Heydər Əliyev irsi -
tolerantlığın ünvanı Azərbaycan
Kəssə
hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Hüseyn
Cavid
Qədim və zəngin mədəniyyətə, eyni
zamanda dövlətçilik ənənələrinə malik
olan Azərbaycan xalqı tarix boyu bir sıra görkəmli
şəxsiyyətlər yetişdirmişdir. Tarixi şəxsiyyətlər
tarix səhnəsində göstərdiyi xidmətləri ilə,
elm və mədəniyyətin inkişafına töhfələri
ilə əslində xalqın yaradıcılıq
potensialını əks etdirir, onun qüdrətini təcəssüm
etdirirlər.
XX əsrdə Azərbaycan xalqının müdrikliyini,
quruculuq potensialını öz mənəvi keyfiyyətlərində,
fəaliyyətində əks etdirən ən görkəmli
şəxsiyyətlərdən biri Heydər Əliyev olmuşdur. Azərbaycan xalqı
qarşısında misilsiz xidmətlərinə görədir
ki, bu gün Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 100 illik yubileyi ölkəmizin hər yerində
və onun hüdudlarından kənarda hər bir azərbaycanlının
yüksək ehtiramı və dərin minnətdarlıq hissi
ilə geniş qeyd olunur. Heydər Əliyev
Böyük azərbaycanlı, Azərbaycan xalqının, Azərbaycan
torpağının misilsiz təəssübkeşi, dövlətçiliyimizin
xilaskarıdır. Heydər Əliyev şəxsiyyəti
öyrənilməmiş dünyadır! Heydər
Əliyev hakimiyyətə qayıtması ilə Azərbaycan
dövləti məhv olmaq təhlükəsindən xilas oldu.
Azərbaycanın parçalanıb yox olmaq
qorxusu aradan qalxdı. Dövlətimizin
qorunub saxlanılması isə azadlığımızın,
müstəqilliyimizin qorunub saxlanılması deməkdir.
Heydər Əliyevin dövlət quruculuğu siyasətinin
mühüm istiqamətlərindən birini xalqlara
qarşı tolerantlıq münasibətlərinin bərqərar
edilməsi təşkil edir. Dahi Azərbaycan dramaturqu Hüseyn
Cavidin "Kəssə hər kim
tökülən qan izini, Qurtaran dahi odur yer
üzünü!" kəlamı sanki məhz Heydər
Əliyev haqqında deyilmişdir. Məhz Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda
sülh və əmin-amanlıq yarandı. Beləliklə, ölkəmizdə yaşayan
bütün etno-mədəni xalqlar bir-birilə
qarşılıqlı anlayış və ehtiram şəraitində
yaşamağa başladı.
Azərbaycan sivilizasiyaların və mədəniyyətlərin
qovşağında yerləşdiyindən əsrlər boyu
Asiya ilə Avropa arasında körpü funksiyasını
yerinə yetirmiş, bu da ölkəmizdə mədəniyyət
müxtəlifliyinin yaranmasında mühüm rol
oynamışdır. Çoxmədəniyyətli, çoxmillətli
diyar olan Azərbaycanda tarixən müxtəlif xalqlar, millətlər
azad, firavan yaşamış, özlərinə hər zaman
tolerant münasibət görmüş, öz etnik-mədəni
xüsusiyyətlərini heç bir təqibə məruz
qalmadan inkişaf etdirə bilmişlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan
multikulturalizmin və tolerantlığın beşiyidir. Multikulturalizm ənənələri Azərbaycanda ta
qədim zamanlardan mövcud olmuşdur. Azərbaycan
dünyanın ən sabit, multikulturalizm ənənələrini
yaşadan, onu qoruyan ölkələrdəndir.
