Bir günün içində Azərbaycan
O, səksən
illik ömür yaşadı, 83 yaşına çata bilmədi.
Niyə 85, 90, 95 deyil, 83 yazmağımın səbəbi
var. El bayatısı "İl var bir günə dəyməz,
gün var min aya dəyər" söyləyir. 1000 ay
83 ildən bir az çox edir. Hər insanın ömründə min aya bərabər
tutula bilən bütöv bir ömür uzunluqlu sanıla biləcək
günlər olur. Onunsa ömründə
belə günlər bir yox, iki yox, onlarla oldu. Elə bu məziyyəti ilə də o, bənzərsiz,
nadir bir insandır.
Onun min
aya bərabər günlərinin hərəsi bir kitablıq
hekayətdir və o hekayətlərin hər biri də
yalnız şəxsən onun özünün deyil, elə Azərbaycanın
da ömürnaməsinin az bilinən, söylənməsə,
yazılmasa, vaxt ötdükcə unudulası, yaddaşın
alt qatına çökəsi səhifələridir. Bir insanın da, bir millətin də, bir yurdun da
çöhrəsi isə onun tale kitabındakı
bütün səhifələrin bilinməsi ilə alatorandan
aydınlığa çıxır, hər cizgisi ilə
aşkar görünür.
Onun həyat dəftərindəki bu gün heç min
aya bərabər tutulası günlərdən də deyil. Zahirən növbəti gərgin
iş günlərindən biridir. Ancaq həmin günün,
heç bütöv günün də yox, həmin
günün bir neçə saatının aynası olan vərəqlər
dil açıb söyləyir ki, onun həyatının nəinki
xüsusilə seçilən müəyyən günləri,
lap elə sıradan olan iş həyatının adi
saatları da mahiyyəti ilə Azərbaycan
saatlarıymış. Çünki həmin dəqiqələrdə
xalqın da, yurdun da, dövlətin də elə
taleyüklü məsələlərinə baxılır və
qərarlar qəbul edilirmiş ki, (qərarların qəbulunda
da son söz onunku idi) bir çoxunun əks-sədası indiyə
də çatır, hələ lap uzaq sabahlara da yetişəcək.
Hər şey bir iclas otağının divarları
arasında baş verib, vaxt keçdikcə onların
yaşantıları, həyəcanları, kədər və
sevincləri səngiyib, o tarix səhnələrinin
iştirakçısı olanlar bir-bir həyatdan gedib və
qalıb həmin dəmlərin vərəqlərə
köçən izləri. Onlara da kim baxa,
kim baxmaya. Heç həmin arxivlər hər kəs
üçün açıq da deyil. Üstəlik,
burası da var ki, o sənədləri qaldıranlar vərəqlərdəki
tarixçələrə, həmin tarixçələrdəki
hadisələrə və insanlara hansı gözlə baxacaq,
nə dərəcədə doğruçu, nə qədər
adil olacaq və gördüklərini də öz insafı, mənəviyyatı,
miqyası və bilgilərinə uyğun nə sayaq yozacaq.
Bildiyim və inandığım bir həqiqət var ki,
necə göstərirsənsə, özün də o cür
görünürsən. Elə zənn edə bilərsən ki, səni
kimsə görmür, göz qabağında olan barəsində
yazdıqlarındır. Yanılırsan, sən
onlardan da əvvəl görünürsən.
Olanları olduğu kimi yazmağı borc bilirəm,
çünki əyib yazanlar və yozanlar olub, var, yenə
olacaq. Tarixlə
davranışlardasa özbaşınalıq yaramaz!
1972-ci il may ayının 5-idir. Bir bayram
bitib, başqa bayram yaxınlaşır. Həm
də o vaxtlardır ki, mayın 1-i ilə 2-si də, 9 may da ən
əziz, hamıya fərəh bağışlayan günlər
kimi keçir. Sovet təqvimində
kütləvi qeyd edilən başqa ənənəvi bayramlar
vardısa da, onların arasında bu ikisi xalqa daha yaxın
olanları idi. Bayram
aralığındakı həmin Büro iclasına da, belə
hiss olunur ki, təxminən hamı xoş ovqatda gəlibmiş.
Çünki bu Büro iclasının stenoqramını digərləri
ilə tutuşduranda daha yumşaq ahəngi hiss etməmək
mümkün deyil.
Amma Heydər
Əliyev orada idisə, demək, tənqid də vardı, sərtlik
də vardı, lap bu bayramlar aralığındakı
toplantıdan da təzyiqi yüksəlmiş, şəkəri
qalxmış, ürəyi sancılı ayrılanlar da.
O
çağlar idi ki, respublikaya yenicə rəhbərliyə
başlamış Heydər Əliyevin sədası nəinki
Azərbaycandan, lap SSRİ-dən də kənarlara
sıçramışdı, onun korrupsiya ilə amansız
mübarizə fəaliyyəti, hay-küylü ifşa və
həbslərindən hamı danışır, müzakirələr
aparırdı. Elə nisbətən sakit
ab-havalı bu iclasda da həmin qəbildən olan bir məsələni
də müzakirəyə çıxaracaqdı.
