Ağdərədə erməni separatizmi
necə baş qaldırdı?
AVTOMATIN DARAĞINI KÜRƏYİNƏ
BOŞALTDILAR
1980-ci ilin mart ayında Azərbaycan SSRİ-nin Mardakert
rayon partiya komitəsinin II katibi seçildim. 1988-ci ilin
fevralına - mitinqlər başlayana qədər, demək olar
ki, öz işimin öhdəsindən lazımi qaydada gəlirdim.
Keçmiş Mardakertin - Ağdərənin erməni mənşəli
əhalisi ürəklərindəki pis niyyətləri gizli
saxlasalar da, mənə əsasən hörmətlə
yanaşırdılar. 1988-ci ildə, hadisələr
başlayandan sonra isə iç üzləri
açıldı. Məni görmək belə
istəmədilər. Hər vəchlə
usandırmağa, işdən bezdirməyə
çalışırdılar. Hər
gün yuxarı sinif şagirdlərini, əsasən də
qızları dərsdən ayırıb, raykomun
qabağına gətirirdilər. Qızlara bircə tapşırıq
verilmişdi: Axşama qədər xorla qışqırmaq! Şüarları mənə qarşı yönəlmişdi.
Mən Mardakerti tərk edənə qədər
bu şüarlar hər gün təkrar olundu.
Günlərin
birində Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci
katibi (o, rus idi) Xankəndinə gəlib, bizi
çağırdı və tapşırdı: "Sabah
plenum təşkil edin və seperatizmə son qoyulmasını
tələb edin". Gecə idi. Elə oradan təşkilat şöbəsinin
müdirinə zəng edib, tapşırığı başa
saldım. Sabah çox gözlədik, amma
iclasa gələn olmadı. Gələnləri
zorla mədəniyyət evinə döndərmişdilər.
Bütün seperatçı, şovinist
qüvvələr ora toplaşmışdılar. Mədəniyyət evində Ermənistana birləşmək
iddiası ilə uzun-uzadı çıxışlar
etmişdilər. Bundan sonra davamlı
mitinqlər təşkil edirdilər. Hər
gün raykomun qarşısına toplaşırdılar.
Mitinqlərin birində bir erməni qız tribunaya
çıxdı və dedi: "Arif Əliyev rayonun ikinci
katibidir, tədbir görsün, maşınlarımızı
daşlamasınlar". Bir qədər sonra o, yenidən
çıxış etdi və bildirdi: "İndi mənə
çatdırdılar ki, elə bu işləri təşkil
edən Arif Əliyevin oğlu Vasifdir". Görünür,
əvvəldən təxribat hazırlamışdılar.
Söz onun ağzından
çıxar-çıxmaz qəzəbli kütlə mənə
hücum çəkdi. Birinci katib
E.Vartanyan mənim yox, öz dərdini çəkdiyindən
mitinqçiləri bir təhər geri qaytardı. Mitinqdə çıxış edən qızın
təxribatının "səbəb"ini bir müddət
sonra öyrəndim. Sən demə, o erməni
qız İrəvanda oxuyurmuş. Onu ikinci
kursda institutdan xaric ediblərmiş. Onun
qarşısında belə bir şərt qoyublar: "Sizdə
ikinci katib türkdur. Onun əleyhinə bir iş qursan, səni
bərpa edərik".
Bu, yeganə hadisə deyildi. Bir gün işə
piyada gedirdim. Yolda yığışan ermənilərdən
biri mən eşidə-eşidə beləcə də dedi:
"Nə öldürməli momentdir". Ailəmiz
də basqı altında idi. Alış-veriş
üçün bizim evdən heç kəs mağazaya gedə
bilmirdi. Zəruri ərzaqları
sürücü alıb gətirirdi. Onu da ölümlə
hədələyir və qəzəblə deyirdilər:
"Sən hələ də türkə maşın
sürürsən?" Çox vaxt
mitinqçilərin ucbatından fasiləyə gedə
bilmirdim. Çünki maşının
keçəcəyi yolu kəsirdilər. Vartanyana bu haqda
danışanda o dedi: "Səhər-səhər doyunca
yeyib-içmişəm. Qoy axşama qədər
qışqırsınlar".