Azərbaycanda multikulturalizm siyasətini ilk dəfə
Heydər Əliyev azərbaycançılıq
ideyasının əsas tərkib hissəsi kimi təqdim
etmişdir. Müstəqillik qazandığımız ilk illərdə
Ümummilli lider Heydər Əliyevin imzaladığı
"Azərbaycan Respublikasında yaşayan milli azlıq,
azsaylı xalq və etnik qrupların hüquq və
azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin
inkişafı üçün dövlət yardımı
haqqında" Fərmana əsasən etnik qruplar Azərbaycan
Respublikasının bərabərhüquqlu vətəndaşları
hesab edilir. Heydər Əliyev qeyd edirdi: "Biz, Azərbaycan
deyəndə onun sərvətini, onun gözəl təbiətini
nəzərdə tuturuq. Lakin bunlarla
yanaşı, respublikanın ən başlıca sərvəti
əsrlərdən bəri bu torpaqda yaşayan, müxtəlif
dinlərdən olan, müxtəlif dinlərə etiqad edən
adamlardır". Birmənalı şəkildə
qeyd etmək olar ki, Ulu öndər Heydər Əliyev Azərbaycan
multikulturalizminin siyasi banisidir. Azərbaycan Respublikası
Konstitusiyasının "Milli məsubiyyət hüququ"
adlanan 44-cü maddəsinə əsasən "Hər kəsin
milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə
məcbur edilə bilməz".
Dahi lider
Heydər Əliyev çıxışlarının birində
belə bir tarixi fikir səsləndirmişdir: "Ölkə
nə qədər çox xalqı birləşdirərsə,
həmin ölkə bir o qədər zəngin olar. Çünki onların hər biri dünya mədəniyyətinə
və sivilizasiyasına öz töhfəsini verir."
Ümummilli lider Heydər
Əliyevin Azərbaycan Respublikasında milli azlıqların
hüquqlarının qorunması istiqamətində həyata
keçirdiyi ardıcıl və davamlı siyasət bu
gün də ölkə prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla inkişaf (davam) etdirilir.
Tarixdən məlumdur ki, Qafqazda İslamın
yayılması və inkişaf etməsi Azərbaycandan
başlayır. Azərbaycan dünyəvi dövlətdir,
ölkədə İslam dini ilə yanaşı, Xristian və
Yəhudi dinləri də əsrlər boyu yaşayıb və
indi də yaşayır. Bu gün Azərbaycan dini müxtəliflik
baxımından çox zəngindir. Xoşbəxtlikdən
müxtəlif dinlərin və ya cərəyanların
mövcud olduğu vətənimizdə bütün tarixi
dövrlərdə etnik və dini icmalar arasında
dözümlülük, hörmət, ehtiram hər zaman
yüksək səviyyədə olmuşdur. Tarixin müxtəlif dövrlərində Azərbaycanda
məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə
qaynayıb qarışmış və sözün əsl mənasında
birgəyaşayışın harmoniyasını
nümayiş etdirmişlər. Azərbaycanda
dini konfessiyaların nümayəndələri hər zaman dini
bayramlarda bir-birlərinə təbrik məktubları
ünvanlayır, hətta dini bayramları birgə qeyd edirlər.
Qərb ölkələrində bu hadisələr
qeyri-normal qarşılansa da, Azərbaycan
tolerantlığın beşiyi olduğu üçün
ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin
hər zaman sərbəst şəkildə dini ritualları həyata
keçirə bilməsi və inkişaf etdirə bilməsi
üçün lazımi şərait
yaradılmışdır.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev tərəfindən
uğurla inkişaf etdirilir. Xalqımızın Ümummilli
lideri Heydər Əliyevin söylədiyi "hər bir
xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!"
- ifadəsi bu gün hər bir ləyaqətli
ölkə vətəndaşının həyat düsturuna
çevrilib. Multikulturalizmin
Azərbaycan Respublikasının daxili siyasətinin tərkib
hissəsi olmasının mühüm göstəricisi Azərbaycanda
etnik-mədəni qrupların yaşaması və onların cəmiyyətə
uğurlu inteqrasiyasıdır.
Multikulturalizm siyasətinin həyata keçirilməsində
Heydər Əliyev Fondunun rolunu xüsusilə qeyd etmək istərdik. Azərbaycan
multikulturalizminin siyasi banisi və dövlət qurucusu Heydər
Əliyevin adını daşıyan Heydər Əliyev
Fondunun multikultural dəyərlərin və tolerantlıq
prinsiplərinin təbliği istiqamətində fəaliyyəti
dünyanın ən qədim və zəngin dövlətçilik
ənənələrinə malik xalqımız tərəfindən
yüksək qiymətləndirilir.