Təbii
ki, köhnə çekist Heydər Əliyev korrupsiya
hallarının ifşası məsələsində ən
çox əvvəlki iş yerindən - DTK-dan gələn
müfəssəl arayışlara arxalanırdı.
Və budəfəki Büroya çıxarılacaq məsələlərlə
bağlı ayrıca qovluqda toplanmış sənədlər
arasında komitə sədri Vitali Krasilnikovun hələ
1970-ci ilin 10 fevralında imzalayıb təqdim etdiyi müfəssəl
arayış da yer alırdı. Bu arayış
"1001 xırdavat" mağazasında işləmiş,
camaat arasında və cinayət aləmində
"Paçkabasan Əliəvəz" ləqəbi ilə
tanınan Əliabbas Ağayev haqqında idi. İşdən
xaric edildiyinə görə 1969-cu ilin sentyabrında Bakı
şəhər təsərrüfatı mədəni
malların satışı Baş İdarəsinin rəisini
bıçaqlayan bu adam qızıl və
valyuta satışı ilə məşğul imiş, əvvəllər
də belə işdəklərinə görə bir neçə
dəfə məsuliyyətə cəlb edilibmiş. Yaxşı, valyutaçı cani hara, Mərkəzi
Komitənin Bürosu hara?
Bu adı
Büro iclasına gətirib çıxaran onun arxaları,
oturub-durduğu yüksək vəzifəli adamlar idi, yəni
o, sadəcə bu gün müzakirə edilən məsələdə
vasitə, fon idi. Sən demə, Bakıda
və Moskvada cinayətkar mühitdə sıx və geniş əlaqələri
olan 46 yaşlı Əliabbas Ağayev respublika Baş
prokurorunun müavini Qüdrət Qafarovla simsar, hətta lap ailəvi
yaxın münasibətdə imiş, belə bir mötəbər
dayağı olduğundan Paçkabasanın əl-ayağı
da əməlli-başlı açılıbmış,
arxayınca istədiyini edirmiş. Söz yox, əl
əli yuyar, əl də üzü. Üzünü lap
yaxşı yuya bilməsi üçün Əliabbas
Ağayev Baş prokuror müavinini özükiminin biri ilə
də culaşdırıbmış. Baş prokuror
müavininin çətiri altına girən bu təzə
tanış - Sonya Bikulovanın atası da valyuta alverçisi
olmuşdu, elə həmin səbəblə də güllələnmə
cəzası almışdı, anası da həmin yuvanın
quşlarından idi, ailə ənənəsinə müvafiq
olaraq dəfələrlə
yatıb-çıxmışdı. DTK-nın təqdim etdiyi
arayışda Baş prokuror müavininin Əliabbasla birgə
həmin Bikulovanın mənzilindəki yemək-içmək
məclisləri və ev
alış-verişindən tutmuş digər sövdələşmələrə
qədər yerli-yataqlı soraqlar vardı. Əliabbasın
gücü çatan iş belə bir adamı Baş prokuror
müavininə culaşdırmaqdı, Baş prokuror
müavininin də imkanı yetən bu idi ki, Paçkabasanla
SSRİ Baş Prokurorluğu mərkəzi aparatında işləyən
Sergey Kavalixinin arasını düzəltmişdi.
Təhqiqatı
aparan DTK görəndə ki, Əliabbas Ağayev işinə
Bakıda deyil, Moskvada, SSRİ Baş Prokurorluğunda
baxılmasında canfəşanlıqla çox təkid edir,
şübhələnmişdilər,
başlamışdılar bir az da dərin qazmağa və belə-belə
şübhəli əlaqələrin varlığı
pırtlayıb çıxmışdı ortalığa.
DTK-nın arayışında bu məlumat da vardı ki,
artıq Moskvada, Baş Prokurorluqdakı həmin Kavalixin
Əliabbas Ağayevin həbsi ilə əlaqədar bərk
narahatlıq keçirir. Keçirməli idi də.
Çünki ona xəbər çatmışdısa ki,
dostunun işi ilə artıq Daxili İşlər Nazirliyi
yox, Dövlət Təhlükəsizlik Komitəsi məşğuldur,
bir peşəkar kimi anlayırdı ki, deməli, valyuta və
qızıl qaçaqmalçılığı məsələsi
qurdalanır. Onun da, Bakıdakı Baş prokuror müavininin
də, Oktyabr (indiki Yasamal) rayonu prokuroru Cəfərovun da və
yəqin, eşələdikcə üzə çıxacaq
daha neçə yüksək vəzifə sahibinin də
Əliabbas Ağayevlə xoş münasibətləri elə
yığdıqları rüşvəti
qızıllaşdırmaq, dollarlaşdırmaq xatirinə
idi.
Heydər Əliyev elə Büro iclasındaca Baş
prokuror müavini Qüdrət Qafarovun bu sifətlə daha bu vəzifədə
qala bilməyəcəyini elan edir.
Onların
başına daha sonra nələr gələcək (əlbəttə
ki, başlarına yalnız tük gəlməyəcək),
bununla işim yoxdur, bəhs ediləsi daha vacib mətləblərimiz
var. Büro iclası davam edir...
