Xalq yazıçısı Elçinin əsərlərinin
ekran təcəssümü
Bu bir həqiqətdir ki, yazılan hər bir əsər təkcə bu gün üçün deyil, həm də və daha çox gələcək üçün yaradılır. Təbii ki, yüksək sənətkarlıqla
yazılan, milli ədəbiyyat tariximizi zənginləşdirən
əsərlərdən söhbət gedir. 16 yaşından ədəbi
fəaliyyətə başlayan, indiyədək 65 ilə
yaxın yaradıcılıq yolu keçən görkəmli
ədibimiz, çağdaş ədəbiyyatımızın
parlaq nümayəndəsi, nasir, dramaturq, ədəbiyyatşünas,
tənqidçi, publisist, ssenarist, ictimai xadim olan Xalq
yazıçısı Elçin məhz yüksək səviyyəli
əsərləri, zəngin və çoxşahəli
yaradıcılığı ilə dünya şöhrətli
sənətkar zirvəsinə yüksəlib. Yazıçının
ilk hekayəsi - "O inanırdı" 1959-cu il iyulun 5-də
"Azərbaycan gəncləri" qəzetində çap
edilib. Və bu ədəbi uğur
Elçinin böyük ədəbiyyata gəlişinin
başlanğıcı oldu. 1966-cı ildə
"Min gecədən biri" adlı ilk kitabının
çapından sonra o, yazıçı kimi özünü
bütünlüklə təsdiq etdi. Yaza-yaza
yüksələrək ustad sənətkar mövqeyinə
ucaldı. Yazıçının
çoxçeşidli yaradıcılığı milli
xüsusiyyətlərə malik olduğu kimi, həm də bəşəri
mahiyyəti əks etdirir. 1960-cı illərdən bu yana Elçinin yaradıcılığına
saysız-hesabsız rəylər və onlarca irihəcmli tədqiqat
əsəri həsr olunub. Bu müddətdə onun
yaradıclığına ədəbi-ictimai maraq bir an belə səngiməyib. Elçinin
yaradıcılığı Azərbaycanın sərhədlərini
aşaraq dünyanın söz sərraflarını
danışdırıb və beləliklə, XX yüzilliyin
ikinci yarısında nasir, dramaturq, ssenariçi, tərcüməçi,
tənqidçi, publisist Elçin sayca o qədər də
çox olmayan sənətkarla bir sırada bütün Yer
kürəsində Azərbaycan ədəbiyyatını ləyaqətlə
təmsil edən şöhrətli sənətkar zivəsinə
yüksəlib. Çoxşaxəli yaradıclıında
milli özünüdərklə ümumbəşəri dəyərlər
arasında bir vəhdət, bir körpü yaradan qüdrətli qələm
sahibi ədəbi fikrinin ən parla təmsilçiləri ilə
bir sırada dayanır. Yazıçının
bədii əsərləri sənətkarlıq
baxımından dünya ədəbi şedevrləri xəzinəsini
zənginləşdirən bədii nailiyyətdir.
Elçinin bədii əsərləri təkcə Azərbaycanda
deyil, həm də dünya ölkələrində,
bütün Yer kürəsində sevilə-sevilə oxunur, əldən-ələ
gəzərək neçə-neçə oxucu nəsli
arasında mənəvi körpü yaradır. İstedadlı qələm
sahibinin əsərləri, rus, ingilis, fransız, alman, türk,
ispan, Çin, çex, slovak, polyak, serb,
bolqar, xorvat, türkmən, özbək, qazax, rumın və
başqa dillərə tərcümə edilib. Pyesləri
dünya teatrlarının səhnəsində nümayiş
etdirilir.
Elçin nəsrinin ən səciyyəvi cəhətlərindən
biri də ondakı psixologizmdir, insanların daxili aləminin,
onların mənəvi dünyasındakı ziddiyyətləri
nəsrin obyektinə çevirməsidir. Bu əsərlərdə
yazıçının əsas məqsədi insanın daxili
aləminin mübhəm çalarlarını, insan taleyinin
zaman axarında başqalaşmasını, dünyaduyumunu,
hisslər və duyğular aləmini aydınlatmaqdan ibarət
olub. Özünü dediyi kimi:
"Yazıçının predmeti xislətdir və onun
istedadı xislətin dərinliklərinə nə dərəcədə
enə bilməsi ilə müəyyənləşir".
