İbrətamiz və bənzərsiz kitab  

 

Mən o xoşbəxt insanlardanam ki, Azərbaycan tarixində epoxa olan, ağır vaxtlarda xalqın taleyinə cavabdehlik missiyasını şərəflə yerinə yetirən, onun xilaskarına çevrilən Heydər Əliyevin səmərəli fəaliyyətini izləmək, xalq qarşısında gördüyü misilsiz işlərin şahidi olmaq mənə də qismət olub.

Müxtəlif vaxtlarda Ulu öndərə ürəyimin səsi ilə "Xilaskar", "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", "Tarix qurub-yaradanları yaşadır", "Heydər Əliyev haqqında Nostradamusun görücülüyü", "Heydər Əliyev və ədəbiyyatşünaslıq elmimizin təntənəsi", "Azərbaycan reallığında Heydər Əliyev epoxası", "Xoş məramla, saf niyyətlə" məqalələr həsr etmişəm. Eləcə də vətənimizdə və Cənubi Azərbaycanda Ulu öndərimiz və möhtərəm Prezidentimiz İlham Əliyevə həsr etdiyim "Xilaskarlar" kitabım akademik İsa Həbibbəylinin "Xilaskardan-xilaskara" adlı dərin mənalı ön sözü ilə çap olunub.

Odur ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Misir Mərdanovun möhtəşəm "Heydər Əliyev. Xalqa həsr olunmuş ömür" əsərini oxuyanda müqayisələr aparmaq, haqqın tərəfində olmaq imkanı qazanmışam.

Hər şeydən əvvəl onu deyim ki, elmi redaktoru Fikrət Şiriyev, naşiri Tural Axundov olan maraqlı kitabın ayrı-ayrı hissələrini mətbuatda oxuyub qənaətlərimi müəlliflə bölüşmüşdüm. Onu da bilirdim ki, Misir müəllim 10 (on) ildən artıq Ulu öndərin rəhbərliyi altında təhsilimizə cavabdehlik missiyasını yerinə yetirmişdir.

Görkəmli alimin kitabını qeyri-adi maraq və həvəslə, düşünə-düşünə oxudum. Çəkinmədən demək olar ki, Misir müəllim Azərbaycanın tarixi salnaməsinə qızıl hərflərlə yazılan tarixi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, həyatının acılı-şirinli anlarını, səmərəli fəaliyyətini pillə-pillə izləmiş, ortaya gərəkli, nümunə və örnək ola biləcək əsər qoymuşdur.

Beş fəsildən ibarət kitabın "Zirvəyə doğru" adlanan I fəsli Heydər Əliyevin uşaqlığından 1969-cu ilə qədər olan dövrü əhatə edir.

Müəllif Ulu öndərin valideyinlərinin Zəngəzurun Comərdli kəndindən olduğunu və Comərdli kəndinin 1921-ci ildə Ermənistanın tərkibinə keçdiyini, orada 18 erməni ailəsinin yerləşdirildiyini, lakin sonralar onların kəndi tərk elədiklərini göstərir. Misir müəllim şairanə tərzdə yazır: "Kənd yalnız təbiətin  yaratdığı gözəlliklərlə tənha qalaraq özünün əsl sahiblərini gözləməkdədir".

Obyektivlik əsər boyu qırmızı xətt kimi keçir. Məlumdur ki, Mircəfər Bağırova münasibət birmənalı olmayıb. 1943-cü ildə sovet qoşunları Cənubi Azərbaycan ərazisinə girir. Milli hökumətin yaranmasına yardım edir. Lakin Mikoyanın təsiri istisna edilmədən Stalin Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsini Gürcüstan və Ermənistan üçün potensial təhlükə hesab edir və 1946-cı ildə Tehranda Sovet-İran sazişi bağlanır və sazişdə göstərilir ki, Cənubi Azərbaycan məsələsi İranın daxili işidir. İran qoşunları Cənubi Azərbaycana hücuma keçir. Minlərlə adam qətlə yetirilir. On mindən artıq adam qaçıb Naxçıvana pənah gətirərək sərhəddə toplanır.