Xoşagəlməz
hadisənin ardınca cana yağ kimi
yayılan bir müjdənin müzakirəsinə keçirlər.
Şad xəbər, yenilik də ondan ibarət idi ki, bitmiş
ilin sonlarında Azərbaycan balet ustaları Fransada uzunmüddətli
qastrol səfərində olmuşdular və bu, bütün
sovet tarixi içərisində Azərbaycan incəsənətinin
belə uzun müddətdə və bu miqyasda xaricə ilk
çıxışı idi. Bu qastrol səfəri
mədəniyyət hadisəsi olmaq çərçivəsini
adlayaraq ciddi siyasi çəki kəsb etmiş, Azərbaycan
Respublikasının da, xalqımızın da beynəlxalq aləmdə
daha yaxşı tanınmasına misilsiz töhfəyə
çevrilmişdi. Ancaq bu qədər azərbaycanlının
Parisə, VII Beynəlxalq Rəqs Festivalına yola düşməsinə
səbəb Moskva olmamışdı. Seçim
fransızların özlərininki idi. SSRİ
paytaxtından başlayaraq bir neçə müttəfiq
respublikanı da dolaşmış, axtardıqlarını
Bakıda tapandan sonra (gələnlərə həcmcə
böyük olmayan balet nümunələri lazımmış
və Tofiq Bakıxanov da o ərəfədə "Xəzər
balladası" baletini yenicə tamamlayıbmış.
Tofiq müəllim xatırlayır ki, əcnəbi münsifləri
elə ilk eşidilişdən baletin musiqisi də, mövzusu
da çox tutur, tərəddüdsüz qərarlarını
elan edirlər ki, Paris festivalının tələblərinə
uyğun gələn və bizə gərək olan məhz bu əsərdir,
daha sonra isə sıraya Fərəc Qarayevin "Qobustan
kölgələri" və Rauf Hacıyevin "Azərbaycan
süitası" da əlavə edilir) qastrola məhz Azərbaycan
sənətkarlarının gəlməsində israrlı
olduqlarını Moskvaya bəyan etmişdilər.
Bu qastrola
gedənlərin hər birinin ömründə
başdan-başa bir macəra səfəri kimi qalacaq həmin
Paris yolçuluğu haqqında mən ilk dəfə hələ
məktəbliykən, yəqin ki, həmin siyahıya
atasının dostu, o vaxtlar ideologiya üzrə Mərkəzi
Komitə katibi işləyən Cəfər Cəfərovun
xeyirxah təqdimatı ilə daxil edilmiş Anarın 1970-ci
ildə "Qobustan"da dərc edilmiş "Gəzməyə
qürbət ölkə" yazısından agah olmuşdum
(Onillər sonrasa həmin səyahətin necə baş
tutmasından nə təhər başa çatmasınacan
bütün incəlikləriylə mənə əsas səbəbkar
Tofiq Bakıxanov söhbət açdı, mən də bunu
ayrıca yazdım).
Hələliksə
1970-ci il mayın 5-i idi. Heydər Əliyev
mədəniyyət naziri Rauf Hacıyevin Azərbaycan baletinin
Paris səfəri haqda hesabat səciyyəli arayışını
məmnunluqla oxuyurdu: "1969-cu il noyabrın 29-dan 1970-ci il
yanvarın 2-dək Mirzə Fətəli Axundov adına Opera və
Balet Teatrının 60 nəfərdən ibarət heyəti
Fransada qastrol səfərində olub və Parisdə Sovet
İttifaqının xoreoqrafiya sənətinin təmsilçisi
olaraq VII Beynəlxalq Rəqs festivalında iştirak edib.
İlk tamaşa 1969-cu il dekabrın 1-də
göstərildi. Bizim yeni baletlərin
nümayişi görünməmiş uğurla keçdi.
Tamaşanın sonunda zalın heyran reaksiyası
son həddə çatmışdı. Alqışlaya-alqışlaya
"Afərin!", "Bravo!", "Bis!" deyə səslənirdilər.
Xeyli gec saat olmasına baxmayaraq,
tamaşaçılar dağılışmağa tələsmirdilər,
bizim balet truppasına ayaq üstə əl
çalırdılar. Tamaşanın
quruluşçuları Rəfiqə Məmmədovayla Maqsud Məmmədov
dəfələrlə səhnəyə çıxaraq təzim
etməli oldular. Səhnə arxasında bizi həmkarlarımız
- cənab Soriya, Jan Roben, Yuli Alqarov, Serj Lifar, Paris Qrand
Operasının ulduzları Kristin Vladi, Atillo Labis, Mişel
Reno və bir çox başqaları artistlərimizin əllərini
sıxır, hər biri özünəməxsus tərzdə
"Triumf!" - "Zəfər!" deyirdi.