Vartanyanın masası üstündə bir kağız
vardı. Hər dəfə görürdüm ki, eyni yerdədir.
Deməyəsən, mənim barədə
imiş. Birinci katib risk edib, göstərməyib.
Məktubu rayon kommunal təsərrüfat idarəsinin
müdiri yazıb və tələb edirmiş ki, qeydiyyatda
olmadığım üçün yaşadığım mənzili
boşaldım.
Biz Xankəndi şəhərində qeydiyyatda idik. Birinci katibə dedim:
"Mövcud qanunlara görə, seçkili orqana seçilənlər
hər hansı rayona getdikdə mənzil və telefonla təmin
edilirlər. Bəs o, uzunqulaq bunu bilmir?"
Oğlum Anar birinci sinifdə (rus bölməsi) oxuyurdu. Sinifdəki
erməni uşaqları "ay tork, ay tork" - deyə-deyə
onu döyməyə başlamışdılar. Erməni
tərbiyəsi, erməni xisləti! Əlacsız
qalıb, uşağı məktəbdən
çıxarmalı oldum. Ancaq
azyaşlı uşaqlarıma qarşı təxribatları
bitmədi. Yaşadığımız
binanın yanında park var idi. Burada
tay-tuşları ilə oynayanda Anarı itələyib, hovuza
salmışdılar. Yaxşı ki, bir azərbaycanlı
buradan keçərkən görüb, uşağı xilas
etmişdi.
Balaca oğlum Vüqarın üç yaşı
vardı. Həyətdə oynayarkən yaşıdları erməni
uşaqları ona "ay tork, ay tork" deyə hücum
etmişdilər. Uşaq evə gələndə dedi:
"Ata, tork nədir? Belə deyib, məni
döydülər". Bir daha
uşağı həyətə buraxmadıq.
Mənim telefonum birbaşa idi. Bir gün zəng
çalınanda dəstəyi götürdüm.
Telefonçu qız dedi: "Hinger Akopyan padasxani", yəni
"yoldaş Akopyan, cavab ver".
Akopyan bu ikinci telefonu, sən demə, masanın
altında, məndən gizli saxlayırmış. Akopyan raykom
katibi idi. Mənim telefonumu paralel edibmiş
ki, kiminlə nə danışdığımı öyrənsinlər.
Çox vaxt mənə hücum etməsinlər
deyə Akopyanın kabinetinə keçirdim. Bir dəfə
qayıdanda katibə qız dedi: "Qadınlar qəbulunuza gəlmişdilər.
Yerinizdə olmadınız, geri
qayıtdılar".
Ermənistandan gələn terrorçular azərbaycanlılara
xoş yanaşan, isti münasibət saxlayan adamları hədələyir,
öldürür, müxtəlif təzyiqlərlə çəkindirirdilər. Məsələn,
Ayaz Mütəllibovla görüşə 6 erməni
getmişdi. Onlardan biri də o vaxtkı
DQMV Partiya Komitəsinin təşkilat şöbəsinin
müdiri işləmiş Valerik Qriroryan olmuşdu. Görüşdən qayıdan kimi küçədə
onun bədəninə avtomatın bütün
darağını boşaltmışdılar.
İlk dövrlərdə Ermənistana birləşmək
məqsədilə hər yerdə siyahı tərtib
etmişdilər. Bu siyahını keçmiş Martuni rayonu Çartaz kənd
kolxozunun məşhur sədri, Sosialist Əməyi Qəhrəmanı,
SSRİ və Respublika Ali Sovetlərinin deputatı olmuş
S.Adamyana təqdim edəndə o, adının qabağında
rusca "istəmirəm" yazmışdı. Az keçməmiş S.Adamyanı evində
öldürdülər, arvadını isə ağır yaraladılar.