Heydər
Əliyev Fondu 2004-cü ildə tariximizə dövlət
qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsini əbədiləşdirmək,
ölkə əhalisinin sosial-iqtisadi rifahını
yaxşılaşdırmaq, azərbaycançılıq fəlsəfəsinin
ölkəmiz üçün əhəmiyyətini nəzərə
çatdırmaq, Ulu öndərin zəngin mənəvi
irsini öyrənmək, milli dövlətçilik
ideyalarının gələcək nəsillərə
çatdırmaq kimi vəzifələri həyata keçirmək
üçün yaradılmışdır. Fondun prezidenti, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə bu qurum elm, təhsil, səhiyyə,
mədəniyyət, idman və digər sahələrdə
istər olkəmizdə, istərsə də ölkədən
kənarda müxtəlif layihələr həyata keçirərək,
Azərbaycanın sosial-iqtisadi inkişafında əvəzsiz
xidmətlər göstərir.
Ulu
öndərin zəngin irsindən bəhrələnərək
Fond bir sıra istiqamətlərin inkişafına xidmət edən
müxtəlif
layihələr, o cümlədən, Azərbaycanda
yaşayan bütün xalqların etno-mədəni
inkişafına yönələn tədbirlər həyata
keçirir. VII əsrdə Gəncə şəhərində
öz comərdliyi və xeyir əməlləri ilə
tanınmış Comərd Qəssabın məzarı və
məzarüstü türbəsi 2004-cü ildə Heydər
Əliyev Fondu tərəfindən Naxçıvan şəhərindən
gətirilmiş, qədim dövrün kərpicləri ilə
köhnə layihə əsasında bərpa etdirilmişdir.
XIX əsrin əvvəllərində Binə qəsəbəsində
yerli neft mədənçisinin vəsaiti hesabına
tikdirilmiş, 1918-ci ildə erməni daşnaklarının
atdığı top mərmisi ilə günbəzi
deşilmiş, divarlarında çatlar əmələ gəlmiş
və uzun illər boyu baxımsız və yararsız hala
düşmüş Möhsün Səlim məscidindəki vəziyyətlə
yerində tanış olan Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü ilə məsciddə
əsaslı təmir və bərpa işləri aparılaraq
yenidən istifadəyə verilmşdir. 2005-ci ildə Heydər
Əliyev Fondunun Bakının Mərdəkan qəsəbəsində
yerləşən XVI əsrə aid Pir Həsən ziyarətgahında
aparılmış işlər də bu qəbildəndir. İbadətgahın məqbərəsi yenidən
inşa edilmiş, Ziyarətgah kompleksi milli, dini ornamentlərlə
bəzədilərək ətraf ərazisində abadlıq
işləri aparılmışdır.
2007-ci ildə
Heydər Əliyev Fondun tərəfindən Bakıdakı
Pravoslav kilsəsində təmir-bərpa işləri
aparılaraq kilsəsinin asma tavanı bədii şüşələrlə
əvəz edilmiş, məbədin fasadı yenilənmiş,
Bakıdakı Müqəddəs Məryəm kilsəsinin
asma tavan şüşələri dini mövzuda və klassik
vitraj texnikasında işlənmiş bədii şüşələrlə
əvəz edilmiş, eyni zamanda məbədin fasadında
keramik panno yerləşdirilmişdir.
Xəzər rayonunun Buzovna qəsəbəsində
1896-cı ildə tikintisinə başlanmış Cümə
məscidinin inşaat işləri 1900-cü ildə
yarımçıq qalmış, həmin bina sovet
dövründə anbar və dükan kimi istifadə
olunmuşdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə məscid 2007-2009-cu illərdə tamamilə yenidən
qurulmuş və 2009-cu il dekabrın 19-da
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyevanın iştirakı ilə Cümə məscidinin
açılışı baş tutmuşdur.
2007-ci il
mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın iştirakı ilə təməli qoyulmuş
Bakıda yaşayan yəhudi uşaqları üçün
"Xabad-Or-Avner" Təhsil Mərkəzi Heydər
Əliyev Fondu və "Or-Avner" Beynəlxalq Fondu tərəfindən
inşa edilərək 2010-cu ildə istifadəyə
verilmişdir. Heydər Əliyev Fondunun
sifarişi ilə Qəbələ şəhərində yeni
məscid tikilmişdir. 2010-cu ilin mayında inşaat işlərinə
başlanılmış məscidin tikintisi 2013-cü ilin əvvəlində
başa çatmışdır. Bərpa
və yenidənqurma işlərinə 2010-cu ildə
başlanılmış Şamaxı Cümə məscidi də
Heydər Əliyev Fondu tərəfindən yenidən
qurulmuşdur. Əsaslı təmirdən
sonra ibadətgah görkəmli memarlıq abidəsinə
çevrilmişdir. 1893-cü ildən fəaliyyət
göstərən Mərdəkan qəsəbəsindəki
Heydər Cümə məscidində ötən illər ərzində
heç vaxt əsaslı təmir işləri
aparılmamışdır. 2012-2013-cü illərdə
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məsciddə
yenidənqurma işlərinə başlanılaraq bir il ərzində əsaslı təmir
olunmuşdur.
