Elçin ədəbi irsi
XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının,
bədii-estetik fikrinin görkəmli nümayəndəsi, Xalq
yazıçısı Elçin Əfəndiyev parlaq poetik fəaliyyəti
ilə seçilən, müasiri olduğu dövrün ədəbi-bədii
axtarışlarında yaxından və fasiləsiz iştirak
edən novator sənətkarlarımızdan biridir. Ədibin
yaradıcılığı Azərbaycan mədəniyyətinin
tərkib hissəsi olmaqla bərabər, həm də milli
tariximizin müəyyən dövrünün mükəmməl
bədii salnaməsi səciyyəsini daşımaqdadır.
Elçin sadə, humanist insan hisslərinə,
daxili aləmin gözəlliyinə, mənəvi zənginliyə
üstünlük verərək əsərlərinin psixoloji
imkanlarını genişləndirir. Onun qəhrəmanları
da sənətkarın özü kimi yenilik hissi ilə
çırpınır, gələcəyi özü
seçir və özünü həyata, yaşamağa,
yaratmağa həsr edir. Məhz buna görə
də, Elçin Əfəndiyevin qəhrəmanları həmişə
aktualdır və yenidir. Həmin
aktuallıq baxımından fərdin gerçəklik
qarşısında acizliyindən, yaddaş və onun gətirdiyi
obyektiv gerçəkliklə üz-üzə qalan insan
övladının bədii obrazı ilə baş-başa
qalmış real insan təsviri Azərbaycanın Xalq
yazıçısı Elçinin 2015-ci ildə qələmə
aldığı "Baş" romanında da əlamətdardır.
Əsər yazıldığı gündən
ədəbi tənqidin gündəmindən düşmür,
ingilis, alman, Ukrayna, ərəb, türk, rus və digər dillərə
tərcümə olunaraq xarici ölkələrdə nəşr
edilir, onun müxtəlif yöndə təhlilinə və təfsirinə
rast gəlinir.
Vaqif Yusiflinin ibarəsi ilə desək, "Baş"
romanı nəsrimizdə yeni hadisədir". Ərəb dilində nəşr
olunmuş "Baş" romanının təqdimat mərasimində
ictimai xadim və tənqidçilərin
çıxışlarında vurğulandığı kimi:
"Elçinin "Baş" romanı klassik ənənələri
əks etdirməklə yanaşı, müasir tendensiyaları
da özündə ehtiva edir. Tarixi roman kimi əsər
həm tarixi faktları, həm də poetik göstəriciləri
qoruya bilib. Roman dünyanın görünən
və görünməyən tərəflərini sintez edə
bilir".
Nizami Tağısoyun "Elçinin "Baş"
romanı struktur-funksional təhlil müstəvisində"
adlı monoqrafiyası da yazıçının postmodern
romanına verilən qiymətli dəyərdir. Məhz bu
monoqrafiyada Elçinin "Baş" romanı müfəssəl
öyrənilir və geniş təhlilə çəkilir.
"Şuşa İli" çərçivəsində
"Şuşaya salam!" layihəsində iştirak edən
Ukrayna şairi, ədəbiyyatşünası Dmitro Drozdovski,
Şuşanı salamlayaraq, ürək sözlərini belə
ifadə etmişdir: "2022-ci il Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə "Şuşa
İli" elan olunub, Şuşa şəhərinin ili. Mən bu şəhəri özüm
üçün böyük, müasir Azərbaycan
yazıçısı Elçinin "Baş"
romanında təsvir olunan Qarabağ dünyasından
tanıyıram. Romanın tərcüməçisi
kimi Qarabağ dünyasına baş vurur, real tarixi hadisələrlə
yanaşı, romanda təsvir olunan əfsunlu realizmə, hadisələrin
metafizikasına dalırdım. Romandakı hadisələr
yalnız gerçək müstəvidə deyil, həm də
görünməz olan metazifiki dünyada baş verirdi ki, bu,
Qarabağ tarixinin, insanların, Şuşa
şəhərinin böyüklüyünü anlamağa bir
ayrı cür imkan verirdi. Böyüklüyə
gedən bu yol faciələr, qarşıdurmalar, konfliktlər
və ağrılardan keçirdi. Şuşa
şəhəri özündə mədəniyyəti,
hörməti, sevgini və yaddaşı birləşdirən
bir şəhərdir".
Bu məqalədə müqtədir romançı
Elçinin "Baş" əsərində və ABŞ ədəbiyyatında
yeni tendensiyaların
aparıcı siması olan Kurt
Vonnequtun "5 ¹-li sallaqxana və ya uşaqların səlib
yürüşü" "yaddaş" konsepsiyasına
diqqət yetirəcəyik. Bu təhlil bir daha ədəbi
prosesə hakimlik etmək səlahiyyəti olan "ümumbəşər
tərənnümçüsü"nün əsərlərində
humanist ideyaların yaradılmasına qadir olmasını (S.Z)
sübuta yetirir.