Xankəndi şəhər 3 saylı orta məktəbin
direktoru da oxşar şəkildə etiraz etmişdi. Onun sonrakı taleyindən xəbərim olmadı.
Ağdərədə "geologiya idarəsi"
vardı, müdiri azərbaycanlı Səfər idi. "Voski"
deyilən bir erməni qadını idarədə xadimə
işləyirdi. Xadimə arabir Səfərlə
telefonla danışırmış. Deyilənə
görə, onu Səfərlə danışdığı
üçün öldürmüşdülər.
Şuşa rayonunun Qaladərəsi kənd kolxozunun sədri
Sarkisyan terrorçuların göstərişlərinə əməl
etmədiyindən onun oğlunu üç gün meşədə
saxlamışdılar: "Ya bizimlə ol, ya da oğlunu
görməyəcəksən". Azərbaycanlılarla
yaxın olan sovxoz direktorları - SSRİ Ali Sovetinin
deputatı, Sosialist Əməyi qəhrəmanı S.Mamuns və
Q.Balayan hadisələrin əleyhinə idilər. Amma onları elə sıxışdırdılar
ki, məndən üz döndərməli oldular. Q.Balayanın maşınında plenuma getdiyimə
görə onu çox incitdilər.
Yanılmıramsa, bir qrup erməni millətçisinin təkidi ilə 1985-ci ildə Birinci katib işləyən Vahan Qaprilyanı işdən çıxarmışdılar. Üç il keçdikdən sonra o, Sov. İKP Mərkəzi Komitəsinin 19-cu konfransına işdən haqsız azad edilməsinə görə müraciət etmişdi. A.Volski əlacsız qalıb, ərizənin rayon partiya Komitəsinin plenumunda müzakirə edilməsini lazım bilmişdi. Amma ağır şərt qoymuşdu. İki saata büronun qərarı çatmalı idi. Saat 16:00 idi. Volski zənn edirdi ki, bu, mümkün olmayacaq. Bu haqda E.Vartanyanla danışığımız oldu. Dedim ki, mənə zəng edib, tapşırdılar ki, bu məqsədlə büro keçirək və qərarı göndərək. Birinci katibin cavabı qısa oldu: "Men büro-zad keçirmirəm, keçirirsənsə, özün keçir". Dedim: "Bu sözü gözləyirdim". Büro üzvlərinin bircə nəfəri yox idi. Qalanları burada idilər. Vaxt isə dar idi. Hamısından soruşdum: "Vahan Qaprilyanın gəlməsini istəyirsizmi?" Hamısı "bəli" dedi. "Onda çıxışlarınızı yazın, protokola salsınlar" - dedim. Ümumi şöbə müdirinə tapşırdım ki, tez qərarı hazırla. Qərar hazır oldu və təcili göndərdim. Sabahı günü plenum keçirdim. V.Qaprilyan əvvəlcə kooptasiya yolu ilə raykom üzvü, sonra isə Birinci katib seçildi. 65 nəfərdən cəmi 6 nəfər əleyhinə səs vermişdi. Bilirdik ki, onlar kimlərdir.
Bir gün V.Qaprilyan mənə dedi: "Ə.Vəzirovla hansı rayonda desə, gecə görüşüb, başınıza nələr gələcəyini deməliyəm. Qoy hadisələrin necə olacağından xəbərdar olsun. Belə bir adam taparsanmi"? Dedim ki, İmam Mustafayev hər vaxt Ə.Vəzirovu görə bilər. İ.Mustafayevin Leninavan qəsəbəsində yaratdığı Qarabağ Elmi-Tədqiqat bazasının direktoru A.Şeyxzamovun yanına getdim. Dedim: "Ya Şeyx, təcili Bakıya get və vəziyyəti İ.Mustafayevə danış. Mustafayev dərhal deyilənləri etmişdi. Vəzirov isə Volskiyə zəng edib, demişdi: "Vahan mənimlə görüşmək istəyir. Ona deyin ki, axşam Moskvaya gedəcəyəm, gündüz gəlsin". Onlar Komsomolda (Moskvada) birgə işləmişdilər. Bəlkə, buna görə Vəzirov Volskiyə inanırdı.