Mircəfər Bağırovun yalvarış xarakterli xahişlərinə Stalinin cavabı qısa olur: "Beş-altı milyon azərbaycanlıya görə mən III Dünya müharibəsinə başlaya bilmərəm".

Belə qarışıq bir dövrdə Heydər Əliyevin istedadı açıq-aşkar özünü büruzə verir və o, Naxçıvanda DTK-nın 5-ci bölməsinə rəis təyin edilir.

1949-cu ildə Leninqrada DTK-nın xüsusi məktəbinə oxumağa göndərilir. Qayıdandan sonra Bakıda işləməklə bərabər ADU-nun tarix fakültəsinə daxil olur. Bu vaxt o, artıq mayor rütbəsinə layiq görülmüşdü. Milli məsələlərlə məşğul olurdu.

ADU-nun tələbələri Mövlud Süleymanlı, Bəhlul Abdulla və başqaları gizli görüşlər keçirirdiər. Sovet quruluşuna qarşı planlar qururdular. DTK bundan xəbər tutur. Onları tutub KQB-nın binasına aparırlar. Hava soyuq imiş. Mövlud Süleymanlı və Bəhlul Abdulla deyirdi ki, həm qorxudan, həm soyuqdan, həm də aclıqdan tir-tir əsirdik. Sonralar öyrəndik ki, bizi qəbul eləyən Heydər Əliyev imiş. Vəziyyətimizi hiss etdi və göstəriş verdi ki, əvvəlcə aparıb bizə borş versinlər. Nə isə...

Sovet hökumətini yıxmaq istəyənlərə bax - deyərək bizimlə çox mülayim danışdı və dedi ki, siz xalqa o vaxt gərəkli olarsınız ki, yaxşı oxuyasınız, gələcəkdə xalqa yol göstərənlərdən olasınız. Bu xalqa sizin kimi oğullar lazımdır.

Son sözü bu oldu, ağıllı olun, dilləri, mədəniyyətləri öyrənin, gərəksiz işlərlə məşğul olmayın. Biz qapıdan çıxanda dedi: "Burada adama borş bir dəfə verirlər".

Yeridir deyim ki, Mövlud da, Bəhlul da xalqa gərəkli oldular. Mövlud Süleymanlı Xalq yazıçısı, Bəhlul Abdulla Əməkdar elm xadimi fəxri ada layiq görüldülər.

Heydər Əliyev Bəxtiyar Vahabzadə, Xəlil Rza və başqalarını da xilas etmişdi.

Sonralar o yazacaqdı: "Ancaq 1960-cı illərdən başlayaraq 1987-ci ilə qədər Kommunist partiyasında ən böyük dissident mən özüm olmuşam".

Xalq şairi Bəxtiyar Vahabzadə Ulu öndərlə bağlı tarixi sözlərə imza atıb: "Milləti sevmək, xalqı sevmək ayrı şeydir, onu mən də daxil çox adam bacarır, ancaq millətə düz yol göstərməyi, idarə etməyi, bir qüvvəyə çevirməyi, çətinlikdən çıxmağı hər adam bacarmır, bundan ötrü dahi şəxsiyyət olmaq lazımdır. Dünyada bu işi bir neçə adam görə bilib - Şarl de Qoll, Corc Vaşinqton, Vinston Çörçill, Mahatma Qandi, Mustafa Kamal Atatürk xalqlarını düşdükləri bəladan xilas ediblər. Azərbaycanda bu işi Heydər Əliyev görmüşdür".

Misir müəllim, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi vaxt ölkədəki vəziyyəti çox gözəl təsvir etmişdir.

Əgər Heydər Əliyevin hakimiyyətindən əvvəlki dövr, mühit araşdırılmasaydı, onun  gördüyü işlərin möhtəşəmliyi bu səviyyədə görünməzdi.

Məmməd İskəndərovun toxunulmazlığı, Kremlin sevimlisi Ənvər Əlixanovun Heydər Əliyevlə hesablaşmaması çox çəkmədi. Ölkədə "at oynadanlar" Heydər Əliyevi "dünənki uşaq, Vəli Axundovun bir tayı" hesab edənlər, Moskvadakı "arxalarına" güvənərək onu açıq-aşkar saymayanlar tezliklə onun kim olduğunu anladılar. Çox keçmədi, onlar işdən azad edildilər.