Həqiqətən, bu, çox böyük
nailiyyət idi. Ancaq məsələ
yalnız bizim rəqs sənətimizdə deyil. Nəsə daha ciddi və böyük olan hadisə
baş verirdi. Fransadakı SSRİ səfiri Valerian
Aleksandroviç Zorin çox doğru dedi ki, artistlərimiz
bir çox parislilərə Azərbaycanı açdılar,
indiyədək bu diyar haqqında eşitməyənlər də
xəritədə Bakını axtardılar, Bakı, Azərbaycan
haqqında nəsə öyrənməkçün
ensiklopediyaları və məlumat kitablarını vərəqlədilər.
Yeri gəlmişkən,
o kitablardakı məlumatların da çoxu köhnəlmiş,
inqilabdan əvvəlki dövrə aid idi, geridə
qalmış bir Asiya xalqından, şəriət
qaydalarının məhkum etdiyi müsəlman
qadınlarından bəhs edirdi. O məqam idi ki,
çıxışlarımızın heyrətli dərəcədə
güclü təbliğati nəticəsini
görürdük. Bəlkə də Azərbaycan
haqqındakı həqiqətləri ifadə edən onlarla
kitab incəsənətimizin ifaçılarının
canlı olaraq göstərdiyi həqiqətən belə
kütləvi və güclü təsiri buraxa bilməzdi. Sonrakı tamaşalar bundan da artıq müvəffəqiyyətlə
keçdi. Ümumən festivalın vahid
proqramı üzrə 5 tamaşa oynandı. Azərbaycan baletinin çıxış etdiyi
günlərdə fransız qəzetləri balet truppasına
və göstərilən proqrama yüksək qiymət verən
resenziyalar dərc edirdi. Dekabrın 12-də
çıxan "Komba" qəzeti
qızlarımızın qıvraqlığı, incəliyi
və sonsuz zərifliyindən bəhs edirdi. Dekabrın
1-də çıxan "Oror" qəzeti isə
yazırdı: "Bakı Operasının baleti öz gəncliyi,
yaxşı rəqs etmək şövqü ilə rəğbət
oyadır". Dekabrın 2-sinin "Frans-Suar" qəzeti isə
qeyd edirdi: "Kibrit alışanda necə gur yanırsa,
dünən "Şan Zelize" - "Yelisey Çölləri"
teatrının zalı da baletin nümayişi əsnasında
eyni cür işıq saçırdı". 1969-cu il dekabrın 3-də çıxan
"Fiqaro" isə heyranlığı bu sözlərlə
bildirirdi: "Biz artıq bilirik Bakıda necə rəqs edirlər.
Yeddinci rəqs festivalına dəvət edilən
bu sovet sənaye şəhərinin baleti bizim
yaddaşımızda peşəkar məsuliyyətin və təvazökarlığın
örnəyi kimi qalacaq". Paris Şurasının sədri
Etyen de Verikur Azərbaycanın mədəniyyət nazirinə
ünvanladığı məktubunda yazırdı: "Siz
Parisi tərk etməzdən öncə Paris Şurası
adından rəqs festivalı günlərində
Bakının balet truppasının göstərdiyi
tamaşaların bizə necə nəhayətsiz zövq
bağışladığını etiraf etmək istəyirəm.
Ümid edirəm ki, heyran Paris yaxın gələcəkdə
sizin rəqqasları alqışları ilə
mükafatlandırmaq imkanı qazanacaqdır".
"1969-cu
il dekabrın 7-də truppamız Fr
ansa
boyu, ardınca Lüksemburq və Monakoya səfərə
çıxdı, 2000 kilometrdən artıq məsafə qət
edərək 19 tamaşa göstərdik. Tamaşalar
göstərdiyimiz teatrların zalları, idman sarayları hər
dəfə ağzınacan dolu olurdu. 24 dekabrda
Monte-Karloya qastrollarımız başladı, orada da 3 proqramla
çıxış etdik. Yüksək
qiymətlərə baxmayaraq, bütün
tamaşalarımıza bilet tapmaq çətin idi". (Bunlar Azərbaycan incəsənətinin bir tarixi zəfəri
haqda mötəbər canlı şahidin bildirdikləridir ki, vaxtilə
Mərkəzi Komitəyə təqdim olunan arayışda əksini
tapıb və illərdir ki, kimsəyə eşidilmədən,
görünmədən arxivdə uyuyur. Ona
görə də həmin iqtibası belə səxavətlə
gətirməkdən vaz keçə bilmirəm. Sənət tariximizə aid bu diqqətəlayiq sənəd
də həmişə mədəniyyətimizin
qayğıkeşi olmuş Heydər Əliyevin adının
işığında üzə çıxaraq dövriyyəyə
qatılır).
Heydər Əliyevin mənim qəlbimə çox yatan
bir "zəifliyi" vardı. Onda ömrü boyu Azərbaycanın, azərbaycanlıların
böyüklüyünü və parlaqlığını
göstərən hər hadisəyə münasibətdə
özünəməxsus bir şöhrətpərəstlik
vardı. Vətənçi, xalqçı
şöhrətpərəstlik. Məhz o duyğu həmişə
içərisində oyaq olduğundan belə şöhrətlərin
gəlməsi və bol olması üçün aça
bildiyi bütün qapıları həmişə taybatay etdi!
