənin oğlun idi. Ralf bu sözləri eşitdikdə, ağlamağa
başladı. Meggi ona dedi: uzun illər idi ki, sənin
oğluna malik idim, sən isə bunu bilmirdin, anam isə elə
uşaq doğulan vaxt bunu bilmişdi. Denin təkcə
saçı səninkindən fərqli idi, qalan hər şey
səninki idi. Axı mən məktubumda
yazmışdım: "Mən oğurladığımı
geri qaytarıram". Sonra əlavə etdi ki, sənin
Allaha and içdiyini biz oğurlamışdıq və hər
ikimiz haqqı ödəməli idik.
"Mən səni sevmişdim. Ralf, ancaq sən
heç vaxt mənim olmamışdın. Den
mənim səndən alacağım hər şeyin bir hissəsi
idi. Mən onu sənə bir silah kimi verdim
ki, özündən olduğunu biləsən. Artıq o, heç birimizə məxsus deyildir, Allaha
məxsusdur". Bu sözlər Megginin
ağır kədərini və itirilmiş
dünyasını ifadə edirdi.
Kardinal de Brikassar Meggi və onun qızı ilə Denin
meyitini Kritdən Droqhedaya apardı. Bədbəxt Ralf
Meggiyə olan məhəbbətinin taclandırdığı
həmin şərəf barədə heç vaxt bir şey
bilməmişdi.
Kitaba Kelt
əfsanəsindən götürülmüş bir epiqraf
seçilmişdir: "Bu ömründə bir dəfə
oxuyan quş barədə əfsanədir. Bu
quş öz ömründə yalnız bir dəfə oxuyur,
Yer üzərində başqa heç bir canlı belə
şirin oxumur. Hansısa bir an gələndə
o yuvasını tərk edib, qaratikan kolunu axtarır, onu tapana
qədər heç bir rahatlıq bilmir. Sonra
yabanı budaqlar arasında oxuyub, özünü uzun,
şiş uclu tikanın üstünə atır. Və öləndə o, öz aqoniyasından da
yuxarı qalxır ki, nəğməsi ilə torağayın
və bülbülün şən şərqilərini də
ötüb keçsin. Bir fövqəl səviyyəli
şərqi, qiymət qazanmağın mövcudluğu. Və bütün dünya sakit dayanır ki, onu dinləsin.
Allah da öz Göyündə buna gülümsəyir.
Ən yaxşı olan bir şey yalnız
böyük ağrı hesabına əldə edilir.
...Və ya əfsanə belə deyir".
Əsər
də əfsanədən gələn belə sözlərlə
bitir: "Quş döşündəki tikanla dəyişilməz
bir qanunla hərəkət edir. O bilir ki, heç nə hiss
etməyəcəkdir və oxuya-oxuya da ölür. Bir müddətdən sonra tikan döşdə elə
yerə girir ki, quş ölüm gələndə bundan hali
olmur. O, sadəcə həyatı tərk edənə qədər
axırıncı notu da vurmaqla oxuyur. Lakin biz
tikanı öz döşümüzə sıxanda, bunu
hökmən bilirik. Biz başa düşməklə
yanaşı, indiyədək bunu edirik".
Ralf ata da arzuladığı kimi Droqhedada öldü. Son nəfəsini
verməmişdən əvvəl o, öz
günahlarını uzun illər sevdiyi bu bədbəxt
qadına etiraf etdi. Meqqiyə dedi ki, bilirdim ki, məni bağışlayacaqsan. Sənin
həmişə Allaha qarşı mübarizə
aparırdığını görmüşdüm, ancaq sən
onun arzularına daha yaxın idin, çünki sevməyi
bacarırdın, mən isə yarımçıq qaydada
Allaha, yarımçıq qaydada sənə sədaqətli
idim, əslində isə bütövlükdə şöhrətpərəstliyin
əsirliyinə məxsus idim. Kardinal de
Brikassar olmağı oğul atası olmaq istəyindən, hətta
sənə nail olmaqdan artıq bilirdim.
Meqqi onun üçün acı olan bu sözləri eşitdikə göz yaşlarını saxlaya bilmədi. Başını qaldırıb qucaqladığı əzizinə baxanda, Ralf atanın başının sinəsinə düşdüyünü gördü, kardinal onu şöhrətə çatdıran və həm də bolluca bədbəxtlik bəxş edən həyatla artıq vidalaşmışdı. Son illərdə bütün sevinc mənbələrindən məhrum olmuş bu qadın uşaqlıqdan vurulduğu bir insanı bu dəfə bütünlüklə itirmiş oldu. Bu onun üçün həyatdakı son böyük qurban olmaqla, çəkdiyi əzablara axırıncı nöqtəni qoydu.
(Əsəri məqalə müəllifi orijinaldan ixtisarla tərcümə etməklə, əsasən, eşq macərasının iki qəhrəmanının həyatına həsr olunmuş epizodlara diqqət yetirmiş, romanın yaratdığı dolğun təəssüratı qısa da olsa, lakin mahiyyətinə xələl gətirmədən qələmə almağa çalışmışdır.)
İnsanlar sərt dini qaydalarla barışmaq istəmirlər
Dinin yaranması insanlara cəmiyyəti müəyyən ideologiya ətrafında birləşdirmək məqsədi güddüyündən, əsasən nəcib bəşəri dəyərləri təbliğ etdiyindən, onun nüfuz dairəsi getdikcə genişlənir, inam gətirənlərin din uğrunda fədakarcasına mübarizəsi, dinə sitayiş edənlərin sayının çoxalmasına səbəb olur. Qədim Romada xristian icmalarına qarşı sərt təbdirlər görülür, xristianlar qəddarcasına təqib edilirdi. Lakin bu xristianlığın yayılmasının qarşısını ala bilmirdi. IV əsrin əvvəllərində Roma imperatoru Konstantin nəhəng Roma imperiyasının - imperiya Britaniyadan Afrikanın şimalınadək uzanırdı, Avropanın yarısını və Kiçik Asiyanı əhatə edirdi, vahid ideya altında birləşdirmək üçün xristian dinini seçdi və əsrin sonunda bu, dövlət dini elan olundu. İslamın yaradıcısı Məhəmməd peyğəmbər də doğma şəhərinin əhalisini və bədəviləri birləşdirmək məqsədini güdməklə yeni dini təbliğ etməyə başladı və az müddət keçdikdən sonra islam geniş yayılmaqla, xristianlıqdan sonra ikinci böyük dünya dininə çevrildi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 17 may.- S.14.