Misir müəllim kitabda ibrətamiz bir məsələdən də söz açır. Büro iclaslarından birində Heydər Əliyev Mərkəzi Komitənin iki katibini bərk tənbeh edir. MK-nın ikinci katibi Sergey Kozlov fürsətdən məharətlə istifadə edərək: "Heydər Əliyeviç, axı bunlar MK-nın katibləridirlər, bağça uşaqları deyillər, bu qədər danlamaq olmaz! Kifayət edər!"

Sergey Kozlov bununla zalda oturanlara çatdırdı ki, burada əsas adam mənəm. Həqiqət naminə deyək ki, Vəli Axundovun vaxtında Kozlov əsas adam idi. Heydər Əliyev dönüb ikinci katibə tərs-tərs baxır, ancaq bir söz demir.

Az sonra Heydər Əliyev onun da yerini göstərir. S.Kozlov Moskvaya Ümumittifaq Həmkarlar İttifaqına işə göndərilir.

Professor Misir Mərdanov kitabında çox mühüm bir məsələdən də söz açır. Tədqiqatçı xüsusi vurğulayır ki, rəsmi yığıncaqlarda rusca deyil, azərbaycanca danışan Mərkəzi Komitənin ilk Birinci katibi Heydər Əliyev olub.

Maraqlıdır ki, 1973-cü ildə Nəsiminin 600 illiyinə həsr olunmuş Beynəlxalq konfransda da Heydər Əliyev azərbaycanca danışıb və sonra əcnəbi qonaqlarla görüşəndə İraqda yaşayan soydaşlarımızın nümayəndəsi Əbdüllətif Bəndəroğluna deyib: "Sağ ol, Bəndəroğlu, konfransda azərbaycanca sən və mən danışdıq".

Misir müəllim xalq şairi Qabilin danışdığı çox maraqlı və ibrətamiz bir məsələdən də bəhs edir. "1970-ci ildə Şıx çimərliyinin yuxarı hissəsində Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə iməclik keçirilirdi. Biz onu yaxından tanımırdıq. Yazıçıların sahəsinə yaxınlaşdı və bizimlə mehribancasına söhbət etdi.

Mən dedim: "Yoldaş Əliyev, siz azərbaycanca necə gözəl danışırsınız!"

O, heç düşünmədən cavab verdi: "- Qabil, sən mənim rus dilini yaxşı bilməyimə təəccüblənmirsən, azərbaycanca danışmağıma heyrət edirsən?! Axı bu mənim ana dilimdir, onu bilmək mənim borcumdur. Özü də təkcə mənim yox, elə hamımızın borcudur".

Heydər Əliyev ADU-nun 50 illik yubileyində də azərbaycanca çıxış edib.

Misir müəllim yazır ki, Heydər Əliyev DTK-ya rəhbərliyə başlayanda Azərbaycanın 51 rayonundan 31-də rayon şöbələrinin başında erməni dururmuş. Onlar hər vasitə ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin repressiya edilməsinə, yurd-yuvalarından didərgin salınmasına çalışırdılar.

Heydər Əliyevin buna son qoyulmasında, kadr məsələsində, azərbaycanlıların işə qəbul olunmasında o vaxt və sonralar da xidmətləri əvəzsiz olmuşdur.

Mənbələrdən alınan dəqiq məlumata görə 1960-cı illərin sonunda Bakı əhalisinin yalnız 33 faizi azərbaycanlı idi.

XX əsrin əvvəllərində Bakıda yaşayan ermənilərin sayı 5%-ə yaxın idisə, 60-cı illərdə onların sayı  20%-i keçmişdi.

Misir müəllim yazır:

"Qürurla demək istəyirəm ki, 60-cı illərdə Bakıda azərbaycanlıların sayı 33% olduğu halda, Heydər Əliyevin səyi və siyasəti nəticəsində Bakıda 70-ci illərin sonlarında azərbaycanlıların sayı 70%-ə yaxınlaşırdı".