Təbii ki, o günədək - Büro iclasının
baş tutduğu mayın 5-dək də balet truppamızın
Fransadakı hünəri haqda bilgisi vardı, amma bu gün həmin
sənət təntənəsinin qürurverici
ayrıntıları bütünlüyüylə
açıqlanırdı, əlbəttə ki, köksü
qabarırdı. Di gəl, onun digər sabit peşəkar vərdişi
də vardı: "Gözəl olan hər şeyə görə
sağ olun, bəs çatışmayan nə idi, bu səfər
hansı əyər-əskiyimizi üzə
çıxardı?"
İş ondadır ki, Azərbaycan baleti nə qədər
səy göstərsə də, istedadla, ilhamla
çıxış etsə də, hələ bizim dünya
tamaşaçısı qarşısına çıxara
biləcəyimiz kamil balet cütlüyümüz yox idi. Ona görə
də Moskvadan - "Bolşoy teatr"dan Nina Sorokina və Yuri
Vladimirovu (onlar ər-arvad, həm də səhnədə daimi
tərəfdaş idilər və Sovet İttifaqından kənarlarda
da ən güclü balet cütlüklərindən biri kimi qəbul
edilirdilər. Sonralar hər ikisi SSRİ Xalq artisti
adına layiq görüldü - R.H.), Leninqrad Opera və Balet
Teatrından Nataliya Makarova (elə 1970-ci ildəcə bu
istedadlı xanım xaricə növbəti səfərindən
sonra SSRİ-yə geri dönməkdən imtina etdi, tezliklə
Nyu-Yorkdakı Amerika Balet Teatrının və Londondakı
Kral Teatrının prima-balerinası oldu, dünyanın məşhur
opera-balet teatrı səhnələrinin ən arzulanan ulduzuna
çevrildi. Yəni Fransa qastroluna
çıxan Azərbaycan dəstəsinə cəlb edilənlər
bu parlaqlıqlı sənətçilər idilər - R.H.)
və Sergey Vikulovu (o da sonralar SSRİ Xalq
artisti oldu. Elə o vaxt da gənc olmasına baxmayaraq, bu
dörd nəfərin içərisində dünyada
tanınması və şöhrəti baxımından irəlidə
idi, hələ 5 il əvvəl Balet Artistlərinin Beynəlxalq
Varna müsabiqəsində birinci mükafatı
qazanmışdı - R.H.) bizim səfərə
çıxan truppaya qoşmuşdular.
Həmin Büro iclasında Fransadakı balet zəfərinin
müəlliflərinin əksərinin fəxri adlara layiq
görülməsi, təltif edilməsi qərara
alınır.
Ancaq Heydər Əliyev o gün gələcəyə
hesablanmış və baletimizin sabahkı yüksəlişlərinin
təməlinə çevriləcək başqa önəmli
qərarlar da qəbul edir. Qət edilir ki, konservatoriyada
xoreoqrafiya kafedrası yaradılsın, baletə kütləvilik
verilməsi, bu sahəyə Azərbaycanın müxtəlif
bölgələrindən olanları da cəlb etməyə
münbit şərait əmələ gəlməsindən
ötrü Bakı xoreoqrafiya məktəbi nəzdində
pansionat açılsın, orada yeni xalq rəqsi bölməsi
təsis edilsin və bununçün də müstəqil bina
ayrılsın. Bu da qərara alınır ki,
peşəkarlıq səviyyəsinin və ifa
ustalığının artırılması məqsədilə
bundan sonra müəllimlər, baletmeysterlər, balet artistləri
mütəmadi olaraq Moskva və Leninqradın teatrları və
xoreoqrafiya məktəblərinə təcrübələnməyə
göndərilsinlər.
...Heydər
Əliyev respublikaya rəhbərliyə
başladığı ilk həftələr və aylardan
üzü mətbuat sarı olmuşdu və bu şakəri
axıracan da onu tərk etmədi. O, mətbuatın hansı
güc olduğunu yaxşı bilirdi və respublikada mətbuatın
məhz özünün arzuladığı, dövlət
işində arxalana biləcəyi səviyyəli gücə
çevrilməsi üçün bu sahədən diqqətini
heç vaxt əsirgəmədi.
Yolunun
başlanğıcındakı az qala hər
Büro iclasında və plenumda mətbuatla, radio-televiziyayla
bağlı mühüm bir məsələ hökmən yer
alır. Elə bu dəfə də - 1970-ci il
mayın 5-dəki Büroda da 2 məsələ var. Biri zahirən
xüsusi ciddiyyəti olmayan (amma Büro, ölkə rəhbərliyi
yüksəkliyində baxılırsa, demək, adi
sayılmır), sanki keçəri məsələlərdəndir
və tezcə də təsdiqləyib üstündən
ötürlər. Amma indi, illər
ayrılığından sonra, başqa bir epoxanın içərisində
78 nəfərlik bir siyahını nəzərdən
keçirirkən mətbuatımızın taleyi və gələcəyi
ilə bağlı çox düşüncələr
oyanır. Altında Heydər Əliyevin
imzası olan bu qərar rayon qəzetlərinin redaktor
müavinlərinin və çoxtirajlıların
redaktorlarının 10 gün sonra daimi fəaliyyət göstərən
təkmilləşdirmə kurslarına göndərilməsi
haqqında idi.