Xalq yazıçısı zəngin
yaradıcılığı ilə kino sənətimizə
yeni bir estetik təravət gətirdi. Milli kino sənətinin
inkişafında yazıçının nəsr əsərlərinin
və ssenarilərinin ekranlanlaşdırılmasının
böyük əhəmiyyəti vardır. Onun ssenarilərində dolğun bədii sujet,
gözəl təsvir vasitələri, maraqlı dialoqlar, təsvir
edilən mühüitin görümlülüyü ekran əsərinin
təccəsümünə xüsusi bir çalar verir.
Yazıçının bədii əsərlərinin
cövhərinə hopmuş sadəlik humanizim və bəşərilik
onun görümlülüyünə və estetik dəyərinə
bir tamlıq gətirir. Dövrün qlobal
və mənəvi-əxlaqi problemlərini fəlsəfi dərinlik
və mürəkkəbliyi ilk ekranda canlandırmaq Elçin
ssenarilərinin əsas özülüdür. Onun povestləri sürətli sujet inkişafına,
ideya sənətkarlıq məziyyətinə, estetik siqlətinə,
fərdi üslub və poetikasına görədir ki,
ekranlaşdırmaya daha tez uyğunlaşır. Dövrün qlobal və mənəvi problemlərini
fəlsəfi dərinlik və mürəkkəbliyi ilə
ekranda canlandlrmaq Elçin ssenarilərinin ən səciyyəvi
cəhətidir. Elçinin ssenariləri əsasında
on bədii film, bir sıra sənədli və cizgi filmləri
çəkilib. Bu filmləri Fikrət Əliyev
("Baladadaşın ilk məhəbbəti") , Arif Babayev ("Arxadan vurulan zərbə"),
Kamil Rüstəmbəyov ("Gözlə məni"), Oqtay
Mirqasımov ("Gümüşü furqon"), Tofiq
Tağızadə ("Bağ mövsümü"),
Şahmar Ələkbərov ("Sahilsiz gecə"), Vaqif
Mustafayev ("Milli bomba"), Ramiz Fətəliyev və
Dövlət Fəthulin ("Hökmdarın taleyi") kimi
görkəmli rejissorlar çəkiblər.
Onu da qeyd edək ki, Azərbaycan və Türkiyə
kinematoqraflarının birgə layihəsi olan "Mahud və
Məryəm" filminin dünya ekranlarına
çıxması milli kino mədəniyyətimizin ən
böyük qələbəsidir. Elçinin
çoxşaxəli yaradıcılığında kino fəaliyyəti
də əsas yerlərdən birini tutur və bu sahədə
tədqiqə ciddi əsas verir. Bu problemin
həlli təkcə ideya-mövzu baxımından deyil, həm
də Zaman və İnsan konsepsiyası nisbətindən təhlil
və tədqiqini tələb edir. Elçinin
bədii əsərlərində olduğu kimi, ekran əsərlərində
də insan psixologiyasının dərin çalarları,
şəxsiyyət və zaman konsepsiyası paralel şəkildə
təcəssüm etdirilir.
Elçin nəsrinin poetikasında kinodramaturgiya elementləri
- görümlülük olduqca güclüdür. Və bu nəsrin
ən mühüm xüsusiyyətlərindən biri odur ki,
burada təhkiyəçi təkcə hadisələrin
nağılçısı deyil, həm də təsvir etdiyi
obrazla bərabər iştirakçıdır. Milli kino sənətinin inkişafında Elçinin
nəsr əsərlərinin və ssenarilərinin
ekranlaşdırılmasının böyük əhəmiyyəti
vardır. Onun ssenarilərində dolğun
bədii süjet, gözəl təsvir vasitələri,
maraqlı dialoqlar və epizodlar, təsvir edilən mühitin
görümlülüyü ekran əsərinin təcəssümünə
xüsusi bir çalar verir. Ümumiyyətlə,
ekranlaşdırma mükəmməl bir yaradıcılıq
prosesidir ki, bundan da gələcək filmin
baxımlığı və keyfiyyəti asılıdır.