Misir müəllimin kitabından heç vaxt eşitmədiyim bir məkrli planın olmasını öyrəndim. Öyrəndim ki, 1960-cı illərdə Sov.İKP Siyasi Bürosunun qapalı iclaslarında Bakının "beynəlmiləl" səciyyəsi və iqtisadi əhəmiyyəti nəzərə alınaraq mərkəzlə əlaqələrini birbaşa təmin etmək məqsədilə Azərbaycanın paytaxtını Gəncəyə köçürmək və Bakını şimal rayonları ilə birlikdə Rusiya Federasiyası ilə birləşdirmək məsələsi müzakirə edilmişdi.

Böyük yaradan bir xalqa bəla üz verəndə onun xilaskarını da göndərir. Heydər Əliyev belə bir şəraitdə hakimiyyətə gəldi və hazırlanmış məkrli planları pozmaq üçün gərgin fəaliyyətə başladı və onu alt-üst etdi. Hətta Anastasi Mikoyan belə Heydər Əliyevin qətiyyətinə qarşı bir şey edə bilmədi.

Heydər Əliyev Azərbaycan KP-nın Mərkəzi Komitəsinin Birinci katibi olan vaxt o, rayonlara gedirdi. Pambıq və üzüm sahələrində olurdu. Ayağı çox ruzili idi. Pambıq və üzümü yığıb-yığışdırmaq olmurdu.

Üzüm istehsalı 60-cı ildəki 350 min tondan 70-ci illərdə bir milyon səkkiz min tona yüksəlmişdi.

Pambıq istehsalı 2 dəfədən çox artmışdı. Heydər Əliyev xalq arasında böyük hörmət və məhəbbət qazanmışdı. Odur ki, Moksvaya yüksək vəzifəyə gedəndə Djerzinski adına klubda zaldakılar onu göz yaşları ilə yola saldılar.

Kitabın III fəsli "Kremlin həlledici adamı (1983-1990)"  - adlanır.

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini təyin edilib və Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilir.

Heydər Əliyevin nəzarət edəcəyi nazirliklər:

Ona SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Naziriyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsil Nazirliyi, Dövlət Teleradio Komitəsi, Dövlət Kinomotoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, Sovet İttifaqı Teleqraf Agentliyi və s. rəhbərlik etmək tapşırılmışdı.

Heydər Əliyev gecə-gündüz işləyərək işin öhdəsindən gəlirdi. Özü də necə rəhbərlik edirdi. Nazirlər Kabinetinin saat 11-də işə gəlməyə, 13-də fasiləyə gedib 15-də qayıtmağa, 17-də isə evə yollanmağa adət etmiş şıltaq nazirlərini və digər məsul işçilərini səhər saat 9-dan axşam saat 8-dək konveyer kimi işləməyə, işlərinin bütün incəliklərindən xəbərdar olmağa məcbur edirdi. Heydər Əliyevin gəlişi ilə yatmış bir sistem oyanıb çevik bir mexanizmə çevrilmiş, ətalətlə "baş girləyən" hər kəs mühərrik qoşulmuş aqreqata çevrilmişdi.

Mixail Qorbaçov ilk gündən Heydər Əliyevin həm paxıllığını çəkir, həm də qısqanırdı. Bununla belə, Heydər Əliyevin işgüzarlığını, qabiliyyətini etiraf edirdi.

1986-cı il avqustun 30-da Qara dənizdə 30 min ton taxılla dolu "Pyotr Vasev" gəmisi Odessadan Batuma gedən,  göyərtəsində 1240 sərnişin olan "Admiral Naxımov" gəmisi ilə toqquşur,  "Admiral Naxımov"  ikiyə bölünür.  7 dəqiqə ərzində suya qərq olur. 1240 nəfərin hamısı suya tökülür. Hadisə sahildən 3,5 kilometr uzaqda olur.

Baş katibə xəbər verirlər. Qorbaçov deyir: "Bu məsələni yalnız o həll edə bilər. Heydər Əliyev Komissiyanın sədri kimi ora getsin".

SSRİ Nazirlər Sovetində Heydər Əliyev epoxası başlamış və hökm  sürürdü.