İndi bunca geniş imkanlar ola-ola, şərait
yaradıla-yaradıla Azərbaycan mətbuatının peşəkarlıq
baxımından hər zaman olduğundan xeyli aşağı
düşmüş acınacaqlı vəziyyəti ilə xəyalən
o siyahını yanaşı qoyuram.
1930-cu illərdən başlayaraq Azərbaycan
rayonlarında həftədə 3 dəfə yerli qəzetlər
buraxılırdı. Hər rayonun da o qəzetləri çap
edən öz mətbəəsi vardı. 1960-70-ci
illərdə həmin qəzetlər, müşahidəmcə,
ən yüksək inkişaf həddinə
çatmışdı, aralarında elələri vardı
ki, yazılarının, ayrı-ayrı əməkdaşları
və müxbirlərinin sanbalı ilə mərkəzi qəzetlərdən
heç də geri qalmırdı. Qaldırın,
baxın, o qəzetlərin hər biri indi Azərbaycan
rayonlarının etibarlı salnaməsidir. Qurtardı o ənənə, daha yoxdur. Rayon qəzetləri
sözdə guya yenə var, amma elə gözdən pərdə
asmaqçün ayda bir dəfə çıxan qəzetə
qəzet deyilməz ki! Həmin təkmilləşdirmə
kursları ki müxtəlif rayonlardan qəzet rəhbərlərini
ətrafına toplayırdı, həm onlar üçün
istirahət, paytaxtı asudə gəzib-dolanmaq imkanı, yəni
bir növ onlara verilən mükafat, digər tərəfdən
respublikanın aparıcı jurnalistləri və mətbuat
işçilərindən yeni təcrübələr əldə
etmək fürsəti, həm də bir-birlərini tanımaq,
dostluq və yaradıcılıq əlaqələri
qurmaqçün girəvə idi. Daha vacibi isə
respublika ərazisindəki mətbuatı koordinə etmək,
bölgələrdəki jurnalistikamızın səviyyəcə
paytaxtdakına daha uyğun olması səmtində
çalışmaq idi. Bu da ona gətirib
çıxarırdı ki, həmin qəzetlərdə
yetişən və o qəzetlərlə bölgədə əməkdaşlıq
edərək səviyyələnən neçə cavan qələm
sahibi sonra respublika radiosu və televiziyasında, mərkəzi
qəzet və jurnallarda yerini tapırdı. Yəni o qəzetlər
- həm rayondakılar, həm də ali məktəb
və müəssisələrdəki çoxtirajlılar, bir
növ, mətbuatımız, jurnalistikamız
üçün kadr hazırlığı mənbəyi idi.
Rayonlarda mütəmadi oxunan qəzetlər həm
də əhalini mütaliəyə bağlı, dilimizin dil və
üslub qaydalarına daha həmahəng edirdi. İndi camaatımızın, illah da gənclərin
öz ana dilində yazı, fikir ifadə etməsinin nə
kökdə olmasını görüb pərişan
olmaqçün sosial şəbəkələrə elə
gözucu baxmanız yetər.
...O
gün - Büronun 5 may iclasında ətraflı fikir
mübadilələrinə bais olan digər mövzu da
birbaşa mətbuatla bağlı idi. "Kommunist"
qəzeti tənqidi məqalələr dərc etmişdi və
məsələnin gündəliyə salınmasında da məqsəd
o yazılarla bağlı tədbirlər görmək idi.
Məqalənin əsas tənqid hədəfi isə
birbaşa Zərdab rayonunun rəhbərləri - birinci katib və
icraiyyə komitəsinin sədri idi.
Bu müzakirə ilə də əslində Azərbaycan
dövlətçiliyində yeni bir təmayülün əsası
qoyulurdu - mətbuatın respublika idarəçiliyinə fəal
şəkildə cəlb edilməsi ənənəsinin.
Məsələ ilə bağlı əvvəlcədən
qərar layihəsi də hazırlanıb. Çünki
mahiyyət bəlli idi, bu müzakirələr sadəcə
müəyyən təfərrüatları dəqiqləşdirməyə
gətirib çıxaracaqdı. Layihədə
nəzərdə tutulurdu ki, rayonun birinci katibi də, icraiyyə
komitəsinin sədri də işdən kənarlaşdırılsın.