Əgər K.Vonnequtun "5 ¹-li sallaqxana və ya
uşaqların səlib yürüşü"
romanındakı Billi Pliqrim gerçəklikdən qaçmaq
yolunu tapırsa, bilərəkdən yaddaşında gizlənir
və könüllü şəkildə oradan qurtulmaq istəmirsə,
Elçinin "Baş" romanındakı Sisianovun kəsilmiş
başı özünün də istəmədiyi duruma
düşür. Azərbaycan torpaqlarını zəbt etmək
arzusu ilə yaşayan rus sərdarı Sisianovun Gəncə və
Şəki xanlıqlarının istilasından sonra Bakıya
yürüşü və Qoşa Qala Qapısında
ölümü ilə başlayan əsər onun
yaddaşının izi ilə davam edir. Baş
yaddaşında keçmişi canlandırır, dünyaya
göz açdığı, ata və anasının himayəsində
olduğu gənclik illərini xatırlayır. Artıq gerçək dünya ilə heç bir əlaqəsi
olmadan düşünür və onunla bağlı olaylara
yeni baxış bucağından baxır.
Bütün ömrünü çar Rusiyasına xidmətdə
keçirən, evlənməyən, oğul-uşaq sahibi
olmayan Baş üçün həyatın mənası
"ana Rusiya" olur. Başı bədənindən ayrılana qədər
cani-dildən ruslardan çox "rus" olmaq istəyən
Baş indi real dünyadan çox uzaqdadır: "ONUN
hissiyyatı qavrayırdı ki, ONU heç kim görmür və
ONUN yavaş-yavaş, elə bil, cücərməyə
başlayan və cücərdikcə də oyanan
yaddaşında ani bir panika yarandı ki, güzgüyə
baxsa, ÖZÜNÜ görməyəcək, çünki
ONU görmək mümkün deyildi və o panika da yox oldu,
çünki O - yox idi. Ancaq O, yox idisə, necə
görürdü və hələ də bütün
bunları axıracan dərk edə bilməməsi, elə
bil, ONU şəffaf hissləri tam, bütünlüklə
duymağa, qavramağa qoymurdu".
Oxucu
gücün, zorun və istibdadın canişini alan
sərdar Sisianovun ölümdən sonra ruhunun onu tərk
etdiyini, lakin yaddaşının kəsilmiş başında
ilişib qaldığını görür. Artıq
o, əvvəlki tək əzəmətli və hakimi-mütləq
deyil. Onun general rütbəsi ölümündən
sonra karına yetmir, əmrə-sadiq əsgərləri
də ona kömək etmir. İndi o,
başı ilə təkbətək qalır. Başın həyat amalı olan böyük Rusiya
arzuları da indi onu maraqlandırmır. İndi
o, sadəcə keçmişi xatırlayır və torbaya
qoyulub hədiyyə kimi getdiyi yolda hadisələri seyrçi
kimi müşahidə edir. Baş artıq güc və
qüvvəni deyil, özünün də hələ tam dərk
edə bilmədiyi dünyanı simvolizə edir: "O,
artıq bunu anlamışdı ki, görünən o məkanda
ONUN üçün uzaq və yaxın, keçmiş və
gələcək yoxdur və həmin məqamda ONUN
yaddaşından keçən informasiya görünən o məkandan
Ona baxan Başın - ONUN Başının - bədənsiz
olduğunu xatırlatdı, ancaq bu, ONU qətiyyən narahat
etmədi, çünki ONUN bütün varlığı
şəffaf və çəkici idi".
ONUN başında qalan yaddaşı gerçəkliyi
bütün çılpaqlığı ilə dərk etməyə
başlayanda isə həyat onun üçün bitmişdi. Başın yol səyahəti
İran şahı Abbas Mirzəyə hədiyyə ilə
bitir və bu yolda onun yaddaşı Rusiya tarixi, Yemelka
Puqaçovun başçılığı ilə həyata
keçirilən kəndli üsyanının
yatırılması və Puqaçovun başının kəsilməsi
ilə bitən edam səhnələrini canlandırır. Oxucu Başın etirafları ilə yanaşı,
yaddaşına həkk olan hadisələri fraqmentlər şəklində
izləyir, Bakı xanı Hüseynqulu xan, Bakı bəyləri
və ağsaqqalları, ətraf kəndlərdən gəlmiş
axundların şəhərin taleyi ilə bağlı məşvərətinin
şahidi olur. Bakının istilası ilə
bağlı rus çarı I Pyotrun, I Yekaterinanın şəhəri
ələ keçirməsi ilə bağlı tarixi gerçəkliklərdən
bəhs edən yazıçı gözlənilmədən
mövzunu dəyişir və yenidən kəsilmiş
başın yaddaşının bərpasına
qayıdır: "ONUN yaddaşı bərpa olurdu. Və yaddaşı bərpa olunduqca da görünən
o məkandakı epizodlar bir-birini əvəz edirdi. Onun
yaddaşının dibinə çökmüş və
oradan dirçəlməyə başlayan, hətta ONUN
yaddaşından kənar olan, ONUN bilavasitə şahidi
olmadığı, ancaq nəyəsə görə
görünən və ONUN da dərhal tanıdığı
- kimdir, nədir, haradadır, keçmişdir, yaxud gələcəkdir?