Elçinin bədii əsərlərinin cövhərinə
hopmuş sadəlik, humanizm və bəşərilik onun
görümlülüyünə və estetik dəyərinə
bir tamlıq gətirir. İnsan duyğularını həssaslıqla
incələyən, bədii təsvir vasitələrinin
bütün arsenalından məharətlə istifadə edən
yazıçı onu şəhd-şirəli təhkiyə -
obrazlı dillə aydın ifadə edir. Elçinin
povestləri sürətli süjet inkişafına, ideya sənətkarlıq
məziyyətinə, estetik siqlətinə, fərdi üslub
və poetikasına görədir ki, ekranlaşdırmaya daha
tez uyğunlaşır. Dövrün qlobal
və mənəvi problemlərini fəlsəfi dərinlik və
mürəkkəbliyi ilə ekranda canlandırmaq Elçin
ssenarilərinin ən mühüm cəhətlərindən
biridir. "Bir görüşün tarixçəsi"
povesti əsasında çəkilmiş
"Gümüşü furqon" filmində milisioner Səfəri
vurduğuna görə həbs olunmuş əri Mirzoppanın
dalınca tirə gələn Mədinənin
gümüşü furqonun sahibi Rəsulla gözlənilməz
macərası filmin süjet xəttini təşkil edir. Rəsulla Mədinəni bir-birinə bağlayan
onların mənəvi aləmlərinin
yaxınlığıdır. Əsas
ziddiyyət isə Mədinənin daxili aləmində baş
verir. Bəzən bu qəhrəmanlar öz mühitlərində
normal adam kimi qəbul edilmirlər. Bəzən də gözlənilməz, ağlagəlməz
əməlləri ilə öz mühitlərində hər
addımda heyrət və təəccüb doğururlar.
İllərlə sonsuzluğunu özünə
dərd edən və bunun üzündən ərinin bunu səbəb
edib içkiyə qurşanmasına və hər dəfə
də onu ittiham etməsinə, təhqirlərinə dözən
Mədinə özünə məhrəm bildiyi Rəsula
ürəyini açır. Lakin Rəsul Mədinənin
ailə həyatına həssaslıqla yanaşır,
çalışır ki, bu ailə dağılmasın.
Filmin yaradıcıları (ssenariçi,
rejissor və aktyorlar) qəhrəmanların psixoloji əhvalını,
daxili sarsıntı və əzablarını mühitlə vəhdətdə
tamaşaçıya çatdırırlar. "Gümüşü furqon" filminin qəhrəmanı
Mədinə çıxışsızlığa mübtəla
olan tənha qadındır. Lakin bu məcburi
tənhalığın obyektiv səbəbləri vardır.
Retrospektiv hadisələr axarında tamaşaçı Mədinəni
tədricən təkliyə mübtəla edən səbəblərlə
tanış olur. Sonra ailə
həyatı qurması, əri tərəfindən sevilməsi,
sevimli peşəsi ilə (xalça toxumaqla) məşğul
olması filmin rəvan və xoşbəxt görünən
üst səthini təşkil edir.
"Dolça" povesti əsasında çəkilmiş
"Bağ mövsümü" filmində isə əsas
ziddiyyət kənd mühiti ilə şəhər mühiti
arasında verilir. Daha doğrusu, burada iki mühit iki əxlaq
tərzi kimi üz-üzə gəlir. Film
halal zəhmətilə ailəsini dolandıran avtobus
sürücüsü Ağababanın həyatından bəhs
edir. Sürücü Ağababa öz
bağ evini şəhərli bir ailəyə kirayəyə
verir. Filmin rejissoru və ssenari müəllifi
mənəvi pozulmanı gərginləşdirmək
üçün onu itin - Toplanın üzərinə
köçürürlər. Bütün
həyatını namusla yaşayan, ailəsini halal
çörəklə dolandıran sürücü
Ağababa bütün əxlaqi deformasiyalara itin - Toplanın
taleyindən nəzər salır. Haram tikəyə
öyrəşən Toplan get-gedə pozulur. Ağababanın evində müvəqqəti kirayənişin
yaşayan bazarkom Bəşirin və onun ailəsinin mühiti
ilə Ağababanın mühiti bir-birinə tamamilə zidd
mühitlərdir. Ağababanın
işıqlı mühiti onun zəngin mənəviyyatından
irəli gəlir. Bəşir mühitinin
eybəcərliyi və rəzilliyi isə onun
simasızlığından, hissinin və nəfsinin quluna
çevrilməsindən irəli gəlir. Filmdə rejissor təsvir elementlərindən
ustalıqla istifadə edib. O, filmə elə mizanlar, elə
musiqi seçimi və montaj üsulu verib ki, bütün bu
vasitələrin sintezindən müəllif mövqeyi
tamaşaçılar üçün
aydınlaşmış olur. Təbii ki,
bütün bunları rejissorun ssenariyə uğurlu yanaşma
nümunəsi kimi qiymətləndirmək olar.
(Ardı var)
Vəfa
XANOĞLAN
Sənətşünaslıq
üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2023.- 18 may.- S.15.