"Anka quşu"

 

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Könül Vəliyevadır. Könül xanımla rəssam Asim Rəsuloğlunun "Anka quşu" əsərindən danışmışıq.

Səmədov Asim Rəsul oğlu 3 mart 1955-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Şəki şəhərində dünyaya gəlib.  Uşaqlıqdan təsviri incəsənətə böyük maraq göstərməsi onu Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə aparır. O, burada  dövrünün tanınmış rəssamları G.Brijyatuk, Əşrəf Murad, Kamal Əhməd və Mircavad Mircavadovun yaradıcılığından yaxşı mənada təsirlənir. Ali təhsilini Belorusiya Dövlət Teatr-İncəsənət İnstitutunun   Monumental rəssamlıq şöbəsində alan Asim Rəsuloğlu hələ tələbə ikən öz fərqli yaradıcılıq yolu ilə diqqət çəkirdi. 1987-ci ildə Tokioda müasir incəsənət mövzusunda keçirilən sovet-yapon sərgisində  Asim Rəsuloğlu "Böyük dəniz" əsəri ilə iştirak edir və qızıl medalla mükafatlandırılır.   1978-ci ildən etibarən, müxtəlif sərgilərin iştirakçısı olan rəssamın ilk fərdi sərgisi Parisdə Aleksandr Qalereyasında (1991) olub. İlk fərdi sərgisinin Asim müəllim üçün uğurlu olması onun bir-birinin ardınca  ABŞ-SSRİ müasir incəsənət sərgisi (1992, ABŞ, Nyu-York), Danimarkasovet rəssamlarının beynəlxalq sərgisi, "7+7", (Odens, Danimarka, 1993) iştirakı ilə nəticələndi. Daha sonra rəssamın Almaniya,  Türkiyə, Belçika və Norveçdə fərdi sərgiləri də təşkil olunub.

- Könül xanım, sizcə, niyə rəssam məhz Anka quşunu seçib?

- "Anka quşu" - biz, bu əfsanəvi canlını simurqyaxud da zümrüd quşu kimi tanıyırıq. O, zülmətdən işığa doğru uçan, yalnız azadlığa aşiq olan, bir sıra qədim xalqların mifologiyasında adı keçən, həmin mifə əsasən qocalanda özünü yandıraraq, küllərindən yenidən doğulub, cavanlaşan möcüzəvi quşdur. Asim Rəsuloğlunun abstrakt kontekstdə təsvir etdiyi bu kompozisiyada ilk baxışdan etibarən vizual mükəmməllik, həyəcan və dinamika hiss olunur. Bu quş sanki əbədi yaşamı, ölümsüzlüyü simvolizə edir. Anka sözü ərəbcədən tərcümədə "uzun boylu" mənasını verir. Bu quş Qaf dağında yaşayır, o, həqiqət yolunun axtarışındadır. Bir növ, təkamül prosesinin son addımı hesab olunur. Bu təsvir əfsanəvi səyahətdə bəşər övladının ilahi mənaya çatdıqdan sonra, onun yenidən doğuşunun sehrini, gözəlliyini təmsil edir.

- Rəsmin işlənmə tarixi bəllidirmi?

- Əsər rəssamın son işlərindəndir. Kolorit həlli, kompozisiya düzümü olduqca modern, olduqca maraqlıdır. Abstrakt üslubun bütün "sirlərindən" məharətlə istifadə edən rəssamın orijinal üslubu şərq ab-havasındadır. İncəsənətin sehrini məhz bu əsərin hər bir xırda detalında ifadə edən Asim Rəsuloğlunun palitrasında xüsusi bir ritm var.

- Tablo hazırda harda saxlanılır?

- Əsər hazırda rəssamın özündədir. Asim Rəsuloğlu bu kompozisiyanı 2023-ci ildə işləyib. Rəssam mayın sonunda Antalyada keçiriləcəyi nəzərdə tutulan sərgisində bu əsərlə iştirak edəcək.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Asim Rəsuloğlu yaradıcılığının bəlağətli və kamil rəngləri həmişə sənətsevərlərin qəlbini fəth etməyi bacarır. Məhz bu əsərdə də, onun "imza" çaları hesab edilən qırmızı rəngi ön planda görürük. Rənglər sanki harmonik bir şəkildə kətanın üzərində rəqs edir. Rənglərin cizgiləri təqib etdiyi, cizgilərin isə yenidən dolanaraq formalara birləşdiyi bu rəsmdə kolorit həlli azadlığın və gücün rəmzinə çevrilmişdir.

- Bəs kompozisiya necədir?

- Bu kompozisiyada abstraktkolorist təəssürat çox güclüdür. Kompozisiyada mücərrədliyin aydın bir şəkildə məhz Asim Rəsuloğlu prizmasından icrası, rəssamın öz təxəyyülünün məhsuldar istifadəsi xüsusilə seçilməkdədir. Kompozisiyanın ümumi atmosferi, əsas qayəsi forma və rəng dilemması üzərində qurulub.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Gəlin, bu rəsmi anlamaq üçün rəssamın öz kompozisiyası üçün seçdiyi əsas "qəhrəmana" nəzər yetirək. Simurq quşu... bu fantastik məxluqun timsalında rəssam hər kəsə çox dəyərli bir məsləhət verir. Özümüzü elə özlüyümüzdə axtarmalı olduğumuzu söyləyir. Rəssam daxilən təkamülə, kamilliyə çata bilmək üçün öz gücümüzə bələd olmağa çağırır bizi. Asim Rəsuloğlu sanki bəşəriyyətdə gizlənən ülviliyi, fəziləti və ədaləti səsləyir. Qaranlıqda qalmamağı öyrədir. Əbəs yerə demirlər ki, zülmətdən xilas olmaq üçün bir simurq lələyi yandırmaq kifayətdir.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 17 may.- S.13.