"Zərdabdan məktublar" adlı həmin məqalələr
silsiləsinin sorağı ilə köhnə
"Kommunist" qəzetlərini açıram. Qəzetin xüsusi
müxbirləri Tofiq Həsənov və Sadıq Qarayevin
imzası ilə dalbadal 3 gün - 1969-cu il oktyabrın 17, 18,
19-unda çıxmış "Dərin iz", "Adamlar əməli
işdə yoxlanılmır" və "Rəhbər
işçi tərbiyəçidir" adlı həmin məqalələrin
vaxtında necə gur əks-səda oyatdığını mənə
"Kommunist"in ovaxtkı digər iti qələmli və
özü də belə ötkəm məqalələrdən
az yazmamış Əli İldırımoğlu
danışırdı. Bu sərt məqalələr
sırasının ortaya çıxmasının təkan
nöqtəsi də elə Heydər Əliyevin respublikaya rəhbərliyə
başlayandan lap az sonra - 1969-cu ilin avqust
plenumunda kadrların seçilməsi, yerləşdirilməsi
və tərbiyə edilməsinə diqqətin
artırılması mövzusunda çağırış səciyyəli
məruzəsi olmuşdu. Bu yazılar o
çağırışa ilk və ən sərrast, həm
də kifayət qədər əsaslandırılmış,
sərtliyinə görə də çox
alışılmamış cavablardan idi. Həm
də bunlar adi təsviri məqalələr deyildi. Bir rayonun həyatı, idarəediciliyi, insan
münasibətləri haqqında müfəssəl araşdırma
idi, jurnalist tədqiqatından daha artıq istintaqçı təhqiqatına
oxşayırdı. Tapdıqları hər
izlə nöqsanların dibinədək getmişdilər.
Tutalım, rayon partiya komitəsi birinci katibinin
yararsız kadr siyasətinin isbatı üçün göstərdikləri
nümunə elə bərbad mənzərəni
aşkarlayırdı ki, girdaba düşmüş Zərdabın
bu kor-kor, gör-gör miskin vəziyyətini elə bircə
abzasın sayəsində göz önünə gətirməmək
olmurdu. "Rayon kommunal təsərrüfatı
şöbəsinin müdiri haqqında Zərdabda belə bir
zərbülməsəl dolaşır ki, onu dəyirmanın
bu başından ölü salsan, o başından diri
çıxar. Bu sözlər təsadüfi
deyil. Doğrudan da Şahgəldi hansı vəzifələrdə
olmamışdır: ZAQS müdiri, evlər idarəsi
müdiri, kargüzar, pasport stolu rəisi, səhiyyə idarəsində
təsərrüfat müdiri, avtomobil müfəttişi, sahə
müvəkkili, arxivçi və sair". Ardınca
həmin adamın məhkumluqlarının
siyahısını verirlər. Yalan olmasın, az qala Cinayət Məcəlləsinin
bütün maddələrini dişinə vurub. Bütün bu həngamələrdən sonra
müxbirlər onun haqqında birinci katibdən rəy
soruşurlar, qayıdır ki, çox layiqli təşkilatçıdır.
Və o müəlliflərin ikisi də adları
jurnalistika tariximizdə qalan qələm sahibləridir. Həmin məqalə
dərc edilənədək müəlliflərdən biri -
Tofiq Həsənov bu təhər kəskin tənqidi
yazılarına görə artıq bir dəfə zərbə
yemişdi. Haqqında yazdığı
adamlar zorlu çıxmışdı, nail olmuşdular ki, ipə-sapa
yatmayan dikbaş müxbirin dərsi verilsin. Özü də necə - Tofiq Həsənovu
partiyadan çıxarmışlar. Bir jurnalist
üçün ölüm hökmünə bərabər cəza!
Ancaq Tofiq sınmamışdı,
susmamışdı, müraciətlər etmişdi və
çox keçmədən - 1964-cü ildə Moskva onu
kommunist partiyasındakı üzvlüyünə bərpa
etmişdi. Oğlu - atası kimi həyatını mətbuatla
bağlamış, artıq təqaüddə olan Əlibəy
Həsənov Heydər Əliyevi minnətdarlıqla anır:
"Atamı barışmaz yazılarına görə sonrakı
dövrdə də düşmənləri ikinci dəfə
partiyadan xaric etdirməyə müvəffəq olmuşdular. Allah o dünyasını versin, bu dəfə də
atamın xilaskarı Heydər Əliyev oldu. Onu partiyaya bərpa elədi. Nəinki Azərbaycanda,
heç SSRİ mətbuatında iki dəfə belə
ağır cəzaya məruz qalıb salamat qurtaran jurnalist
olmayıb".
Elə
eyni cür neştərli qələmin sahibi və
prinsipiallıqda həmkarı Tofiqdən geri qalmayan Sadıq
Qarayev də az əziyyət çəkməyib.
1960-cı ildə "Kommunist"ə
xüsusi müxbir təyin ediləndə onun vur-tut 27
yaşı vardı. Bu, həmin dövr
üçün sadəcə irəliləyiş deyil, əsl
sıçrayış idi. Sovet dönəmində
rayon partiya komitələrinin birinci katiblərinə
"balaca padşahlar" deyərdilər. Həmin
balaca padşahlarsa "Kommunist"in bu qəbil yolagəlməz
müxbirlərinin qabağında zağ-zağ əsər, onlarla
daim mehriban, qılıqlı, pişim-pişimlə
davranmağa can atardılar. Zərdabla
bağlı həmin hay-küylü məqalələr
yazılanda Sadıq artıq "Kommunist"də Təbliğat
və təşviqat şöbəsinin müdiri idi. Bu yazılardan sonra artan əleyhdarları onun da
ayağının altını qazmağa fürsət gəzəcəkdilər.