Heydər Əliyev Fondunun Azərbaycanın təbliği
istiqamətindəki fəaliyyəti bütün dünyada
yüksək qiymətləndirilir. Fondun prezidenti Mehriban
Əliyeva Ulu öndərin ideallarını yaşadaraq
ümumbəşəri dəyərlərə öz töhfəsini
vermişdir. Bu proses bu gün də davam etdirilir. Mehriban Əliyevanın "tolerantlıq ənənələri
bizim ölkədə indi də yaşayır.
Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik" söyləməsi multikulturalizm sahəsində həyata keçirilən çoxşaxəli layihələrə verilən siyası dəstəkdir. Respublikamız və onun hüdudlarından kənarda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri danılmazdır.
"Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycanın sərhədlərindən kənarda bir sıra tədbirlərin keçirməsi, müqəddəs xristian abidələrinin bərpası öz əksini tapır. Buna misal olaraq XIV əsrdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs Məryəm və İsa Peyğəmbərin həyatına aid lövhələr əks olunmuş Strasburq Kafedral Kilsəsinin vitrajlarının bərpası, X-XII əsrlərdə Fransanın Orn, Kurjust, Revayon və Mal yaşayış qəsəbələrində yeddi kilsənin bərpasına maliyyə yardımı, İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin Qəsrinin bərpası ilə əlaqədar başlanan ianə kompaniyasına Heydər Əliyev Fondunun töhfəsi, Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nın təmir edilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan Knyaz Vladimirin abidəsi, 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən Parisin Luvr Muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılması, elə həmin il Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli saziş"in imzalanmasını və Müqəddəs "Marçellinio" və "Pietro" katakombalarının bərpa edilməsini misal göstərə bilərik.
Amerikalı siyasətçi Samuel Hantinqton 1993-cü il "Xarici İşlər" ("Foreign Affairs") jurnalında "Mədəniyyətlərin toqquşması" ("The Clash of Civilizations") məqaləsində yazırdı: "Gələcəkdə müharibələr ölkələr arasında deyil, mədəniyyətlər, sivilizasiyalar arasında baş verəcək və İslam bütün dünya üçün böyük təhlükə yaradacaq".
Göründüyü kimi, çoxmədəniyyətli ölkə hesab edilən Amerika Birləşmiş Ştatlarından fərqli olaraq Azərbaycanda yaşayan etnik, irqi, dini müxtəlifliklər heç bir assimilyasiyaya uğramadan sərbəst şəkildə yaşayır və dünya mədəniyyətinə inteqrasiya edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində məhz bu barədə belə demişdir: "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Bəzi ölkələrdə multikulturalizm iflasa uğrayıb, özünü doğrultmayıb. Azərbaycanda isə, multikulturalizm yaşayır, möhkəmlənir, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir dəyərdir". Təsadüfi deyil ki, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şuranın sədri Kardinal Can-Fransko Ravazi Heydər Əliyev Fondunun xristian aləminin qədim dini və mədəni abidələrinin bərpasında göstərdiyi xidmətləri yüksək dəyərləndirmiş və bu işləri müsəlman dünyasının bir parçası olan Azərbaycanın xristian dünyasına hədiyyəsi kimi xarakterizə etmişdir. Bu, müsəlman dünyasının Xristian aləminin müqəddəs abidələrinə yüksək töhvəsi kimi dəyərləndirilmiş ilk belə hadisədir.
Tolerantlıq Azərbaycanın əvəzsiz,
dünyanın bir çox ölkələrinin həsəd
apardığı milli mənəvi sərvətdir. Bu gün
hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsi
Ümummilli lider Heydər Əliyevin miras qoyduğu
multikulturalizm və tolerantlıq irsini qoruyub saxlamaq, inkişaf
etdirmək və gələcək nəsillərə
çatdırmaqdır.
Turan
KƏRİMLİ
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2023.- 18 may.- S.7;13.