Qıcıqlananlar çox idi. Onların arasında Qorbaçov ilk yerdə dururdu.

Heydər Əliyev Sovet İttifaqında ən nüfuzlu siyasətçi kimi tanınmağa başlamışdı.

Andrey Qromıkonun oğlu Anatoli Qromıka "Kremlin labirintlərində" kitabında yazmışdır ki, Baş katib Çernenko 1985-ci ildə vəfat etdikdən sonra Mərkəzi Komitənin Siyasi Bürosunda yalnız iki nəfərin namizədliyi müzakirə olunurdu: Heydər Əliyev və Mixail Qorbaçov. Müəllif yazır: "Heydər Əliyev digər siyasi xadimlərdən istedadı, yüksək şəxsi keyfiyyətləri və bacarığı ilə fərqlənirdi".

...Dövlət başına keçən Qorbaçov Heydər Əliyevə qarşı qisasçı mövqeyi tutdu. Bu, qısqanclıq və paxıllıqdan irəli gəlirdi.

Alkoqolimzə qarşı mübarizədə Qorbaçovun üzüm plantasiyalarının məhv edilməsi təklifinə Əliyev arqumentlərlə qarşı çıxdı. Qorbaçovun yenidənqurma planındakı səhvləri göstərməklə böyük riskə yol verdi. Beləliklə, Qorbaçovun kin-küdurəti aşıb-daşdı.

Əliyevin istefa məsələsi haqda plan qurdu. İstefaya göndərilmək üçün onda ağır xəstəlik tapılmalı idi.

1987-ci il ad gününün səhərisi, mayın 11-də Heydər Əliyev səhər saat 6-da yatağından qalxıb idmanla məşğul olub, geyinib yeməyə gedib. Adəti üzrə kəsmik, sıyıq və südlü çay sifariş edib. Yeməkdən sonra qəflətən halı pisləşib. İnfarkt diaqnozu ilə xəstəxanaya düşüb. Səhər yeməyinə şübhəli maddə qatılıbmış.

Həmin ilin oktyabr ayında Heydər Əliyev istefa ərizəsi yazdı və bağ evinə gəldi.

Mühafizə rəisi Aleksandr İvanov xatırlayır ki, Heydər Əliyev dedi - Saşa, sən cavansan, bəlkə də baş verənləri başa düşmürsən. Amma üç ildən sonra bu yenidənqurmanın nə ilə qurtaracağını görəcəksən.

Üç ildən sonra SSRİ dağıldı.

Misir müəllim kitabda Qorbaçovla bağlı nüfuzlu adamların fikirlərini verir. 28 il Xarici İşlər naziri işləmiş Andrey Qromıko Qorbaçovun yerində olmayan siyasətçi olduğunu demişdi. "Mən Xarici İşlər naziri olduğum 28 ildə bir dəfə də olsun səhvə yol vermədim. Yalnız bir səhv buraxdım. Mixail Qorbaçovun Baş katib seçilməsində təəssübkeşliyimdə..."

Əslində adamları yaxşı tanıyan Heydər Əliyev də yalnız Qorbaçov barədə səhvə yol verib.

Görün Qorbaçov necə hiyləgər adam olub ki, Heydər Əliyev onu tanımayıb. Mərkəzi Komitəyə katib gəlməyində təəssübkeş olub.

Professor Misir Mərdanov çox mühüm bir məsələdən  söhbət açır. Yazır ki, 1988-ci ildə Qorbaçovun köməkçisi Çernyayev və o biri köməkçisi Şahnazarov Qorbaçovun yanına gedib 64 yaşını təbrik edirlər. Qarabağdan, Heydər Əliyevdən söhbət düşür. Əliyevdən danışanda Qorbaçov deyir: "Qazırıq, tökürük, Rəşidovun işindən də güclü olacaq".

