Diş ağrısı
esse
Ağrıların ən betəridir
bu! Ən acımasızı, ən
insafsızıdı, hamıya
tanış, doğma ağrıdı diş ağrısı...
"Yüz il ömür sürəydim,
bir gün xəstələnməmiş..." misalı ona
aid deyil. Çünki onunla tanışlıq
lap erkən uşaqlıq
vaxtlarından başlayır.
Heç gözümüzü
açmağa imkan vermir ki...
Bir də görürsən körpəcə uşağın
süd dişində kariyes var. Qapqara gözlərindən dumduru
sular axıda-axıda
aparırsan ağ
xalatlı "mələyin"
hüzuruna. Nə olsun mələkdi,
axı şıltaq balanı onunla qorxutmusan indiyəcən.
O da "doxtur" adı eşidən kimi farağat dayanıb qarşında...
Hə, indi də o qorxulu varlığı mələk
kimi təqdim edirsən, ay inandı e...
Belə, indi mənim aman-zaman dişlərimdən
birinin ərköyünlüyü
tutub. Deyirlər,
"dişin ağrıyır
çək qurtar..." , yox, bu,
çoxdanın deyimidi,
qədim zamanlarda başqa əlac olmadığı vaxtlara aiddi. İndi maşallah, həkimlərimiz
yoxdan var düzəldir. Stomatologiyanın İmplantologiya sahəsi tibbin digər qolları kimi elə inkişaf edib ki, hətta
cəmi bircə həftəyə ağappaq,
rahat dişlərə
sahiblənmək olar.
Amma gərək istəyinlə maddi imkanların düz mütənasib ola...
Dişlər, gözümüzdən sonra
beyinə ən yaxın orqanlardan sayılır. Baş hissədə yerləşən
üzvlərin öz xarakterik xüsusiyyətləri
var. Məsələn, gözlər,
ona elə nahaq yerə ürəyin aynası demirlər ki! Çünki sahibini onun özünün də xəbəri olmadan "ələ verir".
Dilin yalanını həmən
qeyri-iradi işarə
ilə qarşı tərəfə ötürür.
Amma işarəni oxumaq da asan
deyil, onun da öz əlifbası
var...
Eləcə də dişlər, beyinə yaxın olduğundan ağrısı
dözülməz olur. Həm də hər diş hansısa bir daxili orqanın
xəstəlik göstəricisi
hesab edilir. Dişlər
həm estetik gözəllik, həm də sağlamlıq deməkdir. Hz.peyğəmbərimizin
ölü heyvanın
yanından keçərkən
onun dişlərinə
baxıb "nə gözəl dişləri
var" deməsi yadıma düşdü,
xatırlayırsınız yəqin... Amma gözlərdən fərqli
olaraq dişlərə
az tərif
deyib şairlər. Yaddaşımda məşhur
mahnıdan misralar qalıb:
Dişlərin incidəndir,
Dürdəndir, incidəndir...
Qəbul etdiyimiz qidanın çeynənməsindən tutmuş
ta həzm üzvlərinin sağlamlığına
qədər vacib vəzifələr düşür
dişlərin üzərinə. İnsan ömrü
boyu iki dəfə dişini dəyişir. Əvvəl Hippokratın
ad verdiyi 20 süd dişləri, sonra 32 daimi dişləri çıxır. Orqanizmin tikinti
materialı sayılan
kalsiumun 99 faizi dişlərdə toplanır.
Sağlam və möhkəm
dişlər insan yaddaşına da müsbət təsir göstərir. Uşaqların boyatma dövründə
Mendeleyev cədvəlində beşinci yeri tutan bu elementin
defisiti kariyesin yaranmasına səbəb olur. Dişlər həm də
mexaniki və termik faktorların hədəfi olan orqandır. İsti, soyuq qidalar,
şirniyyatlar, bərk
və kobud yeməklər dişlərə
mənfi təsir göstərir. Elə
uşaqların da, böyüklərin də
sevdiyi şokoladı götürək, onun tərkibinə daxil olan kakaonun tərkibində
də diş kariyesinin yaranmasına səbəb olan maddə vardır...
Sağlam dişlərə sahib olmağı kim istəmir ki... Təəssüf ki, insanın digər daxili orqanlarından fərqli olaraq, dişlərin özünü bərpa etmək qabiliyyəti yoxdur!.. İndi, 21-ci əsrdə getdikcə təbii qida məhsullarının azalması, bəzən mənşəyi, tərkibi bilinməyən qidaların satışa buraxılması sağlamlığa vurulan zərbədir. Bundan nəinki dişlər, bütün orqanizm əziyyət çəkir! Bütün xəstəliklərin bünövrəsi həzm sistemində qoyulur. Sağlam dişlər yaxşı həzm, gözəl təbəssüm, özünə əminlik, rahat ünsiyyət, səlis nitq deməkdir. Dişlərinizi bacardığınız qədər qoruyun...
...Amma mənim indi dişim
ağrıyır və bütün beyin hüceyrələrim bu
ağrıya fokuslanıb. Sabah mütləq
öz "mələyimə" baş çəkməliyəm, əlbəttə,
qorxuram, lap elə uşaq vaxtı olduğu kimi. Neyləməli, ağrılardan
qurtulmağın yeganə açarı onların əlindədir...
Şahnaz
ŞAHİN
525-ci qəzet.- 2023.- 17 may.- S.13.