- epizodlar da həmin epizodlara
qarışırdı".
Yazıçı tarixi yaddaşımızı vərəqləyir,
gerçək tarixi hadisələri müəllif nəzərləri
ilə sərf-nəzər edir, amma bütün hallarda obyektiv
gerçəkliyin bədii həlli "dağınıq
hadisələrdən ibarət modellə" önə
çıxır. Müəllif "Baş"ın yaddaşı ilə
tarixə ekskurs edir, dövrün sosial-siyasi problemləri
kontekstində Azərbaycan xanlıqlarının
düşdüyü durumu göstərməyə nail olur:
"Bir tərəfdən Rusiya Bakını dartıb
özünə qatmaq istəyir, bir tərəfdən də
Qacarlar əllərində qılınc ayağa qalxır ki,
Bakı mənimdir".
Baş obrazı oxucu qarşısında antiqəhrəman kimi canlanır, lakin onu ədəbiyyatşünas Vaqif Yusiflinin də qeyd etdiyi kimi, "qüvvətli xarakter" kimi qəbul edir. Yazıçı böyük Derjavaların hakimiyyət hərisliyini axmaqlığın və acgözlüyün son həddi, onun sadiq qullarını isə onlara ayrılan həyatlarını mənasız və lazımsız işlərə qurban verən sərdar Sisiyanovun simasında göstərir. Baş Derjavanın sərdarıdır, lakin o, həmçinin böyük oyunların piyadası, həyatını idarə edə bilməyən, sadiq quldur. Elə buna görə Başın həyatı reallığın gerçək şəkli, lazımsız ideyaların qurbanına çevrilən, özünün də artıq Baş kimi dərk etdiyi qum idi, "qumun bir dənəciyinin sonsuz rəqəmlərə bölünmüş bir hissəciyindən də kiçik idi".
Başqa sözlə, yazıçı tarixlə uydurmanı, gerçəkliklə təxəyyül oyunlarını bir arada verir. Yazıçı Elçinin romana yazdığı ön sözdə də bu haqda oxuyuruq: "Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətləridir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın hər bir səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil, həmin tarixi şəxsiyyətlər bu romanda artıq "müəllifin qəhrəmanlarıdır"... Bu əsərdəki tarixi kolorit - tarixi faktlarla tanış olduqca, müəllifin hiss etdiklərinin, onun düşüncələrinin ifadəsidir və buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri-tarixi qəhrəmanlar səviyyəsində "özününküdür".
Yazıçı tarixi həqiqətləri bədii təxəyyül gücü ilə təqdim edir və göründüyü kimi, ona nail olur. Fiziki mövcudluğunu itirən, lakin həqiqi mövcudluğunu qazanan Baş tədricən həyatını indi əldə etdiyini, ancaq indi şəffaf və çəkisiz varlığını anladığını dərk edir. Amma bu anladıqları "görünən o məkanda bir-birini əvəz edən xatirə və epizodlardakı görüntülərin, hadisələrin, o məkandakı missiyaların mənasını dərk etməyə çalışırdı və bu ONU hər dəfə də heyrətamiz mənasızlığa gətirib çıxarırdı".
Yazıçı bütün müharibələrin, yersiz insan qırğınlarının, qonşu ölkələri öz əsarətində saxlamaq istəyən hakimi - mütləq rejimlərin tarix səhifələrində yalnız şərin, pisliyin simvolu kimi qalacağına işarə edir, elə bu səbəbdən Derjava qulluğunda dayanan insanın acı aqibətini bu şəkildə canlandırır. Digər tərəfdən də yazıçı Başın xatirələrində canlanan olaylarla insan varlığında gizlənən puç, mənasız istəklərin heçliyini göstərir.
Beləliklə, əgər Kurt Vonnegutun yaratdığı "yaddaş" quruluşunda ironiyadan istifadə edilirsə və həmin yaddaşın bütün faciə və qurbanların qalereyasını yaratmaq mümkün olmaması göstərilirsə, Elçində isə bu metafizik yaddaşdır və reallığın əksi çoxölçülüdür. Yazıçı tarixdə baş vermiş real hadisəyə bədii uydurmanın və təxəyyülün köməyi ilə yeni məna verir, obyektiv hadisələri yeni görmə bucağından təqdim edir. Elə bu səbəbdən əsər tarixi hadisələrin fonunda cərəyan edən gerçək insan faciəsi kimi görünür. K.Vonnequtun "5 ¹-li sallaqxana və ya uşaqların səlib yürüşü" romanında olduğu kimi, Elçin də tarixi hadisələri yenidən təsvir edir, yaddaşın gücü ilə insan həyatının mənasız mübarizələrini, onun həqiqi mövcudluğu üçün heç bir məna kəsb etməyən reallığı göstərir.
Sevinc ZEYNALOVA Professor
Leyla QOCAYEVA Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2023.- 17 may.- S.12.