Məlumdur ki, Qıdılyanın rəhbərliyi ilə yoxlama briqadası Özbəkistanda pambığın pripiska məsələsinə görə Özbəkistanı alt-üst etmişdi. Şərəf Rəşidov  intihar etmək zorunda qalmışdı. Qıdılyana Azərbaycanı da Özbəkistanın gününə salmaq, Heydər Əliyevi həbs etmək tapşırığı verilmiş və ölkəmizə böyük bir komissiya göndərmişdilər. O vaxtkı Respublika Prokuroru İlyas İsmayılov qanuna arxalanaraq onları geri qaytarmışdı.

Pensiyaya çıxdıqdan sonra 3 il Heydər Əliyevi Bakıya buraxmadılar. 1990-cı ilin yayında qeyri-leqal Bakıya uçub. Üç gün sonra Naxçıvana uçub.

Maraqlıdır ki,  Heydər Əliyev Moskvadan Bakıya uçanda "Əlvida, Moskva! Əlvida Rusiya!" - demişdi. Sonralar bura Müstəqil Azərbaycanın Prezidenti kimi qayıtdı və bir çoxlarını, o cümlədən də Qorbaçovu heyrətləndirdi.

IV fəsil "Naxçıvanın xilaskarı" adlanır.

Misir müəllim bu səhnəni heç bir boyasız olduğu kimi qələmə alıb:

"1990-cı ilin iyul ayı idi. "Boeinq"lərdə, "İl-62"lərdə dünya ölkələrinə nümayəndə heyətinin başçısı kimi gedən Heydər Əliyev poçt təyyarəsi ilə Naxçıvana uçurdu. Təyyarədə onun köməkçilərinin, tərcüməçilərin, referentlərin, xidmətçi heyətin əvəzinə yalnız qardaşı Cəlal Əliyev yanında idi..."

Naxçıvanda heç kəs bilmirdi ki, Heydər Əliyev gəlir. Təyyarədən düşəndə onu köhnə bir "Jiquli" gözləyirdi.

Cəlal Əliyev qeyd edir ki, Heydər Əliyevin qayıtması xəbəri dərhal şəhərə yayıldı. Xalq həyətimizə axışdı. Axşamüstü Cavidin məzarına baş çəkdik. Sonra Mərkəzi meydana üz tutduq. Burada 80 minə yaxın adam toplaşmışdı.

İnsan nə qədər böyük şəxsiyyət olsun, analitik təfəkkürə malik olsun, dahi olsun, fərqi yoxdur, insan elə insandır. Polad iradəli, qətiyyətli Heydər Əliyev gördüyü xəyanətlərdən, yaxşılıq etdiklərindən aldığı zərbələrdən bir qədər müvazinətini itirərək ruhdan düşmüşdü. İzdiham ona yeni bir ruh verdi.

Sonralar Heydər Əliyev bu barədə deyəcək:

"Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı. Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş".

Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəlir və xalqı ağır vəziyyətdən çıxarmaq üçün böyük siyasətə qayıdır. Bundan sonra cərəyan edən hadisələr barədə "Heydər Əliyev. Xalqa həsr olunmuş ömür" kitabının "Qurtuluşdan intibaha" adlanan V fəslində ətraflı danışılır.

Səmimiyyətlə deyirəm, professor Misir Mərdanovun Ulu öndərə həsr etdiyi qeyri-adi kitaba bənzər az kitab oxumuşam. Burada dərin tədqiqatla elmi publisistika çulğaşır və əsərin maraqla oxunmasını təmin edir. Əsəri oxuyanda ondan ayrılmaq istəmirsən. Hadisələr zəncirvari şəkildə biri-birini tamamlayır və göz önündə Ulu öndərin əzəmətli heykəli canlanır.

Professor Misir Mərdanovun möhtəşəm kitabını oxuyandan sonra bir daha qəti qənaətə gəldim ki, böyük şəxsiyyətlər haqqında mötəbər sözü böyük həyat təcrübəsi olan, dünyanın keşməkeşlərindən başı çıxan adamlar deyəndə daha mötəbər olur.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sonsuz məhəbbət və ehtiramla yazdığı "Heydər Əliyev. Xalqa həsr olunmuş ömür" kitabına bu müstəvidən baxır və yüksək qiymətləndirirəm.

 

Qəzənfər PAŞAYEV

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

525-ci qəzet.- 2023.- 18 may.- S.12;13.