Vahan Xankəndidən qayıdandan sonra məni yanına çağırdı. Vəziyyəti yaxşı deyildi. O dedi: "Müşavirə qurtaranda Volski elan etdi ki, hamı gedə bilər, Vahan qalsın. O, hirsli-hirsli gözümün içinə baxaraq, "Vahan, sənin Vəzirovla nə işin var"? - soruşdu. Dedim ki, Arkadi İvanoviç, Sərsəng su anbarı bizim ərazidədir, idarəetmə isə Tərtər şəhərində. Xahiş edəcəkdim ki, məsələni bizim xeyrimizə həll etsin. Volskinin rəngi açıldı, gülümsədi, ciddiyyəti azaldı və dedi: "Hə, Vahan, sən ağıllı adamsan. Get işinlə məşğul ol. Bax, beləcə xilas oldum".
1989-cu ilin mayının əvvəlində ailəmin burada yaşamağı mümkün olmadığı üçün onları Füzuli şəhərinə - qardaşlarının yanına göndərdim. Bu halı da bəzədilər: "Azərbaycan hücum edəcək, ona görə belə edib" - dedilər. Mən bütün çətinliklərə dözüb, Ağdərədə qaldım. Artıq mayın axırı idi. Əsəblərim tarıma çəkilmişdi. Birinci katibə dedim: "Məzuniyyətə getmək istəyirəm". O, qəmgin halda cavab verdi: "Arif, sənə demək istəmirdim, dünən Stepanakertdə maşınımı aşırmaq istədilər. Onlar mənə çox qəzəblə dedilər: "Hələ də sənin yanında türk ikinci katib işləyir? Deməli, sən özünü ermənilərin əleyhinə hesab edirsən?"
Daha sonra "məzuniyyətə çıx, ara sakitləşəndə qayıdarsan" - dedi Vahan.
Məzuniyyət qurtaranda işə dönməyi qərara aldım, lakin rus postlarında "təhlükəlidir" deyib, buraxmadılar. Respublika rəhbərliyi Manikli kəndində dayaq məntəqəsi yaratdı, məni isə sədr təyin etdilər. Sonra Sırxavənd kəndində (cəbhə bölgəsi) məskunlaşdım. Məni ərazi üzrə Birinci katib və İcraiyyə Komitəsinin sədri seçdilər. Müdafiə Şurasının sədrliyini də mənə tapşırmışdılar. Kəndlərimizin, oradakı əhalinin qayğıları ilə dərindən məşğul olmağa başladıq. Amma sən saydığını say...
Heydər Əliyev keçmiş SSRİ-də,
yaxud Azərbaycanda hakimiyyətdə olsaydı, ermənilərin
seperatçı hərəkətlərinə qətiyyən
imkan verməzdi. Ulu öndərin layiqli
davamçısı, onun kursunu əzmlə yerinə yetirən,
ölkəni dünyavi dövlətə çevirən və
Azərbaycanı söz sahibi edən möhtərəm
Prezidentimiz İlham Əliyev iqtisadi-siyasi məsələlərdə
öz bilik-bacarığını əsirgəmir, hərtərəfli
fəaliyyətində nümunələr göstərir.
İlham Əliyev, Ali Baş Komandan kimi Dəmir yumruğunu
işə saldı, müzəffər ordu və xalqla birgə
Qarabağ, həmçinin, Şərqi Zəngəzur
torpaqlarını azad etdi.
Arif
ƏLİYEV
Keçmiş
Mardakert rayon partiya komitəsinin sabiq 2-ci katibi
525-ci qəzet.- 2023.- 18 may.- S.14.