Lakin məhz o yazılarla Sadıq Qarayev Heydər Əliyevin
diqqətini çəkir, 2 il sonra onu
Sov.İKP MK yanında Ali Partiya Məktəbinə oxumağa
göndərir və 1973-cü ildə təhsilini başa
vurub qayıdan kimi də Mərkəzi Komitəyə işə
götürür.
Uzaq 1970-ci ilin 5 mayındakı stenoqramdan Heydər Əliyevin səsi gəlir. Və bu quruca sənəddə onun daha bir qəlbəyatan keyfiyyətini kəşf edirəm. Elə qəlblə bağlı keyfiyyətini. Zərdabın raykom katibi F.Əfəndiyevin işində qüsur xirtdəyəcən, onun vəzifədən götürülməsi haqqında mahiyyətcə düzgün və ədalətli qərar da artıq hazır. Ancaq müfəssəl müzakirələr əsnasında o da danışır, izahatlar verir, etiraflar edir, vədlərini dilə gətirir. Və Heydər Əliyev irəlicədən qəbul edilmiş qərarını dəyişir. Bu epizodun üstündən ona görə keçə bilmirəm ki, tanıyanların bir qismi deyirdi ki, Heydər Əliyev respublika rəhbərliyinə təzə gələndə çox sərt idi, güzəştsiz idi, kateqorik idi, illər ötəndən, yaşlaşandan sonra onda nisbi yumşaqlıq əlamətləri də göründü. Belə deyilmiş. 1970-ci il yüksək pilləyə təzəcə qalxdığı, irili-xırdalı korrupsionerləri aman vermədən qırıb-çatdığı, dalbadal çoxlarını kürsülərindən uf demədən ayırdığı vaxtlardır. Fəqət o yerdə ki babayolu vermək, daha bir fürsət yaratmaq mümkünlüyü görür, adamın islah oluna bilməkliyini duyur, onda mühafizəkarlıq etmir, "söz ağzımdan çıxıb" inadını göstərmir, özündə hətta irəlicədən qəbul etdiyi qərardan da əl çəkmək qətiyyəti tapır: "Gedən müzakirədən görünür ki, rayonda xeyli ciddi nöqsanlar vardır. Bu nöqsanların bir çoxu, yoldaş Əfəndiyev, sizin qüsurlarınızla bağlıdır, onunla əlaqədardır ki, siz pis rəhbərlik edirsiniz, birinci katib kimi işinizi lazımi səviyyədə qura bilməmisiniz. Əlbəttə, siz indi Büroda əsasən yaxşı, müəyyən qədər açıq və səmimi çıxış etdiniz. Amma sizdə əvvəlcə belə səmimiyyət yox idi. Bunun da sübutu odur ki, məqalələrdən sonra siz Mərkəzi Komitəyə böyük ərizə yazmışdınız və bütün dəlilləri təkzib edirdiniz. İndi isə etiraf etdiniz. Büro üzvlərində yoldaş Əfəndiyevlə bağlı artıq formalaşmış rəy var. Ancaq bugünkü müzakirələr göstərdi ki, yoldaş Əfəndiyev düzgün nəticələr çıxarmağı qət edib. Yoldaş Əfəndiyev çoxdandır ki, partiya işindədir, obyektiv olaraq müsbət keyfiyyətləri var. Bu səbəbdən də qərara alırıq ki, ona uçot vərəqinə yazılmaqla şiddətli töhmət elan etməklə kifayətlənək, rayonda vəziyyəti düzəltmək, nəyə qadir olduğunu göstərmək üçün ona imkan yaradaq".
Aydın olur ki, məqalələrdən sonra qəzetin ünvanına etirazlar da səslənibmiş, mətləblərin düz işıqlandırılmadığı da iddia olunubmuş, bəlkə 3 məqalədə hansısa müddəaların təqdimində müəyyən xırım-xırda qeyri-dəqiqliklər də varmış ki, qərar layihəsini tərtib etmiş Mərkəzi Komitənin ikinci katibi Sergey Kozlov ora qəzeti faktlara daha məsuliyyətlə yanaşmağa dəvət edən cümlə də salıbmış. Ona görə də Heydər Əliyev bir daha qəzeti, jurnalistləri müdafiə etməyi zəruri sayır və Kozlova tövsiyə edir ki, mətnə bir də əl gəzdirsin: "Şübhəsiz, "Kommunist" qəzetinin çıxışı çox düzgündür və apardığımız araşdırma da məqalədə əksini tapmış təqribən bütün faktların doğruluğunu sübut etdi. Təkrar edirəm, qəzet düz hərəkət edib, təşəbbüs yaxşıdır"...
...Fasilə elan edilir. Hələ bugünkü iclasda baxılası məsələlər çoxdur. Hamısı da bir-birindən vacib. Yarım saat-qırx dəqiqə sovuşacaq, qayıdıb gələcəklər.
O yarım saat-qırx dəqiqə buxarlanan, uçub gedən vaxtdır.
Qayıdacaqlar və sanki dayandırılmış saniyəölçən dübarə işə düşəcək, yazılaşan, tarixləşən Vaxt yenidən hərəkətə gələcək...
13 may, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 18 may.- S.10-11.